Qarabağın qələmi:
Aqil Abbas
(“Ədəbi portretlər”
silsiləsindən)
O, yalanı inkar edən, gerçəyi qoruyan və təsdiqləyən
qələm sahibidir.
O, xalqımızın dəyərli
mədəniyyət varlıqlarından,
üzdə olan həqiqətlərindən biridir!
Belə söyləməyə
haqqım var; çünki
heç də qısa olmayan 70 illik ömrün nə az, nə
çox, başabaş
52 ilinə şəhadət
vermək şansına
malik Aqilsevərlərdən biri də mənəm...
Və aradan yarım əsr bir ovuc
su misalında axandan sonra, ilk dəfə onun keçib gəldiyi, indi də hərarətlə
davam edən yaradıcılıq yolu barəsində düşündüklərimi
bölüşməyə qərar vermişəm, başqa sözlə, belə bir mənəvi,
ədəbi borcun zəruri təhriki altındayam.
1. Bugünün içində
O, 1987-ci ildə işıq üzü görən
"Ən xoşbəxt
adam" adlı kitabını (Bakı,
Yazıçı, 1987) bu
sətirlərin müəllifinə
avtoqrafla bağışlayıb.
O zaman ki, biz çoxdanın dostları idik və kitabın işıq üzü gördüyü həmin
ərəfədə eyni
redaksiyada ("Sovet kəndi") çalışırdıq.
Avtoqraf belədir:
"Qardaşım və arkadaşım Vaqif, haylasan qardaş deyə, Aqil adlı bir igid hay verər
harayına. Aqil Abbas. 29.12.87"
Avtoqrafın imzalandığı gündən bir qərinə (25 il) keçəndən
sonra, indi fikir verirəm, cümlənin ruhundan agah olur ki, bu,
sadəcə, avtoqraf deyil, qan və
düşüncə qardaşlığına
dair əhd, ən azı iki həmdərd insanın son nəfəsinəcən
sürə bilən anddır...
Yazıçı, publisist, millət
vəkili Aqil Abbas dünya
inancında "rəsmən"
aldatma günü sayılan təqvimdə, aprel ayının 1-də gerçək və dolğun ömrün 70-ci
pilləsinə yetişdi.
Ayın həmin gününə "dünyanın
yalan günü" də deyirlər; amma nahaq yerə!
O üzdən ki, zaman zəncirinin
diri gerçəyi, ən etibarlı bəndi olan GÜN - reallıqdır.
GÜNün olmağı
həftənin, ayın,
ilin olmağı deməkdir.
GÜN - cövhərdir, GÜN - eni
və uzunu bilinməyən, hüdudsuz
zaman xalçasının ilməsidir.
Təqvimləri GÜN yaradır;
istər hicri olsun, istər qəməri... əgər
belədirsə, hansı
əsasla GÜNü yalan adlandırmaq olar?
Ustad Məmməd Araz günlərin bir günü, hələ cavan yaşdaykən deyirdi ki:
Sən bu günü yazmağa,
ey qələmim, ayıq dur,
ey ürəyim, ol ocaq!
Bugünü olmayanın
nə dünəni olubdu,
nə sabahı olacaq!
Üstəlik, GÜN necə yalan
ola bilər ki, millətimizin
və milli ədəbiyyatımızın
Aqil Abbas adlı parlaq
həqiqəti bir başqa gündə yox, məhz aprel ayının 1-də doğulub?!
O, yalanı inkar edən, gerçəyi qoruyan və təsdiqləyən qələm
sahibidir. O, xalqımızın
dəyərli mədəniyyət
varlıqlarından, üzdə
olan həqiqətlərindən
biridir! Belə söyləməyə haqqım
var; çünki heç
də qısa olmayan 70 illik ömrün nə az, nə çox,
başabaş 52 ilinə
şəhadət vermək
şansına malik Aqilsevərlərdən
biri də mənəm...
Və aradan yarım əsr bir ovuc
su misalında axandan sonra, ilk dəfə onun keçib gəldiyi, indi də hərarətlə
davam edən yaradıcılıq yolu barəsində düşündüklərimi
bölüşməyə qərar vermişəm, başqa sözlə, belə bir mənəvi,
ədəbi borcun zəruri təhriki altındayam.
İndi siz bax həmin
o yazının giriş
cümlələrini oxuyursunuz.
