Ədəbi ovqatımızda
Qarabağ zəfəri
ŞAHNAZ ŞAHİNİN
POEZİYASINDAN QAYNAQLANAN DÜŞÜNCƏLƏR
Son illər ədəbiyyatımızda,
nəsrdə və poeziyada, publisistikada aparıcı mövzulardan
olan müharibə, onun xalqımıza yaşatdığı ağrılar,
igid oğullarımızın,
şəhidlərimizin dastanlara
sığmayan qəhrəmanlığı,
qələbə sevincini,
zəfərimizi əks
etdirən əsərlər
cəmiyyətdə maraqla
qarşılanır. Bu mənada
Vətən mövzusunda
yazan müəlliflərin
yaradıcılığı, sözün həqiqi mənasında rezonans doğurur. Belə müəlliflərdən biri,
şair, esseist Şahnaz Şahin az bir vaxtda
II Qarabağ müharibəsində
işğal altında
olan torpaqlarımızın
azadlığı uğrunda
döyüşlərdə canlarından keçərək
şəhidlik mərtəbəsində
qərar tutmuş igid oğullarımızın
həyat yolundan bəhs edən çoxlu sayda poetik əsərlərini,
"Sabirabad şəhidləri"
(2020), "Zəfər nəğmələri"
(2021) kitablarını ərsəyə
gətirdi. Şair cəsur oğullarımızın
44 günlük müharibədəki
igidliklərini, qələbə
sevincimizi ilhamla tərənnüm edib.
"Şəhid əsgər"
şeiri ilə açılan əsərində
müharibədə aslan
kimi döyüşərək
şəhid olmuş igid(lərimiz)in obrazı yaradılıb. Şeirdə bədii təsvir həzin bir duyğunun düşüncədə oyatdığı
qürur timsalındadır:
"...bir əsgər
uzanıb yerdə... sevdiyi torpağın üstə, yatır körpə kimi məsud..,
Torpağı çəkib
üstünə yatır
rahat, məsud və günahsız bir körpə misallı..." Poetik bənzətmənin rəngləri
sözün məna çalarında əks olunur: Buludların ümid, günəşin
sevgi göndərdiyi şəhid əsgərin
hüzurunda, "dağlar,
yollar, çiçəklər"
təzim edir...
Onun müharibə mövzusunda
yazdığı başqa
bir şeirində isə tüstü, barıt qoxusu ürəkləri "lərzəyə"gətirir.
"Müharibəyə şeir
yazmayın", deyən
şair, müharibənin
dünyanın ürəyində
açdığı yaralardan
yazıb. Burada insanın, təbiətin obrazı fərqlidir, yenidir. İdeyanı aydınladan əsas obraz isə şairin canlı varlıq kimi təqdim etdiyi Dünyadır...
Dünya
müharibəyə getdi,
İndi damı uçur başına,
evi yıxılır dünyanın...
Deyir,
"Dünyanın arzuları
bombalanır, yanıb
kül olur, yıxılmış yuvalardan
ah qalxır göylərə".
Nə qədər obrazlı deyilsə də, indi dünya
gerçəkdən bu
durumdadır. Müharibə
bəşəri silkələyir,
gör dünyanın
nizamı necə pozulub ki, atlar, itlər, qurdlar, yuvalarına yem daşıyan qarışqalar
belə, qorxu, səksəkə içindədir.
Cahanı məhvə
sürükləyən müharibələrin
yaratdığı faciələr,
ölüm-itimlər, dağıntılardan
dəhşətə gələn
insanların harayı
SOS qaldırır, dünyanın
dağılmaq qorxusu təbiətin varlığını
sarır:
Atları
üzünü Allaha tutub kişnəyir,
otları
ağlayır,
itləri
zingildəyir,
qurdları ulaşır...
...Gözlərini, əllərini,
ayaqlarını itirir,
əlil
olur dünya...
Müharibənin gətirdiyi ağrıları
gerçəkdə yaşamaq,
onun fəlakət rəngini andıran, vahiməsini əks etdirən tablonu görmək dəhşətdir!
