Qarabağın qələmi: Aqil Abbas
("Ədəbi portretlər"
silsiləsindən)
O, yalanı inkar edən, gerçəyi qoruyan və təsdiqləyən qələm
sahibidir. O, xalqımızın
dəyərli mədəniyyət
varlıqlarından, üzdə
olan həqiqətlərindən
biridir! Belə söyləməyə haqqım
var; çünki heç
də qısa olmayan 70 illik ömrün nə az, nə çox,
başabaş 52 ilinə
şəhadət vermək
şansına malik Aqilsevərlərdən
biri də mənəm...
Və aradan yarım əsr bir ovuc
su misalında axandan sonra, ilk dəfə onun keçib gəldiyi, indi də hərarətlə
davam edən yaradıcılıq yolu barəsində düşündüklərimi
bölüşməyə qərar vermişəm, başqa sözlə, belə bir mənəvi,
ədəbi borcun zəruri təhriki altındayam.
(Əvvəli ötən saylarımızda)
Molla
Quran oxuyurdu. Amma Qara eşitmirdi bu Quran ayəsini. Qara da öz bildiyi bir ayəni oxuyurdu.
"Apar bizi Şuşaya, komandir! Apar bu bayrağı Cıdır
düzündə qaldıraq,
ay Allah! Ey yeri göyü yoxdan var eləyən! Qaldır komandirimi! Qaldır! Qalx komandir. Bu bayrağın xətrinə,
Şuşanın xətrinə,
o iki gül balanın xətrinə, qalx komandir!"
Və birdən ...
Qəbir
başladı titrəməyə.
Titrədi, titrədi,
başdaşı da titrədi.
Və birdən buğlanan torpaq qalağı ətrafa səpələndi. Komandir
qəbirdən qalxdı.
Başdaşını qucaqlayıb
bütün müqəddəslərə
və Allaha yalvaran Qaranı da başdaşı ilə birgə çiyninə qaldırdı. Və üz tutdu Şuşaya
- çiynində Qara,
Qaranın qucağında
komandirin başdaşı
və başdaşında
da dalğalanan bayraq!"
Əgər, biz Murovda, Hinalın
ən yüksəklikdəki
postunda vətən torpağının ucalığındakı
son mövqeyi tərk etməyib sümüyənəcən
donan əsgərlərin
hekayətindən, tam bir
təsadüf nəticəsində
və elə bu qədər də komandirin onu göz bəbəyi
kimi qorumağına görə salamat qalan Qaranın dilindən püskürdüyü bu
atəşin monoloq bizə sadəlövh görünə bilirdi.
Amma heç bir halda mətndə sadəlövhlük əlamətləri
axtarmağa hacət yoxdur. Çünki yazıçı bütün
əsər boyu məhz bu nitqin
səslənişi, bu
harayın yüksəlməsi
üçün məntiqi,
fəlsəfi, bədii
və hətta, tarixi əsaslar hazırlayıb. Və bilə-bilə, düşünülüb
quraşdırılmış şəkildə yox, Aqil
Abbas şövq-təbiiliyi ilə!
"Qarda açan qan çiçəyi"
bütün əzab-işgəncəli,
ölüm-dirimli, qarlı-çovğunlu
ovqatına baxmayaraq, bizim ədəbiyyatımızda
Qarabağ savaşı
mövzusunda yazılan
elə nümunədir
ki, oradakı yazıçı
niyyəti bir az gec, 15-16 il sonra olsa belə,
həyat həqiqətinə
çevrilir. Artıq
üçüncü ilə
keçir ki, Azərbaycan
xalqının birliyi,
ordumuzun qanından, canından keçməyə
hazır oğullarının
şücaəti, Ali Baş
Komananın dərrakəsi
və qətiyyəti
sayəsində Şuşada,
küllü Qarabağda,
Şərqi Zəngəzurda
zəfər bayrağımız
yüksəlir, dalğalanır!
Bu da müəllifin və çağdaş milli nəsrimizin
inkişafında irəliyə
doğru atılmış,
əsaslı bir addım olan roman, Aqil Abbas
nəsrinin "Dolu"
örnəyi. Əgər
biz "Çadırda Üzeyir
Hacıbəyov doğula
bilməz" povestində
şərə qarşı
mübarizə yolunu seçib canından keçən bir nəfərin, "Qarda açan qan çiçəyi"ndə beş
əsgərin surətlərini
görürüksə, "Dolu"da Qarabağ müharibəsinin iştirakçısı
bütün xalqdır.
