Yaddaşıma köçən səs
Kəndimizdə ilk televizor alanlardan
biri də qonşumuz Əsgər əmigil idi. Maraqlı verilişlər
olanda onlara toplaşıb, televiziyaya tamaşa edərdik. Günlərin bir günü yenə yığışıb, konsertə
baxırdıq. Xanəndə
və çalğıçılar
ekranda görünəndə
Əsgər əmi kamançaçalanı göstərib
dedi: "Bu, bizim kəndçimizdir. Rəhmətlik
Kərim kişinin oğludur. Uzun illər qonşu olmuşuq..." O vaxtdan
da bu sözlər mənim uşaqlıq yaddaşıma əbədi
həkk olundu və hər dəfə televiziyada və konsert salonlarında onun çıxışını görəndə öyünə-öyünə
tay-tuşlarıma deyirdim:
"Bax, bu kamançaçı bizim
kəndçimizdir. Qonşumuz
olub..."
Aylar, illər ötdü. İş elə gətirdi ki, Bakıda onunla qonşuluqda yaşayası oldum. Hərdən rastlaşanda
uşaqlıqda olduğu
kimi yenə də öz-özümə
öyünürdüm. Ona görə ki, o, həmkəndlim
idi və respublikamızın tanınmış
kaman ustalarından biri kimi kəndimizin
musiqi şöhrətini
yaşadırdı.
Neçə vaxt idi ki, Elman Bədəlov haqqında yazmaq istəyirdim. Amma hər dəfə fikrimi bildirəndə nədənsə boyun qaçırır, "sağlıq
olsun, niyə tələsirsən, yazarsan
da!" - deyə söhbətin
mövzusunu dəyişərdi.
Bilmirəm bunu təvazökarlıqdan, utancaqlıqdan
eləyirdi, yoxsa... Bu sözləri ondan nə az, nə
çox düz on beş il eşitdim. Nəhayət, bir gün Elman müəllim altmış yaşın astanasında olanda şeytanın qıçını
sındırıb, evlərinə
getdim, görüşüb
söhbət elədim...
Məni
bu evə kamançanın sehri gətirmişdi.
Ancaq elə söhbətimizin ilk dəqiqələrindən
onun istedadının mənə və demək olar ki, bütün tamaşaçılara
məlum olmayan yeni bir cəhəti ilə də tanış oldum. Elman müəllimdən bir hava çalmağı xahiş eləyəndə
soruşdu ki, nədə
çalım, kamançada,
yoxsa tarda? Onun sözlərini təəccüblə qarşıladım
və fikirləşdim
ki, yəqin elə-belə,
çoxları kimi həvəskar tarçalandır.
Lakin o, tarı götürüb
sinəsinə sıxanda
hər şey mənə bəlli oldu. Sən demə, kamançaçı
Elman Bədəlovun çox
tarzənlərin həsəd
apara biləcəyi əla tar çalmağı
da varmış! Bunu təkcə mən demirəm. Respublikanın Xalq artisti, ustad
sənətkarımız, rəhmətlik
Hacı Məmmədovun
sözüdür... Bir gün
bir məclisdə
Elman tar çalır. Onu
kamançaçalan kimi
tanıyanlar təəccüblənir.
Hacı müəllim
Elmanın çalğısına
diqqətlə qulaq asandan sonra tam ciddiyyətlə və ürəkdən gələn
sözlərlə deyir
ki, Elman, sən, doğrudan
da, əla tarzənsənmiş!
Bəzi tarzənlər
səndən öyrənə
bilərlər. Mən
Hacı müəllimin
sözlərinin bir daha şahidi oldum. Nə isə... Elman müəllim
tarı dilləndirməyə
başladı. "Zabul-Segah"ın
kövrək və lirik sədaları pəncərələrdən süzülüb,
bayırdakı yaz havasına qarışırdı.
Elə canü-dildən
çalırdı ki, sanki
ürəyi tarın pərdələrindən boylanırdı.
Daha doğrusu, mən onu özü
demişkən, yaşamaq
anında görürdüm.
