"Azərbaycanda dini təhsil sahəsində
yeni mərhələyə qədəm qoyulub"
Bu ilin yanvarından fəaliyyətə başlayan
Dini Qurumlarla İş
üzrə Dövlət
Komitəsinin Dini təhsil
şöbəsi əsasən
ölkədə dini təhsillə bağlı
vəziyyəti öyrənir,
bu sahə ilə əlaqəli prosesləri izləyir. Eləcə də bu şöbə dini təhsil müəssisələri ilə
əməkdaşlığın qurulmasını təmin edir.
Şöbənin müdiri, dinşünas
Elnarə Kərimovanın
sözlərinə görə,
Azərbaycanda dini təhsilin mövcud vəziyyətini qiymətləndirmək
baxımından mütləq
tarixə nəzər
salmalıyıq: "Birincisi
ondan başlamaq lazımdır ki, Azərbaycanda
tarixən böyük
dini təhsil ocaqları fəaliyyət
göstərib. Çünki
İslamın Azərbaycanda
yayıldığı dövrdən
ölkəmizdə dini
təhsillə bağlı
ənənələr formalaşıb.
Düzdür, bu ənənələr Çar
Rusiyası dövründə
yeni forma alıb, bu sahəyə müəyyən
məhdudiyyətlər tətbiq
edilib, amma buna baxmayaraq, dini təhsil sistemimiz sovetlər dövrünədək
davam edib. Sovetlər dövründə
din sahəsindəki məhdudiyyətlər,
təbii ki dini təhsildən də yan keçməyib. Məscidlər, digər ibadət evləri bağlandığı kimi,
din xadimlərimiz repressiya
qurbanı olduğu kimi, dini təhsil
ocaqlarımız da repressiyaya
məruz qalıb. Nəticədə 70 illik sovet dövründə Azərbaycanın əsrlər
boyunca formalaşmış
dini təhsil ənənələri qırılıb.
Başqa sözlə,
müstəqil Azərbaycanda
dini təhsillə bağlı məsələlər
demək olar ki, sıfırdan formalaşıb.
Bu baxımdan dini təhsilin arzuedilən səviyyədə olmamasının
əsas səbəbi sovet dövrü ilə əlaqəlidir. Sovet quruluşu dağılanda dini təhsil sisteminin formalaşması üçün
nə tədris, nə də kadr bazamız var idi. Bu da öz nəticəsini indiyədək
göstərməkdədir. Müsbət məqam kimi qeyd edim
ki, müstəqillik dövründə
ali dini təhsil sahəsində xeyli irəliləyişlərə
nail olmuşuq. Belə
ki, 1989-cu ildə Qafqaz
Müsəlmanları İdarəsinin
nəzdində Bakı
İslam Mədrəsəsi yarandı, sonra o, Bakı İslam İnstitutuna,
daha sonra Bakı İslam Universitetinə
çevrildi. 1992-ci ildə
Bakı Dövlət Universitetində İlahiyyat
fakültəsi açıldı.
2018-ci ildə Prezident
İlham Əliyevin Sərəncamına
əsasən, İlahiyyat
fakültəsinin bazasında
Dini Qurumlarla İş
üzrə Dövlət
Komitəsinin tabeliyində
Azərbaycan İlahiyyat
İnstitutu yaradıldıqdan
sonra isə dini təhsil sahəsində yeni mərhələyə
qədəm qoyuldu".
Elnarə
Kərimova deyir ki, dini orta ixtisas
təhsili müəssisələrinə,
yəni mədrəsə,
İslam kolleclərinə gəlincə,
sovet rejimi dağıldıqdan sonra müəyyən mədrəsələr
açıldı: "Amma etiraf etmək lazımdır ki, müstəqilliyimizi
bərpa etdikdən sonra Azərbaycan cəmiyyətinə ideoloji
baxımdan nüfuz etməyə çalışan
xarici dini dairələr məscidlərə,
ziyarətgahlara "əl
uzatdıqları" kimi,
dini təhsil müəssisələrinə də
əl uzatmışdılar.
Ölkəmizdə həmin
dairələr tərəfindən
onlarla mədrəsələr
yaradılmışdı. Onların
əksəriyyəti qanunsuz
fəaliyyət göstərirdi.
Həmin mədrəsələrdə
xarici vətəndaşlar
tədris həyata keçirirdilər və orada dini təhsil
milli maraqlarımıza cavab
vermirdi. Təxmini hesablarımıza görə,
həmin mədrəsələrdə
1000-dən artıq gəncimiz
təhsil alıb. Onların bir qismi təhsil aldıqdan sonra xarici ölkələrə
gedib, orada təhsillərini davam etdirib geri qayıdıblar.
İddia etmirəm ki,
onların hamısı
yararsız kadrlardır.
