Şuşada dirilt
Bismillah-ir-rəhman-ir rəhim! Uca və mərhəmətli Allahın
adıyla!
GÜRCÜ
BALI. Saat yeddinin yarısıdır. Buludlar
ətəyini sallayıb.
Yağır. Buludlardan
betər dolmuşam. Sunami kimi üstümə
hücum çəkən
fikirlərdən yaxa qurtarmaq istəyirəm. Noutbuku açdım. Üzü işıqlanıb
gülənə qədər
çay içdim. Stolun üstünü tələsik yığışdırıram.
Fövri tərpənənəm. Qabları yuyanda bıçaq əlimi dərindən kəsir. Qanım suya qarışır.
"Nəsə fərqli
bir şey var. Dərmandan daha faydalı. Aha, yadıma düşdü: bal". Svanetidən gətirtdiyim baldan qaşığın
ucunda azca götürürəm. Qanı
üzüaşağı süzülən
kəsiyin üstünə
yaxmaq istəyəndə
ağlıma başqa
şey gəlir: "Gürcü balı bizim yaramızı sağaldarmı?" Gülməyim
tutur. Yadıma keçən il Göygöldə
pay qoyulmuş qaya balı düşür. Yemədim, saxladım. Bilirəm xasiyyətimi, cəld tərpənişliyəm.
Nə qədər ehtiyatlı olmağa çalışsam da, əl-ayağımı
ara-sıra kəsirəm
və bal məlhəmi ilə bircə günlükdür.
Öz doğma balımızı yarama yaxıram. Azca yandırır. Əhəmiyyətsiz şeydir.
Bilirəm, axşama tamam bitişib sağalacaq. Tələsik
noutbukun arxasına keçirəm. Bu düşüncələrdən
qurtulum təki. Ürəyim Kirs dağı boyda şişib...
...Sevincimə səbəb olan dəvət gözlənilməz oldu. Şuşaya gedənlərə
həsəd aparsam da,
paxıllığım tutmurdu.
Bilirəm, hər kəsin bir qisməti var. Şuşaya
getməyi də çox arzulamış, Kirs ətəyi meşələri, Laçında
dağları atla gəzməyi də çox istəmişəm.
Sonuncu hələ ki reallaşması mümkün
olmayan bir arzudur. "Vaqif Poeziya Günləri"nə dəvət
Şuşaya getmək
arzumu reallaşdırdı.
Çoxdan görmədiyim
yoldaşlarla bir neçə gün vaxt keçirmək də gözəl olardı. Şuşada keçmiş tələbələrim
işləyir. Həmişə yazırdılar:
müəllimə, portal açdırın,
gəlin. Bütün
Şuşanı addım-addım
gəzdirəcəyik.
YOLDA. Heydər Əliyev Mərkəzinin yanında
yığışan dəvətlilər
siyahı üzrə
1, 2 və 3-cü avtobuslarda
yerlərini tutdular. İkinci avtobusda ikinci sırada əyləşdim. Uzaq yola təkcə çıxanda narahatlığım
bu olur: yol yoldaşım qadın olsun, arıq olsun, ətir vurmasın, çox danışan olmasın, daha çox qorxduğum isə pinti, iyli olmasın. Yenə konservativliyimə həm gülməyim, həm acığım tutur: "Sənin üçün bu görüşün qarşıda
gözlənilən gözləmədiyin
təəssüratlarının fonunda nələri düşünürsən gör
bir!" Maraqlıdır
ki, avtobusda yerlərin
çoxu tutulsa da, yanımdan keçənlərin
heç biri əyləşməyə cəsarət
etmir. Mısmırıqlı
adamla kim yol yoldaşı olar ki?! Toppuş, xoş üzlü, gözündən gülən
bir xanım içəri daxil olur. Arxa cərgələrdə
tək-tük boş yer qalıb.
- Olar, sizinlə əyləşim? - deyə
soruşur.
Pəncərəyə tərəf çəkilib yer verirəm. Yola düşürük.
