Leypsiqdəki
düyünü Bakıda açan
Bu,
ayrılıq ərəfəsində həm səmimi
vidalaşma, həm keçilmiş yol haqqında
düşüncə, həm də vəfa borcunun ifadəsi
idi. Bu, Heydər Əliyevi 30 ildən artıq müddətdə
tanıyan bir insanın bəlkə də hisslərinin
saflığını daha bariz ortaya qoyması
üçün məqsədli şəkildə makinada deyil,
əl xətti ilə yazdığı məktub idi. O məktubu
yazan İrandakı məşhur nəsillərdən birinin
övladı idi.
1970-ci
illərin qurtaracağında İranda yaranmış vəziyyət
onillərcə vətənindən aralıda
yaşamış bu insanı ata-baba yurduna
çağırırdı. Həm də elə həmin vəziyyət
gedişata təsir imkanlı bir şəxsiyyət kimi onun
çəkisini qəfilcə elə artırmış, onu elə
tələbolunan etmişdi ki, Kreml ona nəvaziş göstərirdi.
Yazan
1978-1979-cu illərdə elə İrandakı hadisələrlə
bağlı əvvəlki vaxtlara nisbətən Heydər
Əliyevin daha tez-tez qəbul etməli olduğu, əslən
oralı siyasi mühacirlərdən, İran Xalq
Partiyasının üzvlərindən biri Rəhim Qazi idi.
Ancaq nə siyasi mühacirlərin, nə də partiya üzvlərinin
sıravilərindən idi.
"Hər
insanın həyatında elə xoş və unudulmaz günlər
olur ki, onu ilhamlandırır, ona bəşər və cəmiyyət
inkişafında daha irəlilərə getməkçün
yeni güc və enerji verir. Mənim həyatımdakı belə
parlaq və unudulmaz günlərdən biri, həddən ziyadə
məşğulluğunuza baxmayaraq, Vətənə getməyimlə
əlaqədar məni qəbul edərək ətraflı
söhbət etdiyiniz gün oldu. Bu, mənimçün
böyük şərəfdir və buna görə Sizə
minnətdarlığımı bildirirəm. Sizin söhbətiniz
məndə dərin təəssürat buraxdı və Sizin
söylədiyiniz sözləri İrandakı sonrakı fəaliyyətim
üçün bir növ proqram kimi qəbul etdim. Əmin ola
bilərsiniz ki, mən bütün gücümü, qüvvətimi,
qabiliyyətlərimi və biliklərimi İranda demokratiya və
tərəqqiyə sərf edəcək, mənə göstərdiyiniz
yüksək etibarı doğrultmağa
çalışacağam.
Əziz
Heydər Əlirza oğlu! Sovet Azərbaycanında olduğum
bütün illər ərzində mənə göstərilən
atalıq qayğısına görə böyük təşəkkürlər!
...Şübhə
etmirəm ki, mən burada olmayanda da ailəmə hərtərəfli
kömək göstəriləcəkdir".
1979-cu
ilin 4 aprelində bu məktubu özü də, nəsli də
inqilab işi, milli azadlıq hərəkatı ilə
bağlı insan yazırdı və Heydər Əliyevin bir
siyasi xadim olaraq digər nadirliyi də ondan ibarət idi ki,
İranın bir nəhəng siyasət və inqilab qazanı
kimi 1970-ci illərin sonlarında pıqhapıqla
qaynadığı çağlarda oradakı hadisələrə
bilavasitə aidiyyəti olan, varlıqları ilə,
nüfuzları ilə, imkanları ilə o gedişata
müdaxilə və təsir imkanı olan, ona silahdaş, məsləkdaş
və lider kimi neçə istəyəni vardı.
Belə
adamları isə hansısa tarixi məqam yetişəndə,
sənə gərək olanda bir neçə gün ərzində
tələm-tələsik qazanmaq olmur, bu sərvəti əldə
etməkçün o cür sərvətlərin sənə
doğru gəlməsi, daim səninlə olmasından
ötrü ona uyğun da həyat yaşamalısan.
Tarixin
elə lərzəli parçası idi ki, hər gün nədir,
hər saatın öz hökmü vardı. Bu məktubun
yazılmasından öncəki görüşdən bəhs
etməyin də yeri var. Ancaq məktub yazılıb 1979-cu ilin
aprelində, görüş baş tutub martda. Bundan əvvəlki
aylarda və günlərdə tarixinin ən həlledici
dönəmlərindən birini yaşayan İranla
bağlı Heydər Əliyevin başqa görüşlərinin,
müzakirələrinin üstündənsə tələsik
keçmək olmaz. Onlar elə mühüm tarix hadisələridir
ki, hər birinin yanında ayaq saxlamağa, nəfəs dərməyə,
ayrıntıları izləməyə və
düşünməyə gərək var.
