Nəsimi
haqqında məruzəm və xiffətini çəkdiyim
kitablar
Münasibətlər
bəzən təsadüfdən yaranır.
Hövsanda
sərhəd qoşunlarının qərargahında dahi Azərbaycan
şairi İmadəddin Nəsiminin
yaradıcılığına həsr olunmuş tədbirə
dəvət olunmuşdum. Çox maraqlı keçən tədbirdə
yüksək vəzifəli şəxslər də iştirak
edirdilər.
Çıxışımda
Azərbaycan ədəbi dili və bədii fikrinin ən
böyük ustadlarından olan qüdrətli şair Nəsiminin
həyat və yaradıcılığına dair elm aləminə
az məlum olan bəzi məqamları ön plana çəkdim.
Qeyd etdim ki, Nəsimi Azərbaycan dilini o vaxt hakim olan ərəb-fars
diləri səviyyəsinə qaldıraraq hünər
göstərmişdir. Xüsusi vurğuladım ki, şairin
poeziya dili özündən sonra gələn bəzi şairlərin
dilindən sadə və axıcıdır. Göstərdim
ki, Xalq şairi Qabil möhtəşəm "Nəsimi"
poemasında Nəsiminin dilinin saflığına,
büllurluğuna, axıcılığına
heyranlığını gizlədə bilməmiş və
yazmışdır:
O uzaq, o qədim lisana bir bax,
Büllur
bulaq kimi süzülər, çağlar.
Əsər
var yazılıb otuz il qabaq,
Otuz
cür lüğətə ehtiyacı var.
Söhbət
açdığım məsələlərdən biri də
Nəsiminin məhkəməsi ilə bağlı idi. Son
dövr elmi mənbələrdən məlum olur ki, Hələbin
şeyxinin, canişininin, qazılar qazısı və rəsmi
qəbul olunmuş məzhəblərin nümayəndələrinin
iştirakı ilə keçirilən məhkəmədə,
canişin Yəşbək Yusifinin təkidinə baxmayaraq,
qazı və üləmalar Nəsimini təqsirli bilməmişlər.
Belə olan halda Nəsimi Misir Sultanı Müəyyədin əmri
ilə siyasi baxışlarına görə edam edilib.
Azərbaycanda
elm aləminə məlum olmayan, tarixi elmi mənbələrdə
əksini tapan məlumata görə, qəddarlığına,
tamahkarlığına və pozğunluğuna görə
canişin Yəşbək Yusifi 1422-ci ildə qətlə yetirdikdən
sonra Hələb Ədliyyə Məhkəməsi Nəsiminin
edamı məsələsinə yenidən baxmış, əvvəlki
ədalətsiz hökmü ləğv etmiş, artıq tarixə
qovuşmuş şairə bəraət vermiş və bundan
sonra Nəsimi ilə bağlı hər şey kökündən
dəyişmişdir (Monoqrafiyamın "Nəsimi: edamdan sonrakı
həyat" adlandırılması bununla
bağlıdır).
Bu
tarixi əhəmiyyətli faktı mənə 2008-ci ilin noyabr
ayında Hələbdə keçirilən "Beynəlxalq
Nəsimi konfransı"nda Hələbin müftisi Dr.Mahmud
Əkkəm vermişdi. Sərhədçilərin
yığıncağında mənə qədər tədqiq
olunmamış Nəsimi yaradıcılığında
folklor motivləri və aşıq şeiri qatlarından da
söhbət açdım. Tədqiqatlarımdan misal gətirərək
göstərdim ki, "Ustadnamə", "Divani",
"Qıfılbənd bağlama", "Gəraylı",
"Əlif-lam", "Tərs əlifba" və s. kimi
aşıq şeiri şəkillərini aşıq yaradıcılığına
Nəsimi gətirmişdir.
Deyəsən,
çıxışım xoşlarına gəlmişdi.