Qarşımızdakı ilk oturacaqda "Vektor" Beynəlxalq Elmlər Akademiyasının təsisçisi
Elçin İsgəndərzadə
və şair Seyran Səxavət əyləşib.
Sağdakı ilk oturacaqda
isə müasir, bər-bəzəyi yerində
gənc bir xanım ayaqlarını böyründəki
oturacağın üstünə
uzadaraq yuxuya gedir: o deməkdir ki, bu iki yer
mənimdir, yanımda
ikinci adamı istəmirəm.
Yola düşürük. Bir neçə
saatdır, hamı susqun, yuxuludur. Həzindən səslənən
klassik musiqi salondakıları oyadır,
xoş ortam yaradır. Oyananlar yalnız yanındakı ilə pıçıldaşır.
Seyran Səxavət dözmür,
mikrofonu götürüb
canlı, şirin söhbətinə başlayır:
- Bu oxuyan Yaqub əmiydi.
"Mənsuriyyə"nin axırında ki bir
"ax segah" eliyir
e, üç-dörd saniyə
çəkir, bax onu heç kim bacarmır. O böyüklükdə sənətkar
lap uşaq kimiydi. Bir gün soruşdum ki, Yaqub əmi, niyə gedib "Leyli və Məcnun"da
oxumursan? Qayıtdı
ki, ə, bajoğlu, gedərdim
e, - bilirsiz də, Yaqub Məmmədov Ağcabədidəndir - amma
qorxdum, bizim uşaqların işini korlayaram. Heç dəxli var? Soruşdum ki,
Yaqub əmi, bizim uşaqlar kimdi? Qayıtdı ki, ə,
o Füzulini deyirəm
dana, o, Ağcabədinin Bayat
kəndinnəndi axı.
Bir də Üzeyir bəy. Onların işini korlamaqdan qorxdum. Soruşdum, Yaqub əmi, hansı işdən danışırsan? Dedi, ə
bajoğlu, canın haqqı, elə oxuyajeydim, Leylinin dədəsi deyəjeydi, ə
Məcnun, qızı
verdim, götür,
get. Buna oxşar bir şey də deyim, mən elə bir aristokrat
ailədə böyüməmişəm,
zır kəndçiyəm.
Elə kəndçiliyimnən
də fəxr eliyirəm. Atamın bir ferma müdiri
qohumu vardı - Fəmil əmi, qardaş, sezon vaxtı ayda bir arvadı da vururdu qoltuğuna, gedirdi "Leyli və Məcnun"a baxmağa. Atam baş mühasibiydi. Bir gün buna dedi, ə, nədi e, Fəmil, iki günün biri gedib "Leyli Məcnun"a baxırsız? Dedi, sən öl, Əsgər, Nisə maa yalvarır ki, Fəmil, sən müharibədə
itkin düşmüş
qardaşının goru,
bu dəfə də gedək, bəlkə elə, Leylinin dədəsi verəjək qızı.
Gör ha nə qədər pak olasan, dələduzluqdan milyard kilometr uzaq olasan ki, belə şeyə inanıb deyəsən.
Salondakılar şeir oxumasını
xahiş edirlər. Şair söhbəti poeziyanın üzərinə
gətirir:
- Qoja kişiyəm, yetmiş səkkiz min kilometrdir, yol gəlirəm. Hə, istəyirəm, məndən
nümunə götürəsiz.
Biz indikilər kimi sevmirdik e, bütün nəsli, tayfanı sevirdik. İndi iki nəfər bir-birini sevə bilmir, - gülümsəməyimi güclə
saxlayıram, - Ə, bir
durun, şeir oxuyun, burda Xəyal
Rza kimi nəhəng oxuyan var, onu oxudun. Oxuda
bilmirsizsə, deyin, mən oxudum. Burda hamımız qohum-əqrəbayıq e, bizi
oxuyan yoxdu, heç olmasa, bir-birimizi oxuyaq, dinləyək də. Şuşaya gedirik, Şuşa məhəbbət
şəhəridir, mən
də məhəbbət
şeiri oxuyajam.
