Dini qurumlarla iş: Azərbaycan dövləti
örnək münasibət
sərgiləyir
Azərbaycanda 2009-cu ildən bu
günə qədər
7 dini qurum ləğv edilib. 2009-cu illə müqayisədə
2023-cü ildə dini
qurumların qeydiyyata alınması prosesinin əhatə dairəsi iki dəfə artıb. 2017-ci ildə bu göstərici 760,
2019-cu ildə 940 olub.
2023-cü ildə isə
dövlət qeydiyyatına
alınan dini qurumların sayı
1002-dir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədrinin
müavini Gündüz
İsmayılovun sözlərinə
görə, hazırda
ölkədə 958 islam,
37 isə qeyri-islam təmayüllü dini qurum dövlət qeydiyyatına alınıb:
"Azərbaycanda son bir
ildə 181 din xadiminin
fəaliyyətinə xitam
verilib. Son bir il ərzində din xadimləri
üzrə 169 təyinat
olub. 21 rotasiya olduğu halda, 181 din xadiminin fəaliyyətinə
xitam verilib".
G.İsmayılov Azərbaycanda
son üç il ərzində
nəşrinə icazə
verilən dini ədəbiyyatın sayını
açıqlayıb: "2021-ci ildə nəşrinə icazə verilən dini ədəbiyyat sayı 244 olub və 16-nın nəşrinə
icazə verilməyib.
2022-ci ildə nəşrinə
icazə verilən dini ədəbiyyat sayı 226 olduğu halda, 8-nin nəşrinə
izn verilməyib. Bu il isə 181 dini ədəbiyyatın nəşrinə
icazə verilib, 7-nin isə nəşrinə icazə verilməyib. Azərbaycanın dini mühitinə xaricdən təsirləri, kənar təsirləri sıfıra
endirmək bizim üçün əsas məqamlardan biridir. Çünki din sahəsində
hər hansı xırda bir məsələ belə varsa, mütləq burada bir kənar
təsir, ən azı kənar ideoloji müdaxilə var.
Ona görə din sahəsinin
sağlam qalması, Azərbaycan xalqının
bu zənginliklərini
qoruyub-saxlamağımız üçün kənar təsirləri sıfıra
endirməliyik. Bu istiqamətdə
digər aidiyyəti dövlət qurumları,
o cümlədən, hüquq
mühafizə orqanları,
Qafqaz Müsəlmanları
İdarəsi ilə birgə kənar təsirləri azaldırıq,
mənə elə gəlir ki, hazırda bu istiqamətdə uğurlarımız var. Əsas işləri həm də yüksəkixtisaslı
kadrlar yetişdirməkdir.
O kadrlar ki, din sahəsində
milli kadr olacaq, Azərbaycanın ziyalı
kontingentinin tərkib hissəsinə çevriləcək.
Azərbaycanlı kimi
düşünəcək, azərbaycanlı kimi yaşayacaq və Azərbaycan üçün
çalışacaq. Əsas
bunlara nail olmaqdır.
Biz din xadimləri təyin
edərkən onlarla centlmen şərt kəsirik. Təyin etdiyimiz din xadiminə deyirik ki, sizdən istədiyimiz bircə şeydir: Allaha xatir, Allah rizası üçün millətə,
ümmətə xidmət,
Vətənə, dövlətə
sədaqət. Sırf
Allaha xatir, Allah rizası üçün
ümmətə, millətə
xidmət edən din xadimi Vətəninə, dövlətinə də sadiq oldusa, bizim
bu sahədə demək olar ki, problemlərimiz qalmayacaq".
G.İsmayılovun dediyinə
görə, bu gün dini təhsil
Dövlət Komitəsi
üçün prioritet
istiqamətlərdən biridir.
Təsadüfi deyil
ki, son bir ildə Dövlət Komitəsində
ayrıca bir şöbə - Dini təhsil
şöbəsi yaradılıb.
Prezidentin Sərəncamı
ilə 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutu yaradıldı.
İlahiyyat İnstitutunun
ötən il məzunları
oldu. O məzunların
bir hissəsi müsahibədən keçdikdən
sonra təyinat aldılar: "Bu il də
məzunlarımız var. Hazırda
İnstitutda 305 tələbə
təhsil alır. Ötənilki və builki məzunların sayı 87 nəfərdir. Təhsil alanlardan 14 nəfəri xarici vətəndaş olan azərbaycanlılardır, əsasən
İğdır, Qars və Gürcüstandan olan soydaşlarımızdır.