Olsun ki, eyni məsləkin, eyni amalın sonucuna aparan həyat yolunda 52 il (yarım əsrdən də çox!) bərabər addımlamaq səbəbindən
yazıçının ədəbi,
ictimai fəaliyyəti
və insaniyyəti üzərinə söylənənlər
bir qədər təfsilatlı alınsın,
yəni yazının
həcmi çox çıxsın. Bu üzdən
yubiley yaşına yönəlik ənənəvi
diləyi, gec də olsa dilə
gətirmək, sonra yenə əsərlərinə
və əməllərinə
görə həmişə
fərəhləndiyim Aqil Abbasın
işığında yola
davam eləmək niyyətindəyəm...
Diləyim belədir: qoy qələm qardaşım
Tanrının izni ilə hələ bir neçə onillik də canından, qanından, övladlarından, cəmi
qohum-əqrəbasından, hətta dostlarından artıq sevdiyi müqəddəs Vətən
torpağının, Azad Qarabağın
sinəsində öz
ədasına, öz davranış və yaşam tərzinə uyğun sərbəstliklə
gəzib dolaşsın,
bitib-tükənməyən xeyir əməllər tutsun, yazıb-yaratsın,
ilham atı, köhlən qələmi
büdrəməsin və
yorulmasın!
Bir qədər qanadlı alındı deyəsən...
Olsun, alqış, dua, arzu və
diləklərin tanınma
nişanı qanaddır!
Təkrar
etməli oluram, bu, yubiley yazısı
deyil, adətən həmin sıradan olan yazılar ad günü ərəfəsində, ya
da həmin o əlamətdar
tarixdə yazılır,
işıq üzü
görür. Digər
yandan, bu ədəbi portreti cızmaq üçün
hazırlıq gördüyüm
günlərdə (Aqil Abbas yaradıcılığını yenibaşdan oxuduğum vaxt) dünyanın ən səxavətli və xoşbəxt adamı ömür kisəsinin ağzını
gen açıb 71-in üstündən
bəlli bir müddəti ağına-bozuna
baxmadan sağa-sola xərcləyib...
2. Ədəbiyyatın içində
Aqil
Abbas... yaşın hər
vədəsində yüksək
dərəcədə fiziki
və mənəvi temperamentə sadiq qalan bu ciddi
yazıçının Azərbaycan
və Anadolu türkcəsində
(Bakı, Ankara, İstanbul, Təbriz) 20 kitabı nəşr olunub. Bu kitabların əksər cildinin arxa üzündə
təqribən eyni məzmunlu annotasiyalar yer alıb. Oradan bəlli olur ki, o, 1953-cü ildə,
məlum ayın məlum günündə
Qarabağ, Ağcabədi,
Bayat eli, Hacılar kəndində dünya işığına
göz açıb.
1970-ci ildə orta məktəbi, 1976-cı ildə
ADU-nun filologiya fakültəsini
bitirib, onu Ağsu internat məktəbinə Azərbaycan
dili və ədəbiyyatı müəllimi
yollayıblar. "Elm və
həyat" jurnalında
(1977-87), "Sovet kəndi"
qəzetində (1987-90), "Ədalət" qəzetində
(1990-cı ildən) şöbə
müdiri, baş redaktor vəzifələrində
çalışıb. 30 ildən
çox müddət
ərzində "Ədalət"
qəzetinin demək olar ki, hər nömrəsində minlərlə
irili-xırdalı yazıya
imza atıb. Dörd çağırış
Azərbaycan Respublikasının
Milli Məclisinə millət
vəkili seçilib
(seçilib!). "Şirinlik"
adlı ilk hekayəsi
1976-cı ildə "Ədəbiyyat
və incəsənət"
qəzetində çap
olunub. Bir il sonra "Azərbaycan" jurnalında
"Şəbədə Nazim" hekayəsi çıxıb
və beləcə, yazıçı 1983-cü ildən
bu günə qədər oxucuların ixtiyarına verilən bəlli sayda kitabı ərsəyə
gətirib. "Evləri
köndələn yar", "Günah", "Batmanqılınc",
"Ən xoşbəxt
adam", "Çadırda
Üzeyir Hacıbəyov
doğula bilməz",
"Qiyamət gecəsi",
"Qarda açan qan çiçəyi",
"Qapqara uzun saçlar", "Ölülər",
"Allahı qatil edənlər", "Dolu",
"Çay qırağında
bitib, susuz qalan ağacların sağlığına" və
digər əsərləri
geniş oxucu auditoriyasına sahibdir. Adı çəkilən
roman və povestlərdən
ibarət daha beş kitabı, deyildiyi kimi, Türkiyə və Cənubi Azərbaycanda nəşr edilib. "Dolu" romanı əsasında XXI əsr
milli kinematoqrafiyanın ən
baxımlı filmlərindən
biri çəkilib.
