"Vətən fədailəri": şəhid anasının könül aynası

 

Bu günlərdə "Şirvannəşr"də çapdan çıxmış "Vətən fədailəri" şeirlər kitabını əlimə alanda çox sevindim: müəllifi olduğum kitabların çapdan çıxdığı  gün sevindiyim kimi. Səbəbini açıqlayım. 19 yaşında canını Vətənə fəda etmiş şəhid Ülvi Azayevin anası Şövqiyyə Azayevanın kitabıdır bu. Natamam orta təhsilli, doğulduğu yaşadığı kənddən başqa heç yeri görməyən, bir gün duyğularını sapa düzüb şeir yazacağını şeirlər kitabının çapdan çıxacağını ağlının ucundan belə keçirməyən Şövqiyyə ananın   kitabı... Ananın bala dağına bir az su səpən, yanğısını sərinlədən, ağrısını səngidən kitabın ərsəyə gəlməsi üçün xeyli zəhmət çəkdim zəhmətim duyğusal, təmiz qəlbli, əli qabarlı, qəlbi yaralı anaya halal olsun!

Ana deyəndə, nədənsə ağlıma saçları ağarmış, nur çöhrəli, başı örpəkli, ağzı dualı, ağbirçəkli analar gəlir. Mən Şövqiyyə üçün "Şövqiyyə ana" - deyə səslənə bilmirəm. Nəinki Şövqiyyəyə, digərlərinə eləcə adları ilə müraciət edirəm. Axı onların böyük əksəriyyəti "Ay gəlin", - deyə çağrılırdı, ta ki övladları şəhid olana, gənc yaşlarında sinələrinə çalın-çarpaz övlad dağı çəkilənə, həmişə açıq olan rəngli, boyalı saçları qara örpəyə bürünənə, nəğmələr, laylalar zümzümə edən dilləri ağıya, fəryada açılanadək...

Şövqiyyə ilə tanışlığım 2021-ci ilin əvvəlində - çiskinli mart səhərində oldu. Təndirə çörək yapırdı, yanaqları təndirin istisindən qızarmış, amma gözləri qəm yüklü bu xanımla uzun-uzadı söhbətləşdik, dərdləşdik, kövrəlib ağlaşdıq, kiridik... Şəhid balasının adına yaratdığı balaca xatirə guşəsindəki şəkillərə sığal çəkə-çəkə Ülvili günlərini xatırladı Şövqiyyə. Zəhmətdən qabarlanmış əlləri, qızarmış yanaqları, övlad itkisindən vaxtsız qırışmış alnı, dən düşmüş saçları, nəmli, şişmiş gözləri simasına qayğılı, kədərli görkəm versə , şirin, yaraşıqlı cizgiləri ananın nəcibliyindən, gözəl gəncliyindən nişan verirdi. Ali təhsil almamışdı Şövqiyyə, ancaq danışdıqca savadlı, kəsərli nitqi, kişiyana xarakteri ilə yenilməz, cəsarətli, mərd, sözübütöv qadın obrazı canlanırdı düşüncəmdə. İradəli, dözümlü, başını dik tutmağı bacaran ana durmuşdu qarşımda. yaxşı ki, belə ləyaqətli, dəyanətli analar varmış. ləyaqətli, qürurlu, dəyanətli analardan da Ülvi kimi oğullar doğulurmuş...

Gözlərini məchul bir nöqtəyə dikərək danışırdı, xatirələrə baş vururdu, duyğulanırdı... Hiss etdim ki, bu dərdli qadının həssas, şairanə ruhu var. Səhv etməmişdim. Şeiri, ədəbiyyatı sevirmiş Şövqiyyənin. Orta məktəbi yaxşı oxuyubmuş, şeir yazırmış yeniyetməliyində...

Şövqiyyə ilə hər görüşəndə şeirlərindən söz açırdı mənə. Yadıma lap uşaqlıqdan nənələrdən eşitdiyim deyim düşdü: "Dərd əlindən şair oldu". Düşündüm ki, bir az təbi, duyğusu olan Şövqiyyə oğul həsrətindən, oğul itkisindən şair olub. Oğluna diğər şəhidlərə yazdığı şeirlərlə təskinlik tapır, ovunur. ona söz verdim ki, kömək edəcəyəm, şeirlərini çapa hazırlayacağam...

Budur, xeyli vaxtdır ki, üzərində işlədiyim, redaktə, korrektə etdiyim şeirlər toplusu qarşımızdadır. Demirəm qüsursuzdur, tam dolğundur, janrı, üslubu, ölçüsü, hecası, rədifi, qafiyəsi yerindədir... Təbii ki, nöqsanlı məqamları var var. Amma hamısını düzəldilsə, bu şeirlərdə Şövqiyyənin  - həsrətli, möhnətli, dərdli ananın ruhu hiss olunmaz. Axı, bu şeirlə-rin böyük əksəriyyəti janrından asılı olmayaraq mərsiyədi, ağı, nalə, fəryaddı. Gənc ömrü puç olan, yeniyetmə, nakam bala itirən ananın - Şəhid anasının fəryadı, naləsidi bu şeirlər. Dərindən toxunmaq olmaz bu şeirlərə, onların məxsusi ruhuna dəymək olmaz, çünki Şəhidə, şəhidliyə həsr edilib onlar...

 

 

Yaqut BAHADURQIZI

525-ci qəzet.- 2023.- 5 iyul. S. 9.