Bulud kimi dolanda
yağmağa yerin ola.
Yağasan, yağasan,
boşalanacan.
Sonra da uçmağa
göylərin ola.
Uçasan, uçasan,
quş olanacan.
Nəfəs dərməyə
otağın ola,
Şeir
yazmağa
hücrən.
Çiçək açmağa
budağın ola,
Xoşbəxt olmağa
gecən.
Yaşantı
Bir az saçımın
ağlığına da,
Bir az alnımdakı
qırışların sıxlığına
da,
Atamın
yoxluğuna da
Alışdım.
Hərdən
Məndən kiçiklər
Qoca deyəndə
Acığım qaynardı,
Yavaş-yavaş
Daha acığım soyuq,
Alışdım,
Dözə-dözə
Ümidimə dirsəklənə-dirsəklənə,
Ömür yaşayıram
Üzü sabaha.
lll
Gecənin ulduz naxışlı
köynəyi,
Didilər, süzülər
Anların axarında.
Çılpaqlaşan gecə,
Mürgülü səma
Sübhü eynək kimi
Gözünə taxar...
Bu gözəlliyə,
Bu ilahi ana,
Mən baxaram,
Bir də
göydən Allah baxar.
Qalmışam gözləyə-gözləyə,
Bəxtimin,
Həsrətimin
Səhəri açılsın deyə.
lll
Həbsdən çıxan
İnsan
kimi
Həqiqət sısqa,
Üzgün.
Yalan isə
Şişmiş
Qabaritini
İtirmiş birisi.
Tərəfdaşı çox,
Gileyi yox...
Təpgisi az...
Yaşayır kefli-kefli,
Həqiqətin təzyiqini,
Şəkərini
Artıra-artıra.
lll
Bir yaz günü
Nəhəng qara buludlar
Səmanın şəlləyində
Sıxıldı, sıxıldı...
Sonucda üzüldü
Qara buludlar,
Süzüldü damla, damla...
Bürküdən yorğun-arğın
Ana torpağın
Cadarlanmış sinəsinə
Sərinlik, təmizlik ələndi...
lll
Günəş günün sahilində
Qərib
çağı,
Qürub
çağı...
Üfüqə boylanan
Nəhəng
Al - qırmızı kürənin
Qırmızı təbəssüm
ələyən şüaları
közərdib əridəcək,
itəcək üfüq,
Sozalacaq
işıq...
Tünd
qara səma
Sakit-sakit
Göyün nur çiçəklərini
-
Ulduzları bitirəcək.
lll
Səmada
buludların
Naxışı
Təzələnir hər gün,
Bir-birinə bənzəmir,
Göylərin təbii ekranı.
İnsana
sevgidir
İlahinin rənglədiyi
Göylərin hər anı.
Tanrı
düşündürür bizi,
Özünün
Üfüqdən-üfüqə uzanan,
Azman tablosuyla.
Müxəmməd HAQVERDİ
525-ci qəzet.- 2023.- 21 iyul. S. 15.