Yaşanan, yaşayan və yaşadanını
yaşadan
Yadigar bir kinolentin kadrlarında onun barmaqları sığal çəkirmiş kimi əski abidənin naxışları üzərində
gəzir. Bu, bir andır, Azərbaycanın
artıq əbədiyyətini
qazanmış böyük
övladı Heydər
Əliyev ömrünün
bir anı. An təqvimdir, yaşadığımız
göz qırpımıdır,
əbədiyyət isə
hər an yaşamaq səadətidir. Hər an
yaşamaq qüdrəti
və səadəti insana böyük əməl bağışlayır.
Bir anla əbədiyyət
arasındakı məsafə
əslində lap qısadır.
Anı əbədiyyət,
əbədiyyəti an etmək
qüdrəti isə yalnız sənətə,
mədəniyyətə məxsusdur.
Qədim
zərbülməsəldir ki, "mədəniyyət millətin
libasıdır". Böyük
Heydər Əliyev bu hikmətli həqiqəti Azərbaycanda
hər kəsdən daha artıq dərk edənlərdən
idi. Çünki o, müdam Azərbaycanın
son 3 min ildən artıq
bir zaman boyu yaranmış mədəniyyətinin
qayğıkeşi, hamisi
oldu. 1950-ci illərdə
çəkilmiş nadir bir
rəsm əsəri
var. Azərbaycan dahiləri
görüşüblər. Sıra dağlar tuşunda dayanıblar. Zərdüşt də buradadır, Nizami Gəncəvi də, Xaqani də, Məhsəti də, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi
də, Şah İsmayıl Xətai də, Məhəmməd Füzuli də, Həsən bəy Zərdabi də, Mirzə Fətəli də, Mirzə Cəlil də, Əbdürrəhim bəy
Haqverdiyev də... Amma
o rəsm əsəri
yarananda hələ XX
əsr bitməmişdi,
ikinci minilin son yüzilinin ortaları idi. XX əsr axıra yetdi, üçüncü minillik
başlandı. Bəlkə
fırça ustalarımız
haçansa həmin dahilər sırasını
kətan üstündə
qovuşdurmaq zəhmətinə
bir də qatlaşacaqlar? Haçansa
belə bir Azərbaycan Zirvələri
lövhəsini yaratmağa
təşəbbüs ediləcəksə,
söz yox, həmin şərəfli
qafilədə Heydər
Əliyevin də surəti mütləq olacaq. Çünki o, bütün həyatı boyu Azərbaycan mədəniyyətini yaratmış,
Azərbaycana mədəniyyətdən
libas biçmiş ilhamlı insanlarla - mədəniyyət xadimlərimizlə
birgə oldu. Heydər Əliyev haqq dünyasına qovuşandan sonra onun abidəsini yaradan heykəltaraşlarımızın
çoxu böyük
vətəndaşımızı ayaq üstə, dik, məğrur dayanan təsvir etmişlər. Haqlıdırlar!
Heydər Əliyev həmişə belə oldu - dövlətimizin, millətimizin, mədəniyyətimizin,
dilimizin, mənəviyyatımızın
keşiyində daim farağat dayandı və hər zaman da elə beləcə ucalacaq! Onun sözləridir: "Biz öz
tarixi köklərimizlə,
milli köklərimizlə, mənəvi dəyərlərimizlə,
milli-mənəvi ənənələrimizlə,
öz böyük tariximizlə fəxr edə bilərik. Çoxəsrlik tariximizdə
xalqlarımızı yaşadan,
qoruyan və bugünkü günlərə
gətirib çıxardan
amillərdən biri,
ola bilər ki, ən əsası da bizim mədəniyyətimizdir, ədəbiyyatımızdır.
Demək, bizim şairlərimizdir, yazıçılarımızdır".
Bunlar elə sözlərdir ki, onları bir başqası da deyə bilər və olsun ki, oxşar fikri neçə-neçə
başqaları da ifadə
edib. Ancaq Heydər Əliyev ədəbiyyatın, mədəniyyətin
sənət baxımından
dəyərini bütövlüyü
və nəhəngliyi
ilə yaxşı anlamaqla bərabər, bu sərvətlərin siyasi siqlətini də gərəyincə dərk edirdi və xidmətində durduğu mədəniyyət
onun nəzərində
həm də dövləti və milləti daha üstün etməkçün
siyasi bir vasitə idi. Bundan da hər kəsin bacarmadığı
ustalıqla yararlanırdı.
Tarixi hamımız yaşayırıq.
Amma elə insanlar var
ki, onlar tarixi sadəcə yaşamır,
həm də böyük əməlləri
ilə millətlərinin,
dövlətlərinin taleyində
açdıqları yolla
tarixin yaradıcısına
çevrilirlər, tarixin
müəyyən bir parçasının müəllifinə
dönürlər. Və
əslində bu cür insanlar bir xalqın, bir məmləkətin övladı olmaq çərçivəsindən çıxırlar, dünyanın
balalarına çevrilirlər.
Heydər Əliyev tarixdə qalan, tarixin bir parçası
olan və tarix yaradan nadir sima idi.