...Bu,
bir ümidlər fəsli idi. İranın içində də,
çölündə də insanlar böyük dəyişikliklərin
intizarında idilər. İran burjuaziyası bir qüvvə
idi, mötədil dindarlar bir ayrı qüvvə, fəhlələr,
tələbə-gənclər hərəkatı bir özgə
hərəkat idi, radikal islamçılar bir ayrı güc və
bunlar hələ güclərin, hərəkatların,
qüvvələrin, axınların hamısı da deyildi.
Ölkənin daxilində də, xaricində də İrana
bağlı partiyalar hər zaman olduğundan qat-qat fəallaşmışdılar.
İranda inqilablar çox baş vermişdi.
İnqilabların amansız varlığı isə heç
vaxt qan-qadadan əskik olmur. Ancaq 1978-ci ilin 19 avqustunda Abadanda
olan sayaq kinoteatra od vurulması və 400 insanın diri-diri
yandırılması hətta qart üzlü
inqilablarçün də gözlənilməz səhifələrdi.
Bunu iqtidar müxalifətin üstünə
yıxırdı, müxalifət iqtidarın ayağına
yazırdı. İnqilabların qəddar, güzəştsiz
mahiyyəti elədir ki, o tərəfdən də ola bilərdi,
bu tərəfdən də.
Azərbaycan
rəhbəri Heydər Əliyev də həmin günlərdə
İranla bağlı gələn məlumatları elə
respublika üzrə ona hər gün, günaşırı təqdim
edilən operativ məlumatlar qədər həssaslıqla izləyirdi.
1978-1979-cu
illərin hər həftəsində, hər ayında hadisələrin
sürətli gedişi qüvvələr nisbətinə
qaçılmaz təsirini göstərirdi. İran həmişə
həm Vaşinqtonun, həm Moskvanın diqqət mərkəzində
olmuşdu. Ancaq heç vaxt indiki kimi yox.
Və
fövqəlgüclərin maraqlarının toqquşma
nöqtəsi olan İran hadisələri həmin müstəvidə
Azərbaycanı da gedişatı ən diqqətlə izləyərək
hansısa izlərini qoya bilmək imkanı arayanlar
sırasında önə çıxarmışdı.
Heydər
Əliyev o çalarda artıq 30 ilə yaxın idi ki,
İran və Cənubi Azərbaycan məsələlərinin
içində idi. Ancaq indiki narahat dönəmdə
Bakının proseslərə müəyyən təsir
imkanlarının yaranması Kremlin Heydər Əliyevə
yalnız siyasi lider kimi yox, həm də əvəzsiz mütəxəssis,
sahənin bilicisi kimi ciddi məsələlərin həllində
yardımçı olması dolayısı ilə müraciətlərini
xeyli artırmışdı.
O
gün - 1979-cu il yanvarın 6-da Heydər Əliyev iş
gününün xeyli saatını onlara həsr etdi. Əvvəlcə
Qulam Daneşyanla son günlər ərzindəki
üçüncü görüşünü keçirdi, sonra
Nurəddin Kiyanurini ayrıca qəbul etdi, ardınca isə əlavə
olaraq Əmrəli Lahrudini də dəvət etməklə
dördləri birlikdə müzakirə apardılar.
Bu,
Heydər Əliyevin iş üslubu idi. Düyünlü məsələlərlə
qarşılaşanda həmişə iddialı tərəfləri
ayrı-ayrılıqda dinlər, bu söhbətlər əsnasında
həm iddialıların buxarının müəyyən qədər
buraxılmasına, gərginliyin azalmasına nail olar, həm də
ayrıntılardan daha yerli-yataqlı xəbər tutardı.
Bu da mübahisəni həll etmək, son qərarı rahat
keçirə bilməkçün ona əlverişli meydan açardı.
Yəni
bu, yalnız İran Xalq Partiyasına sədrin Kremlin
arzuladığı şəxsin seçilməsi, həmin
tapşırığın ən ali dövlət səviyyəsindən
gəlməsinin yaratdığı xüsusi məsuliyyətə
görə deyildi ki, Heydər Əliyev məsələnin
müsbət həllinə belə bol vaxt ayırır, ciddi səy
göstərirdi, o elə vacib məsələlərə
münasibətdə həmişə belə idi.
Heydər
Əliyev həmin dördlükdəki söhbəti
qınaqdan başlamışdı: "Gerçəklik
bundan ibarətdir ki, İran Xalq Partiyası Mərkəzi Komitəsinin
rəhbərləri fəal işləyərək
İrandakı hadisələrin gedişinə təsir etmək
əvəzinə bitib-tükənməyən mübahisələrlə
və nəzəri mülahizələr yürütməklə
məşğuldurlar. 30 ildən çoxdur ki, siz mühacirətdə
yaşayırsınız, inqilabi mübarizəni
arzulayırsınız, amma baxın, İrandakı hadisələrə
hazır deyilsizmiş. Partiyanın fəaliyyətini qüvvətləndirmək
üçün Kiyanurinin konkret planları var. Ancaq təəssüf
ki, İcraiyyə Bürosunun ayrı-ayrı üzvlərinin
dəstəklədiyi İskəndəri həmin planlara
qarşı çıxır. Biz öz tərəfimizdən
deyirik ki, indiki şəraitə uyğun olaraq yoldaş
Kiyanuri doğru təkliflər irəli sürür və
bunları qəbul edərək onların əsasında
işləmək lazımdır".
