"Salyan kazarmaları"nın tarixinə bir nəzər

 

 Bakının İnşaatçılar prospekti, Şəfaət Mehdiyev küçəsi və Tbilisi prospektinin yaratdığı üçbucaq daxilində "Salyan kazarmaları" kimi tanının böyük hərbi şəhərciyin yaradılmasına başlanması XX əsrin əvvəllərinə təsadüf edir və bu şəhərcik öz adını orada dislokasiya olunmuş Salyan alayının adından götürür. Hələ XIX əsrdə çar Rusiyası ordusu tərkibində Azərbaycanın yer adları ilə adlandırılmış xeyli sayda hərbi hissələr mövcud olub. Məsələn, 81-ci Abşeron piyada alayı, 83-cü Samur alayı, 84-cü Şirvan alayı, 153-cü Bakı alayı, 154-cü Dərbənd piyada alayı, 156-cı Yelizavetpol piyada alayı, 164-cü Zaqatala piyada alayı. Elə 206-cı Salyan alayı da bunlardan biri idi. Bu alayların Azərbaycanın yaşayış məntəqələrinin adları ilə adlandırılması heç onların tərkibində azərbaycanlıların xidmət etməsini göstərmirdi. Onların bu adla adlandırılması daha çox həmin alayların müxtəlif vaxtlarda Azərbaycan ərazisində olması ilə bağlı idi. Amma bu, yeganə səbəb deyildi.

Salyan alayının əsası 1805-ci ildə qoyulmuşdu. Bu hissə əvvəlcə Xəzər dənizində hərbi xarakterli vəzifələrin icrası məqsədilə bir dəniz taboru şəklində Kronştadtda yaradılmış sonra da Həştərxana köçürülmüşdü. Azərbaycan xanlıqlarının işğalı məqsədilə Rusiya ilə Qacarlar dövləti arasında müharibələr başlayanda bu tabor Həştərxanla Azərbaycanın digər məntəqləri arasında dəniz əlaqələrinin yaradılması, Rusiya qoşunlarının təchizatının daşınması üçün xüsusi əhəmiyyət kəsb edirdi. 1811-ci ildə Rusiya qoşunları Lənkəran qalası üzərinə hücum edəndə bu tabor kömək üçün Lənkərana göndərildi. Lənkəran rus qoşunlarının əlinə keçəndən sonra isə həmin taborun orada saxlanması lazım bilindi. Sonradan həmin tabor piyada taboruna çevrilərək 1868-ci ilə qədər Lənkəranda qaldı. Bu müddət ərzində taborun adı bir neçə dəfə dəyişdirildi. 1830-cu ildə bu tabor 8-ci Gürcü xətti taboru, 1834-cü ildə 7-ci xətti tabor, 1840-cı ildə 9-cu xətti tabor, 1842-ci ildə yenidən 8-ci xətti tabor, 1858-ci ildə 21-ci Qafqaz xətti taboru adlandırıldı. Bakıya köçürüldükdən sonra isə bu tabor 1868-ci ildə 66-cı Bakı quberniya taboru, 1874-cü ildə Bakı yerli taboru, 1889-cu ildə 12-ci Qafqaz ehtiyat taboru, 1891-ci il mart ayının 25-də isə Salyan ehtiyat piyada taboru adlandırıldı. 1892-ci ilin sonlarında Salyan ehtiyat taboru Salyan ehtiyat piyada alayına çevrildi. 1899-cu ildə bu alaya nömrə verildi 262-ci Salyan ehtiyat piyada alayı adlandırıldı. 1910-cu ildən isə bu alay 206-cı Salyan piyada alayı oldu.

 

                                                      206-cı Salyan piyada alayının bayrağı

 

 Bu alayda ayrı-ayrı vaxtlarda azərbaycanlı zabitlərin xidmət keçməsi haqqında məlumatlar mövcuddur. Məsələn, alayın Salyan kazarmalarına köçməsi ərəfəsində onun sıralarında ştabs-kapitan Məmmədov Məmməd Əhməd oğlunun, poruçik Yusif bəy Əzizbəyovun, poruçik Məhəmməd Təhməz oğlunun xidmət etməsi haqqında məlumat vardır.

