Alim, yazıçı, vətəndaş
Vaqif Sultanlı: yaddaşımdakı portret
cizgiləri
Sosial şəbəkədə mart ayının
26-da Bakı Dövlət
Universitetinin professoru,
yazıçı, tərcüməçi
Vaqif Sultanlının
65 yaşının tamam
olduğu göstərilir.
Bilmirəm, bu nə dərəcədə
doğrudur. Çünki
mənim və mənim kimi yüzlərlə insanın
doğulduğu gün,
ay, bəzi hallarda il doğru yazılmadığını
bilirəm. Bunun da səbəbləri
müxtəlifdir. Kimi tənbəllikdən,
kimi analıq məzuniyyətinə görə,
kimi əlamətdar günlərə düşsün
deyə, övladının
doğum tarixini dəqiq yazdırmayıb.
Vaqif Sultanlının ad günündə mənimki
qədər yanlışlıq
olduğuna inanmıram.
Ucqar dağ kəndində doğulmuşam,
valideynlərim də tənbəllikdənmi, ya
ehtiyac duymadıqlarından
mənə vaxtında
yaş kağızı
almayıblar. Qardaş-bacılarım
doğulandan, anam uşaqpulu almalı olduqdan sonra yaş kağızına ehtiyac olub. 13 yaşında rayon mərkəzinə
bir neçə dəfə get-gəldən,
müxtəlif təşkilatlara
ərizə yazdıqdan
sonra aldığım
yaş kağızında
doğulduğum gün
və ay göstərilməyib.
Məncə, Vaqif Sultanlının başına
belə bir iş gəlməyib. O, mərkəzə yaxın
bir bölgədə
- Kürdəmir rayonunun
Şahsevən kəndində
doğulub. Musiqiyə
həvəs göstərdiyini
görən valideynləri
hətta ona tar alıblar və Kürdəmirdəki musiqi
məktəbinə yazdırıblar.
Daha mənim kimi kiçik yaşlarından əkin-biçinə,
mal-qara otarmağa, ot toplamağa və daşımağa göndərilməyib. Vaqif
Sultanlı musiqiçi
olmasa da, valideynlərinin
ümidini doğruldub,
yaxşı oxuyub, ali məktəbə qəbul olunub, alim olub, yazıçı kimi məşhurlaşıb.
Anadan olmasının 65 illiyi münasibətilə yazdığım
məqaləni oxucularla
paylaşmağı qərara
aldım. Bu il Vaqif Sultanlının doğumunun
65-ci ilidir. Onun bədii və elmi əsərləri haqqında fikir söyləməyəcəm. Oxucuya
vətəndaş Vaqif
Sultanlıdan söz açmağa çalışacağam.
Bacaracağammı? Onu
oxucu biləcək.
lll
Vaqif Sultanlı ilə ilk tanışlığımız Rövşən Əliyevin
toyunda oldu. Bəylə hər ikimiz eyni bölgədə
- keçmiş Göyçə
mahalında doğulmuşuq.
Mən İnəkdağ,
Rövşən bəy
isə Sədənəxaç
kəndində. "Azadlıq"
qəzetində işləyənədək
bir-birimizi tanımırdıq.
1993-cü ilin əvvəllərində
"Azadlıq" qəzetində
işdən ayrılıb
Azərbaycan Ensiklopediyasında
işə başlasam
da, qəzetlə əlaqəmi
kəsməmişdim. Toy məclisi
keçiriləcək salonda
bir neçə masa
"Azadlıq" qəzetinin
köhnə və
yeni əməkdaşları üçün ayrılmışdı.
Bizim əyləşdiyimiz
masada bir yer boş idi.
Gecikmiş qonağa yanımdakı stulda oturmağı təklif etdilər. O, hamı ilə salamlaşdı. Sonra mənə
tərəf dönərək:
"Sizi haradan tanıdığımı xatırlaya
bilmədim?" - dedi.
