BU
TƏYYARƏ HARA APARIR?
Hava limanındadırlar. Və
təyyarə havaya qalxmazdan az öncə
hamısının çöhrəsinin,
baxışlarının, sifətlərindəki
ifadənin aydın göründüyü birgə
şəkilləri də
çəkilib. Təyyarə
uçub gedib, onlar Binədən şəhərə qayıdıblar,
aradan illər ötüb-keçib, həmin
şəkildəkilərin əksəri həyatdan gedib, tək-tük sağ qalanlar var. Ancaq baxırsan fotoya, hisslər elə dünənki təzəliyindədir.
Nabələd adama baxınca ən azı oradakıların daxili nigaranlığını çatdıra
bilən bu şəkil həmin fotoda əks olunanlardan hər biri ilə uzun
dəqiqələr boyu
dərdləşə, çox
təfərrüatları yada sala bilərdi. Yəqin ki, hər birinin ailə albomunda elə həmin şəkil də varmış, sonralar illərcə o şəklə baxıb çox xəyala da dalmamış olmazdılar.
Hava limanları, dəmiryol vağzalları həm vüsalın, həm hicranın rəmzidir. Bu görüş və ayrılıq məntəqələrində
çəkilmiş hansısa
fotoya, lentə baxsanız, üzlərdə
ya yenidən sağ-salamat qovuşmanın
sevincini görəcəksiniz,
ya da qısamı, sürəklimi ayrıdüşmənin
xiffətini sezəcəksiniz.
1982-ci il dekabrın 7-nin yadigarı
bu fotoda isə yola salanların
da, yola düşənin
də üzündə-gözündə
sevincdən və xiffətdən daha artıq bir nigaranlıq var. Sanki o sifətlərdən
hər birinə sual qonub: Necə
olacaq, gələn gün nə gətirəcək, yol nə təhər davam edəcək?
Binə
hava limanından bir neçə dəqiqə sonra səmaya qalxacaq xüsusi təyyarə 14 ilə yaxın müddətdə Azərbaycana
rəhbərlik etmiş,
indi isə iş həyatını Moskvada, sovet hökuməti başçısının
birinci müavini vəzifəsində davam etdirəcək Heydər Əliyevi aparacaq.
Əslində həmin təyyarə
son noyabr günlərində
onu Moskvadan Bakıya gətirəndə
də Heydər Əliyev artıq Siyasi Büro üzvü seçilmişdi,
SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini idi, hələ ki, rəsmən
azad edilmədiyindən
elə respublikanın
Birinci katibi olaraq da qalırdı.
İndi, dekabrın 7-də çöhrələrdə
olan bu nigaranlıq
əslində daha əvvəl, Moskvada
SSRİ Ali Sovetinin sessiyası
keçirilən vaxtdan
yaranmışdı.
1982-ci il noyabrın 19-da Moskvada, Sov.İKP MK-nın Büro iclası keçirilmişdi və
yeni Baş katib Yuri
Andropov həmin yığıncaqda
Heydər Əliyevin Siyasi Büro üzvlüyünə namizədlikdən
üzvlüyə qəbul
edilməsi və Ali Sovetin qarşıdakı sessiyasında Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə seçilməsi
məsələsinin qaldırılmasını
təklif etmişdi. Təcrübə bu qəbil qərarların bir neçə gün ərzində təcili şəkildə
qəbul edilmədiyini,
həftələr, bəzən
aylarla hazırlanaraq sonra gündəliyə salındığını söyləyir.
İndi daha çox ehtimallarla ətrafında fikir yürütdüyümüz
- görən, bu təyinat artıq az öncə dünyasını dəyişmiş
Leonid Brejnevin vaxtında
qət edilibmiş, ya elə taxta
çıxan kimi Yuri
Andropovun qətetməsidir
sualının dəqiq
cavabını müəyyənləşdirmək
çətin deyil. Kremldə odövrkü sənədlərin hazırlanıb-irəliləmə
xətti izlənərsə,
aranılan həqiqət
də asanlıqla aşkarlanar. Fəqət gec-tez bu həqiqəti
aydınlaşdırmağa lüzum var. Doğrudur, daha nə Heydər
Əliyev var, nə sovet dövləti, nə o cür təyinatlar və bunlar gərəksiz söhbətlər kimi də qavranıla bilər. Ancaq bunlar müasir Azərbaycan tarixinin əhəmiyyətli səhifələridir
axı! Bunlar yalnız Heydər Əliyevə deyil, onun şəxsində
Kremlin Azərbaycana münasibətinin
göstəricisidir. Digər
tərəfdən, bu
məqamın da tarix baxımından dəqiqləşdirilməsi
umulandır ki, belə
bir təyinat Leonid Brejnevin Azərbaycana və Heydər Əliyevə davamlı və sabit xoş
münasibətinin daha
bir göstəricisi idi, yaxud Yuri Andropov da bizə - həm respublikaya, həm Heydər Əliyevə eyni xeyirxahlıqla yanaşma xəttini davam etdirməyi qərara almışdı?
