Qarabağın qələmi:
Aqil Abbas
("Ədəbi
portretlər" silsiləsindən)
(Əvvəli ötən sayımızda)
O, yalanı inkar edən, gerçəyi qoruyan və təsdiqləyən qələm
sahibidir. O, xalqımızın
dəyərli mədəniyyət
varlıqlarından, üzdə
olan həqiqətlərindən
biridir! Belə söyləməyə haqqım
var; çünki heç
də qısa olmayan 70 illik ömrün nə az, nə çox,
başabaş 52 ilinə
şəhadət vermək
şansına malik Aqilsevərlərdən
biri də mənəm...
Və aradan yarım əsr bir ovuc
su misalında axandan sonra, ilk dəfə onun keçib gəldiyi, indi də hərarətlə
davam edən yaradıcılıq yolu barəsində düşündüklərimi
bölüşməyə qərar vermişəm, başqa sözlə, belə bir mənəvi,
ədəbi borcun zəruri təhriki altındayam.
Aqil Abbasın
"Günah" povestinin
başvermə məkanı
nə qədər dar və davamiyyət
müddəti (zaman) nə
qədər məhdud
olsa da, süjet xəttindəki əlaqə,
təhkiyə tamlığı,
keçmişlə bu
günün üzvi bağlılığı bu
yığcam həcmli
povestə monumentallıq
imkanı qazandırır.
Bizim milli "Roskolnikov"
("Cinayət və
cəza", F.Dostoyevski) - Ziyəddin
("Günah", Aqil Abbas) xaricdən rayona dönən uşaqlıq
dostu ilə restoranda yeyib içəndən sonra Adilə, həmin o uşaqlıq dostuna sirr açır: sənin dayın Məliyi mən qətlə yetirib həyətimizdəki qoz ağacının altında,
anamla bikir qazdığımız quyuda
basdırmışam. Və
hətta Ziyəddin Adili, restoranda söhbətə qulaq kəsilən digərlərini
yanına salıb həyətlərinə aparır,
qoz ağacının
dibinin təzədən
qazılmasına məcbur
edir - özünü
də, onları da. Qazırlar. Bəs hanı, meyit yoxdur? Əsərin çoxdan yazıldığını
(1979) və çoxdan
çap edildiyini
(1987) nəzərə alıb
süjet xəttini alayarımçıq da olsa
xatırlatdım. Lakin əsər,
yalnız bu mübhəm, maraq çəkən hardasa kriminal novelladan ibarətdir desək, düzgün olmaz. Heç ona Aqil Abbas demərəm ki, belə bir ədəbi qəlibin içini boş saxlasın. Hə, bir-iki, uzağı üç saatlıq restoran küncü, masa söhbəti
və finalda yığcam bir hərəkətlilik çevrəsi
daxilində Ziyəddinin
gəlib o restoranda oturduqları ana qədərki
bütün həyatı
var. Və bu həyat az və
ya artıq dərəcədə "Tütək
səsi", "Yamacda
nişanş", "Mənim
nəğməkar bibim",
"Kür qırağının
meşələri" qəhrəmanlarının
yaşantılarını xatırlatsa
da, onların heç
biri deyil, sadəcə, eyni dövrdə (yaş fərqlərinə baxmayaraq)
yaşayıb-yaradan çağdaş
yazıçıların içində
olduqları sosial toplum, milli-mənəvi mühit eynidir. Mövcud mənəvi, sosial problemlər irəliki onilliklərdən
baş alıb gəlir, real günlərin
yazarlarının gözü
qarşısında cərəyan
edir, sıradan çıxmır, sabah, yəni gələcəkdə
də mövcud olmaq səlahiyyətini özündə saxlayır.
Ziyəddinin həm özü,
həm də hansısa bir himayədarı tərəfindən
müdafiə olunmaq şansı sıfırdan
bir az yuxarıdır.
Onu məktəbdə
xoşlamırlar, peşə
məktəbini bitirdikdən
sonra Allahın ekskavatorunu ona verməyə can çəkirlər.
Onu bir klub
dolusu adamın içində (bir görməklə valeh olduğu qız da tamaşaçılar arasındadır)
aşağılayır, alçaldır,
təhqir edir, iş dalınca buyurur (semiçka alıb gətirməyə),
başına qapaz endirir və yeniyetmə - Ziyəddin fiziki
zora şapalaqla cavab verəndə isə onu bəsdi
deyincən əzişdirirlər.
