Banin, Tolstoy, Rüstəm İbrahimbəyov, Anar və...
Bir qədər Banin...
Azərbaycan əsilli fransız
yazıçısı Banin
(Əsədullayeva Ümm-ül-Banu Mirzə qızı - bəzi mənbələrdə Assadoulaev
Umm-el-Banine, yaxud Assadoulaeff Umm-El-Banine, ya da sadəcə
Banine və ya Umm-el-Banine,
18 dekabr 1905, Şamaxı-23 oktyabr 1992, Paris) keşməkeşli
həyat, zəngin və ziddiyyətli yaradıcılıq yolu keçib. O, XX əsrin
40-cı illərinin əvvəllərindən
Avropada tanınmağa
başlasa da, Baninin sorağı ölkəmizə
ömrünün sonlarına
yaxın gəlib. Yanılmıramsa, Azərbaycan
mətbuatında ilk dəfə
Baninin adı ötən əsrin 80-ci illərinin sonlarında
"Bakı", "Ədəbiyyat
və incəsənət"
qəzetlərində, "Qobustan" və "Azərbaycan" jurnallarında,
Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan
Mədəni Əlaqələr
Cəmiyyətinin ("Vətən"
Cəmiyyəti) orqanı
"Odlar yurdu" qəzetində çəkilir.
"Odlar yurdu"nun iyun 1988-ci il tarixli nömrəsində Hamlet Qocayevin
"Azərbaycanlı yazıçı
Ümm-ül Banu" adlı
məqaləsində müəllif
Baninin həyatı, yaradıcılığı, tərcüməçilik
fəaliyyəti barədə
qısa məlumat verdikdən sonra yazıçının fransız
dilində qələmə
aldığı "Qafqaz
günləri" əsərini
tərcümə etdiyini
oxuculara xəbər verir.
Həmin
ilin sentyabr nömrəsində "Odlar
yurdu" Emil Salmanovun
"Vətəni görmək
istəyirəm" adlı
yığcam məqaləsini
dərc edir. Yazı müəllifin Baninlə Parisdəki mənzilindəki görüşünə
həsr olunub. Baninlə görüşə
yola düşən E.Salmanov yazır:
"...fikirləşirdim ki, xeyli yaşlaşmış,
yaddaşı zəifləmiş
bir insanla qarşılaşacağam. Lakin bunun əksinə, mən dərin zəkalı, iti hafizəli, gənclik xarakterli, həmsöhbətini
öz gözəl nitqi, nəcib davranışıilə məftun
edən məlahətli
qadınla rastlaşdım".
Müəllif Banunun tərcümeyi-halı, yaradıcılıq
yolu, xatirələri,
YUNESKO-da çalışan məşhur həmyerlimiz
Ramiz Abutalıbovla əlaqələri
barədə, "64 il əvvəl
tərk etdiyi, lakin heç vaxt unutmadığı, ehtirasla yenidən görmək istədiyi Azərbaycan, Bakı haqqında sorğu-sualları"
barədə məlumat
verir və yazını belə bitirir: "Onun simasında sanki Azərbaycan mədəniyyəti
ilə üz-üzə
dayanırsan və qeyri-ixtiyari fikirləşirsən
ki, Banu xanım hələ
nə qədər gözəl kitablar yaza bilər. Onun üçün doğma Azərbaycanı,
burada baş vermiş dəyişiklikləri
görmək necə də maraqlı olardı!"
"Odlar yurdu"nun Baninlə bağlı növbəti yazısı
(№30-31, 1992) Parisdən gələn
kədərli xəbərlə
əlaqədardır: "Vətən"
Cəmiyyəti dərin
hüznlə bildirir
ki, Azərbaycan mühacirətinin
görkəmli nümayəndələrindən
biri, Fransanın tanınmış yazıçısı
Ümbülbanu Əsədullayeva
(Banin) uzun sürən xəstəlikdən
sonra 87 yaşında Parisdə vəfat etmişdir. Mərhumun işıqlı xatirəsi
həmişə qəlbimizdə
yaşayacaq, onun əsərləri daima oxucuları ilə birlikdə olacaqdır.
