Qarabağın qələmi:
Aqil Abbas
("Ədəbi
portretlər" silsiləsindən)
O, yalanı inkar edən, gerçəyi qoruyan və təsdiqləyən
qələm sahibidir.
O, xalqımızın dəyərli
mədəniyyət varlıqlarından,
üzdə olan həqiqətlərindən biridir!
Belə söyləməyə
haqqım var; çünki
heç də qısa olmayan 70 illik ömrün nə az, nə
çox, başabaş
52 ilinə şəhadət
vermək şansına
malik Aqilsevərlərdən biri də mənəm...
Və aradan yarım əsr bir ovuc
su misalında axandan sonra, ilk dəfə onun keçib gəldiyi, indi də hərarətlə
davam edən yaradıcılıq yolu barəsində düşündüklərimi
bölüşməyə qərar vermişəm, başqa sözlə, belə bir mənəvi,
ədəbi borcun zəruri təhriki altındayam.
(Əvvəli ötən saylarımızda)
O əsər təsirlidir ki, oxuyanın
qəlbində, şüurunda
yeni, heç zaman müşahidə
eləmədiyi düşüncələr
panoramı yaradır.
Əslində, bu, yazıçı missiyasına
daxil olan ədəbi-estetik tələblərdən
biridir. "Qiyamət
gecəsi"nin nəinki
başabaş nəsr
strukturu, həm də bu struktura
aid hər bir bədii detal özünə müqabil
düşüncə imkanı
yaradır. Yığcam
bir əsərdə isə belə detallar, yalan olmasın, "Səfillər",
"Hərb və sülh" masştabında
hüdudsuzdur. O çovğunlu
gecənin qarı-buzu
üstündə xəstə
ürəkli, çallaşmış
kişinin (bəlkə
də o çovğunlu-qarlı
gecənin içindəki
bütün insanlardan
ən salamat ürəkli
kişinin!) atdığı
hər bir titrək, sürüşkən,
tərəddüdlü addım
ləyaqət qoxuyur.
Bu kişi ölümün
kəndarına ona
görə ayaq basır ki, yeridiyi yol onu atasına,
anasına, uşaqlığına,
gəncliyinə, sözün
qısası, insana nə zamansa qismət olan və nə yazıq ki, həmişə
də keçmişdə
yuvalanan xoşbəxtliyə
aparır. Yurda aparır, Ağdama aparır! Qoy Ağdam lap cəhənnəmin
isti bucağında olsun! Təki yol ora aparsın!
Əlbəttə, belə
bir əqidə heç bir halda xəstə hünəri ola bilməz.
Epizodlar,
detallar, yuxu xaosu. Yalnız eşqırmaqla genələn
"qulunc olmuş ürək", nəğmə
müəllimi Ramella,
on il bir partada oturduğu, indi isə həyatın və illərin tanınmaz hala saldığı Səmayənin
redaksiyaya gəlib ona bir zamanlar
çəkilmiş kollektiv
şəkil bağışlaması,
Xəlil Rzanın Leninin portretini divardan qoparıb bir kənara vızıldatması, Şahmar
Əkbərzadə və
rəhmətlik Məhəmməd
kişidən ibarət
nümayəndə heyətinin
Məmməd Arazın
qapısına elçiliyə
getməsi, Sabir dayının
həyatda salamat qalmağı
və ya vəfat müəmması...
bu və digər bədii detallar üzərində kifayət qədər dayanmaq, sənətkarın
doğal, yetkin yazı tərzi barədə təəssüratları
bölüşmək olar.
Amma bəribaşdan da söyləmək
mümkündü ki, A.Abbasın ədəbi
mətnlər silsiləsinin
magik təsir gücü, mükəmməl
bədii ifadə məziyyətləri dərin
və əhatəli təhlil aparmaq üçün haqlı əsaslar yaradır.
Sözügedən əsərin iki
prozaik-psixoloji detalı
isə yazıçının
ustad səviyyəsini
parlaq şəkildə
isbatlamaqdadır.
