KÖLGƏLƏRİN
QAÇILMAZ AQİBƏTİ
Köhnə bir Azərbaycan
filmi vardı - "Kölgələr
sürünür". "Köhnə" deyəndə
ki, lap ən köhnə
filmlərimizdən də
deyildi, 1958-ci ildə çəkilmişdi, o çağın
adlı-sanlı aktyorları
da oynayırdı, yaxşı
musiqisi də vardı - bəstəkarı
Rauf Hacıyev idi, bundan bir az
əvvəl, bir qədər sonra çəkilmiş filmlərin
neçəsi bu gün də tez-tez göstərilsə
belə, nədirsə,
bu film unudulan kimidir. Ancaq film özü az-az göstərilsə də,
unudulan kimi olsa da, yazıçı Qılman Musayevin ssenari müəllifi olduğu kinoşəklin adı, bir növ,
qanadlı ifadəyə
çevrilib uyğun məqamlarda dünən də işlənirdi, bu gün yenə
dillərdədir.
1984-cü
ilin iyul günləri idi. Maestro Niyazi o zamanın məşhur, indikindən
çox fərqli
"Leçkomissiya" xəstəxanasında
idi. Dövlət-hökumət
adamları üçün
də, elm-sənət
xadimlərindən ötrü
də ora sadəcə özünü
narahat hiss edəndən-edənə,
müalicəyə ehtiyac
duyanda üz tutulan ünvan deyildi. Bir növ, şəhərin içindəki
sanatoriya kimi bir yer idi.
Oranın öz kontingenti vardı və Maestro Niyazi onlardan biri idi
ki, hər il 3-4 həftəliyə
köçərdi ora.
Lüks palatada qalardı, dincələrdi,
müayinələrdən keçərdi,
zövcəsi Həcər
xanım da olardı yanında, yeməklərini
də özü bişirərdi, həm də ikiadamlıq yox, elə mənzilində
olduğu kimi, burada da palatasından qonaq-qara əskik olmazdı. Maestronun "Leçkomissiya"da qaldığı
günlərdə həmin
palata özəl bir sənət, ziyalı klubuna çevrilərdi.
Mən də hər gün-günaşırı ora
baş çəkərdim,
saatlarla birgə olardıq, söhbətləşərdik,
elə evində olduğu kimi.
1984-cü
ilin həmin iyul günlərində ki
Maestro yenə oradaydı,
bir səhər evimizə zəng gəldi. Musiqişünas
Ramiz Zöhrabov idi. Qayıtdı ki, Maestro bayaqdan
iki dəfə zəng vurub, götürməmisən dəstəyi,
özü dedi ki, gecələr işləyir,
yəqin, hələ yatır, mənə tapşırdı ki, az sonra bir də
yığım. Maestro xahiş
eləyir təcili gələsən "Leçkomissiya"ya.
Niyəsini soruşmadan
tez getdim. Sən demə, həmin gün Maestronun direktoru olduğu filarmoniyanın Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestri Xankəndiyə yola düşməliymiş. Səfərə
çıxanlar artıq
avtobuslardaymış. Adətən
hər ilin yayında Xankəndidə
verilən həmin konsertlərə Niyazi özü dirijorluq edərdi. Həmişə
fəxrlə deyərdi
ki, Xankəndi mənim
kəndimdir, Xurşidbanu
Natəvan nənəmə
- Zülfüqar bəyin,
Üzeyir bəyin, Ceyhun bəyin anası Şirin xanıma söyləyibmiş
ki, bu kəndi sənin ilk nəvənə
hədiyyə edirəm.
Ancaq bu il - 1984-cü ilin yayında Maestro özü gedə bilmirdi və səbəb də yalnız o deyildi ki, səhhəti, sən deyən, qaydada deyildi. Buna baxan deyildi, güclü iradəsinin hesabına hətta xəstə olduğu vaxtlarda da dəfələrlə səhnəyə
çıxıb elə
coşqunluqla dirijorluq
etmişdi ki, hər kəs onu həmişəkindən
də gümrah kimi qavramışdı.
İndi ailədə də
narahatedici məsələlər
vardı, ona görə şəhərdən
çıxa bilmirdi. Məni də ona görə çağırtdırıbmış ki, onun adından orkestrin çıxışından
əvvəl oxunacaq salamlamasını yazım.
Bu, ilk dəfə deyildi.
