Uzaqdan, yaxından keçən qatarlar...
Ulu Öndər
Heydər Əliyevin dəmir yolu nəqliyyatına baxışı,
islahatları və fəlsəfəsi haqqında
bir neçə söz
"Heydər Əlirza oğlu, hər şeydən əvvəl,
nəqliyyatla məşğul
olun. Buna mənim şəxsi xahişim kimi baxın".
Bu sözləri 1982-ci ilin axırlarında SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyevə sovet dövlətinin başçısı Yuri Andropov demişdi.
Sonra isə əlavə etmişdi: "Ölkənin
xəritəsinə baxın.
Nəqliyyat bizdə həm iqtisadi, həm strateji, həm də ümummilli rol oynayır, dövlətimizdə
yaşayan xalqları birləşdirir".
Bu fikirləri vaxtilə Sov.İKP MK aparatında işləmiş və Heydər Əliyevlə təmasda olmuş Nikolay Zenkoviç öz kitabında yazıb.
Nikolay Zenkoviç sovet ali rəhbərliyinin
"mətbəx"inə kifayət qədər bələd insandır. Sovet İttifaqı dağılandan sonra isə SSRİ-nin yaxın tarixinə dair maraqlı tarixi araşdırmalar apararaq sanballı kitablar yazıb. Bu baxımdan Heydər Əliyevin Moskvada fəaliyyəti barədə
N.Zenkoviçin qeydləri kifayət qədər etibarlı mənbə sayıla bilər.
1982-ci ilin dekabrından 1987-ci ilin oktyabrına qədər SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsində çalışan
Heydər Əliyevin cavabdeh olduğu sahəyə nələr daxil idi?
Bu suala qısaca belə cavab vermək olar: nəqliyyat, xalq istehlakı malları, səhiyyə, kitab nəşri,
kinematoqrafiyanın maddi-texniki
bazası, uşaq evləri və s. Bütövlükdə iyirmiyə
yaxın sahə!..
Bəs Y.Andropov niyə
Heydər Əliyevi yüksək vəzifəyə
təyin edəndə
məhz "nəqliyyatla
məşğul olun"
demişdi?
Sovet İttifaqının rəhbəri
olmazdan əvvəl uzun illər SSRİ Dövlət Təhlükəsizlik
Komitəsinin sədri
vəzifəsində işləmiş
Y.Andropov Heydər Əliyevin işgüzarlığına və
təşkilatçılıq qabiliyyətinə yaxşı
bələd idi. O cümlədən, onun Azərbaycanda nəqliyyat sahəsində gördüyü
işlərə də...
1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan KP
MK-nın birinci katibi, respublikanın rəhbəri seçilir.
Və gərgin iş mühiti başlanır.
Bu təyinatdan təxminən
üç həftə
sonra - avqustun 5-də Azərbaycan KP MK-ya Dağıstan Vilayət Partiya Komitəsinin katibi P.Korotkovun
məktubu daxil olur: "Son iki ildə qonşu Bakı və Mahaçqala dəmir yolu şöbələri
arasında anlaşılmazlıq
ucbatından xalq təsərrüfatı yüklərinin
Azərbaycana və digər Zaqafqaziya respublikalarına daşınmasında
problemlər yaranır.
...Bakı şöbəsinin
qatarları vaxtlı-vaxtında
qəbul etməməsi
bütün stansiyalarda
ciddi problemlərlə
müşayiət olunur.
Vilayət partiya komitəsi
sizdən xahiş edir ki..."
Heydər
Əliyev məktubun üstünə dərkənar
yazır.
"...Azərbaycan Boru Prokat Zavodu Tümen
neftçilərinə boru
göndərilməsini ləngidir.
Verilən məlumata görə, buna səbəb
Azərbaycan dəmir yolunda yaranan problemlərdir. Xahiş edirik, müvafiq tədbirlər görəsiniz...
Tümen
vilayət partiya komitəsinin katibi Şerbina. 11 avqust 1969-cu
il".
Daha bir dərkənar...