O, sovet illərində
komsomol mükafatının
(öz zamanında yaradıcı gənclər
üçün ən
yüksək ödül),
müstəqillik zamanı
Mədəniyyət və
Turizm Nazirliyinin "Qızıl kəlmə"
mükafatının laureatı
olub. "Qızıl
qələm", "Məmməd
Araz", "Dan ulduzu",
"Humay", "Yaddaş",
"Zeynalabdin Tağıyev",
"İlyas Əfəndiyev" və s. Aqilin ədəbi-ictimai xidmətlərinə
görə layiq görüldüyü dəyərlər
sırasındadır. Azərbaycan
Respublikasının Əməkdar
jurnalistidir. Ordenləri
var - "Şöhrət", "Vətənə xidmət"...
İndi bütün bunları necə adlandıraq? Qaynar, narahat bir ömür sahibinə məxsus bioqrafiya, yoxsa mədəniyyətə, vətəndaşlığa
ithaf edilmiş özgür bir insanın başqası tərəfindən deyil, məhz özünün əliylə yazdığı
həyat xronikası?
On il öncə "Moderator.az"ın
müxbiri Aqil Abbasdan soruşmuşdu ki, sizə
görə 60 yaş nə deməkdir, o, cavab vermişdi: üç yaşımdan
bəri bütün ömrümü yadımda
saxlamışam, həyatım
gözümün qabağındadır.
Bizim üçün
60 il bəlkə Tanrı
üçün bir dəqiqədi, 1 saatdı?
Nə bilək... 60-a çatmaq yaxşıdı.
Məncə, 70 yaşa
çatmaq ondan da yaxşıdı...
Bu da 70 yaş!
Aqil Abbas başqa bir müsahibəsində
ictimai həyatda və jurnalistika sahəsində əhəmiyyətli
dərəcədə çalışmağına
baxmayaraq, özünü
ədəbiyyata aid edir. Bu, hoppadan durub özü-özünü
təyinetmə deyil, bu, ciddi, dinamik,
ağır yaradıcılıq
şərtlərinin təsiri
və təzyiqi altında bərkiyən, dikələn məfkurənin
təsdiqiqdir. Şübhəsiz
ki, onun fenomenal, coşğun jurnalistlik əməyinə və nailiyyətlərinə göz
yummaq insafsızlıq
olardı. Amma mən də heç düşünmədən bu
qərib, qəribə
insanın yazıçı
təyinatına üstünlük
verirəm: dost, jurnalist,
millət vəkili, vətəndaş Aqil Abbas gələcəyə
ötürülən əmanət
(ədəbi sərvət!)
baxımından sözün
hər mənasında
ədəbiyyata məxsusdur!
Və bəli, tərəddüdə
zərrəcə yer yoxdur, deməli, öncə bundan, yəni dostumuzun ədəbiyyata məxsusluğunu
səciyyələndirən dəyərlərdən bəhs
edəcəyik. Əslinə
qalanda, elə yalnız bundan bəhs edəcəyik!
Yazıçının ilk qələm təcrübələri ilə
yaxından tanışam,
- desəm,
düzgün olmaz.
Amma necə ki, bir zamanlar mən Füzuli şəhərində
nəşr olunan
"Araz" adlı qəzetə poçtla xəbərlər, miniatürlər,
şeirlər yollayırdım,
o yazıları həftədə,
ayda bir yol qəzetdə verirdilər, yəqin ki,
Aqil də eyni tərzdə Ağdamda çıxan "Lenin yolu"
qəzetində "parlaq
imzasını" nümayiş
etdirirmiş. Bu yerdə
deyə bilərik ki, başlanğıcda hər
kəsin həvəskar
yazarlıq dövrü
bir-birinə bənzəyir.