Birinci epizod (epizodlar) kiçik qardaş Könüllə bağlıdır.
Aqil uzun illər öncə, faciəli şəkildə qardaş
itirib. O, tanıdığım
elə nadir insanlardandır
ki, onun üçün
müqəddəs varlıqlar
kimi, müqəddəs
yoxluqlar da mütləq
şəkildə canlıdır
və bəlkə də əbədidir. Aqil komada ikən o dünyadakı Ağdama (viranəliyə), o dünyadakı
valideynlərinin yanına
"yollansa da", axı
həqiqətən 30 il çəkən
işğal illərinin
hər ayı, hər həftəsində
Ağdama yollanmaq əziz, doğma insanların ruhu, nəfəsi ilə təmas qurmaq Aqil Abbasın həyatının
mənası olmuşdur.
Və bu qeyrət, namus, təpər çağırışı
ilahidən gələn
bir ün kimi bu dəfə
də onu oralara haraylamışdı.
O qarlı-çovğunlu qış
gecəsinin tən ortasında ata-anayla görüşdən, dünyanın
ən dadlı təamı olan, ana əlləriylə bişirilmiş
çığırtmadan doymayan
əzabkeş kişini
kiçik qardaş az qala düşmən
nifrətiylə doğma
ocaqdan qovmağa qalxır.
"-
Qaqa, nə vaxt gəlmisən?
- Bir az olar.
- Hardan gəlirsən?
- Bakıdan.
Balaca qardaş yenə fikrə getdi. Bu dəfə öz saçlarını qarışdırdı,
sonra, yenə barmaqlarını onun üz-gözündə, saçlarında,
dodaqlarında gəzdirdi.
Daha sonra üzünü qoydu böyük qardaşının
üzünə, xeyli
belə dayandı, sonra atasını qucaqlayıb üzünü
qoydu atasının üzünə, getdi təəccüblə onun
hərəkətlərini izləyən
anasına tərəf,
onu da qucaqlayıb üzünü söykədi
üzünə.
Atası:
- Ay oğul, bir de görüm nə olub axı?
Cavab vermədi, çünki nə olduğunu hələ ki, heç özü də bilmirdi. Qayıtdı yenidən onun üstünə, əl atıb biləyindən yapışdı və
var gücüylə dişlədi,
sonra təəccüblə
ona baxdı, gördü ki, qardaşı
yenə heç nə hiss eləmir.
Anası:
- Ə, səfehin biri səfeh, uşağın
biləyini niyə qopardırsan?
Anasının sözünə əhəmiyyət
vermədi. Onun biləyini bir az da bərk dişlədi, gördü
ki, yenə heç nə hiss eləmir.
- Qaqa, əlimi niyə dişləyirsən?
Balaca qardaş cavab vermədi, bu dəfə lap var gücü
ilə onun biləyini dişlədi və birdən dizi üstə düşüb:
- Oy,
Allah! - dedi və necə bağırdısa
hamsı səksəndi.
Sonra üzüqoylu döşəməyə
düşüb hönkürməyə
başladı..."
"Balaca qardaş başını qaldırıb
heç kimə baxmadan və heç bir sualı da eyninə almadan siqaretini çəkib qurtardı, kötüyünü də
külqabıya deyil, yerə atdı, sonra möhkəm-möhkəm
ayağı ilə siqaretin kötüyünü
tapdaladı və qalxdı ayağa. Onun divardan asılmış
kürkünü götürüb
atdı üstünə
və ötkəm bir səslə dedi:
- Geyin!
- Niyə?
- Sənə deyirəm geyin!
Bu dəfə atası soruşdu:
- Niyə, bala?
- Sən qarışma, kişi. Geyin!
- Qaqa, axı niyə?
- Sənə deyirəm geyin!
- Tutalım geyindim, sonra?
- Sonra da hardan gəlmisən, düz ora.
- Nədi, yoxsa məni qovursan?
- Hə, səni qovuram.
- Getməsəm?
- İt kimi döyə-döyə
qovaram..."