Yoxlanılması mümkün
olmayan və Heydər Əliyevin özünün də dilindən səsləndiyini
eşitmədiyimiz xatirələrdə
guya Yuri Andropovun Heydər Əliyevə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən
əlavə, SSRİ xarici
işlər naziri və DTK sədri vəzifələrini təklif
etməsi də olub, yəni guya seçmək imkanı da varmış.
Amma digər tərəfdən,
Heydər Əliyevin
1982-ci ilin 19 noyabrında
Moskvaya MK plenumuna getməsindən 1 gün öncə artıq onun yeni vəzifəsinin adı Siyasi Büroda rəsmən səsləndirilmişdi axı.
Bəlkə Yuri Andropovun
Heydər Əliyevlə
bağlı daha sonralar üçün başqa irəlilətmə
niyyətləri də
varmış? Qısa
bir tarix kəsiyində baş verən 3 ardıcıl Baş katib vəfatı və sonra da Mixail Qorbaçovun gəlişiylə
Kremldə yaranan yeni hava bir çox
mümkün layihələri
və fərziyyələri
aradan götürdü,
dalğalar qarışdı,
səmtlər dəyişdi
və bir çox olmalılar ya olmadı, ya da büsbütün fərqli şəkildə
gerçəkləşdi.
Bütövlükdə dəyərləndiriləcək
olursa, istənilən
halda Heydər Əliyevin - bir Azərbaycan oğlunun dünyanın iki supergücündən biri
SSRİ-nin hakim elitasında
bunca yüksək məqam qazanması vaxtına görə misilsiz tarixi nailiyyət idi və misilsizlik, onun Siyasi Büro
üzvü və Baş nazirinin birinci müavini mərtəbəsinə yüksəlməsi
və neçə il
həmin məqamda olması heç Nərimanova da nəsib olmamış, SSRİ içərisində
yalnız Heydər Əliyevin ucaldığı
zirvədir. Əlbəttə
ki, Azərbaycan hadisəsi
şəxsiyyətin qüdrət
göstəricisi kimi fövqəladə və diqqətəlayiq hadisədir.
Moskvada
SSRİ Ali Sovetinin sessiyası
idi. Heydər Əliyevlə yanaşı,
Azərbaycanın partiya
və hökumət rəhbərliyinin neçə
təmsilçisi də
orada idi. Artıq aydın idi ki, Heydər Əliyev bu Moskva səfərindən Bakıya
vidalaşmaqçün gedəcək.
Vidalaşmağa və
bir də ən mühümü - varis məsələsini həll etməyə.
Heydər
Əliyev Birinci katib vəzifəsinə mümkün namizədlərin
hər birinə müraciət etmişdi və hamısına da eyni sualla. O vaxt ideologiya üzrə katib işləmiş Həsən
Həsənov Heydər
Əliyevin respublikaya rəhbərliyinin son illərində
Mərkəzi Komitə
katibləri arasında
ən fəal, ən işgüzar, ən təşəbbüskarlardan
idi və onların tandemi həqiqətən çox
güclü alınırdı.
Bir-birindən cəsarətli,
millətəxeyir təşəbbüslərin
hamısını Heydər
Əliyev sonacan dəstəkləyirdi, bu
da Həsən Həsənova
əlavə güc verirdi və 1980-ci illərin mətbuatını
vərəqləsəniz, bu
dönəmin dövlətçiliyimizdə,
xüsusən də ideoloji-mədəni-mənəvi sahədə intibah dönəmi kimi səciyyələndirilməsinə az rast gəlməyəcəksiniz.
Həsən Həsənov yada salır
ki, 1982-ci ilin noyabrında
SSRİ Ali Sovetinin sessiyası
keçirilirdi (Onuncu çağırış yeddinci
sessiya 1982-ci il 23-24 noyabrda
davam edib). Mən də hələ Gəncədən
seçilmiş deputat
kimi sessiyada iştirak edirdim, Ali Sovet sədri Qurban Xəlilov da, bizim Mərkəzi Komitənin ikinci katibi Yuri Puqaçov da, Həsən Seyidov da,
İsa Məmmədov da, respublika
rəhbərliyindən daha
neçə nəfər
də Moskvada idi. Heydər Əliyev elə o vaxt bir-bir çağırıb
xəbər alırdı
ki, Azərbaycandan gedirəm,
yerimdə özünüzü
görürsünüzmü? Bu sualı eyni şəkildə Xəlilova
da verib, İsaya da, Kamrana da, Fuada da, mənə də. Həsən Seyidovdan eyni sualı bir az fərqli
şəkildə soruşub.
Uzun illik ünsiyyətimizdən
və yaxın müşahidələrimdən agaham ki, Həsən Həsənov Heydər Əliyevin ən sadiq və qabil
yetirmələrindən olmaqla
yanaşı, onun təbiətinə ən yaxşı bələd olanlardan idi (söz yox, bunu
müəyyən şərtiliklə
yazıram, çünki
Heydər Əliyevlə
uzunmüddətli iş
təmaslarında olmuş
hər kəsə onun nə qədər
mürəkkəb bir
varlıq olduğu, nə düşündüyünü,
hansı qərara gələcəyini irəlicədən
hesablamağın mümkünsüz
qədər müşküllüyü
bəlli idi) və hansı sözü Heydər Əliyevə necə deməyin ustası idi. Və bu
cavabı da tam ölçülü-biçili
idi. Deməmişdi
ki, o vəzifə üçün
təcrübəm azdır,
mənə çətin
olar, bacarmaram. Verilə biləsi cavabların ən dürüstünü seçmişdi:
"Hələ cavanam".
