Qarabağın qələmi:
Aqil Abbas
("Ədəbi
portretlər" silsiləsindən)
(Əvvəli ötən saylarımızda)
"Qarda açan qan çiçəyi"nin
qəhrəmanlarından biri
- Qara, komandirinin şəhid ruhunu çiyninə qaldırıb
Şuşaya yol başlayanda 2001-ci il idi. Müəllim ("Çadırda
Üzeyir Hacıbəyov
doğula bilməz")
qisas almaq üçün Stepanakertə
yol başlayanda 2000-ci
il idi. Qarabağ - Şuşa uğrunda iki türk sərkərdəsi
- Ağa Məhəmməd
Qacar və Məhəmməd bəy Cavanşir biri-birinin ətini yeyəndə, minlərlə türk qılıncdan keçiriləndə
("Batmanqılınc") yazıçı qismətinin
Aqil Abbas təqvimində 1995-ci il idi.
Abdal Gülablı Şakir
("Çay qırağında
bitib, susuz qalan ağacların sağlığına") Surenin
"Moskviçinə od vurub
həyatını it əzabına
döndərən erməni
iyinin izini-tozunu yox eləyəndə isə Azərbaycan xalqının Şuşaya
Zəfər Bayrağı
aparan ordusunun yürüşünə bir
ildən də az vaxt qalırdı.
İstedadlı insanlarda öncəgörmə
ehtimalına göz yumulmasın gərək. Dünyanın simasını
dəyişən bir çox kəşflərin
meydana çıxmasında
fəhmin, mülahizələrin
iştirakı olmuşdur.
Maraqlıdır ki, Aqil Abbasın
həm yazıçı,
həm jurnalist, həm də ictimai xadim kimi
bir sıra təklif və ideyalarının sonradan gözlənilən və
ya gözlənilməyən,
istənilən və
ya istənilməyən
yekunlar qismində özünü doğrultduğunu
həmişə hiss və
müşahidə etmişəm.
Bu, elə-belə olmur, o, ali vətəndaşlıq
hissiyyatının cazibəsində
ölkədə baş
verən, xalqın taleyində hansısa təsir gücünə
malik heç bir hadisəni nəzərdən
qaçırmır, prosesi
izləməyi mənəvi
borc sayır, Vətən, Yurdla bağlı ən ufaq, cüzi əsintiyə belə laqeyd qala bilmir.
Yazıçı Aqil Abbasın
Vətən sevgisi fitrətəndi, anadangəlmədi!
O, "Allahı qatil edənlər" romanında
bədii təfəkkürün
işıq selini, mənəviyyat projektorunu
ordudakı nəsnələrin
üzərinə, oradakı
reallığın həqiqi
mahiyyət və vəziyyətinə tuşlayarkən
də yanılmamışdı.
Bu, yazıçının Azərbaycanı sarsılmaz,
güclü görmək
istəyindən, belə
ciddi niyyətə kölgə salan neqativləri ortadan rədd eləmək inadından irəli gəlirdi. Bir çox əsərlərində Azərbaycanın
zəfər yürüşündə
qardaş Türk xalqının iştirak payına dair öncədən verilən
işarətlərin olduğunu
da qeyd etməklə,
son on ildə Aqil Abbas yaradıcılığını
bədii-estetik, ədəbi
ifadəlilik, məzmun-mündəricə,
ümumən nasir imkanları baxımından
zənginləşdirən əsərlərin daha bir silsiləsi haqqında müəyyən
mülahizələri səsləndirmək
də yerinə düşərdi.