Seyran Səxavət "Sevirəm"
şeirini əzbərdən,
ifadəli deməyə
başlayır:
...Qəlbində
qərar tutan o gözəl dil
əkləri,
Tellərini yalayan o həzin
küləkləri,
Səninlə birgə gəzən,
deyib-gülən qızları,
Evinizin tuşundan sonsuz göylərdə yanan
o parlaq ulduzları,
Xəzan
vaxtı baxçanda yerə bir-bir tökülən
yarpaqları sevirəm.
Sənin
könül verdiyin,
can dərman yetirən
torpaqları sevirəm.
Qəlbinə həmdəm olan
sirdaşını sevirəm.
O dədəni, nənəni,
qardaşını sevirəm.
Görürsənmi, gözəl qız, neçənizi sevirəm...
Şair
mikrofonu kiməsə təhvil vermək istəyir, amma avtobusdakılar danışmaq
həvəsində deyildilər.
Yol uzandıqca mənzərələr dəyişir.
Füzuli rayonuna çatırıq. Mənfur
düşmən əlinə
keçən yerlərəcən
kəndlər abaddır.
Sonra xarabalıqlar və
xarabalıqlar üzərində
ucalan, ucalmaqda davam edən abadlıqların təzadlı
mənzərələri bizi
gah sevindirir, gah kədərləndirir.
Yollar kənarında şəhid şəkillərini
gördükcə yenə
ürəyimin tüstüsü
gözümü acışdırır.
Kəndlərin adlarını
oxuduqca gözlərim,
ürəyim sevinir: hamısı qədim türk sözləri. Bu adlardan ölkənin Azərbaycan olduğu bilinir. Ta Bakıdakı kimi yox. Lap az
müddət sonra masonlar sevincdən çırtıq çalıb
oynayacaqlar, Bakı onlar deyəndir. İngilislərə sübut
edə bilməyəcəyik
ki, Bakı bizimdir, paytaxtımızdır. Doğma
dilə bu qədər buxov vurmaq, onu yadın
ayağına vermək
nanəciblikdir, nankorluqdur.
Bu qədər rəzilliyə
nə üçün
dözülür axı,
bilmirəm.
Yol kənarında qazılmış
yeni kanalın torpaq qalaqlarını görən
Seyran Səxavət Elçin
İsgəndərzadəyə:
- Ə, sən Allah, torpağa bax, torpağın rənginə bax, nejə də qapqaradır, münbitdir.
Adam torpağı yemək
istiyir, - deyir.
ŞUŞADA.
Avtobus Zəfər yolu boyunca sürətlə
şütüyür. Şuşaya
az qalıb. Bir azdan Cıdır düzünün altındakı
o məşhur, ecazkar,
sıldırımlı qayalıqlar
görünür. Hamımız həyəcanlıyıq, mütəəssirik.
Hamı uşaqlaşıb,
saflaşıb, hamı
Şuşalaşıb. Hamımızın
üzündə heyranlıq,
sevinc, heyrət dolu qarışıq ifadələr görünür,
şəhidlərin xatirəsinə
ehtiram, hörmət pıçıltıları eşidilir.
Bəlkə də, bəziləri Şuada bir neçə dəfə olublar, amma yenə də ilk dəfə imiş kimi eyni hissləri keçiririlər. Şəhərə
daxil olanda dörd gözlə ətrafa baxıram.
İlk dəfə 1981-ci ilin
qışında gəlmişdim.
Qırx il əvvəlki
yaddaşımı oyatmağa,
nələrisə xatırlamağa
çalışıram, amma
heyhat. O zaman dünyanı
elə Şuşa boyda və Şuşa
kimi göyçək
görürdüm.