Azərbaycanın tarix boyu müstəsna övladları
- şairlərimiz, alimlərimiz,
memarlarımız, yaradıcı
insanlarımız az olmayıb. Amma böyük
dövlətçilərə bütün Azərbaycan tarixi ərzində bir əlin barmaqlarıyla
sayılacaq qədər
az rast gəlinib.
Heydər
Əliyev nadirliyi həm də budur ki, ona həm
dövlətçiliyimiz, həm
də mədəniyyətimiz
tarixində silinməz,
ali imzasını həkk etmək səadəti qismət oldu.
Heydər
Əliyev dövlətçilik
tariximizin yalnız Şah İsmayıl Xətaisi ilə müqayisəyə gələ
bilər. Orta əsr salnamələrinin
verdiyi bilgilərə
görə, Şah İsmayıl tədbirli hökmdar, ötkəm sərkərdə, mahir
diplomat olmaqla yanaşı,
həm də incə ruhlu şair və rəssam idi, usta qələmli xəttat idi. Amma eyni zamanda mürşid
idi, arxasınca, hətta şahlıq taxtına oturmazdan xeyli öncə kütlə-kütlə insanların
getdiyi təriqətin
başçısı idi.
Və Şah İsmayıl Xətai
malik olduğu bu ən müxtəlif məziyyətlərin hamısını
dövlətçiliyə sarı tuşladı.
Və fitrətən böyük
istedadlara malik, universal biliklər
sahibi, dərin təfəkkür yiyəsi
Heydər Əliyev də ona Tanrının
yazdığı və
özünün inadkar
zəhmətləri ilə
qazandığı dürlü
vərdişləri, istedadları,
bacarıqları Azərbaycan
dövlətini daha üstün, Azərbaycan millətini daha artıq təsdiq etmək səmtinə yönəltdi.
Qədim
yunan müdriki söyləyirdi ki, "dahi
sadə bir insanın əbədiyyət
qazanması deməkdir".
Heydər Əliyev sadə bir azərbaycanlı
idi, amma bacarıqları, səyləri,
bilikləri, qabiliyyətləri
nəticəsində o, əbədiyyət
qazandı, dahilik məqamına ucaldı və bununla da məhz sadə bir azərbaycanlının
bu mərtəbəyə
yüksəlməsi ilə
də əslində bir daha millətini
yüksəltmiş oldu.
Heydər Əliyev böyük dövlətçi,
böyük siyasətçi
olmaq səviyyəsində
də böyük mədəniyyətçi idi.
Həm də "mədəniyyət" sözünün
yalnız gözəl
sənətlər anlamında
yox. Heydər Əliyev Azərbaycan mədəniyyətini sahələriylə
gözəl bilirdi və çox sevirdi. Amma onun içərisində başqa
mədəniyyətlər də
vardı və ondan bu millətə
bir sıra yeni, müasir çağın
tələbi ilə ortaya çıxan və çox ehtiyac duyduğumuz mədəniyyətlər də
yadigar qaldı: dövlətçilik mədəniyyəti,
siyasət mədəniyyəti,
siyasi natiqlik mədəniyyəti, danışıqlar
aparmaq mədəniyyəti,
bütöv millətə
çevrilmək, yaxşı
millət olmaq mədəniyyəti. Millətimizi
zaman içərisində həmişə
seçdirən və
sayğılı edən,
ərazicə, sayca, hərbi və iqtisadi güc baxımından bizdən
qat-qat, bəlkə də
üstdə dayanan millətlərdən qabağa
çıxaran hər
yeni tarix fəslində
məhz mədəniyyətimiz,
mədəniyyət xadimlərimiz
olub.
2007-ci ilin son payız günlərindən birində
iki gün dalbadal Azərbaycan Televiziyasında hazırladığım
və Heydər Əliyevə həsr edilən "Əbədiyyət"
silsiləsinə Azərbaycan
mədəniyyətinin qaymaqlarını
dəvət etdim. Çünki irəlicədən
hiss edirdim ki, bu mətləb sinəsi dolu olan insanların
2-3 saata sığası
söhbəti deyil.
Ona görə qonaqlarımızı
iki dəstəyə ayırmışdım və
ilk görüşə Azərbaycanın
böyük yazıçısı
Seyid Hüseynin övladı, görkəmli
rəssam Oqtay Sadıqzadəni, Rəsul
Rza və Nigar Rəfibəylinin oğlu Anarı, şərəfli Mirqasımovlar
nəslinin törəməsi
kinorejissor Oqtay Mirqasımovu dəvət etmişdim.
Mədəniyyət quruculuğu və qoruyuculuğu yolunda Heydər Əliyevi səciyyələndirən
başlıca cəhətlərdən
biri bu idi
ki, onun Azərbaycan mədəniyyətinə bağlılığı
yalnız respublikaya rəhbərlik etdiyi onillərlə bağlı
deyildi. Azərbaycan mədəniyyətinin daha
əvvəlki nəsillərinin
elçiləri ilə
də onun sıx təmasları olmuşdu. Xalq rəssamı Oqtay Sadıqzadənin özünə
də, yaradıcılığına
da yaxından bələd
idi, amma ona Oqtayın atası Seyid Hüseynin də taleyi ayrıntıları
ilə bəlli idi və gendən-genə
də deyil - 1950-ci illərin ikinci yarısında "xalq düşməni" Seyid
Hüseynin repressiya dalğalarından sonrakı
bəraət məsələsi
ortaya çıxanda
DTK-da bu məsələlərlə
əsas məşğul
olanlardan biri elə Heydər Əliyev idi. Anardan əvvəl onun valideynləri Rəsul Rzanın, Nigar Rəfibəylinin taleyində, Oqtaydan qabaq Mirqasımovlar sülaləsinin neçə
parlaq təmsilçisinin
həyatında Heydər
Əliyevin yeri və xeyirxah izləri olmuşdu. Yəni Heydər Əliyevin Azərbaycan mədəniyyətinin yaradıcılarına
və incəsənətimizdəki
məşhur şəcərələrə
münasibəti, onlarla
əlaqələri adda-budda
deyil, ardıcıl, əhatəli, rişəli,
ənənəli idi.
