Bu boyda məhlədən, bu boyda evdən
30 ildən sonra evimizdən tapdığımız
su bardağı məni çox duyğulandırdı
Bu boyda məhlədən, bu boyda evdən,
Bir səni tapmışam ay su bardağı.
İndi ciyərim yox, ürəyim yanır,
Yoxmu sahibinə pay, su bardağı?!
Yox idin, ovcumu yerinə
qoyub,
Əyilib
dağların çayın
içmişəm.
Nə xoş halıma ki, ilk dəfə səndən,
Mən də bu yerlərin
suyun içmişəm.
Bu evin gülləri solubdur, amma
Hələ də üstündə
gül yeri qalıb.
Ağzında atamın dodaq izləri,
Qulpunda anamın əl yeri qalıb.
Nə yaxşı sakini oldum yolların,
Nə yaxşı çatıbdır
qatarım sənə.
O qədər əlindən
su vermisən ki,
Gəl indi gözümdən qaytarım sənə.
lll
Xatirənə meh dağılıb,
Toz dəyib şəkillərinə.
Onda yaz idi, bəs
niyə
Buz dəyib şəkillərinə?!
Qalıb
şəkildə yoxluğun,
Bu ağ fəsildə yoxluğun.
Hələ sənin soyuqluğun,
Az dəyib şəkillərinə.
Şəkildəki gül əvvəlki,
Göz əvvəlki, əl əvvəlki.
Bu axşam on il əvvəlki,
Qız dəyib şəkillərinə.
Sən yoxsan, qəribəm yurda,
Donur xəyallarım qarda.
Orda yaxşısanmı, burda?!
Göz dəyib şəkillərinə.
lll
Sən gözünü yuman kimi dünya yatır,
Tanrının də gözlərini
mürgü tutur.
Buz nəfəsin dəyməyəndə
təbiətə,
Yerdən
göyə bir boşluğu bürkü
tutur.
Niyə
səni küsdürür
ki, hər adi söz,
Sənin
üçün göy
adi söz, yer adi söz.
Necə
olur, hamı üçün bir adi söz,
Gəlib
sənin dodağında
türkü tutur.
Sən
o qədər yanaqları
yaş etmisən,
Neçə dolmuş baxışları
boş etmisən.
Sən
o qədər arzuları
daş etmisən,
Uçuq
qəlblər bu daşlardan hörgü tutur.
Bilirsənmi, göz nə qədər günah çəkir,
Gecədən də çəkdiyini
sabah çəkir.
Bütün gözəl şəkilləri
Allah çəkir,
Sonra sənin gözlərində
sərgi tutur.
Zəlzələ soyuğu
Ağac
yoxmu yandırmağa,
İlahi,
Buza dönmüş otaqların
yanında?
Bircə
damla göz yaşını tökəydin,
O qurumuş dodaqların yanında.
Nə gündüzüm təsəllidir,
nə gecəm,
Körpələrə acıyaydın,
mən heçəm.
İçim yanır, əlim
qalxmır su içəm,
Gözüm qalıb bulaqların
yanında.
Nə qəzəbdir ilin, günün bu çağı,
Torpağının açılıbdır
qucağı.
Necə
yanır o zəlzələ
ocağı?!
Hamı
donur ocaqların yanında.
Bu nə zülmət, min gecənin şamı bir,
Ögeyin
də, doğmanın
da camı bir.
Səndən başqa hamı
həmdəm, hamı
bir,
Yaxınlar da uzaqların yanında.
Su tapılmır, hər yan qandır İlahi.
Bu əvvəldi, yoxsa sondur İlahi.
Məni
dondur, məni dondur, İlahi,
Utandırma uşaqların yanında.
Valeh QOCA
525-ci qəzet.- 2023.- 7 iyul. S. 15.