Ardınca
Heydər Əliyev budəfəki qəbulun artıq yekun
görüş olduğunu vurğulayaraq əvvəlcə
onların üçünün də mövqeyini soruşur.
Birinci Kiyanuri danışır və sözünü əsas
məsələdən - siyasi platformasını elan etməkdən
başlayır və bildirir ki, biz şah rejiminə
qarşı silahlı mübarizənin, İrandakı digər
müxalif qüvvələrlə, o cümlədən, Xomeyni
ilə əməkdaşlığın tərəfdarıyıq.
İndiki halda bizim əsas vəzifəmiz hər zaman
olduğundan daha artıq birləşmək, təcili surətdə
İrana yoldaşlarımızdan bir dəstəsini göndərməkdir.
3 aydır ki, mənim bu məsələlərlə
bağlı təkliflərim İskəndərinin
masasının üstündə yatıb qalır, ancaq
İskəndəri onlara heç məhəl qoymur, əlavə
olaraq məni də günahlandırır ki, guya İrana
öz adamlarımı göndərmək istəyirəm. Daha
belə işləmək olmaz. Buradan belə nəticə
çıxır ki, biz gərək Mərkəzi Komitə rəhbərliyini
dəyişək".
Və
ardınca Kiyanuri Mərkəzi Komitəyə nisbətən
cavan olan və lazım gələrsə İrana yollanaraq
orada mübarizəyə rəhbərlik edə biləcək
Mənuçöhr Behzadi, Ənuşirəvan İbrahimi və
Əmrəli Lahrudini daxil etmək, İrəc İskəndərini
birinci katib vəzifəsindən çıxararaq yeni 3 nəfəri
- Ehsan Təbəri, Mənuçöhr Behzadi və Fərəculla
Mizanini də MK katibi seçmək təkliflərini dilə
gətirir, bu katiblərdən də ikisinin İrana gedərək
siyasi mübarizəyə qoşulmalarının məqsədəuyğunluğunu
söyləyir. Bunu da əlavə edir ki, fevralın əvvəlində
də plenum keçirib artıq tam dəqiqliklə növbəti
vəzifələrimizi müəyyənləşdirərik.
Heydər
Əliyevlə təkbətək söhbətindən sonra
Kiyanuriyə sərt münasibəti dəyişmiş,
sonradan artıq Heydər Əliyevin təşəbbüsü
ilə ikilikdə görüşərək də Kiyanuriylə
aralarında əvvəllər olmuş bir para
narazılıqları aydınlaşdırmış Qulam
Daneşyan sözünü daha yumşaq başlayır və
Kiyanurinin proqramını bəyəndiyini, özünün də,
ADF-nin bütün üzvlərinin də sözdə deyil, əməldə
Kiyanurini dəstəkləməyə hazır
olduqlarını da bildirir. Lakin o,
razılaşmadığı bəzi məqamları da
açıq söyləyir (Bunu ona elə ikilikdəki
söhbətlərində Heydər Əliyev məsləhət
bilmişdi ki, sözü ürəyində saxlama, iclaslarda
müzakirəyə çıxararaq qalmaqala döndərməkdənsə
öz aranızda həll arayın).
Qulam
Daneşyanın bəyənmədiyi cəhət budur ki,
İXP Mərkəzi Komitəsi qəbul edilmiş qərarların
yerinə yetirilməsini yoxlamır: "Ona görə də
biz yerimizdə sayırıq, hər dəfə toplaşaraq
eyni sözləri təkrarlayırıq". Qulam Daneşyan
elə birbaşa Kiyanurinin üzünə deyir ki, o, təkbaşına
fəaliyyət göstərir, rəhbərlikdəki
kollegiallıq şərtlərini pozur.
Və
aparılan müzakirələrin necə təşkil edilməsinin
yolunu, şərtini də nişan verir: "Bütün vacib
məsələlərə İcraiyyə Bürosunda, yaxud MK
Katibliyində baxılsın".
