Yanan da odur, yaman da...
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından
148 il ötür.
Bəli,
bu gün bizim bayramımızdır.
Ancaq təəssüf
ki, hər il olduğu
kimi, bu bayram da hələ gəlməmişdən cəmiyyətimizdə
"Mətbuat günü"
ətrafındakı söz-söhbətlər
səs salmağa başladı. Təəccüblüdür
ki, bizim cəmiyyətdə
təkcə iki peşə bayramı ilə bağlı belə söz-söhbətlər,
atmacalar, neqativ danışıqlar olur: biri "Müəllimlər
Günü", digəri
isə "Mətbuat
Günü".
Şübhəsiz ki, hər iki peşə bayramı və peşənin daşıyıcılarını aşağılamağa çalışan
kütlənin nə müəllimin, nə də jurnalistin kimliyindən xəbəri
var.
Bütün peşə sahiblərini,
hətta müəllimin
özünü də
öyrədən müəllimdir.
Bizə təkcə hərfləri, elmləri deyil, dünyanı, insanları, özümüzü
belə öyrədən
insan haqqında necə mənfi fikirdə olmaq, aşağılamaq, ildə
bircə dəfə keçirilən bayramını
ona çox görmək olar?!
Jurnalist
isə cəmiyyətin
xəbər verən dili, düşünən
beyni, hadisələrə
yön verən, ictimai fikri formalaşdıran
qüvvəsidir. İlin
on iki ayı hər xırda problemdə belə jurnalistin qapısını
döyən, məsələsini
ictimailəşdirmək üçün
mətbuatdan dəstək
istəyən, məhz
jurnalistin qələmi
sayəsində cəmiyyəti
narahat edən bir sıra problemlərin
həllinə nail olan
insanlar iyul ayı gələn kimi başlayırlar 22 iyul tarixinə "hazırlaşmağa". Dövlət
niyə jurnalistə hörmət etməlidir, niyə jurnalistə qayğı göstərilməlidir,
niyə jurnalist öz sahəsinə aid olmasa belə, onların xoşuna gəlməyən məsələlərə
etiraz etmir, hələ bir az da irəli getsələr, deyəcəklər
ümumiyyətlə, jurnalist
niyə var?
Gəlin,
baxaq görək, Azərbaycan mətbuatı,
jurnalisti niyə var və nə işlər görür? Zərdabi yadigarı mətbuatımızın bu
günü necədir,
gələcəyi nələr
vəd edir?
Öncə onu qeyd edək ki, ölkə mətbuatının inkişaf
xətti və fəaliyyəti birbaşa
həmin ölkənin
tarixi, ictimai durumu, inkişafı ilə bağlıdır.
Azərbaycan kimi başı qovğalı,
müharibələrin, hüznlərin
meydanı olmuş məmləkətin jurnalistikası
da bu qovğalardan, bu keşməkeşlərdən
kənarda ola bilməzdi,
əlbət.
Ölkəmiz son 30 ildə iki
böyük Qarabağ
müharibəsi, işğal,
köçkünlük və
nəhayət, qələbə
yaşamış bir dövlətdir. Təbii
ki, bu şəraitdə
mediamız da bu müharibələrdən kənarda
qalmadı. Azərbaycan
jurnalisti bir əlində qələm,
bir əlində silah, heç nədən qorxmadan, çəkinmədən atıldı
meydana. Həm döyüşdü, vətəninin
müdafiəsinə qalxdı,
həm də yazdı, çəkdi, Azərbaycan həqiqətlərini
bütün dünyaya
və gələcək
nəsillərə çatdırmaq
üçün çarpışdı.
Elə buna görədir
ki, Azərbaycan mətbuatı
həm I Qarabağ müharibəsində, həm
də Vətən müharibəsində şəhidlər
verdi. Bəli, bu gün həm
də həmin şəhid jurnalistlərimizin
günüdür.
Birinci Qarabağ müharibəsində
şəhid olan jurnalistlərimiz arasında
Milli Qəhrəman statusunu
daşıyanlar da var. Çingiz
Mustafayev, Salatın Əsgərova,
Alı Mustafayev, Fəxrəddin
Şahbazov, Kazımağa
Kərimov, Osman Mirzəyev,
Arif Hüseynzadə kimi peşəkar jurnalistlərimiz Qarabağ
həqiqətlərini dünyaya
çatdırmaq, Azərbaycan
insanının naləsinə
qulaqlarını bağlamış
dünyanın gözlərini
açmaq üçün
müharibənin ən
qaynaq nöqtələrində,
ən təhlükəli
əməliyyatlarda iştirak
edib, şəhidlik zirvəsinə ucalıblar.
Təbii
ki, müharibədə iştirak
etmiş jurnalistlərimizin
sayı bununla məhdudlaşmır. Onların
arasında talenin rəhmindən şəhid
olmayıb, yaralanan, müharibədən sağ
qurtulmağı bacaran
mətbuat nümayəndələrimiz
də var ki, bu gün biz Qarabağ həqiqətlərini, erməni
vandallığını, xalqımızın
başına gətirilmiş
müsibətləri məhz
onların cəsarətlə,
qorxmazlıqla lentə
aldığı görüntülər
vasitəsilə öyrənirik,
öyrədirik.