Gülərüz, yaraşıqlı gəncin
sualına: "Hardasa
görüşmüşük ki?" - sualı ilə cavab verdim. O, dediyimi eşitməmiş
kimi: "Mən Vaqif Sultanlıyam..." deyəndə, sözünü
bitirməyə imkan vermədən: "Hə,
indi tanıdım. Öncələr görüşdüyümüzə
görə deyil, yazılarınıza, "Azadlıq"
radiosundakı verilişlərinizə
görə tanıdım"-
deyəndə gülümsədi.
Cavabım bir müəllif
kimi onu qürurlandırdı. "Radionu
daimi dinləyirsiniz?"-
deyə xəbər aldı. "Hər gün dinləməyə
imkanım olmasa da, sizin beş-on verilişinizin adını
çəkərəm. İmtahan
etsəniz, yəqin üç qiymət verərsiniz" - dedim. Cavabıma qəribə
bir baxışla cavab verdi. Onun
baxışında yüngül
bir incikliklə yanaşı, tanınmasından
doğan bir məmnunluq da vardı. Adımı, soyadımı
dedim. Yaddaş "arxivini" nə qədər "qurdaladı"sa,
bir şey tapa bilmədiyindən gülümsəməklə
vəziyyətdən çıxmağa
çalışdı. Məndən
başqa süfrədəkilərin
hamısını tanıdığı
davranışından aydın
sezilirdi.
Onunla toydakı görüşümüz
keçici olmadı. Sonralar toplantılarda rastlaşanda söhbətləşdik.
Deyəsən, sözümüz
tutdu. Yolu İçərişəhərə düşəndə hərdən
mənim yanıma, Azərbaycan Ensiklopediyasına
da gəlməyə başladı.
Ədəbiyyata, yaxın
keçmişimizə, günümüzün
reallıqlarına baxışımız
bizi daha da mehribanlaşdırdı.
Vaqif Sultanlı Tanyukuk abidəsi önündə (Bayın
Çokto yaylası, Töv aymağı, Monqolustan)
Elmi yazılarını ləzzətlə
oxuyur, fikir mübadiləsi edirdik. O dövrdə mühacirətdə
olmuş soydaşlarımızın
həyat və yaradıcılığı haqqında
yazılar çox az idi. Vaqif
Sultanlı da əsasən
mühacirətdə yaşayanları
öyrənən araşdırıcılardan
idi. Bədii yaradıcılığından isə xəbərsiz idim. Bir dəfə hekayə, miniatür, sərgüzəşt və
esselərdən ibarət
"Qul bazarı"
kitabını bağışladı.
Oxudum, ancaq oxuduğuma peşman oldum. Necə ağır, bədbin, üzücü
idi, oxucuya nikbin bir hiss aşılamırdı. Toplumda
bir qığılcım
qədər də olsa, işıq görmürdü. Satiriklər
çevrələrindəki insanları, lap yaxınlarını
da kəskin lağa qoyur, onları gülə-gülə islah
etməyə çalışırlar.
Elə bil Azərbaycanın ağrısı-acısı
onun çiyinlərinə
yüklənmişdi. Buna görə
də nəsrində nə açıq satira vardı, nə də islahedici gülüş. Oxucunu cümlələrinin
arxasındakı ağır
və üzücü
fikirləri ilə bədbinlik girdabına çəkirdi.
Yaxından tanış olduqda
daxili aləminin ağrı-acısını bədii
yazılarına yüklədiyini
gördüm. Üzügülər,
zarafatcıl, dost-tanışı
lağa qoymağı
sevən, yaltaqları,
ikiüzlüləri, millətə
xeyir verməyib qanını soranları üzünəcə kəskin
tənqid edən bir adam yazıçıya
çevriləndə ağrı-acısı
daha da böyüyür.
Onun ağrı-acısı
həyatından, özünün
problemlərindən deyil,
millətinin düşdüyü
vəziyyətdən doğur.