6. Acı-şirin içində
Söhbət ən başda
"Çay qırağında
bitib, susuz qalan ağacların sağlığına" povesti
olmaqla yazıçının
ruh yüksəkliyi və istedadla qələmə aldığı,
milli nəsrimizin unikal
örnəklərindən olan "Camış
bağa girdi, gəl", "Eynəyin
itməkliyi", "Əzrayılın
erkək-dişiliyi" əsərlərindən
gedir. "Çay qırağında bitib, susuz qalan ağacların
sağlığına" povestinin süjet xəttini Abdal Gülablı əhli, qarmonçalan Şakirin erməni basqını zamanı öz canını və ailəsini xilas etmək üçün kəndi tərk etməsi, əyalı ilə birlikdə, erməni Surenin "Moskviç"ində əvvəl
Ağcabədidə Bazar Müdirinin
evinə sığınması,
Market Vəlişin təklifi
ilə Lökbatana gəlib yataqxanaya yerləşməsi, Aqil Abbas, Rəmiş,
Polis rəisi, digər
dost-tanışları, qohum
və həmyerliləri,
Xudu Məmmədovun məzarı və s. ilə görüşməkləri,
bir çox digər yaddaqalan, koloritli, gülüş, nikbinlik dolu sərgüzəştlərdən sonra, Lökbatana gəlməyinin üstündən
bir-iki ay keçməmiş
ailəsini də
"Moskviç"ə doldurub
geriyə - Ağdama qayıtmağı və kəndin bir yerində erməni iyi verən maşının üstünə
benzin töküb yandırmağı kimi epizodlardan qurulub.
Əlbəttə, 130 səhifəlik povestin
məzmununu uzun bir cümləyə sığışdırmaq qəsdimiz
yoxdur. Lap min cümləlik
rəy belə əsərin bədii dəyərini, şirinlik
və acılıq dərəcəsini, həyat
şirəsini, oxucunun
dördgözlə arayıb-axtardığı,
fəqət nadir hallarda
rast gəldiyi əsrarəngiz koloriti izah etmək gücündə olmaz. Sözün düzü, bu povest - haqqında
danışmaq, rəy
bildirmək üçün
deyil, dönə-dönə
oxumaq, hər mütaliə zamanı dərin zövq almaq, insanca təsirlənib durulmaq üçündür.
Çox
zaman biz əsərin təsir
gücündən danışır,
təəssüf ki, bədii
cazibənin həm də səmimiyyətdən
mayalandığını unuduruq.
Şakir sifətdən
kor-kobud olsa da, süjet boyu onun hərəkətlərini,
yaratdığı vəziyyətləri
izlədikcə sənə
elə gəlir siman işıqlanıb, üz dərin zərifləşib, hamar olub. Ürəyin də pilə kimi yumşalıb.
Şakir
- Rəmiş, Qədir
səviyyəsində musiqiçi-qarmonçalan,
eyni zamanda ifrat dərəcədə
baməzə bir şəxsdir. O, Abdal Qasım, Bəhlul Danəndə, Molla Nəsrəddin məktəbinin
yetirməsidir. Söz
götürməz, söz
altında qalmaz, həqiqəti deməsə,
bağrı çatlar.
Şakir lavarsax, boşboğaz, lağlağı
deyil, lətifə ustasıdır. O, lətifə
qoşmur, lətifə
bir qəzavü-qədər
kimi onun başına gəlir.
Görk
üçün bəzi
detalları yada salaq:
"...
Bu gün onunku gətirməmişdi. Genbalaq
gədələrdən biri
havanı yarımçıq
saxlayıb demişdi:
- Qaqa, pis çalmırsan, amma qarmonun hərdən
keçi kimi mələyir.
Şakirə belə söz?!
Özünü saxlaya
bilməmişdi:
- Qaqa, yazıq qarmon neynəsin? O oturan yerdə səni oturtsam, öküz kimi böyürərsən".
"... Atasını nemeslər öldürmüşdü deyin
xoşu gəlmədiyi
adama nemes deyirdi..."
"-
Ara, sən musulmansan? Araq içirsən? İçirsən! Donuz əti yeyirsən? Yeyirsən...
- Kababını.
- Olsun kababını".
"Katib hal-əhval tutdu. Ordan-burdan danışdı, Şakir
haqqında xeyli söhbət elədi.
Sonra qonaqlara göz vurub dərədəki yeddi-səkkiz eşşəyi
göstərib dedi:
- Ə, Şakir, eşşəklər
gülablılıdı?
Qonaqlara
baxdı, udqundu. Dillənmədi.
Katib:
- Nədi, ə, Şakir, deyəsən, söz tapa bilmədin?
Şakirin üzündə bir
təbəssüm yarandı
və dedi:
- Yox, yoldaş Katib, onlar da sizin kimi gəlmədi".
"... Doktor Şakirin əyri-üyrü sifətinə baxıb dedi:
- Şakir, Leninqradda Gözəllik
İnstitutu
var, dostlarımdı, istəyirsən səni göndərim ora, sir-sifətinə bir əl gəzdirsinlər,
lap olasan
Alen Delon.