Təəssüf ki, ölkəmiz kimi
mətbuatımız da şəhid
verməyə davam etdi. 30 ilə yaxın müddətdən
sonra başlayan və böyük zəfərlə bitən
Vətən müharibəmizdə
də qəhrəman jurnalistlərimiz ön və arxa cəbhədə
yorulmadan, usanmadan həm döyüşməyə,
həm də işləməyə davam
etdilər.
Həm
I Qarabağ müharibəsində,
həm də Vətən müharibəsində
iştirak etmiş jurnalist İlham Tumas, Vətən müharibəsi
iştirakçıları olan jurnalistlər "Təbib" qəzetinin baş redaktoru Məğrur Əliyev,
İTV-nin əməkdaşı
Şöhrət Eyvazov,
"Ədalət" qəzetinin
əməkdaşı Emin
Piri, Azərbaycan Futzal
Federasiyasının mətbuat
xidmətinin rəhbəri
Mahal Məmmədov, "Bakı
xəbər" qəzetinin
əməkdaşı Nahid Salayev, İTV telekanalının
əməkdaşı Xanlar
Mehdiyev, ATV telekanalının
əməkdaşı Rza
Bəbirov, "Cumhuriyyet.az" saytının baş redaktoru Nəsimi Şərəfxanlı, "İki
sahil" qəzetinin əməkdaşı Anar
Miriyev, "Qarabağ"
futbol klubunun mətbuat xidmətinin əməkdaşı Mehman
Əşrəfov, CBC Sport-un müxbiri Süleyman Vəliyev və başqaları jurnalistdən
öncə cəsarətli,
vətənini sevən
və hər daim onun müdafiəsinə
hazır olan vətəndaş olduqlarını
bir daha sübut etdilər. Onlar ön cəbhədə
döyüşərkən arxa cəbhədə onların həmkarları,
qələm dostları
durmadan müharibənin
gedişatı ilə
bağlı ictimaiyyəti
məlumatlandırdılar, Azərbaycan həqiqətlərinin
doğru-düzgün şəkildə
çatdırılması üçün yorulmadan çalışdılar.
Vətən müharibəsi bitsə
də, jurnalistlərimizin
vəzifəsi bitmədi.
Bu dəfə isə onlar işğaldan azad olunmuş torpaqlarımızda çəkilişlər
apararaq, reportajlar hazırlayaraq 30 il orada vandallıqla məşğul
olmuş, hər tərəfi minalamaqla insanlıqdan kənar xislətlərini bir daha sübut etmiş düşmənin
iç üzünü
göstərmək vəzifəsini
öz üzərlərinə
götürdülər. Bu da mətbuatımıza asan başa gəlmədi. Məhz belə çəkilişlərin birində
- 2021-ci il iyunun 4-də AZƏRTAC-ın xüsusi müxbiri Məhərrəm
İbrahimov və AzTV-nin
operatoru Sirac Abışov Kəlbəcərin
Susuzluq kəndində
minaya düşərək
şəhid oldular.
Bəli,
Azərbaycan mətbuatı
budur - hər daim qurban verməyə,
itirməyə hazır
olan, amma bütün bunlara baxmayaraq, yenə də şərəflə
çalışmaqdan, xalqa
xidmət etməkdən
qalmayan və nə yazıq ki, çox zaman da haqqı tapdanan...
Mətbuatımızın itirdikləri bununla kifayətlənmir. Jurnalist demək hər işin ağrısını-acısını öz üzərinə götürüb, hamının
problemini ürəyinə
yükləmək, bəzən
özünü, bəzən
ailəni, bəzən
də sağlamlığını
unutmaq deməkdir. Yorğunluq, gərginlik, ağır iş rejimi, bitməyən çətinliklər və
bütün bunlarla bərabər, tükənməyən
qınaq, danlaq... Buna görədir ki, son illərdə
mətbuatımızın cavan
canları hərəsi
bir xəstəlikdən,
amma hamısı ortaq dərddən dünyasını dəyişir.
Heç 50 yaşına
çatmadan balalarını
gözüyaşlı qoyub
gedən neçə
həmkarımız oldu
bu illərdə? Onlardan biri də
mən elə bu sətirləri yazarkən dünyaya gözlərini əbədi
yuman peşəkar jurnalistimiz Natəvan Babayeva oldu.
Bax, Azərbaycan mətbuatı
budur - yanan da odur, yaman da...
Milli Mətbuat Günümüzdə
başda şəhid jurnalistlərimiz olmaqla, bütün mərhum həmkarlarımızı sayğı
və sevgi ilə yad edirik!
Bayramımız mübarək!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-
2023.- 22 iyul. S. 17.