Ziyəddinin, belə baxanda, iki güvənc
yeri var: anası Dilbər və polis rəisi Məhi Quliyev. Bir də, "bəxtini qozda sına, sonra da qızda sına", - deyib
oğlunu əzizləyən,
dünyadan cavan gedən atası vardı...
Nə qədər kədərli
və bozartdaq olsa da, Ziyəddini əhatə edən mühit ölü deyil, ən azı bu gəncin
üzləşdiyi çətinlik,
keçirdiyi sarsıntılar
miqdarında diridir. Deklorativ halda deyil, bədii nəsrin qıvraq, hərəkətli işarə
kodlarından anlaşılan
budur ki, Ziyəddinin ifrat sadəliyi, istənilən və ya istənilməyən məqamda qorxulu sirri açmaq ehtimalının yüksəkliyi
ananı təhrik edir ki, iki səbəbkardan
birinin özü olduğu bu müsibəti ört-basdır
eləmək üçün
meyiti basdırıldığı
yerdən çıxarıb
hansı mübhəm
künc-bucaqdasa ilim-ilim
itirsin. Biz təqribən
bənzər bədii
situasiya ilə yazıçının xeyli
sonralar qələmə
aldığı kriminal-psixoloji
nəsrin uğurlu örnəklərindən sayıla
bilən "Allahı
qatil edənlər"
povestində də qarşılaşacayıq. Babal kimin boynundadır? Günahkar kimdir? Hətta, minilliklər sürəsində götürsək
belə, "günahkar
kimdir?" sualı özünün antik çoxmənalılığını, yayğın xislətini qoruyub saxlayır. Sualın yuvalandığı
ünvan yalnız cəmiyyət, mənəviyyat
deyil, həm də ədəbiyyatdır.
Qəribədir, törədilmiş
hər hansı bir cavabdehli suçun içərisində
çox nadir hallarda günahkar yalnız bir şəxs olur və yaxud
heç olmur. Həm mənəviyyat, həm də ədəbiyyat müstəvisində
"kimdir günahkar?" sualını səciyyələndirən saysız-hesabsız
səbəblər, əlamətlər...
var və təbii ki, bu, tamam əhatəli
və kifayət qədər fəlsəfi-estetik
məqsədli araşdırmanın
mövzusudur. Mən isə bu dəfə
kimdir müqəssir sualına Aqil Abbasın
"Günah" adlandırdığı
povestinə əsaslanaraq
cavab arayıram. Kim - Allahın əmriylə dünyadan tez gedən Cəfərmi, öz yaraşığı
ilə arıq Cəfərdən daha qamətli, imkanlı bir kişiyə layiq ola bilən gözəl Dilbərmi, başıkəsik qadınla
(Dilbərlə) bir yastığa xaincəsinə
baş qoyub ehtiyacını söndürən,
sonra da soyuyub məşuqə bətninə
düşən şərəfsiz
ləkələri "təmizləmək"
üçün abort tələb
edən qonşu Məlikmi, gözünün
önündə anasını,
sonra da onun özünü şapalaq
altına saldığına,
həyasızcasına bu
fəqir evinə soxulduğuna görə Məliyin qarnına bıçaq soxub onu məhv edən
gerçək qatil Ziyəddinmi? Heç olmaya halal zəhmət, alın təri hesabına ən adi insan tələbatını
ödəməyi ağlının
ucundan belə keçirməyən, Ziyəddin
taleli yüz minlərlə yeniyetməni
ehtiyac sınağına
çəkən cəmiyyətmi?
Bəlkə heç biri günahkar deyil, bəlkə hamısı birlikdə günahkardır? Ziyəddinin
etirafı var, onun düşüncəsinə görə
günahkar özünün
"üzütüpürcəkli" taleyi, çürük qismətidir. Məliyi o öldürüb, amma durduğu yerdə yox təfsilata varmadan deyək ki, povestdə məhz bu prizmadan bir
sıra mənəvi-psixoloji
təfərrüatlar bədii
ustalıqla qələmə
alınır.
Ümumiyyətlə, deməyə borcluyuq: kriminal mövzuya, konkret cinayət hadisəsinə
həsr olunmuş povestin süjet xəttinə bağlı
ziddiyyətlər, xaos
və belə boz-bulanıq panoramada təzahür edən olayların təsviri heç bir halda məhkəmə oçerklərinə xas üslubi meyarlarla müqayisə edilə bilməz, əksinə, hərarətli yazıçı
nəfəsi, təsirli
bədii detallar povestin ədəbi-estetik məziyyətlərini təmin
edir. Elə bu səbəbdən də təqribən 45 il öncə qələmə
alınmış əsər
ictimai və mədəni dəyərini
hifz edib saxlayır. Çünki imzanın arxasında istedad, yaradıcılıq
həvəsi və effektiv nəsr təcrübələrinin formalaşdırdığı
ədəbi-bədii intellekt
dayanır.
