Səriştəli
poeziya tədqiqatçısı
Ədəbi-tənqidi
yaradıcılığın tarixi təcrübəsi
göstərir ki, ədəbi janrlar sırasında
poeziyanı dərk edib dəyərləndirməyin xüsusi
meyarları vardır. Nəsr, dramaturgiya haqqında ədəbiyyatşünaslıq
vərdişləri ilə ümumi axın çərçivəsində
nəyəsə nail olmaq olar. Ancaq poeziya istedadın sərhədlərini,
onun mahiyyətini dərhal ortaya qoyduğu kimi, poeziya tənqidi
də stereotiplər hüdudlarında orijinal heç nəyə
nail olmur. İstedadsız şair ritorikaya və nəzmdən
uzağa getmədiyi kimi səriştəsiz poeziya tənqidçisi
də ənənəvi söz yığımının
sosioloji şərhlərin məngənəsində qalır.
Bu
gün ədəbiyyatşünaslığımızın
poeziya ilə məşğul olan nümayəndələrindən
biri kimi, Safurə Quliyeva yarım əsrdən artıqdır
ki, XX əsr poeziyamızın ideya-bədii qaynaqlarını,
onun inkişaf mərhələlərini, poetik ədəbi
gedişatı təmsil edən müxtəlif nəsillərin
yaradıcılığını ardıcıl tədqiq
edir. Poeziya tədqiqatçısı üçün vacib
olan yaradıcılıq keyfiyyətləri onun ilk
yazılarından ustad ədəbiyyatşünaslarımızın
diqqətində olub. Ümumi nəzəri hazırlıqla
poetik mətni duymaq fəhmi, poetik düşüncə tipi ilə
tarixi-ictimai gerçəkliyin kəsişən məqamlarını
görmək istedadı ona Mikayıl Müşfiq haqqında
dissertasiya yazmaq səlahiyyəti qazandırıb.
S.
Quliyeva Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutuna "Elm" nəşriyyatından
köçürülüb. Səməd Vurğunun
"Seçilmiş əsərləri"nin V və VI cildlərinin
redaktəsi prosesində onun xüsusi istedadını görən
K.Talıbzadə, Q.Qasımzadə təkidlə onu
İnstituta dəvət etmişlər. Hələ orta məktəb
illərindən M.Müşfiq poeziyasına vurğunluğunu
ustadlar nəzərə almışlar. M.Müşfiq
haqqında M.Arif, R.Rza, M.Əlioğlu, M.Adilov və
Ə.Qarabağlının məqalələrindən başqa
ortada sanballı bir əsər olmadığı vaxtda
S.Quliyeva M.Müşfiq haqqında ədəbi-elmi ictimaiyyətin
yüksək dəyər verdiyi bir əsər yazdı və
bu əsər monoqrafiya şəklində nəşr olundu.
Ona opponentlik etmiş akademik Məmməd Arifin bu kitaba
yazdığı müqəddəmə gənc tədqiqatçı
üçün yaradıcılıq yollarında ustad
xeyir-duası idi. Safurə Quliyeva Arif müəllimin
etimadını doğrultdu və poeziyamızla, həmçinin
digər ədəbi problemlərlə uzun illər məşğul
oldu, bir ədəbiyyatşünas kimi nüfuz qazandı.
S.Quliyeva
XX əsr poeziyamızın ən səriştəli tədqiqatçılarından
biridir. Araşdırmalarının müasir elmi dəyərini
rəhbər tutduğu tarixilik prinsipi müəyyən edir.
Onun əsərləri bir əsrlik tariximizin ən qaynar
ictimai-siyasi və ədəbi-bədii faktlarının məntiqinə
söykənir. "Poeziyada istiqlalımız yüz il öncə",
"1920-1930-cu illərdə poeziya", "1940-1950-ci illərdə
poeziya", "Poeziyada istiqlalımız XX yüzilliyin
sonunda" icmal məqalələrində poeziyamızın
tarixi inkişaf mərhələləri ümumi ədəbi
prosesin kontekstində dəyərləndirilir. Bu məqamda poeziyanı
önə keçirən, ona çevik bir janr kimi meydan verən
tarixi gedişatı doğru, müasir demokratik meyarlar
mövqeyindən təhlil edir. Bu icmal məqalələr
fonunda XX əsr poeziyamızın poetik sistem keçidlərini,
onun milli ədəbi dilin inkişafındakı rolunu izləmək
mümkün olduğu kimi, hakim ideoloji tələblərin
poetik fikrə aşıladığı ritorika, birbaşa tərənnüm
üsulu və siyasi mündəricəli nəzm mənzərəsi
ilə də tanış oluruq. Onun belə səpgili
araşdırmalarda vaxtı ilə
Ə.Cavad, H.Cavid poeziyasına verilən yanlış dəyərlərin
kökləri araşdırılır, bu illərin
poeziyasındakı obraz fərdilikləri, milli istiqlal
ideyalarının daşıyıcıları olan təsvir
sistemi professional təhlilini tapır.
