UZAQ VƏ YAXIN
CƏNUB DÜŞÜNCƏLƏRİ
Onlar möhkəm adamlar idilər. Hər biri qətiyyən sadə olmayan tale sahibi idi. Mübarizə
yolu keçmişdilər,
fədakar çalışmalarının
bəhrəsini görüb
xoşbəxt də olmuşdular, ağır məğlubiyyətin acısını
dadaraq xəyal qırıqlığı da yaşamışdılar,
ölüm təhlükəsi
ilə (bəziləri
bir neçə dəfə) üzbəüz
qalmışdılar, həyatlarını
sanki ağ səhifədən başlayaraq
yenidən ümid və inamla davam etdirmək üçün də özlərində güc
tapmışdılar.
Hərəsi özünə görə
güclü adam idi, çünki çətin həyat sınaqları onları sındıra, ruhdan sala bilməmişdi, yenə ayaq üstə, yenə mübarizə yolundaydılar.
Ancaq özü güclü olanların da
həmişə daha güclü məhrəm kürəyə sığınmaq
ehtiyacı olur. Və onların bu sarıdan bəxtləri gətirmişdi.
Heydər Əliyev kimi onları yaxşı duyan, keçdikləri yola da, dərd-sərlərinə də,
sönməyən amallarına
da yaxşı bələd
olan arxaları vardı.
İrandan Sovet İttifaqına
pənah gətirmiş
siyasi mühacirlər
tək Azərbaycanda deyildi. Rusiyada da, başqa respublikalarda da vardı. Bu qəbil insanlar SSRİ-nin təsir dairəsi altında olan bir neçə Avropa dövlətində də yaşayırdılar.
Ancaq onların həm sayca ən çox olduqları, həm də özlərini daha rahat hiss etdikləri, ehtiyacları
da daha çox təmin olunan, özlərinin də daha artıq qaynayıb-qarışdıqları yer məhz Azərbaycan
idi. Onlara münasibətdə bəlli
vahid siyasət vardı. Həmin xətti Kreml müəyyənləşdirirdi - Moskvadakılar üçün
də, Tacikistanda yaşayanlardan ötrü
də, adı müstəqil olsa da, Sovetin 16-cı respublikası
kimi qavranılan Bolqarıstanda ömür
sürənlərə də.
Siyasət eyni olsa da, Azərbaycanda bütün başqa yerlərdəkinə nisbətən
iranlı siyasi mühacirlər - onlarsa yalnız milliyyətcə
Azərbaycan türkü
olan insanlar deyildilər - daha əlverişli, özlərini
mənəvi baxımdan
da çox məmnun edən şəraitdə
idilərsə, başlıca
səbəb Heydər
Əliyevin şəxsiyyəti
idi. Onun iranlı siyasi mühacirlər üçün
yalnız qayğı
göstərmək baxımından
deyil, onları duymaq, içəridən
tanımaq baxımından
da əvəzsizliyini oturub-durduğum
çox güneylilərdən,
o sıradan vaxtilə
Azərbaycan Demokrat Firqəsinin baş katibi olmuş nurlu, müdrik insan Əmirəli Lahrudinin dilindən eşitmişəm. 1980-ci illərdə
Azərbaycan radiosunda,
1990-cı illərdə "Amerikanın səsi" radiosunda hər 21 Azər astanasında verilişlər hazırlayar,
köhnə fədailərdən
müsahibələr alardım.
Neçə dəfə
də Lahrudini danışdırmışdım. Çox vaxt da onların hamısını
birlikdə Azərbaycan
Milli Hökumətinin sözlərini
Mirmehdi Etimadın yazdığı, musiqisini
Cahangir Cahangirovun bəstələdiyi himnini
oxumağa dəvət
edərdim. O məclislərin
daimi iştirakçısı
Novruz Feyzullayevə, həmişə də olmasa, o yığnaqlara hər halda vaxtaşırı qatılan
Məmməd Salmanovun
səsinə səs verərək oxuyardılar,
duyğulanardılar. Müstəqilliyimizin
təzədən qayıdışının
ikinci ilində yenə növbəti bu cür 21 Azər mərasimindən sonra Lahrudinin iş
otağında söhbətini
lentə yazıb bitirəndə nədirsə,
bu dəyişən
zaman içində Heydər
Əliyevi yada saldı,
"Dəmir adam idi, bizim ürəyimizin
adamı idi", - dedi və özünün
adətən son dərəcə
ölçülü-biçili, hissiyyata qapılmaqdan ustalıqla qaçan deyiş tərzindən fərqlənən, daha çox etirafa bənzəyən əlavəsini
etdi ki, "onun bizimçün yerini heç kim verə bilməz, vermədi də!"
Bu, işin içində olan bir insanın,
el sözüylə desək, can yiyəsinin ürəkdən gələn
dəyərləndirməsi idi. O vaxt bu
qiymətvermənin dəqiqliyini
müəyyən etmək
mənimçün mümkünsüz
qədər çətin
idi. Bugünsə yalnız mən yox, dəlillər-sübutlar
qatarını indinin hündürlüyündən görərək
müqayisələr aparmaq
imkanı olan hər ədalətli münsif Lahrudinin o qiymətini təsdiqləyər.