Elə atası kimi (Seyid Hüseynin belə olması mənə onlarla mötəbər şifahi
və yazılı xatirədən məlumdur)
daxilən kübar Oqtay Sadıqzadə o axşam sözünü belə başlamışdı
ki, şəxsən mən
və ailəmiz Heydər Əliyevə daim borclu qalacağıq:
"O, ailəmizin ən
çətin anlarında
bizə elə kömək durdu, elə xeyirxahlıq göstərdi ki, heç
vaxt yaddan çıxarmıram, ömrümün
axırınadək də
unutmayacağam. Həyat
yoldaşım, rəssam
Elmira Şahtaxtinskaya ağır
xəstə idi. Onu respublikadan kənarda müalicəyə
aparmaq lazım idi. Biz də Moskvaya getməyə hazırlaşırdıq. O narahat
günlərimizdə heç
gözləmədiyimiz halda
bizə zəng etdilər. Dedilər ki, Elmiranın adına pul yazılıb, gedib alsın. İndiyəcən də xəbərim yoxdur ki, Elmiranın xəstəliyini,
Azərbaycandan xaricdə
müalicəyə ehtiyacı
olmasını Heydər
Əliyevə kim çatdırmışdı. Moskvada
olduğumuz 3 ayı elə həmin məbləğlə yola
verdik.
Qayıtmışdıq Bakıya, fikirləşdim ki, Heydər
Əliyev bizə belə yaxşılıq
edib, gərək nə təhərsə xəcalətdən çıxaq.
Düşündüm ki, bir
portret işləyim, ya özünün, ya ailə üzvlərindən
birinin şəklini çəkim, ya da özü kimi istəsə. Müraciət
elədim. Arzuladı
ki, həyat yoldaşı
Zərifə xanımın
portretini işləyim.
Bir neçə fotoşəkil
də göndərdi.
Böyük həvəslə
işlədim, portreti
göndərdim. Çox
bəyənmişdi. Hətta
belə bir söz də dedi ki, evdə mənim bir otağım var, orada həm işləyir, həm yeyir, həm də yatıram. Həmin portreti bu otaqda
asmışam divardan.
Həmişə gözümün
qarşısındadır, hər baxanda elə bilirəm ki, Zərifə xanımın
canlı obrazını
görürəm. Heydər
Əliyevin bu rəyi mənə həddindən artıq xoş oldu. Üstündən bir qədər keçdi.
Pakistan səfirliyində onların
milli bayramı münasibətilə
qəbulda idik. Orada Heydər Əliyevlə rastlaşdıq,
qayıtdı ki, başqa
rəssamlar mənim bir neçə portretimi işləyib, ancaq heç biri ürəyimcə olmayıb. Dedim ki, sizin portretinizi böyük məmnuniyyətlə
işləyərdim. Gülümsədi,
dedi, azad rəssamsan da, mən sənə deyə bilmərəm ki, işlə,
ya işləmə. Mən bu sözü
onun portretini çəkməyimə razılıq
kimi qəbul edərək ertəsi gündən işə girişdim. Həm də böyük həvəslə. Çünki
bir var portreti fotodan işləyirsən,
bir də var ki, adamı görmüsən,
tanıyırsan, təbii
ki, bu halda tamamilə başqa keyfiyyətdə olan iş alınır.
Oqtay Sadıqzadə zəngin həyat təcrübəsi
olan, dünyagörmüş,
zəmanənın sərt
qasırğalarından adlayaraq
bərkimiş insan idi, amma eyni
zamanda bəzən uşaq kimi sadədil, ən xırda hadisələrə
qəlbən həyəcanlanan
idi. Elə bu işlə bağlı söyləyirdi
ki, sanki iş tərs gətirdi. Bir ay çalışır, heç
nə alınmır. Yəni onun baxışınca heç
nə alınmır. Ürəyindəki, düşüncəsindəki
portreti könlü istəyən kimi şəkilləşdirə bilmir.
Deyir, elə bil iş tilsimə
düşmüşdü: "Bir ay əlləşdim, nəticə
xoşuma gəlmədi,
belə olanda götürdüm təzədən
ikinci variantı işləməyə başladım,
bu ondan da pis alındı. Qaldım naçar ki, axı mən söz vermişəm".
Bax, bu yerdə başlayıbmış
həlim təbiətli
Oqtay müəllimin həyəcanlı günləri.
O, sözünə sadiq,
verdiyi vədi vaxtında yerinə yetirən idi. Nizami muzeyində əməkdaşlığımız əsnasında buna dəfələrlə
şahid kəsilmişdim.