Növbəti gün birinci katibin stolunun üstünə bundan bir neçə gün əvvəl Azərbaycan KP MK-ya daxil olmuş məktub qoyulur:
"...Azərbaycan dəmir yolu uzun müddətdir
ki, Şimali Qafqaz dəmir yolundan Zaqafqaziya respublikalarının
müəssisə və
təşkilatları üçün
nəzərdə tutulmuş
yüklərlə dolu
bir çox qatarları vaxtlı-vaxtında
qəbul etmir.
...Təkcə bu ilin iyun ayında
Azərbaycan dəmir yolu plandan 229 qatar və ya
22 min vaqon az qəbul etmişdir.
Sov.İKP Rostov Vilayət Komitəsi
Sizdən xahiş edir ki, yaranmış vəziyyəti nəzərə
alaraq, müvafiq tədbirlər görəsiniz.
Rostov vilayət partiya komitəsinin katibi A.Bondarenko".
Heydər
Əliyev avqustun 18-də
bu məktuba da dərkənar yazır:
"Mərkəzi Komitənin
katibi Ə.Əmirov
yoldaşa. Xahiş edirəm araşdırın,
lazımi tədbirlər
görün və məruzə edin".
Bütün bu yazışmalar
respublikanın İctimai-Siyasi
Sənədlər Arxivində
saxlanılır. Heydər
Əliyevin imzası və dərkənarı ilə...
Təzəcə birinci katib seçilmiş adamın vəziyyətini təsəvvür
etmək olar. Dəmir yolunda işlər bərbad vəziyyətdədir.
Hələ bunun neft sənayesi var, kənd təsərrüfatı var, avtomobil
nəqliyyatı var, təhsil
sahəsi, səhiyyə...
Hər tərəf problem içində!
Heydər
Əliyev Azərbaycan
Dəmir Yolunun rəisi Abbas Bağırovu
yanına çağırır
və problemləri xatırladır. "Niyə
belə vəziyyət
yaranıb", - deyə
sual verir.
Bir neçə gün sonra dəmir yolunun rəisi birinci katibə yazılı arayış
təqdim edir. Dəmir yolunda yaranmış problemlər
barədə:
...bu beşillikdə yükdaşımalar 28 faiz
artıb.
...çətinliklərin bir
səbəbi də birinci kvartalda baş verən qeyri-stabil metereoloji şərait olmuşdur.
May ayında çayların
daşması nəticəsində
ayrı-ayrı yerlərdə
dəmir yolu xətləri sıradan çıxmışdır.
...yerli yükdaşımalar
da əvvəlki illərə
nisbətən artmışdır.
...dəmir yolunun texniki təchizatı müasir tələblərə
cavab vermir və s.
Ardınca dəmir yolu idarəsinin rəisi ehtiyatla yeni stansiyaların
tikilməsinə, yolların
təmirinə, yeni vaqonların
alınmasına və
s. ehtiyac olduğunu xatırladır.
Bir sözlə, problemlər çoxdur.
Heydər
Əliyev sentyabrın
3-də məsələni Mərkəzi
Komitənin büro iclasına çıxarır:
"Dəmir yolu nəqliyyatı vasitəsilə
yüklərin daşınmasının
gücləndirilməsi tədbirləri
haqqında".
Elə həmin gün Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunur:
...Azərbaycan dəmir yolunun rəhbərliyi digər nazirliklərlə
birlikdə dəmir yolu nəqliyyatının
mümkün imkan və rezervlərini səfərbər etməklə
yükdaşıma planlarının
yerinə yetirilməsini
təmin etsinlər.
...dəmir yolu nəqliyyatından istifadə
edən nazirlik və baş idarələrə tapşırılsın
ki, vaqonların boşdayanma
hallarına son qoysunlar.
Qərarda partiya-dövlət nəzarəti
orqanlarına, həmkarlar
ittifaqlarına da müvafiq
tapşırıqlar verilir.