Lakin xaricdə dini təhsil almış vətəndaşlarımızın bəzi dini dairələr tərəfindən
ideoloji təsirə məruz qaldıqları məlumdur. Hazırda ölkədə 5 dini orta ixtisas təhsil
müəssisəsi - Lənkəran
İslam Kolleci, Şəki
İslam Kolleci, Əliabad
İslam Kolleci, Zaqatala
İslam Kolleci və Şəbnəm (qızlar)
İslam Kolleci fəaliyyət
göstərir. "Dini etiqad
azadlığı haqqında"
qanuna əsasən, dini təhsil müəssisələri Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsində
dövlət qeydiyyatından
keçməklə yanaşı,
Elm və Təhsil Nazirliyi tərəfindən
verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət
göstərməli və
onlara qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən
aparılmalıdır. Lakin Qafqaz Müsəlmanları
İdarəsinin təsisçisi
olduğu və Gənclərə Yardım
Fondunun himayəsi altında fəaliyyət göstərən bu kolleclərin Elm və Təhsil Nazirliyindən (xüsusi razılıq) lisenziya almaları hələ də mümkün olmayıb və oraya qəbul
da Dövlət İmtahan
Mərkəzi tərəfindən
keçirilmir. Bütün
bunlar isə o deməkdir ki, biz dini orta ixtisas təhsili
məsələlərinin tənzimlənməsi
baxımından hələ
xeyli işlər görməliyik".
Şöbə müdirinin dediyinə
görə, Komitə
dini təhsil məsələsinə çox
həssas yanaşırıq.
Qanuna əsasən,
din xadimi olmaq üçün dini ali və orta
ixtisas təhsili şərtdir: "Deməli,
təhsilsiz şəxslər
ixtisaslı kadrlarla əvəz edilməlidirlər.
Keçirdiyimiz müsahibələr
zamanı namizədlərin
sənədlərini qəbul
edərkən onların
diplomlarına xüsusi
əhəmiyyət vermişik.
Bu zaman xeyli "fərqli
diplomlarla" qarşılaşmışıq.
Belə məlum olur ki, 2001-ci ildən əvvəl qeydiyyatdan keçməyən və
qanunsuz fəaliyyət
göstərən "mədrəsələr",
"kurslar" varmış
və onlar faktiki olaraq müəyyən şəxslərə
"diplom" verməklə
məşğul imiş.
Biz bu diplomları qəbul etməmişik, edə də bilmərik. Biz yalnız o mədrəsələrin diplomlarını
qəbul etmişik ki,
onlar vaxtilə ya Ədliyyə Nazirliyindən, ya da sonralar Dövlət Komitəsindən qeydiyyatdan
keçib fəaliyyət
göstərən dini
təhsil müəssisələridir.
Ümumiyyətlə, müsahibəyə
müraciət edənlər
arasında Bakı
İslam Universiteti, Bakı
Dövlət Universitetinin
İlahiyyat fakültəsi,
Azərbaycan İlahiyyat
İnstitutu və
İslam Kolleclərinin məzunları
üstünlük təşkil
ediblər".
E.Kərimovanın dediyinə
görə, xaricdə
dini ali və orta ixtisas
təhsili almış
şəxslərin diplomları
qəbul olunur. Sənəd qəbulunda onlar iştirak edirlər. Xaricdə dini təhsil almaqla bağlı qanunvericiliyin müəyyən
tələbləri var. Həmin
tələblərdən biri
də ondan ibarətdir ki, gənclər
xaricdə dini təhsil almağa yalnız Dövlət Komitəsinin razılığı
ilə dini mərkəz tərəfindən
göndərilə bilərlər:
"İş ondadır
ki, son 20 il ərzində Dövlət
Komitəsinə belə
bir müraciət daxil olmayıb. Ümumiyyətlə, xaricdə
dini təhsil alanların diplomları ilə bağlı məsələ çox ciddidir. Nəzərdə tutulur ki, bu şəxslərin diplomlarının
tanınması üçün
mexanizmlər hazırlansın.
Bu prosesə artıq başlanılıb. Əgər
desək ki, dini təhsili olmayan şəxslərin hamısını
bir günün içərisində tutduqları
vəzifədən azad
edə bilərik və ya azad
etməliyik, bu, doğru olmaz. Çünki bu, elə bir prosesdir
ki, mərhələ-mərhələ həyata keçirilməlidir.
Ötən ildən
proses başlayıb və
mərhələli şəkildə
dini təhsili olmayan şəxslər ixtisaslı kadrlarla əvəz olunur. Keçən il cəmi bir müsahibə keçirilib və həmin müsahibədən
uğurla keçən
dini ali və orta ixtisas
təhsilli 133 nəfərdən
100-ə yaxını din xadimi
kimi məscidlərə
təyinat alıb. Bu
o deməkdir ki, onlar ya din xadimi olmayan
məscidlərə təyinat
alıblar, ya da dini təhsili olmayan şəxslərin çalışdığı məscidlərə təyin
ediliblər. Düşünürəm
ki, planladığımız müddətdə biz bu prosesi uğurla başa çatdıra biləcəyik". O əlavə
edib ki, ali və orta ixtisas
təhsilinin hüquqi
meyarları var: "İslam kolleclərinin nizamnamələrinə
diqqət yetirsəniz,
görəcəksiniz ki, orda
təhsil müddətinin
4 il olduğu qeyd olunub. Deməli, kolleclərin verdiyi təhsilin müddəti 4
il olmalıdır və
bu diplomlarda öz əksini tapmalıdır. Əgər
kimlərsə həmin
kolleclərin nəzdində
fəaliyyət göstərən
kursları 3 il, 2 il və
ya 1 il oxuduqlarına dair hansısa sənəd təqdim edəcəklərsə, təbii
ki, biz onu qəbul edə bilməyəcəyik.