Ardınca soruşubmuş
ki, bəs Kamranı bu vəzifədə görürsənmi? Necə
cavab verdiyini mənə söyləyir
və sözbəsöz
dəqiqliyiylə verirəm:
"Kamranla bir-birimizin
xətrini çox istəyirdik. Tələbəlik
vaxtlarımdan, bizim fakültədə dekan müavini işlədiyi dövrlərdən mən
də, Fuad da ona ehtiram bəsləmişdik.
Mənim də Heydər Əliyev tərəfindən tanınmağımda
müəyyən rol
da oynamışdı. Ancaq
dedim ki, bacarmayacaq, Heydər Əliyeviç,
onun yeri deyil. O, Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsində
yaxşı ola bilər.
Mən belə deyəndə Heydər Əliyev dübarə soruşdu ki, özün olmaq istəyərdin? Dedim ki, yox, özüm olmaq da istəmirəm. Mən Həsən Seyidovun adını vermədim.
Amma ola bilər Heydər
Əliyev elə düşündü ki, mən
məhz Seyidovu nəzərdə tuturam. Mən bunu heç
kimə bildirməmişdim.
Artıq Bağırov
seçiləndən sonra
mən kabinetinə gedib onu təbrik
edəndə soruşdu
ki, niyə mənim əleyhimə səs
verdin? Mən də soruşdum ki, nədir, indi qisas alacaqsınız?
Dedi ki, yox, almayacağam, amma biləsən ki, əks səs verməyini bilirəm. Həqiqətən
də münasibətində
heç bir dəyişiklik olmadı.
Adətən bizdə
istənilən seçki
iki mərhələdə
olurdu. Əvvəlcə
fikir mübadiləsi aparılırdı, sonra
da rəsmi səsvermə.
Heydər Əliyevin bizi bir-bir danışdırıb
"kimi görürsünüz"
sualını verməsi
elə həmin fikir mübadiləsi idi. Daha sonra
Büro iclasında əvvəlcə özü
söylədi ki, sizin
hamınızla söhbət
edib rəyinizi soruşmuşam və mən belə qərara gəldim ki,
Kamran Bağırovun namizədliyini
irəli sürüm,
rica edirəm ki, siz də onu
dəstəkləyəsiniz. Biz də hamımız yekdilliklə səs verdik. Yəni mənim əks səsverməm də bu əsas səsvermədə
yox, həmin fikir mübadiləsi əsnasında olmuşdu.
Vaxtın
yazmış olduğu
ssenari, tarix səhnəsinə də çoxdan qoyaraq icrasını tamamladığı
tamaşa dəyişilməzdir.
Ancaq yenə də. Həsən Seyidov olsa idi,
necə olardı? Həsən Həsənov
onun partiya işçisi, ideoloji sahənin adamı olmadığını, o çağların
nəhəng müəssisələrindən
sayılan, İttifaqda
məşhur olan Leytenant Şmidt zavodundan dövlət idarəçiliyinə gəldiyini,
amma hər halda Kamran Bağırovla müqayisədə qat-qat iradəli,
qətiyyətli adam olduğunu təsdiqləyir,
bunu da əlavə edir ki, Kamran Bağırovun
Heydər Əliyevin yanında üzüqara qalması da məhz iradəsinin, əzminin yetərincə olmaması
ucbatından baş verdi - Moskvanın təzyiqlərinə dözməyərək
dönüklük göstərməyə
məcbur qaldı. Sonralar Əbdürrəhman
Vəzirovun yenə Moskvanın göstərişi
ilə Heydər Əliyevə qarşı
artıq qərəzlə
atdığı addımların
təməlləri Bağırov
dövründə Kremlin, yəni
Birinci şəxsin də deyil, Sov.İKP MK aparatının
təzyiqi ilə möhkəm olmağı
bacarmayan Bağırovun
dövründə qoyuldu.
Bəs o zaman 42 yaşında
olan Həsən Həsənov özü həmin ali vəzifəyə layiq idimi? Əlbəttə! Öhdəsindən gələ
bilərdimi? Zənnimcə,
başda Kamran Bağırov
olmaqla digər mümkün namizədlərin
hər birindən daha yaxşı və onların hər birindən də Heydər Əliyevə daha sədaqətli olaraq qalmaqla bu missiyanın
yükünü ləyaqətlə
çəkərdi (Peşəkar
keyfiyyətləri hər
kəsə bəllidir,
onun başqalarına nisbətən etibarlılığını
da ötən vaxt dəfələrlə sübuta
yetirdi. Və Heydər Əliyevə əbədilik sadiq olacaqlarını elan edən
Kamran Bağırovun da, Fuad Musayevin də, Vaqif Hüseynovun və bir neçə
başqasının da sədaqət
andlarına lap tezliklə
xilaf çıxmalarının
tarix də, işin içində olan insanlar da şahiddir. Buna əks olaraq, Həsən Həsənovun da Heydər
Əliyev ömrünün
ən narahat anlarında ona qəlbən bağlılığını
nümayiş etdirməsi
tarixin hafizəsindən
silinən deyil. Bu olmuşdu 1990-cı ilin yayında. Respublikaya artıq Ayaz Mütəllibov
rəhbərlik edirdi,
Heydər Əliyev də Moskvanın cəngindən qurtularaq Bakıya gəlməyi bacarmışdı, ancaq burada da ona göz
verib, işıq vermirdilər və Mütəllibov həm Moskvanın göstərişləri,
həm də elə öz ətrafı ilə birgə Heydər Əliyevə qarşı
yüz cür basqılar etməkdə idi. O vaxt Həsən
Həsənov Baş
nazir idi və Ayaz Mütəllibovla da aralarında
açıq barışmazlıq
hökm sürürdü.