Aqil Abbas zarafatı həqiqət qədər sevir... məzə üçün
belə deyək, əgər kiçik qardaş o qarlı-çovğunlu
gecədə böyük
qardaşını ata
ocağından zorla qovub çıxartmasaydı,
indi bizim Aqil Abbas adlı nə yazıçımız, nə
dostumuz vardı, orda, Ağdamın hansı bir məzarlığındasa, o dünyada
peçə odun qoyur, ruhlarla bir yerdə toyuq çığırtması
yeyirdi. Mən bu şərt cümləsiylə ədəbi
mətni dəyərləndirmir,
sözün müstəqim
mənasında bunun belə ola biləcəyini
düşünürəm. Sözün açığı,
belə bir təlaşlı, qorxu saçan əsəri yazmağın özü də, insanın həyatı baxımından
təhlükəlidir, onda
qalmış müəllif
saf, tərtəmiz ürək xəstəsidir.
Aqil Abbasın "Evləri köndələn yar", "Batmanqılınc" əsərlərindən
başlayan yurda, kökə, nəsil-nəcabətə,
milli mənəviyyata, Qarabağa
fanatik (mütləq şüurlu) sevgisi, vətənə məhəbbət,
mərhəmət duyğusu,
torpağa qurban olmaq ehtirası "Qiyamət gecəsi"ndə
bir insanın taleyi, bir ömrün
yarım sutkalıq kəsimində nəinki Azərbaycan, ümumdünya
nəsrinin yüksək
meyarlarına uyğun
şəkildə, kamil
bir ustalıqla qələmə alınmışdır.
Haqqında danışacağıma söz verdiyim digər epizodu isə, etiraf edirəm, göz yaşına boğularaq bura köçürürəm:
"Onlar özlərini yetirəndə Əzrayıl
işini qurtarahaqurtardaydı.
Rauf həkim tələsik
onun başını yerdən qaldırdı, üz-gözünün qarını
təmizlədi və
bir an duruxdu:
- Hanı, ə, Aqil? Bu ki Məhəmməd
dayıdı.
Eynur da təəccüblə əlini
onun bomboz sifətində gəzdirdi
və yavaşca dedi:
- Qorxub deyən karıxıb.
Balaca qardaş bağırdı:
- Ə, nə Məhəmməd dayı? Korsunuz? Görmürsünüz Aqildi!
Və onlar neçə ildə görmədikləri
və əslində də artıq elə Məhəmməd dayılarına çevrilmiş
(!!!-V.B) dostlarını
indi tanıdılar"
Bir də təkrar edirəm, təsvir dəqiqliyi, təbiilik, təsirli mövzu və detalların seçimi, sözə can
yanğısı, təbii
ki, yazıçının bütün əsərlərindəki
uğuru təmin edən tərtəmiz bədii dil faktoru "Qiyamət gecəsi"nə həm
müəllifin yaradıcılığında,
həm də çağdaş nəsrimizdə
məxsusi yer, mövqe qazandırır.
Vaqif Yusifli son 60 ildə əsasən milli ədəbi
prosesi bir ədəbi xronoqraf qismində izləyən, demək olar ki, ədəbiyyatımızda kim
varsa, kim gəlib getmişsə, hamısını ədəbi-tənqid
prizmasından qeydə
alan tənqidçidir.
O, Aqil Abbasın əsərləri
barədə də bir neçə dəyərli məqalə
yazıb. Adaşımın
əməyi baxımından
deyirəm, bu ağır işin bir cəhəti var; bəzən ədəbi mətnlərin fantastik həcmi, imza bolluğu təhlil imkanlarına bu və ya digər
dərəcədə təsir
edir, bütün təfərrüatların qələmə
almasına ən azı fiziki güc yetmir. Mətləbə keçirəm;
fədakar tənqidçimiz
məqalələrinin birində
Aqilin "Qiyamət gecəsi", "Qapqara uzun saçlar" povestlərini müəllifin
uğurlu əsərlərindən
hesab etməsək də..." - deyə fikir bildirir. Hansı ki, Aqil Abbas, zaman-zaman içində,
xəlbir saman içində,
hansısa bir müxbirə müsahibə
verib söyləyir
ki, "Qiyamət gecəsi"
və "Qapqara uzun saçlar"ı yazmışam, bunlardan sonra heç yazmasam da olar. Mənim bu qeydimdən sonra adaşım - Vaqif Yusifli hansı
mövqedə qalır
qalsın, bu, yazıçının içindən
gələn səsdir!