Otellərdə yerləşdikdən sonra ilk tədbir M.P.Vaqifin məqbərəsi
önündə musiqili
proqram oldu. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası
Mətbuat Şurasının
sədri, Azərbaycan
Yazıçılar Birliyinin
sədr müavini Rəşad Məsid açdı. Konsert proqramı əsasən klassik musiqi, xalq mahnılarından ibarət idi. Açıq səma altında, Şuşanın
sərin havasında bunları dinləmək dünyaya dəyərdi.
Şuşanın məscidlərini - Gövhər
ağa və Sədli məscidlərini
gəzdik, xalça muzeyinə baş çəkdik. M.P.Vaqifin
heykəli önünə
çiçək dəstələri
qoyduq. Şəhəri
gəzəndə rastlaşdığım
əsgərləri görərkən
xəcalətdən öldüm:
onlara heç nə gətirməmişdim,
bu, ağlıma gəlməmişdi. Əsgərlərin
üz-gözündən korluq,
aclıq çəkənə
oxşamırdılar, rəng-rufları
üstlərindəydi. Amma yenə də paysız-ürüşsüz gəlməyim
mənə çox pis təsir etdi. Çantamda xeyli bahalı şokoladlarım vardı.
Gördüyüm hər
əsgərə iki-iki
verdim. Yaxın durmaq istəmir, çəkinirdilər, amma
xəlvəti ovuclarına
qoya bildim.
Axşam
açıq havada Azərbaycan Yazıçılar
Birliyinin katibi İlqar Fəhminin təşkil etdiyi şeir dinləmələri
oldu. Gənclərin şeirləri, ifaları xüsusən fərqli, gözəl idi.
Ayın
15-də, yəni səhəri
gün tədbirlərin
planı daha zəngindi: "Vətənim
Qarabağ" - poeziya
saatı, gənc şairlərin iştirakı
ilə "Gənc şairlərin yaradıcılığında
yaradıcılıq mövzusu"
adlı panel-müzakirə,
sonra "Vətənim
Qarabağ" poeziya saatının II hissəsi
və axşam saat 9-da M.P.Vaqifin
məqbərəsi önündə
"Vaqif dünyası"
poetik-musiqili tamaşa.
Şeir yaradıcılığım
çox da zəngin deyildi və yarışmada iştirak etmək həvəsim yoxdu. Bir şey diqqətimi cəlb etdi: M.P.Vaqifdən
bir şeir də oxunmadı. Yadıma Bernard Şou haqqında bir əhvalat düşdü:
müəllifi olduğu
tamaşanın çox
uğurlu premyerası
olur. Tamaşadan sonra aktyor heyəti
benefis verir. Məclisdə hamı rejissoru, musiqiçiləri,
aktyorları bir ucdan tərifləyir, şərəfinə badələr
qaldırırlar. Əsərin
müəllifini kimsə
yada salmır. Sonda B.Şou özü
icazə alıb ayağa qalxaraq deyir: "Cənablar, müəllifi əsəri
çox gözəl yazıb. Tamaşa bunun üçün uğurlu alındı. İcazə verin badəni müəllifin şərəfinə qaldırım.
Müəllif mənəm".
Tədbiri İbrahim İlyaslı
aparırdı. Yanaşıb
M.P.Vaqifdən bir şeir söyləmək
istədiyimi dedim. Dərhal razılaşdı.
Özümlə şairin
şeir kitabını
götürmüşdüm, ən çox sevdiyim qoşmalarından birini oxudum.
Onu da deyim ki, İbrahim İlyaslı
çox "ağır"
missiyanı üzərinə
götürmüşdü. Şeir deyənlərin bəziləri bir şeirlə kifayətlənmir,
ikinci, üçüncünü
də ard-arda qoşub deyir, reqlamentə əməl etmirdilər (İlahi, şeir də şeir ola). Çox səbirli adammış
İbrahim İlyaslı. Vallah,
mən olsaydım, bu qədər səbr etməzdim. Kişinin sifəti, gözləri əsəbdən
qıpqırmızı qızarmışdı.
Amma elə təmkinlə,
sakit dindirirdi ki bəzi "şairləri"...