Allah rəhmət eləsin.
Qürbətdəki qəbri
nurla dolsun".
Söhbət mətbuatda Banin
haqqında yazılardan
düşmüşkən onu da əlavə etmək lazımdır ki,
Xalq yazıçısı,
professor Elçinin "525-ci qəzet"in 2019-cu il 2 oktyabr
tarixli "Taleyin yazısı. Ümm-ül-Banunun
"Min bir gecə nağılı", Xalq
yazıçısı Anarın
Azərbaycan Xalq Cümhuriyyətinin mühacirətdəki
liderlərinin görkəmli
tədqiqatçısı, tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun
vəfatına həsr
etdiyi "Ramiz Abutalıbovun
xatirəsinə" ("525-ci qəzet", 11 yanvar 2022)
adlı məqalələrində,
Nigar Məhərrəmovanın
Azərbaycanın ən
məşhur diplomatlarından,
UNESCO-ya xidmətə
qəbul olunan ilk azərbaycanlı Ramiz Abutalıbovla
müsahibəsində ("Ramiz Abutalıbov: yadlar arasında özümüzünkü"
https://www.nargismagazine.az/az/13.03.2019) və sair materiallarda Baninin həyatı, yaradıcılığı əhatəli
və məhəbbətlə
işıqlandırılıb (ətraflı bax: Abid Tahirli. Baninin taleyində və qələmində erməni
vəhşiliyi. "525-ci qə-zet",
14 oktyabr 2022; Nami faciəsi,
yaxud qadının qürbətdə ölməsi.
"525-ci qəzet", 27 oktyabr
2022; "Qafqaz fərəsi"nin
Paris macəraları, "525-ci qəzet", 19 noyabr 2022;
Bəşəri Banin
ilə "şovinist"
Buninin dueli. "525-ci
qəzet", 12.12. 2022).
Tolstoy təəssübkeşliyi
Baninin həyatı, yaradıcılığı
haqqında elmi-tədqiqat
səciyyəli yazılarla
yanaşı, şöhrətli
yazıçı barədə
bir sıra bədii-publisistik əsərlər
də ərsəyə
gəlib. Onların sırasında tanınmış
ədəbiyyatşünas, ssenarist, teleaparıcı,
populyar "İstoriçeskie
puteşestviya İvana Tolstoqo"
silsilə verilişlərinin
müəllifi İvan Nikitiç
Tolstoyun 2012-ci ildə
çəkdiyi və
"Mosfilm"in Qızıl
fondunda mühafizə
edilən, İvan Buninlə
Baninin münasibətlərinə
həsr olunmuş
"Duel s çernookoy
djanım" monoloq-film
bir çox cəhətləri ilə
diqqəti cəlb edir. Fikrimizcə, Azərbaycan ədəbiyyatı
tarixində rus şovinizmini, Nobel mükafatı
laureatı, "dvoryan
mədəniyyətinin sonuncu
rus klassiki", "bölünməz və bütöv Rusiya" uğrunda mücadilə aparan qatı antisovet yazıçı
Buninin timsalında rus şovinistini ən kəskin və amansız tənqid edən Banin olub. Elə
ona görə də İvan Nikitiç
Tolstoy 1987-ci ildə rus
mühacirlərinin nəşr
etdiyi "Vremya i mı" adlı jurnalın 1979-cu
il tarixli 41 və 42-ci
nömrələrində "Jelç i med" rubrikası altında dərc olunmuş Baninin Bunin haqqındakı
"Posledniy poedinok
İvana Bunina" memuarını
oxuyur və əsəri mütaliə
etdikcə də kükrəyən qəzəbini
gizlədə bilmir,
"Axı, bu xanım kimdir ki?!" - sualına cavab axtarır. Baninin əsərini "militarist memuar"
adlandıran İ.N.Tolstoy danışır:
"Baninin Bunin haqqında
yazdıqları dözülməz
və dəhşətli
idi. O, yazısında
Bunini "vəhşi",
"varvar" adlandırır
və fikrini Buninin rusluğu ilə əsaslandırırdı.