...Bu məktubu Heydər Əliyev 1979-cu il martın
6-da Kremlə göndərib.
İran tarixinin yalnız
ölkənin içərisində
deyil, xaricdə də yüz minlərlə insanın yaxşı dəyişikliklərə
ümidlər, arzular,
fərziyyələrlə dolu
büsbütün yeni dövrü
başlanırdı. 1946-cı ildə şah istibdadından can qurtararaq
Sovet İttifaqına gəlmiş iranlı siyasi mühacirlər arxada qalan illərdə
daha da yetişərək,
içəridən böyüyərək,
mətinləşərək böyük orduya çevrilmişdilər. O vaxt
buralara pənah gətirən 10 mindən artıq iranlının yüzdəyetmişi savadsız
idisə, sonrakı illərdə də gələnlərlə birgə
indi miqdarı 19 minə çatan həmin təbəqə arasında nəinki savadı olmayan heç yox idi, daha artıq
- onların arasındakı
elmlər doktoru və elmlər namizədləri 159 nəfər
idi, əksəri də tanınmış, fikri ilə hesablaşılan mötəbər
alimlər. 1946-cı ildən
1979-cu ilədək, cəmi
33 il ərzində başlanğıcda
vur-tut 15-cə nəfər
ali təhsillisi olan iranlı siyasi mühacirlərin
yeni ordusunda indi mühəndis və texniklərin sayı 945, həkim və tibb işçilərininki
1007, aqronomların, mexanizatorların,
digər kənd təsərrüfatı mütəxəssislərininki
675 nəfər idi. Sovet dönəmində partiya və hökumət vəzifələrinə
doğru irəliləməkçün
əsas tramplinlərdən
biri Ali Partiya Məktəbində təhsil
almaq idi və iranlı siyasi pənahəndələrdən
belə diplomu alanlar 400 nəfər idi. 1966-cı ildən
İran Siyasi Mühacirlərinin
Cəmiyyətinin Azərbaycan
bölməsi fəaliyyətdə
idi, 1960-cı ildən
İran Xalq Partiyasının
vilayət partiya təşkilatı kimi fəaliyyətdə olan
152 özəkli Azərbaycan
Demokrat Firqəsinin sıralarında 3.500 üzv
vardı. Söz yox, bu potensialı
həqiqətən ordu
saymaq mümkün idi.
Heydər
Əliyev Moskvaya yazırdı ki, İrana dönmək istəyənlər
arasında bunu birbaşa Sovet İttifaqından deyil, üçüncü ölkələr
yolu ilə etmək istəyənlər
varsa da, əksəriyyət
vətənə açıq,
qanuni şəkildə,
orada həyatlarını
qura bilmələri üçün müəyyən
zəmanətlər əldə
edərək qayıtmağı
üstün tutanlardır.
Azərbaycan rəhbəri həmin
siyasi mühacirlərin
dilindən həlli Moskvadan asılı məsələlərlə bağlı
suallara da cavab arayırdı. Yəni siyasət əslində Moskvadan gəlirdi ki, getmələri məsləhətdir.
Çünki gedəcəklərə
Moskva sabah İranda Sovetin xəttini yürütməkçün dayaqlar
kimi baxırdı. Heydər Əliyev də məktubunda soruşurdu ki, yaxşı,
getdilər, bəs onların bir çoxu burada adi təqaüdlərdən
fərqlənən fərdi
təqaüdlər alırlar,
bunun həlli necə olacaq, yaxud ailənin hansısa üzvlərini də apararlarsa, təminat məsələləri
necə həll ediləcək? Başqa sözlə, bu məktubun məqsədi həm Moskvanın "siyasi mühacirlər İrana qayıtsınlar"
çağırışına müsbət cavab idi, həm də
qayıtdıqları təqdir
üçün biz onlarçün
nə etməliyik sualını yuxarılar qarşısında qaldırmaq.
Heydər
Əliyevin məktubunda
bu məqam da vardı ki, mühacirət
illərində həmin
zümrədən olan
416 nəfər burada vətəndaşlığı qəbul edib, indi İran vətəndaşlıqlarını
bərpa etmək istəyirlər.
Bu müddəanı da məktuba
səbəbsiz əlavə
etməmişdi. İş
ondadır ki, qayıdışla
əlaqədar Kreml
Tehrana dövlət səviyyəsində birbaşa
müraciət etməli
idi, o halda bu sualların da hər biri gərək
o müraciətdə əksini
tapaydı, müvafiq cavab alınaydı ki, belə həyati xırdalıqları aydınlaşdırmadan
İrana qayıdan siyasi mühacirlər Əli aşından da, Vəli aşından da olmasınlar, çıxılmaz
kor dalana düşərək nicatsız
halda vurnuxa-vurnuxa qalmasınlar.
