Vaqif Poeziya Günləri:
hər il yenilənən
böyük mədəniyyət
bayramı
Nə
biz unudarıq o günü,
nə də Qarabağ. İllər boyu qara bağrı
şan-şan olan Qarabağ. O gün isə toy-busat quran azad, məsud,
bəxtiyar Qarabağ.
Böyük Zəfərdən
sonra ikinci dəfə keçirilən
Vaqif Poeziya Günləri Cıdır
düzünü bayrama
qərq etmişdi.
13-15 iyul 2022-ci il tarixi iyirmi birinci əsrdə bir çoxları üçün
unudulmaz gün oldu. Həqiqətən yaddançıxmaz anlarla dolu zaman kəsimi idi o üç gün. O günün, o bayramın önəmi böyükdür bizim üçün. Tarixi ədaləti bərpa etmişdik. Dədə-baba
yurdlarımıza qayıdıb,
düz 40 il bundan əvvəl keçirilən
tədbiri yenidən keçirirdik. Bu yurdları
qoruyan böyük ruhlardan biri olan Vaqifin ruhunu
şad edirdik. Həm də bu torpağın hər qarışına,
hər otuna, çiçəyinə qanları
tökülən şəhid
ruhlarına səsləndik:
Biz qayıtdıq. Biz burdayıq.
Biz sizinləyik. Yurdu yaşadan oğullar, biz sizi yaşadacağıq.
O günün baş qəhrəmanı Molla Pənah Vaqif olsa da, günün məna yükü - siyasi, ədəbi məzmunu daha çox idi. Ulu öndər Heydər Əliyevin ideyaları qalib olurdu o gün. Qədim Cıdır düzündə
ölməz Molla Pənah Vaqifə məqbərə ucaldan,
"Bura bizimdir, əbədilik
bizim olacaq" hökmünü verən
Ümummilli lider haqsızlıqlara üstün
gəlirdi o an.Tarixi
ədalət bərpa
olunurdu. Ulu Vaqifin bayramı bütünlükdə
poeziyamızın, söz
sənətimizin, ictimai
fikrimizin, mədəniyyətimizin,
mənəviyyatımızın bayramı idi.
Kimdir Molla Pənah Vaqif? Nədir onun irsinin bizimçün
önəmi?! Molla Pənah Vaqifin ədəbi irsi min beş yüz ildən artıq tarixi olan Azərbaycan
poeziyasında Anadilli şeirimizin ana dilidir. Bəzən "Vaqif ancaq gözəlləri vəsf edib" deyə səhv mülahizə yürüdürlər.
Vaqif gözəli vəsf etməklə Tanrının yaradıcılıq
qüdrətini vəsf
edirdi:
Üz yanında tökülübdür
tel nazik,
Sinə
meydan, zülf pərişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!
Ovçusu olmuşam sən
tək maralın,
Xəyalımdan çıxmaz hərgiz
xəyalın.
Ənliyi,
kirşanı neylər
camalın,
Sən elə gözəlsən binadan, Pəri!
Vaqif orta əsrlərdən çağdaşlara qədər
böyük zaman aşırımları
qət edib .Və bu
zaman dolanbacında neçə
formasiya, necə ictimai-siyasi baxışlar
dəyişib. Amma Vaqif
hələ də öz və söz zirvəsindədir.
Çünki o, insanlığın,
dünyanın əzəli
və əbədi mövzularını çox
ustalıqla yazıb.
Bu səbəbdən onun
yaradıcılığı ötən minilliklərin
o üzündən, gələn
minilliklərin o biri üzünə körpü
atır. Dünyanın
və insanlığın
həqiqətlərini nəql
edən Vaqif dünyanın üzünə
gerçəkləri söyləyə
bilirdi. O gerçəkləri
ki, minilliklər boyu heç dəyişmədi.
Biz o günlərdə poeziya bayramı ilə bərabər, həm də öydüyümüz,
öyündüyümüz Zəfərimizi qeyd edirdik. O Zəfəri biz necə qazandıq? Haqqa gözyuman dünyanın gözü
qarşısında. Düzə
əyri baxan böyük güclərin
iradəsinə zidd gedərək, öz gücümüzlə. Haqsızlıqları
qıra-qıra... Çıxılmaz
vəziyyətdən çıxış
yolu axtarmalı olduq. Həmin vəziyyətdən çıxış
yolunu bizim Müzəffər Ali Baş
Komandan tapdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin
siyasi iradəsi, hərbi hazırlığı
və qətiyyəti
Vaqif poeziya bayramını yenidən möhtəşəm reallığa
çevirdi.
