Haqqı nahaqdan qorumaq niyyəti
TEYMUR İSMİYEV VƏKİLLİK
FƏALİYYƏTİ BOYU BU XEYİRXAH AMALA XİDMƏT
EDİB
... Çəkdiyi əzabları,
dözülməz zülmləri,
məşəqqətləri, canındakı ağrıları bir
özü bilirdi, bir də Allahı.
Dörd il ölüm
hökmü altında,
güllələnmək qorxusu
ilə yaşamaq dəhşət
idi. Hər gün gecə-gündüz döyülmək,
özünün dediyi
kimi, itin belə bəyənmədiyi əzraqları
yeməyə məcbur
olmaq... Bunların nə demək olduğunu dərindən dərk etmək üçün gərək
bu acı taleyi yaşayaydın...
... 1988-ci
il dekabrın 6-da Gəncə
şəhər Milis İdarəsinin bir zabit əməkdaşı
şəhər avtobazasına gələrək
burada sürücü
işləyən Nizamiyə
yaxınlaşıb: Mənimlə
Milis idarəsinə getməlisən, - dedi.
Nizami heyrətlə milis zabitinin üzünə
baxdı, təəccüblə
çiynini çəkib:
-Axı, mən nə
etmişəm ki,
milis idarəsinə
də gedim?! - deyə soruşdu. Milis zabiti qəzəblə:
- Çox danışma, - dedi - gedək, orada bilərsən...
Beləliklə, bir neçə
məsələni aydınlaşdırmaq
adı altında şəhər milis idarəsinə gətirilən
Nizaminin həmin vaxtdan qara günləri
başladı.
Onu ittiham edirdilər ki, sən dünənki mitinqlərdə
idarə etdiyin KAMAZ maşınını qəsdən
asayişi qoruyan Sovet əsgərlərinin
üstünə
sürmüsən, nəticədə 4 nəfəri öldürmüsən, 10 nəfəri
də ağır yaralamısan. Nizami nə qədər and-aman edib həmin hadisəni törətmədiyini bildirsə
də, onun sözünə fikir verən olmadı.
Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsinə dair Sovet İttifaqı rəhbərliyinin riyakar siyasəti, azərbaycanlıların
öz doğma ata-baba yurdlarından vəhşicəsinə qovulub didərgin salınması xalqımızın
kəskin nifrətinə
və hiddətinə
səbəb olmuşdu.
Bu ədalətsizliyə qarşı
keçirilən etiraz
mitinqləri və bu
mitinqlərdə iştirak etməklə öz etiraz səslərini ucaldan soydaşlarımız
Rusiyadan göndərilmiş
təxribatçı qrupların cinayətkar əməllərinə
tuş gəlirdilər.
Bunlardan biri də Nizami Abdullayev olmuşdu.
Keçirilən etiraz mitinqlərində
həqiqətən belə
bir hadisə baş
vermişdi: Maşın
əsgərlərin üstünə
sürülmüşdü. Bu isə Moskvadan göndərilmiş xüsusi
təxribatçı qruplar
tərəfindən tutarlı
bir bəhanə əldə etmək üçün törədilmişdi.
Və bu cinayət əməli bu işdə heç bir günahı olmayan sürücü
Nizami Abdullayevin boynuna qoyulmuşdu.
İstintaqı o vaxt Moskvadan göndərilmiş milliyyətcə
rus olan müstəntiqlər
aparırdılar.
Cinayətə haqsız cəlb
olunmuş Nizamiyə dəhşətli işgəncələr verilirdi. Dırnaqlarını, dişlərini kəlbətinlə
iynəsiz-dərmansız çəkib
çıxarırdılar. Rezin torbaya salıb
saatlarla döyürdülər...
Nizaminin
mühakiməsi Rostov Şəhər Məhkəməsində
oldu. Məhkəməyə şahid qismində çağırılan
rus-sovet əsgərlərinə təhkim olunmuş zabit məhkəmənin
fasilə vaxtlarında qabaqcadan hazırlanmış şahidlərə pıçıltı
ilə deyirdi: "Məhkəmədə ifadə
verib deyərsiniz ki,
KAMAZ-ı əsgərlərin üstünə
sürən Nizami idi".
Yalançı şahidlər onlara
verilmiş tapşırığa
uyğun olaraq məhkəmənin
gedişində həyasızcasına Nizaminin üzünə durur, ona şər-böhtan atırdılar.
Belə
bir saxtakarlıqla, haqsızlıqla başa
çatan ermənipərəst
Rostov Məhkəməsində Nizami Abdullayev ən ağır cəzaya-ölümə məhkum edilir...