Yığıncaqdan
sonra çay süfrəsinə dəvət olundum. Söhbət
zamanı dedilər ki, bədii ədəbiyyata çox
ehtiyacları var. Çoxdan
oxuduğum, hazırda o qədər də ehtiyacım olmayan
kitabları topladım. "Qazel" adlanan kiçik yük
maşınına yığıb apardılar. Kəlbəcərdən
olan mayor İntiqam Mirzəyev və Naxçıvandan bir nəfər
zabit tez-tez mənimlə əlaqə saxlayırdılar.
Aradan
beş-altı ay keçəndən sonra sərhədçilər
yenə də kitab istədilər. Göz önünə sərhədçilərimizin
xalq qarşısında əvəzsiz xidmətləri gəldi.
Kitabları aparmağa İntiqam və naxçıvanlı
zabit gəlmişdilər. Çox mehriban olan
naxçıvanlı qardaşım məni hətta ad
gününə dəvət etdi.
Vaxt
keçdi...
Xalqımızın
həyatında illərlə həsrətində olduğumuz
inanılmaz hadisələr baş verdi. Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə müzəffər
ordumuz 44 günlük müharibədə erməni ordusunu
darmadağın edərək diz çökdürdü.
Şuşa və Qarabağ daxil, işğal altında olan rayonlar
azad edildi.
Ağdam,
Laçın və Kəlbəcər rayonları Ali Baş
Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində
qan tökülmədən, şəhid vermədən azad
edildi.
Xoşbəxtəm
ki, bu ahıl çağımda inanılmaz tarixi hadisənin
şahidi olmuşam.
Xeyli
vaxt idi dosta çevrilmiş kəlbəcərli mayor
İntiqam Mirzəyev və naxçıvanlı zabitdən xəbər-ətər
yox idi.
Bir
gün İntiqam Mirzəyev telefon açdı. Sevinc
içində "Kəlbəcərdən
danışıram. Mən indi N saylı hərbi hissədəyəm",
- dedi.
Azad
edilmiş doğma torpaqdasan, bundan böyük xoşbəxtlik
olarmı? Ürəkdən təbrik edirəm - dedim.
Sevincimizi paylaşandan sonra İlham Mirzəyev dedi ki,
komandirim, sizinlə danışmaq istəyir. Xoş-beşdən,
qələbə münasibətilə bir-birimizə
gözaydınlığı verəndən sonra komandir dedi
ki, əsgərlərimiz növbədən dönəndən
sonra çox darıxırlar. Televiziya yox, mətbuat yox, kitab
yox.
Sizdən
böyük xahişimiz var. Hesab edin ki, bu, bütün əsgərlərimizin
xahişidir.
Dedim
ki, məndə yalnız üstü avtoqrafla yazılan
kitablar, xatirələrimlə bağlı ayrı-ayrı əsərlər
və görkəmli yazıçı və şairlərimizin
çoxcildlik əsərləri qalıb.
Acizanə
şəkildə elə xahiş etdi ki, sərhədlərimizin
keşiyində duran komandirin sözünü yerə sala bilmədim.
İllərlə dostluq etdiyim, sirdaşa çevrilən
kitabları hazırladım.
Maşın
göndərib apardılar.
İndi
də xiffətini çəkdiyim, qəribsədiyim kitablar əsasən
aşağıdakılar idi: Rəsul Rzanın 3 və 5
cildlikləri, Nigar Rəfibəylinin əsərləri,
İlyas Əfəndiyevin 6 cildliyi, Bəxtiyar Vahabzadənin 10
cildliyi, Nəriman Həsənzadənin 7 cildliyi, Anarın 6
cildliyi, Elçinin 10 cildliyi, Fikrət Qocanın 6 cildliyi, Zəlimxan
Yaqubun 13 cildliyi, Əlibala Hacızadənin 10 cildliyi, Sabir
Rüstəmxanlının 3 cildliyi və ayrı-ayrı
kitabları, Teymur Bünyadovun 3 cilddə - bayatıları, Qəzənfər
Paşayevin 12 cildliyi və s.