Nə isə, Allah sağlıq, səbr versin şairimizə.
CIDIR
DÜZÜ. Hər tədbir
arası iki saat fasilə verilir, qonaqlara yemək, gəzmək üçün zaman ayrılırdı. Tezdən ilk tədbirdən dərhal sonra maşın tapıb qala qapısına, sonra Cıdır düzünə
getdik. Torpağa ayaq basmağa çəkinirəm elə
bil. "Görən,
addım basdığım
yerə bizim oğulların qanı tökülməyib ki?" - deyə.
Lap əvvəllər şəhərdə
bir neçə dəfə olsam da, bura gəlməmişdim.
Bu hissləri qələmə
almaq olmur. O möhtəşəm qayalıqlar,
dərənin dibindən
axan Daşaltı çayı, uzaqdan görünən dağlar...
Bu möhtəşəmliyi öz gözünlə görməlisən. Adi sevinc
yox, heyranlıq, pərəstiş, ürəyim
yerindən çıxacaqmış
kimi çox dərin, müqəddəs
kədər qatılmış
coşqun bir sevgi hissiylə oraları dolaşdım. Düzün ortasında dairəvi düzülmüş iri daşlar vardı. Dedilər, orda bizim uşaqlardan şəhid olanlar olub. Yaxındakı gülxətmi çiçəklərindən
dərib daşların
üzərinə qoydum. Şəhidlərin
xatirəsinə fatihə
oxuduq, onları bir an da olsun, yaddan çıxarmadıq.
Yuxarıda yazmışdım, Şuşada
keçmiş tələbələrimdən
dörd nəfər işləyir. Məsul işdə işləyən
tələbəmin biri
(adını çəkməyi
istəmədi) oteldə
tez-tez baş çəkir: "Müəllimə,
bir şey lazım olsa, deyin" - deyirdi. Qürur duydum və fəxr elədim ki, bu cür vətəndaşımızın
müəllimi, altı
il sinif rəhbəri olmuşam.
Günortadan sonra Laçında
dərs dediyim başqa bir keçmiş tələbəmlə
- İlqarla Şuşanın
maraqlı yerlərini
gəzməyə çıxdım.
Budur, Kirs dağı ilə üzbəüz dayanmışam.
Dağın o üzü
Laçındır, orda
bölgənin ən hündür kəndi, dərs dediyim kənd - Qışlaqdır.
Mənim on iki illik katorqa həyatımın,
cənnətə səfərlərimin
məskəni. Sərin
meh əsir, Kirsdən
gələn havanı
hərisliklə ciyərlərimə
çəkirəm. Niyə
adam quş ola bilmir, külək, meh ola bilmir?! Pənahi Makulunun "Qorxulu Tehran" əsərinin
sonluğu düşür
yadıma. Ona həyatın
zülmünün son həddini
yaşatmış adamlardan
intiqam almaq istəyən qəhrəman
geri dönəndə
intiqam almaq istədiyi adamı tapır. Ancaq adam qocalmış və ağlını ititrərək dəli olmuşdur. Əsərin qəhrəmanının qisasını
həyat özü almışdır. Bax belə.
Sonra qayınanamın dayısı
Mirzə Məhəmmədin
bir zamanlar rəis olduğu Şuşa həbsxanasına
baş çəkdik.
Postda dayanan əsgər şəkil çəkməyə, yaxına
getməyə qoymadı,
dedi, icazə yoxdur. Ordan Qayabaşına,
müxtəlif yüksəkliklərə
sancılmış bayraqlarımıza
baxanda fərəhdən
gözlərim doldu. Hər dəfə açığa - qarşıya
çıxanda İlqar
deyirdi, müəllimə,
burda dayanmaq olmaz, snayperlər ata bilər.
HACI AXUND
MOLLA ŞÜKÜR. Şuşaya getməzdən əvvəl
şəhəri daha yaxından tanıyan yaşlı bir adamın axtarışına
çıxmışdım. Bu işdə mənə köməklik göstərən
Rəşad Məcidə,
Vasif Quliyevə dərin minnətdarlığımı
bildirirəm.
