Teatr tariximizdə dəyərli səhifə
Naxçıvan Dövlət
Milli Dram Teatrının "Edam məhkumunun son günü"
tamaşası uğurlu
səhnə həlli ilə yadda qaldı
Səhər tezdən işə
gedərkən dayanacaq
kənarında olan afişalara baxmağı sevirəm. Çünki dövrümüzdə günlük
həyatın təkrarlanan
monotonluğundan çoxumuzu
elan lövhələrində gördüyümüz teatr
və konsert afişaları qopara bilir. Bu dəfə də elanlarda Naxçıvan Dövlət
Milli Dram Teatrında Viktor Hüqonun
"Edam məhkumunun son günü"
romanının səhnələşdirildiyini
öyrəndim.
Kitablarını oxumağa üstünlük
verdiyim fransız klassiklərindən Viktor Hüqonun
bu əsərinə qarşı sevgim yoxdu desəm, oxucunu aldatmış olaram. Əsərin həcmi kiçik olsa da, verdiyi böyük mesajlar daha çox insan olmaq fəlsəfəsini
özündə yaşadır.
Əsərin mövzusu ilə
tanış olduğumdan
teatra gedəcəyim anı səbirsizliklə gözləməyə başladım.
...Həmin gün gəlib çatmışdı
və teatra doğru seyrək insan axını arasında mən də var idim. Amma zala daxil olarkən
bu seyrəkliyin çoxdan başladığının
fərqinə vardım.
Çünki zal, demək olar ki, dolu idi... Əsərə
gənc rejissor, yenicə Naxçıvan Dövlət Milli Dram Tetarının
baş rejissoru təyin olunan Mir Qabil Əkbərov müraciət edib və bu onun
Naxçıvan teatrında
ilk tamaşasıdır. Bir az səbrsizlik edib deyə bilərəm ki, gənc rejissor ilk işindən böyük gələcək
vəd etdi və tamaşaçılara
ümid verdi.
Səhnə əsəri bir
pərdədə və
bir şəkildə nümayiş qurulub. Özü də cəmi üç aktyorun ifasında. Baxmayaraq ki, səhnədə
üç aktyor görürdük, amma təxminən ona yaxın obraz tamaşaçıları öz
təsiri altında saxlamağa nail oldu. Bir saatlıq tamaşa məni özünə kilidlədi. Çünki
bir bütünlük
göz önündə
idi. İstedadlı aktyor heyəti, rəssam işi və mənim ruhumu tamaşa boyu özünə bağlayan musiqi seçimi. Qeyd etməliyəm ki, musiqi tərtibatçısı da elə
gənc rejissor Mir Qabil özü idi.
Tamaşanın ilk anlarından mən
də o səhnədə
idim. O məhkumla özümü sorğulayır,
o məhkumla ölümü
gözləyir, o məhkumla
özümlə savaşırdım.
Səhnə əsərindən yaddaşıma
daha möhkəm həkk olunan məqamlardan biri isə məhkumun onu izləməyə gəlib özünə yer axtaran "tamaşaçılara" "kim yer istəyir",
- sualını verməsi
oldu. "Mənim yerimi istəyən varmı?"
Həyatımız boyu hər zaman
özümüzə bu
dünyada yer axtarırıq: işdə,
cəmiyyətdə, ən
adi saysaq belə, teatra baxmaq üçün keçdiyimiz zalın oturacaqlarında. Bəs xəstə balası acından ölməsin deyə çörək dükanından oğurluq
etmək istəyən
və cəhdi uğursuz olan, buna görə də gilyotinlə ölümə
məhkum edilən bir insanın yerini tutmaq istərikmi?
Onun öz daxili dünyasında apardığı yaxşı
və pis mənliyi ilə mübarizənin yerini tutmaq istərikmi? Tamaşa bizə bu sualla müraciət
etdi.
Səhnə əsəri adı
keçməyən qəhrəmanın
- ölümə məhkumun
monoloqu ilə başlayıb onun monoloqu ilə də bitir. Başdan-başa duyğular,
düşüncələrlə dolu tamaşada ölümə məhkum edilmiş insanı özündən sonra qoyub gedəcəyi üç qadının taleyi maraqlandırır. Anası, həyat yoldaşı və qızı. Oğulsuz, ərsiz və atasız qoyacağı üç qadın. Ən çox ağrıları, acıları
isə qızının
sonrakı taleyi ilə bağlıdır.
Ölümə məhkum
olunmağın verdiyi
mənəvi əzablar
içində çırpınan
obraz ən çox qızının
yaddaşında yaşamaq
istəyir, ən çox onun gələcəyi üçün
narahatdır. Yaxşı
bilir ki, o, edam edildikdən
sonra cəmiyyətin onun qızına qarşı münasibəti
necə olacaq. İnsanların qızına
qarşı rəftarını
düşündükcə dəli olur, dəhşətə gəlir,
bu mənasız, yersiz qayda-qanunlara qarşı məhkumluğun
dörd divarı arasında üsyana başlayır.
