Şuşada möhtəşəm
Qlobal Media Forumu
"Heydər Əliyev İli" çərçivəsində
və Azərbaycan
Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı "4-cü Sənaye
İnqilabı dövründə
Yeni Media" mövzusunda, 49 ölkədən 150 nəfər
xarici qonağın,
60 nəfər yerli
media rəhbəri və
nümayəndəsinin iştirakı
ilə üçgünlük
Şuşa Qlobal Media
Forumu yüksək səviyyədə keçirildi
və uğurla başa çatdı. Məsuliyyət yükü
böyük olan belə bir əlamətdar
tədbirin uğurla başa çatdırılmasına
görə bütün
təşkilatçılara, zəhməti olanların hər birinə xüsusi təşəkkür
düşür. Digər
önəmli cəhətləri
ilə yanaşı, dünyanın aparıcı
media qurumlarının, jurnalist
təşkilatları rəhbərlərinin,
informasiya-kommunikasiya sahəsində
nüfuzlu ekspertlərin,
tanınmış jurnalistlərin
toplaşdıqları belə
bir forumun məhz Azərbaycanın mədəniyyət paytaxtı
Şuşada keçirilməsi
isə ayrıca dərin rəmzi məna kəsb edirdi. Forumun açılışında Azərbaycan
Prezidenti cənab
İlham Əliyevin söylədiyi
dərin məzmunlu fikirlərin böyük maraqla qarşılanması,
eləcə də tədbir iştirakçılarının
dünyada baş verən ən müxtəlif proseslərlə
bağlı ünvanladıqları
suallar dövlətimizin
başçısının dünya səviyyəli bir lider və
siyasətçi kimi həmişə xüsusi
diqqət mərkəzində
olduğundan xəbər
verdi.
Cənab
Prezidentin medianın gələcəyi, azad, müstəqil media ilə
bağlı səsləndirdiyi
fikirlər, o cümlədən,
Azərbaycan mediasının
müstəqilliyinin cəmiyyətimizin
inkişafı üçün
başlıca şərtlərdən
biri olduğunu, mediamızda sağlamlaşma
prosesinin uğurla getdiyini və bu səbəbdən də xalqın maraqlarına zidd, dövlət maraqlarına
zərbə vura biləcək yazıların
artıq çox nadir
hallarda üzə çıxdığını xüsusi vurğulaması
olduqca əhəmiyyətli
məqamlar idi. "Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın
sözü, Azərbaycan
xalqının, dövlətinin
haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır", - deyən Prezident İlham Əliyevin sosial medianı izlədiyini, ölkəmizin həyatı
ilə bağlı bir çox mühüm məsələləri
sosial mediadan öyrəndiyini, həm sosial medianın, həm də ənənəvi KİV-in ona
yardımçı olduğunu
dilə gətirməsi
də böyük məmnunluqla
qarşılandı.
Dövlətimizin başçısının Qarabağda, Şuşada aparılan quruculuq işləri barədə
söylədikləri, həmişə
olduğu kimi, Qarabağdan danışarkən
həyəcanla, qürur
hissi ilə səsləndirdiyi fikirlər,
elə bilirəm, zalda oturan və
soyuqqanlılığı ilə seçilən əcnəbi media mütəxəssislərinə
də təsirsiz ötüşmədi. Onlar
bu emosional, duyğulu, səmimi sözlər sayəsində
Şuşanın, Qarabağın
Azərbaycan üçün
nə qədər vacib olduğunu bir daha gördülər.
Cənab Prezidentin Şuşa, onun gələcəyi ilə bağlı dedikləri isə hər bir Azərbaycan vətəndaşının qəlbindən
keçən, ürəkləri
riqqətə gətirəcək
ən təsirli sözlər idi: "Şuşanın
bərpası başlanıb,
bir müddət öncə Baş plan təsdiq edilib və indi artıq
ilk yaşayış layihəsi
icra olunur. ...Şuşa Prezident sərəncamı ilə
Azərbaycanın mədəniyyət
paytaxtı elan edilib və bizim gözləntimiz
odur ki, dünyadan çoxsaylı qonaqlarımız
olacaq, insan axını olacaq. Çünki bu, nadir, misilsiz bir məkandır.
