Azərbaycanda İraq-Türkman
araşdırmaları
YEKUNLAR VƏ
VƏZİFƏLƏR
Ümummilli lider Heydər Əliyev hələ illər öncə
İraq türkmanlarının fəxri İhsan Doğramacının
xahişi ilə
İraq türkmanlarının İstanbulda nəşr olunan "Qardaşlıq"
dərgisinə verdiyi
müsahibədə deyirdi:
"Sonralar tarixi araşdıranda gördüm
ki, Güney Azərbaycan,
Quzey Azərbaycan və İraq türkmanları
bir bütövün parçalarıdır". Ulu öndər onu da xüsusi vurğulayırdı
ki, xalqı xalq edən, onun milli kimliyinin göstəricisi
ana dilidir.
Azərbaycan dili və
İraq türkmanlarının ləhcəsi ilə yaxından tanış olan dilçi alimlər dil birliyimizi etiraf edirlər. Bununla da milli kimliyimizi, bir xalqa məxsus olduğumuzu təsdiqləyirlər.
Görkəmli türkoloq alim Fuad Köprülünün
"İraq türkmanları, yəni oğuzcanın azəri ləhcəsini qonuşan türklər"
- deyə qəti qənaəti də var.
Kərküklü tədqiqatçı Əta Tərzibaşının
da bu fikri böyük əhəmiyyət
kəsb edir: "Bizim türkman ləhcəsi azəri ləhcəsinə türk
ləhcəsindən daha
yaxın, bəlkə
də əkiz qardaşlar olmaqla bərabər, bu ləhcələr uzun bir tarix boyunca
çeşidli səbəblərin
təsiri ilə bir-birindən xəbərsiz
olaraq gəlişdikləri
halda aralarında görkəmli fərqlər
bilinməmişdir".
Görünür, müəyyən tarixi-siyasi
səbəblər üzündən
ayrılığa gətirib
çıxaran illər
və əsrlər bu elatın dilinə təsir edə bilməmişdir.
Bu baxımdan kərküklü
tədqiqatçı Səid
İrmaqın kəlamı
hədəfə düz
dəyir: "Vətən
torpağı kiçilib-genişlənə
bilər, tamamilə əldən çıxa bilər, sərhədləri
tükənə bilər,
tarixi təhrif edilə bilər. Hətta şan və şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər, lakin bir şey dəyişmir.
Qalan bu tək varlıq ana dilidir".
Heç
şübhəsiz, buna görədir
ki, görkəmli dilçilərdən
P.Melioranski, M.Şirəliyev, N.Baskakov,
A.Şerbak, H.Mirzəzadə,
Ə.Orucov, Y.Şirvani
və başqaları
XIII əsrin axırlarında,
XIV əsrin əvvəllərində
yazılmış "İbn Mühənna lüğəti"ndən
danışarkən qədim
Azərbaycan dilində
olduğuna görə,
əsərin ya müasir İraq ərazisində,
ya da Azərbaycanda yazıldığını qeyd
edirlər.
İraqda
yaşayan soydaşlarımız
özlərini də,
bizi də türkman adlandırırlar.
Əslində vaxtilə
biz də türkman adlanmışıq.
Günümüzdə Güney və Quzey Azərbaycanda
"Türkman" və
"Türkman eli"
məfhumları işlənmədiyi
halda, İraqda yaşayan soydaşlarımız
"Türkman" kimliyini
saxlayır. Yaşadıqları
əraziləri isə
"Türkman eli"
kimi təqdim edirlər.
Görkəmli türkoloq alimlərimiz
Fərhad Zeynalov və Samət Əlizadə bu münasibətlə yazırdılar:
"Drezden nüsxəsində
aydın-aşkar əliflə
yazılan sözün
"türkman" oxunması
xüsusi əhəmiyyətə
malikdir. Məlumdur ki,
türkmanlar - İraqdakı
azərbaycanlılar - kərküklülərdir".