Həsən müəllim
xatırlayır ki, bir
gün Heydər Əliyev zəng vurdu ki, Naxçıvana uçmaq istəyirəm,
kömək edə bilərsənmi? Qayıtdım
ki, edərəm, ancaq
bu şərtlə
ki, bunu sizinlə məndən başqa heç kim bilməməlidir. AZAL-a, birinci
müavin Sabir İlyasova tapşırdım
ki, uçuşun tam məxfi
olması şərti
ilə Naxçıvana
uçmaqçün təyyarə
hazırlasın. Dedim
ki, Moskvadan generallar gəlir, onların gəlməyindən heç
kimin xəbəri yoxdur, bura Tbilisidən
maşınla gəliblər.
Sabah saat 10-da təyyarə
artıq uçuşa
hazır halda olsun, özün də yolda dayan
gözlə, generalları
gətirən maşın
ora çatan kimi onları öz əlinlə apar oturt təyyarəyə və bu sərnişinlər
təyyarəyə girən
kimi də ləngimədən uçuş
əmrini ver. Zəng vurub bütün bunları Heydər Əliyevə bildirdim və dedim ki, ona sizin haqqınızda
heç nə deməmişəm, söyləmişəm
ki, moskvalı generallar
uçacaq. Sabir sizi qarşılayıb təyyarəyə
oturdacaq, dərhal da havaya qalxacaqsınız. Bütün bunlar bir neçə dəqiqə çəkəcək,
Ayaz, ya digərləri
neyləsələr də,
mane olmağa imkan tapmayacaqlar.
Sonralar bütün bunların canlı şahidi olan Mahmud Məmmədquliyev
o macəralı uçuşu
həyəcan və minnətdarlıqla yada salırdı).
Heydər
Əliyevdən sonra Azərbaycan KP MK-ya kimin rəhbərlik etməsinə ən müxtəlif baxışların,
ayrı-ayrı potensial
namizədlərə fərqli
üstünlükvermələrin olması anlaşılandır.
Ancaq Kreml, Baş katib hər halda əsas seçim haqqını Heydər Əliyevin özünə
vermişdi və onun da yanaşmasında şəxsi sədaqətdən
əlavə də bir para başqa vacib meyarlar hökmən nəzərdə
tutulmaya bilməzdi. Daha yaxşını bəlli namizədlər cərgəsində öz
aləmimizdə müəyyən
etmək istərkən
gərək o tarixi situasiyaya ilk növbədə
Heydər Əliyevin gözləri və tələbləri baxımından
yanaşıla və belə nəzər salarkən o fikrə gəlirəm ki, ən doğru seçimi elə özü edib: Aparatın içərisində bişib,
işi aparmağı
hər halda bacaracaq, xəyanət etməyəcək, yolu, üslubu dəyişməyəcək,
buna heç gücü
çatacaq qədər
qətiyyətli və
parlaq da deyil, bu minvalla da, respublika oturuşmuş sakit yaşam tempində son 13 idə qoyulmuş xətti davam etdirəcək və bu tarixi
mərhələdə elə
gələn kimi qəfil ciddi dəyişmələrə, səs
salan islahatlara başlayacaq digər hər hansı namizəd də heç məqbul deyil.
...Dekabrın 7-də Hava limanında Heydər Əliyevi sovet paytaxtına aparan təyyarə səmaya dikəlincə Fuad Musayev hönkür-hönkür ağlamışdı.
Hıçqırıqlar içində
demişdi ki, yetim qaldıq, bizi yıxacaqlar, əzəcəklər.
Həmkarları başlayırlar
sakitləşdirməyə ki, ay Fuad, özünü ələ
al, əksinə, Heydər
Əliyev qabağa gedib, daha yüksək
vəzifəyə qalxıb,
narahatlığa əsas
yoxdur. Toxtamır ki, yox, siz bilmirsiniz,
biz təqib olunacağıq,
kənarlaşdıracaqlar hamımızı.
Və bu gözü yaşlı "məhəbbətin"
ömrü Ayaz Mütəllibov
hakimiyyətə gələnəcən
çəkir.