Şirin barmaqları tarın pərdələrində
gəzişdikcə gözlərim
önündə musiqili
bir həyatın səhifələri açılırdı.
...Onda Elmangilin ailəsi Ağdamda yaşayırdı. Atası
Kərim və əmisi Rəhim Malıbəyli kəndinin
şöhrətli ziyalılarından
idilər. Əmisi gözəl tar çalır,
Ağdam rayon pionerlər
evinin musiqi dərnəyinə rəhbərlik
edirdi. Tez-tez Elmanı da özü ilə pionerlər evinə aparır, onun musiqiyə olan həvəs və məhəbbətini
daha da artırırdı.
Çox keçmədi
ki, Elman musiqi dərnəyinin
tar şöbəsinə üzv
yazıldı. Dərnəkdə
tanınmış tarzən
Nəriman Mehralıyevdən
və əmisi Rəhimdən, evdə isə yaxın qohumu Ağalar Ələkbərovdan tar çalmağın
sirlərini öyrəndi.
Bir gün isə anası Rəxşəndə
xanımın oğluna
tar alıb gətirməsi
balaca Elmanın sevincini birə-min artırdı. Həmin gündə o, bir an da olsun, tarı sinəsindən yerə qoymurdu. Hər gün radionun yanını kəsdirər,
səslənən melodiyaları
beyninə köçürər,
sonra saatlarla oturub çalar, qavradıqlarını təkrar
edərdi. O vaxta qədər çalardı
ki, biləkləri qançır-qançır
olardı.
Tez bir zamanda Elman tarın incəliklərinə
yiyələndi, rayonun
musiqi ictimaiyyəti arasında tanındı.
1947-ci ildə Ağdam
Dövlət Dram Teatrına
musiqi hissə rəhbəri kimi işləməyə dəvət
olundu. Az vaxtda onun şöhrəti, az qala, bütün
Qarabağa yayılmışdı.
Hətta 1957-ci ildə
gənc tarzən Azərbaycan gənclərinin
Bakıda keçirilən
ikinci festivalının
laureatı adını
qazandı. Bu, onun həyatında ən xoşbəxt günlərindən
biri idi. Elman Bədəlovun ifasında
lentə yazılan və hazırda respublika radiosunun musiqi fondunda saxlanılan "Şur"
və "Segah-Zabul"
muğamlarını dinləsək,
onun mahir bir tarzən də olduğuna əmin ola bilərik.
...Qonşuluqda Əli adlı bir kamançaçalan
vardı. Hər axşam o, kamançasını
səsləndirəndə Elman bu ecazkar alətin
səsinə diqqət
kəsilər, qulaq asmaqdan doymazdı. Bu zərif səsə o qədər vurulmuşdu ki,.. Əli müəllim
qonşu oğlanın
bu alətə ürəkdən vurğunluğunu
hiss edərək bir kamança bağlatdırıb,
ona bağışladı.
Elman indi də bütün mehrini kamançaya saldı, sonsuz həvəs və istəklə onun sirlərinə vaqif olmağa çalışdı. Kamançanı
çaldıqca təkmilləşdi,
təkmilləşdikcə ustalaşdı. Səsi-sorağı
konsert salonlarından,
musiqi festivallarından
eşidildi. Bir neçə
dəfə pioner və məktəblilərin
Bakıda keçirilən
respublika olimpiadalarının
laureatı adını
qazandı.
Bir gün Ağdam Musiqi Məktəbinin direktoru Əlipaşa Daşdəmirov Elmanı kamança dərsi deməyə dəvət elədi. Gənc kamançaçı həm
dərs deyir, həm də rayon pionerlər evinin özfəaliyyət dərnəyinə
rəhbərlik edirdi.
Eyni zamanda o, pedaqoji texnikumu, sonra isə Ağdam Dövlət Müəllimlər İnstitutunun
fizika-riyaziyyat şöbəsini
bitirib, bir müddət Çəmənli
və Əhmədavar
kənd məktəblərində
müəllimlik elədi.
