Qarabağdan gələn nida: "Qayıt, gəl!"
Qarabağ həqiqətlərindən: erməni vəhşiliyindən,
səngərlərdə keçən
ağır günlərdən,
yalnız "Vətən"
deyib irəli atılan igid oğullarımızdan, didərginliyə,
köçkünlüyə qəmli notlarla köklənən soydaşlarımızın
ürək dağlayan
iztirablarından bəhs
edən daha bir kitabla üz-üzəyik.
Müəllifi isə
Qarabağ qazisi, şəhid atası Hacı Əkbər Rüstəmovdur. O Hacı
Əkbər Rüstəmov
ki, Vətənin keşiyində
üç oğlu ilə birgə dayanıb, oğullarından
birini bu yolda qurban verib.
Ancaq xəyanət nəticəsində məğlubiyyətin
amansız cənginə
düşüb, qismətinə
iyirmi yeddi il el-obasından ayrı, həsrət nalələri
ilə yaşamaq düşüb. O da qələmi
ilə təsəlli taparaq cəbhə xatirələrini vərəqlərə
köçürüb, ürəyinin
yanğısını belə
söndürməyə çalışıb.
"Qayıt, gəl!" adlandırılan bu kitaba müəllifin səngərlərdə olarkən
qələmə aldığı
qeydləri, ayrı-ayrı
vaxtlarda "Qarabağ",
"Ədalət", "Ana torpaq" qəzetlərində
çap edilən
"Dizimiz qatlanmamış
keçməliyik", "Vətəni azad etməliyik", "İndi şəhid
verən Azərbaycanın
bir gün çox amansız intiqamı var", "Ana torpağı
qoruyan ölməz"
və s. bu kimi məqalələri, eləcə də müharibə qəhrəmanlarından
bəhs edən, didərginlikdən doğan
üzüntüləri özündə
daşıyan yazıları
daxil edilmişdir. Sonluqda isə şəhid atasının,
el qəhrəmanının
ağı və nalələlərlə dolu
bayatıları, Sarvan
Şamiloğlunun keçmiş
döyüşçüyə həsr etdiyi şeiri qarşılayır
bizi.
Toplanan məqalə və qeydlər mövzuca
rəngarəng olsa
da, hamısını bir
qayə, bir amal birləşdirir. Vətən! Və Vətənin azadlığı
istəyi. Kitabın əvvəlindən sonuna qədər "Ana torpaq", "Vətən"
, "Ağdam", "Qarabağ",
- deyib imdad diləyən müəllifin
bu hayqırtıları
ağrılı olsa
da, başa düşüləndir.
Ümumiyyətlə, kitab boyu müəllif qarşımıza
bir neçə obrazda çıxır. Məğlubiyyət acısını
dadmış, lakin bu məğlubiyyətlə
barışa bilməyən
komandir, övladını
Vətən yolunda qurban vermiş şəhid atası, tələbələrinə və
əsgərlərə qayğı
ilə yanaşan qayğıkeş yoldaş,
müəllim, dost, yoldaş
itkisinin ağrısını
ürəyində gəzdirən
vəfalı dost və
nəhayət, vətənsizlik
girdabına yuvarlanan vətəndaş və didərgin. Elə bununla da bu qədər
ağır yükü
qəlbində necə
daşıdığına, bu qədər ağrı-acını, xəyanəti
gördükdən sonra
da cavabsız qalan bu nalələrlə necə ümidini itirmədiyinə heyrət
edirik. Kitabı yenicə əlimizə alırıq ki, bir Vətən oğlu kimi ana torpağın bütövlüyü uğrunda
etdiyi bütün fədakarlıqlara baxmayaraq,
məğlubiyyətlə üz-üzə
qalmış və bunu heç cür qəbul etmək istəməyən
bir döyüşçünün
birliyə çağırış
nidaları və bu yolda imdad
diləyi qulaqlarımızda
cingildəyir. "Qalx
ayağa, Vətən
oğlu", "Gənc
Azərbaycan əsgəri"
başlıqlı yazılarında
ürək ağrısı
və böyük yanğı ilə hamını ayağa qalxmağa, geriyə - tapdaq altında qalıb haray çəkən Vətənə
dönməyə, ona
qovuşmağa səsləyir
və hətta bu zaman təkcə Qarabağ üçün
yox, Zəngəzur, Göyçə mahalı
üçün də
geri qayıtmağı,
vuruşmağı arzu
edir: "Əsrin əvvəllərində və
ondan da qabaq düşmən yurdlarımızı
taladı, İrəvan,
Göyçə, Zəngəzur
qan ağladı, möhkəm tora salındı türk milləti. İndi məqam
sənindir, irəli, irəli, Milli Ordu Əsgəri!" Nə qədər ağrılı
olsa da, bu bir həqiqətdir ki, bu çağırışı
edərkən artıq
müəllif Vətən
yolunda bir övladını itirmişdir.
