Əliağa Vahidin qızı: “Atam “piyanıska”deyildi, özünü “piyanlığa”
vururdu ki, onu tutmasınlar”
Müsahibimiz qəzəlxan Əliağa
Vahidin qızı Firəngiz xanımdır.
- Vahidin vahid qızı kimdir? Gəlin söhbətimizə elə
burdan başlayaq.
- Mən uzun müddət
metropolitendə, daha sonra Mirzə Fətəli Axundov adına Milli Kitabxanada çalışmışam. Hətta
bir ara çətinliklərim
çox oldu, qabyuyan da işlədim.
Ali təhsilim yoxdur, texnikum oxumuşam. Üç qızım vardı. Ortancıl qızım 2013-cü ildə
yol qəzasında vəfat etdi. Cəmi 37 yaşı vardı. Martın ikisi on il oldu. (Fikrə gedir) Düzdür, indi danışırıq, deyirik-gülürük,
amma dərd həmin dərddir.
- Deyəsən, həyat qardaşınızı da eyni
dərdlə sınayıb.
- Hə. Qardaşım oğluna atamın adını qoymuşdu -
Vahid. On doqquz yaşında
rəhmətə getdi.
O vaxtlar kafedə işləyirdim, Vahid dostları
ilə mən işləyən kafeyə
gəlmişdi. Yeyib-içdilər,
deyib-güldülər. Hətta
mənə dedi ki, bibi, səni aparıb gəzdirəcəm,
sən çox əziyyət çəkmisən.
Çox qeyrətli uşaq idi. Sonuncu gördüyüm o
oldu. Bir həftə sonra dənizdə batdı. Deyəsən,
Vahid adı düşmədi.
-
"Vahid" in tarixçəsini bilirsiniz?
- Atam on beş yaşında artıq böyük adamlarla oturub-dururmuş. Elə o vaxtlar hansısa məclisdə böyüklərdən
biri çay süzüb, atama deyib ki, çay soyuyana kimi mənim
dediyim qafiyəyə bir beyt de. Atam
da ona cavab olaraq yaxşı bir beyt deyib.
Ağsaqqal da cavabında
"Əhsən, sənin
bundan sonra ləqəbin Vahiddir. Sən bu istedadla
vahidsən" deyib. Beləcə adı qalıb Əliağa
Vahid.
- Bilirəm, atanız siz balaca olanda
dünyasını dəyişib.
Amma mütləq ki, danışılacaq
xatirələriniz var.
- Mən doğulanda onun altmış yaşı olub. Məktəbə dalımca
gəlməyi, məni
gözləməyi yadımdadır.
Astma olduğu üçün bağa gedəndə külək
vuran kimi çantasını üzünə
tuturdu ki, külək
ağzına getməsin
(Fikrə gedir).
Çox
rəhmli adam idi. Bir qarışqanı
da əzməzdi ki, onun
da canı var. Bağa
gedəndə üzüm
alıb aparırdı.
Anam deyirdi ki, bağ dolu üzümdür,
neynirsən, bunu alıb gətirirsən? O
da cavab verirdi ki, çoxdur, ver qonşuya. Qonşunun on uşağı var. Bir də
görürdük ki, nə
qədər yemiş,
qarpızla gəlir. Qəndi evə kilo ilə yox, torba
ilə alırdı. Yağı 20-30 kilo birdən
alırdı. Çoxusunu
da pay verirdilər. Atam
qəbir daşı
da yazırdı. Birdən
150-200 manat basırdılar
cibinə. Nəsə
yazdırmaq istəyəndə
də saatlarla bağın qırağında
otururdular. Həm də çox iddialı kişi idi. Özünü heç vaxt sındırmırdı. Gecə
saat üçdə durub, çay dəmləyirdi, çayın
da dəmini çox tökürdü. Çay
içə-içə bir
qəzəl yaranırdı.
Onun ilham pərisi çox vaxt gecələr gəlirdi.
- Deyirlər ki, atanızın
yazdıqlarını öz
adına çıxanlar
çox olub.