Getdikcə
söhbətin höcətləşmə səmtinə
yönələ biləcəyini duyan Heydər Əliyev
qarışır, zorla yaratdığı
barışığın, anlaşmanın itməməsi
üçün: "Özünüzü mübahisəyə
kökləməyin, - deyir və əlavə də edir: - Hərçənd
ən düzgün qərarlar da mübahisələrin nəticəsində
doğulur. Ancaq indi diqqəti başqa səmtə yönəltmək
lazımdır". İcraiyyə Bürosunun say tərkibinin
daha 3 nəfər artırılaraq 8 nəfərə
çatdırılmasının məqbul olduğunu söylədikdən
sonra bircə-bircə adları sadalayır, MK-nın birinci
katibi vəzifəsinə də Kiyanurinin seçiləcəyini
və namizədliyi də Qulam Daneşyanın irəli sürəcəyini,
5 nəfərdən ibarət MK Katibliyinin Nurəddin Kiyanuri, Həmid
Səfəri, Ənuşirəvan İbrahimi, Mənuçöhr
Behzadi və Fərəculla Mizanidən ibarət
olacağını söyləyir və
yekunlaşdırır: "Beləliklə, biz təşkilati
məsələləri həll etdik".
Yəni
yol xəritəsi aydındır və mənsiz keçiriləcək
plenumunuzda əlavə mübahisə və qarşıdurmalar
olmasın. Ardınca Heydər Əliyevin söylədikləri
Tudənin də, ADF-nin də, ümumən bu hərəkatın
da əsl liderlərindən birinin elə onun özünün
olmasını, bu işlərə çox-çox əvvəllərdən
əhatəsi, dərinliyi və xırdalıqları ilə
bələdliyini əyani olaraq ortaya qoyur: "1953-cü ili,
partiyadakı sonrakı uğursuzluqları xatırlamaq
ağırdır. Sizin işinizdə ("sizin" deyir, əslində
elə gərək "bizim" deyəydi) konspirasiyanın
çox böyük əhəmiyyəti var. Abbas Memarı
yada salın. Əlimizdə onun "Sazman-e Əmniyyət"lə
əlaqələrinə dair təkzibedilməz dəlillər
vardı. Ancaq Rza Radmaneş bizə inanmadı. Sonrası hər
birinizə məlumdur. Yoldaş Daneşyanda Qüdvə ilə
Mizaninin siyasi etibarlılığı ilə bağlı
müəyyən şübhələr vardı. Ancaq Kiyanuri
deyir ki, onlar tam bel bağlanası adamlardır. Mən onun bu rəyini
müdafiə etdim və yoldaş Daneşyan da onlarla
bağlı etirazlarından geri durdu. Belə ki, daha
ümumilikdə mübahisəli məsələmiz qalmır.
Siz Mərkəzi Komitənin plenumuna yekdil rəylə,
aranızda fikir ayrılıqları olmadan gedirsiniz".
İXP-nin
də, ADF-nin də həm rəhbərliyində, həm
sıralarında olanlar kommunist ideallarına inanan insanlar idilər.
Heydər Əliyev hər üzlərinə bələd, hər
məziyyətləri və kəsirlərindən yetərincə
agah olduğu bu köhnə inqilabçılara bir
öyüdünü də verir ki, yenə həmin deyişlərində
o, mühafizəkar, basmaqəlib sovet partiya liderlərinə
xas yanaşma və ifadə tərzindən çox uzaqdır:
"Sizə bir tövsiyəm də var. Bəli, hər
inqilabi hərəkat nəzəriyyə ilə
bağlıdır. Ancaq hərdən mənə elə gəlir
ki, siz inqilabi hərəkətlərin zərərinə
olaraq nəzəri mülahizələrə həddən ziyadə
yer ayırırsınız. İndi ən çevik hərəkətlər
etmək zamanı yetişmişdir. Marksizm-leninizm təlimi
ehkam deyil, fəaliyyət üçün rəhbərlikdir.
Heç də hər bir addımınızı, hər bir qərarınızı
nəzəri cəhətdən əsaslandırmaq lazım
deyildir. Dünyada baş verən hadisələr bizim həyat
haqqında təsəvvürlərimizə bir çox düzəlişlər
edir. Məgər marksizm-leninizm nəzəriyyəsində belə
şey varmı ki, bir sosialist ölkəsi digər sosialist
ölkəsini düşmən elan edə bilər? Siz gərək
bizim partiyanın açıq və gizli fəaliyyət
istiqamətindəki zəngin təcrübəsindən,
ayrı-ayrı Avropa, Asiya ölkələrinin təcrübəsindən
istifadə edəsiniz, ancaq siyasi istiqaməti İrandakı
konkret vəziyyətə uyğun seçmək
lazımdır. Şəxsən mən belə zənn edirəm
ki, sizə indi antişah, antiamerikan təmayüllü istənilən
müxalif qüvvə ilə ittifaq sərfəlidir,
İrandakı vəziyyət dəyişilə bilər. Bəxtiyar
hökumətinin yerinə Üveysin hərbi rejimi, ya başqa
şah adamı gələ bilər. Lakin bundan qorxmaq lazım
deyil. Xomeyninin fəaliyyəti nəyi ilə cəlbedicidir? O,
eyni vaxtda həm taxt-taca, həm də amerikalılara
qarşı mübarizə aparır. Hətta ehtimal etsək
ki, şah səltənətinin yerinə hərbi administrasiya
gələcək, o halda belə haqqımız var bunu irəliyə
doğru atılmış addım hesab edək. İran
camaatı uşaqlıqdan şaha təzim etmək, onu ilahiləşdirmək
ruhunda tərbiyə edilir. Belə bir inam hərbi diktatorda
olmayacaq və amerikanların müdafiəsinə rəğmən,
onu devirmək asan olacaq. Biz öz taktikamızı müəyyənləşdirərkən
daha çevik, daha ayıq və qətiyyətli
olmalıyıq".
