Səsi də, özü də unudulmayan Sənətkar

 

16 iyul Azərbaycan estrada sənətinin "Mirzə dayısı", məlahətli səsi, mükəmməl musiqi zövqü, şux xasiyyəti ilə milyonların sevgisini qazanmış korifey sənətkar Mirzə Babayevin 110 illik yubileyi ilə əlamətdardır. Sağlığında doğum günlərini təntənəli şəkildə keçirməyi sevməyən, o günün sevincini yalnız ailəsi ilə bölüşən sənətkarın indi doğum günləri, yubiley illəri böyük bir xalqın təqvimindəki əziz və işıqlısəhifələrə çevrilib.

 

Səhnəmizin ən uzunömürlü sənətçilərindən olan Mirzə Babayev söz vermişdi ki, 100 yaşında da əlində mikrofon səhnədə mahnı oxuyacaq, 130 il ömür sürəcək. Axı atası 105, nənəsi 127 il ömür sürmüşdü. Ancaq tale elə gətirdi ki, o, 20 il öncə, 90 yaşında həm sənətlə, həm də həyatla cismən vidalaşdı.

 

Ancaq son gününə qədər sevdiyi sənətlə məşğul oldu, oxudu, zəngin ifaçılıq irsi, örnək sənətkarlıq dəsti-xətti qoyub getdi. İndi "Liman"dan "Yaşıl ada"ya, "Zəfəran"a, "Kəpənək"ə, hətta "Çay"a qədər hər şey onu xatırladır və üzümüzdə, qəlbimizdə sevgi dolu təbəssüm yaradır.

 

lll

 

Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakının Maştağa kəndində, ziyalı ailəsində dünyaya göz açıb. 1935-1940-cı illərdə memarlıq üzrə ali təhsil alıb və elə təhsil illərində də səhnədə ilk addımlarını atmağa başlayıb. İkinci Dünya müharibəsi başlayanda o da milyonlarla həmvətəni kimi cəbhəyə gedib, müharibədən leytenant rütbəsi və orden-medallar ilə qayıdıb. Memar kimi Bakıda, Gəncədə, Ağdamda bir neçə mühüm binanın layihə müəlliflərindən olub.

 

Musiqiyə sonsuz sevgisi onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirir. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların böyük rəğbətini qazanır.

 

İlk dəfə görkəmli bəstəkar Tofiq Quliyevin yaratdığı caz orkestrində çıxış edən M.Babayev sonralar bunu xatırlayarkən "Tofiq olmasaydı, mən memar kimi davam edəcəkdim" deyirdi.

 

Onun həyat yoldaşı, əslən şuşalı olan Güllü xanımla tanışlığı tələbəlik illərinə təsadüf edir. 1933-cü ilin yaz-yay aylarında dostlarıyla indiki İstiqlaliyyət küçəsində söhbət edən gənc Mirzə təsadüfən oradan keçən bir qıza, xüsusilə də qızın uzun saçlarına elə ilk baxışdanca aşiq olur. Vaxt itirmədən onun arxasınca düşərək evlərini öyrənir və elçilərini göndərir. Ancaq 20 yaşı olmasına baxmayaraq, artıq müğənni kimi tanınan birinə o dövrdə kim könül xoşluğu ilə qız verərdi ki?! Güllü xanımın ailəsi də əvvəlcə onu Mirzəyə vermək istəmir. Ancaq aşiq Mirzə düz üç il səbr edir, sevgisindən dönmür və nəhayət, üç ildən sonra öz məhəbbətinə qovuşur. Onların evlilikləri 65 il sürür.

 

1997-ci ildə həyat yoldaşını itirdikdən sonra nəinki evlənir, hətta onun şəklini hər zaman özüylə gəzdirir, eşqinə ömürlük sadiq qalır. Öz doğum günlərində belə həmişə onun qəbrini ziyarət edən Mirzə Babayev xanımından sonra cəmi 6 il yaşayır və bu illərdə öz Güllüsünə 3 mahnı və 3 klip ithaf edir.

 

Mirzə Babayev Azərbaycanda ironik, zarafatyana mahnıların ilk uğurlu ifaçısı olub. Onun "Kəpənək" mahnısı və o mahnını ifa edərkən müəyyən yaşa dolmuş Mirzə dayının canlandırdığı obraz uzun müddət çoxları tərəfindən birmənalı qarşılanmayıb. Deyilənə görə, bir dəfə Qarabağın ucqar kəndlərindən birinə, zəhmətkeşlər qarşısında konsert verməyə gedibmiş. Tamaşaçıların arasından bir ağsaqqal çıxıb deyib: "Əgər "Kəpənək" mahnısını oxumayacaqsansa, camaatı konsertə buraxaq". Mirzə gülərək razılaşır.

