Nağıl-nağıl doğulub
Nağıl-nağıl
doğulub
sehir-sehir
yatıram.
diksinib
ürəyimdən
bir bənd
şeir atıram.
əllərimin
gözünə
bağlayıram
sözümü.
kirpiyimin
ucunda
saxlayıram
izini.
baxışlarım
yol gedir
üzü
keçmişə doğru...
səninlə
olmaq uçun
xəyalım
olub oğru...
paltarımı
çırpıram
ətrin
göyə çəkilsin.
xətrimi
istəməyən
o
daş xətrin tökülsün.
gözlərim
kor işıqtək
yolları
çarpaz gedir.
içimdə
səssiz nəğmə,
olub
bir avaz, gedir.
gəlişinin
küləyi,
fikrimə
duman qatır.
acıbdı
ümidlərim,
ahıma
aman qatır.
oyanıb
bu yuxudan
mən
yenidən yatıram.
gecənin
ürəyinə
qəfil
bir daş atıram...
lll
Etirafın
ən gözəli
bu
dünyanı unutmaqdı.
gündüzləri
göydə olan
gecə
sübhədək oyaqdı.
Etirafın
ən gözəli -
göy
adamıyla dost olmaq.
Allahın
son tikəsinə
ikiəlli
baxıb, susmaq.
Etirafın
ən gözəli-
yadların
yadı olmaqdı.
səndə
səni tapmayana
həsrətin
dadı olmaqdı.
Etirafın
ən gözəli
içimizdə
oturubdu.
dili
yoxdu, amma səsi
bu
dünyanı götürübdü.
Etirafın
ən gözəli
sevdiyini
sevməyindi.
"Sevirəm"
uca səslə
üzünəcə
deməyindi.
Etirafın
ən gözəli
səni
başa düşməyəndi.
sanki
başa düşər kimi
söz
yolundan keçməyəndi.
Etirafın
ən gözəli
güvən
verən inadkardı.
azadlıq
əllərimdədi,
eşitmir,
qulağı kardı.
Etirafın
ən gözəli
bu
dünyada olmağındı.
dil
ucunda sevənlərin
dillərində
qalmağındı.
Etirafın
ən gözəli
özün
olmayan özündü.
ürəklərə
qıymadığın
səni
incidən sözündü.
Etirafın
ən gözəli -
əlli
ikinci gündəsən.
ayrılır
canın canından,
Allah
bilir, nə gündəsən.
lll
Bir
ovuc göz yaşıydın,
gözümdə
tutammadım.
Yandı
tökülən yeri,
içimdən
atammadım.
Vermə
sözü, söz itər,
sözün
gərəkdən düşər.
Qapı-pəncərəm
bağlı -
yolun
ürəkdən düşər.
Sabah
yanar qələmin,
ağlar
sirr, söz istəyin.
Ruh
yox, sınar qələmin,
görməz
bir göz, istəyin.
Əlin
dəstəkdə titrər,
kirpik
nəmi qucaqlar.
Mənli
olan zil səsın
sınar,
bəmi qucaqlar.
İsti,
süd xatirədən
yanağına
buz düşər.
Qopar
qaysaq yaradan,
göynək
yerə duz düşər.
Qor
uçar, soba yanar,
gözün
uçar dərinə.
Qəfildən
yuxu gələr,
gözə
ruhum görünər.
Apar
məni, dəfn elə
sənsizliyin
yasına.
Başqa
kimsə gəlməsin
ruhunun
qapısına.
lll
Üzür
ruhun gəmisi
dünyanın
boş üzünə,
Qəddarlıqla
yoğrulmuş
bir
az da xoş üzünə.
Ruhumu
bu sahildən
o
sahilə aparır.
gah
da ki, göyə çəkib
yer
üzündən qoparır.
Dalğaların
telindən
tutub
sürünürəm mən.
suyun
əlini sıxıb
sakit
görünürəm mən.
Kimsəsiz
adaların
qovulmuş
sakiniyəm.
üç
nöqtədə yaşayan
nidanın
hakimiyəm.
İçimdəki
yad səslər
əllərimə toxunur...
gülür,
gülür... sonra da...
tellərimə toxunur...
Deyir...yat...yat...oyanma..
məzardasan,
ölüsən...
nə
fərqi? ..ölməsən də...
ağıllı
bir dəlisən...
Diksinib
ayılıram...
səs
qırılır, tökülür...
sonra...
sonra... anidən
səsin
beli bükülür.
Ölür
yad səslər məndə,
için-için
qocalır.
məndən
uzaq zamanda
doğma
bir səs ucalır...
Təranə ARİFQIZI
525-ci qəzet.- 2023.- 7 iyul. S. 15.