Şair bu şeirilə dağıtmaqdan,
yandırmaqdan, öldürməkdən,
özgə torpaqlarını
zəbt etməkdən
həzz alan qəsbkarlara "Dur!" deyir.
Dünyanın qan yaddaşında
yaşayan müharibələrin
ürəklərdə açdığı
yaralar illərlə, qərinələrlə sağalmır,
sızım-sızım sızladır
insanı. Gözü
yaşlı bəşərin
fəci kürreyi-ərzi
dağılmaq təhlükəsilə
üz-üzə qoyur,
viran olur dünya! Bəs bu müharibələrin qarşısını necə
almaq olar? Bu yerdə şairin təxəyyülü bədii
axtarışlardan usanmır,
lirik "mən" Allaha dualar etməyi,
yalvarmağı tövsiyə
edir. Şair deyir: Günəşə,
Aya elçi düşürəm,
Havaya, suya, torpağa səslənirəm,
Küləyə, yağışa
yalvarıram, Tanrıya
çatdırsınlar səsimi...
lll
Bədii
sözün ehtiva etdiyi mətləblər, təbii ki, xarakterik anlamdadır. Ondan həssaslıqla, tutiya timsalında istifadə etmək bədii sözün yaşam haqqıdır, dəyərinin
təcəssümüdür. Burda şairin obraza təbii, xarakterik detallar gətirməsi, əsərə
özgür yanaşmaları,
poetik rəngləri, təsvirləri yerli-yerində,
məharətlə, cazibədarlıqla
işlədə bilməsi
başlıca şərtdir.
Bu fikirləri Şahnaz Şahinin "Şuşa
haqqı" lirik poemasını oxuyarkən,
hər sözün çəkisini, dəyərini
yerli-yerində görüb-duyarkən
düşüncəmdən keçirdim. Poemanın təkcə adı şairin ciddi bir mövzuda yazdığı əsərə
həyat verdiyini oxucuya diktə edir. İllərdi Vətən oğulları
erməni tapdağı
altında inləyən
torpaqlarımızı azad
etmək arzusu ilə çırpınırdı.
Nəhayət, Şanlı
Ordumuzun, şir biləkli cəngavər oğulları işğalda
olan torpaqlarımızı
Ali Baş Komandanın
rəhbərliyi altında
düşmənlərdən təmizlədilər. Aristokratlar
şəhəri Şuşanın
dağları, daşları,
ağacları, sısqa
otu belə, rahat nəfəs aldı. Qarabağın tacı, ecazkar yurdu Şuşa azad olmaq haqqını
qazandı... Əsəri
oxuduqca ürəyimə
rahatlıq gəlir, oxuculara da bu mənəvi rahatlığı
yaşatmaqdan ötrü
poemadan bir-iki bəndi nümunə gətirmək istəyirəm,
amma seçim qarşısındayam. Bəlkə,
şairin Şuşanın
şəninə yurdun
öz çiçəklərindən
hördüyü çələngi
gözə alım? Axı, iki bahardı
Şuşanın dağlarında,
yal-yamacında azadlıq
eşqilə süslü
əsrarlı çiçəklər
açır. Şair
bu tabloda Şuşaya məhəbbətini
gül-çiçək ovqatı,
vətəndaş mövqeyilə
ifadə edib:
Yollara çıxıram güllü-çiçəkli,
Baxıb
hər tərəfi Şuşa görürəm...
Şair
çiçəklərin, quşların, otların,
bir sözlə, yerin, göyün haqq etdiyi nələr
varsa, hamısına könlünün pəncərəsindən
sevdalı aşiqtək
əl eyləyir. Ardınca da yuxusunun əsir düşdüyü
gecədən, qələbədən,
Pənahəli xandan, xarıbülbüldən, bozatlı
oğlandan məftunluqla
danışır, nə
deyirsə, hey Şuşadan
deyir.