Salyan alayı başlanğıcda İçərişəhərdə yerləşmişdi. Bu alayın şəxsi heyətinin ibadətlə məşğul olması üçün Qız qalası yaxınlığında Möcüzəyaradan müqəddəs Nikolay kilsəsi tikilmişdi. Həmin kilsənin Bakıda ilk pravoslav kilsəsi olması ehtimal edilir. Lakin İçərişəhərdə bu alayın yerləşməsi, döyüş hazırlığı ilə məşğul olması üçün lazımi şərait olmadığından onun şəhər kənarına, daha geniş bir əraziyə köçürülməsi qərar alındı. Bunun üçün şəhərin şimalında, Şamaxı şossesinin sol tərəfində düzənlik bir ərazi ayrıldı bu ərazi üçün 42742 rubl 50 qəpik pul ödənildi. 1908-ci ildə həmin ərazidə Salyan alayı üçün qışlaların tikilməsinə başlandı 1909-cu ilin payızında bu tikinti başa çatdı. Həmin ildə 206-cı Salyan alayı hazırda Salyan kazarmaları adlanan bu əraziyə köçdü.

Salyan alayının yerləşdiriləcəyi ərazidə hərbi şəhərciyin yaradılması nəzərdə tutlmuşdu. Bu şəhərciyə qışlalar xidməti binalar, yaşayış binaları alay kilsəsi daxil olmalı idi. Salyan kazarmalarının ilkin ərazisi hazırkı ərazidən bir qədər kiçik idi onun ərazisi təxminən hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasının yerləşdiyi binalardan başlayaraq şimala, yəni Şamaxı şossesinə (indiki Tbilisi prospektinə) qədər uzanırdı. Keçmiş Bakı

Ali Ümumqoşun Komandirləri Məktəbinin ərazisi isə Salyan kazarmalarına sovet hakimiyyəti illərində artırılmışdı.

 

                        206-cı Salyan piyada alayı zabitlərinin döş nişanı

Baxmayaraq ki, xidməti binalar əsgər qışlaları rus ordusunun hərbi hissəsi üçün tikilmişdi, həmin binaların layihələndirilməsində milli arxitektura elementlərindən istifadə edilib. Xüsusən, bu binaların pəncərə yerləri şərq üslubunda layihələndirilib ki, bu da həmin binalara baxımlılıq, yaraşıq verir. Binaların divarlarının eni bir metrə yaxındır. Bu divarların tikintisində əhəngdən Bakı ətrafında istehsal olunan tikinti materiallarından istifadə edilib. Divarlar bayır içəri tərəfdən yonulmuş daşlarla hörülüb, araları isə tikinti materialları ilə doldurulub.

Qeyd edildiyi kimi, istər xidməti binalar, istərsə yaşayış binaları cənubdan şimala (bir qədər şimal-şərqə meyilli şəkildə) sıralanıb. Cənubdan bu şəhərcik bir-birinə paralel şəkildə tikilmiş iki böyük 3 mərtəbəli bina ilə başlayır. Hazırda bu binalarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yerləşir. Bu şəhərcikdə olan qədim tikililərin çoxu həmin iki binadan şərq tərəfdə yerləşənin qarşısında sıralanıb. Diqqət yetirilərsə, həmin iki bina ilə qədim binaların şimala doğru sıralanmasının sonundakı iki binanın arxitektura oxşarlığı vardır. Quruluşuna, daxili şəraitinə görə şübhə etmək olmaz ki, həmin binalar alayın şəxsi heyətinin yerləşdirilməsi üçün nəzərdə tutulub. Həmin binalarda müəyyən məşğələlərin keçilməsi mümkün ola bilərdi. Şəhərciyin cənubunda tikilmiş ilk iki binanın şərq tərəfdə olanının qarşısındakı sıralanmanın ikinci üçüncü binalarının arxitektura quruluşu digər binalardan seçilir. Mövcud olan ehtimallara görə, həmin binalar alayın atlarının saxlanması üçün nəzərdə tutulubmuş. Bu binalar ikimərtəbəlidir. Mümkündür ki, bu binaların 1-ci mərtəbəsində atlar saxlanmış, 2-ci mərtəbəsində isə xidmət personalı qalmışdı. Həmin binaların hər ikisinin şimal kəlləsində içəri daxil  olmaq üçün böyük qapılar olub. Hazırda həmin qapılar tutulub. Bu qapıların mövcudluğu, habelə bu binaların qərbində geniş meydanın olması da binaların atlar üçün nəzərdə tutulması ehtimalını artırır.

Qədim tikililərin sıralanmasında atların saxlanması üçün tikildiyi ehtimal edilən binalardan sonrakı binanın arxitekturası, daxili planlaşdırılması onun inzibati bina kimi nəzərdə tutulduğunu deməyə əsas verir. Ondan sonrakı bir mərtəbəli bina isə xidmət bölmələrinin yerləşməsi üçün münasib ola bilərdi.