Bununla belə, əlimizin altında olan mətnlərə əsasən,
Aqil Abbasın ilk qələm
təcrübələri yoxdur,
söyləmək də
mümkündür. Bu fikir
yazıçının 46 il öncə mərkəzi mətbuatda işıq üzü görən üç hekayəsinin bədii dəyər səviyyəsinə əsaslanır
("Şirinlik", "Şəbədə
Nazim", "Nazimin İnturist
səfəri"). Həmin
hekayələrdə ilk qələm
təcrübələrinə xas olan ənənəvi
primitivlik, pafos, sentimentallıq, bədii təsviri əvəzləyən
sadəlövh müəllif
müdaxiləsi... rahat
bir şəkildə öz yerini həyatın ixtiyarına
vermişdir, söyləmək
yerinə düşür.
Aqil Abbas
ilk yazılarında "Lənkəran
xanın vəziri",
"Poçt qutusu",
"Xortdanın cəhənnəm
məktubları", "Arşın
mal alan".., sözün geniş mənada isə cəmi oxuyub mənimsədiklərinin havasından
nəfəs genişliyi
dərib o yaşa qədər əhatə olunduğu çevrənin
ruhunu ən azı özünün gözləri önündə
canlandıra bilmişdi.
Bu, gələcəkdə həyatının
mənasını ədəbiyyatda
görən 20-25 yaşlı
gənc yazar üçün heç də pis göstərici
deyildi. Üstəlik,
onun qələmə aldıqlarını başqaları
da oxuyub bəyənirdi.
Yaradıcı varislik
səlahiyyəti - hər
zaman olduğu kimi,
Aqil Abbasın çalışmaları
baxımından da sabitqədəm
idi: ilk ədəbi cəhdlərin mayasında həyat əlamətləri varsa, könül əxz olunanların qanadında sözə doğru uçursa, sətirlər
arasından istedad boylanırsa, gələcəkdəki
uğurlu yekunlara, lap olsun avans şəklində,
ümid bəsləməyə
dəyər!
Həmin
hekayələrin hər
birinin hansı coşğuyla oxunduğunu
(içi özüm qarışıq), gənc
ədib və oxucu mühitində necə halal rəğbət
qazandığını da indiyəcən unutmamışam.
O zaman əlahəzrət ədəbi
mühit gənc yazarın yaradıcılıq
taleyinin çiyninə
qonan belə qismətə "ədəbiyyata
gəlmək" deyirdi.
Və bu, "ədəbiyyata gəlmək"
həmişə baş
vermirdi.
Dünyaya gəlmək başqa
şeydir, Tanrının
qisməti varsa, bu, olur, ədəbiyyata
gəlmək seçilmişlərin
qismətidir. Oxucunun, yaxud yazıçının
xoşbəxtliyindən Aqil Abbas ədəbiyyata uğurlu gəldi. O, ədəbiyyata
həm özünün
xarakteri (bu xarakter möhtərəm oxucuya hələ çox qan udduracaq), həm qələmə sarılmaq
baxımından yerə-göyə
sığmayan həyat
enerjisi, həm də nəinki solmasın, hətta tez bir zamanda
rişələnsin, kök
atsın deyə lap yaxındakı keçmişin
dibinə su calayan ümidlərin və ən fövqəladəsi istedadın
çiyinlərində gəldi.
Hər üç hekayə
("Şirinlik", "Şəbədə
Nazim", "Nazimin İnturist
səfəri") hər
hansı bir iddia qaldırmadan anladırdı ki, gənc
yazıçı nədən
yazmağı bilir, necə yazmağa qabildir.
Gərək dəqiqləşdirək, "Aqil
Abbasın ilk qələm
təcrübələri olmayıb",
deyimi bəlkə bir qədər tələskən mülahizədir?
Axı, yazıçının
ilk təcrübələrinin izlərini daha irəliki zaman kəsiyində
də axtarmaq olar. Prinsipcə ən optimal yanaşma elə budur. Hələ universitet tələbəsiykən, ondan
da bir az öncə Abdal Qasım deyilən baməzə bir qarabağlı kişisinin
izinə düşmək
gənc yazıçının
gələcək sənət
yolunun düzənində
azmı əhəmiyyət
daşıyıb? Buna necə
göz yummaq olar ki, Aqil Abbas yalnız özünə bəlli olan hansısa tarixdən Abdal Qasımın lətifələrini,
gülməli əhvalatlarını
toplayıb, ora-burasını
düzəldib həmən
o "materialı" mətbuatda
çap etdirmək üçün açıq-aşkara
dəridən-qabıqdan çıxırdı?