Ancaq indi həyəcanı artıran
həm də bu idi ki, o, dərin
ehtiram bəslədiyi
şəxsiyyətin qarşısında
verdiyi sözün cavabdehliyini daşıyırdı.
Hərçənd həmin
portret nəinki aylar, hətta illər sonra yaransaydı belə, hələ sənət əsərinin ortaya çıxmasının sənətkarın
içərisindəki vaxta-vədəyə,
ovqata, ilhama bağlı olduğunu yaxşı bilən Heydər Əliyev tablo ona təqdim
edilənədək heç
üstünü də
vurmayacaqdı.
Oqtay müəllimsə daxili təşvişlə həll
arayırdı: "Fikirləşdim
ki, müəyyən fasilə
vermək lazımdır.
Ayrılım portretdən,
bir müddət sonra təzədən qayıdım. Fasilə çox çəkdi. Təxminən üç
ay. İkincidən sonra
üçüncü variantı
başladım. Tamamilə
başqa kompozisiya, başqa bir yanaşmaqla. Düşündüm
ki, o da bir insandır
da, bizim kimi insandır, amma müəyyən dərəcədə
yüksək keyfiyyətləri
vardır, dövlət
xadimidir. Qət etdim ki, bu əsərdə
onun həm sadə bir varlıq,
həm də mühüm əhəmiyyətli
insan olması görünsün. Onu kresloda oturub düşüncələrə dalmış halda çəkdim. Özünü
çox müşahidə
etmişdim, qarşımda
da bir qalaq fotoları vardı. Xeyli işlədim, gördüm ki, bu dəfə, nəhayət,
alındı. Baxdım
ki, bu Heydər Əliyev mən təsəvvür etdiyim Heydər Əliyevə oxşayır".
Tablonun orijinalından əvvəl
Heydər Əliyevə
əsərin rəngli
fotosunu göndərmişdi
ki, baxsın, iradlar olsa, əsərə bir də əl
gəzdirsin. Çox keçmir Oqtay Sadıqzadəyə zəng
vururlar ki, Prezident portretə baxmaq istəyir.
"Çox yaxşı qarşıladı məni.
Əvvəlcə həyəcan
keçirsəm də,
elə şərait yaratdı ki, tezliklə toxtadım. Ümumilikdə
əsəri bəyənmişdi.
Ancaq indi onunla söhbət edə-edə portretdəki
Heydər Əliyevlə
qarşımdakı canlı
Heydər Əliyevi bir daha müqayisə
edirdim və belə qənaətə gəlirdim ki, deyəsən,
oxşatmışam, daxili
aləmini verə bilmişəm. Onun rəssamlığa sadəcə
bir sənət həvəskarı kimi yox, peşəkarcasına
bələdliyini də
həmin görüşdə
özümçün qəti
yəqin etdim. Dedim ki, əgər qeydləriniz varsa, düzəldim. Qayıtdı
ki, nə qeydim ola bilər, gözəldir.
Bir də soruşdum
ki, bəlkə kompozisiya
ilə bağlı nəyəsə əl gəzdirməyi məsləhət
görərdiniz? Elə
söz dedi ki, bunu məhz rəssamlıqdan yaxşı
baş çıxaran
adam söyləyə
bilərdi. Dedi ki, siz ağ kreslo
vermisiniz, şəkildə
onun bir hissəsi çox parlaqdır. Mən sizin yerinizə olsaydım, onu bir az söndürərdim,
qabağa çıxır,
sifətə mane olur.
Bu, əsl rəssam müşahidəsi idi. Həm də heç hər rəssam da bu momenti belə həssaslıqla tutmazdı.
Mən əvvəllər
Heydər Əliyevin
ilk gəncliyində çəkdiyi
şəkilləri də
görmüşdüm. O eskizlərdə
bir qız portreti də vardı. Məni valeh etmişdi".
Yazıçı Anara Heydər Əliyevin
sayğılı və
qayğıkeş münasibəti
onun Azərbaycan
Respublikasına rəhbərlik
etdiyi çağlardan
başlandı və sonadək də davam etdi. O siyasi
həmlələr ki Anara 1970-ci illərin başlanğıcında
edilmişdi, Heydər
Əliyev kimi mötəbər qoruyucu olmasaydı, Allah bilir Azərbaycan ədəbi-mədəni
düşüncəsinin misilsiz
və çox parlaq hadisəsi olan bu qələm
sahibi hansı sıxıntılar yaşayar,
hansı müşküllərlə
qarşı-qarşıya qalardı.
Anarın yenicə nəşrə başlamış
"Qobustan"ı haqda
bir-birinin ardınca yıxıcı məqalələr
dərc edilir (1971-ci
il iyunun 27-də "Kommunist"
qəzetinin birinci səhifəsində dərc
edilmiş "Ədəbiyyatın
ilham çeşməsi"
yazısı (müəllifi
Nəbi Xəzri) yolunu yeni başlayan toplunu dilimizi təhrif etməkdə suçlayaraq belə yazırdı: "1971-ci ildə,
dilimizin yüksək inkişaf mərhələsinə
çatdığı bir
vaxtda "Qobustan"ın
bu yazılarını
başa düşmək
üçün azərbaycancadan
azərbaycancaya tərcüməçi
lazımdır".
