YAĞLI FƏTİR

 

 

Elə ki, gəldi eloğlum təzəcə başına,

 

qədər yerlisi var, topladı bir-bir başına,

 

Kimsə bir söz demədi çəp gözü üstə qaşına,

 

Günümə, qismətimə diqqət edib tutdu çətir,

 

Payıma düşdü mənim, şükr edirəm, yağlı fətir.

 

 

Sulayır meydanı, çapmaqdadı dörd nalla atım,

 

İşləyir özgə bir ahəng ilə tale saatım,

 

Necə pərvazdadı indi ürəyim, qol-qanadım,

 

Gözümü pərdələyib gündə gələn müftə gəlir,

 

Payıma düşdü mənim, şükr edirəm, yağlı fətir.

 

 

Şəxsi aşpazlarıma tapşırıram bişmişimi,

 

Bələd olmuş, tanıyır hamı tamahdan dişimi,

 

Görərəm yaxşıca "hörmət" ilə hər bir işimi,

 

Aza qane deyiləm, get, deyirəm, "bir" gətir,

 

Payıma düşdü mənim, şükr edirəm, yağlı fətir.

 

 

Savadım olmasa da, var kələyim, hiyləgərəm,

 

Bicliyim, fəndim ilə tülküyə eynən dəyərəm,

 

Keyfi kök, qəmdən uzaq, şən, damağı çağ gəzərəm,

 

Oluram gah sıçan, gah ayı, gah da ki şir,

 

Payıma düşdü mənim, şükr edirəm, yağlı fətir.

 

 

Qorxu almış canımı, titrəyirəm indi yaman,

 

Müftəxor kəslərə yaxşı bilirəm yoxdu aman,

 

Taleyə, qismətimə gözləmədən çökdü duman,

 

Bizi ifşa eləyir, tənqid edir hər gün efir,

 

Belə getsə, əlimizdən çıxacaq yağlı fətir.  

 

Hatəm ƏSGƏROV

525-ci qəzet.- 2023.- 14 iyul. S. 15.