Abuzər Xələfovun şəxsi arxivi Milli Kitabxanaya təqdim olunub
İyulun 19-da Azərbaycan Milli Kitabxanasında görkəmli
kitabxanaşünas alim,
Əməkdar elm xadimi, professor Abuzər Xələfovun şəxsi arxivinin mərhumun ailəsi tərəfindən Azərbaycan
Milli Kitabxanasına təqdimetmə mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli
Kitabxananın direktoru,
professor Kərim Tahirov rəhbərlik etdiyi qurumun100 illik yubileyi ərəfəsində
Azərbaycan kitabxanaçılarının
ağsaqqalı, ölkəmizdə
kitabxanaşünaslıq elminin
banisi, Bakı Dövlət Universitetinin
(BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin özülünü
qoyan, görkəmli kitabxanaşünas alim, professor Abuzər Xələfovun şəxsi
arxivinin Milli Kitabxanaya təqdim olunmasını əhəmiyyətli
hadisə hesab edib.
O deyib: “Abuzər
müəllimin yazdığı
əsərlərdən, kitablardan
bəhrələnmişik, hamımız Abuzər Xələfovun yaratdığı
kitabxanaçılıq məktəbinin
nümayəndələriyik, inanıram ki, Abuzər müəllimin əziz xatirəsi yaddaşlarda qalacaq, onun Milli Kitabxananın
fondunda qorunub saxlanan arxivi bütün kitabxanaçılar
üçün tədqiqat
obyekti olacaq, onların stolüstü kitablarına çevriləcək”.
BDU-nun İnformasiya
və sənəd menecmenti fakültəsinin
dekanı, dosent Ələmdar Cabbarlı çıxış edərək
bildirib ki, Azərbaycan Milli Kitabxanasının 100 illiyinin
qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təkcə
Milli Kitabxanaya yox, bütünlükdə
kitabxana işinə olan diqqətin nümunəsidir. Ə.Cabbarlı
vurğulayıb ki, Abuzər Xələfovun parlaq xatirəsi daim yaşayacaq: “Abuzər Xələfovla Milli Kitabxananı birləşdirən bir çox faktlar var. Onun xatirəsi
bizim hər birimiz üçün əzizdir. A.Xələfovun
irsi təqdirəlayiq
şəkildə araşdırılır
və daima araşdırılacaq. Bu parlaq obraz hər
zaman kitabxana işinə işıq salacaq”.
Kitabxanaşünaslıq kafedrasının müdiri,
dosent Elçin Əhmədov çıxış
edərək Abuzər
Xələfovun elmi, pedaqoji fəaliyyətindən
bəhs edib. O bildirib ki, vaxtilə
Abuzər Xələfovun
rəhbərlik etdiyi kafedraya rəhbərlik etmək mənim üçün böyük
məsuliyyətdir, A.Xələfov
çox böyük elmi məktəbin yaradıcısıdır və
onun arxivinin Milli Kitabxanaya hədiyyə edilməsini
Milli Kitabxananın yubileyinə bir hədiyyə hesab etmək olar.
Alimin oğlu,
Ədliyyə Nazirliyinin
Ədliyyə Akademiyasının
prorektoru Elçin Xələfov atasının
elmi irsinə, tədris-pedaqoji fəaliyyətinə
verilən yüksək
qiymətə görə
Milli Kitabxanaya Abuzər Xələfovun ailəsi adından minnətdarlığını bildirib və qeyd edib ki,
təqdim olunan arxiv materialları - əlyazmaları və kitablar onun şəxsi
kitabxanasındandır və
Milli Kitabxananın fondunun zənginləşməsində
böyük xidmətləri
olacaq. E.Xələfov
çıxışının sonunda atasının
1962-ci ildə Azərbaycan
Kitabxanaçılarının birinci qurultayına olan dəvətnaməsinin
əslini Milli Kitabxananın direktoruna təqdim edib.
Sonda tədbir iştirakçıları professor Abuzər Xələfovun şəxsi arxivi ilə tanış olublar.
525-ci qəzet.- 2023.- 20 iyul. S. 9.