Vaqif poeziyasında nəinki dünyanın dərki mükəmməldir, həqiqət
açıq və sərt şəkildə söylənilir. Eyni zamanda, üslub, deyim tərzi, yaradıcılıq ustalığı
yerli-yerindədir. Sözlərin
düzülüşü, misraların harmoniyası,
ifadələrin nəfəsalma
sərbəstliyi, duruşu,
axar-baxarı - bunların
hamısı müzakirə
olunmayacaq dərəcədə
sənətkarlıq nümunəsidir
və Vaqifin yaradıcılığını şərtləndirən cəhətlərdir.
Vaqif həyatı düzgün dərk edib və onu
yüksək səviyyədə
ifadə edə bilib. Həyatdan, Tanrıdan aldığı
enerjini xalqa verə bilib. Xalqdan aldığını
daha yüksək şəkildə xalqa qaytarıb.
Molla Pənahı sanki 7 rəqəmi təqib edirdi: 1717-ci ildə anadan olub, 1797-ci ildə əbədiyyətə
qovuşub, iyul ayının 17-də dünyaya
gəlib, 17 oktyabrda əbədiyyətə qovuşub.
Fəaliyyət illəri
1757-1797-ci illər hesab
edilir. 7 yaradıcılığı,
incəsənəti simvolizə
edir, əbədi harmoniyanın rəmzi sayılır, mükəmməllik
rəqəmidir. Bütün
bu keyfiyyətlər Vaqifdə var idi.
Molla Pənah Vaqif bir şəxsiyyət kimi yüksək dəyərlərə sahib olub.
O, yaradıcı idi -
şair kimi şöhrətlənmişdi. Siyasi xadim idi
- Qarabağ xanının
baş vəziri kimi xarici siyasətlə
məşğul idi. Molla Pənah titulunu qazanacaq dərəcədə ruhani
sima idi. Onun şəxsiyyətində siyasət,
ruhaniyyət, yaradıcılıq
vəhdət təşkil
edirdi. Bu, bir qələm əhli üçün mühüm
göstəricidir və
nadir xarakter cizgiləridir.
Eyni zamanda Vaqif Azərbaycanın
yurdlarını yaxınlaşdırırdı,
doğmalaşdırırdı. O, Qazaxdan gələrək Qarabağda, yüksək mövqe qazanmışdı.
Vaqif Qarabağda bütün siyasi hadisələrin mərkəzində
dururdu. Bu baxımdan, Vaqif Qazax ədəbi
məktəbinin parlaq
şəxsiyyətlərindən və Qarabağ ictimai-siyasi fikir tarixinin görkəmli simalarından biridir.
Molla PənahVaqif-Pənah Mehdi ağa
oğlu kiçik yaşlarında mədrəsədə
alim, müəllim Şəfi
Əfəndinin yanında
təhsil alıb. Mən taleyimin şansı hesab edirəm ki, ədəbiyyat,
elm, təhsil və ictimai fikir tariximizdə
adı keçən Şəfi Əfəndi Qazaxın Daş Salahlı kəndinin sakinidir və mənim qohumlarımdandır.
Bir də bu fakt bioqrafiyamın tale qisməti sayıla bilər: mən Azərbaycan ədəbiyyatında
yeganə adamam ki, Molla Pənah Vaqifi yetişdirən mədrəsədə ibtidai
təhsil almışam.
O mədrəsə indi
adnı çəkdiyim
doğma kəndimizin
1 saylı orta məktəbidir.
Molla Pənah Vaqifin həyatında Vidadi ilə bağlılıqları
çox böyük məna daşıyır.
Bu, ədəbiyyatımızda ustad-şagird dostluğu, mürid-mürşid bağlılığı,
vəfası, bəhrələnməsi,
sədaqəti idi. Eyni zamanda nəsillər
dəyişməsində mədəniyyətin,
sözün ötürülmə
enrjisi demək idi. Bu baxımdan Vaqif-Vidadi tandeminin ciddi dəyəri var. Vaqiflə Vidadinin tarixi deyişməsində
səslənən "Külli
Qarabağın abi-h?yatı, N?rmə nazik bayatıdır, bayatı" misraları isə unikal faktdır, hətta tarixi möhürdür. Yəni Qarabağ əzəldən və əbədiyyən Azərbaycan
torpağıdır. Qarabağın
dili bayatı dilidir. Bu, azərbaycançılıq
nişanəsidir.