O da, rəhmətlik Şəmsi
Bədəlbəyli də
ara-sıra məndən
rica edərdilər
ki, hansısa çıxışlarının,
müraciətlərinin, məktublarının
mətnini yazım.
Ramiz Zöhrabovgil hazır
mətn də gətiriblərmiş. Ancaq
Maestro qəbul etməyibmiş,
"Rafaeli çağırın,
o gəlsin, birlikdə
hazırlayaq", - deyibmiş.
O gün haradan biləydik ki, bu, Xankəndiyə simfonik orkestrin də son səfəridir və
Maestro özü də
kədərli son səfərin
astanasındadır - az
sonra avqustun 2-də ondan əbədi ayrılacağıq.
Saat 10 radələrində orkestr
Xankəndiyə yola düşdü və yenə saatlar boyu Maestro ilə birgə olduq. Dedi ki, mənim orkestrlə Xankəndidə
hər ay konsertlər
verməyimin təşəbbüskarı
Heydər Əliyev olub. Bir dəfə ona da Natəvan xanımla bağlı ailə xatirəsini danışdım, ani fikrə
getdi, təklif etdi ki, Xankəndi elə yerdir, orada həmişə daha qabarıq görünmək lazımdır.
Yaylarda ora orkestrlə gedin, həm də bacardıqca orkestri geniş tərkibdə aparın, qoy daha möhtəşəm,
daha təntənəli
görünsün. Bir neçə
gün qalın, konsertlər verin. Həm orkestrin musiqiçiləri istirahət
etsinlər, həm də bu səfərlərin
orada insanlara çox təsiri olar. Niyazi bunu
da deyirdi ki, Heydər Əliyev xüsusi vurğuladı: "Bu təsir
yalnız sənət
təsiri də olmayacaq!" (Bir daha xatırladıram ki, mənim
Maestrolu saatlarım onlarla maqnitofon kasetinin yaddaşında əbədiləşib, ara-sıra
onlardan parçaları
Azərbaycan radiosunda
"Axşam görüşləri"
verilişində səsləndirirəm
və bu yazdıqlarımı da sözbəsöz
həmin lentlər sırasından dinləyib
kağıza köçürürəm).
Maestro Heydər Əliyevə yalnız dərin sayğı bəsləmirdi,
həm də onu qəlbən sevirdi. Eyni münasibəti
də ona elə Heydər Əliyev göstərirdi və yüz cür rəğbətlərin,
qısqanc yanaşmaların
hökm sürdüyü
mürəkkəb sənət
mühitinin neçə
sərt və soyuq dalğasından Heydər Əliyev Niyazini dəfələrlə
qorumuşdu.
Köhnə "Kölgələr sürünür" filminin
adını son görüşlərimizdən
olan həminki gündə Maestro qəfildən,
orkestrin Xankəndi səfərlərinin təşəbbüskarının
Heydər Əliyev olduğunu söyləyəndən
sonra sanki mətləbə dəxli
olmadan yada salmışdı:
"O filmə, yəqin,
baxmısan. Rejissorları
İsmayıl Əfəndiyevlə
Şüa Şeyxov idi. Əvvəl mənə demişdilər
ki, filmin musiqisini yazım. Mənim o dövrdə işim həddən ziyadə çox idi, səfərlərim vardı,
məsləhət bildim
ki, Rauf Hacıyev yazsın".
Və
Maestro əlavə etmişdi
ki, o filmin adı mənə rəmzi görünür. Mənim
də həyatım boyu sağımda-solumda çox kölgələr
sürünüb. Amma Heydər
Əliyevin yan-yörəsində
həmişə millətimiz
üçün təhlükəli
olan kölgələr
sürünüb. Erməni
kölgələri. Biləsən,
Heydər Əliyev Birinci gələnədək
onlar Xankəndidə,
Dağlıq Qarabağda
nə fitnələr törədirdilər.
O vaxt bilmirdim, indi bilirəm. Çünki çox həqiqətlərin dilə
gətirilməsi, yazılması
o vaxtlar elə yasaq kimiydi. İndi isə arxivlərin dərinlərinə getdikcə
bir çox insanlarımıza erməni
məkrinin hələ
də bəlli olmayan çox təfərrüatlarından xəbər
tuturam, həmin kabusla - erməniçiliyin
löyün-löyün kölgələriylə
mübarizələrdə millətimizi,
yurdumuzu qorumuşlara ürəyimdən minnətdarlıq
hissi keçir. Söz yox, o sırada Heydər Əliyevin yeri və xidmətləri müstəsnadır.