Və
Heydər Əliyev Kiyanurinin irəli sürdüyü (əslində
ona da ötürülmüş və ilk səslənişdə
məqbul kimi görünməyən, ADF-də etirazla
qarşılanan silahlanma çağırışları məsələsinə
aydınlıq gətirir, bu sadə, anlaşıqlı, məntiqli
izahla məsələnin ağlabatanlığı hər kəsə
çatır. Hər kəsə bəlli olur ki, burada söhbət
heç də Tudə Partiyasının onda onsuz da olmayan
silahı xalqa paylamasından deyil, etiraza qalxanları xalqa silah
tətbiq edənlərə qarşı silahlanmağa
çağırmaqdan gedir. Əgər aylar əvvəl
İcraiyyə Bürosunun iclaslarında Kiyanuri həmin məsələni
məhz Heydər Əliyevin ifadə etdiyi tərzdə
çatdırmağı bacarsaydı, bəlkə heç
artıq höcətləşmələrə də yer
qalmazdı: "Xalqı silahlanmağa çağırmaqda
Kiyanuri haqlıdır. Bir var siyasi şüarlar
qışqırasan, bir də var dinc nümayişçiləri,
qadınları və uşaqları soyuqqanlılıqla
öldürənlərə atəş açasan. Məlumdur
ki, sizin silahınız yoxdur və onu paylamaq da sizin işiniz
deyil. Ancaq xalqı silahlanmağa, müqavimət hərəkatını
birləşməyə səsləmək, şübhəsiz
ki, lazımdır. Xalq bunu ruh yüksəkliyi ilə
qarşılayacaq".
Təbii,
İranda cərəyan edən hadisələri ən çox
diqqətdə saxlayan, bu və ya digər şəkildə həmin
proseslərə müdaxilə etməyə səy göstərən
iki əsas ölkə ABŞ-la Sovet İttifaqı idi və
SSRİ-nin mövqeyi ilə bağlı da Heydər Əliyev
qonaqları ilə mülahizələrini
bölüşür: "Sovet İttifaqı
üçün İranın böyük mənası
vardır. Ona görə də biz bu ölkədə baş
verən proseslərə biganə deyilik. Sovet
İttifaqının İrana münasibətdə mövqeyi
L.İ.Brejnevin "Pravda" qəzeti müxbirinə
müsahibəsində aydın şəkildə ifadə
edilib. Biz İranın daxili işlərinə qarışa
bilmərik. Ancaq biz İran xalqının azadlıq və
müstəqillik səylərini müdafiə edirik. Ona
görə də biz amerikanları xəbərdar edirik ki,
onların İrana silahlı müdaxiləsi olarsa, biz cavab tədbirləri
görəcəyik. Hərbi alovlanma təhlükəsinə
gətirib çıxaran vəziyyətin yaranmasını istəməzdik.
Ancaq bu da şəksizdir ki, şahlıq rejimini devirmək
üçün bütün qüvvələri və səyləri
səfərbər etmək lazımdır. Artıq bu da
çox uzaqda deyil".
ABŞ
xalq etirazları davam etdiyi və bu dalğanın şiddətlənmə
dərəcəsi dəyişdikcə İranla bağlı
siyasətinə bir neçə dəfə düzəlişlər
etmişdi. Həm də bu dəyərləndirmə kənardan
seyr edərək əldə etdiyimiz qənaət deyil. Özləri
yazıblar, etiraf ediblər. Zbiqnev Bzejinski təsdiqləyirdi
ki, Vaşinqtonun İran siyasəti tədricən İranı
əlində necə saxlamaq üçün şaha kömək
etmək xəttindən İranı hətta şahsız necə
qoruyub saxlamağa çevrildi. ABŞ və onun müttəfiqləri
hər vəchlə İran ordusuna nəzarəti saxlamağa
can atırdılar. O vaxtlar İran ordusundakı zabitlərdən
12 min nəfəri də ABŞ-da təlim
görmüşdü.