Halbuki mən və yəqin ki, oxucuların əksəriyyəti
Bunini məhz bu cəhətinə görə çox sevirdik. Axı, bu xanım kimdir,
hansı haqla-hüquqla
dahi yazıçı
haqqında belə danışır?" Filmin
ssenaristi bu suala cavab tapmaq
üçün Baninin
kimliyini araşdırmağa
başlayır və bir neçə il bu işlə məşğul olur. O, təəssüflə bildirir
ki, 4 il ərzində Baninlə
Parisdə eyni küçədə, hətta
eyni tində yaşamalı olsam da, Fransada yaxşı tanınan yazıçının
qonşuluğumda yaşadığnı
bilməmiş, onu həyatda yox, fransız nəşrlərində
axtarmışam. Halbuki
bu müddət ərzində mən ona qonaq gedə
bilər, müsahibə
ala bilərdim. İ.N.Tolstoy məyus halda etiraf edir
ki, bu, araşdırmaçının
səhvi idi. Amma Baninin izinə düşən tədqiqatçının
mətbuat vasitəsi ilə axtarışları
bəhrə verir və öz ifadəsi ilə desək, o, "Banini kəşf edir".
İ.N.Tolstoy Baninin Bakıdan
başlanan həyat yolunu mahir aktyor
kimi əl-qol hərəkətləri və
pafosla, təsirli tərzdə, aydın, anlaşılan nitqlə nəql edir, babaları, atası haqqında söz açır, mühacirətinin
səbəblərini açıqlayır,
Parisdə ilk vaxtlarda manekenlik fəaliyyətinə,
cəmi 3 ay davam edən Banin-Bunin münasibətlərinə, saatlarla
sürən ədəbi
və siyasi-fəlsəfi
mövzulardakı ciddi
mübahisələrinə, Parisdə xidmət edən alman zabiti, məşhur filosof-yazıçı
Ernest Yungerlə uzun müddət davam edən məhəbbət
macəralarına, Baninin
ən yaxın rəfiqəsi şöhrətli
rus mühacir yazıçı Teffi xanımla əlaqələrinə,
"sovet ədəbiyyatının
simvolu" Konstantin Simonovla
görüşünə, yaradıcılığına, o cümlədən, yuxarıda
adını çəkdiyimiz
"Posledniy poedinok
İvana Bunina" memuarına
işıq salır, Baninin məktublarını,
ailə şəkillərini,
yazıçı ilə
bağlı digər arxiv sənədlərini nümayiş etdirir. İ.N.Tolstoy Banini istedadlı yazıçı kimi yüksək dəyərləndirməklə
yanaşı, onun xarakteri və şəxsiyyəti haqqında
da maraqlı fikirlər
söyləyir: "Baninin
taleyində diqqətimi
çəkən mühüm
cəhətlərdən biri
odur ki, bu yazıçı həyatı
boyu yardım üçün heç kimə əl və ağız açmamış, öz
problemlərini özü
həll etmiş, ən çətin anlarında belə heç kimə, hətta Parisdə artıq milyonçu olmasa da, maddi imkanları geniş olan atasına müraciət etməmişdi".