Bəlkə də yazıçı qələm
dostunun burada xatırlanan rəyindən
də xəbərsizdi.
Çünki Aqil də
bizim doğma ədəbiyyatımızda ədəbi
mafiyanı havayı zəhmət sayan ədiblər sırasına
daxildir. Onun üçün ortada olan, özünün inandığı mətn
əsasdır.
Yeri gəlmişkən, dünya
şöhrətli yazıçı
Jan Pol Sartr, Alber Kamyudan danışır, deyir ki, "Çöküş"
Kamyunun ən anlaşıqlı və ən gözəl romanıdır. Bu, böyük
Sartrın fikridir. Dərhal müdaxilə edilməlidir, ən dahi insanların da hər hansı bir sənət əsəri barədə fikri doqma deyil,
rəy inkar oluna, yaxud daha
üstün səviyyədə
inkişaf etdirilə bilər. Biz üstün səviyyə iddiasında
deyilik, amma gəlin baxaq, məgər yaradıcısı
A.Kamyu olan
"Yad" ən anlaşılan
və ən gözəl roman deyil? Məgər "Taun" romanının hər sözünə, hər cümləsinə hopmuş
insaniyyəti, az qala mütləq humanizm panoramını yaratmaq həmişəmi və hər yazıçıyamı qismət
olur? Fikrimcə, "Çöküş" bütün
bədiyyat energetikası
nəzərə alınmaqla
həm fəlsəfi,
xüsusilə bədiyyat
və süjet dinamikası baxımından
"Yad"ın və
"Taun"un kölgəsində
qalan bir əsərdir və yenə fikrimcə, Aqil Abbasın "Qiyamət gecəsi" romanı bu əsərə qədər ona məlum olan və bu əsərdən
sonra yazılacaq bütün ədəbi mətnlərinin sağlam
nüvəsini təşkil
edir. Yazıçının
digər əsərlərinin
hər birində
"Qiyamət gecəsi"ndən
nəsə var.
Bax belə... hekayələri,
"Evləri köndələn
yar", "Günah", "Ən xoşbəxt adam" (sıralanma şərtidir) povestlərini
yazaraq öz içinin qabarma və çəkilmələri
ilə çarpışan
yazıçı yaradıcılığının
ilk dövründə, hələ
mənfur müharibədən
əvvəl dəstəyindən
yapışdığı "Batmanqılınc"la təbii
ki, kifayətlənmir, bu
dəfə həqiqətən
və aşkarca od-alovun, cəhənnəm atəşinin içinə
girir.
5. Odun, alovun içində
Müharibə mövzusunda bədii
əsər qələmə
almaq, qanlı mücadilənin dolğun
ədəbi təcəssümünə
nail olmaq, bu məramlı yazını
təqdim və təlqin edib oxucuya sevdirmək məqsədi... ən yeni
tarixin ədəbiyyat
cəbhəsində az
sayda yazıçı üçün
cəlbedici olmuşdur.
Təcrübə bunu
göstərir.
Amma bununla belə,
müharibə həyat
hadisəsidir. Həyat
hadisəsi və insanın ədəbiyyat predmeti olmağı səbəbindən dünya
ədiblərinin hərb
mövzusuna hansı dərəcədəsə laqeyd
qaldıqlarını da söyləyə
bilmərik.
