Milli Kitabxana “22 İyul – Milli Mətbuat Günü” adlı virtual sərgi hazırlayıb
Milli Mətbuat Günü münasibətilə M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanasının
əməkdaşları tərəfindən
“22 İyul – Milli Mətbuat
Günü” adlı
virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan
Milli Mətbuatının inkişafına
dair rəsmi sənədlər, görkəmli
şəxslərin milli mətbuatımız
haqqında fikirləri,
fotolar, mətbuat və jurnalistikamızın
inkişaf tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
http://anl.az/el/vsb/22_iyul/index.html linkindən
istifadə edə bilərlər.
22 iyul – Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Mətbuat özlüyündə cəmiyyətin aynası,
ictimai şüurun, mənəviyyatın inikasıdır.
Bu baxımdan Azərbaycan
milli mətbuatı tarixinin
ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin
daşıyıcısı, fəal təbliğatçısı
və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib. Azərbaycan milli mətbuatının
zəngin inkişaf yolu ictimai fikir
tariximizin mühüm
bir hissəsidir.
Milli mətbuatımız “Əkinçi”
ilə başlanan maarifçilik, yeniləşmə,
çağdaş mədəni
təfəkkür xəttini
davam etdirərək xalqımızın milli özünüdərkində,
milli oyanış prosesində
müstəsna rol oynayıb. Zərdabi və onunla birlikdə bu qəzetdə əməyi
olan maarifpərvər
yazarlar xalqı cəhalət və qəflət yuxusundan oyatmağa çalışırdılar.
Təbii ki, bütün
bunlar dövrün
hakim dairələrini rahatsız
etməyə bilməzdi.
Üstəlik, çarizmin
diktəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraqlar da “Əkinçi”nin üzərinə
hücuma keçirdilər.
Beləliklə, 1877-ci il sentyabrın
29-da “Əkinçi” öz
nəşrini dayandırmağa
məcbur oldu. Azərbaycan milli mətbuatının
təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, xalqın milli
və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. “Əkinçi”dən
sonra onun yolunu milli mətbuatın
yeni səhifələrini açan
“Ziya”, “Kəşkül”,
“Kaspi” və digər qəzetlər davam etdirdi.
525-ci qəzet.-
2023.- 22 iyul. S. 13.