Elman pedaqoji fəaliyyətlə
məşğul olduğu
vaxtlarda da kamançasından
ayrılmırdı.
1947-ci il idi. Elman Bakıda keçirilən pioner və məktəblilərin
yeddinci respublika olimpiadasında iştirak edirdi. Onun çaldığı
"Çahargah" muğamı
münsiflər heyətinin
üzvü, tanınmış
pedaqoq-musiqiçi Səid
Rüstəmovun ürəyinə
yatdı. Səid müəllimin tövsiyəsi
ilə "Çahargah"
Elmanın ifasında lentə alındı...
Elman Bədəlov artıq böyük musiqi sənətinə yol açmışdı. Yaradıcılığının
püxtələşmə dövrünü keçirirdi.
Ancaq professional musiqi təhsili yox idi, ona görə
də 1957-ci ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinə daxil oldu, respublikanın
Əməkdar artisti
Hafiz Mirzəliyevin sinfində
təhsil almağa başladı. İkinci kursda oxuyarkən Səid Rüstəmov Elmanın ifaçılıq
qabiliyyətini nəzərə
alaraq Azərbaycan Televiziyası və Radiosu Xalq Çalğı
Alətləri Orkestrinə
işə götürdü.
O, həm də şəhər 6 nömrəli
musiqi məktəbində
və Ə.Bakıxanovun
rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında
işləyirdi.
Elman təhsil illərində musiqi nəzəriyyəsinin
əsaslarını öyrəndi,
professional ifaçılıq texnikasının sirlərinə
yiyələndi, sənət
üslubunu daha da təkmilləşdirdi, get-gedə
fərdi yaradıcılıq
qabiliyyəti inkişaf
etməyə başladı.
Altmışıncı illərin
əvvəllərində o, artıq ifaçılıq
aləmində, respublikanın
musiqi ictimaiyyəti arasında tanınan, özünün yüksək
professionallığı və
ifaçılıq fərdiliyi
ilə seçilən
sənətkarlardan sayılırdı.
Çalğısında Azərbaycan ifaçılıq məktəbinin
klassik ənənələrini
yaşadan Elman Bədəlov
xanəndəni müşayiət
edərkən özünəməxsus
texniki vasitələrdən
bacarıqla istifadə
edir. Aydındır
ki, muğamların və
xalq mahnılarımızın
iki əsas klassik ifa üslubu
var: oxuyanı müşayiət
etmək və solo çalmaq. Ustad kamançaçı hər
iki üsulu dərindən mənimsəyib.
O, oxuyanı müşayiət
edərkən xanəndəni
yeni-yeni barmaqlarla, xallarla
ilhama gətirir. Yüksək ifaçılıq
mədəniyyətinə malik olan kaman ustası
xalq musiqisini dərindən bildiyindən
çaldığı muğam
və melodiyaların ruhunu da tamaşaçı
və dinləyiciyə
ustalıqla çatdıra
bilir. Fərdi ifaçılığı, texniki
kamilliyi ilə fərqlənən Elman Bədəlovun
ifaçılığında lirizim, nikbinlik duyulur. Yanıqlı çalğısı, məharətlə
işlətdiyi guşə
və xallar, emosional ifa tərzi
onu ustad sənətkarlar sırasına
çıxarmışdı.
Elman Bədəlov bir çox tanınmış
musiqiçilərlə yaradıcılıq
ünsiyyəti saxlayırdı.
Şövkət Ələkbərova,
Sara Qədimova, Əbülfət
Əliyev, Arif Babayev, Canəli Əkbərov,
Alim Qasımov və başqaları ilə dəfələrlə tərəf-müqabil
olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı
və İncəsənəti
Ongünlüyündə Xan əmini və Şövkət xanımı
kamançada müşayiət
etdiyi indi də o dövrün tamaşa-çılarının yaxşı yadındadır.
O, sənət dostları
ilə birlikdə ölkənin bir çox iri şəhərlərində, Türkiyədə
və Yaponiyada qastrol səfərlərində
olmuşdur.