Türkman etnoniminin etimologiyası
ilə məşğul
olan alimlərin bir qismi onun
islamı qəbul edən "türki-man"dan
əmələ gəldiyini
yozurlar.
Başqa
bir qism tədqiqatçılar türkman
etnoniminin "türk
və man" və ya "türkmən" kəlmələrindən yarandığını
və "türk adamı" mənasında
işləndiyini qeyd edirlər.
Lakin biz
"man" morfeminin əzəmət,
böyük, xalis, əsl, ulu anlamında işləndiyini göstərən
tədqiqatçıları dəstəkləyirik.
Türkman sözünə çox
əski zamanlardan təsadüf edildiyini nəzərə alsaq, etnonimin "ulu türk",
"əsl türk",
"qüdrətli türk"
anlamlarında işləndiyi
şübhə doğurmur.
İndinin özündə
belə ədəbi dilimizdə və Kərkük ləhcəsində
işlək olan "qocaman", "azman",
"orman", "kərtman"
(böyük toxa),
"şişman" (kök),
"ataman", "asiman", "daraman" (nəhəng),
"daraman təppəsi"
(böyük və kök), "batman" kimi
sözlərdə "man" morfeminin böyük, ulu, əzəmətli mənasında
işlənməsi deyilənlərə
dayaq olur.
Bütün bunlara baxmayaraq,
Orta Asiya türkmənləri vaxtaşırı
İraqda yaşayan soydaşlarımızı və
"Kitabi-Dədə Qorqud"u
özününküləşdirmək iddiasına düşürlər.
Halbuki türkmən dilini Azərbaycan dilindən, onun İraq Türkman ləhcəsindən və
"Kitabi-Dədə Qorqud"dan
fərqləndirən əsaslı
səciyyəvi xüsusiyyətlər
vardır.
İkicə misalla kifayətlənəcəyik.
Onlar aşağıdakılardır:
1. Türkmən dilində ilkin uzanan saitlər
ingilis dilində olduğu kimi sözün mənasının
dəyişməsinə səbəb
olur; Məsələn:
baş-baş, baaş-yara,
gör-gör, göör-gor
və s.
2. Ərəb və ingilis dilləri üçün səciyyəvi
olan dişarası s,
z səsləri eynilə
türkmən dili üçün də səciyyəvidir.
İlkin
uzanma və dişarası s, z səslərinə
nə Azərbaycan dilində, nə onun Kərkük dialektində, nə də "Kitabi-Dədə
Qorqud"da rast gəlinir.
O ki qaldı "Kitabi-Dədə
Qorqud" epopeyasına,
bu abidə haqqında dünya şöhrətli alim V.Bartold demişdir:
"Kitabi-Dədə Qorqud"
Qafqaz türkmanlarına
məxsusdur".
Akademik V.Bartoldun sözlərini
dünyanın əksər
türkoloq alimləri
təsdiqləyirlər.
Maraqlı bir faktdan da söz açmaq istərdim.
Çapına nail olduğum 2000-dən artıq İraq türkman
xoyratlarının içində
Güney və Quzey Azərbaycanla bağlı xeyli sayda xoyrat vardır.
Lakin 2000-dən artıq xoyratın
içində türkmənlərlə
bağlı bircə xoyrata da təsadüf edilmir.
Bu çox ciddi məsələyə münasibətdə
professor Rüstəm Əliyevin
"Vətəndən uzaqlarda"
məqaləsi də maraq doğurur. Əslən Kərkükdən
olan Xəlillə söhbətində professor soruşur:
- Nə üçün siz özünüzü
gah türk, gah türkman,
gah da azəri türkman
adlandırırsınız? Türk mənşəli xalqlar çoxdur: türklər, özbəklər,
türkmənlər, qazaxlar,
biz azərbaycanlılar... Bəs
siz özünüzü
hansı xalqa aid edirsiniz?