Məqsədim qayınanamın
babası məşhur
din xadimi Hacı Axund Molla Şükürün
evini və qəbrini tapmaq idi. İlqara evi görmək istədiyimi dedim, lakin bu, o qədər
də asan deyilmiş. Polis və MM üzvü Ofelya Qasımova işə qarışdıqdan sonra həmin məkana baş çəkməyə
icazə ala bildim. Hacı Axund Molla Şükür haqda Mir Möhsün Nəvvabın əsərlərində,
İ.Əfəndiyevin
"Geriyə baxma qoca" romanında oxumuşdum. Ən zəngin məlumatı qayınanam vermişdi. Rəhmətlik qayınanam
deyirdi, lap balaca uşaqdım, babam həmişə ciddi-cəhdlə
qoruduğu, "Bunlarda
dünyanın sirləri
yatır" - dediyi kitabları sovet hökuməti gələndən
sonra evin divarlarındakı taxçalara
hördürdü. Deyirdi,
bu kitabları təzə hökumət başa düşməz, itirib-batıracaq, yandıracaqlar.
Qayınanamın sözlərinə
görə, Hacı Axund kitablarla birgə dəri torbalarda bir neçə kisə qızılı da taxçalara
hördürmüşdü.
İlqarla gəlib Axund Molla Şükürün
bağını tapırıq.
Çox böyük bir bağdır. Qayınanamın həsrətini
çəkdiyi, uşaqlığının
keçdiyi bağı
görəndə mütəəssir
oluram. Bağın ətrafına hasar çəkilib. Beton dayaqlar üzərinə bərkidilmiş tor hasar çox köhnəlib. Ağacların çoxu baxımsızlıqdan quruyub,
qocalıb. Hər tərəfi kol-kos basıb. İlk olaraq qəbri tapırıq. Qayınanam danışırdı
ki, babam qəbrini özü qazdırıb və vəsiyyət edib ki, bir neçə
günə bu dünyadan gedəcəm. Mən öləndə bir ağ yağış yağacaq,
məni o yağışın
altında yuyun, qazdırdığım qəbirdə
dəfn edin. Həqiqətən də,
Hacı Axund rəhmətə gedəndə
qəfildən gur yağış başlayır.
Axundun qəbrinin başdaşını lənətliklər
sındırıblar, qəbrin
yeri isə çaladır, qazılıb.
Bu, mənə çox
pis təsir etdi. Qəbri ermənilər qazmışdı.
Çünki M.M.Nəvvabın əsərində
Hacı Axundun Şuşada 1905-1906-cı illərdə
erməni-müsəlman davası
vaxtı azərbaycanlı
döyüşçü-dəstələrin
birinə rəhbərlik
etdiyini oxumuşdum. Hacı Axundun qəbrinin yanında daha iki qəbir
vardı. Bunların kim olduğunu bilmədim. Salamat qalmış
qəbirlərin üzərində
bizimkilərin vurduğu
lövhədə yazılmışdı:
"Əbədi qalan
Allahdır. Hər bir can ölümü dadacaq. Bu, Axund Hacı Molla Şükürün və
ailəsinin qəbridir.
Allah onun məqamını
uca, mülkündə
məkanını yüksək
eləsin. 1341-ci ilin ramazan (1824-1923-cü il aprel)
ayında vəfat etdi". Axundun öz qəbri üzərindəki sınmış
başdaşının şəklini
bilənlərə göndərdim,
oxuyan olmadı. Görünür, düşündüyüm
qədər bilən deyilmişlər. Məncə,
elə yeni lövhədə
yazılanlardır. Axundun
nəslindən olan-qalan
adamlar çoxdur. Kimsə onun qəbrinə, bağına,
evinə baş çəkib, lövhəni
yazdırıb, başdaşı
əvəzi qoyub. Kimdirsə, çox sağ olsun. Axundun qəbri üzərində fatihə
oxuyub evə sarı gedirik. Ev tamam uçub.