1980-ci ildə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyasının
xalq musiqisi şöbəsini kamança
ixtisası üzrə
qiyabi bitirmiş Elman Bədəlov bir pedaqoq-musiqiçi kimi də fəaliyyət göstərirdi. Onun konservatoriyada dərs dediyi tələbələrdən
Ədalət Vəzirov,
Yaqut Kərimova, Ağacəbrayıl Abbasəliyev
indi kamança çalmaqda heç də öz müəllimlərindən geri
qalmırlar.
1982-ci ildə ona ifaçılıq
sənətinin inkişafında
və musiqi mədəniyyətimizin geniş
təbliğində xidmətlərinə
görə Azərbaycan
SSR əməkdar artisti
Fəxri adı verilmişdi.
Ona verdiyim sonuncu suallardan biri də belə idi: "Elman müəllim,
artıq altmış
yaşınız var. Sizin
tay-tuşlarınızın əksəriyyəti çoxdan
xalq artisti adını alıblar. Bəs nə əcəb sizə indiyə qədər bu adı verməyiblər?"
Müsahibim bir anlığa fikrə getdi, sonra yarızarafat,
yarıgerçək dedi:
"Versələr, niyə
almıram ki?.." Onun bu məntiqli
cavabı məni mütəəssir elədi.
Bu evə Elman Bədəlovun
kamançasının sehrinə
gəlmişdim. Ancaq mən bu virtuoz
kaman ustasını özüm üçün
həm gözəl bir tarzən, həm də gözəl bir insan kimi kəşf
elədim.
...Bir gecə aldığım acılardan acı xəbər - Elman Bədəlovun
ölüm xəbəri
məni ildırım
kimi vurdu. O gecə gözümə yuxu getmədi. O gözəl, nurani sima gözlərim önündən
çəkilmədi. İnana
bilmirdim onun yoxluğuna. Ancaq özümə təskinlik
verirdim ki, bəlkə,
bu bəd xəbər heç doğru deyil. Allah eləyəydi, bu kədərli xəbər
yalan çıxaydı!
Bir də fikirləşirdim
ki, bu dünyaya etibar yoxdur, hər şey ola bilər.
Ertəsi
gün bu xəbərin doğru olduğuna inandım. Daha nə deyəydim,
nə təsəlli verəydim özümə.
Yaxın tanışın,
dostun ölümü
adama necə də pis təsir
edərmiş. Ürəyimdən
nələr gəlib-keçdiyini
bir özüm bildim, bir də
Allah.
Elman müəllimin vaxtsız ölümü bizim hamımızı - musiqisevərləri,
onu yaxından tanıyanları, qohumlarını,
həmkəndlilərini - malıbəyliləri
yandırıb-yaxdı. Onun
yasına kimlər gəlməmişdi... Respublikanın
adlı-sanlı incəsənət
ustaları, sənət
dostları, qohum-qonşular,
bir də uzaq Almaniyadan gəlmiş gözəl müğənnimiz Yaqub Zurufçu. Yaqub ona öz qəlbinin
dərinliklərində "Ayrılıq" mahnısı
ilə yas saxladı. Özü demişkən, qınayan olmasaydı, Elman müəllimin
qəbrinin üstündə
oxuyacaqdı bu mahnını. Sənət
dostu, dirijor Nəriman Əzimov isə deyirdi ki, Elmanın ölümüylə
sanki mənim qolumun biri kəsildi.
Elman Bədəlov həmişə
bizim qəlbimizdə,
söhbətlərimizdə, sözümüzdə, musiqimizdə
yaşayır. Onun adını biz həmişə
hörmətlə yad edir,
şirin və kövrək xatirələr
danışırıq. Və
yəqin ki, ancaq bununla təsəlli tapırıq.
Xalq şairi Məmməd Rahim
bu misraları elə bil Elman müəllim kimi insanlar haqqında qoşub.
Vasif QULİYEV
525-ci qəzet.- 2023.- 18 iyul. S. 12; 13