O günlərdə və həftələrdə ki iranlı
siyasi mühacirlərin
vətənə qayıdışı
üçün hazırlıqlar
gedirdi, ölkənin içərisində vəziyyət
durmadan dəyişirdi.
Hələ heç kəs, heç bir kəşfiyyat nəyin necə olacağı, gələcəyin
hansı qaçılmaz
təklifləri ortaya
qoyacağını qətiyyətlə
proqnozlaşdıra bilməzdi.
Hələ Xomeyninin sözü və hökmləri danışıqsız
icra səviyyəsindən
uzaq idi. Hələ İranın içərisində işləyən
kəşfiyyatların, o sıradan
Sovetin malik olduqları
güclər və dayaqlarla bir çox niyyətlərinə
yetəcəkləri ümidi
də qüvvədə
idi.
Elə təqribən düz Heydər Əliyevin məktubunun Kremlə göndərildiyi vaxtda -
1979-cu ilin 7 martında
Xomeyninin göstərişi
ilə "Müvəqqəti
inqilabi komitələrin
nizamnaməsi" hazırlanır.
"Xomeyninin göstərişi,
əmri, tapşırığı"
və digər belə ifadələr həmişə şərti
qəbul edilməlidir.
Çünki İran inqilabının
və İran İslam Respublikasının
ay-ay, il-il irəliləyən gedişini, təbəddülatlarını
izlədikcə ona şahid oluruq ki, bütün baş verənlər arxasında
ciddi beyin mərkəzi, ya mərkəzlərinin dayandığı,
bir sıra kəşfiyyatların da məqsədlərini
və səylərini
puça çıxaracaq
qədər incə kəşfiyyat-tədqiqat tədbirlərini
əhatə edən, öncədən ayrıntıları
ilə mükəmməl
düşünülmüş dövlət, siyasət və cəmiyyət quruculuğu planı idi.
Elan edilirdi ki, bu inqilabi komitələri təsis etməkdə məqsəd qayda-qanun yaratmaq, ölkənin təhlükəsizliyini təmin
etmək, eyni zamanda, qanuni Bazərqan hökumətinin
imam Xomeyninin rəhbərlik
etdiyi inqilabın vəzifələrini yerinə
yetirməsində ona köməklik göstərməkdir.
Bütün bunları martın
8-də "Keyhan" qəzeti
xəbər verirdi.
Ancaq həmin nizamnamə inqilab
komitələrinin yerli
ruhanilərə və
məscidlərə tabeçiliyini
tələb edirdisə
də, ölkə boyu mərkəzi hakimiyyətə tabe olmamaq təşəbbüsləri
tez-tez müşahidə
edilməkdə idi. İş ondadır ki,
inqilab komitələri qarşısında
yeni nizamnamənin nə
tələblər qoymasından
asılı olmayaraq,
o komitələr inqilab gedişində
xalq iradəsinin ifadəsi kimi yaranmışdı. Solların
təsirinin daha qabarıq olduğu komitələr mollaların
idarə və iradəsinə danışıqsız
tabe olmaq fikrindən uzaq idi.
1979-cu ilin aprelində Xomeyninin xeyir-duası ilə Behişti və Rəfsəncani qruplaşması Hezbullahla
birbaşa əlaqələri
olan İslam İnqilabi
Partiyasını yaratmağa
başlayandan, həmin
ilin payızında elə onların ötürməsi ilə fanatik tələbələr
və ziyalıların
"İmam xəttinin davamçıları
Müsəlman Tələbələr"
gizli ekstremist təşkilatı ortaya çıxandan sonra ölkədə ruhanilərin
hakimiyyəti getdikcə
şəriksiz gücə
çevrilmək səmtində
daha artıq irəlilədi.
Bugündə əyləşib həmin
çalxantılı çağlarda
ayrı-ayrı qüvvələri
apardıqları siyasətdə,
yürütdükləri xətdə
yanlışlara yol verirmişlər, uzağı
yetərincə görə
bilmirlərmiş kimi
kəskin deyişlərlə
günahlandırmaq doğru
sayılmaz. O dövrdə
İranda siyasi hava payız Londonunda yağmurun haçan yağıb-yağmayacağını
qabaqcadan söyləyə
bilmək qədər
qatışıqmış.
Və o
günlərdə İrana
bağlı maraqları
olan hər ölkə, hər kəşfiyyat, hətta illərcə xaricdə yaşamış, indi dəyişən durumda qəribsədiyi vətənə
dönmək istəyən
hər fərdin özünə görə
düşüncələri vardı, bunlardan hər biri də
məqsədinə çatmaqçün
lazım bildiyi işini görməkdəydi.
Bakı
da İrana mühacirlər
köçü ilə
bağlı Moskva ilə
daimi yazışma və məsləhətləşmələrlə
öz zəruri tədbirlərini görməkdə
idi.