- Füzuli və Nəsiminin mənsub olduğu xalqa.
Kərküklü Xəlilin sözləri
hədəfə elə
dəqiqliklə dəyib
ki, nəsə əlavə
etmək qeyri-mümkündür.
Onu da qeyd edim ki, Osmanlı
türkləri müxtəlif
vaxtlarda Bağdadı
ələ keçirməyə
çalışıblar. Xüsusən
də Çaldıran
döyüşündən sonra Bağdad vilayəti əldən-ələ
keçmişdir. Və
nəhayət, 1747-ci ildə
Nadir şah öldürüldükdən
sonra, ingilis tarixçisi Stefan Lonqriqin
1925-ci ildə Oxfordda çıxan "Müasir
İraqın dörd əsri" kitabında yazdığı kimi, Bağdad, Mosul, Kərkük
və s. şəhərlər
birdəfəlik xan itirib paşa qazandı. Bundan sonra İraqdakı soydaşlarımızla əlaqələrimiz
kəsilmək dərəcəsinə
qədər gəlib çatdı. Ara kəsiləndən
sonra ayrılığa
məhkum olan xalq təsəllini həsrət nəğmələrində
tapdı:
Əslim
qarabağlıdı,
Sinəm
çarpaz dağlıdı.
Kəsilib gəlib-gedən
Demə,
yollar bağlıdı.
Hər aylar;
Hər həftələr, hər
aylar.
Qul qardaşım Bağdaddan
Gəncə deyib haraylar.
Bağdad yolu Gəncədi,
Gülü pəncə-pəncədi.
Demə,
sizdən irağam
Məhəbbət ölüncədi.
Eyşim qərib;
Eyşim,
yoldaşım qərib.
Bilmirəm haralıyam
Torpağım, daşım qərib.
O ayrılığın, həsrətin
yanğısı bu gün də davam edir.
Yaşar könlüm,
Çırpınar, yaşar könlüm.
Bağdadda bir ah çəkər
Bakıda
yaşar könlüm.
Dünyasın dəyişmiş kərküklü
dostlar haqqında vida sözümün sonunda bir qayda
olaraq yazıram:
"O da Bakı həsrəti
ilə yaşayırdı".
Ayrılıq əlacı
olmayan dərdə bənzəyir, ağrısı-acısı
insanı yandırır.
1828-ci ildə ruslar və farslar Azərbaycanı Güney və Quzey olmaqla
iki böldülər.
Çox-çox sonralar
ingilis yazıçısı
Ceyms Oldric
"Diplomat" romanında obrazlı şəkildə
Azərbaycanı "ikiyə
bölünmüş bir
ürək" adlandırdı.
Qismətinə ayrılıq düşmüş
güneyli şair Rəcəb Fərhad İbrahimi ayrılığın
ağrı-acısını necə də dərindən yaşamışdır:
Ayrılıq, ayrılıq, aman
ayrılıq,
Hər bir dərddən olur yaman ayrılıq.
Sürətli nəqliyyat vasitələrinin
meydana gəlməsi İraqdakı soydaşlarımızla
əlaqələrimizə şərait
yaratdı. Türkiyədə
təhsil almış
Əmin Abidin 1930-cu ildə
"Bayatılarla Kərkük
xoyratlarının müqayisəli
təhlilinə dair"
məqaləsi çıxsa
da, əlaqələrimizin təməli
keçən əsrin
50-ci illərində Rəsul
Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadənin
İraqa səfəri
və Rəsul Rzanın "Uzaq ellərin yaxın töhfələri" adlı
möhtəşəm məqaləsi
ilə qoyulub.