- Ay doktor, mənim sir-sifətimi nemesler də
yığıb düzəldə bilməz. Mənə zbor baş lazımdı".
"...
Hara getdi, dedilər, qardaş, iş nə gəzir.
- Ə, bu boyda diplomum
var, bir mantyor işi tapılmır?
- Qardaş, indi heç politexniki qurtaranlara iş tapılmır.
- Ə, mən Məhərrəm məllimin mexanizasiyasını
qurtarmışam ey. Politexnik iki min olanda, Məhərrəm məllimin mexanizasiyası
üç miniydi. O
da adam tapsan.
Amma hara getdisə, Məhərrəm
müəllimin mexanizasiyasının
diplomu heç bir işə yaramadı. Diplomu gətirdi verdi arvada:
- Az, ala. Hayıf bu diploma verdiyim pula".
"- Dayı, hara sürüm?
- Talış məhəlləsinə.
- Ora haradı?
- Deyəsən, təzəsən?
Hardan gəlmisən?
- Ağdamnan.
- O cür şəhəri qoyub qaçarlar?
- Bağışla dana, dayı,
bir qələt
di eləmişiy. Sallah qoy maşınımı sürüm. Öz dərdim özümə bəsdi. Neyniyəy, sizin kimi kişi
olmadıx dana.
Arvad arxadan zəhmli səslə dedi:
- Ay kişi, sənin dədələrin İrəvandan
nətəhər qaçıbsa,
onlar da elə. Camaatın zəhləsini
tökmə, yolu göstər."
"Kişi çıxarıb
iki "məmməd"
verdi və dedi:
- Ay oğul, maşından it iyi gəlir, bunu bir təmizlət.
- İt iyi döyül, dayı, erməni iyidi.
- Tula itdən betər".
"Sədr bir az
ordan-burdan danışandan
sonra yataqxanaların yuxarısındakı boş
düzəngahı göstərib
dedi:
- Bax, orda sizin
üçün çoxmərtəbəli
binalar tikiləcək,
məktəbi, bağçası
olan qəsəbə salınacaq. Siz də ağac əkərsiz, cənnətə
dönər.
Şakir
sədrin üzünə
baxıb dedi:
- Ağsaqqal, burda yalnız uşax əkməy olar.
Sədri
də gülmək tutdu, camaatı da".
"Bu vaxt musiqi məktəbinin
direktoru girdi kafeyə. Hal-əhval tutdu. Vəliş bir stəkan çay da ona süzdü. Direktor çaydan bir qurtum alıb üzünü tutdu Şakirə:
- Şaka, bizdə qarmon sinfi açılıb,
amma müəllim yoxdu. Bəlkə gəlib uşaqlara dərs keçəsən?
Maaşı da pis deyil.
- Ə, nemes, məndən məllim olar?
- Ə, niyə olmur? Sən kimin qızından əskiksən?
Fizika deyil, riyaziyyat deyil, sən çalırsan, uşaqlar da baxıb öyrənir.
- Baxmaxla öyrənmək olsaydı, Qəssaf Qulamın dükanının
qabağındakı itlər
hamısı qəssaf
olardı".
"Market
Vəliş söhbətə
qoşuldu:
- Şaka, Rəmişin dostu deyilsən? Rə
mişə de bir qarmon alıb bağışlasın.
- Rəmişi Əzrayıl
tapa bilmir canını
alsın, mən hardan tapım?
- Aqil Abbasın dostudu.
- Aqil
Abbas kimdi, ə? O mənim
eşşəyimi vuran?
- Hə".
"Durdular çıxdılar.
Yendilər aşağı,
yenə də pilləkanlarla piyada. Nəşriyyatdan çıxdılar,
oturdular bir xarici maşına.
- Ə, bə sənin qaziyirmidördün yoxuydu?
- Onu sənin eşşəyini vurandan sonra satdım. Nədi, bu maşını
bəyənmirsən? Nemes
maşınıdı.
Maşın yerindən tərpəndi.
Çox rahat idi, xoşhallandı, sonra dedi:
- Dədə, Allah sənə
rəhmət eləsin,
belə maşın düzəldənə güllə
atallar?"
"Şakir bir az da vurandan sonra kefi açıldı.