- Hə. Mənim elə qardaşım üçün də çoxu deyirdi ki, o, Vahidin qəzəllərini
oğurlayıb. Bəlkə,
özünü oxşadıb,
amma qardaşım oğurlamayıb. Onun çox yaxşı hafizəsi vardı. Nə qədər şeirləri də qaldı. Həccə getmişdi, Quran da oxuyurdu.
İki il qabaq rəhmətə getdi. Onun da həyatı gətirmədi.
- Sizin həyatınız gətirdi ki?
- Yox (Susur). İki
qızım balaca idi. Yoldaşım tutuldu, üç il iş verdilər. Qonşu ilə dava eləmişdi. Getdi, üç ilin çəkdi, səksəninci ildə gəldi. Həbsdən çıxanda uşaqlar onu tanımırdılar, deyirdilər ki, əmi gəlib bizə. Sonra balaca qızım doğuldu. Üçüncü
qız olandan sonra guya ağıllandı,
evə baxdı. Sonra yenə tutuldu. Səksən doqquzda qayıtdı. Yola gedə
bilmədik, ayrıldıq.
- İkinci dəfə evləndi?
- Eh, məndən sonra çox evləndi. Həmin qadınlar məni tapıb soruşurdular ki, necə adamdır? Deyirdim ki, mənimlə həyatı
gətirməyib, bəlkə,
səninlə yaxşı
olacaq. Çox əziyyət çəkmişəm,
çox...
- Atanızın da həyatında
çox qadın olub.
- Hə. Amma bir qadın vardı, Fedya. Onunla rəsmi
nikahı vardı. Atam rəhmətə gedəndə o qadın da
gəlmişdi. Yadıma
gəlir. Hətta anama orda demişdi
ki, Şura, ağlama,
heç olmasa, sənin iki uşağın var, mənim
heç kimim yoxdur.
- Ananız atanızla niyə rəsmi nikaha getməmişdi ki?
- Anam atamı bəyənmirdi. Anam ondan 29 yaş balaca idi.
- Bəs ananız evlənəndə bunu bilmirdi?
- Dini kəbin vardı, rəsmi nikaha getmədi də, nə bilim. Anam sonradan də
evlənməyib. Atamla
anam tanış olan vaxt atamın
ailəsindən heç
kimi qalmamışdı,
meylini anama salıb, sonradan evləniblər. Anam deyirdi ki, mən onun şairliyinə hörmət etdim.
- Bəs atanız ananıza qədər evli olmamışdı?
- Qadınlar olub, bəlkə də, amma evlənməyib. Fedya ilə də sonradan tanış olub. Atam bir kitabından
yetmiş min pul alırdı. O pullarla dünyanı gəzirdi. Atamın təhsili olmayıb. İkillik mollaxana qutarıb, amma çox savadlı idi. Füzulinin, Puşkinin əsərlərini tərcümə
etmək asan deyil. Rusca bilirsən
necə təmiz danışırdı? Rusca
elə söyüşlər
söyürdü ki (gülümsəyir).
- Sizə necə baxırdı?
- Əvvəllər evə pul gətirmirmiş, anam qızıl boyunbağısını, üzüyünü
satıb. Bu şeylər
üstündə bilirsən,
anam atamın nə qədər köynəklərini cırıb?
Mən olandən sonra atam bizə
baxmağa başlayıb.
Atam rəhmətə
getməzdən öncə
xəstəxanaya gedəndə
deyib ki, Şəhrəbanu,
and verirəm Allaha, Firəngizlə Ramizi döymə. Anam da deyib ki, artıq onlar böyüyüblər.
Nə döymək?
Ramiz Firəngizin məsələlərini
həll edir. Elə bil öncədən
ölümünü hiss edib
vəsiyyət edirmiş.
Dindar deyildi, ancaq anama demişdi
ki, öləndə məni
"Ərrəhman"la basdırın.
Rəhmətə gedəndə
əvvəl kostyum geyindirmişdilər, sonra
kəfən oldu. Öləndən sonra üç gün evdə qaldı, üç gündən sonra dəfn olundu.