"Kirpi" isə (redaktoru Seyfəddin Dağlı) 1971-ci il birinci
nömrəsində dərc
etdiyi "Qobustanda
yeni rəsm" başlıqlı
redaksiya məqaləsində
toplunu tısbağaya
oxşadaraq qaraladığı
iynəli sözlərə
karikatura da əlavə
etmişdi), ayrı-ayrı
yüksək çinli
dövlət məmurları
tərəfindən aşkar
və gizlicə quyuqazıcı, inkarçı
xətt aparılırdı.
Bu toplunun və onun redaktorunun guya pantürkizmi təbliğ etdiyi, millətçiliyə rəvac
verdiyi haqda Kremlə yönələn
ardıcıl donosların
nəticəsi kimi nəhayətdə məsələ
Sov.İKP MK katibi
İvan Kapitonovun məruzəsində
əksini tapmışdı.
Bütün bunlar fəlakət vəd edirdi. Ancaq həmin
hücumların ən
şıdırğı vaxtında
Heydər Əliyev mərd-mərdanə Anarı
müdafiə etdi, onu elə yaxın
ətrafındakıların bəd nəfəslərindən
illərcə qorudu. Diqqət edirdim ki, Heydər Əliyev iştirak etdiyi hər yığıncaqda
Anar çıxış
edərkən necə
diqqətlə dinləməsindən
əlavə ona nə təhər şəfqətlə baxır.
Həmin
"Əbədiyyət" masasının arxasında,
Heydər Əliyevlə
əbədi ayrılıqdan
az ötərkən baş tutan görüşdə Anar
da Ulu öndərin ona
bəslədiyi istəklə
tən gələn hərarət və səmimiyyətlə düşüncə
bölüşmüşdü. Mənim həmin məclisi açarkən Şah İsmayıl Xətaini yada salaraq, onunla Heydər Əliyev şəxsiyyəti
arasında uyğunluqlar
aramağım Anar müəllimçün bir
tutalğaya dönmüşdü
və demişdi ki, sənin başladığın
tutuşdurmanı mən
də davam etdirmək istəyirəm:
"Şah İsmayılla
Heydər Əliyevi həm yaxınlaşdıran,
birləşdirən, həm
ayıran cəhətlər
var. Şah İsmayıl
ölkələri fəth
eləyirdi, müharibələr
aparırdı. Heydər
Əliyevin bioqrafiyasında,
xoşbəxtlikdən, elə
anlar yoxdur. Amma Azərbaycan dövlətinin
möhkəmlənməsində, Azərbaycan dövlətinin
nüfuzunun artmasında
bu iki şəxsiyyəti
müqayisə etmək
olar. Onları bir də Azərbaycan
dilinə münasibətə
görə müqayisə
etmək olar ki, Şah İsmayıl həm özü şair idi, həm də Azərbaycan dilində fərmanlar, məktublar yazırdı. Heydər Əliyev də Azərbaycan dilinin əhəmiyyətini dönə-dönə
vurğulayırdı və
dillə bağlı fərmanı da vardı. Və üçüncü
cəhət də onların hər ikisinin mədəniyyətə
son dərəcə yaxın
olmalarıdır. Şah
İsmayıl öz zamanında rəssamların,
şairlərin, sənət
adamlarının himayədarı
olmuşdu, müharibə
gedişində Kəmaləddin
Behzad kimi seçkinlərini
hifz etmişdi. Heydər Əliyev də bax başqa
bir dövrdə, müharibələr olmayan,
amma sənətkarların
başında bəlkə
də eyni təhlükələrin dolaşdığı
bir çağda sənət adamlarını
qoruyurdu. Bunu mən öz taleyimdə də deyə bilərəm.
"Qobustan" toplusunun
əleyhdarları vardı.
Ümumiyyətlə, bu
dərgi müəyyən
mənada qanunsuz çıxırdı. Çünki
reyestrlərə daxil
deyildi, kitab kimi, toplu kimi nəşr
olunurdu. Söz-söhbətin
qarşısını kəsməyin
ən qısa yolu jurnalı bağlamaq olardı, yaxud bağlamayıb mənə demək olardı ki, xoş gəldin, başqa bir adam gəlsin,
redaktor olsun. Amma bu tənqidlərin nəticəsi bu oldu ki, Heydər Əliyev bizə yeni ştatlar verdi, əlavə imkanlar yaratdı və "Qobustan"ı yaşatdı.
Və çox illər sonra, artıq müstəqillik dönəmindəki bir çıxışında dedi
ki, indi biz "Qobustan"ın
o dövrdəki əhəmiyyətini
bu gün daha yaxşı dərk edirik, bu toplunun milli şüurumuzun oyanmasında,
bizim mədəniyyətimizin
təbliğində nə
qədər böyük
rolu olduğunu daha aydın təsəvvür edirik.
Heydər
Əliyev sənətə
də, sənət adamlarına da qiymət verməyi bacaran bir dövlət xadimi idi".