Başladı Rəmişlə,
yanında oturanlarla da
məzələnməyə, dedi:
- Rəmişin meymunu yadınızdadı? Qızıl
diş də saldırmışdı? Ağdamda
meymun çiynində,
Fazil məllimin kinosunun qarşısında
maşından düşür,
bir uşaq da görür gəlir evə, papasına deyir ki, papa, Rəmişi gördüm çiynində
də meymun. Papası da qayıdır
ki, ə, köpəyoğlu, day denən iki meymun görmüsən də.
Hamını gülmək tutdu".
Misalların çoxluğuna görə
məni qınamayın...
Amma özaramızdı, ləzzət
eləyir! Əlacım
olsaydı, sözün
bu yerində bütün povesti köçürərdim bura.
Sıralanan detallar reallıqda
olubmu, ağız ədəbiyyatıdırmı, yoxsa müəllif özü düzüb-qoşub?
Sualların hər birinə verilən hər hansı cavab əlahiddə önəm daşımır.
İş burasındadır
ki, bu epizodların hər biri bacarıqlı
əllərlə toxunmuş
xalçaya vurulan naxış ilməsi effekti yaradır, bu ilmələr yerinə düşən ilmələrdi. Məhz bu artırmaların sayəsində yazıçı
həyatı faciədən
yoğrulan, kişi xarakterli və nikbin bir şəxsi ölümün, qan-qadanın içindən gülə-gülə
keçirdib erməni
iyinin kökü kəsilən finala aparır. Ola bilsin ki, həyatda Şakirə bənzər baməzə
adamlar çoxdur.
Lakin Aqil Abbasın müəllif
yozumunda obraz kifayət qədər mükəmməldir, demək
olar təkrarsızdır.
Povestin iki epizodunu, gizlətmirəm, göz yaşına boğularaq oxudum, Şakirin qəlbi və Aqil Abbasın qələminə
minnətdarlıq hiss etdim.
Bir oxucu kimi mənə
görə Şakirin
Quzanlıya yola çıxdığı ərəfədə
Rəmişin baha qiymətə alıb bağışladığı qarmonu Turac arvadın
(Adamla məzələnməkdə
Turac arvad da heç Şakirdən geri qalmaz) nəvəsinə
verməsi və yenə də Şakirin Quzanlıda Surenin erməni iyisi verən "Moskviç"inə (məhz
"MOSKVİÇ"!) od vurması səhnələri ədəbi
tapıntı nümunələridir
və ümumən çağdaş milli nəsrimizi
zənginləşdirir.
Turac arvadın qarmon sinfinə gedən nəvəsinin sonrakı taleyindən bizim xəbərimiz yoxdur. Rəmiş, Qədir Rüstəmov, lap elə Şakir kimi insanların yaratdıqları
mədəni sərvətin,
eləcə da istedad enerjisinin heç zaman itib-batmadığı, mənəvi
yadigarın sonra gələnlərə ötürüldüyü
isə gün kimi aydındır. Aqil
Abbas bunu deyir, həm də istedadla, əsl nasirə yaraşan tərzdə deyir.
Aqil Abbas onu da deyir ki, nə qədər zülm, zümkar, ədalətsizlik var, nə
qədər ki, neqativlərin
kökü kəsilməyib,
şər oda qalanmayıb... həyatımızı
məşəqqətə çevirən pis qoxu, üfunət çevrəmizdən çəkilib
getməyəcək!
Bir halda ki, Aqil Abbasın ədəbi yaradıcılığına
bir qədər geniş planda, əhatəli yanaşma imkanından yararlanmağa
cəhd göstəririk,
o zaman yazıçının kitablarında yer almayan, "525-ci qəzet",
"Ədalət" qəzetlərində,
ədəbiyyat saytlarında
işıq üzü
görən dörd hekayəsinə nəzər
yetirməyi də gərəkli bilirik. Bir az irəlidə adları "Çay qırağında bitib, susuz qalan ağacların
sağlığına" povesti ilə yanaşı çəkilən,
hər biri mükəmməl süjet
xəttinə, müvafiq
bədii-estetik qayəyə
malik "Camış bağa
girdi, gəl",
"Eynəyin itməkliyi",
"Əzrayılın erkək-dişiliyi",
eləcə də
"Futbol bir bəladır ki, mübtəla
olmayan bilməz" əsərlərində müəllifin
irəliki yazılarına
xas sərt realizmi yumşaq maarifçilik məziyyəti,
tipik milli kolorit əvəzləyir. Novella, vedovil
çalarları təhkiyədə
axar su rəvanlığı
yaradır. Heç çəkinmədən deyə
bilərəm ki, xüsusən
"Camış bağa
girdi, gəl" və "Əzrayılın
erkək-dişiliyi" Azərbaycan
nəsrinin maksimum qüsursuz, uzunömürlü
hekayələri sırasında
yer almağa layiqdir.