Başqa
bir Büro üzvünün dönüklüyü
isə daha erkən baş vermişdi. Vaqif Hüseynov 1980-ci ilin dekabrında Bakı Şəhər Partiya Komitəsinin katibi seçilir. Artıq elə o vaxtdan əl altından işə başlayıbmış. Moskvada Ümumittifaq Komsomolu Mərkəzi Komitəsində
katib işləyərkən
yaranan dostluq əlaqələri vasitəsilə
ona Heydər Əliyevin irəli çəkiləcəyi, Kremlə
gətiriləcəyi xəbəri
çatıbmış və
həmin əlaqələri
vasitəsilə Azərbaycanda
Mərkəzi Komitənin
Birinci katibi vəzifəsinə gəlməkçün
cidd-cəhdlə fəaliyyətə
başlayıbmış. 1981-ci il fevralın 23-dən martın
3-dək Moskvada Sov.İKP
MK-nın XXVI qurultayı
keçirilir. Adətən
qurultaylarda seçkilər
də olur, Mərkəzi Komitə üzvləri və üzvlüyə namizədlər
sırasında da yenilənmələr
baş verirdi. Ənənəvi olaraq Sov.İKP MK-ya Azərbaycandan bircə nəfər - respublikanın
rəhbəri seçilirdi.
İkinci katiblə Nazirlər Sovetinin sədri üzvlüyə
namizəd, Ali Sovet sədri də Təftiş Komissiyasına
üzv olurdu. Ukraynadan isə Mərkəzi Komitə üzvlüyünə katiblər
də, Qazaxıstandan,
Özbəkistandan isə
hətta vilayət
partiya komitələrinin
katibləri də seçilirdi. Bizdənsə
yalnız bu 4 nəfər. Kremldə Heydər Əliyevə məruzə edirlər ki,
Vaqif Hüseynov Mərkəzi Komitə üzvlüyünə seçilməkçün
can atır. Vaqif Hüseynovun gizlində belə iş aparmasını elə o vaxtlar Heydər Əliyev Mərkəzi Komitə katibləri arasında daha çox ürək açdığı Kamran Bağırova
söyləyibmiş, o da bu
sorağı digər
həmkarı Həsən
Həsənovla bölüşübmüş.
Vaqif Hüseynovun Moskvadakı dostlarının
köməyi ilə Mərkəzi Komitəyə
üzv seçilməyə
nail olmaq səyləri
Heydər Əliyevə
bildiriləndə o təəccüblənir
ki, bəs belə niyə? Cavab verirlər ki, ola bilsin, siz irəli çəkildiniz, bu da sizin yerinizə ehtiyatda olmaq istəyir. Heydər Əliyev də qayıdır ki, mən haçansa irəli çəkilsəm, mənim
yerimə kimin seçilməsi məsələsini
də o vaxt müzakirə edərik, hələ ortada heç nə yox, mən Bakıda
oturmuşam yerimdə,
niyə indidən həmin yerə adam seçilməsinə
tədarük görülməlidir
ki! Vaxtı yetişər,
bu vəzifəni kimin tutacağını
da onda müzakirə edərik.
Heydər
Əliyevin Moskvaya köçməsi məsələsinə
hələ 2 ilə yaxın müddət qalarkən beləcə artıq kürsü uğrunda mübarizəyə
başlayan bir nəfər varmış.
Xatirələrdə bu da keçir ki, 1982-ci ilin 3 dekabrında keçirilən
plenumda çıxış
vaxtı gözü yaşaranlar, ağlayanlar sırasında Vaqif Hüseynov xüsusən seçilib. Həm də o xatırlayanlar bunu guya Vaqif
Hüseynovun Heydər
Əliyevdən ayrılığa
doluxsunmağı kimi
qələmə versələr
də, onun 2013-cü ildə Moskvada "Krasnaya
zvezda" nəşrlər
evində buraxılmış
ikicildlik "Bolğşe,
çem odna jiznğ" ("Bir ömürdən
daha artıq") adlı kitabının birinci hissəsindəki
"Heydər Əliyev
seçim edir" bölümünü oxuyanda
barmağını dişləyirsən
ki, yox, bu ağlamaq bir başqa ağlamaqdır, özünün baş tutmayan Birinciyə çevrilmək arzusunun iflasına yas tutmaqdır. Vaqif Hüseynov yazır ki, Heydər Əliyev bəlli sualı ona da verib: "Necə düşünürsən,
Büro üzvlərindən
kim respblikaya daha yaxşı rəhbərlik edə bilər?"
Və öz vermiş olduğu cavabı da göstərir: "Siz bilən məsləhətdir,
Heydər Əliyeviç.
Biz hamımız sizin
komandanızın üzvləri,
demək olar ki, sizin yetirmələrinizik.
Qərar sizinkidir".
Vaqif Hüseynov belə yazır və biz də həmin sualı verdiyi anlarda Heydər Əliyevin müsahibinin birinci katib vəzifəsini
tutmaqçün artıq
2 ilə yaxın müddətdə xəlvəti
apardığı işlərdən
xəbərdar olduğu
kimi pərdəarxası
təfərrüatları bildiyimizdən
bu yazılanların səmimiyyətdən nə
qədər uzaq olduğunu açıqca duyuruq.
Heydər
Əliyev partiya lideri, dövlət başçısı olmazdan
əvvəl peşəkar
çekist idi axı!