Biz nəzərdə tutmuşuq
ki, onların sayını
bir az da artıraq. Hazırda dini təhsillə bağlı qarşımıza
qoyduğumuz məqsəd
nədir? Birinci: Qanun xaricdə dini təhsil almağı qadağan etmir, amma açığı
biz bunu məqsədəuyğun
saymırıq. Bəzən
bunu da doğru qəbul etməyənlər,
müxtəlif izahat verənlər var. Məsələn,
adam deyir ki, niyə mən xaricdə riyaziyyat, coğrafiya, idarəetmə
üzrə təhsil
ala bilərəm, din üzrə
təhsil ala bilmərəm?
Məsələ burasındadır
ki, dinlə riyaziyyat eyni deyil, din ideoloji məsələdir,
ideoloji işdir. Mən xaricdə dini təhsil alan azərbaycanlıların
hamısını xarici
ölkələrin təsir
dairəsinə düşdüyünü
iddia etmirəm. Onların da içərisində
Vətənini, dövlətini
sevən insanlar var.
Amma biz xaricdə təhsili
niyə doğru saymırıq? Çünki
din yalnız şəriətdən
ibarət deyil. Bir var şəriət, bir də var mədəniyyət.
Mənlə bir iranlı, pakistanlı, misirli, ərəb eyni şəriəti paylaşa bilərik. Amma mədəniyyətimiz fərqlidir.
Çünki mədəniyyəti
formalaşdıran təkcə
din deyil. Dinlə yanaşı, hər bir xalqın xarakterik, etnik xüsusiyyəti, aldığı
təhsil, ailə dəyərləri var. Yaşadığı
dövlətin qayda-qanunları
var. Mədəniyyət və
din birlikdə insanların,
xalqların həyat tərzini formalaşdırır.
Hansısa ölkədə
dini təhsil alır, şəriəti
öyrənirəmsə, şəriətlə
yanaşı, o ölkənin
həyat tərzi, mədəniyyəti də
mənə təbliğ
olunur. Nəticədə,
azərbaycanlı dini
təbliğat yolu ilə iranlıya, ərəbə çevrilir.
Mən iranlı, ərəb pisdir demirəm. Sadəcə azərbaycanlılar başqa
xalqın nümayəndələri
kimi yaşamasınlar,
düşünməsinlər deyirəm. Bizim məqsədimiz ondan ibarətdir ki, ənənəvi
İslamı qoruyub saxlayaq. Ənənəvi
İslam nədir? Azərbaycanlı
dindar olsun, amma din adı altında ərəbə,
farsa, bir başqasına çevrilməsin.
Bunun üçün dini
təhsil önəmlidir.
Ona görə də
biz xaricdə dini təhsili məqsədəuyğun
saymırıq. Amma bunun
inzibati yollarla qarşısını almaq
mümkün deyil. Doğru variant ölkəmizdə
dini təhsili xaricdə olan səviyyəyə qaldırmaq,
hətta daha yüksək səviyyədə
formalaşdırmaqdır. Bizdə
2018-ci ilə qədər
ali dini təhsil ödənişli
idi".
Sədr
müavini vurğulayıb
ki, Bakı İslam Universiteti
dövlət universiteti
deyildi və bu, normal hal idi. Halbuki İranda,
ərəb ölkələrində
dini təhsil nəinki pulsuzdur, hətta tələbələrə
təqaüd verirlər.
Azərbaycan 2018-ci ilə
qədər dini təhsilin ödənişli
olduğu yeganə ölkə idi: "Prezident Azərbaycan İlahiyyat İnstitutunu yaratdı və İnstitutda, belə deyim, hər şey pulsuzdur. Pulsuz təhsil, pulsuz dərs vəsaitləri, pulsuz qidalanma, pulsuz yataqxana, pulsuz geyim və təqaüd.
Üstəlik, İnstitutdan
məzun olduğu təqdirdə, Dövlət
Komitəsinin keçirdiyi
müsahibədə uğur
qazanarsa, təyinat alır və dövlət ona maddi dəstək göstərir. Bu, onu deməyə əsas verir ki, tələbə yaxşı təhsil alacağı, daha doğrusu, biz ona yaxşı təhsil verəcəyimiz təqdirdə,
o, yaxşı kadr olacaq. Başqaları bunu gördükdə onlar üçün xaricdə dini təhsil almağın hansısa üstünlüyü
olmayacaq. Nə maddi, nə mənəvi təsir nöqteyi-nəzərindən. Hazırda
qarşımıza qoyduğumuz
məqsəd Aİİ-də
təhsilin keyfiyyətini
daha da yaxşılaşdırmaqdır.