"Camış bağa girdi, gəl"in aparıcı obrazı - əliaçıq, dostcanlı,
malının-pulunun qənimi
Dayının həqiqətən
də gülməli əhvalatı qonşu kolxozun sədrinin acığına öz oğlunun toyuna ağdamlı çalğıçıları
vertalyotla gətirmək
inadından qaynaqlanır.
"Əzrayılın erkək-dişiliyi"nin
baş obrazı Molla Rəşidin yola verdiyi sahibi
imkanli adam olan bu dəfəki
yas məclisi bir çox cəhətlərlə yanaşı,
əvvəlki məclislərdən
həm də onunla fərqlənir ki, Molla Rəşid on min para
toplayıb və elə indilərdə uşağı "Narxoz"a
yerləşdirmək imkanına
malik Prorektorun Bakıdan
bu məclisə təşrif buyuracağını
gözləyir.
Birinci hekayədə Qarabağ müharibəsinin izi-tozu yoxdu. Qarabağ ötən əsrin 70 -
80-ci illərinin bəxtəvər,
toy-busatlı günlərini
yaşayır. Əsərin
özündə də
hadisələrin fonu toydur. Qəribə də olsa orada
baş verən hadisələr kənardan
izləyən oxucu üçün gülməli,
iştirakçıların, obrazların üzləşdikləri
gərginlik baxımından
əzab, təşviş
və qorxudur.
İkinci
hekayənin fonu yas çadırı olsa da Molla Rəşidin
hazırcavablığı bir növ bilikli,
müdrik olmağı
yas yerində toy havası yaradır.
"Eynəyin itməkliyi"
hekayəsi çağdaş
dövrdə media siqmentində
milli mədəni irsin
təhrif olunmasına
şiddətli ironiya,
acı bir qınaqdır. Adi oxucuya dahi Üzeyir bəyin "O olmasın, bu olsun" musiqili komediyasından bəlli olan Rza nəmənəcik indi qəzet sahibidir. Bu harasıdır,
Mirzə Cəlil, Üzeyir Hacıbıyov, Əli bəy Hüseynzadə, Əbdürrəhim
bəy Haqverdiyev, Cəfər Cabbarlı bərkgedən bir redaksiyada Rza nəmənəciyin əlinin
altında müxbir qısmində çalışırlar.
Yekəxana, kobud, hap-gopçu və ən əsası peşəsindən xəbərsiz
baş redaktor müqtədir ədiblərə
indiki vaxtda oxucuları necə cəlb etməyin "yollarını" öyrədir.
"İtən" eynək,
belə bir enək zatən yoxdur, guya Əbdürrəhim
bəyə məxsus olsa da gözü tor görən, heç görməyən bir başqası deyil, cəmiyyəti zülmətə
itələmək istəyən
Rza müəllimin özüdür. Heç
cəmiyyət də aydan arı sudan duru deyil.
Bütün bu mükəlləfiyyət milli mətbuatın
keçid dövründəki
rüsvayçı gününü,
reanimasiyaya sürüklənən
cismini ifşa edir.
"Futbol bir bəladır
ki, mübtəla olmayan
bilməz" hekayəsi
barədə qısaca
onu deyə bilərik ki, yazıçı
özünün şakərini,
futbol fanatının psixoloji durumunu ədəbiyyat faktına çevirə bilib.
7. İmzalar içində
Aqil Abbasın "Ədalət"
mücadiləsi ayrıca,
daha geniş bir söhbətin mövzusudur, inamım var
ki, məsələnin digər
araşdırmaçıları da tapılacaq. Onlar ustad publisistin bu sıradan olan əsərlərinə
ən müxtəlif prizmalardan yanaşacaqlar - məsələn, obyektivlik,
operativlik, qaynarlıq,
cəsarətlilik.
