Sertifikasiya - müəllimin fəaliyyətinin qiymətləndirildiyi mühüm prosedur

 

Ötən ildən etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb. Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma zamanı müəllimlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Sertifikasiya zamanı müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya diaqnostik qiymətləndirməni tamamlamalıdır. Bu baxımdan sertifikasiya müəllimin bütün fəaliyyətini qiymətləndirən mühüm prosedurdur. Yəni bu prosesə müəllimlərin təkmilləşmədən keçmələri, dərslərinin qiymətləndirilməsi, dərslərinin monitorinqi və sair daxil ola bilər.

Sertifikatlaşdırma iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 120 dəqiqə müddətində bloklar üzrə 60 sual təqdim olunur. Bunlar təlim strategiyası və təlim metodikası olmaq üzrə iki yerə ayrılır. Təlim strategiyası üzrə: müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri mövzularını əhatə edir. Təlim metodikası üzrə isə, buraya fənnin tədris metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri mövzuları daxildir. Hər bir düz cavab bir bal kimi müəyyən edilir. Müəllimlər tərəfindən cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunur. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılır. Həmin mərhələdə müvafiq bal toplayan namizədlər sertifikatlaşdırılır.

2023-cü ildə 35 minə yaxın müəllim sertifikasiya imtahanına cəlb ediləcək. Bu il sertifikasiya ötən il prosesə cəlb edilməyən ibtidai sinif müəllimləri, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün keçirilir. İyunun 24-də müəllimlərin sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsi baş tutub.

Bu mərhələdə ən yüksək nəticə, 60 bal toplayan pedaqoqlardan biri də Bakı şəhəri 170 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Şükürovadır. O, 2009-cu ildən Bakı şəhəri Sabunçu rayonu 170 saylı tam orta məktəbdə "Azərbaycan dili və ədəbiyyatı" müəllimi olaraq fəaliyyət göstərir.

L.Şükürova deyir ki,  sertifikasiya imtahanı təhsilverənlərin peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətində atılan mühüm addımdır. Burada əsas məsələ müəllimlərin öz ixtisası üzrə minimal tələblərin ödənilməsi üçün imtahandan keçməsidir: "Sertifikasiya imtahanının keçirilməsi müəllimlər üçün vacibdir, çünki biz hər zaman yeniliklərə açıq olmalı və öz üzərimizdə daim işləməliyik. Mən peşəsini sevən, sevdiyi üçün də öz üzərində işləyən bir müəlliməm. Öyrənməyi və öyrətməyi çox sevirəm. Təhsilimizin inkişafı üçün istedadlı, qabiliyyətli, qabaqcıl və peşəkar müəllimlərə hər zaman ehtiyac var. Müəllimlərin özlərini təkmilləşdirməsi isə yalnız şəxsi inkişaf üçün yox, həmçinin şagirdləri, böyük məfhum olaraq cəmiyyəti inkişaf etdirməkdir. Hazırda müxtəlif təlimlərdə,  özünüinkişaf tədbirlərində iştirak edərək, hər zaman şagirdlərim üçün peşəkar müəllim olmağa çalışıram. Ümumiyyətlə, müəllim olmaq üçün müəyyən keyfiyyətlər var ki, onlara sahib olmaq lazımdır. Müəllim prinsipli və şüurlu hərəkət etməli, bütün şagirdləri bərabərhüquqlu görməli və onlarla eyni davranmalı, inkişafda olan müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır. Pedaqoji prosesin iştirakçısı olmaq çox vacib, məsuliyyətli və şərəflidir. Gələcəyimiz olan şagirdlərin milli adət-ənənələrimizə sadiq qalmağı, keçmiş nəsillərdən qalmış miraslarımıza sahib olmağı, torpağımızın, xalqımızın qədim dövrdən indiyənədək davam edən tarixini tam və dəqiq öyrənməkləri çox vacibdir. Ölkəmizin zəngin keçmişi, əsrlərdən bəri gələn tarixi ənənələri var. Əlbəttə ki, şagirdlərimiz bu ənənələrə sadiq qalaraq, tolerant, multikultural və müasir düşüncəli olmalıdırlar. Bu zaman onlar hansı sahəni seçməklərindən asılı olmayaraq əsl vətəndaş kimi formalaşacaqlar. Müəllim cəmiyyətdə öz nüfuzunu qorumalı, dünyanın sürətli inkişaf etdiyi bir dövrdə daim axtarışda olmalı, öz üzərində işləməli və yenilikçi olmalıdır. Dərs dediyi sinifdə bütün şagirdləri ələ almağı bacarmalı və keçilən mövzuları şagirdlərinə dərindən mənimsətməlidir. Ən başlıcası isə müasir dövrdə mənəviyyatımızı qoruyub saxlamaq təhsilverənlərin ən öndə duran vəzifələrindən biri olmalıdır".