O axşamkı görüşümüzdə
Anar tam şərik çıxdığım bir
müşahidəsini də
bölüşmüşdü ki, Heydər Əliyev görkəmli dövlət
adamı, böyük
siyasi xadim, KQB generalı olsa da, ilk növbədə azərbaycanlı
idi və bu həqiqət onunçün ömrü
boyu ön sırada dayanmışdı,
Moskvada yaşayıb-işlədiyi
illərdə də nəhəng miqyaslı işlərlə məşğul
ola-ola bir an belə azərbaycanlılığını unutmurdu, Azərbaycana da, mədəniyyətə də
bağlılığı elə əvvəlki səviyyədə davam edirdi.
Məclisimizə Oqtay Mirqasımovu
dəvət etmişdimsə,
əlbəttə ki, kinodan
da bəhs etməliydik.
Heydər Əliyev kinonun gücünü də, kino vasitəsilə
millətə xidmətin
yollarını da yaxşı
bilirdi. Bütövlükdə
mədəniyyət və
konkret olaraq kino Heydər Əliyevdən ötrü elə siyasətin davamı, xalqı və yurdu yüksəltməyin
ən əlverişli
körpülərindən idi.
Dəfələrlə bunu
açıq da söyləmişdi
ki, kino xalqın özünü
tanıması, tarixindən,
şəxsiyyətlərindən lazımınca xəbərdar
ola bilməsi üçün
sıra-sıra kitablardan,
elmi əsərlərdən
daha artıq iş görməyə qadirdir. Xalqın öz Dədə Qorquduna aşinalığında,
Nəsimini daha artıq sevməsində bu haqda çəkilmiş
filmlərimizin əvəzsiz
xidmətini vurğulayan
Heydər Əliyevin bir çox ekran əsərlərimizin
meydana çıxmasına
unudulmaz köməkləri
dəymişdi. Yolunun
bağlanmaq təhlükəsi
olan "Ulduzlar sönmür", "Bir cənub
şəhərində", "İstintaq" kimi filmlərin qapısını
açmaq onun bir xidməti idisə, hələ sovet dövründə Azərbaycana rəhbərlik
edərkən neçə
qiymətli tarixi filmin araya-ərsəyə
gəlməsi üçün
əsirgəmədiyi qayğılar
şükranlarla anılmalı
ayrı bir xidmətdir. Amma Heydər Əliyev iftixar da edirdi ki, Azərbaycan kino sənətinin incilərindən
olan bir əsərin çəkilişində
onun bilavasitə əməkləri olub:
"Uzaq sahillərdə"
filmi Azərbaycan xalqına
nə qədər şöhrət gətirdi!
Ümumiyyətcə, Mehdi Hüseynzadənin
kəşf olunmasında
mənim şəxsi xidmətim var. O vaxt "KQB"də işləyirdim.
Bu, 1950-ci illərin əvvəlləri
idi. O vaxt, faşist Almaniyası ilə müharibə qurtarandan biz bu işləri çox araşdırırdıq ki, kimlər
dava zamanı faşistlərə xidmət
edib, kimlər onlara satılıb, kim qəhrəmanlıqlar
göstərib. Və
düzünü deyim,
o vaxt bizim sistemin istiqaməti ondan ibarət idi ki, axtarıb tapaq, kim düşmənlərimizə
kömək edib. Bu məsələlərlə məşğul
olarkən təsadüfən
Mehdi Hüseynzadə haqqında
materiallara rast gəldim. Öncə belə təqdim etmişdilər ki, bu da başqaları kimi əsir düşüb, faşistlərə xidmət
edibdir. İlkin materiallardan Mehdi Hüseynzadə
haqqında belə bir təsəvvür yaranmış və bu cür materiallar
da hazırlanmışdı. Ancaq xoşbəxtlikdən
biz bunun dərinliyinə
getdik və şəxsən mənim özüm. Bunu mən sizə indi, ola bilər, ilk dəfədir deyirəm. Mən şəxsən bunu başladım araşdırmağa. Dərinliyinə
gedəndən sonra baxdıq, gördük ki,
yox, doğrudan da bu, əsir düşüb,
faşistlərə xidmət
edibsə də, böyük xidmətləri,
şücaətləri də
olubdur. Ancaq bunun xidməti nədən ibarətdir?
Bu materialları qaldırdıq.
O vaxtlar, mənim xatirimdədir, bunları qaldırdıq, təxminən
56-cı, 57-ci illər idi.
Bunları qəbul etmirdilər. Şübhəsiz
ki, bunu bizim öz içərimizdə
qəbul etmək istəmirdilər. O vaxt, yenə deyirəm, istiqamət ondan ibarətdi ki, düşmənləri
tapaq, kim legionda qulluq eləyib, bunu müəyyənləşdirək. Kim orada qəhrəmanlıq eləyib, bunu axtaran yoxdu. Baxın, "Baharın on
yeddi anı" filmi haçan yarandı, bizim "Uzaq sahillərdə" nə
vaxt çəkildi. O
vaxt özümüzdə
bir fikir yarandı ki, biz bir oçerk yaradaq bu barədə. Verdik bir iki-üç
işçimizə. Bu işləri
yaza bilən adamlara ki, bunlar yazsınlar. Başladılar,
ancaq professional deyildilər,
bir şey alınmadı. Bu iş alınmadığına görə
biz müraciət elədik
Mərkəzi Komitəyə.