1979-cu il martın 30-da Azərbaycan
rəhbəri Heydər
Əliyev Tudə Partiyasının üzvü
Rəhim Qazini qəbul edəcəkdi. Həmin görüşdən
əvvəlsə - martın
21-də Rəhim Qazi ilə
Mərkəzi Komitənin
Xarici əlaqələr
şöbəsinin müdiri
Ənvər Cəbrayılov
söhbət etmiş
və bununla bağlı hazırladığı
arayışı Heydər
Əliyevə təqdim
etmişdi.
Almaniya Demokratik Respublikasına səfərdən qayıtmış
Rəhim Qazi bildirmişdi
ki, Berlin aeroportunda onu
qarşılamağa iki
qoruyucusu ilə Nurəddin Kiyanuri gəlibmiş və sonra onu Almaniya
Vahid Sosialist Partiyası
Mərkəzi Komitəsinin
mehmanxanasında yerləşdiriblər.
Kiyanuri Rəhim Qaziyə deyib ki, biz bu yaxınlarda İXP-nin partiyanın tarixi üçün vacib olan plenumunu
keçirdik, partiyanın
əsas fəaliyyətini
İrana keçirməyi
qət etdik. Ona görə də bəzi MK katibləri və İcraiyyə Bürosu üzvləri bu yaxınlarda İrana getməyə hazırlaşırlar. Kiyanuri
bunu da söyləyib
ki, o, özü və
həyat yoldaşı
Məryəm Firuz da getmək üçün
sənədlərini hazırlayırlar.
Rəhim Qazi ilə onların söhbətinin
əsas mövzusu kürd məsələsi
olubmuş. İran Kürdüstanındakı
vəziyyətə toxunan
Kiyanuri etiraf edib ki, onun kürdlərə
heç bir təsir imkanı yoxdur. Kürd hərəkatına rəhbərlik
edən Rəhman Qasımlı vaxtilə
İXP-nin üzvü
olub. Ancaq o, partiyanın mənafeyinə
zidd hərəkət
etdiyindən sıralarımızdan
xaric edilib. Rəhim Qazi də Rəhman Qasımlını
yaxşı tanıdığını,
onun Kürdüstanda böyük nüfuz sahibi olduğunu, partiyasında 100 min nəfərdən
artıq insanın birləşdiyini, tam silahlı
olduqlarını, öz
mətbəələrinin, radiostansiyalarının olduğunu
deyir. Kiyanuri Rəhim Qaziyə bunu da deyir ki, artıq İranda onların "Mərdom"
qəzetinin 2 nömrəsi
çıxıb və
bu, böyük nailiyyətdir. Kiyanuri İranın ayrı-ayrı
məşhur ictimai-siyasi
xadimlərinin, o sıradan
Müsəddiq hökuməti
dövründə maarif
naziri olmuş Məhəmməd Mokrinin maraqlarının İXP-nin
işlərinə yönəlməsinə
köməklik göstərməsini
rica edib.
Almaniyadan
Moskvaya qayıdarkənsə
Rəhim Qazini Sov.İKP MK-da N.Simonenko
qəbul edib və ona hər
cür diqqət göstərilib, hətta xüsusi maşın ayrılıb. Simonenko Rəhim Qaziyə məsləhət görüb
ki, təyyarə ilə
İrana uçsun, orada hava limanında
mətbuat konfransı
təşkil ediləcək,
müsahibə alanların
arasında İranda akkreditə edilmiş sovet jurnalistləri də olacaq.
Kremlin Rəhim Qaziyə belə xüsusi diqqəti onun İrandakı kürd hərəkatı ilə nəsillikcə bağlı
olması və sovetin İranda həyata keçirməyi
nəzərdə tutduğu
siyasətin gerçəkləşməsinə
göstərə biləcəyi
təsirlə əlaqədar
idi. Rəhim Qazinin İrana göndərilməzdən öncə
Heydər Əliyevlə
görüşü də
həmin məqsədə
xidmət edirdi, təbii ki, bu, Moskvanın istəyi idi.
Heydər
Əliyevin Rəhim Qaziyə ilk sualı bu olmuşdu ki, İrana nə vaxt getmək istəyirsiniz və nə planlarınız
var?
Rəhim
Qazi deyirdi ki, 32 ildir burada - Sovet Azərbaycanında yaşayır
və bu, həyatının ən yaxşı parçasıdır.
Bildirirdi ki, İranda geniş iş aparmaqçün münasib
imkanları var, çünki
1946-cı ildə şah
tərəfindən edam edilmiş
Məhəmməd Qazi və
digər qohumlarının
bütün ölkədə
xatirəsi əziz tutulur, Xomeyni indi şiələr arasında nə qədər hörmətlidirsə,
sünnilər arasında
da İranda Qazi ailəsinə
eyni ehtiram bəslənilir.
Heydər
Əliyev soruşur
ki, bəs İranda işinizi necə qurmağı düşünürsünüz?