Bir çox yazıçı
şəxsən müharibənin
içindən keçəndən
sonra, bir başqası müharibənin
üstündən illər
keçəndən sonra
qələmə sarılıb,
ortaya savaş meydanının real mənzərələrini
bədii ustalıqla canlandıran şeirlər,
poemalar, hekayələr,
povestlər, romanlar qoya bilmişlər: Lev Tolstoyun
"Hərb və sülh", Ernest Heminqueyin
"Əcəl zəngi",
"Əlvida, silah",
Erix Mariya Remarkın "Qərb cəbhəsində yenilik
yoxdur", "Üç
yoldaş", Nazim Hikmətin
"İnsan mənzərələri"
(qismən həm də müharibə) və bir çox
şeirləri, Rəsul
Rzanın "Min dörd
yüz on səkkiz",
Mixail Şoloxovun
"İnsanın taleyi",
"Sakit Don", Sergey Smirnovun
"Brest qalası", Əbülhəsənin
"Müharibə", Hüseyn
Abbaszadənin "General", İsa Hüseynovun "Saz",
"Tütək səsi",
Həsən Seyidbəyli
və İmran Qasımovun
"Uzaq sahillərdə",
Sabir Əhmədlinin "Axirət
sevdası", "Ömür
urası", Yusif Səmədoğlunun "46-cı ilin oyunları", Elçinin "Bayraqdar"...
uzaq və yaxın illərdə oxuduqlarımın, indi yadıma düşənlərin
bir qismidir. Dünya ədəbiyyatında
tanınan bir sıra tarixi-ədəbi əsərlərin də səhifələrini haqlı,
haqsız savaşların
qanı qızardır.
Şübhəsiz ki, sözügedən çərçivədə dünya
miqyasında yazılmış
əsərlərin əksər
hissəsindən xəbərsizik,
çünki yer üzündə müharibənin
toxunub sinsitmədiyi ölkə, xalq yoxdur, deməli, saysız-hesabsız əcnəbi
dillərdə bizim
xəbərsiz olduğumuz
əsərlər mövcuddur.
Milli ədəbiyyatımızın məsələ ilə əlaqədar nail olduğu
yekunlar isə adbaad sayılacaq qədər istisnaları çıxmaqla, nə yazıq ki, təəssüf
doğurur. Tam otuz il ərzində Azərbaycan
xalqının ədalətsiz
təcavüzlə (ədalətli
təcavüz olmur!) üzləşdiyi faciəvi
bir dövr ərzində "yazılanları"
kağız hesabıyla
Azərbaycanın səthinə
sərsək, göz aldadan, amma ələ
gəlməyən hüdudsuz
ilğım boşluğu ilə
üzləşərik. Çünki
bu cızmaqaraların
yüzdə yetmişi
ucuz məqsədlə,
konyuktura qəstiylə
şötdələnib. Qeyri
peşəkarlıqdan qaynaqlanan
sxematizm, primitivlik bu nazik, qalın
kitabları mokulaturaya,
"qeyri-kafiyə" layiq
şagird inşasına
çevirir. Bu "əsərlərin"
düşük səviyyəsi
şəhidlərin, qəhrəmanların
ruhuna tamamən yaddır. Hələ bu azmış kimi, hansısa layihədən çırpışdırılan
pul, adıbilinməz
sponsor vəsaiti hesabına
hasilə gələn
qlamor kitabların haylı-küylü təqdimatları
keçirilir, haqlarında
palaz-palaz məqalələr,
rəylər çap
olunur. Belə yanaşma tarixi həqiqətlərin təhrif
olunmasına meydan açmaq deməkdir. Belə hala qətiyyən yol vermək olmaz.
Yenə
də deyirəm, ellikcə hər nə var, üstündən
xətt çəkməyə
nə səlahiyyətimiz
var, nə də haqqımız çatır.
Yaxşı onsuz da yaxşıdır. Bütün
hallarda tarixi, milli-mənəvi mövzular sırasında Vətənin,
ölkənin cəlb
olunduğu hərb savaşındakı mürəkkəb
həqiqətləri qələmə
almaq haqqı istisnasız olaraq bu fəlakəti qəlbən və cismən yaşamış
yazıçı, şair
və publisistlərə
məxsusdur.