Biz Aqil Abbasın yaxın, uzaq gələcəkdə
qələmə alacağı
digər ciddi mündəricəli əsərlərində
müşahidə edilən
bir çox xarakterik cəhətlərin
aydın konturlarını
nasirin yaradıcılığının
birinci dövrünə
aid (dövrlər barədə
yazacağıq) "Günah",
"Ən xoşbəxt
adam", "Evləri
köndələn yar", "Saçın ucun hörməzlər" povestlərində,
ələlxüsus "Batmanqılınc"
romanında görə
və dəyərləndirə
bilərik. Əslində
oxuduğunuz məqalə
elə bu barədədir, ümid edirəm ki, bir qələm adamının
- şairin, digər qələm adamı - yazıçı barədə
fərdi, indiyə qədər heç yerdə bu həcmdə
və bu tərzdə qeyd olunmayan həssas oxucu mülahizələri
yazıçı Aqil Abbasın
ədəbi portretini dolğunlaşdırmaq baxımından
təsirsiz ötüşməyəcək.
Hə, bizim qənaətimizə görə, Aqil Abbasın
publisistika və ədəbi-bədii yaradıcılığı
individual bədii-estetik şərtlər,
eyni zamanda qələmə alınma
dövrlərinə görə
beş qismə bölünə bilər.
Əlbəttə, hər
bir yazıçının
yaradıcılığı mahiyyət etibarı ilə eyni mənəvi-estetik
mənbədən qaynaqlanır,
böyük mənada
vahiddir, bölünməzdir.
İş burasındadır
ki, mütləq dəyərləndirmə
insanın idrakının
yetişə bilmədiyi
bir səviyyədir. Burada söhbət şərti fərqləndirmədən,
məhz bu yolla yazıçının
əsərlərinin başlıca
mahiyyətini uyğun
bir sistem daxilində mənimsəmək
imkanından gedir. Birinci qismə aid povestlərin adlarını
bir qədər öncə sadaladıq, bəzilərinin başlıca
bədii məziyyətlərini
yığcam şəkildə
nəzərdən keçirdik. Bu qrupa nasirin hekayələrini də əlavə etməliyik ("Şirinlik",
"Şəbədə Nazim", "Nazimin inturist səfəri", "Əbili
gəldi", "Süsən-sünbül").
"Qapqara uzun saçlar",
"Qiyamət gecəsi"
povestləri (əslində
aralarında 20 il fərq
olmaqla yaradılan, hər iki povesti birləşdirən
cəhət mövzu yox, eyni dəsti-xətt,
vahid yazıçı
üslubudur) yenə də şərti olaraq ikinci qism
yazılar sırasına
daxildir.
Üçüncü qism əsərlər ölüm,
qan, qada, didərginlik, itkinlik və ən əsası həm də qəhrəmanlıq,
mərdlik, kişilik və həm də Vətən aşiqliyi, yurd divanəliyindən danışan,
həyat çarpışmasını
canlandıran dastanlardır.
Budur onlar - "Qarda açan qan çiçəyi",
"Çadırda Üzeyir
Hacıbəyov doğula
bilməz" povestləri
və "Allahı qatil edənlər",
"Dolu" romanları.
Dördüncü qism əsərlər
səbr, dözüm,
özünütoparlama, zəif
də olsa bir ümid işartısından
yapışma, bəzən
taleyini təsadüflərə
tapşırıb, nə
olubsa olub, nə olacaqsa olacaq, düşüncəsiylə
özünü həyatın
nagüman axarı qarşısına buraxmaq,
yaraların sağalacağını
təmkinlə gözləmə
və s. ovqatların təsviri, konkret məkan və zaman çevrəsindəki insanların
psixoloji-mənəvi durumlarını
bədii həqiqətə
çevirmək axtarışlarıyla
əlamətdardır. Məhz
bu əsərlər silsiləsində - "Camış
bağa girdi, gəl", "Eynəyin
itməkliyi", "Əzrayılın
erkək-dişiliyi", "Ölülər" (pyes),
"Çay qırağında
bitib, susuz qalan ağacların sağlığına", hətta
"Futbol bir bəladır ki, mübtəla
olmayan bilməz" adlı
əsərlərində Aqil Abbas təsvir etdiyi insanları, bütövlükdə
həyatın gedişatını
Qarabağ adlı dərdin içindən gülə-gülə keçirmək
istəmiş və bu alınmışdır.