Bilirdi sualı kimə verir, lap çoxdan aydın bilirdi ona cavab verməli
olan həmsöhbəti
saman altından hansı
suları yeridib.
Vaqif Hüseynov 2013-cü ildə
sanki illər öncə Heydər Əliyevdən gizlədərək
etdiklərini yerli-dibli
unudaraq sadədil
"məsumluqla" həmin
günlərə qayıdaraq
soruşur: "Yaxşı,
bəs kim? Onu bu ali
məqamda kim əvəz edə bilər? Bizim aramızda eləsi varmı ki, haçansa gizlicə onun yerini tutmaq istəyib?"
Vardı,
məhz bircə nəfər vardı, bunu da Heydər Əliyevə başqa yerdə yox, Sov.İKP MK-da hələ
1981-ci ilin fevralında,
onun Vaqif Hüseynovu Bakı Şəhər Partiya Komitəsinə başçı
gətirməsindən 2 ay keçməmiş
rəsmən söyləmişdilər.
Vaqif Hüseynov bunu da əlavə edir ki, guya ikinci katib
Yuri Puqaçov Heydər
Əliyevə belə
bir mövqeyini bildiribmiş ki, birinci katib olaraq Kamran Bağırovu deyil, Vaqif Hüseynovu görməyi məqsədəuyğun
hesab edir. Həm də bu mövqeyini, sən demə, Kremldə kadr məsələsinə əsas
cavabdehlər olan İ.Kapitonov və N.Petroviçevə
də çatdırıbmış.
Yəni bunlarla da bir daha Vaqif
Hüseynov Azərbaycanın
birincisi olmaq kürsüsünə Moskvanın
adamı, rus canişini kimi gətirilməsi üçün
iş aparıldığını,
Heydər Əliyevinsə
bunun qarşısını
almış olduğunu
təsdiqləyir. Əgər
belədirsə, şəksiz
ki, milli maraqlarımız baxımından
doğru edib. Kamran Bağırov kimi birinci katib olaraq
hansısa situasiyalarda
iradə zəifliyi üzündən Moskvanın
müəyyən tələblərinə
riayət etmək hər halda birbaşa Moskvanın adamı olaraq onların siyasətini burada can-başla yürütməkdən qat-qat dözüləsi
haldır. Hətta bu gedişatda Vaqif Hüseynov əfsanələr uydurmağa
da girəvə tapır.
Yazır ki, guya Yuri
Andropov Heydər Əliyevə
niyə Hüseynov yox, Bağırov deyəndə bizimki belə cavab verib ki, onların hər ikisi öz yetişdirmələrimdir,
ancaq bir məsələ var, Vaqif Hüseynov Moskvada işləyəndə İqor
Şolokovla dostluq edib.
Yəni
guya Heydər Əliyev bunu ona görə söyləyib ki, keçmiş
daxili işlər naziri Şolokovla ədavət aparmış,
ondan zəhləsi gedən Andropov Vaqif Hüseynovdan da bu minvalla ikrah etsin.
Belə
bir fantaziya, yəqin, elə müəllifin ağlına
kitabın yazıldığı
2010-cu illərdə, Azərbaycan
KP MK Birinci katibi vəzifəsinə kimin seçilməsi haqda müzakirələrin getdiyi
vaxtdan 30 il sonra gəlib və hətta belə bir söhbət olubmuşsa belə, ikilikdə baş tutmuş həmin mükaliməni belə dəqiqliklə Vaqif Hüseynova kim çatdırmışdı? Yuri Andropov, ya Heydər Əliyev özü?
Heydər
Əliyev 1982-ci il noyabrın
24-dən - SSRİ Ali Soveti sessiyasında təsdiqini alandan sonra artıq
Baş nazirin birinci müavini idi və Bakıya
uçaraq ertəsi gün də Büro iclasını, ardınca plenumu keçirə, Moskvaya qayıda, təzə işinə başlaya bilərdi. Ancaq Vətəndən ayrılmağa
tələsmirdi. Ürəyi
qoymurdu. Həsən Həsənov xatirəsi ilə məni aparır 1982-ci ilin dekabr günlərinə. Deyir, Heydər Əliyev kabinetində tək idi, mən
də yanındaydım.
Bu ara telefon zəng çaldı, Heydər Əliyev dəstəyi qaldırdı:
"Zdravstvuyte, Öriy
Vladimiroviç!" (Salam, Yuri Vladimiroviç). Adətən
belə hallarda biz çıxardıq otaqdan,
qayda bu cürdü, protokol beləydi. Mən də qalxdım ki, kabineti tərk edim, ancaq Heydər
Əliyev əli ilə işarə elədi ki, əyləş.
Bir dəfə də Moskvada belə hal olmuşdu. Qorbaçov zəng vuranda qalxıb çıxmaq istəmişdim,
Heydər Əliyev göstərmişdi ki, otur.
Andropov telefonda Heydər
Əliyevə nələrsə
dedi, Heydər Əliyev də gülümsündü ki, "Öriy Vladimiroviç, ə
çetırnadüatğ let rabotal, neujeli çetırnadüatğ dney
ne moqu poprahatğsə
s lödmi?" ("Mən
14 il işləmişəm, olmazmı ki, 14 gün insanlarla xudahafizləşim").