Bizim
Aqil Abbasın yaradıcılığında
millətin, xalqın tarixi taleyi, bugünkü reallığı,
gələcəyə ümidləri
ön və iri plandadır. Nədən ki, əgər
illərlə Vətənsiz
qalsa, ömürlük
qürbətə düşsə,
yenə də Aqil Abbasdan Vətən varlığını qoparsaq,
yerində heç nə qalar. Elə ondan götürün ki, bu yazıçının yaradıcılığı
otuz il ərzində dərd içində qovrulan Vətənin bədii-publisistik səlnaməsidir!
Dəlil-sübut əlimizin altındadır.
Öndə təhrif olunmayan gerçək tarix - "Batmanqılınc",
sonra tənqidçilərin
(T.Əlişanoğlu)
trilogiya adlandırdığı
"Çadırda Üzeyir
Hacıbəyov doğula
bilməz", "Qarda
açan qan çiçəyi", "Dolu"
əsərləri. Heç
düşünmədən "Allahı qatil edlənlər" ("Günah"ın
mənəvi əkizi)
romanını da bu üçlüyə qatıb
sayı dördə çatdırmaq olar. Neynək, qoy kvartet olsun! Tarixi kvartet - dərdi səsləndirən
kvartet!
Aqil Abbasın yuxarıda adları sadalanan əsərləri barədə
nisbətən çox
yazılıb, həm
ayrı-ayrı məqalələr
şəklində, həm
də müharibə mövzusunun təhlilini verən ədəbi xülasələrdə. Bu sıradan
Vaqif Yusiflinin, Tehran Əlişanoğlunun, Nizami
Cəfərovun, Cahangir
Məmmədlinin, Rəşad
Məcidin, Rahid Uluselin, Nizaməddin Şəmsizadənin, Nərgiz
Cabbarlının, Elnarə
Akimovanın, Əsəd
Cahangirin, Əbülfət
Mədətoğlunun və.
d. ədiblərin yazılarını
qeyd etməyə dəyər.
Əgər müharibə, qaçqın-köçkün
mövzusunda yazıçının
yaratdığı kvartet
dediyimiz əsərlər
silsiləsini ötən
əsrin sonunda -
1995-ci ildə oxucuların
ixtiyarına verilən,
Ağaməhəmməd Şah
Qacar, Məhəmməd
bəy Cavanşir kimi tarixi şəxsiyyətlərin
döyüşkən və
faciəvi obrazlarını,
XVIII əsr Azərbaycan,
Qarabağ mühitini ədəbiyyat tariximizdə
demək olar ki, ilk dəfə tarixi gerçəkliyə, tarixi
həqiqətə əsaslanaraq
canlandıran "Batmanqılınc"
romanının ədəbi
varisləri saysaq, məncə, bu, ədalətli yanaşma olar.
Aqil Abbas hardasa işğalın on
ilinin tamamında yeni yüzilliyə, XXI əsrə
"Çadırda Üzeyir
Hacıbəyov doğula
bilməz" povesti ilə başlayır. Əsər 2000-ci ildə
kitab halında işıq
üzü görüb.
Yeni qəhrəmanı Müəllimlə,
nasirin ötəki əsərlərindəki gənc
jurnalist ("Ən xoşbəxt adam"), Ziyəddin ("Günah")
arasındakı üzvü
bağlılıq aşkar
görünür. Yaş
fərqinə, yaşadıqları
mühitlərin zaman aralığına
baxmayaraq, onların hər üçünün
adını darıxan
adamlar sırasına yaza bilərik. Sifdəki iki insanın darıxmağının
səbəbi həm qlobal obyektiv, həm də fərdi subyektiv amillərdir. Bəli, mühit boz, cəmiyyət arzuolunan deyil; məramsızlıq,
kasıblıq, ədalətsizlik,
hər kəsin odu öz qabağına
çəkmək düşüncəsi
hamını sıxır.
Onda qalmış yeniyetməlik və gənclik dövrünün
keçidlərində özlərinə,
arzularına yer tapmayan xoşbəxt adam və Ziyəddin
kimi həssas fərdlər ola...
