Ustadlar ustadı - Zülfü Adıgözəlov
Ecazkar muğam-musiqi dünyamız
olduqca zəngin və çoxşaxəlidir.
Bu əsrarəngiz dünyanı
yaşadanlar, öz bənzərsiz səsləri ilə
dünyamıza gözəllik
qatan insanlar muğamsevərlərin ürəyində,
könüllərində daim
yaşayır. Azərbaycan
muğamının daha
da zirvələrə yüksəlməsində
ağcabədili sənətkarların
xidmətləri misilsizdir.
Ağcabədi muğam
dünyasına kimləri
bəxş etməyib
ki?... Bal kimi şirin səsi ilə "Hər bağın, hər bağçanın
bir bülbüli-şeydası
var" deyən Əməkdar
artist Mütəllim Mütəllimov,
təkrarı belə
mümkün olmayan, "Mənsuriyyə"si
ilə bu sənətə ömürlük
öz silinməz möhürünü vuran
Xalq artisti Yaqub Məmmədov, opera səhnəmizdə illərlə
"Məcnunlarımızın dəyişməz atası"
olan Əməkdar artist Səfa
Qəhrəmanov, opera sənətimizin
"Ərəbzəngi"si deyilərkən dərhal yadımıza və gözümüzün önünə
gələn Əməkdar
artist Sahibə Əhmədova,
daha kimlər, kimlər...
Belə
ustadların sırasında
bir ad da var ki, bu ad Azərbaycanın muğam-musiqi
salnaməsinə qızıl
hərflərlə yazılıb,
əbədi olaraq hər kəsin yaddaşına həkk olub. Söhbət ustadlar ustadı hesab edilən, bənzərsiz səsə
malik, bu sənətdə
özünəməxsus dəsti-xətti
olan korifey sənətkar, Əməkdar
artist Zülfü Səməd
oğlu Adıgözəlovdan
gedir.
1898-ci ildə Şuşa qəzasının Qaradolaq
kəndində - Ağcabədi
rayonunun indiki Qaradolaq kəndində dünyaya göz açan Zülfü Adıgözəlov Qarabağ
muğam məktəbinin
ən parlaq simalarından biri olub.
Ağcabədinin Qaradolaq kəndi...
Yayın qızmar günlərində
də öz gözəlliyi ilə cənnəti xatırladan
kənd... İstedadlar
məkanı, qədim
tarixə malik olan və Zülfü Adıgözəlovun doğma
kəndi. O,
ilk təhsilini də Ağcabədidə alıb.
Hələ gənc yaşlarında olan Zülfü Gəncədə,
muğam axşamlarının
birində öz şirin, bəlağətli
səsi ilə Cabbar Qaryağdıoğlunun
diqqətini cəlb edir və onun
tərəfindən Bakıya
dəvət olunur. Gənc xanəndə burada Üzeyir Hacıbəyli, Qurban Primov, Müslüm Maqomayev kimi böyük sənətkarlar
və musiqişünaslar
qarşısında imtahan
verərək bu sınaqdan uğurla çıxır. Elə həmin insanların da məsləhəti ilə
ovaxtkı Dövlət
Radio verilişləri komitəsində
işə qəbul olunur. Muğamşünaslar
qeyd edirlər ki, Zülfü Adıgözəlov
muğam bilicisi olmaqla yanaşı, eyni zamanda muğamların
və xalq mahnılarının özünəməxsus
ifa məktəbinin yaradıcısıdır. Elmi-nəzəri
yazılarda da vurğulanır
ki, tanınmış xanəndələr
- Xalq artistlərindən
Hacıbaba Hüseynov,
Əbülfət Əliyev,
Ağaxan Abdullayev, Əlibaba
Məmmədov, Sahib Şükürov,
Tələt Qasımov
və bir çox sənət adamları məhz onun məktəbinin davamçılarıdır. Zülfü
Adıgözəlovun yaratdığı
bu irs, bu
sənətkarlıq məktəbi
Xalq artisti - oğlu Vasif Adıgözəlov, digər
oğlu Əməkdar
incəsənət xadımi
Rauf Adıgözəlov və
nəvəsi Xalq artisti Yalçın Adıgözəlli tərəfindən
böyük məsuliyyətlə
bu günə qədər davam etdirilib və bu gün də
etdirilir. Vasif Adıgözəlov, Rauf Adıgözəlov,
Yalçın Adıgözəlov...
Zülfü məktəbindən
bəhrələnmiş bu
üç peşəkar
musiqiçinin Azərbaycan
musiqisinin inkişafında,
təbliği işində
böyük xidmətləri
var.