Abdal-Gülablı uğrunda
gedən döyüşlərdə
Sənan Rüstəmov
şəhidlik məqamına
ucalmışdır. Müəllifin
"Biz qalib gəlmək
üçün vuruşurduq",
"Dizimiz qatlanmamış
keçməliyik", "Şəhidi ağlamazlar",
"Ana torpağı qoruyan
ölməz", "İndi şəhid verən Azərbaycanın bir gün çox amansız intiqamı
var" başlıqlı məqalələrində
oğlu şəhid Sənanı iftixar hissi ilə andığının, onunla
necə qürur duyduğunun da sanki canlı şahidinə çevrilirik sətirlərdən.
Bütün bu olanlardan sonra "Vətən sağ olsun", - deyib qələbəyə ümidini
itirməyən və
bunun üçün
hələ də silahını yerə qoymayan, qəlbi Vətənə sevgisi ilə döyünən bu qəhrəman döyüşçü bütün
varlığı və
canıyla yenə qalan iki övladını
da götürüb Vətənin
müdafiəsinə qalxmağa
hazırdır.
Bəzən bircə cümlədən
belə aydın olur ki, qəhrəman döyüşçünün düşmənə nifrət
və kini nə qədər sonsuzdursa, səngərlərdə
gecəsini gündüzünə
qatan, soyuq torpaqlarda xəstəliyə
tutulan, buna baxmayaraq, yüksək iradə və əzm göstərən əsgərlərə
mərhəməti də
o qədər ölçüyə
gəlməzdir. Müəllif
etiraf etməsə belə, yenə sətirlərdən duyuruq
ki, onların hər biri ilə öz
övladı kimi davranır, çətin anlarda hər birinin qayğısına qalır, dərdlərinə
şərik çıxır.
"O günü unuda
bilmərəm" məqaləsindəki
kiçik bir epizodda məhz bu cür qayğıkeşliyin
şahidi oluruq və eyni zamanda
da müəllifin təvazökarlığına
"Əhsən", - deyir,
onunla fəxr edirik.
Müharibədə şəhid olan oğullarımızla
yanaşı, müharibənin
ağrı-acısını, səngərlərin buz kimi soyuğunu, gərginliyini, həyəcanını
müharibədən sonra
da özü ilə arxa cəbhəyə daşıyanlar var ki, onlar
da gənc yaşlarında
həyata "əlvida"
demiş, ömürlərini
bu cür fəda etmişlər. Kitabda adı çəkilən Yaşar,
Vüqar, üç övladı ilə silaha sarılıb son günə qədər döyüşən Sərdar
kimi belə igidlərimizlə "Bir xatirə
qoyub getdim", "Vüqarlı Vüqarım
mənim", "Əlvida,
Vətən oğlu"
məqalələrində tanış
oluruq.