Əgər, "Dolu
" romanı barədə
oxucu qismində öz mülahizələrimi
qələmə almağa
girişsəm, indiyə
qədər yazılanların
iki-üç qat həcmini
gözünüzün altına
alın. "Dolu"
barədə xeyli araşdırmalar var. Məncə,
yazıçı da bu
əsərinə digər
hekayə və povestlərindən daha çox güvənir,
roman sarıdan əminliyini
heç gizlədib eləmir də...
Müsahibələrin birində müxbir bəlkə də yazıçını
danışdırmaq xatirinə
şoruşur ki, bu əsəri yazmaq eləmi vacib idi? Aqil müəllim avantüranın qarşısını
özünəməxsus davakarlıqla
alır: - Necə yəni bu əsəri
yazmaq bu dərəcədə vacib
idi? Bu nətəhər
sualdı? Əgər
bu əsəri yazmışamsa, demək,
vacib bilmişəm.
Və bəli, aradan illər keçəndən
sonra yazıçının
"Dolu"su nəinki
vacib əsər, bundan daha çox,
istedadlı nasirin vətəndaşlıq borcu,
vətən naminə
sənətkarın öz
üzərinə götürdüyü
öhdəlik kimi qavranılır.
Ona görə də çox dərinə getmədən müəyyən
qədər "Dolu"ya
dalmağı zəruri
sayıram!
"Dolu",
"Batmanqılınc"dan sonra Aqil Abbasın ən irihəcmli, çoxplanlı romanıdır.
Şaxələnmə o dərəcədə
əhatəlidir ki, digər
əsərlərinin fabulasının
ora-burasından boy göstərən
qaynar təbiətli yazıçının özü
belə "Dolu"nun
dərinliklərində "itib-batır", görünməz
olur. Ümumiyyətlə,
"Dolu" çoxşaxəli
olduğu qədər
də xaotikdir, belə qarmaqarışıqlığın
"suçunu" peşəkar
naqisliklə əlaqələndirmək
yolverilməzdir. Çünki
qeyd olunan məziyyət məzmunun səciyyəsindən, baş
verən fəlakətin
anormal xarakterindən qaynaqlanır.
Əslinə qalanda, hadisələrin bədii təhkiyədə aşırı
emosionallıq, nəbz
döyüntülərinin artıqlığı və
aritmiya yazıçının
digər əsərlərinə
də xasdır. Ziyəddini ("Günah"),
Müəllimi ("Çadırda
Üzeyir Hacıbəyov
doğula bilməz"),
Hinal dağında 5 əsgərin şaxtadan donmaq ərəfəsindəki
təlaşlarını və
sonda Qaranın monoloqunu ("Qarda açan qan çiçəyi") və
s. xatırlayın.
"Dolu" isə, xüsusilə, romanın birinci hissəsi, haray, imdad, fəryaddır!
Elə bir roman ki, orada "həm düşmənlə
apardığımız, həm
də öz içimizdə gedən müharibə" (Elnarə
Akimova) təsvir olunur.
Bədii-üslubi hissiyyat fərqliliyi,
hətta, qəhrəmanların
varlığına, xarakterinə
nüfuz edərək
oxucunun nəzərində
onların (obrazların)
qəribə, təsiredici
mistikasını formalaşdırır.
Məsələn, tutalım,
Komandir, Pələng,
Drakon ("Dolu") kimi fərdləri düşünəndə, yaxud
hardasa onlara rast gələndə adam daxilən elə bil özünü
yığışdırır, guya bu "yonulmayan",
"qaba" adamlar elə indicə sənin içindəki hansısa gizli günah hissindən xəbərdar olacaqlar və səni heç vəchlə cəzalandırmadan buraxmayacaqlar.