Heydər
Əliyev ona təqdim olunan qərar layihəsini imzalamazdan əvvəl bir bənd də
əlavə edir: respublika və yerli qəzet redaksiyalarına, televiziya və radio verilişləri
komitəsinə tapşırılsın
ki, dəmiryolu nəqliyyatının
işinin yaxşılaşdırılması
sahəsində görülən
işlər, həmçinin
yol verilən nöqsanlar geniş işıqlandırılsın.
Yaxşını yaxşı, pisi
pis.
Bu, Heydər Əliyevin hakimiyyətə gələndən
sonra bütün sahələrlə bağlı
başlıca tələbidir!
Mətbuat, televiziya və radio ali rəhbərliyinin tapşırıqlarının,
hökumət qərarlarının
icrasına icitimai nəzarətin həyata keçirilməsində fəal
iştirak etməlidir!
Daha bir neçə ay da keçir.
Dəmir
yolu nəqliyyatında
problemlər tam aradan qaldırılmır.
Heydər
Əliyev müxtəlif
mənbələrdən dəmir
yolu ilə bağlı informasiyalar alır.
Mətbuat orqanlarında gedən
materiallarla tanış
olur.
Və bu nəticəyə gəlir ki, Azərbaycan dəmir yolunun başlıca problemi kadr məsələsidir. Daha doğrusu, rəhbər kadrların düzgün seçilib-yerləşdirilməməsi!
Alitəhsilli mütəxəssislərin
potensialından az istifadə olunması!
Məlum
olur ki, dəmir yolunun rəhbərliyi məsul vəzifələrə
peşəkar mütəxəssislərin
təyin olunmasında,
yumşaq desək, xəsislik edir. Təcrübəli mühəndislərin
imkanlarından istifadə
olunmur. Son doqquz ayda işə qəbul olunan 536 mühəndisin 191-i dəmir
yolu sistemindən uzaqlaşıb. Kadr axını davam edir.
Bundan başqa, dəmir yolunda oğurluq hallarının artması
ilə bağlı statistik rəqəmlər
də birinci katibin diqqətindən yayınmır.
Məsələnin ciddiliyini nəzərə
alan Heydər Əliyev Mərkəzi Komitənin bürosuna bu dəfə daha konkret məsələ
çıxarılması barədə
göstəriş verir:
"Azərbaycan Dəmir
Yolu İdarəsində
rəhbər kadrların
seçilməsi və
yerləşdirilməsi işinin
yaxşılaşdırılması haqqında".
Heydər
Əliyev büro iclasında məsələnin
aktuallığını bir
daha xatırladır. Və dəmir yolu idarəsi rəhbərliyinin iş metodunu tənqid edir: "...Hiss olunur ki, hələ yoldaşlar primitiv qaydada işləyir, ciddi nöqsanlarla müasir tələblər səviyyəsində
mübarizə aparmırlar".
O, daha sonra rəhbər
kadrların seçilməsi
sahəsində yol verilən nöqsanlardan danışır. Hətta
ilk baxışda adi görünən dəmir
yolunun ayrı-ayrı
sahələrindəki ictimai
iaşə obyektlərindəki
antisanitariya faktlarını
xatırladır. İnsanlara
belə xidmətin yolverilməzliyini vurğulayır.
Və Heydər Əliyev əsas diqqəti onu narahat edən
məsələyə yönəldir:
Dəmir yolunda oğurluq hallarının
kökü nə vaxt kəsiləcək?
Ardınca da suala aydınlıq
gətirir: "Əgər
bu oğrular dəmir yolunun işçiləri ilə
bağlı olmasaydılar,
çətin ki, belə
rahat hərəkət
edə bilərdilər".
Heydər Əliyev axırda üzünü büro üzvlərinə və məsul şəxslərə
tutaraq deyir: "Siz düşünməlisiniz
ki, 10-15 il sonra dəmir
yolu necə işləyəcək, hansı
kadrlarla işləyəcək".
Heydər
Əliyevin daha bir uzaqgörənliyi!
Bu günün qayğı və problemləri öz yerində!
Sabah barədə, 10-15 il sonra barədə düşünmək
lazımdır!
Heydər
Əlievin Azərbaycan
dəmir yolu işçilərindən tələbi
budur!
