XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
İyulun 27-də XIII Qəbələ Beynəlxalq
Musiqi Festivalının
açılış mərasimi
olacaq.
APA xəbər verir ki, avqustun
2-nədək davam edəcək
festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
dəstəyi ilə keçirilir.
Ümummilli Lider
Heydər Əliyevin
100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ
Beynəlxalq Musiqi Festivalında Azərbaycanla
yanaşı, Böyük
Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünya
şöhrətli musiqiçilər
– ifaçı və
dirijorlar, musiqi kollektivləri iştirak edəcək.
Azərbaycanın xalq artistlərləri Fərhad Bədəlbəyli
və Murad Adıgözəlzadənin bədii
rəhbərliyi ilə
təşkil olunan
XIII Qəbələ Beynəlxalq
Musiqi Festivalının
təntənəli açılışı
“Viva Opera” adlı konsertlə
baş tutacaq. Açılış konsertində
Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə
solistlər - xalq artistləri Dinarə Əliyeva (soprano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov (tenor), Yusif Eyvazov (tenor) və Əməkdar artist Səbinə Əsədova
(mezzo-soprano) çıxış
edəcəklər.
2009-cu ildən ənənəvi təşkil
olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı
proqramlar təqdim ediləcək. Bir həftə ərzində
klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq.
Festival günlərində Bakı Kamera Orkestri, “Clarte” klarnet kvarteti, “Qaytağı” instrumental ansamblı, Litva Kamera Orkestri, xalq artistləri Ənvər Sadıqov, Fərhad Bədəlbəyli,
Gülnaz İsmayılova,
Murad Adıgözəlzadə,
Ülviyyə Hacıbəyova,
Yeganə Axundova, əməkdar artistlər Emil Əfrasiyab, Fuad İbrahimov, Fəridə Məmmədova,
respublika və beynəlxalq müsabiqələr
laureatları – Atəş
Qarayev, Dennis Həsənov (Rusiya), Elmina Həsənova, Əli Məmmədov, Humay Hacızadə, Mahir Tağızadə, Mustafa Mehmandarov, Nərgiz Kəngərli, Osman Mustafazadə, Rüstəm Zeynalov, Səidə Tağızadə,
Ümidə Abasova, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları, Dmitri
Sitkovetski (Böyük
Britaniya, dirijor), Mixail Lidski (Rusiya, piano), Henri-David Varema (Estoniya, violonçel), Mariuş Patira (Polşa, violin) və digərləri çıxış edəcək.
Görkəmli Azərbaycan bəstəkarı
Arif Məlikovun 90 illik yubileyi, tanınmış pianoçu
Bella Davidoviçin
95, dahi bəstəkarlar
Sergey Rahmaninovun 150 illik və İohannes
Bramsın 190 illik yubileyləri də festival çərçivəsində
xüsusi musiqi proqramları ilə qeyd ediləcək.
Festival günlərində
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının
“Gənclərə dəstək”
layihəsi çərçivəsində
gənc ifaçıların
konserti, Mixail Lidski (piano) və Henri-David Varemanın (violonçel)
ustad dərsləri də olacaq.
525-ci qəzet.- 2023.- 26 iyul. S. 8.