İşıqlı əməllərlə qazanılmış unudulmazlıq

 

...Məmməd Kazıma, hörmət məhəbbət əlaməti olaraq həmkəndlim, şair Arif Fərzəli ilə mən adətən, Məmməd əmi deyə xitab edərdik. Bəlkə bu, ona görəydi ki, Arifin atası, mənim xalam oğlu, bəhri-təvil ustası kimi tanınan Xudakərim Məftun ilə Məmməd müəllimin gənc yaşlarından çox möhkəm dostluq münasibətləri vardı. Ötən əsrin 50-ci illərindən başlayan bu münasibət Xudakərim müəllim dünyasını dəyişən günə qədər davam elədi. Sonra Ariflə mən bu dostluğu davam etdirdik. Məmməd əmiylə aramızdakı yaş fərqi böyük olsa da, əsla bizim dostluğumuza əngəl olmadı... Daha doğrusu, Məmməd əmi öz müdrikliyi, zəngin həyat təcrübəsi ilə heç vaxt bunu hiss etdirmirdi. Hərdən Ariflə aramızda nəyəsə kiməsə görə kiçik inciklik olanda Məmməd əmi dərhal bizi barışdırardı. Hətta barışıq günü əlamətdar olsun deyə o, bizə təbiət qoynunda yaxşıca qonaqlıq da verərdi. Ağsaqqal dostumuz belə barışdırıcı missiyası zamanı bizə təkcə öyüd-nəsihət dolu məsləhətlər vermirdi, həm ötən günləri, tanınmış qələm dostlarını yada salıb, şahidi olduğu hadisələrdən maraqlı söhbətlər edər, sonra da zarafatla deyərdi ki, bu cür "qonaqlığa" görə aradabir "küsməyə" dəyərmiş!..

Mən hələ universitetin jurnalistika fakültəsində təhsil aldığım illərdə Məmməd Kazımı böyük vətənpərvər, cəfakeş publisist, təəssübkeş ziyalı, dəyərli teleaparıcı kimi tanıyırdım. O vaxt Məmməd müəllim Azərbaycan Televiziyasının "Hünər" hərbi-vətənpərvərlik verilişinə rəhbərlik edirdi. Xalq şairi, müasir ədəbiyyatımızın klassiki Nəriman Həsənzadənin təbiri ilə desəm, "Hünər" verilişi elə Məmməd Kazımın öz hünəri idi...

Jurnalistika fakültəsinin müəllimlərindən aldığımız nəzəri biliklərlərlə yanaşı, televiziyanın ədəbi dram verilişləri redaksiyasının baş redaktoru Mailə Muradxanlı, ədəbiyyat verilişləri redaksiyasının şöbə müdiri yazıçı Firudin Ağayev, görkəmli teatr rejissoru aktyoru, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədov, "Bakı" "Baku" qəzetinin baş redaktoru Nəsir İmanquliyev bizə ara-sıra təcrübə dərsləri keçməyə gələrdilər. Bir dəfə semestr imtahanlarının birində, çətinliyə düşdüyüm zaman ustad Məmməd Kazımın bizim jurnalistika fakültəsinin dekanı Tofiq Rüstəmovla dostluq münasibətindən öz xeyrim üçün bəhrələnmişdim . Təbii ki, Məmməd müəllimin məsləhəti ilə onun dostluq salamını dekana çatdıraraq "dərdimi" ərz eləmişdim...

M.Kazımla bir neçə dəfə atamın xalası oğlu Əməkdar inşaatçı, Sosialist Əməyi Qəhrəmanı Məmməd Hüseynovun evində görüşmüşdük. O vaxt Bakının mərkəzində, Xalq şairi Səməd Vurğunun ev-muzeyinin qonşuluğunda yaşayan Ağagilə (hamı Məmməd Hüseynova "Ağa" deyə müraciət edərdi - N.Ə.) yazıçı-publisist Ağəddin Mənsurzadə, yazıçı-tərçüməçi professor Zeydulla Ağayev, filologiya elmləri üzrə fəlsəfə doktorları Əziz Gözəlsoy, Süleyman Hüseynov başqa görkəmli ziyalılar qonaq gələrdilər. Onlar öz dövrünün qabaqcıl ictimai xadimi kimi dünyanın 40-dan çox ölkəsində səfərdə olan Məmməd Hüseynovun söhbətlərinə məhəbbətlə, heyranlıqla minnətdarlıq hissiylə qulaq asardılar.