Daha bir neçə il də keçəcək və 1972-ci ilin fevralında Heydər Əliyev "Respublikanın
dəmir yolu, dəniz və hava nəqliyyatında sərnişinlərə xidmət
mədəniyyətinin yaxşılaşdırılması
tədbirləri haqqında"
Mərkəzi Komitənin
qərarını imzalayacaq.
Əsas
məqsəd birdir: sərnişinə, vətəndaşa
yüksək keyfiyyətli
xidmət göstərilməlidir!
Bütün sahələrdə Heydər
Əliyevin tələbinin
əsasını bu tezis təşkil edir.
Sonralar,
1977-ci ilin yanvarında
Bakı şəhəri
əhalisinə nəqliyyat
xidmətində ciddi çatışmazlıqlardan söz
açanda Heydər Əliyev Mərkəzi Komitənin büro iclasında deyəcəkdi:
"...nəqliyyatın işi
adamların əhval-ruhiyyəsi
deməkdir, adamların
işgüzarlığı deməkdir, əmək məhsuldarlığı deməkdir,
dövlət aparatının,
təhsil müəssisələrinin,
elmi idarələrin
normal fəaliyyət ritmi
deməkdir, həyatın,
insanların istirahətinin
normal ritmi deməkdir".
Bəli,
nəqliyyatın işi
insanların əhval-ruhiyyəsi
deməkdir...
Elə dəmir yolu nəqliyyatının da!
Heydər
Əliyevin bütövlükdə
nəqliyyata münasibəti
belə idi!
Bütün bunlardan, nəqliyyat
sahəsində onun apardığı silahatlardan
1982-ci ilin dekabrında
Heydər Əliyevi yüksək vəzifəyə
təyin edən Yuri
Andropov xəbərdar idi.
Məhz
ona görə də ona "Heydər Əlirza oğlu, siz nəqliyyatla məşğul
olun" demişdi...
Və Heydər Əliyev, sözün əsl mənasında nəqliyyatla,
sovet nəqliyyatının
problemləri ilə məşğul olmağa
başlamışdı.
1984-cü
ilin iyununda o dövrün əsas tikintisi olan Baykal-Amur Magistralının inşası
ilə bilavasitə yaxından tanış olmaq üçün Şərqi Sibirə yollanmış, Lena stansiyasından
Komsomolsk-Amur şəhərinə qədər getmiş,
magistral boyu salınan
şəhər və
qəsəbələrə baş çəkmişdi.
Yerli sakinlərlə,
inşaatçılarla mehriban
söhbət eləmişdi.
Magistralın çəkilişi
ilə bağlı problemlərin həlli ilə yaxından məşğul olmuşdu.
Həmin
səfər zamanı
Heydər Əliyev Cənubi Ural dəmir yolunun Kurqan qovşağında təsərrüfat
fəallarının yığıncağını
keçirmiş, dəmiryolçuların
suallarını cavablandırmışdı.
Və bu görüşlərdə
sovet dəmiryolçuları
ölkənin ali rəhbərliyinin nümayəndəsilə
ilk dəfə birbaşa
təmasda olmuş, onunla üzbəüz söhbət etmiş, problemlərini birbaşa söyləyə bilmişdilər.
Bu, sovet dövrü üçün, sovet rəhbərləri üçün
qeyri-adi bir ünsiyyət forması, Heydər Əliyev üçün isə sadə insanlarla açıq söhbət
nümunəsi idi! İllərdən bəri
istifadə edilən nümunə...
Və bu iş prinsipi,
dəmir yolu nəqliyyatına bu münasibət öz təsirini göstərirdi.
Hətta
illər sonra da...
Ona görə də bu gün Azərbaycanın,
elə Rusiyanın da ayrı-ayrı yerlərindən
keçən qatarlarda
- məşhur şairin
məlum şeirində
deyildiyi kimi uzaqdan, yaxından keçən qatarların
hərəkətində Heydər
Əliyevin izi var...
Müsəllim HƏSƏNOV
525-ci qəzet.- 2023.- 12 iyul. S. 8.