Və dünyagörmüş, XX əsrdəki
keşməkeşli tariximizin,
Azərbaycana qarşı
erməni irticalarının
çox səhifələrinə
alt və üst qatlarıyla yaxşı bələd olan Maestro Niyazi Heydər Əliyevin müdam həmin kölgələrlə
mübarizələrdə olduğunu
söyləyəndə nə
qədər haqlıymış!
Çox
gerçəklərdən xəbərsizikmiş!
...1972-73-cü
illərdə zahirən
əvvəlki vaxtlara nisbətən daha dingildəmirdilər. Artıq
Heydər Əliyev respublika rəhbəri olaraq kimliyini, hansı gücün daşıyıcısı olduğunu
hər kəsə anlada bilmişdi. Erməniçiliyin də
hər üzünə
aşina olduğundan onları daima diqqətində saxlayırdı
və erməniçi
siyasəti qıraqdan
idarə edən əllər də, içəridəki cızıqdan
çıxmağa həvəslilər
də özlərini xeyli yığışdırmışdılar.
Amma tamam susmuşdular
da demək olmaz. Altdan-altdan işlərini də görürdülər,
içərilərinin irinini
boşaltmağa münasib
girəvə də arayırdılar. Bütün
istiqamətlər üzrə
daimi nəzarət olduğundan erməniçiliyin
onsuz da heç vaxt biryolluq yatmayacaq köpü azacıq nəzərə
çarpınca Heydər
Əliyev onu anındaca yatırmağı
bacarırdı. Ona görə
də heç bir təhrikçi, qızışdırıcı cəhdləri fəal hərəkət mərhələsinə
gəlib çatmır,
alışmağa macal
tapmamış söndürülürdü.
XX yüzil içərisində
erməniçiliyin Azərbaycandakı
fəsadlı tərpənişlərinin
bütün illər üzrə tarixçəsi
sadəcə hadisələri
sıralamaqla yazılarsa,
əyan olar ki, bu şərin ən süst dönəmi, onların qara niyyətlərinin ayaq tutub yerimək
imkanının büsbütün
keyləşdirildiyi vaxt
kəsiyi elə Heydər Əliyevin respublikaya başçılıq
etdiyi 12 ildir. Ona görə də həm Heydər Əliyev Moskvaya aparılanda sevinirdilər
ki, burada nisbətən
əl-qolları açılacaq,
ikiqat bayramlarını
onda etdilər ki, Heydər Əliyev Kremldən ayrıldı və erməniçilik də qarşısını
kəsən dağın
kənarlaşdığını görüb var gücü
ilə hərəkətə
keçdi.
1972-ci il idi. Avqustun 4-də Qarabağa növbəti elmi ezamiyyətdən qayıtmış tarixçi-arxeoloq
alim, Ağdamdakı Gavurqala
arxeoloji dəstəsinin
rəisi Rəşid Göyüşov Elmlər
Akademiyası Tarix İnstitutunun direktoru Cəmil Quliyevə Ağdərə (o vaxt Mardakert adlandırılmışdı)
rayonunda şahidi olduğu hadisə ilə bağlı təşvişli məktub
yazmış, həmin
məktub da akademiyadan
dərhal Mərkəzi
Komitəyə, Heydər
Əliyevə ünvanlanmışdı.
Niyə
Heydər Əliyev dönəmində erməniçilik
başını çox
qaldıra bilmirdi sualının əsas cavablarından biri məhz artıq belə bir iş
üslubunun bərqərar
olması idi. Ayrı-ayrı sahələrdə
səlahiyyət sahibi
olan məmurlara bir düstur kimi aydın idi ki, belə incə məsələlərlə
bağlı istənilən
məlumat son qərarın
verilməsi, zəruri
göstərişlərin alınması
üçün hökmən
Heydər Əliyevə
yönəldilməlidir.
Heydər
Əliyevin də həmişə baş verə biləcək hadisələrdən bir addım qabaqda olması ondan irəli gəlirdi ki, həssas məsələlərin
heç biri ilə bağlı verilməli olan qərarı sonraya saxlamırdı, anındaca
nə etməli olmasının yolunu nişan verirdi.