Şahnaz
Şahinin bütün
şeirlərində olduğu
kimi, "Şuşa haqqı" poemasında
da təbiətlə insan
vəhdətdə təsvir
olunur. Müqayisə,
qarşılaşma, ülfət,
ünsiyyət təbii,
lirik ovqatla açılır. Bu birgəliyin
anası ulularımızın
əmanəti olan Ana Torpaqdı. "Yurd haqqı, yurddaş haqqı" da bu birgəlikdən doğulub.
Var yaşamaq haqqı,
bəs dağılmaq
haqqını necə
anlayaq... Sən demə, Şuşanın
azad olmaq haqqını, zülmün
dağılmaq haqqı
özü doğurdu.
Budur şair fəlsəfəsi! Şahnaz
xanım hər iki haqqın qazanılmasına fərqli
bir aspektdən aydınlıq gətirməyə
çalışıb. Yazır
ki: Zülmün dağılmaq
haqqı var, Yolların
sevinmək haqqı. Arzuların, ümidlərin
Bir də doğulmaq haqqı var!..
Nədən, Vətənin hər
qarışı yurd yerimiz olduğu halda, Şuşa bizə bu qədər
əziz, sevimlidir? Şuşa nazlı bir mələk, elə bir hüsnü-Leyladır
ki, dünya özü
ona aşiqdir. Şuşanın əzəmətli,
vüqarlı dağları
çiyin-çiyinə verib,
xəfif bir intizarla, həsrətlə
doğmalarının yolunu
gözlədi, bir gün ərənlərin
bu dağara azadlıq havası gətirəcəyi ümidilə
dimdik dayandı... 44 günlük müharibədə
cəmi Qarabağa, illah da Şuşaya məhəbbətimiz günü-gündən
vüsətləndi.
Bu saat Dünyanın düz mərkəzində,
bir Şuşa doğulur... Bu lakonik fikrin mahiyyətində gözəllik simvolu olan Şuşaya heyranlıq duyulur. Şuşa başdan-başa
bir nağıldı,
şair bu nağılı "Şuşa
haqqı"nda baş
verən hadisələrin
poetik işığında
təqdim edir. Şuşanın dağıdılmış
yerlərinin bərpası,
yenidən qurulub tikilməsi arzularımızın
gerçəyə çevrilməsidir.
Poemada bu gerçəklik, Şuşa
tablosu zərif, xəfif bədii ştrixlərlə tamamlanıb:
Bir yuva tikirəm.., yuva eyy,
yuva...
Yaşasın, şad olsun, xoş etsin nəva.
Könlümə məlhəmdi, ruhuma
dəva,
Mən hələ bu quşa yuva tikirəm...
Şahnaz
Şahinin bütün
əsərləri, kiçik
şeirindən başlamış
poemaları da daxil olmaqla, ayrıca bir tablodur. Bu poetik nümunələrlə
tanış olan andan söz, bədii detallar, rəngli təsvir və ştrixlər yaddaşa görüntülərlə
həkk olunur, təsəvvür aydınlanır.
Bu xüsusiyyətlər şairin
"Zəfər nəğmələri"
poemasında da çeşidli
obrazlar, məkanlar, müdrikanə düşüncələrin
ifadəsilə göz
önündə sərgilənir.
Əsərdə təsvir
olunan hadisələr
- işğal altında
olan torpaqlarımıza
aparan yollar, izlər, cığırlar,
səngərlər, eləcə
də şəhər
və kəndlərimizdə
erməni vandallarının
törətdiyi dağıntılar,
rəşadətli ordumuzun
əsgərlərinin əsirlikdə
olan yurd yerlərimizi azad etməsi bədii təsvir vasitələrinin
ecazı ilə vəsf edilib. Müəllif həmin şəhərləri əzəməti,
vüqarı, şöhrətli
tarixi, görkəmli şəxsiyyətlərilə öyür. Zəfər nəğmələrinin hər
biri ayrılıqda bir obanın, bir kəndin, şəhərin əsirlikdə
yaşadığı acılar,
igid oğullarımızın
can bahasına qazandıqları
qələbə, zəfərimiz
haqqında möhtəşəm
nəğmədir.
