Deportasiya dəhşətlərinə müasir yanaşma: Tarixi ədaləti bərpa etmək əzmi

 

Hamı əmin olmalıdır ki, müasir dünyada "günəş altında daha geniş yer" axtaranlar, "böyük Ermənistan" xülyası ilə başqa xalqlara nifrət və total müharibə ideologiyasını təbliğ edənlər, qonşularına qarşı təcavüzkar siyasət yeridənlər nə zamansa tarix və bəşəriyyət qarşısında cavab verməli olacaqlar".

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev

 

Tarixi faciələr mütəmadi olaraq xatırlanmalıdır ki, yenidən təkrarlanmasın və verdiyi ibrət dərsi unudulmasın, həm də gələcək nəsil üçün bu həqiqətlər daim diri qalsın.

Bu yazının qələmə alınmasında maarifləndirici məqsədimiz də keçən əsrin əvvəllərindən başlayaraq  xalqımızın başına gətirilən olmazın müsibəti - Qərbi azərbaycanlıların  yüzillər boyu yaşadığı doğma yurd-yuvalarından deportasiyası tarixini yenidən nəzər salmaqdır.

2020-ci ildə möhtəşəm zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra azərbaycanlıların deportasiyası mövzusu yenidən aktuallaşaraq ən ali səviyyədə yenidən gündəmə gətirilmişdir.

Faciələrimiz 1813-1828-ci illərdə Gülüstan və Türkmənçay sülh müqavilələrinin imzalanmasından sonra total dünya güclərinin təşəbbüsü və iştirakı ilə ermənilərin İrandan, Suriyadan, Türkiyədən və digər ölkələrdən tarixi ərazilərimizə köçürülməsi və öz torpağımızda zorən bizə "qonşu" edilməsindən sonra başlanmışdır. 

Tarixən Azərbaycan torpağı olan İrəvan xanlığında vaxtilə təkəmseyrək şəkildə rəiyyət kimi yaşayan ermənilərin bəlkə onda yatsa yuxusuna da girməzdi ki, rus çarizminin himayədarlığı, eləcə də bizim bəzi tarixi səhvlərimizin nəticəsində yaxından-uzaqdan onlara heç bir aidiyyəti olmayan İrəvan şəhərini onların xələfləri qamarlayıb özlərinin qondarma dövlətlərinə paytaxt edəcəklər... Bu, hələ çox sonralar baş verəcəkdi. Buna qədər isə erməni daşnaklarının xalqımıza qarşı törətdiyi qanlı terrorlar, saysız-hesabsız soyqırımlar, dəhşətli müsibətlər olacaqdı...

Yeri gəlmişkən, dəyərli oxucularımıza xatırlatmaq istərdim ki, bu yazının müəlliflərindən birinin 2021-ci ildə nəşr olunan "Şərəfsizlik tarixi" yaxud Vernadski prospektində" adlı sənədli proza kitabında misli görünməmiş erməni qəddarlığı ədəbi ümumiləşdirmələrlə qələmə alınaraq ayrıca nəşr səviyyəsində işıqlandırılmışdır. Daşnakların əzazillik salnaməsi adlandırıla biləcək həmin əsərdə azərbaycanlıların fitri mərhəməti və xeyirxahlığı fonunda daha qabarıq şəkildə gözə çarpan mənfur erməni xisləti bütün tərəfləri ilə ifşa olunmuşdur. Kitabın ön söz müəllifi, xalq yazıçısı Anar əsərin Türkiyə türkcəsinə, rus və ingilis dillərinə, ilk növbədə isə elə erməni dilinə də tərcümə edilib yayılmasının vacibliyini vurğulamışdır.

...Hələ 1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında verilən qanundan sonra bir çox səbəblərin də təkan verdiyi erməni terrorizmi daha da "qol-qanad" açdı, türk və müsəlman əhaliyə qarşı düşmən əhval-ruhiyyəsi daha da qızışdı.

Erməni kilsəsinin bu qanuna qarşı çıxaraq  başladığı qiyamlar sonralar silsilə terrorların başlanğıcı oldu. Həmin vaxtlar Rusiyada da analoji olaraq baş verən üsyanların yaratdığı iğtişaş və qarışıqlıqdan ermənilər hər zaman olduğu kimi öz xeyirləri üçün istifadə etməkdən çəkinmədilər. Rus çarizmi də diqqəti icra edilən qanuna deyil, başqa istiqamətə yönəltmək  üçün ermənilərin türklərə qarşı olan nifrətini daha da alovlandırdı, necə deyərlər, "dəliyə yel, əlinə bel verdilər"...