Xüsusi
qeyd etməliyəm
ki, əlaqələrimizin vüsət
almasında həmin dövrdə Azərbaycan radiosunun ərəb verilişləri şöbəsinə
işə dəvət
olunan kərküklü
Sinan Səidin də zəhməti az olmayıb. Az sonra, 1968-ci ildə Rəsul Rza ilə birgə
hazırladığımız "Kərkük bayatıları"
adlı kitabımız
Rəsul Rzanın ön sözü, mənim son sözümlə
çap olundu. Ona qədər mənim "Azərbaycan gəncləri"
və "Ədəbiyyat"
qəzetlərində yazılarım
və "Elm və həyat" dərgisində
"İraq azəriləri" adlı elmi məqaləm çıxmışdı.
Dil tarixi ilə məşğul olan, professor
Hadı Mirzəzadənin
(Xəyyam Mirzəzadənin
atası) "İraq ərazisində
yaşayan azərbaycanlıların
dili haqqında bəzi mülahizələr"
adlı məqaləsi
ADU-nun elmi əsərlərində
çap olundu.
1971-ci ildə Əta Tərzibaşının "Arzu-Qəmbər"
dastanını çap
etdirdim. Kitaba Əta Tərzibaşıya
həsr etdiyim "Bir
ömürdən səhifələr"
adlı geniş ön söz yazdım.
Folklorşünas və ədəbiyyatşünas
kimi tanınan görkəmli tədqiqatçının
50-60-cı illərdə çapına
nail olduğu "Şərqi
və türkülər",
üçcildlik "Kərkük
xoyrat və maniləri", "Kərkük
havaları", "Kərkük
əskilər sözü"
və ikicildlik "Kərkük şairləri"
kitablarından bəhs
etdim. Akademik Məmməd Arif Dadaşzadə məni çağırıb dedi
ki, Əta Tərzibaşı
haqqında çox yazın, onu Akademiyamıza fəxri üzv seçək.
Bundan sonra professor Məmmədhüseyn
Təhmasibin Kərkük
bayatıları və
atalar sözləri ilə bağlı "Azərbaycan" jurnalında
iki məqaləsi çıxdı. Mən Rəsul Rzanın redaktəsi ilə Əta Tərzibaşının
"Kərkük havaları"
kitabı əsasında
"Kərkük mahnıları"
adlı kitab çap etdirdim. Professor Rüstəm
Əliyev və akademik Əbdülkərim
Əlizadənin İraqda
yaşayan soydaşlarımızla
bağlı məqalələri
çıxdı.
Təəssüf ki, İraqdakı qəddar
rejim səbəbindən
Əta Tərzibaşı
Məmməd Arif Dadaşzadənin təklifindən
imtina etməli oldu.
Elə bu vaxtdan əlaqələrimiz
dil, ədəbiyyat və tarix üzrə
geniş vüsət almağa başladı. Cavanşir Xıdırov,
1968-ci ildə M.P.Vaqifin yubileyinə dəvət olunmuş Şakir Sabir Zabitin "İraqda türkmanların
tarixi vardır" adlı əsərini ərəb dilindən Azərbaycan dilinə tərcümə edərək
ön sözlə çap etdirdi. Mənim ön sözümlə şərqşünas
alim Zenfira Rüstəmovanın
"İraq Türkman ləhcəsinin
tarixi və dil xüsusiyyətləri"
kitabı (Bakı,
2018, 144 səh., Ön
söz, s.3-18) və dialektoloq alim Kübra Quliyevanın "İraq Türkman
ləhcəsinin leksikası"
(Bakı, 2022, 312 səh.,
Ön söz, s.3-11) kitabları çap olundu.
Xalq yazıçısı Anar
"Min beş yüz
ilin oğuz şeiri" adlı, hər cildi min səhifədən artıq
olan möhtəşəm
ikicildlik antologiyasında
Kərkük folkloru və şairlərinə
geniş yer verdi. Təkcə onu demək kifayətdir ki, antologiyada
19 İraq türkman şairi
yer alır.