Lakin Müəllimi darıxdıran,
onu dərsdən, məktəbdən, həyatdan
küsdürən səbəb
- amil tamamilə fərqlidir.
O, sözün bütün
mənalarında məğlubiyyətə
düçar, alçaldılan,
ən adi insan hüquqlarından məhrum, buz kimi soyuq, atəş
kimi qaynar çadırlara doldurulmuş
uduzan, namusun, qeyrətin töhmətləndirdiyi
böyük bir elatın, ruh düşkünlüyü yaşayan
xalqın məzlum ünsürüdür. O - tarix
müəllimi dərk
edir ki, dünya güclərinin danışıqlar
platforması heç
bir nəticə verməyəcək.
Otuz il sürən işğal illərində yaranmış
qeyri-humanist mühitdə
intiqam hissinə dolan, kəfənini boynuna dolayıb düşmənin yuvasının
içinə şığıyan,
yükləndiyi qumbaralarla
özünü şəhid,
düşmənlərini məhv
edən kamikadzelər
olmuşdurmu? Hər halda bu və
ya digər anolaji xəbərləri,
yəni ordu sıralarında deyil, məhz xalqın içindən dikəlib düşmən üzərinə
yeriyən adamlar barədə yazıların
bolluğunu görmədik.
Əgər Müəllimin
hekayətinə bənzər
hətta bir hal belə baş
verməyibsə, yenə
də Aqilin qəhrəmanın məhz
həyatdan gəldiyi inkar olunmazdı. Yazıçı məhz
bu əsərdə
ilk dəfə bədii
ifadə vasitələrinin
köməyi və
can yanğısıyla Qarabağın
azadlığının hər
bir vətən oğlunun fərdi qaydada qeyrətə, namusa dolub silaha
sarılmağında, intiqam
aktında görür.
Bu, onun hər gün içində olduğu, yollarda, obalarda dolaşıb təskinlik verdiyi xalqından, yurdundan aldığı sifariş
idi.
Bir il sonra (2001) Aqil Abbas "Qarda
açan qan çiçəyi" povestini
yazdı və bu zaman oxucuya məlum oldu ki, Müəllim tək deyilmiş. Budur onlar, Murov dağının
ən yüksək hissəsində xidmət edən, qarın, şaxtanın amansız pəncəsində donub qəhr olmaq hesabına olsa belə, postu tərk etməyən qəhrəman Azərbaycan
əsgərləri...
Yazıçının əsərə
seçdiyi epiqraf böyük bir fəlakətdən soraq verir, qəhər, qüssə dolu sözlər hər oxunduğunda adamın anasını ağladır,
başda tükü qabardır: "Qız görməmiş sinəsindən
yaralanıb səngərlərdə
qalan 20 mindən artıq şəhidimizin və Hinal dağında
qırılan balarımızın
ruhuna!" Özüylə
bahəm sütül əsgərlərinin - Qara,
Mazandaran pələngi, Bakılı
balası və şairin şaxta, sazaqla deyil, ölümün özüylə
çarpışdığını görən Komandir səngər yoldaşlarının
xilası üçün
döyüşlərdə bişib-bərkimiş canını,
demək olar ki, qurban seçir. Budur, o, neçə yüz metrsə aşağıda dayanmış
düşmənə məxsus
maşına doğru
son güman yeri, sonuncu xilas fürsəti
kimi tələsir. Hücum yarımuğurlu alınır. Yandırmaq üçün əldə
etdiyi, yolun xeyli hissəsini əsir götürdüyü
erməni əsgərə
yüklədiyi təkər
əldən sürüşüb
dərə aşağı
dığırlansa da, az miqdar ərzağı posta çatdıra bilir. Lakin bu qənimət yalnız təsəlli ola bilər,
zülmət gecə irəlidə, şaxta sümüyə işləyir.