İlk qurucusu tanınmış ziyalı Adil Minbaşı
olsa da "Ədalət"
qəzeti Aqil Abbasın
simasıdır və
əziz bacım,
"Ədalət"in hazırkı baş redaktoru İradə Tuncay istəsə (istəmir) Aqil Abbasın simasını biraz da çox yaxşıya dəyişə
bilər, "Ədalət"in
Aqil Abbasla eyni olan simasını isə bir kimsə
dəyişə bilməz
(istəməz dəyişmək).
"Ədalət" elə
bir xəlqi mizan, maarifpərvər tamaşadır ki, onun banisi, rejissoru, ən əsası baş rolun ifaçısı Aqil Abbasdır.
Qəzetin qeyri-səlıs
bədii-publisistik varidatı
çoxdan elmi araşdırmaların mövzusu
ola bilərdi. Düzü,
bilmirəm bu istiqamətdə heç olmasa elmlər namizədi dərəcəsini
müdafiə edən
alım varmı? Halbuki, əldə olan materiallar (32 il ərzində, uzun müddət böyük formatda, hər gün çıxmaq şərtiylə), aradırmaya
imkan verən zəngin mənbə akadamik nəticələr
dəyərində və
həcmindədir.
Arzumuz öz yerində, "Ədalət" qəzetinə,
əziz dostumun "Ədalət" mücadiləsinə
bütün yanaşmaları
eyni hasil birləşdirir: Aqil Abbasın
"Ədalət" dünyası
Azad söz haqqında
balladadır. Bu qəzetin
səsi xalqın səsi, haqqın səsidir! Aqil Abbasın bədii publisistikası təməlində Nəsən
bəy Zərdabi, Cəlil Məmmədquluzadə,
Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov, Əli bəy Huseynzadə dayanan, milli mətbuat ənənələrini qoruyan,
onu bir az
da irəli aparan tarixi hadisədir!
8. Dəsti-xətt içində
Ədəbiyyat tənqidçiləri elmi araşdırmanın tələblərinə əsasən
bir sənətkardan bəhs edib onun yaratdığının
ədəbi siqləti
barədə düşüncələri
yekunlaşdırarkən haqlı
olaraq ümumiləşdirmə
aparır və əhəmiyyətli, qabarıq estetik məqamları ayrıca qeyd edirlər. Aqil Abbasın yaradıcılığı
ideya-məzmun və sənətkarlıq baxımından
elmi ümumiləşdirmə
aparmağa imkan verir. Bunun özü dəyərlı bir nəticədir!
Biz də cəhd edək; bəlkə cəhdimiz, qısaca sıraladığımız mülahizələr
yazıçı Aqil Abbasın
nəsrini (ümumən
yaradıcılığını) oxucuya, ədəbi mühitə sevdirən səbəblərin bir qismini də hardasa sistem şəklində mənimsəmək
işində faydalı
ola bildi:
bir -
Aqil Abbas ədəbiyyata həyatdan
gələn, həyatı
ədəbiyyata gətirməyə
qadirolan yazıçıdır.
Cümlə kifayət
qədər tutumlu və məsuliyyətlidir,
bunu nəzərə alıb nöqtə qoymuram, cünki məntiqi nəticə izahla anlaşılır. Dostumun biri-birindən siqlətli, bəzən sarsıdıcı əsərləri
gözümün önündə
sıralanır, qəribədir,
o barədə düşünmürəm
ki, bax gör müəllif necə ciddi, çətin, ağır mövzuya girişib və bədii ifadənin, ədəbi estetik vəzifənin öhtəsindən
gəlib. Xeyir, ağlıma gələn
ilk fikir ondan ibarətdir ki, İlahi, bu yazıçı nə qədər çətin, ağır,
hissiyatlı bir həyat yaşayıb?! Bu
mürəkkəb suala
cavabın alt yapisinda zəngin həyat materialı, reallığın
panoramı, maraqlı
tərcümeyi-halla bahəm
möhkəm yaddaş,
istedad, milli-mənəvi
kolorit və Aqil Abbasın bütün bunların vəhdətindən
yaranan sənətkarlığı
dayanır.
iki - onun
əsərlərində hadisələr,
həyat lövhələri
sanki müəllifin öz içindən baş qaldırıb, orada davam edir,
orada başa çatır, oradan üzə çıxir, amma bu proses necə gedirsə, olayları izləmək oxucu üçün həmişə əlçatan,
görünən, eşidilən
və duyulandır.