Əsas
mətləb üzərinə
qayıdaq. Bir çox
əsərlərin başlanğıcında
ədəbi məqsədin
tələbinə uyğun
olaraq təbii şəraitin, hava durumunun təsviri, adətən, hadisələrin
sonrakı inkişafı
ilə bağlı olur. Bu mənada "Dolu" romanının əvvəlindəki
şiddətli yağıntı,
göydən Allahın
dolusunun tökülməsi
mətnə nahaq yerə daxil edilməyib. Bəli, şiddətli dolu yağır. Yazıçı
fikri baxımından dolu ona görə
yağır ki, bir azdan qaniçən, kafər düşmənin
atdığı qradlar,
toplar, mərmilər Dünyanın Ən Varlı Şəhərinin,
bu şəhərin evlərinin, yollarının,
ağaclarının, sakinlərinin
təpəsinə dolu
kimi ələnəcək!
Düşmən cəhənnəm,
dolu yağmasın neyləsin ki, Dünyanın
Ən Varlı Şəhərində hələ
müharibə başlayandan
da irəli və eləcə də baş verən qəfil fəlakət fonunda insanların bir çoxunun, xüsusilə xalqın imdadına birinci çatmalı olan vəzifə sahiblərinin,
işli-güclülərin, imkanlıların əksəriyyətinin
mənəviyyatında ciddi
çürümə, deqredasiya gedib və sanki, indi göydən şəhərin başına
tökülən güllə,
qəlpə, qrad deyil, Allahın lənətidir!
Romanın birinci hissəsində
süjet xəttinin inkişaf dinamikasını
üç obraz təmin edir: Komandir, Pələng və Drakon!
O Komandir ki, həqiqətən
də qeyrət, namus rəmzidir. Vətən torpağının
nəyin bahasına olur-olsun yağıdan, igid oğlanları nahaq yerə güdaza getməkdən qorumaq, xalqın qüvvəsini səfərbəyliyə
almaq, fərsiz dövlət nümayəndələrini
ara-namusa, insafa çağırmaq və
döyüşmək (!) onun
missiyası, borcudur.
Bir azdan şiddətli
fəlakət dolusu:
"Sambist Eldar"ı gecə növbəsindən qayıdanda
Lenin bağının başında
yaxalayacaq, səhər
batalyonun uşaqları
yanğınsöndürən maşının köməyi
ilə qoca palıdın başından
bədbəxtin parçalanmış
əzalarını zorla
bir yerə yığa biləcəklər.
Bir azdan ölüm yağışı Xanəndə
Baratın xanımını
evinin içində, yuxunun ən dərin yerindəcə cənginə alacaq, ev adamları başlarını itirəcəklər,
bir də Ağcabədi xəstəxanasına
çatanda xəbər
tutacaqlar ki, yazıq qadının sağ qolu Ağdamda evdə qalıb.
Hələ bu harasıdı
- əlinə düşəndən
babat vurmuş Kefli Çapay səhər ayılanda evin ortasına parçalanmamış bütöv bir "dolu" sancıldığını
görüb deyəcək:
- Bunu kim göndərdi,
ə?
Hə, Qarabağın yeyib-içən
oğlanları arasında
bu stoldan o stola hörmət və ehtiram əlaməti olaraq araqdan, şampandan sovqat göndərmək ənənəsi
var.
Kefli Çapay hardan bilsin ki, Dünyanın Ən Varlı Şəhərində böyük
Yaradanın hökmüylə
qradın mərhəmət
göstərib canına
qıymadığı iki
şəxsdən biri
o, digəri isə Seyid Lazım ağadı.
Aqil Abbas qələmindən çıxan
ədəbi mətnlərdə
qəribəlik nadir hal
deyil; ovqat ziddiyyətinə nəzər
yetirək: adam (oxucu) heç bilmir tikə-parça olan, hər əzası bir koldan ələ gələn talesizlərin
dəhşətli qismətindən
hövüllənib yaxa
yırtsın, üz cırsın, bağırsın,
yoxsa Kefli Çapayın o boyda zıppıltını "öz
arşımı ilə
ölçməyinə" qəhqəhə çəkib
gülsün?! Güman
ki, yazıçı sonuncu
epizodu ("- Bunu kim göndərdi, ə?")
"Dolu"ya lətifə
xatirinə daxil etməyib, o, bir dodaqqaçmayla oxucusuna, fəlakətə tuş gələn qardaş-bacılarına
mərhəmət göstərmək,
elnən gələn qada-bəlanı hər necə olsa, azcana yüngülləşdirmək
istəyib.