Hacı
Əkbər Rüstəmov
Vətənin bütövlüyü
uğrunda çətin
məqamlarda Vətən
üçün görülən
hər bir işi yüksək qiymətləndirir, fəaliyyət
sahiblərini minnətdarlıqla
yada salır. Belə ağır günlərdə
top-mərmi yağışı
altında hər an ölümlə üz-üzə
dayanaraq döyüş
səhnələrini kadrlara
köçürmək, qəhrəman
əsgərlərimizin müharibə
anlarını lentlərə
daşımaq, reportajlar
hazırlamaq və sonra dünyaya və elə gələcəyə çatdırmaq
da silahla vuruşmağa
bərabər idi. Adil
İrşadoğluna həsr
olunmuş "Onunla Ağdamdan tanışdıq",
Babək Quliyevdən bəhs edən "Sağ ol, Babək"
başlıqlı qeydlərdə
də bu cür əməyin unudulmadığını və
necə faydalı olduğunu müəllifin
dilindən bir daha duyuruq: "Yaxşı ki, Babək və Seyidağa Mövsümoğlu kimi oğulları varmış
Vətənimin. O günlərin,
o illərin həqiqətlərini
düzü-düz, əyrini-əyri
çəkib bu günlərə tarix kimi saxlayıblar. Yaxşı ki, o günlərin,
o illərin videoçəkilişləri
gələcəyə ötürülür.
Əsl həqiqətlər
yaşayır".
Döyüş başlanan gündən
övladları, dostları,
tələbələri və
ümumiyyətlə, Ağdamın
igid, say-seçmə
oğulları ilə
birgə meydanları,
səngərləri bir
an tərk etməyən,
Vətənin keşiyində
ayıq-sayıq dayanan
komandirimizin qismətində xəyanətin
qurbanı olmaq, didərginlik həyatı
yaşamaq da varmış.
Müəllif bir tərəfdən Vətən
itkisi ilə, bir tərəfdən də köçkün, didərgin adı ilə göz-gözə gəlməli olur. Didərgin, köçkün
kəlməsini ən
ağır təhqir kimi qəbul edən Ə.Rüstəmov
dönə-dönə "Mənə qaçqın
deməyin", "Birisi
mənə rişxəndlə
qaçqın dedi"
və s. bu tipli yazılarında "Dözərəm
bu tənələrə,
dözərəm bu ağrılara, acılara,
təki Vətən azad olsun... Söyün,
döyün, təhqir
edin, mənə qaçqın deməyin!" - deyərək
bu damğaya öz etirazını bildirir. Bu üzdən daim geriyə -Vətənə sarı boylanır və özünü günahkar
sayır. Vətəni
yağıların ayaqları
altında inləyərkən
dörd divar arasında oturmağı ar bilir, qəlbi
hər an savaş arzusu ilə çırpınır və
inanır ki, yenidən
silaha sarılacaq və o torpaqlar azad ediləcək. Elə bu arzu
ilə də üzünü Vətənə
tutub səslənir:
"Yox, dözəcəyəm,
dözəcək bu dərdə eşqinlə
döyünən ürəyim.
Görüşünə mütləq
gələcəyəm, torpağını
öpüb, öpüb,
sonra da öləcəyəm..."
Beləcə, arzular gerçəkləşir, iyirmi
yeddi ildən sonra müəllifin də dediyi kimi, şir ürəkli qəhrəmanlarımızın
sayəsində üzlər
gülür, didərgin,
məcburi köçkün
damğası tarixə
dönür.
Bədiiliyin və publisistikanın
bir-birini sürətlə
əvəz etdiyi bu kitabda eyni
zamanda işğal edilmiş bəzi rayon və kəndlərimizlə
bağlı tarixi faktlara da geniş yer verilmişdir.
Bu kitab I Qarabağ müharibəsində
müəyyən situasiyaları
araşdırmaq, əsgərlərimizin
səngər həyatını,
işğala məruz
qalmış ərazilərimizlə
bağlı tarixi faktları, qəhrəmanlarımızın
həyatını öyrənmək
baxımından böyük
əhəmiyyət daşıyır.
Səltənət
ƏLİYEVA
525-ci qəzet.- 2023.- 19 iyul. S. 15.