Yəni zəngin məqsədi bu deyildi, sonra söhbət keçdi əsas mövzuya, amma hər halda
niyə Moskvaya gəlməkdə ləngiyirsəni
də soruşdu.
...Bu sərəncamların heç
birinin altında Heydər Əliyevin imzası yoxdur. Aydın məsələdir,
fəxri adlar, orden-medallar Ali Sovet sədrinin imzası ilə verilirdi. Azərbaycanın bütün
tarixi boyunca bir neçə gün ərzində belə təltiflər və fəxri adların seli olmamışdı. Təşəbbüskar,
belə addımı atmağı qət edən Heydər Əliyev özü idi. Bütün bu sərəncamların imzalanması dekabrın
3-də Heydər Əliyevin
iştirakı ilə
keçirilən son plenumda
qət edilmişdi. Həmin siyahıları vərəqləyirsən, bircə
təsadüfi ad belə gözə dəymir. Hamısına bu yüksək ad və təltiflər
tam yaraşan insanlar.
Bu fəxri adların uzun siyahısı yorucu gəlməsin. Sovet dönəmində bu adlar məvacibə
əlavələr gətirməkdən
savayı, bir sıra imtiyazılar da verirdi. Sənaye və kənd təsərrüfatından tutmuş
mədəniyyət və
incəsənətin ən
müxtəlif istiqamətlərinəcən
əhatə olunmayan sahə yox idi
- Azərbaycanın Əməkdar
mühəndisi, Əməkdar
geoloqu, Neft ustası, Əməkdar inşaatçısı, Əməkdar
iqtisadçısı, Əməkdar
metallurqu, Əməkdar ixtiraçısı,
Əməkdar memarı,
Əməkdar məişət
xidməti işçisi,
Əməkdar səmərələşdiricisi,
Əməkdar balıqçısı,
Əməkdar nəqliyyatçısı,
Əməkdar rabitəçisi,
Əməkdar kənd
və meşə təsərrüfatı işçisi,
Əməkdar aqronomu,
Əməkdar zootexniki,
Əməkdar heyvandarı,
Əməkdar müəllimi,
Pambıq ustası, Əməkdar həkimi, Əməkdar səhiyyə
işçisi, Əməkdar
həkim, Əməkdar
hüquqşünas, Əməkdar
poliqrafist, Əməkdar
ticarət işçisi,
Tütün ustası,
Əməkdar ali məktəb işçisi,
Əməkdar irriqatoru,
Əməkdar bədən
tərbiyəsi və
idman xadimi, Əməkdar artisti, Xalq artisti...
Elə bircə Əməkdar elm xadimi almışların adlarını sadalasaq görəcəksiniz ki, bu,
sadəcə təltif
paylamaq deyildi, seçkinlərə, ötkünlərə
verilən insaflı, ədalətli, vaxtlı qiymət idi: tarixçi alimlər Sara Aşurbəyli, Ziya Bünyadov, filosoflar Camal
Mustafayev, Midhət Ağamirov,
ədəbiyyatşünaslar Məmməd Cəfər Cəfərov, Cahangir Qəhrəmanov, fizik Çingiz Cuvarlı, memar Əbdülvahab Salamzadə, geoloq Sübhi Salayev, şərqşünas Rəhim
Sultanov, pedaqogikaşünas
Mehdi Mehdizadə, riyaziyyatçı
Cəlal Allahverdiyev...
bir-birindən parlaq ulduzlar, bütün Azərbaycana əsərləri
və əməkləri
ilə tanış olan şəxsiyyətlər...
Heydər
Əliyev inkişafı,
yüksəlişi üçün
daim çalışdığı
bu sahələrin bir çoxunu şəxsən tanıdığı
qabaqcıllarına son töhfəsini
verərək gedirdi.
Hələ nə qədər
elə bu qəbil insanlara dövlətin ehtiyat fondundan yüzlərlə
mənzil hədiyyə
edildi.
Sıra-sıra ailələrə və
müəssisələrə bir an içində bəxş olunan sonsuz sevinc. O vaxt respublika qəzetləri yüz minlərlə tirajla çıxırdı və
bu müjdəni yayan qəzetləri almaqçün həmin günlər Azərbaycan boyu köşklərin qarşısında uzun növbələr yaranmışdı.
Ancaq başqa daha hərarətli, riqqət oyadan növbələr də vardı. Hələ Bakıda, Vətəndə olduğu
günlər ərzində
hər gün Heydər Əliyev Azərbaycanın dörd bucağından axın-axın
gələn insanları
qəbul edirdi. İdarə və müəssisə rəhbərləri,
əmək qəhrəmanları,
şair və yazıçılar, alimlər,
sənət adamları
- ən müxtəlif
təbəqədən olan
insanlar sevimli rəhbərə "yaxşı
yol" diləməyə,
uğur arzulamağa gəlirdilər.
Həmin
görüşlər və
gələnlər o qədər
çox idi ki, masa arxasında oturmaqla hamını qəbul etmək mümkünsüzdü.
Dəstə-dəstə gəlirdilər,
biri-ikisi hamısının
adından ürək
sözlərini deyirdi,
Heydər Əliyev onların hər biri ilə əl
tutub görüşürdü.