Nəhayət, beşinci qism
- bu, yazıçının,
yorulmaz publisistin "Ədalət", "525-ci qəzet",
"Ədəbiyyat qəzeti"
və digər mətbuat orqanlarında, saytlarda işıq üzü görən, demək olar, saysız-hesabsız və
əksəriyyəti kifayət
qədər yanğılı,
duzlu-məzəli, cəsarətli,
ciddi ictimai-siyasi, sosial-mədəni, mənəvi
problemlərə işıq
salan bədii-publisistik
yazılarıdır. Bu qism
əsərlərdə müəllifin
milli mətbuat ənənələrini
çağdaş dolğunluqla
davam etdirdiyinin şahidi oluruq, bu, ənənələrə
formal sahiblənmə deyil,
klassik irsi çağdaş forma və
məzmun elementləri
ilə zənginləşdirən
uğurlu bir yoldur.
Aqil Abbas nəsri... Hər biri oxucunun gözləri
qarşısında, düşüncəsində
yeni, fərqli həyat
lövhələrini canlandıran
nəsr materialını,
haqqında bəhs olunan bədii əsərləri birləşdirən
elə estetik şərtlər var ki, onlar
bir tərəfdən
yazıçının yaradıcılığını
ciddi ədəbiyyata,
dəyərli qələm
adamlarına qovuşdurur,
digər yandan, onu fərdiləşdirir,
Aqil Abbasın fərqli
yaradıcı naturasını
üzə çıxarır.
Burda qruplaşdırma cəhdinin,
birinci... ikinci... deyə sıralama aparmağın əhəmiyyəti
yoxdur. Peşəkar şərtlərin cəmi
əsasdır və əgər onlardan hər hansı biri olmasa, indi
gərək biz Aqil Abbas barədə
tamamən başqa tipli bir yazıçı
qismində söz açaydıq. Deməlı,
indi biz belə bir əsas suala
cavab vreməliyik: yazıçını təyin
edən, onun yaradıcılığının mahiyyətini, tərzini müəyyənləşdirən amillər hansılardır,
nələrdir?
Bir qayda olaraq yazıçının
əksər yazıları
həyatda baş verən, yaxud baş verməsi mümkün olan hansısa hadisə, əhvalat əsasında qurulur. Bu halda dinamik, görüntülü
olaylar fonunda sanki psixoloji və təsviri elementlər bir qədər alt mövqeyə
çəkilir. Məsələn,
"Ən xoşbəxt
adam"ı götürək.
Yarıdan çoxu heç adı da bilinməyən 25 yaşlı
depressiv gəncin ad günü ərəfəsindəki daxili
çırpintılarını, süstlüyünü, düşkünlüyünü,
tənqidçilər sözü,
dekadans halını
canlandıran povestdə
məhz novellavari sonluq hesabına kifayət qədər sıx olan psixoloji
ayrıntılar gözə
girmir, eyni zamanda əsər bütöv, cazibədar struktur qazanır, ideyanın hərəkətverici
qüvvəsi ovqat, hissiyat deyil, hadisənin özü olur!
Ən xoşbəxt adam varlığını bürüyən
bozluqda sıxılır,
yaşına uyğun
olmayan, lakin taleyin, qəzavü-qədərin
hökmü ilə sanki məcburi bir ağrı daşısa da, canındakı
həyat eşqi işartılar şəklində
olsa belə, onun çevrəsini, gözünün önünü
tərk etməyib. O, kirayədə yaşadığı
evin sahibəsinin nəzərindən yayınmağı
bacarmaqla yanaşı,
onunla zarafatlaşmağa
da, səhərlər bir
topa qəzet alıb, avtobusa minib vaxtlı-vaxtında işə (redaksiyaya) çatmağa da, hər gün qolunun üstündə ağ xalat, eyni küçədə,
eyni nöqtədə
rastlaşdığı qızı
görərkən həyəcanlanmağa
da, iş yerində
"başıqapazlı" televizorun böyründə
oturub can çəkə-çəkə
əlindəki məqaləni
redaktə eləyib bitirməyə də qadirdir. Əslində xoşbəxt gənc mənəviyyatca təmiz
birisidir, bəlkə onun sıxıntısının
səbəbi də bu andıra qalmış təmizliyidir.