Bu, göydəndüşmə məziyyət deyil, fitrətə bağlı
yazı tərzidir. Yazıçının əsərlərini
şərti olaraq simvollaşdısaq və onun yaradıcılığının
cəminə rəmzi
ad qoymaq istəsək, çox güman ki, göz önünə məchul bir məkanda, bəlkə də bizim dünyanın hələ xəbər tutmadığı səmavi
kitab hüzurunda quruyub
qalan, fəqət bütün varlığı
sehrkar sözlər saçan bir kahinin surəti gələcək. Bunu əminliklə deyirəm,
o, bizim ədəbiyyatın
azsaylı sehrkar söz kahinlərindən biridir.
üç - akademik Nizami Cəfərov "Dolu"
romanına yazdığı
ön sözdə deyir ki, "Aqil Abbas Qarabağ
bölgəsinin ictimai-siyasi,
sosial, cöğrafi mühitini çox gözəl bilir, insanları yaxşı tanıyır, onların nəyə qadir olduğundan xəbəri
var." Hizami müəllimin bu mülahizəsini dərhal
və şərh vermədən yekun bəndlər sırasına
daxil etməkdə fayda olduğuna əminəm.
dörd
- yazıçı yaratdığı
bədii mühitdə,
əsərin obazları
arasında sərbəst
şəkildə, şəxsən
hərəkət edir,
kimsə hansısa bir bir iş
üçün onun qapısını döyür,
ya o hansısa səbəbdən kiminsə
yanına gedir. Başqa sözlə, müəllif həm də əsərin iştirakçısıdır.
beş
- yazıçı bəzən
əsərə ilk baxışda
sadəlöh görünən
emosional nitqlər daxil etməkdən çəkinmir. Belə bəlağət etiraz doğurmur, çünki oxuçu həmin mətlərin müəllif
qəlbinin çırpıntılarından
yarandığına inanır.
altı
- başqa yazıçılarda
az təsdüf olunan, prototip qismində deyil, pasport göstəriciləri
ilə gerçək
adların və adamların paradı (keçidi) A. Abbasın əsərlərində ideyanı,
yazıçı məqsədini,
reallığı və
tarixi bağları çatdırmaq tərzidir.
Tutalım b.e.ə yaşamış Homerdən
tutmuş, bizim günlərdə yaşayan
Qulu Ağsəsə qədər yad edilən adlar və adamlar
publisistik deyil, sırf bədii əsərlərə aid detallardır. Gərək
ki, öncə də qeyd etmişdim, onun roman, povest, pyes və hekayələrində
adı keçən
real şəxsiyyətlərin sayı 300-dən çoxdur.
Yeri gəlmişkən,
məncə, nəsr və poetik əsərlərdə bədii
sənədlilik məsələsinə
nəzər salmaq pis olmaz. Fikrimi
izah edim; götürək yenidövr
- son yüz ilin Türk ədəbiyyatını.
Burada müəllif özünün başlıca
ideyasını bədii
sözə çevirərkən,
yəni yaradıcılıq
məqamında bədii
"mən"i məkanla,
çevrəylə birlikdə
təqdim edir. Yer, yurd, təbiət
poetikanın tərkibinə
keçir, bədii informasiyanı canlı və unudulmaz edir. Nazim Hikmətin "İnsan mənzərələri"
poetik epopeyesında və şeirlərində
oxucu nəniki Nazimin üzünə həsrət qaldığı
Türkiyə, Anadolu, İstanbul və Bursanı, bütün Yer kürəsini cazibəli sözün sehriylə oymaq-oymaq gəzib dolaşır. Bəli,
Nazim dahidir, onun bütün yer kürəsini vətən
coğrafiyası olaraq
təsvir etməyə
ixtiyarı çatır.
Bütün hallarda hər bir əsərin
coğrafi, doğal mənsubiyyəti, məri-məhləsi
olmalıdır, sətrlərdən
insanın duyğu və düşüncələriylə
bərabər məkanın
ab-havası, çevrınin
dadı-tamı gəlməlidir.