Hadisələr
zəncirinin rəngdən-rəngə saldığı
ABŞ siyasəti 1978-ci ilin sonlarından etibarən bu
mövqedə idi ki, islam respublikası heç də
şahdansonrakı İranda siyasi inkişafın ən bəd
variantı deyil. Ağ Evin bu dəyişən siyasətinin ən
aşkar sübutu Karterin 1979-cu ildə o vaxt Parisdə olan
Xomeyniyə yolladığı məktubdur ki, mətləb pərdəsiz-filansız
bəyan edilirdi: "ABŞ xalqın böyük əksəriyyətinin
dəstəklədiyi istənilən İran hökuməti ilə
sabit dostluq münasibətlərinin tərəfdarıdır".
Ya mövqeyi daha dəqiq göstərən qapalı sənəd
var. Pentaqonun Kəşfiyyat İdarəsinin rəisi, general
R.Tayın İran hərbi kəşfiyyatının rəhbərləri
generallar Borumənd və Qacarla
danışıqlarının İran Hərbi Kəşfiyyat
arxivindən aşkarlanmış mətni həqiqətin
içini göstərir: "Din də monarxiya sistemi kimi ən
strateji vəzifənin - İranın azad dünyanın
qoynunda (yəni Qərbin təsir dairəsində - R.H.) qorunub
saxlanmasına xidmət edən və kommunist təsirinin
qarşısını kəsən effektiv bir alət kimi
çıxış edə bilər".
Hələ
kartlar qapalı idi. O vaxt cərəyan etmiş proseslərə
vaxt ötəndən, burulğanlar və qasırğalar
sovuşandan, xüsusən bu vaxt 15-20 ili və daha artıq
müddəti arxada qoyandan sonra fərziyyələri hasil
olmuş nəticə ilə tən gələnlərin şəstlə
"Gördünüzmü mən deyən düz
çıxdı, biz söyləyən yerini tutdu" bəyanatları
ilə ehtimalları doğrulmamışları uzaqgörməzlikdə
suçlaması heç doğru deyil. Tam əksi də ola
bilərdi, ya İrandakı gedişat büsbütün qeyri
bir məcrada cərəyan edərdi. Başlanğıcda o tərəflə
bu tərəfin, elə deyənlərlə belə söyləyənlərin
düz çıxmaq şansı eyni idi. Molla Nəsrəddinin
məşhur lətifəsindəki kimi: Molla deyir, şah məni
münəccim kimi işə götürsün, yüksək
maaş kəssin, hər gün ona sabah havanın necə
olacağını yüzfaizli dəqiqliklə deyim. Sarayda da
düşünürlər ki, belə xidmət çox
faydalı ola bilər, ona görə də işi yubatmadan
Mollanı dərbara dəvət edirlər ki, razıyıq,
sizi sarayda qulluğa alırıq, şərtlərinizi deyin.
Molla qayıdır ki, bircə şərtim var, mənim
zövcəmi də işə götürün,
çünki bu, elə məsələdir ki, heç cürə
təkbaşına alınmır. Yoldaşım deyəndə
ki, yağacaq, mən deyirəm, yağmayacaq. İkimizdən
birimizin sözü mütləq düz çıxır.
Xomeyninin
hansı xətti tutacağı ilə bağlı hesablamalar
və ehtimallarda yanılmaqdan söhbət gedərsə,
SSRİ və ABŞ kəşfiyyatlarımın proqnoz xətaları
təqribən bənzərdir. Moskva ilə Vaşinqtonun
xomeyniçiliyin siyasi xətti ilə əlaqədar ümidli
gümanları aşağı-yuxarı eyni səviyyədə
özünü doğrultmadı.
Heç
kim Xomeyninin çiyninin üstündən onun əllərindəki
kartları aydın görmək imkanına malik deyildi.
Hamı yalnız əsas götürdüyü sübut və
dəlillər əsasında öz məntiqi ilə nəticə
çıxarırdı.
Heydər
Əliyev də 1979-cu ilin 6 yanvarında Nurəddin Kiyanuri ilə
birinci görüşündə onun məhz Xomeyni tərəfdarları
ilə əməkdaşlıq etmək təklifini nəzərə
alaraq soruşmuşdu ki, əvvəllər sizin Xomeyni ilə əlaqələriniz
olubmu, belə bir əminlik varmı ki, o, sizinlə, yəni
Tudə Partiyası ilə əməkdaşlığa
razılıq verəcək?
Əvvəllər
əlaqələrinin olub-olmaması ilə bağlı bir
söz demir: "Məncə, razılaşacaq. Bu
yaxınlarda Xomeynidən soruşmuşdular ki, o necə hesab
edir, ABŞ-ın silahlı qüvvələri İrana girə
bilərmi? O, belə cavab vermişdi: "Əgər
amerikanlar İrana girsələr, daha güclü bir rəqiblə
qarşılaşacaqlar".