Xalqını dünyanın
inkişaf etmiş xalqları arasında, vətənini dünyanın
gəlişmiş dövlətləri
sırasında görmək
istəyir. Görmədikdə
bədbinləşir, içindən
qara qanlar axır. Qara qanla yazılmış hekayə və povestlər də adamı burulğan kimi özünə çəkir. Oxuduqca içində bir sual yaranır: "Mənim xalqım budurmu, vətənim buradırmı? Vətəni,
xalqı qarnı üçün, şöhrət
üçün bataqlığa
çəkənlərin qarşısını
niyə ala bilmirik?"
Belələrinə qarşı Vaqif Sultanlı həyatda çox sərtdir. Dedikləri, söylədikləri ona ağır zərbə olacağını bilsə
də, qarşısındakının
nöqsanlarını bir
güzgü kimi özünə göstərməklə
kifayətlənmir, həm
də ətrafımızdakılara
göstərir. Bəzən
qarşısındakına elə sözlər deyir, anlamayan elə bilər, tərifləyir. Onun dediyi sözün arxasını görənlər
isə adamların Vaqif Sultanlının kinayəsinə dözmələrinə
heyrət etməyə
bilmir. Daxili aləminə nüfuz edəndə dəymədüşər,
tez inciyən birisi olduğunu görürsən. Elə
bilirsən qarşındakı
beş-altı yaşlı
məsum bir uşaqdır, qəlbini qırmamaq üçün
gərək hər sözü seçə-seçə,
ehtiyatla deyəsən.
Toplumun sağlamlaşması,
millətin inkişafı
üçün minlərlə
insanın qəlbini qırmağa qadir, necə deyərlər, atasına od qoyan, yıxıb-sürüyən
Vaqif Sultanlı özünə güldən
ağır bir söz deyilməsini istəmir.
Onun mühacirətlə bağlı
yazdığı məqalələr
və kitablar faktların zənginliyinə,
sənədlərə diqqətlə
yanaşılmasına görə
stolüstü kitablarıma
çevrilib. Bədii
əsərlərini görəndə
oxumamağa çalışıram.
Amma özümü saxlaya
bilmirəm, oxuyuram. Oxuduqdan sonra istəyirəm elə yerə qoyum, bir daha qarşıma
çıxmasın, gözümə
dəyməsin.
Sovet dövründə partiya mətbuatında işlədiyimdən
özümü, ailəmi
dolandırmaq üçün
redaksiyanın tapşırığı
ilə o qədər ürəyimdən olmayan məqalələr yazmışam,
gəl görəsən.
Sovetlərin çöküşü
başlayanda tapşırıqla,
göstərişlə məqalə
yazacağıma son qoyulduğunu
düşündüm. Beş-on
il də bu əhval-ruhiyyə ilə yaşadım.
Vaqif Sultanlı ilə tanışlıqdan sonra vəziyyət dəyişdi.
Mənə tapşırıqla
məqalələr yazdırmağa
başladı. Onun araşdırıcı, nasir
olmaqla yanaşı yüksək zövqlü
bir naşir olduğunu gördüm. İmkansızlıqdan milli yönlü
kitabların, jurnalların
uzunömürlü nəşrinə
nail ola bilmədi. Müəlliflərə
sifariş verdiyi məqalələri gah xarici
ölkələrdə, gah da Azərbaycanda nəşr etdiyi jurnallarda, məqalə toplularında
çap etdi. Güclü bir duyma qabiliyyəti var - kimə hansı mövzunu yazdırmaq mümkün olduğunu yaxşı bilir. Müəlliflər işlərinin
çox olduğuna görə sifarişdən
qaçmağa çalışsalar
da mümkün olmur. Dəfələrlə zəng
vurur, onları saatlarla dilə tutur, məsləhətlər
verir.
Dönüb ömrümün ötən
illərinə baxıram.
Vaqif Sultanlının
sifarişi ilə yazdığım məqalə
və kitablarla qürur duyuram.
lll
2000-ci il noyabrın 13-17-də Qazimağusada
keçiriləcək Üçüncü
Uluslararası Kıbrıs
Araşdırmaları Konqresinə
getmişdık. Konqresdə
mən Vaqif Sultanlını Polşadan
gəlmiş türkoloq
Qrazina Zayaçla tanış etdim. Hətta onların Kıbrısın prezidenti
Rauf Denkdaşla tanış
olmalarına şərait
də yaratdım. Birlikdə şəkillərini
də çəkdim.