Dil təkcə cəmiyyət
hadisəsi deyil, təbiət və Tanrı hadisəsidir. Dil xalqların yaşam faktorlarından biridir. Dilin qorunması iki istiqamətdən asılıdır:
ədəbiyyatdan - söz
sənətindən və
siyasətdən. Azərbaycan
dilinin arınması,
durulması, yaşaması
da iki istiqamət, iki yol üzərindədir.
Bunlar parallel, qoşa qanad kimidir. Anadilli ədəbiyyat yolumuzda Molla Pənah Vaqif əbədiyaşar pir kimi dayanır. Şuşanın alınması,
Cıdır düzündə
müzəffər ordumuzun
qələbə bayrağını
qaldırması, Ali Baş
Komandanın o zirvəyə
qədər davam edən zəfər turu Şuşa göylərində ruhu dolaşan böyük Vaqifin qələbəsidir
həm də. Və Vaqifin uca ruhu da, şəksiz,
bu qələbəyə
kömək edib. Ulu öndər Heydər Əliyev vaxtilə Şuşada Vaqifin məqbərəsini açarkən
təkcə mədəniyyət
hadisəsi yaratmırdı,
həm də siyasi mesaj verirdi,
eyni zamanda ruhani iş görürdü. "Hər
oxuyan Molla Pənah olmaz" deyimini qazanmış, insanların ümidgahı
olmuş, "Quran"dan
istixarələredəcək məqama yetişmiş Molla Pənah Vaqifə məqbərə
ucaldanda Ulu öndər
bilirdi ki, bu ruh Şuşada, Qarabağda qoruyucu qüvvədir həm də.
Qarabağa qayıdan xalqımızın
Qarabağda və onun baştacı Cıdır düzündə
belə bir törəni keçirməsinin
mədəni, kulturoloji,
ədəbi əhəmiyyəti
qədər siyasi əhəmiyyəti də
var. Bu tədbir bizim bədhaxlarımıza və
dünyanın haqq dananlarına bir mesaj idi: Biz yurdumuzdayıq və bu yerlərin əzəli-əbədi əhalisi
kimi öz həqiqətimizə qovuşmuşuq.
Bu yerləri düşmən
tapdağından xilas
edən Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu, polad iradəsi yerindədir. Xalq onun ətrafında
birdir. Vaqifin, Ulu öndər Heydər Əliyevin ruhu qarşısında minnətdar
olaraq, müzəffər
Ali Baş Komandana, şəhidlərimizin ruhuna
və qazilərimizə
şükranlarımızı çatdırdıq. Eyni zamanda bizim Qarabağda,
Cıdır düzündə
Vaqif poeziya bayramını əmin-arxayın,
yüksək səviyyədə
keçirməyimiz ölkəmizə
qarşı diş qıcayan revanşist qüvvələrə də
bir görk idi. Biz Dəmir Yumruq ətrafında birik və bundan
sonra daha güclü olacağıq.
Böyük Vaqifin xatirə
günləri yaxınlaşdığı
bu ərəfədə
bu yazını yazarkən mən bir də o anlara
qayıtdım. Şuşa,
zatən doyulmaz bir nemətdir. Mən ona görmədən
aşiq idim. Gördüm, heyran oldum. Bir də görmək arzusundayam...
Ən vacib həqiqət isə budur ki, böyük Vaqifin ruhu şaddır bu gün bizim
azad, müqəddəs,
doğma Şuşamızda...
P.S. Qazax mahalında doğulan Pənah Mehdi ağa oğlu Vaqif - Molla Pənah
Vaqif Şuşa şəhərinə niyə
getmişdi? Orada yüksəlişi, nüfuz
sahibi olması təbiidir. Bunu Vaqif fitri istedadı,
ilhamlı qələmi,
dərin zəkası,
məntiqi təfəkkürü,
siyasi diplomatik düşüncəsi, ruhani
hissiyyatı - öncəgörənliyi
ilə qazanmışdı.
Bəs nədən orada öldürülmüşdü?
Bu haqda gələn yazımda ədəbiyyat tarixindən oxuduqlarımı
və Vaqifi yetişdirən, milli dəyərlərimizi
yüzilliklərdən min illiklərə
ötürən Qazax
müdriklərindən eşitdiklərimi
yazmaq niyyətindəyəm.
Sağlıq olsun...
07.07.2023.
Natəvan
DƏMİRÇİOĞLU
525-ci qəzet.- 2023.- 13 iyul. S. 8.