Həmin vaxt Qafqaz canişinliyində ali postları tutan ermənilər və onların havadarları erməni quldur dəstələrini silahla təmin etdilər. Həmin silahlanmanın nəticəsi olaraq 1905-ci ildə erməni dəstələri Bakıda, İrəvanda, Qarabağda, Zəngəzurda, Gəncədə, Naxçıvanda, Tiflisdə və başqa yerlərdə yaşayan azərbaycanlılara olmazın divan tutur, soyqırım törədərək gözgörəsi etnik təmizləmə siyasəti aparmağa, bununla da həmin ərazilərdə ermənilərin sayca üstünlüyünü təmin etməyə çalışırdılar.

Tarixi qaynaqlarda da qeyd olunur ki, həmin vaxt Qafqazda mövcud olan 54 qəzadan yalnız beşində ermənilər toplu halda yaşayırdılar.

Yazıçı Məmməd Səid Ordubadi "Qanlı illər" kitabında 1905-ci ildə tarixi Azərbaycan ərazisində baş alıb gedən erməni terrorizmini bədii şəkildə belə xarakterizə etmişdi: "İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda idi". Bir çox tarixi araşdırmalarda da istifadə olunan bu bədii cümlə həmin dövrdəki faciələrin miqyasının nə dərəcədə dəhşətli olduğunu bir daha göstərir.

Tarixi mənbələrdə qeyd olunur ki, həmin illərdə İrəvan quberniyasında ən azı 10 min azərbaycanlı qətlə yetirilmiş, əmlakı talanmışdır. Və bu miqyasda qırğınlar 1905-1920-ci illər ərzində təkcə İrəvanda deyil, yuxarıda da qeyd etdiyimiz kimi, bütün Azərbaycan ərazisində həyata keçirilmiş, on minlərlə soydaşımız erməni terrorunun qurbanı olmuşdur.

Azərbaycanlı əhali mümkün olduğu qədər öz igid oğullarının rəhbərliyi ilə bu terrora qarşı mübarizə aparmağa çalışsa da,  azərbaycanlıların ilk deportasiya dalğasının qarşısı alına bilməmişdir. Dinc əhalinin böyük qismi həmin vaxtlarda erməni terroruna qarşı müqavimət göstərib döyüşlərdə həlak olmuş, sağ qalanlar da doğulub böyüdükləri doğmaca yurdlarından başlarını götürüb qaçmağa məcbur olmuşdular.

İllərlə davam edən bütün bu qırğınlar, qovulmalar, sürgünlər və terrorun fonunda həmin dövrdə Azərbaycanın siyasi rəhbərliyinin Cümhuriyyət dönəmində əldə etdiyi bütün nailiyyətlərlə, qazandığı uğurlarla  yanaşı, yol verdiyi bəzi səhvləri də qeyd etmək lazımdır. Ən azından gələcəkdə bu tipli faciələrlə qarşılaşmamaq üçün... Məlum olduğu kimi, Cümhuriyyət dövründə Azərbaycanın tarixi şəhəri olan İrəvan ermənilərə güzəştə gedilmişdir. Və sonra başımıza gətirilən faciələr bir daha təsdiqlədi ki, atalarımızın da dediyi kimi, torpaqdan pay olmaz və bu mövzuda mərhəmətli davranmaq millətə hansı faciələr bahasına başa gəlir.

İrəvanın ermənilərə güzəştə gedilməsi ilə bağlı Prezident İlham Əliyevin tarixi dəyərləndirməsini xatırlatmaq yerinə düşər: "1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik. Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır.

O vaxt bu qərarı müxtəlif səbəblərlə izah etməyə çalışanlar da olub, bu gün də var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. Əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. Yəni görün, cəmi iki il ərzində xalqımızın başına nə qədər böyük bəlalar gətirildi. Əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi. Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan".

Azərbaycanlıların deportasiyasının ikinci faciəli dalğası isə tarixdən də bəlli olduğu kimi, 1948-1953-cü illəri əhatə edir.

SSRİ hökumətinin həmin dönəmdə azərbaycanlıların kütləvi şəkildə köçürülməsi ilə bağlı qəbul etdiyi qərarlardan ermənilər daha da cuşa gələrək İrəvan ərazisindən və indiki Ermənistanın sovet dövründəki sərhədləri boyunca (həmin ərazilərin də tarixi Azərbaycan torpaqları olduğunu xatırlatlamağa yəqin ki, hər dəfə lüzum yoxdur) yaşayan azərbaycanlıları öz məskənlərindən qovaraq onların izini oradan birdəfəlik silmək niyyətlərini həyata keçirməyə başlamışdılar.