Aİİ-də iki ixtisas var: İslamşünaslıq
və Dinşünaslıq.
İslamşünas yalnız
məsciddə imam kimi
fəaliyyət göstərə
bilər. Yəni o,
din xadimi olacaq. Dinşünasa isə bütün dinlər tədris olunur. O, gələcəkdə araşdırmaçı,
pedaqoq ola, dövlət
işində işləyə
bilər. İslamşünaslıq
ixtisasına qəbulda
dini-psixoloji komissiya da
var. Təkcə test kifayət
deyil. Çünki islamşünas gələcəyin
din xadimidir. Onun müəyyən dini-psixoloji
durumu da yoxlanılmalıdır.
İnstitutda İslamşünaslığa
qəbula yeni başlayanda
intellektual səviyyə
çox aşağı
idi. Amma getdikcə cəmiyyətimiz reallıqları
gördükcə, İslamşünaslıq
ixtisasının orta keçid balı qaneedici səviyyəyə
gəlib çatıb.
Gənclər məqsədli
şəkilə İslamşünaslığı
seçirlər. Bütün
bunları gördükdən
sonra müəyyən
din bilgiləri olan şəxsə xaricdə
dini təhsil almaq cəlbedici deyil, onun üçün
Aİİ-də oxumaq
kifayət edir.
Aİİ-nin artıq
magistratura, doktorantura pilləsi var. Məni bir azərbaycanlı kimi sevindirir ki,
Aİİ-ni və
BDU-nun İlahiyyat fakültəsini
bitirmiş gənclərimiz
var, onlar doktoranturaya
da sənəd verirlər.
Biz vaxtı ilə görürdük ki, Türkiyədə
və ya hansısa başqa ölkələrdə məscid
imamı elmlər doktorudur. Yəni məscidindəki din xadimi
də alimdir. Düşünürdük ki, görəsən,
bizdə də nə vaxtsa belə olacaqmı? Təsəvvür edin ki,
biz artıq bu prosesin astanasındayıq".
G.İsmayılovun sözlərinə
əsasən, əsas
məqsəd və vəzifə vicdan azadlığını təmin
etməkdir: "Bu gün
Azərbaycan vicdan azadlığının təmin
edilməsi, dinlərarası
münasibətlər, tolerantlıq,
multikulturalizm baxımından
nümunəvi ölkə
kimi qəbul edilir. Təsəvvür edin ki, Azərbaycanda tolerantlığın səviyyəsi
təkcə bir azərbaycanlının qürurla
dediyi fakt deyil, din sahəsi, vicdan azadlığı üzrə ekspertlərin etiraf etdikləri həqiqətdir. Məsələn,
mən xatırlayıram,
Vatikanın keçmiş
dövlət katibi
Tarcisio Bertone Azərbaycana səfər
edəndə belə bir ifadə işlətmişdi ki, Azərbaycan
Avropaya təkcə neft-qaz deyil, hətta tolerantlıq ixrac etməlidir. Eyni sözü ABŞ-ın keçmiş səfiri Enn Dörsidən də eşitmişdim. Yəni bu gün Azərbaycanda
dinlərarası münasibətlər,
tolerantlıq, multikulturalizm
dünya üçün
nümunədir. Eyni zamanda, Azərbaycanda bilirsiniz, həm sünnilər, həm şiələr - hər iki məzhəbin nümayəndələri yaşayır.
Məzhəblərarası münasibətlər baxımından
da Azərbaycan nümunədir.
Məsələn, əksər
müsəlman ölkələrinə
getsəniz, aydın görərsiniz ki, şiə
məscidi ayrı, sünni məscidi ayrıdır. Azərbaycanda,
çox şükür,
məscidləri məzhəblərə
görə bölməmişik.
İstənilən şəxs
istənilən vaxt, istənilən məscidə
gedib ibadət edə bilər. Heç bir maneə yoxdur. Bu da Azərbaycan xalqının
yüksək mədəniyyətinin
təzahürüdür. Biz bunu qoruyub saxlamalıyıq.
Əsas işimizdən
biri də budur və bu
da olmalıdır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 21 iyul. S. 14.