İş burasındadır
ki, çağdaş nəsrimizin
halal övladı Aqil Abbasın
çoxillik ədəbi
çalışmalarıyla adamları (oxucuları) ürəkdən güldürən
həmin o miniatürlərin
doğma, qırılmaz
əlaqəsi, qan qohumluğu var. Başqa sözlə, yazıçının
bütün yaradıcılığını
bir varlıq, bir bütöv, bir materiya hesab
etsək, Abdal Qasımın varisliyi o tamlığın ya üz, ya dərin
qatında yerləşən
və bütün hallarda həssascasına sezilən qəribə, təbii bir çalar, boya qatışığıdır. Əslində bu, həm də bu kimi yaddaş
nişanələri yazıçının
ilkin başlanğıca
sədaqətinin ifadəsidir.
Zatən, Abdal Qasımın özü də göydən
düşməyib və
yerdən çıxmayıb,
onun zühurunda Dəli Domrulun, Aşıq Cünunun, Məhəmməd Füzuli
"Şikayətnaməsi"nin, Bəhlul Danəndənin
(bəzən Divanə),
Molla Nəsrəddinin
lətifələrinin iştirakı
şübhəsizdir.
Yazıçının bədii küllüyatında ədəbi
varislik qabarıq olmasa belə, profesionallıq göstəricisi
anlamında şaxələnır.
Bir qədər də
aydın deyək, yəni yazıçının
hekayə, povest və romanlarında
"yeni Don Kixotluq", yeni "Robinzonluq", yeni "Jan Valjanliq",
yeni "Xortdan-Odabaşılıq"... var deyərək,
ilkin ədəbi təsirlənməni, ədibin
istedad və ilhamının başlanğıcda
hansı mənbələrdən
qidalanıb gurlaşdığını
sübut eləmək
az-çox mütaliə
vərdişləri olan
düşüncəli şəxsin
əlində heç
nədir. Sovet mühitinin təsiri zəminində müəyyən
ideoloji sapmaları, sistem travmalarını inkar etmədən deməliyik ki, son yüz ildə möhtəşəm
inkişaf yolu keçən ədəbiyyatımızın
yetkinləşməsində dünya xalqlarına və Azərbaycan xalqına məxsus şifahi və klassik ədəbi irsin, bununla bahəm, sözsüz ki, arasıkəsilmədən töhfələr
verən milli ədəbi
prosesin rolu misilsizdir. İndiki mövzumuza uyğun olaraq (bəllidir ki, Aqil Abbasın yaradıcılığından
bəhs açmışıq)
onu əlavə edə bilərik ki, öncə realistik, eyni zamanda yumoristik,
satirik, ironik... və ya tragikomik
ədəbi estetikanın əxz olunmasında yuxarıda göstərilən şərtlər
daxilində, xüsusən
V.Hüqo, L.Tolstoy, N.Qoqol, A.Çexov, F.Dostoyevski, Ə.Nesin, Y.Kamal, R.N.Güntəkin, S.Derviş, Ç.Aytmatov,
N.Dumbadze, U.Folkner, Q.Q.Markes, V.Şuksin, A.Platonov, M.Bulqakov, V.Rasputin... (Çox adlar çəkilə bilər və yenə də çəkiləcək, indiki
halda mən gənc Aqilin bir zamanlar seyr
etdiyim kitab rəflərini
də gözümün
qabağına gətirirəm)
kimi müvafiq dövrə nəzərən
əl çata bilən, əcnəbi olsalar da, milli oxucu kütləsinə doğmalaşmış
yazıçıların təsirini
inkar etməyə qətiyyən gərək
yoxdur. Aqil Abbasın yaradıcılığı da sözügedən təsirdən
təcrid deyil, amma bu, hələ
azdır. Yazıçı
dostumun doyulmaz zövq və təşnəliklə mütaliə
elədiyi ən qüdrətli, zəngin
"roman", "dilogiya", "trilogiya" heç şübhəsiz ki, yazılan
və yazılmayan Qarabağ kitabəsidir!!