Və bu həmin Komandirdi
ki, xalqın müqəddəs
Qarabağ savaşının
yaratdığı çıxılmazlıqdan,
dərd-vərəmdən qurtulması
üçün lap cüzi
də olsa əlindən gələn
işi görməyən,
görmək istəməyən,
əksinə, vəzifə
kürsüsü, maddiyyat,
şəxsi mənafe
səbəbindən kələfi
bir az da düyünləyib dolaşığa
salan hər kəsi ittiham edir: jurnalistləri, dövlət adamlarını,
polisi, ordu komandirlərini, oğruları,
möhtəkirləri, ağciyərləri,
hətta bəzən özünü hədəfə
alıb top atəşinə
tutur. Komandir rəsmiyyətdə olmasa
da, felən yetkin hərbi rəhbər, cəsur zabitdir. O, dünyanın ən varlı şəhərinin
stadion ərazisində
hərbi intizamdan nisbətən xəbərdar,
birmənalı olaraq isə təpərli oğullardan, Qarabağ əhlindən döyüşkən
batalyon qurub. Bu həmin Komandirdi ki, şəhəri talayan oğrubaşını bir
müddət irəli
Lenin meydanında gəbərdib,
biləyini də kəsib atmışdı
böyrünə. Məhz
o, əsgərləri döyüş
meydanını atıb
qaçan rəsmi polkovniki hamının gözü qarşısında
güllələyib dəlmə-deşik
eləmişdi. Həmin
bu Komandir qızğın döyüşdə
ağır yaralanmış,
sağalar-sağalmaz 10 il iş
alıb Bayıl türməsinin "sakini"
olmuşdu.
O ki qaldı Drakona yəqin ki, oxucu onun əsir erməni qızın zorlanmağının qarşısını
alması və həmin bu Drakonun
At Belində Olan Adamın başına gətirdiyi rüsvayçı
epizodlarını xatırlayır.
Drakona görə, əsgərlərin püskürən
intiqam hissinə rəğmən, biz əsir
düşən erməni
qızına qarşı
ermənisayaq yırtıcı
xislətlə davrana bilmərik, çünki
biz erməni deyilik, türkük. At Belində
Olan Adam isə azərbaycanlı
olsa da, ağır
cəzaya layiqdir, ona görə ki, o, Musanın anasının kəsilmiş ayağının
müalicəsi üçün
lazım olan min manatı geninə-boluna imkanı müqabilində
qıymamışdı. Cəza
isə qarabağlı
anlamında ifrat dərəcədə sərt
olmalıydı; At Belində
Olan Adam camaatın gözü
qarşısında şalvarını
çıxartmalıydı!
Rayonun yeddi yana yeriyən
adamının düşdüyü
rüsvayçı duruma
etiraz edən batalyon yoldaşı Pələnglə çəpləşib
onu öz əli ilə öldürəcəyinə and içən Drakon! Ağzından süd iyi gələn (qan iyi yox!)
Pələngin məhlədə
forslanmaq naminə qonaq evindən çırpışdırdığı xurmayı papağı və qızılı dəstəkli qılıncı
hüdudsuz avtoriteti sayəsində tapdıran,
əşyaları əsl
sahibinə, şöhrətli
Rəşid Behbudova qaytaran Drakon! Ölüm-dirim savaşının
tozanağında Pələngin
gənc sinəsiylə
qorunan Drakon! Yaralı Pələngi atəş altında meşənin dərinliklərinə
daşıyan, səngər
yoldaşının çarəsiz
ölümündən sarsılıb
hönkürən də
bax elə o idi - Drakon!
Az sonra düşmən gülləsinə tuş
gəlib qızıl qana qəltan olduğunu Pələngin heç vaxt bilməyəcəyi Drakon
da o idi!
"Dolu" romanında batalyon həyatını,
müharibənin ağır
təsiri altında əziyyət çəkən
xalqın gün-güzəranını
ustalıqla canlanlandıran
müəllif, Ağ evdə - qonaq evində buğlana-buğlana
kef çəkən, millətin
mənəviyyatı, hüquqları
ilə alçaqcasına
məzələnən rus
canişini Polyaniçkonunu
ifşa edib, yerində oturtmağı
da unutmur. Bu açıdan
roman boyu tarixi reallığın bədii
təsdiqi, real hadisələrin
ədəbi dəyərə
çevrilmə prosesi
barədə istənilən
qədər danışmaq
olar.