Rəşid Göyüşov yazırdı
ki, bu il rəhbərlik
etdiyi ekspedisiyanın üzvləri Alban katolikosluğunun
mərkəzlərindən biri və xarabalığı
Ağdərə rayonunun
Vəngli kəndi ərazisində qalan, Mehranilər sülaləsinin
nümayəndəsi Həsən
Cəlalın XII əsrdə
inşa etdirdiyi Qandzasar (əslində Gəncəsər) məbədinə
gediblərmiş. Abidəyə
baxış keçirərkən
buna şahid olublar ki,
məbədin içərisində,
mehrab hissəsində
Eçmiədzinin baş
katolikosu Vazgenin və Andronikin şəkilləri bir neçə yerdən asılıb. Bunu da müşahidə etmişdilər
ki, abidənin içərisində
xüsusi qurbangah düzəldilib və nəzir toplanılır, ziyarətə gələnlərdən
ötrü ayrıca mağar da qurulub, nəticədə alban mədəniyyətinin nümunələri
olan freskalar məhv edilir, qədim alban kilsəsi dağıdılır.
Dağlıq Qarabağ
Muxtar Vilayəti rəhbərliyinin bura guya mədəniyyət abidəsinə nəzarətçi
kimi təyin etdiyi, bundan ötrü dövlətdən
məvacib alan şəxs də burada toplanan nəziri şəxsi gəlir mənbəyinə
çevirib. Arxeoloqlar
həyəcan təbilini
ona görə çalırdılar ki, əvvələn,
tarixi alban abidəsi erməniləşdirilir,
ikincisi, bu məbəddəki alban mədəniyyəti izləri
məqsədli şəkildə
yox edilir və nəhayət, bu məkan üzdə
dini, amma batində təhlükəli
siyasi məqsədlər
üçün fəal
şəkildə istifadə
edilməkdədir. Məktubun
izi ilə dərhal Ağdərə
rayonuna yazılanların
doğruluğunu və
abidə ətrafında
cərəyan edən
gedişatı araşdırmaqçün
xüsusi komissiya göndərmişdi. Komissiya
rəyini təqdim edincə məsələ
ləngimədən Mərkəzi
Komitənin Büro iclasına çıxarılmışdı.
Avqustun
15-də artıq mötəbər
komissiya Ağdərədə
idi ki, Vəngli kəndinin məzarlığında
yerləşən Qandzasar
məbədini və çevrəsini təhqiq
etsinlər. Rəşid
Göyüşov məktubu
avqustun 4-ü tarixi ilə imzalayaraq öz institutunun direktoruna təqdim etmişdisə, təbii, bu müraciətin gəlib Heydər Əliyevin masasının
üstünə çatması
bir neçə gün çəkmişdi.
Ancaq artıq üstündən həftə
ötüncə rəsmi
Bakının təmsilçiləri
hadisə yerində idilər. Elə bilirsiniz 1980-ci illərin sonlarında Qarabağda erməni irticalarının
qarşısını almaq,
çatılan ocağa
alışmamış su
səpmək olmazdı?
Əlbəttə ki, mümkün
idi. Qəlibi - Heydər Əliyevin adi bir məktuba
belə ani reaksiyası.
İstəyirsənsə ki, sənin ərazində, sənin təsərrüfatında,
hətta sənin ailəndə daimi nizam olsun, gərək yüyəni həmişə
əlində saxlayasan,
heç vaxt arxayınlaşıb sayıqlığını
itirməyəsən.
Gəlib
görmüşdülər ki, Qandzasar məbədinin həyətində yeməkxanaya
bənzər bir tikili ucaldıblar. Özünü məbədin
baxıcısı elan etmiş
Rəşid Mkrtçyan
adlı bir nəfər məbədi,
tarixi abidəni döndərib edib fəaliyyətdə olan kilsə. Həm də o erməni burada köçlü-külfətli
yerləşib - arvadı
Firuzə, qızı,
onuncu sinif şagirdi Bülbül, oğlu, səkkizincidə
oxuyan Murad da (siz arada Mkrtçyan ailəsinin bizdən mənimsədikləri adlara
da fikir verin. O boyda alban abidəsini
qəsb edərək erməniləşdirməyin müqabilində
əslində belə
mənimsəmələr nədir
ki!) elə burada düzəltdikləri evdə
yaşayırlar.
Bakıdan gələn nəzarətçilər
baxırlar ki, akademiyadan
gələn məktubda
hələ az yazılıbmış. Buranı
döndərib ediblər
yaxından-uzaqdan, o cümlədən,
Ermənistandan gələnlərin
tez-tez görüşdüyü
məkan. Üzdə guya ziyarətgahdır. Hətta ərazidə qəssabxana da düzəldiblər
ki, qurbanlıq adı
ilə gətirilən
heyvanlar kəsilsin.