Rəhim Qazi qayıdır
ki, mən yalnız Kürdüstanda olsam, fəaliyyət dairəm məhdudlaşar. Yaxşısı
budur Tehranda yerləşim: "Anamla,
başqa qohumlarımla
telefon söhbətlərimdən
bu qənaətə gəlmişəm ki, mənə
səfir vəzifəsi
verilə bilər, ya da Milli Məclisdə vəkil ola bilərəm.
Ona görə də mənim İrana Tudə Partiyasının üzvü kimi deyil, bir fərd
olaraq, Qazi nəslinin təmsilçisi kimi getməyim daha məsləhətlidir".
Heydər
Əliyev köhnə
əməliyyatçı və
kəşfiyyatçı kimi
ilk növbədə Rəhim
Qazinin İrandakı yüksək əlaqələri
ilə maraqlanır. Rəhim Qazi nazirlər Səncabi, Forruxara, Ərdalanı, Xomeyniyə
təsir imkanları olan bir sıra
başqa rəsmi şəxsləri yaxşı
tanıdığını, onların köməklərini
əsirgəməyəcəklərini bildirir. Qısa söhbət əsnasında
siyasi mənzərə
müstəvisində Rəhim
Qazinin mümkün faydalı fəaliyyət dairəsi Heydər Əliyevə aydın görünür və o,
həmsöhbəti üçün
dəqiq yol xəritəsi cızır.
O söhbətin kağız
üzərindəki mətninə
baxıram, 2 dəqiqəyə
sığacaq sözlərdir.
Ancaq son dərəcə
məsul vəzifə
və tapşırıqla
yola çıxan müsahibinə 2 dəqiqə
ərzində belə
dəqiq və dərin bələdçi
tövsiyələr verə
bilməkçün nə
qədər geniş bilik, təcrübə, təhlil qabiliyyəti, ən vacib olanları
incəliklə sezə
bilmək səriştəliliyi
də vacibdir. Bu 2 dəqiqəlik yolgöstəricilikdə
həm müdrik dövlət başçısının,
həm hadisələrin
alt və digər görünməz qatlarından
agah bəsirətli kəşfiyyatçının, həm dünya siyasətinin qatmaqarışıq
kələfindən ən
gərəkli ipuclarını
dürüst seçməyə
qadir mahir diplomatın siması görünməkdədir: "Hələ ki İrana gedən olmayıb. Siz birinci olacaqsınız.
Moskvada, Mərkəzi
Komitənin Beynəlxalq
şöbəsində sizi,
yəqin ki, qəbul edəcəklər. Görüş
vaxtı açıq
danışın, yoldaşlara
öz niyyətlərinizi
bildirin, onların tövsiyələrinə diqqətlə
qulaq asın. Düşünürəm ki, sizin
fikirlərinizin istiqaməti
doğrudur. Sizin İranda ilk mərhələdə
özünüzü İran Xalq Partiyası və Kürdüstan Demokratik Partiyasının
fəaliyyəti ilə
bağlamayaraq Qazi ailəsinin
üzvü kimi çıxış etməyiniz
daha yaxşı olar. Bu, ayrı söhbət ki, onlar özləri sizə müraciət edib kömək, məsləhət
istəyələr. Kiyanuriyə
həmişə kömək
etmək lazımdır.
Ancaq çox ehtiyatla ki, hakimiyyətdə
sizə qarşı şübhələr oyanmasın.
Ölkəyə çatan
kimi əlaqələrinizdən
istifadə edərək
İranda öz siyasi çöhrənizi
müəyyənləşdirməlisiniz,
həyatda özünüzə
yer tapmalısınız,
özünüzü cəmiyyətdə
təsdiq etməlisiniz.
Deyirsiniz ki, səfir təyin edilə bilərsiniz. Əlbəttə,
bu, şərəflidir.
Amma bu, ən yaxşı variant deyil. Yaxşı olardı ki, siz bir siyasi
xadim kimi qalxasınız. Siz alimsiniz, İrandakı ən nüfuzlu ailələrdən birini təmsil edirsiniz, 32 il ölkədən xaricdə
yaşamısınız. İndi İranda ən yüksək vəzifələrə
gəlmə iranlıları
təyin edirlər. Yəni o adamları ki, vaxtilə şah onları siyasi əqidəsinə görə
təqib edib. Ona görə də, çalışın ki, bəlli
bir dövlət vəzifəsi ilə bağlanasınız. Sonrasını
həyat göstərər".
Ardınca Heydər Əliyev
İranın mümkün
perspektivləri haqda düşüncələrini bölüşür.
O vaxt yaxın üfüqdə sayrışan,
ən çox arzulanan, İran xalqı üçün də, bu dövlətin qonşularından ötrü
də ən sərfəli, mütərəqqi
qüvvələrin də
uğrunda çalışdığı
əsas səmt də elə bu idi. Heyhat
ki, gec-tez hökmən
gələsi həmin
nəticə mürtəce
əllərlə onillərlə
geri atıldı.