Ümumiyyətlə, müəllifin
öz xarakterindən və yazı tərzindən qaynaqlanan emosional təhkiyyə romanın bütün süjeti boyu səngiməsə də
"Dolu"nun bədii
məziyyəti, fəlsəfəsi,
ana qayəsi realizmə
əsaslanır. Məhz
buna görə oxucu əsərin heç bir səhifəsində qondarma vətənpərvərlik
pafosuyla, qurama, əttökən səhnəciklərlə
rastlaşmır, döyüş
səhnələrinin reallığını
təqdir edir.
Şübhəsiz ki, müharibədən bəhs edən əsərdə hərbin
od-alovunun, atəş
və qan qoxusunun, aşırı təlaşın, ağrı-acının
təqdimatı olduqca
vacibdir. Bunlar öz yerində, "Dolu" romanında son 25
il ərzində Qarabağ
həyatı (müsibəti!),
deyərdim ki, güzgüdə
olduğu kimi əks etdirilir - ola bilsin ki, bu güzgü
müharibənin qara-qurumuna,
toz-torpağa batıb,
his çəkib, çat
verib, reallıq bu kökə düşübsə, güzgüdən
parıltı, gözəllik
təcəllası gözləyə
bilmərik axı!
"Dolu" döyüşən
əsgər paltarı
geyinən bir dastandır, həqiqətən
də əsərin daxili enerjisi onun dastana çevrilib
dillərdə dolaşmasına
inkan verir!
"Dolu", əgər belə demək mümkündürsə, muxtariyyat
səciyyəli romandır,
başqa sözlə,
çoxqatlı bir əsərdir. Məsələn,
iki hissədən ibarət əsərin hər hissəsi ayrıca, muxtar bir roman, povest kimi də oxuna
bilər. Bu hələ
azdır, romanda vahid süjet ətrafında birləşdirilən
on, iyirmi, bəlkə
daha çox hekayət, hadisə var ki,
onlar əlahiddəlik
səlahiyətini saxlayır,
oxucu yaddaşında muxtar bir ərazi
tutur. Pələnglə
bağlı bir epizodu xatırlayıram;
At Belində Olan Adamın
polis rəisini, sonra isə Pələngi pulla ələ almaq niyyəti, heç gözlənilmədiyi
halda Pələng kimi təmiz bir gəncin gətirilən pul dolu çantanı qəbul edib Drakonu öldürəcəyinə
guya vəd verdiyi səhnələrdə
müstəqil süjetlərdən
hansısa birinin əlamətlərini izləmək
elə də çətin deyil.
"Dolu" romanında, eləcə də nasirin digər əsərlərində Qarağacı
qəbiristanlığı müqəddəs bir məkan kimi yad edilir. Hətta, o dərəcədə ki, ana oğlunun
(Pələngin) sir-sifətinin
niyə əzildiyi ilə tezbazar maraqlanandan (Qarabağda oğlan uşağının
məhlədə, hansısa
bir meydanda, tində kimləsə dalaşıb üst-başı
toz-torpaq, qan-tər içində evə dönməyi adi, sıradan hadisə sayılır) dərhal sonra oğlundan (Pələngdən) Qarağacı
qəbiristanlığına qrad düşüb-düşmədiyini
soruşur. Qrad isə düşüb! Oğul bunu anasından gizlətmək
istəyir. Axı Pələng müharibənin
üzüb yarımcan
hala saldığı
qadına necə desin ki, əziz xələf ərinin, Pələngi odun-alovun içində yetim qoyub aradan çıxan
atanın məzarının
tən ortasını
"dolu vurmuş",
mərhumun daşı
daş üstündə
qalmamışdı. Ana da bu
yandan dirənib ki, məni qəbir üstünə apar, kişini
ziyarət eləyim...