Şübhəsiz ki, 1969-85-ci illərdə "Hünər" hərbi-vətənpərvərlik redaksiyasının baş redaktoru, eyni zamanda həm "Hünər"in, həm "Heç kim unudulmayıb" verilişlərinin aparıcısı kimi fəaliyyət göstərdiyi illərdə Məmməd Kazımı nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da tanıyırdılar. Sözün həqiqi mənasında, o, İkinci Dünya müharibəsində həlak olan azərbaycanlı qəhrəmanların qürbət diyarlarda - "Qardaşlıq qəbiristanlıqları"nda məzarlarını arayıb-axtarar, onların döyüş yolundan bəhs edən maraqlı verilişləri ilə tamaşaçıların böyük rəğbətini qazanardı...

Onu da qeyd edim ki, M.Kazım itkin düşən döyüşçülərin məzarlarını təkcə o zaman Sovetlər Birliyinə aid respublikalarda deyil, sosialist düşərgəsində təmsil olunan digər ölkələrə səfərləri zamanı tapır, eyni zamanda onların yaxınlarının həmin məzarları ziyarət etməsinə ciddi-cəhdlə nail olurdu.

...Mən 80-ci illərin ortalarında bir müddət Riqa şəhərində yaşamışam. Orada Məmməd müəllimin həmkəndliləri Əlipaşa, Əlisahib Əlipənah Nəsirov qardaşları ilə yaxından tanış oldum. Onlar mənə Məmməd Kazımın 70-ci illərdə dəfələrlə Riqa şəhərinə gəldiyini, burada - Mejapark (Meşə parkı) adlanan yerdə həm Birinci, həm İkinci Dünya müharibələrində həlak olan azarbaycanlıların məzarlarını ziyarət etdiyini Latviyada əsərlərinin latış dilində nəşr olunduğunu bildirdilər. Günlərin bir günü mən girişində "1915-1945" yazılmış, yamyaşıl xiyabanı xatırladan "Qardaşlıq qəbiristanlığı"nı ziyarət etdim. Nəhəng pilonların (yunanca, qülləli böyük qapılar), güclü naxışlı sütunları üzərində memarlıq sənətinin ən gözəl nümunəsi olan süvari heykəlləri, yəqin, elə mənim kimi, Məmməd müəllimin diqqətini cəlb etmişdi. İgidliyin, qəhrəmanlığın rəmzi olan yüzlərlə palıdın arxasında əsgər məzarları sıralanmışdı. Öz-özümə deyirdim ki, ilahi, bu məzarlarda mənim həmvətənlərim, minlərlə Məhəmməd ümməti uyuyur...

O günə qədər mən yalnız bir dəfə Mahaçqalada "Qardaşlıq qəbiristanlığı"nda olmuşdum. Düşünürdüm ki, belə qəbiristanlıqları qarış-qarış gəzən Məmməd Kazım məzar daşlarındakı azərbaycanlı döyüşçülərin soyadlarını əvvəlcə bir-bir qeyd dəftərçəsinə yazır, sonra onların hansı hərbi komissarlıqdan müharibəyə yollandığını, harada həlak olduğunu aydınlaşdırıb "Hünər" verilişində barələrində ətraflı məlumat verir. Bununla belə, o, yalnız "Hünər"dəki fəaliyyəti ilə qane olmurdu. "Xatın zəngləri" (şeir poemalar), "Leytenant Kərimov dostları" (povest), "Salam, General" (publisistika), "General Həzi" (mənzum dram) kimi müxtəlif janrlı əsərlər yazıb, ssenariləri əsasında C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında səndəli filmlərin çəkilişini reallaşdırırdı...

Məmməd Kazım televiziya tamaşaçılarının yaddaşında həm "Ludza əfsanəsi" "Xəzər laylası" tamaşaları ilə qalıb. O, bədii publisistikasına görə 1975-ci ildə "Qızıl Qələm" mükafatına layiq görülmüşdü.

Məmməd Kazımın "Hünər" kitabında toplanan sənədli oçerkləri onun uzun illər boyu keçmiş SSRİ- Avropa ölkələrindəki jurnalist araşdırmalarının uğurlu nəticəsi idi.

...1987-ci ildə mən Masallı Rayon İcraiyyə Komitəsində işləyəndə Məmməd Kazım Vladimir Qafarov, Camal Yusifzadə Maarif Soltanla bizim Xırmandalı kəndinə - dostu Xudakərim müəllimgilə qonaq gəldi. O vaxt Arif Fərzəli Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya şöbəsində qiyabi təhsil alırdı. Ertəsi gün biz birlikdə Masallının görməli yerlərini gəzib-dolaşdıq, Viləşcayın sahilində Məmməd əminin dadlı-duzlu söhbətlərini dinləyə-dinləyə süfrə ətrafında oturub yeyib-içdik, bir-birimizin şərəfinə sağlıqlar dedik... İndi bu sətirləri yaza-yaza düşünürəm ki, əgər ömrümdə belə adamlarla rastlaşmasaydım, onların maraqlı xatirələrini, səfər təəssüratlarını dinləməsəydim, bu gün qələmə aldığım bu xatirə , yazıçılıq həyatım da çox bəsit görünərdi...