Sinan Səid və Nərminə Məmmədovanın
birgə oxuduqları
"Kərkük mahnıları"ndan
ilhamlanan professor Mina Təkləli
onlara "Sirrimi bilmədin" adlı çox maraqlı kitab həsr etdi.
Əlamətdar hadisədir ki, professor Elman Quliyev Təhsil Nazirliyinin əmri ilə dərslik kimi təsdiq edilən, rəyçisi olduğum "Türk xalqları ədəbiyyatı"
əsərində İraq Türkman
ədəbiyyatına ayrıca
fəsil həsr etmişdir. Bölümün
əvvəlində çağdaş
İraq Türkmanları barədə
xülasə verilmiş,
İraq Türkman folklorundan,
düz yazı adlandırılan nəsr əsərlərindən, hekayə
və roman müəlliflərindən
bəhs etmiş və bu dəyərli
dərslikdə çağdaş
İraq Türkman şairlərindən
Əbdüllətif Bəndəroğlu,
Nəsrin Ərbil,
Salah Növrəs və
Məhəmməd Mehdi Bayatın
həyat və yaradıcılıqlarına ayrıca
oçerk həsr olunmuşdur.
Xüsusi
vurğulamağa dəyər
ki, Elman Quliyevin dərs
dediyi Pedaqoji Universitetdə vaxtilə professorlar Mürsəl Həkimov, Azər Hüseynov və Qəzənfər Kazımov
İraq Türkman folklorundan
və ləhcəsindən
tələbələrə kurs və diplom
işi yazdırırdılar.
BDU-nun filologiya fakültəsində
görkəmli alimlərimiz
Tofiq Hacıyev, Vaqif Vəliyev və Azad Nəbiyevin tələbələri də
İraqdakı soydaşlarımızın
ləhcəsi və folklorundan kurs və diplom işi yazmağa böyük həvəs göstərirdilər.
Hətta
Tibb İnstitutunda
professor Səyyarə Mollazadənin
tələbələri İraq Türkman ləhcəsindən
kurs işi yazırdılar.
Yeri gəlmişkən, Məhəmməd
Mehdi Bayat professor Elman Quliyevin
rəhbərliyi ilə
M.H.Şəhriyar və İraq Türkman ədəbiyyatı mövzusunda
dissertasiya yazırdı.
Təəssüf ki, ömrü
qısa oldu.
Mənim
rəhbərliyimlə Səkinə
Qaybalıyeva Əbdüllətif
Bəndəroğlunun həyat
və yaradıcılığından
dissertasiya müdafiə
etdi. Disertantım Orxan İsayev Ədəbiyyat İnstitutunda
"Əta Tərzibaşının
ədəbiyyatşünaslıq fəaliyyəti" mövzusunda
dissertasiyasını tamamlayır.
Folklor İnstitutunda isə dissertantım Ülkər
Dadaşova "İraq Türkmanlarının
mərasim folkloru"
adlı çox maraqlı dissertasiya işini tamamlayıb. Dissertant soydaşlarımızın
"xalq mərasim və nəğmələri,
məişət mərasim
və nəğmələri,
yas mərasim və nəğmələri,
toy mərasim və nəğmələri"ni müqayisəli
şəkildə tədqiqat
süzgəcindən keçirib.
Əlamətdar hadisələrdən biri də odur
ki, Azərbaycan Yazıçılar
Birliyinin sədri Anarın təklifi ilə 2017-ci ildə
İraq Türkman ədəbiyyatı
üzrə müşavir
təyin olundum və ədəbi əlaqələrimiz təşkilati
status qazandı və
onun daha geniş vüsət alması üçün
çeşidli tədbirlər
həyata keçirməyə
mənəvi stimul oldu.
Təqdimatımla son illərdə 14 İraq Türkman yazarı Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvü seçilib.
Təqdimatımla Nəsrin Ərbil
Yazıçıların sonuncu
qurultayında iştirak
və çıxış
etdi.