Tarixi arxivlərdə 1948-ci ildən başlayaraq İrəvandan yüzlərlə azərbaycanlı ailəsinin köçürülməsi haqqında faktlar yer almaqdadır. Və onu da qeyd edək ki, bu ailələr bilərəkdən tarixi dədə-baba vətənlərinin iqlimindən sərt şəkildə fərqlənən ərazilərə, xüsusilə də isti aran ərazilərinə "yerləşdirilmişdilər", əslində isə bu, dəhşətli sürgün idi. Bu kəskin iqlim fərqinin, eləcə də məişət şəraitsizliyinin nəticələri isə özünü çox gözlətməmişdi, köçürülən əhali zaman-zaman müxtəlif xəstəliklərdən dünyasını dəyişmişdi.

Tarixi araşdırmalarda da öz əksini tapdığı kimi, 1948-1953-cü illəri əhatə edən dövr ərzində ermənilər indiki Ermənistanın Eçmiədzin, Hoktenmberyan, Martuni, Əştərək kimi bəzi rayonlarından azərbaycanlıların tamamilə qovulub çıxarılmasına nail olmuşdular.

Onu da xatırladaq ki, bu deportasiya bütün sahələrdə həyata keçirilirdi. Belə ki, Ermənistanın bir sıra rayonlarında rəhbər vəzifələrdə çalışan azərbaycanlılar müxtəlif bəhanə və səbəblərlə işdən qovulur, yerinə isə erməni kadrlar təyin edilirdi. Azərbaycandilli orta və ali təhsil müəssissələri, Azərbaycan dilində çıxan qəzetlər bağlanırdı.

Bu deportasiya nəticəsində İrəvanın azərbaycanlı əhalisinin ən azı yarısı doğma evlərindən didərgin salındı...

Həmin dövrün statistik rəqəmlərində də göstərilir ki, 1948-ci ilə qədər İrəvanda yaşayan azərbaycanlı əhalinin sayı 6569 nəfər idisə, 1959-cu ildə bu say 3413-ə enmişdi...

Tarixi mənbələrdə qeyd edilir ki, SSRİ Nazirlər Sovetinin müvafiq qərarları və totalitar repressiya üsulları ilə Ermənistanın 24 rayonundan və İrəvanın 200-dən artıq yaşayış məntəqəsindən 100 mindən artıq azərbaycanlı deportasiya olunub. Çıxışlarının birində Prezident İlham Əliyev 1948-1953-cü illərdə həyata keçirilən deportasiyanı belə səciyyələndirib:

"Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi. Çünki İkinci Dünya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdır. Azərbaycan xalqı bu müharibədə böyük fədakarlıq göstərmişdir. Bütün bunlara baxmayaraq, xalqımıza qarşı növbəti cinayətin törədilməsi, yenə də deyirəm, böyük vicdansızlıqdır və saxta bəhanə adı altında xalqımız növbəti deportasiyaya məruz qalmışdır..."

Leksikonumuza bu deportasiyalarla bağlı "Ermənistan azərbaycanlıları", "Yerevan azərbaycanlıları" kimi bəzi ifadələr yerləşib ki, bununla bağlı öz fikrimizi bildirmək istərdik. Əslində bu kəlmələri istifadə edərkən vurğulamaq yaxşı olardı ki, "Ermənistan azərbaycanlıları" yox, elə məhz "Azərbaycan azərbaycanlıları" deyilsin. Çünki İrəvan, Zəngəzur, Göyçə mahalları, ümumən bu gün müasir Ermənistan xəritəsində yer alan ərazilər əsrlər boyu yaşadığımız tarixi torpaqlarımızdır. Və bəzən səsləndirilən məlum bir həqiqəti  təəssüflə xatırlatmaq istərdim ki, bəlkə də Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, müasir xəritəsi öz tarixi əraziləri ilə sərhədlənib...

Azərbaycanlıların ən genişmiqyaslı və qanlı terrorla müşayiət olunan  deportasiyasının növbəti dalğası isə yaxın tarixdən də çoxumuza məlum olduğu kimi 1988-1992-ci illərdə həyata keçirilmişdir.

1988-ci ildən başlayaraq erməni daşnakları Qərbi Azərbaycanda azərbaycanlı əhalini terrorun bütün növlərinə məruz qoymağa başladılar. Onlara iş yerlərində psixoloji mobbinq və mənəvi təzyiqlər edilir, gözümçıxdıya salınır, həyat şəraitləri yaşanılmaz duruma gətirilirdi. Bunlar yetmirmiş kimi, fiziki və qanlı terrora əl atmaqdan da çəkinmirdilər.