Əlyazmalarının üzünü
köçürən makinaçı
qadın gəncin ad gününə sürpriz olaraq zəng çalıb gecə qalmaq şərtiylə onu evinə çağıranda,
başında kef havasının dolaşmağına
baxmayaraq, ən xoşbəxt adam "cananın" mənzilinə
təmiz ürəklə
gedir və bu dəvətə ləyaqətinə, davranışına
verilən sovqat kimi baxır. Lakin məlum olanda ki, onu ad günündə
saya salan qadın fahişəlik yolunu tutub, divarları
arasında 3-4 yaşlı
uşaq böyüyən
mənzilin qapısını
neçə-neçə oynaş
açıb, onda xoşbəxt adamın içi nifrətlə dolur, qadına yaxın durmadan evi tərk edir!
Qəhrəmanın ifrat düşkünlüyünə baxmayaraq, "Ən xoşbəxt adam" povesti sevgi haqqında
hekayətdir. Gənc jurnalist xoşbəxtlik axtarışındadır, onun
sorağını gözləyir.
Günlərlə poçtda
yatıb qalan, kimsənin yiyə durmadığı məktuba
da, o, təsadüfən sahib durmur. Sanki xoşbəxtlik
haqqında arayış
və ya səadət sarayının
orderidir o məktub.
Bu da sarsıntının son həddi,
çöküş, şiddətli
depressiya! Gənc jurnalist ölüm yatağında hərəkətsiz
qalıb, əzalarını
tərpətməyə, yerindən
qımzanmağa taqəti
yoxdur. Əlbəttə,
bayılır, ayılanda
isə başının
üstündə həkimləri
görür. Aqilin üç əsərində
- "Ən xoşbəxt
adam", "Qiyamət
gecəsi" və
"Eynəyin itməkliyi"ndə
oxşar situasiya fərqli məqsədlərlə
və fərqli rakurslardan
izlənilir. "Ən
xoşbəxt adam"
povestində hər gün işə gedəndə oğlanın
rastlaşdığı, fəqət
bircə dəfə də olsun salamlaşmağa
ürək eləmədiyi,
ağ xalatlı o gözəl qız xəstənin başının
üstündə duran
iki tibb işçisindən biri idi; yəni oğlanı ölümün
pəncəsindən xilas
edənlərdən biri.
Adı da Leyla...
Ən xoşbəxt adam otaqda ikisi
qalanda deyəcəkdi
ki, qızın adının
Leyla olduğu ona tanımaza-bilməzə əyan
imiş...
Yazıçı povestin əvvəlindən
axırına qədər
ritorika və pafosa yol vermədən,
məhz bədii təsvir yolu ilə bəyan edir ki, insanı yaşadan, onu bəlalardan, təhlükələrdən
hifz edən, həyata bağlayan tək bircə səbəb varsa, o da sevgidir!
Məqsəd povestin qısa məzmununu danışmaq
deyil. (Hərçənd,
ədəbi qeyd və düşüncə
yazılarında məxsusi
təhlilə keçməzdən
öncə oxuyanlara bələdçilik amacı
ilə ədəbi strukturun təqdimatı heç də pis olmaz. Bəzən
belə alınır:
ədəbiyyat tənqidçisi
əsərin süjet
xəttini, olsun lap qısa məzmununu xatırlatmağa borclu olduğu halda, mövzu üzrə fərdi təəssüratlara
o dərəcədə yer
ayırır ki, oxucu söhbətin nədən
getdiyini anlamaqda çətinlik çəkir.
Axı, biz hansısa ədəbi-tənqidi araşdırmanı
nəzərdən keçirərkən
haqqında bəhs edilən əsər - əsərlər həmişə
əlimizin altında olmur ki, tənqidi mətnlə bədii mətni paralel qaydada tutuşdura bilək).
Hə, yazıçının yaradıcılığının
mahiyyət və keyfiyyətini müəyyən
edən amillərdən
danışmaq istəyirdim...
Məncə, Aqil Abbasın
nəsrini seçdirən
cəhətlərdən (amillərdən)
biri də insanlığa xas duyğu və yaşantıların dəqiq
ifadəsinə davamlı
cəhddir. Heç
buna cəhd də demək olmaz, bu, yaradıcılıq prosesinin tərkib hissəsinə aid olan yazıçı borcu, müəllif vəzifəsidir.