Burada tarix, mədəniyyət, memarlıq
və iqlim vəhdət təşkil
edir. Bu, bizim böyük sərvətimizdir.
Bu şəhər qaya
üzərində qurulub,
qədim şəhərdir
və bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır... Şuşada
hər şey Baş plan əsasında edilir. Bu isə imkan verəcək ki, şəhər daha gözəl olsun. Yəni, heç vaxt olmadığı qədər gözəl olacaq. Çox rahat, müasir şəhər olacaq. Eyni zamanda, təbii
ki, onun orijinallığı
qorunacaq, çünki
bütün tarixi-memarlıq
abidələri hazırda
bərpa edilir. Şuşaya səyahət
edən insanlar burada tez-tez dəyişikliklərin şahidi
olurlar. Çünki bu şəhər gündən-günə gözəlləşir.
...Hesab edirəm ki,
3-4 il ərzində bu
şəhər təkcə
Azərbaycanın və
Qafqazın deyil, dünyanın ən gözəl şəhəri
olacaq".
Açılış mərasimi bitəndən sonra xarici jurnalistlərin Azərbaycan Prezidentinə
yaxınlaşıb onunla
mükaliməyə can atmaları,
selfi çəkdirmələri
isə çox qürurverici məqam, həmçinin, dövlətimizin
rəhbərinin bu gün dünya siyasətçiləri, ictimai
fikir daşıyıcıları
arasında xüsusi nüfuza və çəkiyə malik olduğunun
göstəricisi idi.
Forumda panellərin mövzuları
da uğurla seçilmişdi
və medianın vacib problemlərinə həsr olunmuşdu.
"Medianın gələcəyi:
Ənənəvi media üçün
növbəti addımlar;
Rəqəmsal transformasiya
diqqət mərkəzində"
mövzusundakı birinci
paneldə danışılanlar
ənənəvi media nümayəndələrində
bir qədər məyus ovqat yaratmışdı. Süni
intellektin mediada rolu, yeni texnologiyaların medianın gələcək
fəaliyyətinə göstərəcəyi
təsirlərlə bağlı
səsləndirilən pessimist fikirlər təxminən
10 il sonra burada - Şuşada keçiriləcək
media forumunda yığışıb
medianın hansı problemlərini müzakirə
edə biləcəyimiz
fikrini sual altına alırdı.
Amma "Müasir informasiya
mühitində media menecmenti
və dayanıqlı
media biznes modellərinin
yaradılması" mövzusundakı
növbəti paneldə
Rusiyanın TASS İnformasiya
Agentliyinin Baş direktorun birinci müavini Mixail Qusmanın sözləri, elə bilirəm, bu məyusluğa su səpdi; o, yaradıcılığın böyük
rolundan danışdı,
əlahəzrət müxbirin
nə zamansa gündəmdən düşəcəyinə
inanmadığını söylədi,
yaradıcılıq faktorunun
süni intellektə qalib gələcəyini vurğuladı və hesab edirəm ki, bu sözlər xeyli nikbin əhval-ruhiyyənin
yaranmasına səbəb
oldu.
"Medianın gələcəyi:
Ənənəvi media üçün
növbəti addımlar;
Rəqəmsal transformasiya
diqqət mərkəzində",
"Yeni mediada istehlak
tendensiyaları və
media savadlılığı (dezinformasiya və feyk-nyusla mübarizə üsulları)" və
"Jurnalistlərin təhlükəsizliyi"
mövzusundakı panellərdə
də bir çox maraqlı məqamlara toxunuldu, jurnalistlərə qarşı
müxtəlif təhdidlər,
sosial medianın gətirdiyi yeni faktorlar kimi aktual mövzular
ətrafında faydalı
müzakirələr aparıldı.