Erməni əsirlə
yalnız on beş qardaş sovet respublikalarının vətəndaşlarına
məxsus ləhcədə,
rus dilində danışıqlar, əsirin
heç bir qarşılıq gözləmədən
yalnız insaniyyət
hissinin diktəsiylə
azad edilməsi, Lyonikin yardım təklifinin rəddi, belə epizodların sona yetdiyi məqamların
ardınca isə yeniyetmə əsgərlərimizin
açıq-aşkar donub
tələf olması
yazıçının haray
çəkən, yanıb-yaxılan
qələmi ilə mərd oğulların nakam taleyini əbədiyyətə qovuşdurur.
Yol - birbaşa cənnətədir, mələklərin
çiynində. Komandir
az-maz da olsa hərarət, istilik yaratmaq, od əldə etmək üçün avtomat silahın taxta qundağını da
qayada parçalayıb
atəşə yaxır.
Amma əfsus! Ölüm
kabusu, əcəl yuxusu hər əsgəri bir başqa cür aldadır.
Pələng yuxuda Sərnivaza
tərəf uçur,
həmişə futbol
oynayanda pəncərədən
boylanıb gözünü
ondan çəkməyən
Sərvinaza sarı...
Şairi
kənd çəkir,
guya müharibə bitib, əsgər yoldaşları kəndə
gəliblər, balıq
tutmağa gedir - qarmaqda balıq suyun üzünə qalxır, balıq heç zaman əllə toxunmadığı qız
məməsi kimi yumşaqdır, həm də sürüşkən,
o yaş balıq əldən sürüşüb
düşən an həyatı
bitəcək...
Bakılı balasının şaxtalı,
çovğunlu röyasında
isti yay günüdü,
onun fiziki varlığının son qətrələrini
Xəzər dəryası
çəkib aparır.
Və son əlac, mümkünsüz xilas adına komandirin əsgərlərin hər
birinə tək bircə yalvarışı
var: qurban olum, yatma!
Aqil Abbas nəsrinin təsir gücü, sehri məhz bu sayaq bədahətən
gələn bədii,
insani hissiyyatlardadır.
Onun nəsrinin özəlliyi ondadır
ki, o, bədii mətləbin
fövqünə yüksəlib
heç bir maneə, qınaq hiss etmədən azərbaycanlı
və erməni əsgərini hələ
XX əsr bitər-bitməz,
salamat qalmağa hardasa
güman yaradan eyni ocağın başına, demək olar ki, sürüyüb gətirir, milli mənsubiyyət
tanımayan ağrı-acını
tərəfsiz humanizm
bucağından təsvir
edir.
Fəqət, tüfəng qundağının
sonuncu işartıları
da kül oldu... və kimin türk,
kimin erməni olmağı şaxtanın
- ölümün heç
vecinə də deyil... Komandirin dediyi olmuşdu. Qara sağ qalmışdı.
İndi həqiqət öz
yerini tapır. Qaranın sağ qalmağı yazıçıya
Qaranın diliylə cəmi on-on iki il sonra baş tutacaq Qarabağ zəfərinin qeybdən gələn ayələrindən
ibarət monoloqunu, müjdəsini yazmaq imkanı verir.
Qara Komandirin dəfnində, onun buğlanan torpağı önündə
yalvarır:
"- Komandir, dur ayağa! Dur ayağa, komandir! Nə olar, dur ayağa. Sənə qurban olum, balalarına
qurban olum, dur ayağa! Bəs bizi Şuşaya aparacaqdın, bəs Şuşaya bayraq sancacaydıq?!
Əlini
qoynuna atıb üçrəngli müqəddəs
bayrağı çıxartdı
və sarıdı başdaşına...
- Gətirmişəm bayrağı,
komandir! And içmişdin
axı. And içmişdin
ki, bu bayrağı Cıdır düzünə
qaldıracağıq. Nə
oldu, komandir? Dur, apar bizi Şuşaya. Şairin xətrinə, Mazandaranın xətrinə,
mənim xətrimə
qalx! Şuşanın
xətrinə qalx!.."
(Ardı var)
Vaqif Bəhmənli
525-ci qəzet.-
2023.- 13 iyul. S. 12-13.