O,
qüsursuz adam kimi səciyyələndirdiyi, son 25 ildə
şaha qarşı mübarizə aparan Xomeyninin
İrandakı adilikdən uzaq populyarlığına bunu misal
çəkir ki, 1978-ci ilin 8 sentyabr "qanlı cümə"sindən
sonra "Keyhan" qəzeti onun portretini dərc etmişdi. Bu
qəzetin tirajı adətən 60 min olduğu halda həmin
gün buraxılan qəzetin sayı 1 milyona
çatmışdı, qəzetin hər nüsxəsi əl-əl
gəzirdi və onu 30-50 tümənə satırdılar.
Ancaq
Heydər Əliyev şübhəsini də
bölüşür, Xomeyninin kommunistlərlə əməkdaşlığın
əleyhinə olması haqqında məlumatı olduğunu
bildirir.
Kiyanuri
"Yox, düşünürəm ki, bu, taktiki bəyanatdır"
söyləyərək, dəqiqləşdirir ki, "Zənnimcə,
bu, taktiki bəyanatdır. Xomeyni Sovet İttifaqı ilə
ABŞ-ı eyni tərəziyə qoymur. Məlumdur ki, Ayətullah
Talebani, Ayətullah Qomi və başqa din xadimləri Sovet
İttifaqı haqqında çox konkret
danışmışlar. Məsələn, Qomi az əvvəl
belə deyib: "SSRİ uzun müddət ərzində
İrana heç bir pislik etməyib. Biz Sovet
İttifaqını şahla müharibədə potensial
müttəfiqimiz hesab edirik".
...Aylardan
bəri davam edən ikitirəliyə və mövqelər
toqquşmasına Heydər Əliyev ard-arda keçirdiyi 5
görüşlə məharətlə həll
açarı tapır və Nurəddin Kiyanuri Heydər
Əliyevə göstərdiyi köməyə, tövsiyələrinə
görə təşəkkürünü yetirdikdən sonra
sevinclə etiraf edir: "Biz anlayırıq ki, bu,
partiyamızın həyatında tarixi mərhələdir.
Ən mühüm olanı isə budur ki, biz artıq birlikdəyik
və ruh yüksəkliyi ilə işə
başlayırıq".
Kiyanuriyə
Azərbaycan Demokrat Firqəsində inamsızlıq və rəğbətsizliyin
kökləri, çeşidli səbəbləri vardı.
Onun babasının şahlığın sütunlarından
olduğu, 1909-cu ildə məşrutəçilər tərəfindən
qətlə yetirildiyi bəlli idi. Nurəddinin qardaşı
şah ordusunda briqada generalı idi, iki ərli qızı
ABŞ-da yaşayırdı və arvadının əmisi
oğlu Müzəffər Firuz Qəvam üs-Səltənənin
müavini olmuş, 21 Azər hərəkatının
amansızlıqla yatırılmasında bilavasitə
iştirak etmişdi. Başqalarının fikirlərinə
dözümsüz yanaşması, müəyyən
qabalığı və nəzakətsizliyi, üstəlik də,
azərbaycanlılara təkəbbürlü münasibəti
Kiyanuriyə bizim firqəçilərin soyuqluğunu yaradan
başlıca amillərdi. Digər tərəfdən də,
Berlində işləyən, Kiyanurini yaxından
müşahidə imkanı çox olmuş Ənuşirəvan
İbrahimi bütövlükdə Kiyanurinin ADF-yə də
xoş münasibət bəsləmədiyini
Bakıdakılara çatdırmışdı.
İran
Xalq Partiyası daxilində gedən proseslər,
aparıcı, sözükeçər üzvlərinin əksərinin
əks mövqedə durması Kiyanurinin qarşıdakı
seçkilərdə birinci katib seçilməyə ümidləri
və imkanlarını sıfra endirirdi. Heydər Əliyev
işə qarışaraq əksmövqeliləri
çöndərməsəydi, bu sevda baş tutan deyildi.
Moskva
niyə məhz onun üzərində israr edirdi, Kiyanuri bu rəğbəti
necə qazana bilmişdi - bəlli deyil. Məlum olan budur ki,
Heydər Əliyev mümkünsüz görünəni
mümkünə çevirməyi bacarır.
Bir
neçə gün sonra Heydər Əliyevin bu qonaqları yenə
bir yerdəydilər. Amma daha Bakıda yox. 1978-ci il yanvarın
13-də Leypsiqdə İran Xalq Partiyası Mərkəzi Komitəsi
İcraiyyə Bürosunun iclası keçirilirdi.
Toplantını partiyanın sədri İrəc İskəndəri
açaraq əvvəlcə gündəlikdəki birinci məsələni
diqqətə çatdırır, İXP-nin İranda
silahlı mübarizəyə
çağırışının mətnini səsləndirir.