...
1990-cı ilin iyun ayında Moskvada Kommunist
Partiyasının 28-ci qurultayı keçirilirdi.
Oğlunun haqsız tutulması ilə əlaqədar Qurultaya yazdığı şikayət
ərizəsi ilə Moskvaya gələn Adil kişi Kremlin giriş qapısı yanında təsadüfən Azərbaycanın
ədliyyə naziri Əlisaab Orucovla görüşür.
Adil kişi tanışlıq
üçün
özünü təqdim edib buraya nə üçün
gəldiyini və
oğlu Nizaminin başına gələn hadisəni olduğu kimi ona danışır və onu inandırır ki,
hazırda
"güllə altında"
həbsdə saxlanılan
oğlunun bu işdə heç bir günahı yoxdur. Adil kişinin SSRİ Ali Məhkəməsinə
etdiyi xahiş də rədd edilmişdi. Vəziyyətin faciəli
sonluqla bitəcəyini
yəqin edən
Əlisaab müəllim
son ümid yeri kimi yaxından tanıdığı, xarakterinə
və peşəkarlığına yaxşı
bələd olduğu
tanınmış vəkil Teymur İsmiyevə zəng edib ondan xahiş edir ki, şikayətçi
Adil kişini diqqətlə,
ətraflı dinləsin
və Rusiya Federasiyası (RSFSR)
Ali Məhkəməsinin sədrinə nəzarət qaydasında Adil kişinin adından şikayət ərizəsi
yazsın. Beləliklə,
Adil kişi Əlisaab
müəllimin məsləhəti
ilə Bakıya qayıdıb, əlində olan sənədləri vəkil Teymur İsmiyevə təqdim edir.
...İki gündən sonra Adil kişi Moskvaya gəlib Teymur İsmiyevin tərtib
etdiyi şikayət ərizəsini Əlisaab müəllimə çatdırır.
Əlisaab müəllim
öz tərəfindən
müvafiq zəruri tədbirləri görür.
Beləliklə, həm Əlisaab
Orucovun göstərdiyi
hüquqi yardımlar və eləcə də bilikli və təcrübəli vəkil Teymur İsmiyevin necə deyərlər, daşdan keçən, hətta daş ürəkləri belə yumşaldan müdafiə xarakterli çıxışı SSRİ Ali Məhkəməsinin Plenumunda əsl həqiqətin, haqq-ədalətin üzə çıxmasına səbəb
olur. Güllə altında yataraq hər gün ölümünü gözləyən
Nizami Abdullayevin ölüm hökmü ilə əlaqədar verilmiş qərar ləğv edilir.
Sözümün bu yerində məhkəmə-hüquq sahəsində müstəsna
xidmətləri
və böyük təcrübəsi
olan Əməkdar hüquqşünas İkram Kərimovun
bir sözü yadıma düşdü.
O, deyir: "Teymur İsmiyevin SSRİ Ali Məhkəməsinin plenumundakı müdafiə çıxışını dinləyəndə
çox qəhərləndim,
gözlərim doldu. Həmin plenumda qəbul edilən qərar Teymur İsmiyevin bir vəkil kimi qələbəsi idi".
Bu fakt da maraqlıdır: Vəkil Teymur İsmiyevin adını eşidəndə
Nizaminin həbsxanadakı kamera yoldaşları ona demişdilər: "Heç
narahat olma, Teymur İsmiyev sənin müdafiəni
öhdəsinə götürübsə,
hesab elə ki, tezliklə evinizdəsən".
Belə
də olur. Dörd il güllələnmə
hökmü
altında
həbsdə saxlanan
Nizami azadlığa buraxılır. Belə mürəkkəb işlərin uğurla nəticələnməsi
Teymur İsmiyevin vəkillik fəaliyyətində
yüzlərlədir.
...Teymur İsmiyev 1924-cü ildə
Kürdəmir
rayonunun
Xırdapay kəndində,
Cömardlı məhəlləsində
dünyaya gəlmişdi. 1941-ci ilin Böyük
Vətən
müharibəsi başlananda
9-cu sinifdə
oxuyurdu. Yaşı
düşmədiyinə görə müharibəyə
aparmırdılar. O isə cəbhəyə
getməyə can atırdı.
Buna görə də
yaşını 2 il əvvələ yazdırır
və 1941-ci ildə müharibəyə gedənlərin sırasına qoşulur, ön cəbhədə gedən döyüşlərdə
iştirak edir. 1943-cü ildə
ağır yaralanır.
Öldüyünü zənn
edib onu morqa qoyurlar. Bir sutka morqda qalır. Səhər morqa daxil olan sanitar
onun ufultusunu, iniltisini eşidir və onu təzədən
şöbəyə gətirirlər.