Milli nəsrimizdə Aqil Abbas canlı, yazıları əbədiyyən solmayan
Qarabağ kitabəsinin
müqəddəs sətirlərinə
üz söykəmiş, onu dərindən oxumuş və dərindən heyrətlənmiş azsaylı
ədiblərdən biridir.
Qarabağ elatının həyatı,
bu ictimai-sosial mühitin etnoqrafik atlası, qürurumuzun kulminasiya nöqtəsi sayılan Ağdamın canlı mənzərələri
o qədər rəngarəng,
elə sevimli, o dərəcədə doyulmaz
və nikbindir ki, bu həyatın içində doğulub,
boy atıb yaşayaraq
heç kitab arası
açmadan da yazıçı,
sənətkar olmaq mümkündür deyə,
iddia edənlər qətiyyən yanılmırlar.
Nahaq deməyiblər haa, Qarabağda bələkli körpələr muğamat
üstündə ağlayırlar.
O ki, qaldı Aqil Abbasa,
onun nəsr əsərləri -
roman, povest və
hekayələri "Segah"
üstə sızlayıb,
"Şur" üstdə
gülür... Solistlər
isə, əsasən,
dəyişmirlər - Qədir
Rüstəmov, Rəmiş və mənim bu yozumum
məcazla, obrazlı düşüncə ilə
bilmərrə bağlı
deyil, qəhrəmanların
ruh halını xalq musiqisi kodları
ilə tutuşdurmaq, sözlə ifadəsi çətin olan insan ovqatını, bəşər psixologizmini
dəqiq canlandırmaq,
mənəvi-idraki reallığı
ədəbi yaddaşın
malına çevirmək
cəhdi yazıçının
bir çox əsərlərində izlənilir,
hətta, ardıcıllıq
baxımından tipik səciyyə daşıyır
(xatırlayaq: "Allahı
qatil edənlər",
"Dolu", "Çay
qırağında bitib,
susuz qalan ağacların sağlığına").
İmkan daxilində bu ədəbi-üslubi məqamlara da nəzər
salmaq niyyətindəyik.
Qaldığımız yerdən davam edək: Aqil Abbas
1970-ci illərin birinci
yarısında xırda
məqalə, reportaj və Abdal Qasımın
adına toplanıb düz-qoş edilən miniatürləri ilə ədəbiyyata gələndə
M.F.Axundovla başlayan Azərbaycan nəsri makrotəsnifat hesabı ilə ən azı iki mərhələni geridə qoymuşdu (XIX əsrin ortalarından
1920-ci ilə qədərki
dövr və sovet dövrü). Yeni (o zamana görə)
60-cılar nəsli güclü
və qanadlı bir mənəvi, intellektual, ədəbi ovqatla, zəruri olan və düzgün
iradələnmiş mütaliə
arsenalı ilə
"silahlanıb" bədii
söz meydanına gələrək konkret yekunlarla müşahidə
olunan axtarışlar
aparmaqda idilər.
Təsirlənmək, yaradıcılıq
həvəsinə dolmaq
imkanı və ya şansı yalnız klassik mənbələri, qədim
ədəbi ənənələri
mənimsəməklə, təkanverici
irslə təmasla bağlıdır deyə,
qəti hökm çıxarmaq, məncə,
caiz deyil. Yazıçı hər nə qədər individiual fenomensə də, o, çağdaşı
olduğu mədəni
mühitdən, dövrün
yaradıcılıq ab-havasından
kənarda təsəvvür
edilməz. Yəni istedadın, ədəbi uğurların siqləti nə çəkidə olur-olsun, hər bir sənətkar üçün onun müasirləri də ruh, ədəbi təcrübə, intellekt
axını, üslubiyyət
qaynağıdır, zəkalı
istedadların iti baxışlarının belə
bir sərvətə qapanması arzu olunan deyil, bir
çox parlaq ulduzların tez alışdığı kimi
tez də sönmələrinin səbəbi
məhz ardıcıl,
davamlı mənimsəmə,
öyrənmək amilinin
nəzərə alınmaması,
ədəbi prosesdən
izolyasiya (təcrid) olmuşdu.