Şəhərcik daxilində xidməti məqsədlər üçün nəzərdə tutulmuş 10 böyük qədimi tikili vardır. Sovet hakimiyyəti, eləcə müstəqilliyin əldə edilməsindən sonra Salyan kazarmaları daxilində binaların sayı xeyli artmışdır. Şəhərciyin əhatə etdiyi ərazinin genişliyi orada yeni binaların tikilməsinə imkan vermişdi.

1911-ci ildə Rusiya çarı II Nikolayın əmri ilə 206-cı Salyan alayı üçün tikilmiş şəhərcik çarın oğlu Alekseyin adı ilə "Aleksey kazarmaları" adlandırıldı. 1920-ci ilin aprel çevrilişindən sonra isə bu şəhərciyə "Qızıl Şərq" (Krasnıy Vostok) adı verildi. Amma bu şəhərcik yaddaşlarda daha çox "Salyan kazarmaları" adı ilə qalıb bu gün bu ad altında tanınmaqdadır.

Salyan kazarmaları şəhərçiyinin ikinci mühüm elementi 206-cı Salyan piyada alayının zabit heyəti üşün tikilmiş yaşayış binalarıdır. Həmin binalar xidməti tikililərin şərq hissəsində, yəni qışlalarla Şamaxı şossesi arasındakı ərazidə üç sırada tikilib. Hazırda qışlalara yaxın olan sırada 3 qədim yaşayış binası, 2-ci sırada 2 bina üçüncü sırada da 2 bina qalıb. Həmin binalar indi yaşayış məqsədilə istifadə olunmaqdadır. Binalar ikimərtəbəlidir. Hər bir otağın koridora çıxışı vardır. Bu da bir otağın bir nəfər ya bir ailə üçün nəzərdə tutulduğu ehtimalını yaradır. Yaşayış binalarının sıralanmasını, bu binaların planlaşdırılmasını nəzərdən keçirməklə belə bir qənaətə gəlmək mümkündür ki, onların sayı daha çox olub. Çox güman ki, bu ərazidə meydana gəlmiş yeni tikililərin bəzisiləri sökülmüş qədim tikililərin yerini tutublar.

Salyan kazarmaları şəhərciyinin digər bir mühüm elementi isə alay kilsəsi idi. Çar Rusiyası ordusunun alaylarının hər birinin bir qayda olaraq öz kilsələri var idi bütün şəxsi heyət alay ruhanisinin rəhbərliyi altında müəyyən edilmiş vaxtlarda həmin kilsələrdə ibadətlə məşğul olurdular.

Bu kilsə Rusiya ordusu hissələri üçün nəzərdə tutulmuş standart kilsə layihəsi əsasında tikilib. Onun arxitektoru F.M.Verjbitskidir. Mövcud olan məlumatlara görə, Salyan kazarmalarındakı kilsənin arxitekturası əsasında Rusiya ərazisində 60-a yaxın kilsə tikilib. Bu kilsə həmin ərazidə yerləşmiş xristian qəbiristanlığı yaxınlığında inşa edilib. Kilsənin əsası 1908-ci il may ayının 6-da qoyulub onun açılışı 1909-cu il dekabr ayının 6-da baş tutub. Tikinti Rusiya Hərbi Nazirliyinin maliyyə vəsaiti hesabına aparılmış bunun üçün həmin nazirlikdən 42 min rubl pul ayrılmışdı. Həmin vəsait yalnız kilsənin tikintisinə kifayət etmişdi. Kilsənin daxili tamamlama işlərinin aparılmasına dini tərtibatına isə ianə hesabına toplanan pullar sərf edilmişdi. Mövcud olan məlumata görə, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev bu kilsənin daxili tərtibatı üçün pul ayırmışdı.

Birinci Dünya müharibəsi ərəfəsində Salyan kazarmalarında yerləşmiş 206-cı Salyan piyada alayı Rusiya ordusu 3-cü Qafqaz ordu korpusunun 52-ci piyada diviziyasının 1-ci briqadasının tərkibində idi. Bu müharibənin başlaması ilə Salyan alayı da cəbhəyə yollanaraq əvvəlcə şimal-qərb, sonra isə cənub-qərb cəbhələrində döyüş tapşırıqlarının icrası ilə məşğul oldu. İştirak etdiyi döyüşlərdə böyük itkilər verdiyi üçün 206-cı Salyan piyada alayı 1917-ci ildə cəbhədən geri alındı 1918-ci ildə isə bu alay ləğv edildi. Yerləşdiyi şəhərciyin adı isə bu alayın adını hələ yaşatmaqda davam edir.

 

Mehman SÜLEYMANOV

525-ci qəzet. - 2023.- 25 iyul.- S.7.