1988-ci ilin payızı yadıma düşür,
həmin o qəbiristandan
azca aralıda, Əskəranın qala divarları civarında iki ağdamlı gənc ermənilərin əliylə qətlə yetirilmiş, iki qonşu xalq arasında düşmənçiliyin
nifaq toxunu təkrarən səpilmiş,
el ağbirçəyi
Xuraman Abbasovanın başından açıb
ortalığa atdığı
barışıq örpəyinə
ermənilər gözlərinin
ucuyla belə baxmamış, rus şairi Yevgeni Yevtuşenko
ananın barışıq
örpəyi haqqında
şeir yazıb 6 milyon tiraja çıxan
"Komsomolskaya pravda" qəzetində
çap etdirmiş,
Aqil Abbasın şair
əmisi Şahmar Əkbərzadə həmin
şeiri dilimizə çevirib 700 min tirajla çıxan "Azərbaycan
gəncləri" qəzetində
vermişdi. Demək
ki, mənfur təmas xətti böyük dövlətlərin siyasi
möhtəkirləri tərəfindən
məharətlə cızılmışdı
və dədə-baba
yurdumuzun sinəsini paralayan o təmas xəttinə quş quşluğuyla səkə
bilmirdi. Aqil Abbas "Dolu"
romanının ilk cümləsini
məhz həmin o
1988-ci ildə yazıb,
son cümləyə nöqtəni
10 il sonra qoyub. Bu o deməkdir ki, yazıçı
öz romanını bədahətən yazmayıb,
hadisələrin içindən
keçə-keçə, dərd çəkə-çəkə,
gözünün önündə
inləyən Qarabağın
naturasına baxa-baxa başıbəlalı yurdunun
mükəddər simasını
rəsm edib. Məhz həmin il ora - Ağdama nə üçün və həm də Aqillə birlikdə getdiyimizin təfsilatı yadımda dumanlı qalıb; ya Sabir Rüstəmxanlı
ilə Mədəniyyət
evində görüş
idi, ya Seyran Səxavətin "Ulduz"
jurnalında çıxan
"Ocaq daşı"
povestinin müzakirəsiydi,
ya bəlkə ezamiyyətə göndərilmişdik.
Hətta, bu da ola bilər ki, Vidadi Məmmədovun başçılığı
ilə beş-altı
yazar Aqilin Ağdamda olduğunu eşidib, Bərdənin qonaq evindən tərpənmiş, səhərin
gözü açılar-açılmaz
yetişmişdik Məhəmməd
dayının məhəlləsinə
və axtardığımız
adamı "diri tutmuşduq".
Elə bil xəbərdar imişlər, bizə həqiqətən zəngin
səhər süfrəsi
açmışdılar; nehrə
yağı, xalis bal, bıçaqla kəsilən qaymaq, qayğanaq, içi pətəkli pendir, soyutma yumurta, qaynar süd, ayrıca camış qatığının qaymağı,
meyvə tabağı,
hətta toyuq çığırtması, bir
sözlə, gəl,
ay kasıb, ye, çuxam,
ye... Vidadi rəhmətlik
dilini dinc saxlamadı, dedi:
- Məhəmməd dayı,
səhər qəlyanaltısı
sizdə hər gün belə olur?
Məhəmməd dayı:
- Hardan, ay rəhmətliyin oğlu, eşitdim Aqilin qardaşağaları
gəlir, kassirə üz vurub gələn
aykı donluğumu bəri başdan almışam...
Gülüşdük və iştahla qəyanaltıya
girişdik, arada indi olmasın, rəhmətlik Vidadi dirsəyimə dirsək basdı:
- Necə bilirsən, şair, belə dəstgahın müqabilində
adama yüz-yüz Şamxor konyakı bəd olmaz?
Mən Vidadinin qulağına pıçıldadım:
- Olmaz, qağa, kişinin içki içən adamlardan zəhləsi gedir, o barədə söz açılsa, dərhal nüfuzdan düşərik.
Hər nəsə, Ağdamdaydıq.
Hamının hörmət-izzət,
görüş-öpüşlə yola salınmağı, sonda ikimizin Ağdamda qalmağı dəqiqdi. Gözəl Ağdamın seyrinə çıxdıq; o çayxana
sənin, bu çayxana mənim. Aqil ağdamlı əqrəbaları,
dostları, məktəb
yoldaşları, istəyənləri,
istəməyənləri ilə
bircə-bircə görüşür,
yüzdə-yüz qucaqlaşıb
öpüşür, sonra
yenə də ziyarətimizə davam edirdik. Nə təhər oldusa "Çay evi"nin həndəvərində Aqilin
"Qaz-31"nə əyləşib tərpənmək istəyəndə
açar "şaqq"
eləyib qırıldı,
sınığı qaldı
açar deşiyinin içində...