Mətn yekdilliklə qəbul edilir. İkinci məsələ
isə "İranda inqilabi-partiya işini gücləndirmək"
haqqında idi. Bu barədə Qulam Daneşyan
danışır, İrandakı hadisələrə
lazımi reaksiya verə bilməsi üçün
partiyanı gücləndirməyin zəruri olduğunu
söyləyir. İrəc İskəndərinin partiyada
dönüş yaratmaq iqtidarında olmadığını
elan edərək birinci katib vəzifəsinə Nurəddin
Kiyanurinin namizədliyini irəli sürür. 1 ay əvvəl
ağlasığmaz kimi görünən, hökmən
etirazlarla qarşılanası bu təklif yekdilliklə
keçir, hamı əl qaldıır.
İcraiyyə
Bürosunun tərkibinin genişləndirilməsi ilə
bağlı təklifə də, Heydər Əliyevin kabinetində
müzakirə edilərək dəqiqləşdirilmiş
namizədlərin hər birinə də maneəsiz "hə"
verilir.
Təqi
Erani söz alır: "İrəc İskəndərinin
birinci katib vəzifəsindən çıxarılması
partiya cəzası deyil, amma həm də o demək deyil ki,
İskəndəri yaxşı işləyib".
İskəndəri
də danışır, mən partiyanın əsgəriyəm
deyir, yoldaşlar bu qərara gəliblərsə, mən onun tərəfdarıyam.
Üç gün sonra - yanvarın 16-da isə partiyanın
İcraiyyə Bürosu Mərkəzi Komitəsinin Nurəddin
Kiyanurinin başçılığı ilə ilk iclası
keçirilir. Fevralın 27-si ilə 28-də isə İXP
artıq Berlində XVI plenumunu keçirir. Əsas məruzəni
Kiyanuri edir. 18 nəfərin qatıldığı müzakirələrdə
məruzədəki əsas müddəalardan biri -
partiyanın İrandakı hərəkatda Xomeyninin tərəfdarı
kimi çıxış etməsi məsələsi fikir fərqlilikləri
də yaradır. X.Əmirxizi Ayətullah Xomeyninin uzun illər
Səudiyyə Ərəbistanı ilə əlaqə
saxladığını, həmin ölkənin ona maddi dəstək
olmasını xatırladaraq bu gün Xomeyninin öz
bayrağı altında 700 milyon müsəlmanı
qovuşdurmaq söyləyişlərinin təsadüfi
olmadığını diqqətə çatdırdı:
"Biz elə qeyd-şərtsiz Xomeyni xəttini müdafiə
etməməliyik, biz hadisələrə son dərəcə
açıq gözlə, siyasi çevikliklə
yanaşmalıyıq".
Partiya
fəaliyyətini İranda, o sıradan Güney Azərbaycanda
fəal şəkildə davam etdirməyin yollarını arayır,
bu səmtdə fikir bölüşürlər, İran
içərisində Azərbaycana muxtariyyət verilməsi
istiqamətində düşünməyin vacibliyindən də
bəhs edilir, Qafar Kəndli olub-keçən təcrübədən
dərs almağın unudulmamasını istəyir, bundan sonra
partiyanın bütün məsələlər ətafında
müzakirələrində, illah da belə nigaran bir tarixi mərhələdə
hər qərarın müştərək rəyə
arxalanmasına, razılaşdırılmış ortaq məqbul
baxışın nəticəsi kimi verilməsinə səsləyir.
Qət
edilir ki, Ayətullah Xomeyniyə, Mehdi Bazərqana və Kərim
Səncabiyə İran Xalq Partiyasının fəaliyyətini
İranda davam etdirməklə bağlı xahiş
teleqramları yazılsın, həmin teleqramların surətləri
də dərc edilməkçün "Ettelaaat",
"Keyhan", "Ayəndeqan" qəzetlərinə
göndərilsin.
SSRİ
də illərdən bəri yaşayan iranlı siyasi
mühacirlərin hamısının mərhələli vətənə
qayıdışı səmtində işə
başlanılması təşəbbüsünü də
qaldırır.
...Berlindəki
plenumda təşəbbüs qaldırılırdı. Həmin
günlərdə Bakıda isə Heydər Əliyevin
masasının üstündə artıq siyahılar
vardı. Bu məsələyə də onun baxışı
uzaqgörən idi. İlk növbədə cavan, yüksəkixtisaslı,
hərtərəfli hazırlıqlı, bişkin mütəxəssislərə
üstünlük vermək. Həm də onları elə
birbaşa göndərməmək, xüsusi kurslarda bir qədər
də yetişdirərək yola salmaq ki, gedib faydalarını
verə bilsinlər. Təkliflərini Kremlə ünvanladığı
məktubda bircə-bircə əks etdirmişdi.
İran
və Güney Azərbaycan onillər öncə olduğu
kimi, yenə onun hərgünkü ümdə işlərinin
sırasında idi.
Rafael HÜSEYNOV
525-ci qəzet.- 2023.- 8 iyul. S. 10-11.