Axı, obrazların mahiyyətini dolğun izah etmək üçün yaxın-uzaq
çevrəni cikinə-bikinə
kimi görmək, hiss
etmək, həyat detallarını bədii fakta çevirmək qələm sahibindən yüksək sənətkarlıq
istəyir. Məhz ustalıq sayəsində,
ustad sözün sehriylə oxucu nəzərdən keçirdiyi
mətn cəzirəsinin
bir hissəsi olur, süjet xətti hiss olunmadan onu öz axarına
salıb aparır. Belə bir hissiyyat
mənə Aqil Abbasın
"Qiyamət gecəsi"
povestindən də tanışdır. Əsər
insanın kədərli
taleyi və qorxunc duyğuları haqqında magik bir elegiya, göynərtili
rekviyemdir. Bu elegiyanın
dərin qüssəsinə
dalan şəxs isə ilk növbədə
yazıçı Aqil Abbasın
özüdür!
Əslində "Günah"ın Ziyəddinini, "Ən xoşbəxt adam"ın
adsız gənc qəhrəmanı, "Ölülər"in
(A.Abbas; C.Məmmədquluzadədən iqtidas)
İsgəndərini... az
və ya çox dərəcədə
nasirin prototipləri saymaq olar. Bu yanaşma "Dolu"dakı
jurnalist, "Çay
qırağında bitib,
susuz qalan ağacların sağlığına"
povestindəki Aqil Abbas, nə
qədər qəribə
də olsa, "Eynəyin itməkliyi"
hekayəsindəki Rza
müəllim, "Camış
bağa girdi, gəl"dəki Dayı
obrazlarına da şamil
edilə bilər. Ümumiyyətlə, onun bütün əsərlərində
mətnin içərisindən
mütləq qaydada yazıçının özü
də görsənir və həmişə də onun qeyri-ordinar
xarakteri oxucuya sirayət eləyir, izsiz ötüşmür.
Mütaliə imkanım
dərəcəsində deyə
bilərəm ki, belə
şəkillənmə, müəlliflə
mətn arasında bilavasitə bağlılıq,
süjet xəttində
müştərək iştirak
hər addımbaşı
rast gəlinən yazı tərzi deyil.
Bir çox hallarda klassik nəsr təmsilçiləri, eləcə
də şairlər, digər incəsənət
xadimləri bədii yaradıcılıq fonunda
özlərinin bioqrafiyalarını
qələmə almağa
fürsət bulmuş,
yaxud belə bir kitabın (avtobioqrafik) varlığını
və gərəkliliyini
zəruri saymışlar.
Yaxşı ki, bu, belə olmuşdur (xatırlayın: L.N.Tolstoyun, M.Qorkinin uşaqlıq, yeniyetməlik,
gənclik haqqında xatirələrini, Ə.Vəliyevin
"Budağın xatirələri",
M.Süleymanovun "Eşitdiklərim,
oxuduqlarım, gördüklərim",
C.Əlibəyovun "Zəmanələrlə
üz-üzə", Anarın
"Sizsiz", Ə.Əylislinin
"Əylisdən Əylisəcən",
Q.Markesin "Xatırlamaq
üçün yaşamaq",
O.Pamukun "İstanbul", S.Səxavətin "Qaçhaqaç"
və s.).
Elə yazıçılar var ki, onların
qəhrəmanları ilə
real "mən" arasındakı
bənzəyiş mütənasibdir,
necə deyərlər,
reallıqdakı yazıçı
fərdiyyəti ilə
ədəbiyyatdakı obrazın
fərdiyyəti üst-üstə
düşür. Bu xırda
müşahidəni Aqil Abbasın
əsərləri üzərində
testdən keçirəndə
görürük ki, qəhrəmanlarının
xarakteri, davranış
və ədaları bir fərd olaraq
yazıçıda təcəssüm
tapdığı kimi,
yazıçının özü
də təbii bir şəkildə qəhrəmanlarının surətində
təcəssüm edir.
Reallıq və reallığın yaratdığı
qütblər arasında
boşluq, bəlirli müşahidə mövqeyi,
təmas sərhəddi,
araməsafəsi yoxdur.
Aqil Abbas, eynən həyatda
olduğu kimi, istədiyi vaxt ədəbi qəhrəmanlarını
başına yığıb
çayxanaya, araq içməyə, cəbhəyə
sursat daşımağa...
apara, ədəbi tiplərə qoşulub təhlükəli, sərgüzəştli
səfərlərə çıxa
bilər.
4. O dünyanın içində
Yazıçının bir çox əsərlərində
süjetin sığışdığı
vaxt, zaman aralığı
xəsisliklə ayarlanıb.