Bir yanda neçə çəllək şərab,
xörək bişirməkçün
ayrıca mətbəx.
Məbədin mehrab bölümündə Birinci
Vazgenin iki portreti, onun yanında Azərbaycan xalqının cəlladlarından
olmuş qaniçən
qatil-general Andronik Ozanyanın portreti, bunun da sağında guya ermənilərin 301-ci
ildə xristianlığı
qəbul etməsinin səbəbkarı Qriqorinin
portreti və Eçmiədzinin müxtəlif
fotoları. Qeydlər
kitabını, Yerevanda
buraxılan (sovet dövründə!) "Müqəddəs
Eçmiədzin" jurnalının
məbəddəki nömrələrini
vərəqləyəndə komissiya üzvlərinə
bəlli olur ki, bura Ermənistanın da, Azərbaycanın da müxtəlif
şəhər və
kəndlərindən adamlar
gəlir.
Komissiya
üzvləri buna da fikir
verirlər ki, dağlı-kəsəkli
məkanda, dağ ətəyində yerləşən
bu məbədə, nə qədər çətin olsa da, Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyi qeyri-rəsmi
3 kilometr uzunluqda yol da çəkdirib, halbuki ətrafdakı digər kəndlərdə
ehtiyac da olsa, belə iş görülməyib. Axırıncı
dəfə buradakı
mütəşəkkil toplaşma
aprelin 24-də baş
veribmiş. Ermənilərin
özlərinə soyqırımı
kimi elan etdikləri tarixdə. Qaydalara görə, ibadətlər,
dini ayinlər bunun üçün rəsmən müəyyən
edilmiş və icazəsi verilmiş yerlərdə keçirilə
bilər. Qandzasar məbədi isə Azərbaycanın tarix-mədəniyyət
abidələri sırasında
yer alan və dövlət tərəfindən qorunan
məkan idi. Əlbəttə ki, bu yerin bu təhər
istifadəsinin arxasında
erməni lobbisinin uzaqlardan buralara uzanan və erməni kəşfiyyatının
əli vardı. Vaxtaşırı Qandzasara
yığışaraq qatı
millətçi, siyasi
mahiyyətli müzakirələr
aparmaq, təlimatlar almaq, erməniçiliyin Azərbaycanda zəhərli
rişələrini daha
içərilərə uzada
bilməsi üçün
tədbirlər tökməkdən
ötrü burada icra edilən mərasimlər, dini ayinlər, ibadət bir pərdə, diqqət azdırmaqçün
oyun idi. Araşdırmaların nəticəsi
olaraq Teymur Əliyev və Fikrət Əhmədovun imzası ilə hazırlanmış, Qandzasar
məbədində çəkilmiş
fotoların da əlavə
edildiyi arayış Heydər Əliyevə sentyabrın 8-də təqdim
edilincə məsələ
Mərkəzi Komitənin
Büro iclasına çıxarılır.
Heydər
Əliyev nəyi necə etməyin mahir ustası idi və digər
təfərrüatları bir
kənara qoyaraq mətləbi istiqamətləndirir
sovet qanunçuluğunun
pozulmasına. Büronun
qərarında göstərilir
ki, Sov.İKP MK-nın
"Əhalinin ateist tərbiyəsinin gücləndirilməsi"
adlı 1971-ci il 16 iyul
tarixli sərəncamına
uyğun olaraq Azərbaycan KP MK da 1972-ci ilin
2 fevralında "Dini ayinlər
barədə sovet qanunçuluğunun pozulması
və dini qalıntılarla mübarizənin
gücləndirilməsi haqqında"
ayrıca qərar qəbul edib, həmin sənədlərin
icrası ilə respublikanın müxtəlif
rayonlarında da ciddi iş aparılıb. Və ilanı Seyid Əhməd əli ilə tutur. Məsələ MK bürosuna o şəkildə
çıxarılır ki, zahirən burada heç bir milli maraq güdülmür, sırf sovet dövlətinin din siyasəti
ilə bağlı törədilmiş əyintilərinin
aradan qaldırılması
hədəfdir: "Mardakert rayonunda dini ayinlər barədə sovet qanunçuluğunun kobud şəkildə pozulması
haqqında". Mülazirələrə
əsasən Büronun
da belə bir qərarı çıxarılır
ki, Qandzasar məbədi
ətrafında baş
vermis qanun pozuntuları
Moskvanın və Bakının daha əvvəllərdə qəbul
etdiyi sərəncamlara
müvafiq olaraq məhz Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsi tərəfindən
aradan götürülsün.