Dr.Şəmsəddin Kuzəçi
isə "Ədəbiyyat
qəzeti"nin Redaksiya
Şurasına üzv
seçildi.
Azərbaycan Sovet Ensiklopediyasında
İraq Türkmanları və
ləhcələri barədə,
eləcə də Əta Tərzibaşı
və Əbdüllətif
Bəndəroğlu haqqında
oçerklər vermişəm.
Nəsrin Ərbil və Ədüllətif Bəndəroğlu haqqında
"Azərbaycan yazıçıları
XX-XXI yüzillikdə" Ensiklopedik
məlumat kitabında
oçerklər vermişəm.
Təqdimatımla Ə.Bəndəroğlu Bakı
Dövlət Universitetinin
fəxri doktoru seçilib.
AMEA-nın Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli ilə qərara gəlmişik
ki, Azərbaycan-İraq ədəbi
əlaqələrinin möhkəmlənməsində
xüsusi xidmətləri
olan Dr.Şəmsəddin
Kuzəçini Ədəbiyyat
İnstitutunun fəxri
doktoru seçək.
Kərkük yazarlarının və
alimlərinin mətbuatımızda
və kitablarda tez-tez məqalələri
çıxır. Kərküklü
Sinan Səid, həyat
yoldaşı Raidə
Bağır qızı,
Əli Bəndəroğlu
Azərbaycanda namizədlik
dissertasiyası müdafiə
ediblər. Əli Bəndəroğlunun həyat
yoldaşı Pedaqoji İnstitutun filologiya fakültəsini bitirib.
Kərküklü yazar Bahəddin
Salehi həyat yoldaşı
ilə oğlu Əhmədi Bakıya müalicəyə gətirmişdi.
Hər iki ailənin maddi yardıma ehtiyacı vardı. Görkəmli ədəbiyyatşünas alim və
qeyri-adi şəxsiyyət
Abbas Zamanovun təşəbbüsü
ilə hər iki ailəyə maddi yardım edirdik.
Kərküklü yazarların kitablarını
hazırlayıb çap
etdirməyi də vəzifə olaraq qarşıya qoymuşduq.
Ə.Bəndəroğlunun "Göylər
unutmuşdu yağacağını"
adlı şeirlər
və poemalar toplusunu Xalq şairi B.Vahabzadənin ön sözü ilə çap etdirmişdik.
Eləcə də şairin
Azərbaycana həsr etdiyi "Qərənfil"
poemasını dərc
etdirmişdik.
Ə.Bəndəroğlu ilə birgə "Çağdaş
İraq şeirindən seçmələr"
kitabını ön sözlə dərc etdirmişik.
Azərbaycan, türk, ərəb,
ingilis, rus dillərində 500-dən artıq elmi və publisistik məqaləm çıxıb.
ABŞ-da Los-Anceles şəhərində
çıxan "Azerbaijan
İnternational" dərgisində
"İraq azərbaycanlıları, az tanınan elat" adlı məqaləm çap olunub. İstanbulda çıxan "Qardaşlıq"
dərgisində ingiliscə
"İraq Türkman tarixinə,
ləhcəsinə və
folkloruna bir baxış" adlı silsilə məqalələrim
şıxıb.
İraq Türkman tarixinə, ləhcəsinə və folkloruna həsr olunan aşağıdakı
monoqrafiyalarım işıq
üzü görüb:
"İraq Türkman folkloru",
"Kərkük dialektinin
fonetikası", "İraq Türkman folklorunun janrları" (azərbaycanca),
"İraq Türkman folklorunun
janrları" (rusca),
"İraq Türkman ləhcəsi"
(ortaqlı, Elm, 422 səh.),
"Seçilmiş əsərləri"m
(12 cilddə), "Nəsimi.
İraq divan nüsxəsi", "Əta Tərzibaşının
folklorşünaslıq fəaliyyəti",
"Azərbaycanda və
İraqda Bayatlar".