"Jurnalistlərin təhlükəsizliyi"
mövzusundakı paneldə
sosial medianın aqressiyası və jurnalistlərə təzyiqlərlə
bağlı məsələ,
xüsusilə də Vətən müharibəsi
günlərində Azərbaycana
səfər edən xarici jurnalistlərə qarşı ermənilər
tərəfindən təzyiqlər
göstərilməsi ilə
bağlı səsləndirilən
fikirlər diqqətimi
daha çox cəlb elədi.
lll
Forumun açılışındakı nitqinin sonunda ötən il Şuşada
Azərbaycan media nümayəndələrinin
Forumunun keçirildiyini
xatırladan Prezident
İlham Əliyev növbəti
il bu tədbirin beynəlxalq forum səviyyəsində
təşkili ilə bağlı Prezident Administrasiyasına göstəriş
verdiyini dilə gətirdi və bu forumun müntəzəm
şəkildə, hər
il keçirilməsini,
bu tədbirin isə Birinci Şuşa Qlobal Media Forumu adlandırılmasını
tövsiyə etdi.
Forumun belə formatda hər il keçirilməsilə
bağlı dövlət
başçısının tövsiyəsi, ardınca
da Prezidentin köməkçisi
Hikmət Hacıyevin
"Artıq sabahdan
yeni forumlara hazırlaşmalıyıq"
sözləri bu mövzuda ciddi müzakirələrin vacibliyini
önə çıxarır.
Biz medianın gələcəyini
necə görürük?
Növbəti beynəlxalq
miqyaslı forumlarda hansı məsələlər
müzakirə olunmalıdır?
Elə bilirəm, indidən bu mövzuda peşəkar yanaşmaların ortaya qoyulmasına, əsaslı
təkliflərin irəli
sürülməsinə ciddi
ehtiyac var.
Vaxtilə işğal altındakı
ərazilərimizə qanunsuz
səfərlər edən
58 nəfər media təmsilçisinin
adı bu yaxınlarda Azərbaycan hökuməti tərəfindən
arzuolunmaz şəxslər
siyahısından çıxarıldı.
Dövlətimizin xoşməramlı
jestini yüksək qiymətləndirən Azərbaycan
Mətbuat Şurası
məsələ ilə
bağlı bəyanat
yaydı. Sonradan həmin şəxslərin
bir çoxu bu ərazilərə qanunsuz səfərlərə
Azərbaycan dövləti
tərəfindən qadağa
qoyulduğundan məlumatsız
olduğunu bildirib, üzrxahlıq edib. Fikrimcə, növbəti forumlara onların da dəvət edilməsi məqsədəuyğun olardı.
Dəvət edək, gəlib Şuşanın
indiki vəziyyətini,
buradakı prosesləri
öz gözləri ilə görsünlər,
eyni zamanda, media müzakirələrinə qatılsınlar.
Bir müddət əvvəl Azərbaycan Mətbuat Şurası mediada qarşılıqlı nifrət
ritorikasının azalması
çağırışı ilə Ermənistanın müvafiq qurumuna müraciət etmişdi.
Amma təəssüf ki, bu
humanist çağırışa müsbət reaksiya vermək əvəzinə
qarşı tərəf
yenə öz ənənəsinə sadiq
qalaraq neqativ mövqe sərgilədi. Auditoriya genişliyi, mövzu zənginliyi ilə müşahidə olunan Şuşa Qlobal Media Forumunun gedişində qaralama kampaniyasına əl atan Ermənistanın 11 jurnalist təşkilatı
Forumun iştirakçılarına
müraciət ünvanlayaraq
əcnəbi media mənsublarını
qınadılar, onları
Şuşanı tərk
etməyə çağırdılar.