Yəni hər gün az qala
6-7 saat sürən bu görüşlərin
hamısında Heydər
Əliyev şax duruşuyla, zahirində zərrəcə yorğunluq
əlaməti görünmədən,
gülümsər çöhrəsiylə
millətlə üz-üzə
idi.
Həmin
vida görüşünə
gələnlərin hər
birinin taleyində Heydər Əliyevin izi vardı, amma onların da hər biri elə
Heydər Əliyevin ömrünün parçaları
idi. Gedəcəkdi Moskvaya, ayrı bir həyat başlanacaqdı, ömür
kitabının büsbütün
yeni səhifəsi açılacaqdı.
Bəlkə də bu görüşdüklərinin
əksəri ilə bir daha rastlaşmaq
ona heç qismət də olmayacaqdı. Sabahkı gün və qarşıdakı illər
bir kimsənin öncədən görə
bilməyəcəyi gələcək
idi. Bu insanlarsa mehriban, işgüzar ünsiyyətdə ötmüş
əyyamlar, yaşanmış
keçmiş idi, Heydər Əliyev qucaqlaşdığı, görüşdüyü,
söhbətləşdiyi hər
insanla həm də ömrünün bu ana qədərki Azərbaycan illəri ilə, doğma yurdla halallaşır, sağollaşırdı.
"Yoldaşlar, sizdən, ümumi işimizdən ayrılmaq mənimçün
asan deyildir" söyləyirdi.
Özü də kövrəlirdi,
onun bu təsirli
sözləri zalda əyləşənləri də
duyğulandırır, qəhərləndirirdi.
Heydər
Əliyev danışırdı:
"Bilirəm ki, çoxunuz
bu gün çıxış üçün
müraciət etmişdiniz,
hisslərinizi ifadə
etmək, arzularınızı
dilə gətirmək
istəyirdiniz. Ancaq mən yoldaşlara bunu etməməyi məsləhət gördüm.
Çünki bu sözlərsiz, bu çıxışlarsız da sizin hissləriniz də, xeyirxah münasibətiniz də mənə yaxşı bəllidir".
Həmin
plenumda iştirak etmişlərin bir neçəsinin dilindən
eşitmişəm ki, Heydər
Əliyevin bu sözlərindən sonra həm təəssüflənmiş,
həm sevinmişdilər.
Heyifsilənmişdilər ki, ürəklərində daşan
duyğuları bu məclisdə söyləmək
fürsəti onlara qismət olmadı. Amma həm də şad idilər, ona görə ki, danışarkən mikrofon
qarşısında duyğuların
şiddətindən doluxsunaraq
istər-istəməz susmaqdan,
qəhərlənərək Mərkəzi Komitənin dekabrın 2-də keçiriləcək
nitqlərini davam etdirə bilməməkdən
canları qurtarmışdı.
Həsən Həsənov Mərkəzi
Komitənin dekabrın
2-də keçirilmiş Büro
iclası, həmin iclasda qəbul edilmiş yeni birinci katib seçkisinin sabahıgünkü plenumda
təsdiqindən sonra
yazıçı Mirzə
İbrahimov onunla telefon
əlaqəsi yaratmasından
söz açır. Mirzə müəllim köhnə kişilərdən
idi, sovet onillərinin ağlı-qaralı
çox düyünlü
səhifələrinə bələd
idi. Ağsaqqal yazıçı zəng
vurubmuş ki, məmnunluğunu,
razılığını bildirsin: "Nə yaxşı ki, heç bir didişmə olmadı. Didişmələrin
axırı həmişə
pis qurtarır. Azərbaycana ziyan vurardı".
Müdrik,
tədbirli Heydər Əliyev respublika rəhbəri olaraq Azərbaycanda onun iştirakı ilə keçən son iki iclasın Azərbaycanın
ictimai-siyasi həyatında
heç bir təşviş, pərişanlıq
oyatmadan, rəvan keçməsinə nail olmuşdu.
Azərbaycanın Birincisi
kimi son vəzifə borcunu da həmişəki
nümunəviliklə yerinə
yetirmişdi.
...1982-ci
il dekabrın 7-si. Təyyarənin
təkərləri yerdən
üzülür. Heydər
Əliyev Moskvaya uçur. Sabah yeni iş yerində - Kremldə onu ilk iş günü, yeni üfüqlər
gözləyir. O, ömrü
boyu fəthlərə
doğru irəliləyib.
Ona ürəyi istəyən
kimi qanadlana bilməkçün həmişə
geniş meydan, azad fəza gərək olub. Bakıdan qalxaraq endiyi Moskvadan daha ucalara yüksəlməkçün
o uçuş meydanı
olacaqmı?
Bu uçuşdan bir neçə dəqiqə
öncə çəkilmiş
ayrılıq fotosunda
onun da, onu yola salanların da baxışlarına qonan nigaranlığın səbəbi
həmin cavabı qəliz sual, qarşıdakı vaxtın
məchulluğu idi.
17 iyul 2023
Rafael HÜSEYNOV
525-ci qəzet.- 2023.- 20 iyul. S. 10-11.