- Atanızı heç
"piyan" görmüsünüz?
- Mən onu heç
vaxt "piyan" görmədim. Arada içirdi. Mənim atam "piyanıska" deyildi. Özünü
"piyanlığa" vururdu
ki, onu tutmasınlar.
Mir Cəfər Bağırov
bir dəfə "sən öl" vurub ki, içmə. Atam da deyib, ağa, xeyri yoxdur, içəcəyəm.
- Vahid haqqında çəkilən
filmdə bir çox məqamların həqiqəti əks etdirmədiyini deyirlər.
O məqamlar hansılardır?
- Anam o kinonu heç
bəyənmirdi. Əvvəla,
anam tibb bacısı yox, satıcı işləyirdi.
Doqquz-on il satıcı
işləyib. Atamla
da həmin vaxtlar tanış olub. Bir də orda bir
söhbət var, guya anam atama deyir
ki, Vahid, al məni. Bax,
o da yalandır, anam deyirdi ki, elə bir söhbət olmayıb. Anam çox təbii qadın idi. Bir dəfə onun kosmetikadan istifadə etdiyini görmədim. Evdar qadın idi. Yarpaq qoyub
satırdı, üzüm
satırdı. Onun əl qabiliyyəti çox gözəl idi. Atama da çox
yaxşı baxırdı.
- Bir də filmdə göstərilir ki, Vahid səfil
həyat sürüb.
Amma sizin danışdıqlarınızdan
belə başa düşdüm ki, elə
olmayıb.
- Atam səfil niyə olur ki? O, "Drujba" köynəklər
geyinirdi. Atam öləndən sonra anam o köynəklərin
varatnikini dəyişirdi,
qardaşım universitetə
geyinirdi. Onun nə qədər bahalı kostyumları vardı. Atam qardaşıma deyirdi ki,
Ramiz, sən mənim oğlumsan, sən nəsilbənəsil mənim
çörəyimi yeyəcəksən.
Həqiqətən də
biz nə qədər
onun pensiyasını yedik. Bugünədək
biz onun adını çəkirik.
- Bu gün necə dolanırsınız?
- İndi
maddi olaraq çətinlik çəkirəm.
68 yaşım var, bundan
sonra kimdir məni işə götürən?..
Söhbətin bu yerində Firəngiz xanım ayağa durur, evə getmək istədiyini deyir. Təəccüblü baxışlarımı
görüb dilucu məni də evə dəvət edir. Sonra evinin təmirsiz olduğunu xatırladır. Əvvəlcə
israr edib onu saxlamaq istəyirəm.
Sonra qətiyyətini görüb
fikrimdən daşınıram.
Bircə onu xahiş edirəm ki, sonda mənə atasından bir qəzəl desin. O da bu qəzəli deyir:
- Gözəllər içrə
sən, ey mahiparə, bir dənəsən,
Gözəllərin gözüsən,
zülfüqarə bir
dənəsən.
Gülüzlü nazlı sənəmlər
düşər qədəmlərinə,
Bu çeşmi-məst ilə
qılan işarə bir dənəsən.
İkinci
beytdən sonrasını
unutduğunu deyib, sağollaşır. Daha onu saxlamıram. Sakitcə skamyada oturub qalxdığı pilləkənləri izləyirəm.
O, pillələri qalxdıqca
cavabını ala bilmədiyim
suallara görə keçirdiyim təəssüf
hissi çoxalır. Axı mən ondan Vahidə dair nə qədər
şey öyrənəcəkdim.
Gətirməyən taleyi,
səfalətlə keçən
gəncliyi, vaxtsız
itirdiyi övladı, maddi sıxıntıları...
Əvvəl bu qadının soyuqluğunu
qəribsəsəm də,
dərdlərini xatırladıqca
unutduğu beytlər gözümdə başqa
rəng alırdı.
Vahid bu ömrün hardasa lap ucqarında idi.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 22 iyul. S. 18.