Bir daha xüsusi olaraq bildirmək istəyirəm ki, hər hansı dini kollecin nəzdində yaradılmış kursu bitirən şəxs Dövlət Komitəsinin
elan etdiyi müsahibədə
iştirak edə bilməyəcək. Bütün
hallarda ali dini təhsil yalnız Azərbaycan İlahiyyat İnstitutunda,
orta ixtisas təhsili isə kolleclərdə həyata
keçirilir və təhsil müddəti 4 ildir. Onu da xüsusilə
qeyd etmək istəyirəm ki, Azərbaycanda
hazırda qiyabi dini təhsil yoxdur. Yəni kimsə hansısa kolleci qiyabi təhsil aldığına
dair sənədlə
gələrsə, onu
da qəbul etməyəcəyik.
Hazırda dini təhsil sahəsində qarşımıza qoyduğumuz
prinsipial məqamlardan
biri ondan ibarətdir ki, dini təhsil qiyabi və ödənişli
ola bilməz. Məsələn,
Azərbaycan İlahiyyat
İnstitutunda təhsil
ödənişsizdir və
burada qiyabi təhsil yoxdur. Bakı İslam Universiteti
uzun illər fəaliyyət göstərib
və buradan məzun olmuş şəxslər bu gün dini sahədə
çalışırlar. Amma bu universitet ödənişli olduğuna
görə imkansız
ailələrdən olan
gənclər burada təhsil ala bilmirdilər.
Nəticədə xarici
ölkələrə üz
tutmaq məcburiyyətində
qalırdılar. Eyni zamanda, Bakı İslam Universitetində, onun Lənkəran, Mingəçevir,
Sumqayıt filiallarında
qiyabi təhsil mövcud idi. Bu gün onların məzunlarının bilik
səviyyəsinə baxdıqda
görürük ki, əyani
təhsil alanlarla qiyabi təhsil alanların arasında ciddi fərq var".
Şöbə müdiri vurğulayıb
ki, dini təhsillə
bağlı prioritetlərimizi
Azərbaycan İlahiyyat
İnstitutunun timsalında
görmək olar:
"Məsələn, təəssüf
ki, Azərbaycanda dini təhsil indiyədək məzhəbyönümlü olub.
Azərbaycan İlahiyyat
İnstitutunda isə məzhəbüstü təhsil
verilir. Yəni burada tələbələrə
bütün məzhəblər
eyni dərəcədə
öyrədilir. İnstitutda
iki istiqamət - Dinşünaslıq və
İslamşünaslıq ixtisasları
üzrə tədris həyata keçirilir. Dinşünaslıq ixtisasında
İslamla yanaşı,
dünyada mövcud olan digər böyük dinlər haqqında, xüsusilə
Yəhudilik və Xristianlıq barədə
deskriptiv bilgiləri ehtiva edən fənlər də tədris olunur. İslamşünaslıq istiqamətində
isə daha çox İslamı müxtəlif aspektlərdən
öyrənən fənlər
tədris olunur və bu ixtisası
bitirənlər din xadimi
kimi fəaliyyət göstərməyə hazır
olurlar. Eyni zamanda, İnstitutda hər iki istiqamət
üzrə kifayət
qədər dünyəvi
elmlər tədris edilir. Tələbələrə
dinləri teoloji aspektlə yanaşı, fəlsəfi, tarixi, sosio-psixoloji istiqamətlərdən
də öyrətməyə
çalışılır və beləcə, dünyəvi cəmiyyətdə
dini insanlara çatdırmağı bacaran,
həmçinin, milli köklərimizə
bağlı olan mütəxəssislər hazırlamağa
səy göstərilir.
İnstitutda kifayət
qədər savadlı
elm adamları tədrislə
məşğul olur.
Əksər müəllimlər
ingilis və ərəb dillərində
sərbəst şəkildə
mühazirə oxuya bilirlər. "Web of science" və "Scopus" bazaları
da daxil olmaqla, müəllimlərin bir çox beynəlxalq akademik bazalarda indeksləşən elmi jurnallarda məqalələri
dərc olunur. Bu da İnstituta imkan verir ki, dini təhsil sahəsində dünyanın başqa ölkələrində təhsil
alanlarla müsbət mənada rəqabət aparmağı bacaran kadrlar hazırlasın. Ümid edirəm ki, biz dini ali təhsil
sahəsində olduğu
kimi, orta ixtisas təhsili sahəsində də eyni prinsipləri tətbiq edə biləcəyik".
Sevinc QARAYEVA
525-ci qəzet.-
2023.- 20 iyul. S. 15.