Adını çəkmişkən, mərhum bəstəkar Vasif Adıgözəlov öz xatirələrində
danışırdı ki, "atamın ifa etdiyi, eyni zamanda
lentə və qrammafon vallarına yazdırdığı "Rast",
"Zabul-Segah", "Bayatı-Şiraz",
"Mahur-hindi", "Humayun" muğamları milli musiqi xəzinəmizin ən qiymətli inciləridir. Atam qədim təsnif və xalq mahnılarını oxuyarkən də onların ənənəvi
forma və quruluşunu
saxlamaqla özünəməxsus
nəfəsi, dəst-xətti
ilə ifaçılıq
sənətinə yeniliklər
gətirib həmişə".
Vasif Adıgözəlovun fikrincə,
atası təkcə muğamlarımızı qorumurdu,
həm də Allahın ona verdiyi səsi qoruyurdu. "Bir dəfə
Şuşaya getmişdik.
Biz hansısa bir bulaqdan su içdik.
Sonra atam bulağa yaxınlaşdı, əlini,
üzünü yuyandan
sonra dedi: “Nə gözəl içməli sudur...”
"Ancaq bir udum da olsa həmin
sudan içmədi. Çünki atam səsini qoruyurdu..."
Vasif Adıgözəlovun danışdığı
bu şirin xatirənin özündən
də məlum olur ki, Zülfü Adıgözəlov Şuşanın
buz kimi, şipşirin, minbir
dərdin dərmanı
olan suyundan özünü məhrum edərək yalnız Allahın ona bəxş etdiyi səsi qoruyub. Deyildiyi kimi, əslində muğamımızı,
musiqimizi qoruyub sənətkar. Muğamlarla
yanaşı, onun ifasında olan "Mən gedirəm Zəngilana", "Nəbi",
"Dedim bir busə ver", "Kəklik" və digər mahnılar da hazırda videotekamızın
Qızıl fondunda saxlanılan ən dəyərli, ən gözəl sənət nümunələri kimi qorunur.
Zülfü Adıgözəlovun səsinin, sənətinin
vurğunu olan XX əsrin böyük qəzəlxanı, Füzuli
məktəbinin layiqli
davamçısı Əliağa
Vahid qəzəllərində Zülfünün adını
xüsusi olaraq vurğulayır, onun adını öz məşhur qəzəllərində
əbədiləşdirirdi:
Nə olar, Vahid, əgər məclisimiz sakit ola,
Oxusun bu qəzəli Zülfü ilə Xan bu gecə.
"Bu gecə"
rədifli qəzəlin
məqtə beytində
adları çəkilən
sənətkarlardan biri
Zülfü Adıgözəlov,
digəri isə Xan Şuşinskidir.
Vahid, istərsən əgər
məclisimiz xoş keçsin,
Zülfünün "Orta Segah"i,
Paşanın tarı
gərək.
"Gərək" rədifli
digər qəzəlin
də məqtə beytində yenə ustad qəzəlxan Əliağa Vahid Zülfünün
adını böyük
məhəbbətlə çəkir,
eyni zamanda məşhur tarzən Paşa Əliyevi də yad edir. Və Vahidlə yanaşı neçə-neçə
şairlərimizin misralarda
da Zülfünün adı
həmin müəlliflər
tərəfindən ehtiramla
çəkilir.
Azərbaycan kinosunun inkişafında
da Zülfü Adıgözəlovun
xidmətləri var. Sənətkarın
bənzərsiz səsi
o vaxt kinemotoqrafçılarımızın
da diqqətindən yayınmayıb.
"Səbuhi", "Bakılılar",
"Kəndlilər" filmlərinin
çəkilişinə dəvət
alan xanəndə bu filmlərdə də öz məlahətli səsini əbədiləşdirib, filmlərimizə
ayrıca rəng qatıb.
Musiqimizin
keşikçisi, korifey
sənətkar Zülfü
Adıgözəlov 1963-cü ildə, may ayının
31-də Bakı şəhərində
vəfat edib.
Mədəniyyətimizin, milli mənəvi
dəyərlərimizin formalaşmasında,
onun bu qədər
sevilməsində muğam
dünyamızın Zülfü
adlı sənətkarı
indi muğamlarımızın
bərdaştında, mayəsində,
guşələrində yaşayır.
Nə qədər ki, Azərbaycan
musiqisi var, Azərbaycan
muğamı var, deməli
Zülfü Adıgözəlov
da var. Muğam aləmindəki
bu ad muğamsevərlərin,
Zülfüsevərlərin ürəyində ömürlük
möhtəşəm, əzəmətli
sənət heykəli
kimi daim duracaq.
Gündüz SEVİNDİK
525-ci qəzet.- 2023.- 5 iyul. S. 12.