1989-cu ilin noyabrından başlayaraq ermənilər gizli şəkildə apardıqları təzyiqlərdən əl çəkib azərbaycanlı əhaliyə açıq hücum yolunu seçdilər. İl bitənə qədər Ermənistan ərazisində olan azərbaycanlı yaşayış məntəqələri boşaldıldı, yandırıldı, talan olundu, qarət edildi, qaça bilməyib ələ keçirilənlər isə vəhşicəsinə öldürüldü. Həmin dövrün statistikasına görə, Qərbi Azərbaycanda 261 yaşayış məntəqəsi boşaldıldı. Onlardan 172-ci  azərbaycanlıların kompakt halda yaşadığı kənd və qəsəbələr, 89-u isə digər xalqlarla birgə yaşadıqları ərazilər idi.

Bundan başqa, Ermənistanın daha altı şəhərində də digər xalqlarla bərabər, azərbaycanlılar da yaşamışdır. Araşdırmalarda qeyd olunur ki, bu şəhərlərdə yaşayan həmvətənlərimizin sayı 49 min 928 ailədə 250 min nəfər olmuşdur. Tarixi faktlara əsaslansaq, 1988-1989-cu illər soyqırımında 226 soydaşımız ermənilər tərəfindən öldürülmüşdür.

Erməni daşnakları öz vəhşi təbiətlərinə uyğun olaraq  təkcə dirilərimizə yox, məzarlıqlarımıza da divan tutub, qədim qəbiristanlıqlarımızın izini yer üzündən silmişlər.

Birinci Qarabağ müharibəsi dövründə isə ermənilərin nəinki vaxtilə bizə məxsus olan tarixi torpaqlarımıza, eləcə də müasir dünya xəritəsində beynəlxalq hüququn qəbul etdiyi indiki ərazilərimizə də iddia etdiklərini və işğal tarixini yəqin ki, bilməyən yoxdur. Bu işğal tarixi ta ki, İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və yenilməz Azərbaycan Ordusunun qəhrəmanlıqları sayəsində qazandığımız möhtəşəm zəfər gününə qədər bütün millətimizin qanayan yarası olmuşdur. Torpaqlarımızın erməni işğalından azad edildiyi o tarixi qələbə günündən üzübəri tarixi ədalətin bərpası, o cümlədən, deportasiyaya məruz qalan soydaşlarımızın hüquqlarının bərqərar edilməsi ilə bağlı dövlət səviyyəsində addım-addım əzm və siyasi iradə nümayiş etdirilir.

Prezident İlham Əliyevin ötən ilin sonunda Qərbi Azərbaycan İcmasının inzibati binasında  Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu siyasi iradə bir daha ortaya qoyulmuşdur.

Rezüme üçün bildirək ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisi kimi keçən  ilin avqust ayında adını dəyişdirərək indiki adı ilə fəaliyyətini davam etdirir. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib. Xatırladaq ki, sözügedən təşkilat 1989-cu ildən bəri Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və qorunduğu  yeganə ictimai qurumdur.

Qərbi Azərbaycan ziyalıları ilə görüşdə Prezident İlham Əliyev bir daha siyasi qətiyyət nümayiş etdirərək deportasiyaya məruz qalan azərbaycanlıların hüquqları ilə bağlı fikirlərini ifadə etmiş və tarixi ədalətin bərpası istiqamətində addımların atılacağını bildirmişdir: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik..."

...Və bu Böyük Qayıdış əslində artıq başlanmışdır. Bu gün onlarla ailənin işğaldan azad olunmuş dədə-baba torpaqlarına, öz doğma yurdlarına, yenidən tikilən, abadlaşdırılan yaşayış məntəqələrimizə qayıdışı Prezident İlham Əliyevin vaxtilə dediyi sözlərin və yenilməz əzminin, siyasi iradəsinin əməli nəticəsidir. Dövlət başçısı məşhur çıxışlarının birində də vurğuladığı kimi, nəyi necə, nə vaxt etməli olduğunu bilir!

Tarixi ədalətimizin bərpası istiqamətində ən yüksək səviyyədə alınan qərarların nəticəsində Prezidentin vurğuladığı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşacağı zamanın da yaxında olduğuna ürəkdən inanırıq. Vaxtilə torpaqlarımızın erməni işğalından qurtaracağına bütün qəlbimizlə inandığımız kimi...

 

Hüseynbala Mirələmov,

Rövşən Ağayev

525-ci qəzet.- 2023.- 8 iyul. S. 14-15.