Hadisənin başlanmağı
ilə bitməyi iki-üç saat, bir sutka, ya
bəlkə bir qədər az, bir qədər çox çəkir. Məsələn, "Ən
xoşbəxt adam"ın
xronometrajı 2-3 saatdır.
"Günah"da bir
sutka, uzaqbaşı sutkayarımlıq vaxt israfı var. İrəlidə
adı çəkilən
"Qiyamət gecəsi"
povestində əhvalat
12 saat ərzində, qarlı-boranlı bir qış gecəsində
baş verir.
Yazıçı müsahibələrinin birində müxbirin sualını cavablandırarkən
söyləyir ki, "Qapqara
uzun saçlar" və "Dolu"dan sonra bədii əsər yazmasam da olar...
Məncə, onun bu bəyanatında müəyyən
dərəcədə ədalətsizlik
var; yazıçının əsərlərinə bələd
olanlar bizim bu etirazla dərhal
razılaşarlar. Çünki,
onun nasir qələminin sağlam bəhrələri olan
"Batmanqılınc", "Qarda açan qan çiçəyi",
"Allahı qatil edənlər", "Çay
qırağında bitib,
susuz qalan ağacların sağlığına",
"Camış bağa
girdi, gəl",
"Əzrayılın erkək-dişiliyi"
və nəhayət
"Qiyamət gecəsi"
əsərlərinin cəmini
yox, tək bircəciyini yaradan yazıçı milli nəsrimizin
ləyaqətini yüz
illər boyu təmsil etmək haqqına sahibdir.
Bəli,
"Qiyamət gecəsi"
povestinin timsalında yazıçı ilə qəhrəmanları arasındakı
hər hansı qarşılıqlı
təcəssümdən söhbət açmağa lüzum yoxdur, çünki, dediyimiz kimi, əsərin qəhrəmanı yazıçının
özüdür. Və
bu qəhrəman -
Aqil digər yazılardaki
obrazlarla müqayisədə
bəlkə də ən gücsüz və çarəsiz personajdır, qəribədir,
əks arqumentlə isə ən güclü və qətiyyətli obraz da odur. Deməli, paradoks? Bu necə ola bilər?
Görəsən, mənəviyyat və
xislət imkanları ilə, eləcə də fiziki, bioloji meyarlar açısından insan dərdə, əzaba hansı dərəcədə
qatlaşmaq iqtidarındadır?
Aqil Abbas "Qiyamət gecəsi"ndə
bu dəhşətli suala cavab axtarır,
söyləsəm az olar! Bunun əvəzinə
sanki, o, dərisinəcən
soyunub nəhayətsiz,
bitib-tükənməz sarsıntını
gözümüzün qarşısında
yaşayır... Bədii
ifadəlilik, ədəbi
qayənin təsviri, peşəkar yozum elə səviyyədədir
ki, əlinin altındakının
əsər olduğu,
yazıçı tərəfindən
qələmə alındığı
oxucunun ağlına belə gəlmir. "Qiyamət gecəsi" bədii
estetika baxımından
ustalıqla, təbii şəkildə yüklənmiş
elə unikal romandır ki, orada təsvir olunan bədii (əslində həyati) surətlərin
hər biri yalnız personajlar deyil, magik missiya
daşıyıcısıdır; ata da, ana da, balaca qardaş da, Aqil də,
Sabir dayı da, dilənçi
uşaq da, ana bişirən
toyuq çığırtması
da, nəhayət, üslubun,
təhkiyyənin özü
də...
XXI əsrin ilk ilinin ilk ayında qələmə
alınan "Qiyamət
gecəsi"ni tam haqlı
olaraq modern, posmodern...
ədəbi cərəyanlarına
aid etmək istəyən
araşdırmaçı da tapıla bilər, digər yandan əsərin magik ruhu ortadadır. Təbii ki, nə ədəbi cərəyanı,
nə də təhkiyyə
tərzini yazıçı
irəlicədən müəyyən
etməyib, yəni həmişə olduğu
kimi, real ədəbi yekun bu dəfə
də Aqildə belə alınıb.
Romanda yaşantının özündən
başqa hər şey şərtidir;
zaman da (o, həm var, həm
də yoxdu), məkan da (o, həm var, həm də yoxdu), zaman və məkanı mənalandıran
insan da (o, həm var, həm də yoxdu)...