İ.N.Tolstoy Baninin Nobel mükafatı laureatı Buninin əsərlərini qətiyyən
bəyənmədiyini, bu
cəhətdən rus
əsilli ABŞ yazıçısı
Vladimir Vladimiroviç Nabokovla
eyni mövqedə dayandığını qeyd
edir. Banin Buninlə bağlı fikirlərini arxada yox, birbaşa üzünə, həm də qışqıraraq
deyirdi. Heç kim həyatda Buninlə bu üslubda danışmağa
cəsarət belə
etməzdi. İ.N.Tolstoy Baninlə
Bunin arasındakı məşhur
dialoqu-söz duelini özünəməxsus tərzdə
və ustalıqla çatdırır. Buninə
sərt münasibətinə
görə Baninə əvvəl qeyz və qəzəblə yanaşan Tolstoy sonradan onun xarakterinə vurğun olur və əslində "Şamaxı şahzadəsi"nin
təbliğatçısına çevrilir...
"İbrus"da
"İvan Buninin sonuncu
döyüşü"
Baninin əsərləri əsasında
Xalq yazıçısı
Rüstəm İbrahimbəyov
"Posledniy poedinok
İvana Bunina" ("İvan Buninin sonuncu döyüşü") adlı
ssenari yazmış və əsər 2007-ci ilin oktyabrın 12-də Bakıda Rüstəm İbrahimbəyovun 2001-ci ildə
yaratdığı "İbrus"
teatrının səhnəsində
oynanılmışdı. Hadisələr
hər iki yazıçının - 40 yaşlı
Baninin, 70 yaşlı
Buninin vaxtı ilə mühacirət etdikləri Parisdə cərəyan edir. Tamaşa Rusiyanın bir sıra şəhərlərində
göstərilmiş, hər
biri də anşlaqla keçmişdi.
Bunin rolunu Azərbaycanın
Xalq artisti Fuad Poladov, Banini Əməkdar artist Mehriban Zəki,
Baninin bacısını
Mələk Abbaszadə
oynamışdı.
Bundan əvvəl isə əsər Mahaçqalada
Rusiya teatrlarının
beynəlxalq festivalında
səhnəyə qoyulub.
Sonralar "İvan Buninin
sonuncu döyüşü"
Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada, Maksim Qorki adına Nijni Novqorod Dram Teatrında və digər teatrların səhnələrində uğurla
nümayiş etdirildi.
Anarın "Parisdə höcət"i
Azərbaycan ədəbiyyatının canlı
klassiki Xalq yazıçısı Anarın
yaradıcılığı mövzu, ideya, dil, üslub, sənətkarlıq baxımından
milli, maraqlı, zəngin
olduğu kimi, janr və forma cəhətdən dəəlvandır.
O, qələmini bədii,
publisistik yaradıcılığın
bir çox janrlarında uğurla sınayıb, hekayə, povest, roman, şeir, esse, memuar, pyeslər
yazıb. Anar, eyni zamanda çoxsaylı
ssenarilərin müəllifidir.
Onun əsasən, Baninin xatirələri, məktubları, digər mənbələr əsasında
2015-ci ildə yazdığı
"Parisdə höcət"
kinopovesti, haqqında bəhs etdiyimiz Banin-Bunin münasibətlərinə
özünəməxsus baxışının
bədii əksidir. Müəllif remarkada yazır: "Parisdə höcət, qarşıdurma
- bu, yalnız iki inadcıl, şıltaq adamın qarşıdurması deyil,
həm də onların Parislə, tənhalıqlarıyla, taleləriylə,
yaşanmış və
bir də geri dönməyəcək
həyatları haqqında
xatirələriylə höcətləridir,
qarşıdurmalarıdır". Bu əlaqələr iki yazıçı, yaxud dəlicəsinə sevən
qoca ilə ona laqeyd ortayaşlı
qadın arasında vur-tut 3 ay davam edən dolaşıq, qarışıq hisslər,
bitib-tükənməyən höcət və mübahisələr, bir sözlə, Banin-Bunin münasibətləri;
- Avropa həyat tərzinə vurğun, eyni zamanda Vətənini
qəlbən sevən,
doğma yurdla bağlı xatirələri
ilə yaşayan istedadlı yazıçı,
qürurlu, sərt, eyni zamanda səmimi,
açıq və genişdüşüncəli, dünya, rus ədəbiyyatını mükəmməl
bilən Baninin, Nobel mükafatı laueratı,
qatı antisovet yazıçı, rus mühacirətinin ən parlaq siması Buninin xaraterik cizgilərinin incəliklərinə
qədər açılmasına;
- mühacirətin, mühacir
həyatının bütün
tərəfləri ilə
işıqlandırılmasına;
- sovet rejimi və
ideologiyasının, sovet
milli siyasətinin xalqların
taleyində törətdiyi
fəlakətin, faciənin
miqyasını göstərilməsinə;
- müxtəlif dövrlərdə
Bakı və Paris həyatı, cəmiyyətin
fərqli təbəqələrini
təmsil edən insanlarla tanışlığa
yardım edir, vəsilə olur.