Üzərində cərrahiyyə
əməliyyatı aparılır
və o, yenidən həyata qayıdır.
Müharibədən 2-ci qrup əlil kimi dönən Teymur bir müddət sağalıb özünə gələndən sonra Moskvaya gedərək orada Hüquq İnstitutunu bitirir və xeyli müddət hüquq orqanlarında çalışır. 1955-ci ildən isə vəkil kimi fəaliyyət göstərməyə
başlayır. O vaxt Bakıda vəkillər
əsasən yəhudi,
rus və erməni millətindən
olanlar idi. Odur ki, hüquq məsləhətxanasına gələnlər adətən
o millətlərdən olan vəkillərə müraciət edirdilər. Burada təzə fəaliyyə
başlayan Teymur İsmiyev tərəfə
isə heç baxan da olmurdu. Bu soyuq münasibət, saymamazlıq
heç şübhəsiz,
onun xətrinə dəyirdi, onu sındırırdı. Bir gün
təsadüfən məsləhətxanaya
gələn bir nəfər Teymura müraciət etməli olur. Teymur həmin
şəxsə bildirir
ki, sizin ərizənizi mən yazacam. Sonra da sözünə
əlavə edib
deyir: "Əgər
mən ərizəni onlardan pis, zəif yazsam və yaxud işi
pis aparsam, onda əllərimi kəsərəm".
Beləliklə, vəkil kimi yeni fəaliyyətə
başlayan Teymur üzərinə
götürdüyü işi çox yüksək səviyyədə,
hətta təcrübəlilərdən də yaxşı, əsl peşəkarlıqla
aparır. Və onun yanına
gələnlərin, ona
müraciət edənlərin sayı getdikcə artır. Bu müraciətlər nəticəsində,
eləsə də uğurlu fəaliyyəti
sayəsində
tezliklə
tanınıb şöhrətlənir.
35 ilə yaxın bir müddətdə
SSRİ Ali Məhkəməsində vəkillik etmiş bu peşəkar insan əvvəldən-axıra qanunların aliliyinə, haqq-ədalətin
varlığına söykənərək
haqsızlığa düçar olmuş yüzlərlə müqəssiri
fədakarlıqla müdafiə
edərək onların
azadlığa
çıxmasına nail olub.
Teymur müəllim vəkil tərəfindən yazılan
ərizələrin hər
birinə bir insan taleyinin həlli kimi baxırdı və buna daim xüsusi həssaslıqla yanaşırdı və bunları həmkarlarına
da tövsiyə
edirdi. Deyirdi ki, vəkil istintaq materiallarını çox diqqətlə öyrənməli, bir- bir bütün instansiyalardan keçməli, müttəhimlə görüşməli
və həmişə, bütün hallarda prinsipial mövqe tutmalıdır.
O, həmçinin deyirdi: "Vəkil cinayətin xarakterindən
çox, insanın özü, onun taleyi maraqlandırmalıdır.
Çünki heç
bir cinayət səbəbsiz baş vermir. Hamısının az
da olsa real mənbəyi
var. Vəkil bu mənbəyi tapmağı
bacarmalıdır".
...Biri-birinə zidd olan iki söz
var: Haqq və nahaq... Teymur müəllim bir vəkil kimi bütün həyatı və fəaliyyəti boyu mən deyərdim
ki, haqqı nahaqdan ayırmaqla, haqqı nahaqdan qorumaqla məşğul olub. Mən bir çox
yaşlı, təcrübəli,
tanınmış hüquqşünaslardan
eşitmişəm, onlar
deyirlər ki, o vaxt Azərbaycanda 450- yə yaxın vəkil vardı, Teymur İsmiyev birinci yerdə dururdu. Onu həm də
əfsanəvi vəkil
adlandıranlar da var...
...Teymur müəllim deyirdi: "Təkcə
kitab və mühazirə
ilə vəkillik sənətinə
yiyələnmək mümkün
deyil.Vəkilliyə həm
də həssas qəlbə və duyuma malik olanlar gələ bilərlər".
Söylədiyi bu fikirlərə
bütün fəaliyyəti
boyu layiqincə əməl etmiş Teymur İsmiyev nəinki respublikamızda və keçmiş İttifaqda, eləcə də ondan xaricdə
də dünya hüquqşünaslığı və vəkilliyi üçün daim örnək olub. O, bu gün də
hörmətlə xatırlanır.
Tofiq ABDULLAYEV
525-ci qəzet.- 2023.- 6 iyul. S. 13.