...90-cı illərin əvvəllərində Məmməd Kazım Masallıda "Qala" adlı ədəbi-bədii qəzeti nəşr etdirməyə başladı. "Güvənib xalqımın zəka gücünə, çəkdim söz kürsümü qala bürcünə" devizi altında nəşr olunan "Qala" qəzeti Məmməd müəllimi Azərbaycanda həm peşəkar naşir kimi məşhurlaşdırdı.

Ədəbi prosesin nəinki bölgələrdə, hətta ümumrespublika miqyasında canlandırılması bir çox gənc istedadların üzə çıxarılması işində

"Qala"nın danılmaz rolu olub. Etiraf edim ki, bu gün Azərbaycan ədəbiyyatının tanınmış qələm adamlarının çoxunun imzası ilə ilk dəfə Məmməd müəllimin baş redaktoru olduğu "Qala"nın səhifələrində tanış olmuşam. Qəzetin redaksiyası köhnə icraiyyə komitəsinin ikinci mərtəbəsində yerləşirdi. Mən tez-tez redaksiyaya gedərdim. Məmməd müəllimin qəzetin əməkdaşları ilə dost kimi rəftarına, həmçinin Bakıdan respublikamızın müxəlif güşələrində yaşayan bütün yardıcı adamların qəzetə göndərdiyi yazılara necə həssaslıqla yanaşdığına dəfələrlə şahid olmuşdum.

Tale elə gətirdi ki, mən 1994-cü ildə Masallı rayon İcra Hakimiyyətinin humanitar şöbəsində çalışanda Nizami Gəncəvi adına Masallı Mədəniyyət evində Məmməd müəllimin 60 illiyinin keçirilməsinə hazırlıq gedirdi. Məmməd müəllimin məsləhəti ilə rayon icra hakimiyyətinin başçısı Teymur Yəhyayev yubiley məclisini aparmağı mənə həvalə elədi... O gün rayon ictimaiyyətinin iştirakı ilə çox təntənəli keçən yubiley mərasimini sonra Məmməd müəllimin Tatyanoba kəndində təzə tikdirdiyi evində - süfrə arxasında qələm dostları, ailə üzvləri, qohumları ilə birlikdə davam etdirdik. Sonralar Məmməd müəllimin iştirakçısı olduğum 70 80 illik yubileyləri Bakıda - Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə adına layiq şəkildə qeyd olundu.

...Məmməd Kazım ömrünün son illərini Bakıda yaşadı. Təcrübəli qələm ustası gənc şair yazıçılara həmişə atalıq qayğısi ilə yanaşardı. Onlardan maddi mənəvi köməyini heç vaxt əsirgəməzdi, necə deyərlər, Məmməd Kazımın yaradıcılığı ilə şəxsiyyəti bir-birini yüzdə-yüz tamamlayırdı. Qələm dostlarımız Kənan Hacı, İlham Novruzoğlu bir çox gənc yazarlar da ona bizim kimi Məmməd əmi deyərdilər.

...Bu günlərdə qələm dostum Ağacəfər Həsənli bildirdi ki, qarşıdan Məmməd Kazımın 90 illik yubileyi gəlir yubiley münasibətilə kitab hazırlayır. Əminəm ki, bu kitab Məmməd Kazımın ruhuna böyük töhfə olacaq, özü həyatda olmasa belə, 90 illik yubileyi , Məmməd Kazımın sağlığındakı kimi, Bakıda Masallıda adına layiq keçiriləcək, qələm dostları, ailə üzvləri onun əziz xatirəsini ehtiramla yad edəcəklər.

Məmməd müəllim Azərbaycanı, elini, obasını sevən bir Söz Adamı idi. Yazımı unudulmaz qələm ustasının bu misraları ilə tamamlayıram:

 

Azərbaycan yolunda sinəmizi gərmişik,

Azadlıq savaşında çox qurbanlar vermişik.

Kəlbəcərdə, Laçında laçınlar itirmişik.

Çətin vaxtda Cavanşir, Koroğlu misallıyıq,

Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

 

Nurəddin ƏDİLOĞLU

525-ci qəzet.- 2023.- 19 iyul. S. 11.