Heydər
Əliyev davam edirdi: "Yəqin ki,
İran gələcəkdə federativ dövlət kimi inkişaf edəcək: azərbaycanlılar,
kürdlər, türkmənlər,
bəluclar milli muxtariyyətlərini
qazanacaqlar. Ancaq indiki mərhələdə
müstəqillik, ya muxtariyyət tələb etmək düz olmazdı. Ancaq buna doğru can atmaq da lazımdır".
Səfər hər halda çətin səfərdir,
riskli səfərdir, məchulları az olmayan səfərdir və hələ DTK illərindən tapşırıqla
yola saldıqlarının
ailə məsələlərinə
həssaslıqla yanaşan
Heydər Əliyev bunu da soruşur ki, məndən hər hansı istəyiniz, xahişləriniz varmı?
Rəhim Qazi də Bakıda qalan qızı, övladlığa
götürmüş olduğu
nəvəsi ilə bağlı əmin edən cavab da alır: "Ailənizdən
nigaran qalmayın!"
Ertəsi
gün - martın 31-də
isə Heydər Əliyev daha geniş tərkibli bir heyətlə görüş keçirir.
Onun budəfəki qonaqları Azərbaycan Demokrat Firqəsi (ADF) İcraiyyə Bürosunun
üzvləri Qulam Daneşyan, Əmirəli Lahrudi, Məmmədəli
Müciri, Cəfər
Müciri, Lütfəli
Ərdəbilyan, Əbülhəsən
Rəhmani, Səməd
Afiyət, Muxtar Didekunan, Qulu Xəyyamidir.
Heydər
Əliyevin qəbuluna
firqəçilər srağagünkü
- martın 29-da keçirdikləri
plenumdan sonra toplaşmışdılar. Yenə
əsas mövzu İranda cərəyan edənlərdi. Heydər Əliyev əslində görüşün başlanğıcındakı
müqəddiməsi ilə
müzakirələrin ana xəttini
və mühüm qanadlarını seçdirir,
həmsöhbətlərini əsas dalğaya kökləyir: "İranda
baş verənlər
heç də gözlənilməz deyildir.
Dünyadakı inqilabi
proses daim zənginləşir,
irəliyə gedir, öz orbitinə xalq kütlələrinin geniş təbəqələrini
cəlb edir.
İrandakı inqilab gündəliyə mühüm siyasi vəzifələr çıxarıb.
Açığını deyim ki, sizin indiyədək etdikləriniz,
sizin üslubunuz, iş üsullarınız
bugünün tələblərinə
cavab vermir. Burada siz Sovet
İttifaqı Kommunist
Partiyasının və
sovet dövlətinin himayəsi altında idiniz, orada, İranda isə siz daha müstəqil,
daha iri addımlar atmalısınız,
gündəlik işinizdə
dinamika artmalıdır.
32 illik mühacirət
dövründə çox
sular axıb keçib, sizin partiyanın həyatında
da müxtəlif vəziyyətlər
olub. Mənim xatirimdədir ki, ADF özəyi
Daneşyana qarşı
qalxmışdı. Dövr
vardı ki, ADF ilə
İXP arasında kəskin
fikir müxtəlifliyi
hökm sürürdü.
İXP rəhbərliyi heç
də həmişə
və hər məsələ barədə
düzgün çıxış
etmirdi. 1974-cü ildə
İskəndəri mənim
qəbulumda olanda qəti şəkildə tələb edirdi ki, ADF ləğv edilsin. O vaxt mən soruşdum
ki, bunu doğuran səbəb nədir, niyə siz təşkilatı
buraxmaq istəyirsiniz?
İskəndəri cavab
verdi ki, qoy İranda bilsinlər ki, bugündən etibarən
ADF yoxdur.
Bu, düşünülməmiş qərar idi, hətta biz elan da etsəydik
ki, ADF-ni buraxırıq,
buna İranda inanan olmayacaqdı. O vaxt mən İskəndəri
ilə ciddi danışdım, ADF-ni saxlamağın zəruriyyəti
haqda öz qəti mövqeyimi bildirdim. Sonrakı hadisələr də göstərdi ki, biz düz
hərəkət etmişik.
Azərbaycan Demokrat Firqəsinin öz ənənələri, böyük
tarixi var. Partiyadan ötrü mühacirət
illəri də səmərəsiz ötməyib.
İndi İranda münbit
vəziyyət fəal
partiya-təşkilati işə
imkan verdiyindən artıq İXP İranda açıq fəaliyyət
göstərdiyi bir dönəmdə bütün
partiya fəallarını,
bütün iranlı
yoldaşları kütləvi
şəkildə İrana
qayıtmağa istiqamətləndirmək
lazımdır. Biz Daneşyanı
yüksək qiymətləndiririk,
çox möhkəm
və prinsipial insan, Seyid Cəfər
Pişəvəri işinin
layiqli davamçısı
kimi tanıyırıq.
Lahrudi haqqında da yaxşı fikirdəyik, Kiyanuri də onu çox müsbət səciyyələndirir".