Təhkiyyə yoxluq və varlıq halında qoşa, yanaşı təqdim olunub. "Anansı onları harda qoyub getmişdi, elə orda da - öz köhnə dəmir çarpayısında
üzünü iki əlinin arasına alıb adətinə uyğun sol böyrü üstdə yatmışdı
və onları qoyub gedən zaman üz-gözündəki yorğunluq da elə üz-gözündəydi, amma
bu yorğunluq onun gözəlliyini soldura bilməmişdi".
Əsərdə iki dəfə təkralanan bu cümlə olmasa, "Qiyamət gecəsi"nin cərəyan
etdiyi həyat mühitinin şərtiliyindən,
zaman, məkan və insan irreallığından
söhbət gedə bilməz. Belə olduğu halda isə bu dünyada yarımcan çırpınan qəhrəmanın
hərəkət trayektoriyasının
o dünyada cizginməsini
deməyə ciddi əsas yaranır; amma məkan o dünya olsa da, problem bu dünyanın problemidir.
Qarlı-çovğunlu bir gecədə xəstə ürəklə, öz maşınında Bakıdan
uzaq yol sürüb hələ də dədə-baba yurdunu tərk etməmiş, səfil hala salınan qaçqın kütləsinə
qarışmamış ata-anasına
baş çəkməyə
gələn Aqil Abbas elə
o qarlı-çovğunlu gecənin
içindəcə xəstəliyə
düçar olduğu,
ahıl yaşa çatdığı çağa
qədərki ömrünün
keçmişlərdə qalan
ən unudulmaz, ən munis, dadlı, xiffətli epizodlarını təzədən
xatırlayıb yaşayırsa,
onda biz bu kədərli hekayəti necə irreal saya bilərik? Yaxud əks-arqument - əsərin
qəhrəmanının reallıqdakı
iştirakı yalnız
bircə andırsa, süjet xəttinin siftəsindən finala qədər, o, komada olmuşdursa, bədii həqiqətin əsasında
həyat həqiqətinin
dayandığını necə
iddia edək?
"Ağır-ağır
gözlərini açdı
- nə çovğun
vardı, nə qar, nə iliyə
işləyən şaxta,
nə də neçə illərdi işığa həsrət
qalmış işıq
dirəyi - uzanmışdı
bir çarpayıya və qardaşı da dayanmışdı başının
üstündə, dirsəkləndi:
-Raufla Eynur necə
oldu?
Qardaşının gözü necə böyüdüsə,
az qaldı hədəqəsindən çıxa:
- Kim? Kim?
- Raufla Eynur də!
Qardaşı ha illah elədi
bu gözlənilməz
suala cavab tapsın, tapa bilmədi.
Bu sualın heç cavabı da yoxuydu, qəhər onu boğdu:
- Qaqa, onlar Ağdamdadırlar.
- Bəs bura Ağdam
deyil?
- Qaqa, nə Rauf, nə Eynur, nə Ağdam? Bura beş nömrəlinin həyətindəki
ürək xəstəxanasıdır.
Üç gündür
burdasan, polislər səni gecə saat 3-də təsadüfən
Badamdarın bir aralığından tapıb
gətiriblər..."
Aqil Abbasın mötəbər
qələmi, insaniyyətlə
nəfəs alan yazıçı ruhu məhz belə bir estetik mühitdə
varlıq və yoxluq, zaman və zamansızlıq, məkan
və məkansızlıq,
insan və insansızlıq mizanında
reallıqla irriallığı,
xəyalla gerçəkliyi,
yuxuyla oyanıqlığı
bir-birinə qovuşdurur.
Hələ bu zəhrimar yuxu azmış kimi yazıçının nə
zamansa mərhəmət
göstərib sədəqə
verdiyi Dilənçi
uşaq əlində bıçaq Əzrayılla
Aqilin süpürüşməsinin
birincinin xeyrinə bitməsini gözləyir
ki, xəstənin sinəsini
yarsın, ürəyini
çıxarıb eləcə
qanlı-qanlı, isti-isti
aparıb Ağdam bazarında (!!!) satsın.
Yəqin ki, pis qiymətə getməz, axı, bu, mərhəmətli,
dözümlü ürəkdi.
Axı, bu, ürəkli adamın ürəyidi. Elə ürəkli bir şəxs ki, öz valideynlərinin, yurdunun şərəfi, ən azı bu müqəddəs
varlıqlarla bir
saatlıq, bir günlük təmas naminə ölümə razıdı, o dünyaya getməyə hazırdı.
(Ardı var)
Vaqif Bəhmənli
525-ci qəzet.-
2023.- 12 iyul. S. 12-13.