Daha sonra biz materialları təqdim elədik respublika Komsomolu Mərkəzi Komitəsinə. Rəhmətlik
İmran Qasımovla Həsən
Seyidbəyli o vaxtları
gənc, bu sahədə fəaliyyət
göstərən adamlardı.
Bunlar materialı tez götürdülər
və biz də onlara kömək etdik. Nə vardı, hamısını
verdik. Onlar bunu yazdılar, sonra da film çəkildi.
Film çəkiləndən sonra da əvvəlcə onu vermək istəmirdilər. Sonra yenə
də axırı mənə qismət oldu ki, gəldim, Mehdi Hüseynzadənin xatirəsinə
böyük bir abidə yaratdıq, o da xatirimdədir ki, 1973-cü ildə
böyük təntənə
ilə açdıq,
sonra da o, bizim 9 may günlərində daimi ziyarət etdiyimiz məkana çevrildi.
Bunlar hamısı - tariximiz, ədəbiyyatımız, kinomuz,
teatrımız bir-birinə
bağlıdır".
Oqtay Mirqasımov Heydər Əliyevli həmin unudulmaz axşamımızda
sözünü başlayınca
kinodan daha əvvəl yaddaşında
elə kino kadrları
kimi yaşayan anlar canlanmışdı.
Yada salmışdı 1982-ci ilin dekabrında, Heydər Əliyevin Bakıdan ayrılıb Moskvada işləməkçün
yola düşməsindən
öncə olan görüşlərini: "Zəng
vurdular ki, sabah səhər saat doqquzda Mərkəzi Komitəyə gəlin, görüş olacaq. Deyilən vaxtda gəldim və açığı, heç
bilmirdim məni nə üçün çağırıblar. Demə,
bu, vidalaşma görüşüymüş. Ziyalılar idi hamısı - alimlər, teatr xadimləri, yazıçılar və
kinodan da 5-6 nəfər
var idi. Heydər Əliyev heç vaxt hafizəmdən silinməyəcək belə
sözlər dedi ki, mən burada bir bağban kimi əkdim, becərdim, çalışdım
və istəyirdim zəhmətlərimin bəhrəsini
də görüm. Ancaq indi məni
ezam eləyirlər. Və əlavə də elədi ki, nə edim, getməliyəm.
İnanın ki, hamımız təsirləndik,
xanımlar özünü
saxlaya bilmədi. Və yəqin ki, rəhmətliyin ruhu məni bağışlayar,
onun özünün də kövrəldiyini gördüm. Bu, doğrudan,
riqqət oyadan, ömrümüzdə həmişəlik
qalacaq dəqiqələr
idi.
Mənim
fikrimcə, Heydər Əliyevin sənətlə,
sənətkarlarla bağlılığı,
sənətə, sənət
aləminə münasibəti
qeyri-adi idi. O mənada ki, bir sıra rəhbərləri
görmüşük, özümüzə
onların münasibətini
görmüşük və
demirəm ki, kimsə
bizə pis münasibət bəsləyib.
Amma Heydər Əliyev
sevərək bizə
bağlı idi. Mən görmədim ki, Heydər Əliyev sənətkarlarla tələsik,
saata baxıb danışsın. Sənət
adamları ilə olanda o, saatı nəzərə almazdı,
bu mühitdən zövq alardı. O özü istəyirdi ki, uzatsın bu anları, bu, onun üçün çox belə zövq verən anlar idi və
onun həyatı bununla bəlkə də daha gözəl
olurdu".
Anar da bu sözə qüvvət verərək
Heydər Əliyevin öz etirafını da xatırlamışdı. Ziyalılarla,
qələm və sənət adamlarıyla,
mədəniyyət xadimləriylə
görüşlərində Heydər Əliyev hər dəfə deyərdi ki, sizinlə birlikdə olanda dincəlirəm, sizinlə
keçirdiyim vaxt mənimçün iş
saatları yox, istirahətdir.
...Mədəniyyət adamları
arasında olanda Heydər Əliyev qəlbinə yaxın olan doğma mühitə düşürdü
və cövhərində
sənət ruhu daşıyan şəxsiyyət
olduğundan, nə iş görürdüsə,
hamısında ilham vardı, şövq vardı və yerinə yetirdiyi istənilən işə
elə sənət kimi baxdığından qulpundan yapışdığı
nə vardısa nəticə etibarilə gözəl alınırdı.
Onun sənətə və sənətkara məhəbbəti təmənnasız
sevgi idi. Buna heç dövlət başçısı olaraq
icra etməli olduğu vəzifə kimi də baxmırdı,
etdiklərini ürəyinin
hökmünə tabe
olaraq gerçəkləşdirirdi.
Bunlar yalnız müşahidələrimdən
yaranan təəssüratlar,
gümanlarım da deyil,
Heydər Əliyev bunu dili ilə
də deyib. Prezident iqamətgahında
növbəti təltifetmə
mərasimi idi (Heydər Əliyev hər təqdimetməni o
şəxslərin ömründə
bayrama çevirməyi,
mərasimin hətta mükafatdan daha şirin alınmasına
nail olmağı ustaca
bacarırdı. Onun keçirdiyi hər təqdimetmə mərasimi
elə balaca tamaşa, mükafat və təltifləri alanların ömründə
əbədilik qalacaq səhifə idi. İşi çox, vaxtı daim qıt idi, tapşıra
bilərdi ki, bu işi ya Prezident
Aparatının, ya müvafiq nazirliklərin məsulları etsinlər.