Anar Baninlə Buninin mübahisə ilə başlayan, az qala davaya çevrilən"tarixi
tanışlığı"nı, höcətlə bitən
son görüşünü inandırıcı və
təbii təsvir edib. Banin Buninə
heç kimin cəsarət edib deyə bilmədiyi iradları onun üzünə, həm də sərt şəkildə söyləyir.
Onu baxışlarındakı
şovinizmdə, təkkəbürlü
olmasında, qeyri-obyektivlikdə,
"Avropaya, ən başlıcası isə
Fransaya məxsus hər şeyə inadla müqavimət göstərməkdə" ittiham
edir, onunla yaradıcılıq problemləri
ətrafında mübahisəyə
girişir, hətta yazıçının hekayələrinin
mövzu yeknəsəkliyini
qınamaqdan belə çəkinmir.
Əsərin qəhrəmanlarının Baninin və Buninin xarakterik cizgilərinin tam açılmasına
yardım edən rus mühacir yazıçısı Teffi,
sovet yazıçısı
Konstantin Simonov, Buninin həyat
yoldaşı Vera Nikolayevna,
Baninin atası Mirzə Əsədullayev,
əri Cəmil, bacısı Gülnar, Gülnarın yeni, növbəti
sevgilisi Xuan kimi epizodik obrazlar, eyni zamanda ayrı-ayrılıqda
yaddaqalan, koloritli surətlərdir...
Anarın
əsəri ilə bağlı dediklərimizi
yekunlaşdıraraq bu
qənaətə gəlirik
ki, ssenari qürbət
həyatının bütün
ağrı-acılarını yaşamış Baninin həyat yoluna işıq salır, dərin məna kəsb edir, aktuallığı ilə
seçilir.
Bütün bu qeydlərdən
sonra yazının bir qədər qəribə səslənən
sərlövhəsi haqqında.
Yuxarıda yazdığımız
kimi, Baninin mürəkkəb, məşəqqətli,
macəralarla dolu həyat yolu və diqqətəlayiq yaradıcılığı haqqında
rus rejissor, ədəbiyyatşünas, ssenarist
İvan Tolstoy mükəmməl bir monoloq-film yaradıb, çağdaş
ədəbiyyatımızın və kino sənətimizin
görkəmli nümayəndəsi,
tanınmış nasir,
dramaturq, ssenarist və rejissor Rüstəm İbrahimbəyov
Baninin həyatı haqqında əsəri tamaşaya qoyub. Azərbaycan ədəbiyyatının
və kino sənətinin
inkişafına misilsiz
töhfələr vermiş
Anar kinopovest qələmə alıb. Həmin əsərin qələmə alınmasından
10 ilə yaxın vaxt keçir. Anar təvazökarlıqla,
həmin əsərə
kino həyatı verməyə
məsul təşkilatlar
və şəxslər
isə, təəssüf
ki, laqeydcəsinə susurlar...
11.07.2023
Abid TAHİRLİ
525-ci qəzet.-
2023.- 15 iyul. S. 18;19.