Bəlkə də dediyimə
Aqilin özü də inanmaz, həqiqətdə isə
aradan yarım saat keçməmiş şəhərin ən mahir avtomobil ustaları, əsasən açar-qıfıl işinə
baxan sənətkarlar
"Qaz-31"i üzük qaşı kimi dövrələmişdilər. Açar məsələsi
yoluna qoyulandan sonra səyahətimiz gün ərzindəki axarıyla getdi.
Və...
axşamüstü Ağdamdan
çıxıb Əskəran
istiqamətində səmt
götürdük.
Aqilin
"Qaz-31”ində idik.
Hələ tərpənməmişdən qabaq, maşını işə salanda, o, əlini mən oturan "sideniya"nın
altına soxub ordan çıxardığı
ağzı ovxarlı,
yaraşıqlı baltanı
öz oturacağının
altına yerləşdirdi.
Qəsdən, ya nədənsə
heç zad soruşmadım. Beynimdə
Aqilin kriminal ünsürlərə "meyilliyini"
tanışlığımızın ilk
vaxtlarından duyduğumun
fərqinə varır
və içimdə bu meyilliyin necə
bir sürətlə ovxarlı balta həddinə çatmağından
doğan təəccüb
hissini çək-çevir
eləyirdim.
Bir qalın meşəyə girdik, məzarları qəfil gördüm, bu ki qəbiristandır... Adətən bizlərdə
qəbiristanlar bozqırlarda,
çılpaq təpəliklərdə
salınır; o vaxtacan
belə orman içində məzarlığı
Lvov şəhərində görmüşdüm. Ora sözün
gerçək mənasında
yalnız dəfn məkanı deyil, dekorativ tətbiqi sənət məbədidir.
Lvov qəbiristanlığını turist marşrutuna daxil ediblər. Adam girəndə çıxmaq
istəmir, deyir elə ölüb qalım burda.
Qarağacı qəbiristanı, hansı
ki, biz indicə gəlib
yetişmişdik, Aqil Abbasın
roman və povestlərinin
mühüm obrazlarından
biridi... bunu bayaq da dedim.
O, iki yanaşı qəbrin önündə
dizini sıx güzdək otuyla örtülü torpağın
üstünə atdı.
Nəm parçayla hər iki başdaşını
silib təmizlədi, hər ikisini öpdü. Mənə sarı çevrilib baxanda iri gözləri
möhkəm dolmuş
və çox qızarmışdı.
Məzarlardan biri anasının,
digəri gənc yaşda, Aqilin gözünün önündə
maşınla vurulub faciəli şəkildə
həlak olan qardaşının idi.
Pələngin anasının dediyi
də bax, bu qəbiristan idi. Pələngin atası hələ sonralar dəfn olunacaq burda və hələ onda Pələng də doğulmamışdı
- 1988-ci ilin payızı
idi, ermənilər əmməlli-başlı qudurmuşdular.
Qarağacı qəbiristanına, doğmaları
ziyarətə gedəndə
üstündə silah
götürən təkcə
Aqil deyildi...
Davam edək, tanış olduğum rəylərdən
görünür ki, "Dolu"
romanında adların
şərtiliyi - Dünyanın
Ən Varlı Şəhəri, Vurğun
Vurmuş Cavanlar, Qeyrət Dağarcığı,
At Belində Olan Adam... birmənalı
qarşılanmayıb.