 

Mirzə Babayev Azərbaycanda estrada janrının banisi olmaqla yanaşı, həm də şanson üslubunda oxuyan, demək olar, yeganə müğənni idi. O vaxtın şanson ifaçıları məhəbbət mövzusunda, lirik məzmunlu şanson mahnılar oxuyurdular. Tofiq Quliyevlə Emin Sabitoğlu məxsusi Mirzə Babayev üçün şanson mahnıları yazırdılar. Oqtay Rəcəbovla Vasif Adıgözəlov isə o cür yazmasalar da, onların da mahnıları Mirzə Babayevin ifasında şanson mahnılara çevrilirdi. Sənətkar güclü artistizm ilə ifa etdiyi bütün mahnıları kiçik tamaşaya, özünü isə bədii qəhrəmana çevirə bilirdi.

 

Bəlkə də məhz bu xüsusiyyəti idi azərbaycanlı rejissorların da diqqətini cəlb edən ki, ona zamanında neçə-neçə filmdə irili-xırdalı rollar verilib. Bu baxımdan, Mirzə Babayev həm də aktyor kimi Azərbaycan mədəniyyəti və incəsənətinə yorulmadan xidmət etmiş sənətkardır. O, həm səsi, həm də görüntüsü ilə 50-yə yaxın filmdə rol alıb. Özü də təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştirak edib. Peşəkar ifası, bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrində yer alan müğənninin "Kölgələr sürünür", "Qaraca qız", "Sən niyə susursan", "Dəli Kür", "Dərviş Parisi partladır", "Qorxma, mən səninləyəm", "Bəyin oğurlanması" filmlərindəki məşhur rolları tamaşaçının yaddaşına əbədi iz qoymaqla bərabər, ən təbii şəkildə yaratdığı obrazlarının replikaları uzun onilliklərdir ki, dillər əzbərinə çevrilib. Məşhur "O olmasın, bu olsun" filmində Məşədi İbadın mahnılarını məhz Mirzə Babayev oxuyub. Yaxud "Dərviş Parisi partladır" filmində Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev məhz M.Babayevin çəkiləcəyini biləndən sonra yazıb.

 

M.Babayev müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Filarmoniyada, Dövlət Konsert Birliyində çalışıb. Görkəmli estrada müğənnisi dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi yüksəklərə qaldırıb.

 

1957-ci ildə Leninqradda (İndiki Sankt-Peterburq) keçirilən dövlət konsertində məşhur fransız sənətçi Jilber Beko Mirzəyə yaxınlaşır və ona Fransaya köçməyi təklif edir. Sənətkarın canlı ifasını çox bəyənən Jilber Beko onun səsinə heyran qaldığını söyləmiş və erməni əsilli müğənni Şarl Aznavurdan daha güclü səsi olduğunu vurğulamışdı.

 

1990-cı illərdə isə ona Türkiyəyə köçmək təklif olunur. Ancaq o, bu cür təkliflərə həmişə "yox" cavab verərdi. Çünki sonsuz dərəcədə vətənpərvər idi, repertuarındakı "Azərbaycan" da onun sevimli mahnısı idi və ömrünün sonuna kimi öz vətəninə, xalqına, milli incəsənətə şərəflə xidmət etdi.

 

Olduqca pozitiv insan olan, həyat eşqi ilə çağlayan Mirzə dayı ahıl yaşına rəğmən, şuxluğundan heç nə itirməmişdi. Amma nə yazıq ki, 89 yaşında balıqdan zəhərlənir və Bakı Dövlət Universitetinin qarşısında konsert verərkən, səhnədə huşunu itirib yıxılır. Müalicə alıb sağalsa da, artıq əvvəlki qıvraqlığına qayıda bilmir. 2003-cü il yanvarın 13-də, ömrünün 90-cı ilində dünyasını dəyişir.

 

Onun Azərbaycan mədəniyyəti və incəsənətindəki xidmətləri yüksək qiymətləndirilib, ölkənin ən yüksək fəxri adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif olunub.

 

Vəfatından 20 il deyil, hələ neçə on illər, qərinələr keçsə də, böyük sənətkarımız Mirzə Babayev heç zaman unudulmayacaq, Azərbaycan musiqi sənətinin sönməz ulduzu kimi parlayacaq, sənətinin ziyası ilə hələ neçə nəsillərin qəlbini, yolunu nurlandıracaq.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 14 iyul. S. 11.