L.Şükürovanın dediyinə görə, sertifikasiya imtahanları başlayan vaxtdan öz üzərində artıq o məsuliyyəti hiss edib. Ona görə də təlim kursuna baş vurub: "Mən burda çəkiniləcək bir aspekt görmürəm, bu qərar məsuliyyətdən irəli gələn bir hissdir. Son vaxtlar yeniliklər o qədər sürətlə baş verir ki, ayaqlaşmaq üçün yardıma gərək duyulur. Necə ki, müasir  kurikulumun prinsiplərinə uyğun olaraq müəllim şagirdi istiqamətləndirir, eləcə də təlimçi son yeniliklər haqqında bilgisini paylaşaraq müəllimə bələdçilik edir. Sertifikasiya başlayandan hazırlaşıram. Ona görə də sertifikatlaşdırma imtahanları barədə eşidən gündən öz üzərimdə daha çox işləməyə başladım. Bu il kurikulum üzrə özüm təkrarladım, ancaq Azərbaycan dili və ədəbiyyat fənnindən təlim kursuna müraciət etdim. Əməyimin nəticəsini də gördüm. Ciddi şəkildə hazırlaşdığıma görə imtahanda yüksək nəticə əldə edəcəyimə inanırdım. Sadəcə, kurikulumdan yüksək məntiq tələb edən, eyni zamanda çaşdırıcı suallar vardı. Son anda "təsdiq et" düyməsinə basana qədər düşünürdüm ki, o suallardan ən azı 5 səhvim olar. Əsas odur ki, sonda 60 balı görə bildim və çox sevindim. Düşünürəm ki, doğrudan da  tələsməməyin, analiz edərək düşünməyin, məntiqlə yazmağın rolu böyükdür. Hər bir əziyyət çəkən müəllimə bu hissi yaşamağı arzu edirəm. Ümid edirəm ki, sertifikasiya imtahanının 2 - ci mərhələsini də uğurla başa vuraram. İmtahanın şəffaf şəkildə təşkil olunmasına görə Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Təhsil İnstitutuna, mənim üzərimdə əməyi olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm".

O qeyd edib ki, test mərhələsindən 60 bal toplamaq onda arxayınlıq yaratmayıb: "Müsahibə mərhələsindən də uğurla keçmək istəyirəm. Ona görə də lazımi şəkildə hazırlaşıram. Əziyyət çəkən, əmək sərf edən insanın zəhməti yerdə qalmır. Birinci mərhələdə uğur qazandım. İnanıram ki, müsahibə mərhələsindən də maksimum bal toplayaram".

L.Şükürovanın sözlərinə əsasən, dünyanın bir çox inkişaf etmiş ölkələrində təkcə müəllimlərin yox, bir çox peşə sahiblərinin peşəkarlıq səviyyəsinin ölçülməsi məqsədilə onların sertifikasıyası, attestasiyası keçirilir. Artıq Azərbaycanda da dövlət ümumi təhsil məktəblərində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb. Sertifikasiya müəllimlərin məsuliyyətini artırır, yeni innovativ məsələləri dərindən öyrənməsinə şərait yaradır. Bu baxımdan müəllimlərin sertifikatlaşdırılması çox vacibdir: "Müəllimlərin sertifikasiyadan keçirilməsi olduqca vacib məsələlərdən biridir. Fikrimcə, bu  prosesi yeni bir dövrün başlanğıcı hesab etmək olar. Təhsilverənlərin dövrün tələblərinə cavab verməsi üçün onların sertifikasiyasının keçirilməsi mühüm məsələlərdən sayılır. Müəllimlərin sertifikasiyasının keçirilməsi müəllimlərə müəyyən imkanlar yaradacaq. Bu da təhsilverənlər üçün olduqca vacibdir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində mövcud olan maddələrdən biri də təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılmasıdır. Müəllimlərin sertifikasiyasının keçirilməsi də məhz bu sistemin bir hissəsidir. Sertifikasiya imtahanı müəllimlərin peşəkarlıq səviyyəsini öyrənmək, məsuliyyətini artırmaq üçün keçirilir. Biliyinə, savadına, peşəkarlıq səviyyəsinə güvənən ibtidai sinif müəllimləri sertifikatlaşdırma prosesindən qorxmamalı, çəkinməməlidirlər. Ən önəmli məqamlardan biri də odur ki, sertifikatlaşdırmanın nəticələri müəllimlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 7 iyul. S. 14.