Nizami Gəncəvi yaradıcılığına dair yeni araşdırma

 

Nizami Gəncəvi şeirinin məna məzmunundan alınan zövq hədsizdir. Nizaminin yalnız məzmunda deyil, eləcə poetik mətnin təşkilində yaratdığı daxili struktur, akustik fəza, sözün səs fonu ilə mənasındakı əlaqə, rəmzlər, qafiyə əruz sistemindəki fərdi üslub incəlikləri, söz seçimindəki şair məharəti heyranedicidir. Tanınmış şərqşünas alim, gözəl pedaqoq, ictimai xadim Əsmətxanım Məmmədovanın "Nizami Gəncəvi yaradıcılığı üzrə filoloji tədqiqlər" adlı kitabı da məhz belə incə məqamların tədqiqinə həsr olunub. Kitab BDU-nin Şərqşünaslıq fakültəsinin Elmi Şurasının qərarı ilə nəşr edilib. Elmi redaktoru akademik Rafael Hüseynov olan kitaba akademik Nizami Cəfərov, şərqşünas alimlərdən professor Mehdi Kazımov, dosentlərdən Şəhla Məcidova Bilqeyis Quliyeva rəy veriblər. Müəllif bəhs olunan kitabı unudulmaz müəllimlərinə vaxtı ilə tələbəsi, sonralar da müəllimi olduğu BDU-nin Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə ithaf edib. Kitabda Nizami Gəncəvinin etik-estetik, poetik-fəlsəfi görüşlərini əks etdirən "Xəmsə" əsəri nəzəri-filoloji aspektdə araşdırılıb. Monoqrafiyada Nizami poeziyası üçün səciyyəvi olan həm ədəbiyyatşünaslıq, həm nəzəri-dilçilik məsələlərinə dair araşdırmalar təqdim edilib. Akademik Rafael Hüseynov haqlı olaraq, kitabın müəllifini "Nizami Gəncəvinin yarıməsrlik həmsöhbəti" adlandır. Elə bu yarıməsrlik həmsöhbətlikdəndir ki, müəllif "Xəmsə"ni belə geniş filoloji aspektdə, həm dilçi, həm ədəbiyyatçı kimi tədqiq edə bilib.

Kitabın birinci hissəsi "Dilçilik" adlanır. Kitabın bu hissəsində "Xəmsə" üçün səciyyəvi olan leksik, fonoqrafik, fonopoetik, qrammatik dil hadisələrinə həsr olunmuş araşdırmalar yer alıb. Kitabın bu bölməsinin hissəsini vərəqlədikcə ingilisdilli ədəbiyyatın görkəmli nümayəndəsi Tomas Eliotun sözləri yada düşür:  "Söz  sənətdə, bəlkə , ən çətin materialdır. Belə ki, sözlərdən həm vizual gözəllik, həm ahəng gözəlliyini ifadə etmək üçün, bundan əlavə qrammatik cəhətdən formalaşmış cümlədə müəyyən bir fikri çatdırmaq üçün istifadə etmək lazımdır". Vizual gözəllik dedikdə, Nizami ərəb qrafikası ilə bağlı, müxatibin nəzər diqqətini cəlb edən müxtəlif poetik fiqurlara müraciət edib, söz düzümü ilə, sanki bir naxış yaradıb. Ahəng gözəlliyi dedikdə, Nizami nəzmində sözlərin mətn daxilində yaratdığı yüksək fonopoetik effekti vurğulamaq olar. Formalaşmış cümlə dedikdə isə, müəyyən bir fikri müxatibə lakonik şəkildə çatdırmaq üçün qrammatik cəhətdən nizamlanmış misraların ayrı-ayrılıqda tam bir fikir ifadə etməsini yada sala bilərik. "Dilçilk" bölməsində təqdim olunan araşdırmalar, sadalanan bu məqamları əhatə edir: "Nizami məsnəvilərində [xv] diqrafının oxunuşunun qaynaqları", "Xəmsə"də fonoqrafik fonetik hadisisələr", "Nizami məsnəvilərinin düzgün oxunuşunu şərtləndirən amillər (omoqraflar)", "Xəmsə"də işlənən leksik vahidlər- omofonlar", "Xəmsədə şərt budaq cümləli tabeli mürəkkəb cümlələr", "Sirlər xəzinəsi"nə qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlələr". Sıralanan bu araşdırmalarda Nizami nəzminin ahəng gözəlliyini, üslub nəfisliyini, söz seçimini müəyyən edilməsinə xidmət edən dil hadisələri tədqiq edilib. Yəqin ki, kitabın bu bölməsi oxucuya Nizaminin "Sirlər Xəzinəsi"ndən olan bu sözlərini xatırladacaq:

 

 Sözün qanadları var,

quş kimi incə-incə,

Dünyada söz olmasa,

nəyə gərək düşüncə.