Özü edirdi! Və məhz təltifin onun əlindən qəbul edilməsi mükafatın
dəyərini də sanki ikiqat artırırdı,
təltif olunan onu şəxsən Heydər Əliyevin təbrik etməsiylə daha artıq qürurlanır, öz həyatında dövlət
əhəmiyyətli hadisənin
baş verdiyinə inanır, xoşbəxt olurdu). Sıra gəlib yetişdi Xalq rəssamı Oqtay Sadıqzadəyə.
Oqtay müəllim
razılığını ifadə edərkən Heydər Əliyevə söylədi
ki, biz sizə çox
borcluyuq. Heydər Əliyevin ən böyük güclərindən
biri onun sözün çəkisini
həmişə həssaslıqa
duyması və cavab verilməsinə zərurət duyulan heç bir deyişi cavabsız buraxmaması idi. Oqtay müəllim belə deyəndə dərhal dilləndi ki, sizin mənə borcunuz yoxdur, siz böyük sənətkarsınız.
Bütün sənətkarların özünü borclusu saydığı Heydər
Əliyev də özünü onların
qarşısında borclu,
onlardan ötrü, mədəniyyətimiz naminə
hələ çox işlər görməyə
vəzifəli hesab edirdi.
Heydər
Əliyev inanırdı
ki, dövlətin güclü
olması üçün
gərək onun mədəniyyəti, ədəbiyyatı,
sənətkarı, alimi,
ədibi güclü
ola. O yaxşı anlayırdı
ki, elmə, ədəbiyyata,
sənətə, mədəniyyətə
ikinci dərəcəli
şey kimi baxmaq siyasətin özünə də xələl gətirər.
Bir tərəfdən bunu
bir siyasətçi kimi dərk edirdi, digər yandan bu sahələrə
candan bağlı idi. Ona görə də Heydər Əliyev mədəniyyətimiz,
ədəbiyyatımız, elmimiz üçün sadəcə hami, dost, qayğıkeş deyil, söykənilə biləcək
dağ idi.
Bu da o yeri heç vaxt tutula bilməyəcək
unudulmaz şəxsiyyətin
sözləridir: "Biz daim
çalışmışıq ki, Azərbaycan xalqını
- öz xalqımızı
dünya xalqlarına daha da yaxından tanıdıq. Tanıdaq
ki, bizim xalqımızın
çoxəsrlik, çox
zəngin tarixi var, Tanıdaq ki, bizim xalqımızın zəngin
mədəniyyəti olubdur
və indiki bizim mədəniyyətimiz
əsrlərdən-əsrlərə keçmiş böyük
dahilər tərəfindən
yaradılmış mədəniyyətimizin,
elmimizin, mənəviyyatımızın
üzərindədir, o köklərin
üzərindədir. Tanıdaq
ki, dünyada bilinsin, Azərbaycan xalqı daha da yaxından tanınsın".
Keçmiş onillərdə bir
şüar ənənəsi
vardı. Yalnız bizim də tərkibində
olduğumuz Sovetlər
İttifaqında deyil,
dünyanın çox
ölkəsində. Əslində
o gələnək heç
bitməyib də. Ötən əyyamların
şüarları bir
başqaydı, onlarda
yarandığı vaxtın
möhürü vardı,
yeni zaman içində doğulan
şüarlar da, gərəkdir
ki, ayrı cür səslənə. Və köhnə zamanların məşhur şüar ülgülərini Heydər
Əliyev yeni Vaxt kəsiyində fərqli səmtə yönəltdi.
Ötmüş çağların
"Yaşasın!" kəlməsi
ilə başlayan şüarlarını artıq
müstəqilliyimizə caladı,
millətimizə qovuşdurdu,
dövlətimizin qüdrətinə
bağladı.
Və Heydər Əliyevin ən müxtəlif mədəniyyət tədbirlərində,
sənət bayramlarında
məzmunlu çıxışlarının
sonunda daxili gücünü, şövqünü,
sevgisini də sözlərinə qataraq dilə gətirdiyi bir şüar da vardı - "Yaşasın
mədəniyyət!"
Heydər
Əliyev bütün
mübarizələri və
çalışmaları ilə
daim Azərbaycan mədəniyyətini, Azərbaycan
sənətkarını qorudu,
yaşatdı, yüksəltdi
və bununla özü də bütün başqa xidmətləri ilə yanaşı hər zaman mədəniyyət və
mənəviyyat tariximizdə
də ən minnətdar duyğularla anılmaq haqqı qazandı. Bu da qoca dünyanın sınanmış
bir ayrı gerçəyidir ki, mədəniyyət
millətin hər sıra nəfərində
yaşanan, yaşandıqca
da dirilik və təzəlik qazanaraq yaşayan elə misilsiz və haqqitirməz gücdür
ki, özü yaşadıqca
daim yaşadanını
da yaşadır, əbədiyyətindən
onun da ömrünə
qatır.
19 iyul 2023
Rafael HÜSEYNOV, akademik
525-ci qəzet.-
2023.- 22 iyul. S. 10-11.