Rejissor
edam məhkumunun duyğularını,
fikirlərini əks etdirmək üçün
iki köməkçi
obrazdan - qadın və kişidən istifadə edib. Səhnə əsərində
hər iki obraz məhkumun həyatla olan mübarizəsində cəmiyyətin,
qanunların, insanlığın
təcəssümü kimi
verilib. Qeyd etmək yerinə düşər ki, hər
iki obrazın ifaçıları - Mehri Nəbiyeva
və Məmməd Mehdiyev, gənc olmalarına baxmayaraq, yaratdıqları personajların
daxili hisslərini layiqincə ortaya qoya bildilər, həmçinin tamaşanın
ümumi mesajını
zaldakılara çatdırmaqda
öhdələrinə düşən
məsuliyyəti uğurla
yerinə yetirdilər.
Naxçıvan teatrının tarixində
əlamətdar hadisə
kimi yaddaşlarda yaşayacağına inandığım
bu baxımlı tamaşanın möhürünü
öz virtioz ifaçılıq məharəti
ilə Əməkdar
artist Səməd Canbaxşıyev
vurdu. Aktyor, edam olunmadan öncə ölümü gözləyən,
zaman məfhumunu unudan,
xəyallarında, duyğularında,
daxili aləmində yaşayan bir insanın hiss və həyəcanını mükəmməl
şəkildə tamaşaçıya
çatdıra bildi. Məhkumun nəinki fiziki ağrılarını,
həm də mənəvi əzablarını
tamaşaçıya müfəssəl
şəkildə çatdıran
aktyor istedadı ilə hər kəsi özünə heyran etdi.
Tamaşa
bir oyundur. Bu oyunun qurucusunun məharəti ondadır
ki, əvvəldən sonadək
seyrçini öz əfsununda saxlaya bilsin, tamaşaçı
axırda anlasın
ki, artıq olan olub, oyun bitib.
Bu, tamaşanı araya-ərsəyə
gətirənlərin danılmaz
nailiyyətidir. Səhnə
əsərini izlərkən
əmin oldum ki, bu maraqlı və elə o qədər də cəzbedici səhnə əsəri mədəniyyət
tariximizdə dəyərli
səhifə kimi qalacaq. Səhnə əsərinin bu qədər yaxşı alınmasında, fikrimcə,
gənc rejissor Mir Qabil Əkbərovun əməyi danılmazdır.
Çünki rejissor hadisələrin nə
zaman, harada və necə cərəyan etməsini, səhnə həllini çox ustalıqla verib.
Tamaşanı daha da rəngarəng
edən isə dekorasiyalar, tərtib edilən musiqilər idi. Səhnə əsərinin musiqisi elə təsirli idi ki, tamaşaçının
diqqətini səhnəyə
çəkir, orada saxlaya bilirdi. Əməkdar rəssam Səyyad Bayramın maraqlı səhnə tərtibatı, quruluşun
lakonik həlli tamaşanı daha baxımlı, daha cəzbedici edib. Səhnədə görünən
hər şey - seçilmiş məkan, dekorasiya, rekvizit və butaforiya yerli-yerində idi. Xüsusilə də aktyorların geyimləri estetik baxımdan öz mükəmməlliyi
ilə seçilirdi. Qurulan rəqslər isə edam məhkumunun öz hiss və duyğularını açmaqda,
onun daxili dünyasını, müharibəsini,
qanunlara qarşı mübarizəsini göstərməkdə
bilavasitə rol oynayır. Tamaşanın
xoreoqrafı Lamiyə
Əliyeva qəhrəmanın
daxili dünyasını
xüsusi rəqs elementlərindən istifadə
edərək teatrsevərlərə
çatdırır.
Teatr tamaşalarından söhbət
açılan zaman ilk sual
"Bu, tamaşaçıya nə verir?" - olur. Çünki hər bir səhnə
əsəri tamaşaçıya
bəxş etdiyi hiss və duyğularla öz sözünü deməlidir. Düşünürəm
ki, gənc rejissor Mir Qabil Əkbərovun rejissorluğu ilə biz hələ Naxçıvan
teatrının səhnəsinə
və repertuarına öz damğasını vuracaq çox tamaşa izləyəcəyik.
Sonda bir teatrsevər və qələm əhli kimi bu səhnə
əsərinin yaradıcı
kollektivinə uğurlar
arzulayır və inanıram ki, onlar ölkə xaricindən kənarda da bol-bol nailiyyət qazanacaqlar.
Nuray
NƏZƏROVA
525-ci qəzet.- 2023.- 4 iyul. S. 13.