S.Quliyevanın
şeirin poetikası ilə bağlı mülahizələri
onun nəzəri səpgidə yazılmış məqalələrində
əsaslandırılır. Poeziyada lirik qəhrəman, bədii
intonasiya, müəllif və qəhrəman, xarakter və
konflikt kimi anlamların nəzəri şərhi bu mətləblərin
tədqiqinə zəmin olan şairlərin
yaradıcılığı fonunda aparılır. "Bədii
yaradıcılıqda müəllif", "Səməd Vurğun
şeirinin ahəngi", "Lirikada xarakter və
konflikt", "Müşfiq həqiqətləri silsiləsindən"
və sair məqalələrdə müəllifin qənaətləri
hazır nəzəri qəliblərdən irəli gəlmir.
S.Vurğun, M.Müşfiq, S.Rüstəm, B.Vahabzadə,
Ə.Vahid kimi sənətkarların poetik təcrübəsi
fonunda göstərilən kateqoriyalar bədii-estetik tutumu
haqqında öz qənaətlərini ifadə edir.
XX əsr
poeziyamızı təmsil edən şairlərin
yaradıcılıq səlahiyyətini üzə
çıxarmaqda S.Quliyeva poeziyaya bədii sənətin
ümumi qanunauyğunluqları kontekstində yanaşmaq
prinsipini əsas tutur. O, şeiri təhlil edərkən onu
milli estetik fikir daşıyıcısı kimi hədəf
seçir. Poeziyanı canlı bir varlıq kimi, konkret bir
dövrün, real mühitin yetirməsi kimi təqdim edir.
M.Müşfiq poeziyası S.Quliyevanın təhlillərində
yeni poetik sistemin tərkibi, göstəricisi kimi təqdim
olunur. Müəllif və mühit kateqoriyalarının
obyektiv izahı M.Müşfiq şeirinin alt qatlarını
"görməyə" xidmət edir.
S.Quliyeva
professional elmi portret ustasıdır. Poeziya tarixinə
yaxından bələdlik müxtəlif nəsilləri təmsil
edən şairlərin yaradıcılıq yolunu obyektiv dəyərləndirməkdə
ona yardımçı olur. Əliağa Vahid, Süleyman
Rüstəm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Qasım
Qasımzadə, İslam Səfərli haqqında "Ədəbiyyat
tarixi" üçün yazdığı oçerklər
poeziya mütəxəssisinin qələmindən
çıxıb. O, ədəbiyyatşünas-alim kimi tədqiqat
predmetinə vicdanla yanaşır, ədəbi faktlara, tədqiqat
tarixinə, onun dürüstlüyünə tam əmin
olmayınca oçerklərinə yekun vurmur.
S.Quliyeva
XX əsr ədəbiyyatı tarixini həm nəzəri, həm
də praktik yönümlərdən öyrənməkdə ədəbiyyatşünaslığımızda
aparıcı simalardan biridir. Onun tərtibi əsasında nəşr
olunmuş 20, 30, 40 və 50-ci illər Azərbaycan poeziyası
antologiyaları tədqiqatçılar üçün dəyərli
örnəkdir. Hazırda 60-cı illəri əhatə edən
cild redaktə prosesindədir. Safurə Quliyeva səriştəli
poeziya tədqiqatçısı olmaqla yanaşı,
professional redaktordur. Vaxtı ilə nəşriyyatda
çalışması, mətnlə işləmək vərdişi
institutda çap olunan kitabların ərsəyə gəlməsində
çoxlarına yardımçı olur.
Şirindil ALIŞANLI
525-ci qəzet.- 2023.- 7 iyul. S. 13.