Vaqif Sultanlı Bakıya qayıdanda
"Yeni Müsavat" qəzetinə
görüş haqqında
kiçik bir məqalə yazdı, Rauf
Denkdaşın, Qrazina
Zayaçın və
özünün birgə
çəkilmiş şəklini
də yazıya əlavə etdi.
Qrazina Zayaçı Vaqif Sultanlı ilə tanış etməkdə
məqsədim onun vasitəsilə Polşadakı
mühacirlərimizlə bağlı
sənədləri Azərbaycana
gətirmək idi. Qrazina Zayaçla o danışsın deyə
xeyli dilə tutdum, xahiş etdim. Necə deyərlər, saatlarla yalvardım, axır ki, razı sala bildim. Mənim arzuladıqlarımı Vaqif
Sultanlı asanlıqla
reallaşdırdı. Aradan
baş-altı ay keçəndən
sonra Azərbaycan mətbuatında Qrazina Zayaçın Məhəmməd
Əmin Rəsulzadə
və digər Azərbaycan mühacirlərinin
Polşa dövrü haqqında məqalələrini
oxumağa başladım.
Həmin məqalələri
yazdıran, dilimizə
çevirən və
nəşr etdirən
Vaqif Sultanlı idi. Ünsiyyət yaratmaqda, əlaqələr
qurmaqda, dünyanın
ən ucqar guşəsinə belə
getməkdə az-az insana məxsus bir bacarığı var. Nə şirkəti var, nə də işlədiyi yerdən yüksək maaş alır. Qənaətcilliklə
türk dünyasını
gəzir, türk xalqlarının arasında
körpü qurur.
lll
2004-cü
ilin yanvarında yenə də ensiklopediyaya gəldi. Yanında təxminən özü boyda, özündən beş-altı
yaş böyük, qıyıqgözlü birisi
vardı. Bizi tanış etdi. İslam Jemeneyin Qazaxıstandan gəldiyini, işlədiyi
Taraz Universitetinin "Türk xalqlarının ədəbiyyatı" adlı
bir layihələri olduğunu söylədi. Alqışladım, xoş
arzular dilədim.
Çayxanaya getməyi təklif
etdi. Razılaşdım.
Azərbaycan araşdırıcılarının
arxasınca danışmağa
başladı. Onun belə bir xasiyyəti
olmadığını bildiyimdən
sözünü kəsdim:
"Vaqif bəy, mıs-mıs deyincə Mustafasını de, görüm
nə istəyirsən". Mənim sərt davranmağımdan
incimədi. Əksinə
gözləri güldü.
Taraz Universitetinin
İslam Jemeneyi nəşr
edəcəkləri kitabın
Azərbaycan ədəbiyyatı
və Quzey Qafqaz türklərinin ədəbiyyatı bölmələrini
yazdıracaq araşdırıcılarla
danışıq aparmaq
üçün Bakıya
ezam etdiyini dedi. "Azərbaycan ədəbiyyatı bölməsinin
yazılması məsələsini
həll etdik. Qalır Quzey Qafqaz türklərinin ədəbiyyatı haqqında
məqalə yazacaq müəllif".
Mən türkoloq araşdırıcıların
adını sadaladım.
Vaqif bəy səbirlə dinləyərək
dedi: "Onlarla görüşdük. Etiraz
etmirlər, ancaq üç-dörd il vaxt,
bu işdə onlara yardımçı olacaq dörd-beş də assistentin maaşının ödənməsini
istəyirlər. Birincisi,
assistentə verməyə
universitetin pulu yoxdur, ikincisi kitabı tez nəşr etmək istəyirlər. O qədər
gözləməyə vaxtları
yoxdur".
(Ardı var)
Əli ŞAMİL
525-ci qəzet.- 2023.- 26 iyul. S. 7.