İkicildiyini
və ayrı-ayrı əsərlərini
bağışladığım müəlliflər: Əzizə
Cəfərzadə, Gülrux Əlibəyli, Hüseyn
Kürdoğlu, Tofiq Bayram, Tofiq Mütəllibov, Məməd
İsmayıl, Vaqif Bəhmənli, Əli
İldırımoğlu, Ənvər Rza, Qənirə
Paşayeva, Xanəli Kərimli, Rasim Kərimli, Xeyrəddin
Qoca, Davud Nəsib. Şeirlər və "Cavanşir"
romanı, Adil Cəmil, Zeydulla Ağayev, kərküklü
şairlər: Əbdüllətif Bəndəroğlu, Nəsrin
Ərbil, Şəmsəddin Kuzəçi, "Kərkük
folkloru antologiyası", "İraq Türkman
nağılları", "Kərkük poeziya
antologiyası - 2 cilddə, Aşıqlar Birliyinin
hazırladığı "Aşıq poeziyası",
"Məhəbbət dastanları", "Qəhrəmanlıq
dastanları", Aşıq Ələsgər, Bozalqanlı
Aşıq Hüseyn, Aşıq Şəmşir, Mikayıl
Azaflı, Aydın Çobanoğlu və başqaları.
Yalnız
Hüseyn Arifin 7 cildliyini Kəlbəcərə göndərə
bilmədim. Professor Şirindil Alışanlı Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
hazırladığı 10 cildlik "Azərbaycan ədəbiyyatı
tarixi"nə Hüseyn Arif haqqında portret oçerk yazmaq
üçün götürmüşdü. Şirindil
müəllimin könlünə rəhm düşüb
qaytarsa, kasıblaşmış kitabxanamda heç olmasa bir
çoxcildlik poeziya toplusu olacaq.
Onu
da gizlətmirəm ki, arzusuna əks çıxaraq Nəriman
Həsənzadənin 7 cildliyini Kəlbəcərə
göndərdiyimə görə həyat yoldaşım məndən
küsdü. Könlünü alandan sonra dedim, axı sən əksər
yazarlarımızın əsərlərini oxuyursan, Nigar Rəfibəylinin,
Gülrux Əlibəylinin, Əzizə Cəfərzadənin əsərlərini
çox sevirsən. Onların əsərlərini də
göndərdim, Nəriman Həsənzadənin 7 cildliyinə
görə qanıqaralıq saldın.
Cavabı
gözlənilməz oldu: "Siz kişilər onu başa
düşməzsiniz. Sara xanımdan sonra Nəriman müəlim
evə analıq gətirib övladlarının ürəyinə
xal salmadı. Yaxşı bilirsən ki, Nəriman müəllimin
poeziyasını çox sevirəm. Sədaqətinə
görə isə ona xüsusi hörmət bəsləyirəm".
Təvazökarlıqdan
kənar olmasın, söhbət açdığım
kitabların müəlliflərinin çoxu barədə məqalələr,
kitablar, monoqrafiyalar yazmışam.
Təkcə
onu demək kifayətdir ki, Hüseyn Arif, Tofiq Bayram, Fikrət
Qoca, Əlibala Hacızadə, İsi Məlikzadə
haqqında portret kitablarım, Elçin və Hüseyn
Kürdoğlu haqqında monoqrafiyalarım çap olunub. Rəsul
Rza, Tofiq Mütəllibov, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı,
Rasim Kərimli, Mikayıl Azaflı, Şəmsəddin Küzəçinin
"Rəsul Rza: Uzaq ellərin yaxın töhfələri"
və Aydın Çobanoğlunun hər birinin kitabına
15-45 səhifə arası ön söz yazmışam. Səmimiyyətlə
etiraf edirəm ki, yuxarıda sadaladığım kitabları
Kəlbəcərə sərhədlərimizi şərəflə
qoruyan vətən oğullarına göndərəndən az
sonra dərk etdim ki, heç nə ilə əvəz olunmayan
xatirələrimi itirmişəm. Hər dəfə iş
otağıma girəndə əhvalım pozulur. Hələ də
mənə əziz olan o kitabların xiffətini çəkirəm.
Bununla
belə, peşman deyiləm.
Qəzənfər PAŞAYEV
525-ci qəzet.- 2023.- 8 iyul. S. 21.