 

 Kitabın "Ədəbiyyatşünaslıq" adlanan ikinci hissəsi maraq doğurur. Buraya "Farsdilli ədəbiyyatda Azərbaycan üslubunun zirvəsi - Nizami", "Nizami əsərlərində atalar sözləri hikmətli ifadələr", "Nizami əsərlərində gül adlarının poetik xüsusiyyətləri", "Nizami məsnəvilərində sağlamlığa, tibbə aid tövsiyə qadağalar", "Nizami cazibəsinin sehri ya Nizami tədqiqatçıları" adlı araşdırmalar daxildir. Sıralanan bu araşdırmalarda dahi Nizamini farsdilli poeziyaya xüsusi rövnəq verən Azərbaycan üslubunun əlçatmaz zirvəsi kimi görürük. Nizami əsərlərindəki hikmətli sözlərə təsnifat verən müəllif gözəl nümunələrlə oxucuya şairin nəfis didaktik deyim tərzini təqdim edir, şairi "hikmətlər xəzinəsi" adlandırır. Müəllif rəngarəng poetik nümunələrlə Nizami əsərlərində təbiət leksikasının ən ətirli qatı olan gül adlarının yaratdığı məcazlar sistemini şərh edir. Kitabın bu bölməsində müəllif bir daha şair Nizaminin alim-təbib olduğunu vurğulayır, təqdim olunan nümunələrdən şairin təbabətlə bağlı fikirlərinin müasir tibb elmimiz, xalq təbabətimizlə qədər səsləşdiyini sezmək olur. Kitabın sonuncu bölümündə müəllif bir daha Nizami poeziyasının fəlsəfi-poetik mahiyyətindən, ümumbəşəri ideya zənginliyindən son illərdə işıq üzü görmüş Nizami yaradıcılığına həsr olunmuş tədqiqatlardan bəhs edir, oxucuya hər bir tədqiqatın özəlliklərini ayrı-ayrılıqda açıqlayaraq, onları dəyərləndirir.

 

Kitabı vərəqlədikcə bir daha anlayırsan ki, Nizaminin hər bir əsərinin daxili məzmunundan əlavə, xarici formasını təşkil edən gözəl bir dil qəlibi, üslubi özəllikləri vardır. Bu qəlib üslub çalarları bizə Nizaminin şairlik dühası, nəzm istedadı, söz zövqü, poetik duyumu ilə bağlı çox məqamları açıqlaya bilir.

Nizami əsərlərini ideya-məzmunla yanaşı, dil üslub baxımından izləmədən, Şərq söz sənətindən neçə istifadə etməsini izləmədən, şairin yaradıcılığı haqqında tam ətraflı fikir söyləmək çətin olar. Nizaminin yüksək söz sənətkarlığını bütövlükdə dərk etmək üçün onun müraciət etdiyi, müsəlman Şərqinin poeziya dili olan fars dilindəki leksik kateqoriyaların Nizami qələmində bədii-estetik vasitələrə nesə çevrildiyini izləmək, şairin bu dilin dil vahidlərinin sintaktik imkanlarından necə istifadə etməsinə diqqət yetirmək vacibdir. Təqdim olunan kitabdakı mövzular müəyyən dərəcədə bizə bu imkanı verə bilib.

Nizaminin yaratdığı hər bir söz qəsri gözəldir, şair bu gözəlliyi necə yaradıb? Bu suala şairin əsərlərinin orijinalının dilinə, üslubuna müraciət etdikdə cavab tapa bilirik. Müsəlman Şərqinin poeziya dili olan fars dilində şairin seçdiyi sözləri, tutduğu qafiyələri, bəyəndiyi vəznləri eşidirik. Bir daha yada salırıq ki, Nizaminin hər bir əsərinin daxili məzmunundan əlavə, xarici formasını təşkil edən gözəl bir dil qəlibi, üslubi özəllikləri vardır. Bu qəlib üslub çalarları bizə Nizaminin şairlik dühası, nəzm istedadı, söz zövqü, poetik duyumu ilə bağlı çox məqamlar açıqlaya bilir.

Nizami ilk növbədə şairdir. O nələr deyib? Bunu bizə ana dilimizə olan gözəl tərcümələr çatdırır. Amma necə deyib? Təqdim olunan kitab "necə deyib"in bəzi maraqlı məqamlarını oxucuya təqdim edə bilib. Azərbaycan klassiklərinin farsca qələmə aldığı əsərlərinin dil üslub məsələləri filologiyamızda az tədqiq edilmiş sahədir. "Nizami Gəncəvi yaradıcılığı üzrə filoloji tədqiqlər" kitabı az müraciət olunan bu sahəyə yeni bir töhfədir. Əsmətxanım Məmmədova yarıməsrlik pedaqoji elmi fəaliyyəti ilə, dil ədəbiyyat duyumu ilə ustad adına layiqdir. Ustadın Şeyx Nizamidən bizə deyəcəyi hələ çox sözü var. Onun Şeyx Nizami ilə yeni söhbətlərini gözləyirik.

 

Şəfəq ƏLİBƏYLİ. Filologiya elmləri doktoru

525-ci qəzet.- 2023.- 6 iyul. S. 12.