Birinci mərtəbənin
uçulmuş divarları
qalıb. Qalın kol-kosu yarıb irəli getmək mümkün olmadı. Ürəyim sakitləşmişdisə
də, fikrim o kitabların yanında qaldı: "Görən,
orda hansı sirlər varmış? Onları kim tapıb, hara aparıblar?"
Bir az dolaşıb geri qayıtdıq. Tədbirə çatmalıydım.
"VAQİF
DÜNYASI". Sonuncu gecə
saat 9-da M.P.Vaqifin məqbərəsi
önündə İlqar
Fəhminin müəllifi
olduğu çox möhtəşəm poetik-musiqili
tamaşaya baxdıq. Tamaşada S.Vurğunun
"Vaqif" dramından
və müəllifin
özünün bədii
yaradıcılığının məhsulu olan müxtəlif tarixi hadisələrin bədii şəkildə sintezindən
ibarət, rəqslərlə
müşayiət olunan
çox möhtəşəm
səhnələr vardı.
Tamaşaya baxdıqca
düşünürəm: bəlkə, Qacar Şuşada ölməsəydi,
Qarabağı da birləşdirib
bütöv Azərbaycan
yarada biləcəkdi.
Bəlkə, o zaman İbrahim xan və ailəsi
1804-cü ildə Cıdır
düzündə Sisianov
tərəfindən vəhşicəsinə
güllələnməyəcəkdi. Bəlkə, İbrahim xanın
soyundan olan nəsillər varisliklə
Qarabağda hakimiyyəti
daha da möhkəmləndirəcək,
erməni mənfurları
birdəfəlik siləcəkdi!
Bəlkələr... Bəlkələr...
Kaş kilərin sinonimləri... Sınmış
arzuların göz yaşları... Biz torpağı,
vətəni sevirik.
Amma bu dərin, böyük sevginin qarşısında Vətən
niyə belədir, yarımçıqdır?! Düşünürəm,
ən gözəl sevgi əsərlərinin sonu ayrılıqdır, sonu qovuşmadan ölməkdir. Allah sevdiklərini
belə öldürür:
tərtəmiz, ləkələnmədən.
Elə şəhidlər
kimi. Ah, şəhidlər!.. Gül üzlü, gözəl-göyçək, qədd-qamətli, qeyrəti
ruhuna sığmayan canım şəhidlər!
Analarının tüstüsünü
təpəsindən çıxaran,
atalarının belini
bükən, övladlarının
gözünü yolda
qoyan, xanımlarının
ciyərini yandıran,
"Vətən" deyib
döyüşə atılan
şəhidlər! Ah, bu
Vətən sizə həyatınızdan necə
də qiymətli göründü, əzizlərim.
Vətən də sizin kimi xatiri
əziz, yarımçıq,
əzizlərinin-sevənlərinin gözü yaşlıdır!..
ŞUŞADA
DİRİLT. Sonuncu gündür.
Obaşdan otağın
qapısını açıb
balkona çıxıram.
Alatoranda seyrək buludlar başım üzərindən keçir.
Günəş hələ
görünmür. Tərtəmiz hava ciyərlərimi sevindirir, ruhum pərvazlanıb. Sonuncu saatlardır. Saçımı
açıb səliqəyə
salıram. Saçımdan
ayrılan, gözümdən
yayınan iki uzun tel balkondan
aşağı uçur.
Əl atıb tuta bilmirəm Pərt olmuşam. Yenə düşünürəm,
genetik kodumu daşıyan saçlarım
burda qaldı. Bu, mənim burda dirilməyim üçün
bir əsas olar. "Sən yer üzünü qupquru görərsən.
Biz ona yağmur endirdiyimiz zaman o hərəkətə
gəlib qabarar və hər növ gözəl bar gətirər. Bu ona görədir ki, Allah haqdır,
ölüləri dirildir
və O, hər şeyə qadirdir!"