Göstərilən monoqrafiyaların
bəzisi İraq, İran və
Türkiyədə də
çap olunub.
İraq türkmanlarına dair tərtib və ön sözlə 20-dən
artıq kitab çap
etdirmişəm. Onlardan
bəzisinin adını
burada verməyi münasib bildim: "Kərkük bayatıları",
"Arzu-Qəmbər dastanı",
"Kərkük mahnıları",
"Kərkük folkloru
antologiyası", "Nəsiminin
İraq Divan nüsxəsi",
"İraq Türkman nağılları",
"İraq Türkman poeziya
antologiyası" (2 cilddə)
və s.
Azərbaycanda İraq-Türkman ləhcəsinə,
folkloruna və ədəbiyyatına ilk gündən
maraq o qədər böyük olub ki, dilçiliklə, folklorla,
ədəbiyyatla məşğul
olan elə bir mütəxəssis tapmaq çətindir ki, bu sahəyə məqalələr həsr
etməsin, araşdırmalar
aparmasın. Onlardan bir neçəsinin adını çəkməyi
münasib bildim: Bəxtiyar Vahabzadə, M.H.Təhmasib, Yaşar Qarayev, Tofiq Hacıyev, Vaqif Vəliyev, Musa Adilov, Azad Nəbiyev, Əzizə Cəfərzadə, Vasim Məmmədəliyev, İsa Həbibbəyli,
Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, Qəzənfər Kazımov,
Əli Şamil, Məhərrəm Qasımlı
və b. Kərküklü
alimlərdən: Əta
Tərzibaşı, Əbdüllətif
Bəndəroğlu, Mahir
Naqib, Suphi Saatçı, Mustafa Ziya,
Ərşad Hürmüzlü,
Mövlud Taha Qayaçı,
Şəmsəddin Küzəçi,
Türkiyəli professorlar
Mustafa Arqunşah, İsa Özqan
və b.
Adıçəkilən alimlərin xidmətlərini inkar etmədən, akademik
İsa Həbibbəyli haqqında
bir neçə söz deməyi borc bilirəm. İsa müəllim hələ Naxçıvan Dövlət
Universitetində rektor
vəzifəsində olanda
dəfələrlə mənə
demişdi ki, Ə.Bəndəroğlu ilə
təşkil edin kərküklü gənclər
universitetimizdə oxusunlar.
Hələ Naxçıvan
Dövlət Universitetinin
rektoru işləyəndə
"Kərkük ağırlıqlı
ədəbiyyatşünaslıq" adlı çox geniş və sanballı məqalə ilə çıxış
etmişdi (Bax: Ədəbiyyat qəzeti,
08.02.2012).
Sonralar
"Azərbaycanda və
İraqda Bayatlar" adlı kitabıma çox geniş və maraqlı ön söz yazdı.
İsa müəlim, eləcə
də Kərkük folklorundan, ədəbiyyatından
və tarixindən bəhs edən "Ömrün əbədiləşən
illəri" adlı
məqalələr toplusuna
(Bakı, 2012, 672 səh.)
akademik Vasim Məmmədəliyevlə birgə
rəy vermişdi.
AMEA Rəyasət Heyətinin iclasında İraq-Türkman
ədəbi-mədəni mühitinin,
tarixinin, ləhcəsinin,
etnoqrafiyasının və
folklorunun daha geniş şəkildə
öyrənilməsi və
sistemləşdirilməsi məqsədilə
AMEA Rəyasət Heyətinin
qərarı ilə
İraq Türkman Araşdırmaları
üzrə Əlaqələndirmə
Şurasının yaradılmasında
Akademiyanın prezidenti,
akademik İsa Həbibbəylinin
xidmətləri əvəzsizdir.