Bunları söyləyərək Heydər Əliyev qonaqlarını İran Azərbaycanındakı
son vəziyyət, hansı
planlarının, hansı
çətinliklərinin olması,
iranlıların vətənə
qayıtması yolunda
hansı hərəkətləri
etdikləri barədə
soruşur.
Əvvəlcə Əmirəli Lahrudi
də, Əbülhəsən
Rəhmani də, Cəfər Müciri də milli məsələnin
bu dövrdə İranda ən qaynar müzakirə mövzularından olduğundan
bəhs edirlər. Cəfər Müciri Bazərqanın Təbrizə
səfəri əsnasında
çoxminli mitinq qarşısında çıxışı
zamanı "Mən yaxşı azərbaycanlı
deyiləm" etirafını,
obyektiv səbəblərdən
öz ana dilində danışa bilməməsindən
təəssüf hissi
keçirdiyini boynuna almasını xatırladır.
Məmmədəli Müciri
isə muxtariyyət məsələsinin vacib olduğunu söyləyir,
amma İXP-nin bununla bağlı hər hansı aydın mövqe nümayiş etdirmədiyindən
gileylənir. Səməd
Afiyət isə söyləyir ki, biz İranın
Baş konsulluğuna gedərək İran Siyasi
Mühacirlər Cəmiyyəti
adından ölkəyə
qayıtmaq istəyimizi
bildirdik, bunu da dedik ki, bizim sıralarımızda 4 min yüksəkixtisaslı
mütəxəssis var və
belə şəxslərə
də bu gün İran ehtiyac duyur. Konsul bizim
yoldaşları heç
xoş üzlə qarşılamadı, dedi
ki, guya sizə İranda çətin olacaq, çünki siz kommunist partiyasının
hakim olduğu ölkədə
yaşamağa alışmısınız.
Hətta bura qədər gəlib çatdı ki, öz şəxsi narahatlığını
ifadə edərək
"Siz iranlı siyasi mühacirlər vətənə qayıtsanız,
beşinci kolonu doğura bilərsiniz"
dedi.
Heydər
Əliyev xəbər
alanda ki, qohumlarınızla
əlaqə saxlayırsınızmı,
Cəfər Müciri
deyir ki, çoxumuz Tehranda olan qohumlarla
telefon əlaqəsi saxlayırıq. Əlavə
edir ki, son 32 ildə
ilk dəfə qardaşımla
telefonla danışdım,
o söylədi ki, Təbrizdə
bizim İrana qayıtmağımızı tələb
edən bir neçə komitə yaradılıb. Bu komitələrdən
birinin buraxdığı
"Azərbaycan" qəzetində
redaksiya məqaləsi
də dərc edilib.
Onun sözünə Qulu Xəyyami qüvvət verir ki, mən Tehranda yaşayan oğlumla danışırdım.
Dedi ki, sizin vətənə qayıtmaq
haqqında ərizəniz
bir neçə dəfə radio və televiziyada oxunub, "Keyhan" qəzetində də çap olunub. Oğlum da məndən soruşur ki,
nəhayət, nə
zaman qayıdırsınız?
Heydər
Əliyev onlara yol göstərir: "Zənnimcə, bu gün siz 2 istiqamətdə işləyə
bilərsiniz. Birincisi rəsmi xətdir. Moskvadakı İran səfirliyinə,
Bakıdakı İran konsulluğuna
müraciətlərinizi artırın.
İndiyədək etdikləriniz
kifayət deyil. Burada gərək daha yekdil, daha
mütəşəkkil hərəkət
edəsiniz. Hər gün Xomeyninin, Bazərqanın ünvanına
teleqramlar, məktublar
yollamaq, qəzet-jurnal
redaksiyalarına mütaciət
etmək, İranın
diplomatik nümayəndəliklərinin
qapısını döymək
lazımdır. Eyni zamanda, sizin fərdi qaydada da getmək imkanınız
var. Açıq fəaliyyət
göstərməlisiniz, həm
də siyasi xadim kimi yox,
haqlı olaraq vətəninə qayıtmaq
istəyən iranlılar
kimi tələb etməlisiniz. Sizdən gedənlər nə qədər çox olsa, sizin İran Azərbaycanında mövqelərinizi
möhkəmləndirmək imkanlarınız da bir o qədər çox olacaqdır. İkinci yol isə daha
az rəsmidir. Öz tanışlarınızdan,
qohumluq əlaqələrinizdən
istifadə edin. Onların vasitəsilə
İran ictimaiyyətini mübarizəyə
qaldırın, bu mübarizəyə mətbuatı,
radio-televiziyanı qoşun.
İctimai fikrin təzyiqi ilə bu məsələni həll etməyə məcbur qalacaqlar. İctimai rəyin nəhəng təsir gücü var".