Yeri gəlsə məkanın adı, koordinatlar dəyizdirilə
bilər - məsələn,
Mirzə Cəlilin Danabaş kəndi, Uilyam Folknerin Yoknapatofa, Qabriel Qarsiya Markesin Makondo, Əkrəm Əylislinin Buzbulaq ( hər üç yer adı, hadisələrin
cərəyan etdiyi məkan müəlliflərin
uydurmasıdır), Elçin
obrazlarının Abşeron arealı, Cems Coysun Dublini
bəlli, real məkandır...
Aqil Abbasın bəhs
etdiyi, məhz bu yazıçıya məxsus Qarabağ, xüsusən Ağdam real coğrafi, eyni zamanda ədəbi
toponim enerjisiylə yüz minlərlə insanın Vətən sevgisinin, yurd yaddaşının daim diri qalması üçün az iş görməyib. Hərdən mənə elə gəlir ki, yerlə yeksan olan Ağdam şəhərinin müharibədən
öncəki tarixi memarlıq planını bərpa etmək istəyən mühəndis
üçün Aqil Abbasın
bədii-publisistik əsərləri
mötəbər xəritə,
kameral dəftər
ola bilərdi...
yeddi - bədii kolorit yazıçının yaradıcılığının
özəlliyini təmin
edən əsas şərtlərdən biridir.
Elə bir şərt ki, orada dərd gülür, bəxtəvərlik göz
yaşı tökür,
söyüş, qınaq,
məzəmmət, zarafat...
adamın canına yağ kimi yayılır.
Natural ləhcə, hətta
jarqonlar üslubi səlahiyyət qazanır.
Elə çıxmasın
ki, onun əsərlərinin
ruhunu bir sürü ləhcə, şıvə, ara sözü, bazar danışığının
qarışığı yaradır,
qətiyyən. Əvvələn,
əksər halda obrazların dilindən qopan bu ibarələr
həmişə yerinə
düşür, oxucu
diqqətini çəkmək
xatirinə əsərə
qəstən daxil edilmir. Əgər müəllifin mətnlərini
dil və ifadə imkanı baxımından incələyəsi
olsaq yüzlərcə
dəyərli el-oba sözü, yaddaqalan ifadələr, deyimlər
izləyə bilərik.
Hansı ki, həmin etnokəlmələrin bəziləri
ya unudulub, ya da unudulmaq üzrədir. Mənalı
yumor, maksimum səmimiyyət, təsvirlərin
rəvan, təbii poetikası yazıçının
bədii təhkiyyə
və bədii kolorit imkanını xeyli dərəcədə
artırır.
səkkiz
- Aqil Abbasın, ümumən
nəsrində bədii
dil duru axıcıdır, sanki bu mətnlər qələmə alınmayıb,
söylənib, bədahətən
deyilib: eynən dastanlarda, nağıllarda
olduğu tərzdə.
Burada təfəkkürlə,
niyyətlə bədii
ifadə, yazıçı
dili arasında araməsafəsi sanki yoxdur. O, əli qələmli xronoqraf, mirzə deyil, səlnamə yazmır...
dastan qurur. Başqa halda dərd, qeyrət, humanizm, ümid, nikbbin ovqat, döyüş səhnələri, xəyanət,
qəhrəmanlıq, o dünyanın
yuxuları, cazibədar
sevgi hissləri belə rahatlıqla yazıya, sözə gələ bilməz.
doqquz - yazıçının əksər
əsərləri - "Günah",
"Batmanqılınc", "Dolu", "Allahı qatil edənlər"... süjet xəttinin kəskin dinamikası, təhkiyə çevikliyi,
üslubi emosionallığı
ilə seçilir. İsdedadlı yazıçının
yaradıcılığının indiki yetkin mərhələsində
səslənən bu postulatın sübuta yox, izahata ehtiyacı
var.
O da bircə cümlədən
ibarətdir: bütün
hallarda yaradıcılıq
ehtirasının doğrulmasına,
yazarın bədii-estetik
məqsədə qovuşmasına
səbəb yüksək
sənətkarlıqdır.
Bəs bizim dediyimiz nədı, yaratmaqdan yorulmayan Aqil Abbasa həsr olunmuş bu yazı məhz sənətkarlıq sayəsində
hasilə gələn
dəyərli, elit əyarlı milli ədəbi
sərvət barədə
deyilmi?
İyun-iyul, 2023, Mərdəkan.
Vaqif Bəhmənli
525-ci qəzet.-
2023.- 15 iyul. S. 16-17.