Mənim
fikrimcə isə belə adlandırma müəllif niyyəti ilə birbaşa bağlıdır; niyyət,
yazıçı eyhamı
ondan ibarətdir ki, hekayətin coğrafiyası,
əhatə dairəsi,
leytmotiv məhəlli
xarakter daşımır,
roman Azərbaycan xalqının
düçar olduğu
Qarabağ faciəsi, münaqişənin səbəbləri,
dədə-baba torpağının,
ata yurdunun əvvəl-əvvəl qorunması,
sonrakı mərhələdə
azad edilməsi uğrunda qeyrətli oğulların apardıqları
ölüm-dirim savaşı
haqqındadır. Bu, həqiqətən
belədir; Komandir yalnız Komandir deyil, Drakon da, Pələng də, At Belində Olan Adam da, Dünyanın
Ən Varlı Şəhəri də... isim olaraq fərdı
qaydada yalnız qrammatik-morfoloji məzmun daşımırlar. Onlar birlikdə, eyni zamanda hər biri ayrı-ayrılıqda
XX əsrin sonu, XXI əsrin əvvəllərində
ölkədə mövcud
olmuş ictimai-siyasi, sosial-mənəvi mühiti
təmsil edən çoxqatlı personajlar,
ədəbi dəlillərdir.
Yazıçı özü müsahibələrinin
birində deyir ki,
"Ağdam işğal
olunan gecə qiyamət gecəsiydi. Allahın mərhəmət
dolusu kəsiləndə
şeytanın fəlakət
dolusu yağmağa başlayır. Bu, səbəbsiz
deyil, mən "Dolu" romanı ilə çılpaq həqiqəti ortaya qoymağa çalışmışam".
O qədər çılpaq
həqiqət ki, bu faciıdə xarici və daxili qüvvələr qədər
Allahın özü də suçludur. Hələ bax, onun uca dərgahını
Qədir Rüstəmovun
naləsi tutub. Allah göydən yox, yerdən yağan qradın altında şil-küt olan insanların naləsini eşitmir!
"Dolu" sürrealist epizodların mövcudluğuna
baxmayaraq, deyildiyi kimi, realist romandır.
Nasir buna qədərki yazılarında,
o sırasdan sözügedən
əsərində nə
yolla olur-olsun Qarabağı xilas edə bilən aləti, sanki fələkdən çırpılan
qapıya düşə
bilən açarı
bulmağa, heç olmaya onun yerini
nişan verməyə
can atır, bu yolda ölüb-dirilir, canını qoymağa yer tapmır, ürəyi xəstə düşür.
Halbuki
"Dolu"nun son cümləsinin
son nöqtəsi qoyulandan
sonra 8-9 il gözləmək
lazım gəlirdi ki,
2020-ci il sentyabr ayının
27-si yetişsin. Azərbaycan
tarixinin təkrarolunmaz
sərkərdəsi, Ali Baş
Komandan "Dəmir yumruğ"unu qaldırsın,
xalq yumruq kimi birləşib rəhbərin çağırışına
səs versin, müzəffər ordu hərəkətə keçib
qısa bir zamanda, 44 gün ərzində düşmənin
yastı başını
əzsin!
Aqil Abbas kimi temperamentli, hövsələsiz qələm
sahibinin 8 il gözləməyə
səbri hardaydı?! Təkbaşına, alayla,
özünümüdafiə batalyonu və qəzəblənmiş, nə
yazıq ki, əliyalın
xalqla qəsbkarları
yurddan qova bilməyən yazıçı
sonradan həqiqətən
də təsdiqini tapıb reallaşan optimal
xilas yolunu "Allahı qatil edənlər" əsərində
əks etdirir. Yazıçı, hər
biri ordu ilə bağlı insanların (Polkovnik,
Aspirant, daha üç
əsgər) qətli
fonunda, deklorativliyə
yol vermədən, dinamik üslubla güc, peşəkarlıq
və mənəviyyatca
korlanmış orduyla
nə torpaq azad etmək olar, nə də
xalqı, dövləti
qorumaq mümkündür
kimi ciddi siyasi-hərbi platformanın
bədii modelini yaradır. Düzdü, povestin süjet xəttini hərbi hissələrin birində
baş vermiş qətl silsiləsinin kriminal tədqiqatı təşkil edir, bununla belə, yuxarıda göstərilən
əhəmiyyətli səbəbə
görə digər dəyərli tənqidçilərin
"kriminal roman" dəyərləndirmələri
ilə tam razılaşmaq
olmur.
Aqil Abbasın Qarabağ dastanında yolların hamısı Şuşaya
aparır, qəhrəmanların
hər birinin addımlarının yönü
Şuşa səmtinədi.
(Ardı var)
Vaqif BƏHMƏNLİ
525-ci qəzet.-
2023.- 14 iyul. S. 12-13.