Onu da deyim ki, Akademiyanın qərarını və məruzəmi professor Süphi
Saatçı, Dr.Mustafa Ziya, Dr.Şəmsəddin Küzəçi
və Nicat Kövsəroğlu artıq
alıblar. Dövlətimizə
və Akademiyamıza minnətdarlıqlarını bildirdilər.
Keçən əsrin 80-ci illərindən
2012-ci ilə qədər
Kərkük folkloruna,
ləhcəsinə və
ədəbiyyatına həsr
olunmuş azərbaycanlı
tədqiqatçıların araşdırmaları "Ömrün
əbədiləşən illəri" (Bakı,
"Təhsil", 2012, 672 səh.) adlı kitabda toplanıb.
Əcnəbi alimlərin araşdırmaları
isə "Kərkük
sevdalı elm adamı"
(Bakı, "Təhsil",
2013, 232 səh.) adlı
kitabımda toplanmışdır.
Araşdırmalar, kitablar və monoqrafiyaların çapı
davam edir.
Nəticə olaraq onu demək istəyirəm
ki, müəyyən tarixi-siyasi
səbəblər üzündən
ayrı düşmüş
soydaşlarımızla birliyimizi
zehinlərdə möhkəmləndirmək,
milli kimliyimizi unutmaqnan
və mənəvi birliyimizi təmin etmək üçün aşağıdakıları həyata
keçirməyi tövsiyə
edirəm:
1. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsi
nəzdində "Kərkükşünaslıq"
bölümü yaradılsın.
2. Dilçilik İnstitutunun
"Dialektologiya" şöbəsində
və İncəsənət
İnstitutunun "Musiqişünaslıq"
şöbəsində İraq-Türkman ləhcəsi və musiqisindən tədqiqat aparmaq üçün ştat ayrılsın.
3. Mədəniyyət Nazirliyinin
tabeliyində olan Azərbaycan Ədəbiyyatı
Muzeyində "İraq-Türkman
ədəbiyyatı və
mədəniyyəti ekspozisiyası"
bərpa olunsun.
4. Humanitar yönlü dövlət universitetlərinin
tədris planında
İraq-Türkman ədəbiyyatı,
folkloru və tarixinin tədrisi nəzərdə tutulsun.
5. Azərbaycan Yazıçılar
Birliyində İraq-Türkman
ədəbiyyatı üzrə
rəsmi müşavir
ştatı ayrılsın.
6. Azərbaycan Radiosunda hər cümə günü İraqdakı
soydaşlarımıza ünvanlanmış
bir saatlıq veriliş təşkil edilsin.
7. Azərbaycan Milli Elmlər
Akademiyasının Ədəbbiyyat,
Tarix, Dilçilik və Folklor İnstitutlarında iraqlı
gənclərə doktorantura
və aspiranturaya yer ayrılsın.
8. Bakı Musiqi Akademiyasına və Milli Konservatoriyaya istedadlı
İraq-Türkman gəncləri
cəlb edilsin.
9. Dövlət universitetlərində
İraq türkman gənclərinə
dövlət hesabına
təhsil almaq imkanı yaradılsın.
10. Qəzet və dərgilərdə İraq-Türkman
ədəbiyyatı və
mədəniyyətinin təbliğinə
geniş yer verilsin.
11. Kərkükdə Azərbaycan
adına qəzet və dərgi təsis edilsin.
12. Kərkükdə ədəbiyyatımızı,
musiqimizi, tariximizi nümayiş etdirən televiziya kanalı yaradılsın.
13. Bakıda və Kərkükdə vaxtaşırı
birgə ədəbi-musiqili
verilişlər, gecələr
təşkil edilsin.
14. Kərkükdə Azərbaycanın
konsulluğu açılsın.
Əminəm ki, göstərilənlər yerinə yetirilməyə
başlayanda ayrılığa
son qoyulacaq.
Qəzənfər PAŞAYEV
525-ci qəzet.- 2023.- 21 iyul. S. 12-13.