Bununla da kifayətlənməyən
erməni tərəfi
eyni motivli müraciəti beynəlxalq
təşkilatlara da ünvanladılar, Foruma qarşı bəyanatın
verilməsi, tədbirə
qatılmış xarici
jurnalistlərin fəaliyyətinin
pislənilməsi kimi
qəbuledilməz fikirlər
səsləndirdilər. Bu azmış
kimi, həmin jurnalistlərin elektron poçt ünvanlarına
hədə-qorxu dolu məktublar göndərildi,
onlar şantaja və sözün əsl mənasında terrora məruz qaldılar. Buna görə
də Mətbuat Şurası bəyanat yayaraq Ermənistan mediasının çirkin
siyasi texnologiyalardan istifadə etməsindən
təəssüf hissi
keçirdiyini bildirdi,
Ermənistan jurnalistlərini
avantürist meyillərin
əsiri olmamağa, gələcəkdə bu platformada təmsil olunmağa və jurnalistika dəyərlərinin
qorunmasına öz töhfələrini verməyə
çağırdı.
Zənnimcə, idmançılarımızın səfərləri kimi, jurnalistlərin də qarşılıqlı səfərlərinin
reallaşdırılması yönündə addımlar
atılmasına artıq
başlanılmalıdır. Cənab Prezidentin söylədiyi kimi, doğma Qarabağda yaşayan etnik ermənilərin arasında
sağlam düşüncəli
insanlar da var və onların içərisində
media sahəsində fəaliyyət
göstərənlərin bizim
forumlarda, müxtəlif
tədbirlərdə iştirakı
barədə də düşünmək işin
xeyrinə olar. Cənab Prezident də çıxışında
qeyd etdiyi kimi, oradakı sağlam düşüncəli
insanlar xunta rejiminin əsarəti, basqısı altındadırlar,
onlar öz fikirlərini söyləyə
bilmirlər. Bəs
biz onları - bizim vətəndaşlarımızı, oradakı sağlam düşüncəli erməniləri
necə xilas etməliyik, onlarla münasibətlərimizi necə
qurmalıyıq və
bu məsələdə
medianın rolu necə olmalıdır? Elə bilirəm, indiki mərhələdə
bu məqam barədə konstruktiv düşünmək çox
vacib məsələlərdən
biridir.
...Üçgünlük Şuşa
Qlobal Media Forumu, yazının əvvəlində
də qeyd etdiyim kimi, böyük
ruh yüksəkliyi ilə keçdi, tədbir bir çox vacib və aktual məsələlərin müzakirələri
ilə yadda qaldı. Əminəm ki, bu forumun davamlılğına
nail olmaqla Azərbaycan
dünyada həm də azad sözə
böyük dəyər
verdiyinin sanballı bir təzahürünü
ortaya qoyacaq. Şuşa Media Forumunun mütəmadi şəkildə
keçirilməsi, burada
media ilə bağlı
müxtəlif vacib mövzuların tanınmış
ekspertlərlə, məşhur
mütəxəssislərlə müzakirəsi Şuşanı
ən fərqli fikrlərin səslənə
biləcəyi azad
media məkanına çevirə
bilər. Ona görə
də hər birimiz belə tədbirlərin yüksək
səviyyədə keçirilməsi
üçün çalışmalı,
bu yolda əlimizdən gələni
etməliyik. Hər birimizin çiyinlərinə
böyük məsuliyyət
qoyan bu tarixi missiyanın həyata keçirilməsinə
qalib Azərbaycanın
gücü də, imkanları da yetər.
P.S. Forumda Azərbaycanın incəsənət xadimlərinin
çıxışları və müxtəlif sənət əsərlərimizin
səsləndirilməsi də
olduqca xoş və anlamlı təəssürat yaratdı.
Bu həm də Şuşanın Azərbaycanın
mədəniyyət mərkəzi
olduğunun bir göstəricisi, sevindirici
təcəssümü idi.
Forum iştirakçılarının reaksiyasından da göründü
ki, onlar bizim mədəniyyətimizə rəğbətlə,
sevgi ilə yanaşırlar.
Rəşad Məcid
525-ci qəzet.-
2023.- 26 iyul. S. 4.