Mövzuların ən həssası
- milli məsələ üzərinə
gələrək Heydər
Əliyev ayrı-ayrı
şəxslərin Təbrizdə
Azərbaycan Demokrat Firqəsini bərpa etmək yolunda təşəbbüslərinin olduğu, bununla əlaqədar İXP ilə
danışıqlar aparılması
barədə məlumatların
çatdığını söyləyərək bunu
təqdir edir, İran
Azərbaycanında milli oyanışın
başlanması kimi mənalandırır: "İndi sizin əsas vəzifəniz bu prosesin inkişafı və dərinləşməsinə
nail olmaq, ölkənin
milli-vətənpərvər qüvvələri ilə
sıx əməkdaşlıq
etməkdir. Yəqin
ki, 2-3 aydan sonra sizlərdən çoxunuzun
vətənə qayıtmaq
imkanı olacaq, hər şey ona doğru gedir ki, hökumət repatriasiyaya razılıq verməyə meyillidir. Ancaq özünüzü
arxayın etməyin
ki, gəlmişik, başlayaq
ADF-nin nümayəndələri
kimi işləməyə.
Gərək orada sizi etiraf etsinlər.
İbrahimi artıq Tehrandadır, tezliklə Lahrudi və digər yoldaşlar da gedir. Özünüzçün
bir sistem işləyib hazırlayın.
Hər gedənin müəyyən yükü
olmalı, bəlli tapşırığı olmalıdır.
ADF İranda öz adı ilə fəaliyyət göstərməlidir.
Bu, sizin ətrafınıza
daha çox adamları cəlb edəcək.
Ölkə miqyaslı məsələlər
barədə - kürdlər
həqiqətən milli muxtariyyətə
nail olurlar, türkmənlər
də əldə silah hakimiyyətə qarşı qalxır. Azərbaycanda hələ sakitlikdir. Bu nə ilə əlaqədardır?
1946-cı ildə milli azadlıq
hərəkatını boğandan
sonra şah İran Azərbaycanında böyük
iş aparıb, oranı özünə daha sadiq "Sazman-e Əmniyyət"
əməkdaşları ilə
doldurub. Ona görə
də xalq hərəkət edə bilməyib. O, qorxudulub, çünki bir dəfə artıq inqilabi dalğadakı çıxışlarda əli
yanıb. Şəxsən
mənə elə gəlir ki, Azərbaycan xalqı hələ oyanmayıb, gözləyir.
Ancaq bəlkə də bu, yaxşıdır
ki, İran Azərbaycanında hələ muxtariyyət adına hərəkətlər
yoxdur. Nəzərə
almaq lazımdır
ki, şah kimi, Xomeyni də, Bazərqan da azərbaycanlıların
baş qaldırmasından
çəkinirlər. Həmin
səbəbdən də
biz onları hürkütməməliyik,
daha yaxında olan vəzifələri həll etmək lazımdır. Belə hesab edirəm ki, inqilabın indiki mərhələsində milli muxtariyyət
verilməsini tələb
etmək, illah da silahdan yapışmaq doğru deyildir. Bu, fayda gətirməz, İrandakı şahpərəst
qüvvələri də
dirçəldər. Sovet
və İran Azərbaycanının
birləşməsi haqda
söz ola bilməz.
Bu, bizim bütün səylərimizin beşikdəcə
axırına çıxa
bilən zərərli
fikirdir. Zavodların, fabriklərin, qəzet-jurnalların,
mədəni-maarif müəssisələrinin
sahibləri ilə işgüzar əlaqələr
qurun, onlardakı milli
hissiyyatı oyadın,
onların dəstəyini
qazanın".
Heydər
Əliyev ölkədəki
namüəyyənlikdən, zəiflikdən yararlanaraq
Güney üçün
daha artıq qazanclara nail olmağa,
milli dil, milli özünüifadə
məsələlərini daha
fəal qaldırmağa
dəvət edirdi.
Hiss edirdi alov üstündəki
İran qazanı ilə
bacardıqca ehtiyatlı
davranaraq irəliləmək
lazımdır ki, bu zəlzələli zaman kəsiyində
millət acılar və itkilərdən mümkün qədər uzaq düşsün.
Dinləyənlər hamısı güneylilər idi. Hamısı köhnə inqilabçılar, yol keçmiş adamlar. Ancaq onlar öz
yolları haqda bir quzeylinin - Heydər Əliyevin söylədiklərini dərs
kimi, fəaliyyətə
rəhbərlik olaraq qəbul edirdilər. Oxuyuram Heydər Əliyevin indi xeyli uzaqda qalmış
1979-cu ilin martındakı
həmin Cənub düşüncələrini və
onun doğma səsini lap yaxından eşidirəm. Və bu sözlər hələ uzun müddət təzə qalacaq, yol nişan
verəcək, yanılmamaq,
büdrəməməkçün əldən tutacaq. Qulaq asılmalı səslərə biganə
qalmayanların ayağını
daş əzməz.
11 iyul 2023
Rafael HÜSEYNOV
525-ci qəzet.- 2023.- 13 iyul. S. 10-11.