Bizim ədəbi nəslin
(1970-cilər) digər istedadlı
personalları kimi,
Aqil Abbas da zamanından, ictimai
çevrənin siyasi
rəngindən asılı
olmayaraq yenilik yaradan, yeni ideyaları ədəbi dəyərə
çevirən, fərdi,
bənzərsiz üsluba
sahib, təsirləndirən, heyrətləndirən yazıçı
və şairlərin,
necə deyərlər,
qarasınca uçmuş,
onların əsərlərini,
hətta, klassik örnəklərdən daha
geniş həcmdə,
ətraflı oxumuş,
əzbərləmiş, su
kimi içmişdi.
O, bizim sıramızda
"Kitabi Dədə
Qorqud"u, "Qurani-
Kərim"i, "Bibliya"nı,
Nitşe irsini əldə edib başa vuran ilklərdəndir Doğma
ədəbiyyatımızdan adlar çəkmək istəyirəm -
Rəsul Rza,
Nazim Hikmət, İlyas Əfəndiyev,
İsa Hüseynov, İsmayıl
Şıxlı, Bəxtiyar
Vahabzadə, Hüseyn
Arif, Əli Kərim, Sabir Əhmədli,
Məmməd Araz, Fikrət Qoca, Əkrəm Əylisli, Anar, Yusif Səmədoğlu,
Musa Yaqub, Elçin,
İsi Məlikzadə, Fərman
Kərimzadə, Vaqif Nəsib, Şahmar Hüseynov,
Seyran Səxavət, Çingiz
Əlioğlu, Sabir Rüstəmxanlı,
Şahmar Əkbərzadə,
Aydın Məmmədov,
Nadir Cabbarov, Mövlud
Süleymanlı, Məmməd
Oruc, Ramiz Rövşən,
Eldar Baxış, Vaqif Cəbrayılzadə...
40-50 il əvvəlin qaynar
ədəbiyyat kluarını
bütün emosionallığı
və təfərrüatıyla yada salıram.
Bir çoxu 1960-cı illərdə
ədəbiyyata gələn,
adları çəkilən
və çəkilməyən
bu qələm sahiblərinin əsərləri
barədə xüsusən
Aqil Abbasla, eləcə
də digər nəsildaş dostlarla birgə saatlarla sürən müzakirələr,
mübahisələr aparmış,
fikir bölüşmüşük.
Təsəvvür edin,
bəzən bizim
"dərnək" rəhbərimiz,
"moderator" bir başqası
yox, Aqilin dost-doğma atası, bizim böyük dostumuz Məhəmməd dayı olurdu. Əlbəttə, hər işdən öncə o,
düşdüyü otel
odasında bizə süfrə açdırır,
biz şeir oxuyur, ayrı-ayrı yazıçılara,
əsərlərə münasibət
bildirir, kimisə öyür, kimisə
"yıxıb-sürüyürdük".
Məhəmməd dayı
bizim hər birimizlə, o cümlədən,
yazıçı Aqillə
fəxr etdiyini gizlətmir, həmişə
bir yerdə olmağımızı, bir-birimizdən
ayrılmamağı tapşırırdı.
Mətləbdən uzaq düşməyək,
bu, həqiqətdir
ki, tutalım, 1960-cı illərdə
ədəbiyyata gələn
yazıçı və
şairlərin əksəriyyəti
ən yaxşı əsərlərini 1970-80-ci və
daha sonrakı illərdə hasilə gətirmişlər. Aqil Abbas məhz
həmin 1970-80-ci illərdə
1960-cılarla bahəm, onlarla
çiyin-çiyinə ədəbi
axtarışlara baş
vurmuş, özünəməxsus
nəsr və bədii publisistika yatırını yaratmış
və təbii ki,
1960-cı illər ədiblərinə
dəstək sərgiləməklə,
özündən sonra
gələn (1980-2010-cu illər)
gənc milli nəsr və publisistika davamçılarının heç
də asan olmayan yoluna işıq salmağı
da bacarmışdı...
3. Xoşbəxtliyin içində
Sovet dövrünün ciddi nəşriyyat tələb
və təkidlərinə
uyğun (şükür
ki, həmişəkindən fərqli olaraq bu dəfə ironiyasız, yəni sözün yaxşı mənasında) iki povest və dörd hekayədən ibarət "Ən xoşbəxt adam" toplusu (buna qədər oxucu gənc yazarın "Evləri köndələn yar" /1983/ adlı ilk kitabı ilə tanış olmuşdu) indinin özündə də müəllifin, eyni zamanda, belə deyək, son 40 il ərzində
meydana gələn ədəbiyyatımızın ən uğurlu nəsr kitablarındandır.