("Qurani-kərim", "Əl-həcc" surəsi,
5-ci, 6-cı ayələr). Qiyamət günü bizi dirildəcək Allah, görən, bizim istəklərimizlə hesablaşırmı?
Gözəl Allahım,
bəlkə, məni elə burada - Şuşada dirildəsən.
Olmazmı? Ovlaq sahəsinin sərhədlərini
ağac və kollarda nişana qoyaraq bildirən heyvanlar kimi mən də nişanamı burda qoydum, deyəsən. Yadıma nağıllar düşür. Divlər
qızlara bir ovsun oxuyub almaya
çevirir, cibinə
qoyub gəzdirir kimi, məni də bir ovsunla daşa, quşa, bu çiçəklərə
çevirib burda saxlasaydılar. Yenə düşüncələrimə gülməyim tutur. Şuşa, deyəsən, məni filosof edəcək (filosofluqdan, filosof sözündən də heç xoşum gəlmir). Bu yaşımda
mənə dərs verməyə çalışan
adamları da sevmirəm.
Kimsəyə də dərs vermərəm. Özü "oxuyub öyrənsin".
Həyat müəllim
canını alıb elə "oxudacaq" ki.
ŞUŞADAN
GETMƏK İSTƏMİRƏM. Otağın
qapısını açıb
həyətə düşür,
kiçik xiyaban boyu sürətlə addımlamağa başlayıram.
Tək-tənha. Mən
və Şuşa. Otelin böyründə cərgə ilə əkilmiş akasiyalar çiçəkləyib. Çoxdan
- uzun illər əvvəldən tanıdığım
nektar ətri ilə qarışmış
spesifik akasiya ətri yadıma nələri salır. Laçındakı həyətimizdə
bol-bol çiçək
açan akasiyalar necə gözəl ətir saçardı.
Bir-iki nəfər orta yaşlı kişi də "razminka" edir. Kiminsə mənə qoşulmağını istəmirəm.
Bir qıça akasiya
çiçəyi dərib
üzü dağlara baxıram. Yenə gözlərim dolur. Allah sənin "bəlanı"
verməsin, Şuşa!.. Bu şəhər zorla ərə verilmiş, bakirəliyini qoruyub saxlayan Leylimizdir, bakirəlik rəmzimizdir. Şuşa əvvəlki deyil. O, susqun və kimsəsiz görünür. Burda nəsə hələ tam
anlamadığım başqa
şeylər var. İntuisiyam
çox güclüdür
və bu "başqa şeylər"
məni heç vaxt aldatmayıb. Laçındakı kimi gur canlanma yoxdur
burda.
QAYITDIQ. Avtobuslara doluşub bu gözəlliklərdən
ayrılaraq geriyə -
səs-küylü, tozlu,
təzadlarla dolu Bakıya
qayıdırıq. Yol
uzunu aktyor Şamil Süleymanov Şuşa mühiti, musiqiçilər haqqında
Şəhla xanıma
(N.Kəsəmənlinin
bacısı) pıçıltı
ilə maraqlı əhvalatlar danışır.
Bu əhvalatları Firidun
Şuşinskinin kitabından
oxumuşdum. Şuşadan
götürdüyüm suyun
sonuncu qurtumlarını
içirəm. Son Şuşa
suyu... Avtobuslara mindiyimiz yerə çatıb düşürük.
Taksi çağırıram,
cəmi üç manata. Bu qədər xərclə Şuşaya
get, qayıt. Ailə üzvləri ilə, kollektivlə hara getsək,
bütün səfərlərdə
xərcləri özüm
çəkmişəm. Bu üç manat mənə o qədər təəccüblü, heyrətamiz
görünür ki.
Təşəkkür edirəm, Heydər Əliyev Fondu və Azərbaycan Yazıçılar Birliyi!
16-18 iyul 2023-cü il.
HƏCƏR
525-ci qəzet.- 2023.- 21 iyul. S. 6-7.