Mən şairi bu müharibədə
döyüşçülərin arasında, yaralıların
başı üstündə,
şəhidlərimizə ağılar
dediyi məqamlarda
"gördüm". Deyir,
"Yağış yağır,
islanır, Məzarın
yaşdı, şəhid,
Burda necə yatmısan, Yastığın
daşdı, şəhid..."
Sözün qönçətək
açılan məqamında
şair əsirlikdən
azad olunmuş yurd yerlərimizə, Kəlbəcərə, Laçına
gözaydınlığı verir. Bu, vətəndaş
şairin qəlbində
çağlayan yurd, torpaq sevgisinin təcəssümüdür. Elə
olmasaydı belə, canlı, ağrılı,
sevincli, qürurlu təsvirlər yaranmazdı
ki! Biz qalibiyyətə doğru
yürüdükcə, kəndlərimizi,
şəhərlərimizi işğaldan
azad etdikcə məkrli düşmən
ifşa olunur, sursatını, hərbi texnikasını atıb qaçır. Qəsbkarın
yurdumuzda törətdiyi
xəyanətkar əməlləri
lənətlənir. Elə
ki şair azadlıqda
nəfəs alan yurdlarımızı bəxtiyar
görür, o zaman qələbə
sədası, zəfər
sevinci dilində çiçəkləyir. Belə
rəşadətli döyüş,
əsgərlərimizin igidliyi
şairin ecazkar təsvir-kəlamlarında sanki
dağlarda, oylaqlarda əks-səda verir. "Zəfər nəğmələri"
Azadlıq meydanında
zəfər gününün
təntənəsilə bitir...
Kitabda maraqlı bir poema da var: "Mübariz".
Adından da bəlli olduğu kimi, poema Azərbaycanın
Milli Qəhrəmanı Mübariz
İbrahimovun keçdiyi
döyüş yoluna
həsr olunub. Mübarizin doğulduğu
yurdu, evi, uşaqkən hal-xasiyyəti,
böyüdükcə formalaşan
xarakteri, ürəyində
tumurcuqlayan arzuları,
coşan vətən eşqi, amalı, qəhrəmanlığı şairin
şəhdi-şəkər dili, sözü ilə ilmə-ilmə toxunub. Mübarizi böyüdüb boya-başa
çatdıran ata-ananın
xatırlaması, nər
oğulu xalqına tanıtması qəhrəmanın
obrazına yeni rənglər,
çalarlar gətirir.
İgidin belə gözəl, nümunəvi
xüsusiyyətlərə malikliyi, onun Vətən üçün
doğulduğunu, ona arxa-dayaq olduğunu bəyan edir. Burda atanın, oğul balasının dünyaya gəlişini xəbər verən çapara cavabı möhtəşəmdir: Çapar,
sən Vətənə
gözün aydın
de, Sənə muştuluğu
Vətən verəcək!..
Burda müəllifin uğurlu bədii keçidləri əsərə zənginlik,
dolğunluq gətirir:
Qəhrəmanlar ölüm
ilə ölməzlər,
Alın yazın mübarəkdir, Mübariz!
lll
Müharibə insanların, torpaqların
taleyində zülmət
və işıq timsalındadır. Sülhü,
əmin-amanlığı qorumaq
da Yaradanın ağıl,
zəka verdiyi Ali varlığın ümdə
vəzifəsidir. Belə
bir yəqinliyim də var ki, Şahnaz Şahin müharibənin dəhşətlərini, qələbəni,
zəfəri bədii,
poetik bir məharətlə təcəssüm
etdirdiyindən onun əsərləri gələcək
tədqiqatlarda ədəbi
müstəviyə gətiriləcək...
Şəfəq NASİR
525-ci qəzet.- 2023.- 11 iyul. S. 14.