"Ən xoşbəxt adam"ı təkrarən
vərəqlədikcə heç
vaxt köhnəlib dadını-tamını dəyişməyən
qədim, sadiq, ruh verən oxucu
təəssüratını yenibaşdan hiss edirəm...
...Körpünün altında
çay axarının
əmələ gətirdiyi
gölcük qırağında
bitən söyüdün
kölgəsini, Şəbədə
Nazim deyilən gənc,
dəliqanlı oğlanın
qəflət yuxusuna dalıb, dərdindən dəli-divanə olduğu
Ülkərin körpüdən
keçib getməyindən
duyuq düşməməyi,
az sonra mantyor Usubla birləşib "povrojdeniya"
yaratmaq müqabilində
qazandığı iyirmibeşliyin,
üstəlik, nəmər
yazdırmaq üçün
evdən verilmiş on
üç manatın
başına daş salıb dominoda uduzmağı, heç olmasa, toya salınacaq
nəmər pulunu geri qaytarmaq xətrinə hansısa naqolay məktubu Həsrət müəllimə
çatdırmaq "şifarişini"
boynuna götürməyi,
əhvalatın sonuna doğru Əzizənin atası Əliş dayının qarşısında
rüsvay olmağı...
bir sözlə, gənc yazıçının
seçdiyi lakonik təhkiyə hesabına az müddət içində Şəbədə
Nazimin düşdüyü
tragikomik situasiyalar silsiləsi xəyalımda şəkil-şəkil
canlanır. Əslində
sadalanan olaylar gəncin dəli-doluluğundan,
ürəyi təmizlikdən,
obrazın yaşına
məxsus daxili azadlıqdan irəli gəlir.
Nazim yüksək təhsil nailiyyətinə sahib olmasa
da, istedadlıdır.
Əgər finalda atası:
"- Mən oğluma
inanıram", zəmanətini
dilə gətirməsəydi,
Nazim Azərbaycan hekayəçiliyində
axmaq-avara bir
tip - surət kimi qalacaqdı. Halbuki o, kosmonavt olub Jolobovsayaq göyə uçmaq arzusunda idi.
Yaxud əmək qabaqcılı,
heç ürəyi istəmədiyi halda Bakıya iclasa göndərilən Dəmir
kişinin başına
gələnləri canlandıran
"Süsən sünbül",
dinsizin öhdəsindən
imansız gələr,
yaxud dəvədən
böyük fil var, el
deyiminə əsaslanan,
daha dəqiqi, başdanxarab bir heyvərənin gücsüz
görəndə şiri-nərə
dönməyini, güclü
önündə quyruğunu
dalına qısmağını
süjet daxilinə alan "Əbili gəldi", iki qonşu arvadın hinduşka davasını təsvir edən "Şeytana papış tikənlər" əsərlərində
nəzəri daha çox cəlb edən bədii estetik məziyyət həyatilik və təbii kolorit olsa da, hekayələrin hər birində qəhrəmanların ixtiyaratı,
başqa sözlə,
ideya ipinin bir ucu yazıçının
öz əlindədir.
Zəif sezilsə də, obrazlar müəllif tərəfindən
idarə olunurlar. Halbuki yaradıcılığın
sonrakı mərhələlərində
Aqil Abbasa məxsus üslub, ədəbi-bədii
ifadə tərzi ümumiyyətlə idarə
olunmayan haldadır. Yazıçı müsahibələrinin
birində etiraf edir: yazını başlayanda bilmirəm nə alınacaq - roman, povest, yoxsa hekayə;
hətta, bu dərəcədə...
Aqil Abbasın nəsr, publisistika yaradıcılığı,
eləcə də ictimai-siyasi çıxışları
qeyri-səlis məntiqə
əsaslanır; o, peşəkarlıq
şərtlərinə sadiq
qalmaqla azad, sərbəst üslubun, yazıçı bədahətinin
təmsilçisidir, deyə
bilərik.
(Ardı var)
Vaqif Bəhmənli
525-ci qəzet.- 2023.- 11 iyul. S. 12-13.