Tıxacda yazılmış şeir-felyeton
Elə çatdım şəhərə...
Gurladı səs: - "Dal-dalı
get!
Hər tərəf sıxma-tıxac,
durma, tələs! Dal-dalı
get!"
Hey maşındır, düzülüb
yollara karvan-karvan,
Necə
olsun bu işin çarəsi bəs? Dal-dalı get!
Bir saatdır uyuyub, mürgüləyir öndəkilər,
Lap əzəldən uyumaq bizdə həvəs!
Dal-dalı get!
Necə,
əlyandıdasan, vacib
işin var, kimə nə?!
Əl-qol
oynatma ha! Çımxırma
əbəs!
Dal-dalı get!
Ağzını-burnunu bük-bürmələ
möhkəm-möhkəm,
Xəstəsən? Çatmır havan?
Təngənəfəs dal-dalı get!
Nə olar, taksiçi qardaş, məni qurtar burdan,
Elə fırlan, belə dön...
Ay "malades", dal-dalı
get!
Bu şəhər ayrı şəhərdir, çox
işi dal-dalıdır,
İstəyirsən çatasan mənzilə tez? Dal-dalı get...
lll
Çoxdan getməmişdim şəhərə...
Getdim...
Elə bil tamam yad bir
yerə getdim...
Sanasan ümmanda yorğun gəmidir,
Şəhər yırğalanır belədən-belə.
Hisdirmi,
üstündə bu örtük nədir?
Hava hava deyil burda,
mən bilən...
Durdum, gözlüyümün tozunu
sildim,
Gördüm ki, ümmanın gur
yerindəyəm.
Bir az yan-yörəmə baxanda bildim:
Doğma
biganələr şəhərindəyəm.
Döndüm fırfıraya çarxın
içində,
Ordan fırlatdılar, bura atdılar.
Məni
metrodakı axın içində
Köhnə kötük kimi
dığırlatdılar.
Başını qaldırmır, kipriyi
qalxmır,
Bu ona toxunur, o buna dəyir.
Kimsə
yanındakı kimsəyə
baxmır,
"Xəmir" telefonu hey kündələyir.
Üzülüb Tanrıdan - göydən
əlləri,
Ora yüyürürlər, bura
qoşurlar.
Yan-yana bənd edib göydələnləri,
Dələtək gah enir, gah dırmaşırlar.
Özümü danlayıb ovuda
bildim:
Axı biganələr şəhərindəyəm.
...Nə yaxşı, kəndimə qayıda bildim,
Köndələn daxmamda ocaq yanında
Köhnə kresloda... Şah
yerindəyəm...
lll
Məmməd Arazın şeirinə
gileyli bənzətmə
Bəlkə bu şəhərə
bir də gəlmədim,
Bürkü, salamat qal, toz,
salamat qal!
Dünən kənddən gələn
dostlar, bilmədim,
Nədən atır mənə
"fors", salamat qal!
Hamı
çaparaqdır, hamı
yüyürək,
Bu yüyür-yüyürə dözərmi
ürək?!
Çırpır ağacları, çırpır
sərt külək,
Tökülmür ciblərə qoz,
salamat qal!
Bağlı qapılardan saldım
yolumu,
Sonraya qoydular hər sualımı.
Bu təlx ovqatımı, acı halımı
Necə
istəyirsən, yoz,
salamat qal.
Tanrımız qorusun Qalib Yurdumu!
Kəndə daşıyıram ürək
odumu.
Unut soyadımı, unut adımı,
Məni
dəftərindən poz,
salamat qal!
lll
Onu bu dünya ilə
Mədəsi qovuşdurur.
Başı ağrıyanda da
Qarnını ovuşdurur.
lll
Tuta bilmir öz yerini
Hər divarda əyri daşlar.
Yola verir bir-birini
Əyri
kəslər - əyribaşlar.
lll
Qoyun-quzu
görməyib
Qapısı heç bir
zaman...
Sözün kəsir hər
kəsin,
Dinməyə vermir aman,
Yekə-yekə deyir ki:
- Sözünə quzu kəsim!
AĞASƏFA
525-ci qəzet.- 2023.- 21 iyul. S. 15.