Yəni qərarda nə tarixi alban abidəsini həyasızca mənimsəyərək
erməniləşdirməkdən bəhs edilir, nə Vənglidə din qılafına bürünərək
hansısa gizli siyasi, şovinist məclislərin qurulmasına
işarə edilir. Motiv: sovetin qurduğu qanunlar pozulur, imkan verməyin belə davam etsin.
Və Büronun qərarında onsuz da yerinə yetirilməli olan bir öhdəlik altı cizilərək vurğulanır: Qərarın
icrası haqda Mərkəzi Komitə Bürosuna hesabat təqdim edilsin.
Heydər
Əliyev miqyaslı düşünən insan
idi. Bir hadisənin içərisində hansı
bənzər vaqiələrin
çəyirdəyinin gizləndiyini
də, zahirən xırda sayıla biləcək bir olayın ardında hansı daha əhatəli arzuolunmaz təxribat və iğtişaşların dayanmasının
mümkünlüyünü də öncədən görmək və hesablamaq bəsirətliliyində
idi.
Altıncı hissi ona pıçıldayır ki, yenə
vilayət və ətrafında erməniçiliyin
dirçəlmə ehtimalı
var, artıq dəbərişirlər.
Odur ki, respublikanın
hüquq mühafizə
orqanlarına müfəssəl
araşdırmalar aparmaq
göstərişi verir.
Daxili İşlər
Nazirliyinin komissiyası
bir tərəfdən,
Baş Prokurorluğun
araşdırma qrupu o
yandan gedib otururlar Xankəndidə, başlayırlar aylar boyu Dağlıq Qarabağ Muxtar Vilayətində çoxlarının
yuxusunu qaçıracaq
təftişə. Söz
yox, Dövlət Təhlükəsizlik Komitəsi
də, öz növbəsində, ona məxsus üsullarla araşdırmalarını başlatmışdı.
Ağdərədəki məbəd
ətrafındakı məsələyə
əlüstü reaksiya
verilərək tezcə
də qərar qəbul edilməsinə rəğmən təhqiqat
qruplarının vilayətdə
araşdırmalar aparması
da, bu məsələylə
bağlı son qərarın
verilməsi də uzadılır. Məqsəd
o tərəfi gərginlik
altında və səksəkə məngənəsində
daha uzun müddətdə saxlamaq idi. Quyruğu qapı arasında olduğundan erməniçiliyin
o səmtə ideyalar ötürməsi, tapşırıqlar
verməsi, millətçilik
dalğasında buyruq
qullarını şitəndirməsi
də xeyli müşkülləşirdi.
Məsələ Mərkəzi Komitə
Bürosunda müzakirəyə
1972-ci il apelin 3-də çıxarılır:
"Dağlıq Qarabağ
Muxtar Vilayəti partiya təşkilatlarının
qanunçuluq və asayişi möhkəmləndirməklə
bağlı işi haqqında".
Heydər
Əliyev danışır.
Onun digər bürolarda olan çıxışları da vaxtilə
nə qəzetlərdə
dərc edilib, nə də dar bir çərçivədəki
iclas iştirakçılarından
savayı o deyilənləri
eşidən olub. Ancaq həmin toplantılarda söylənən
fikirlər respublikanın,
xalqımızın oçağkı
və sonrakı illərdəki yoluna işıq tutub, hansısa maneələri aradan qaldırıb, hansısa təhlükələrin,
bəzənsə lap faciələrin
qarşısını alıb.
Bu iclasların protokolları
və stenoqramları arxivlərə də
"Tam məxfi" qrifi
ilə daxil edildiyindən onların məzmunu ilə uzun müddət sonralar sıradan olan insanlar bir
yana, hətta peşəkar araşdırıcıların
tanış olmasına
icazə verilməyib.
Bütün bunlarsa tarixdir və məhz o səhifələrdə
Heydər Əliyevin də dövlətçi
və siyasətçi
surəti bu gün bizə dolğunluğu ilə görünə bilir.
Dağlıq Qarabağ Muxtar
Vilayəti rəsmən
Azərbaycanın tabeçiliyində
idi, amma erməniçiliyin, lobbinin
ora gizli xətlərlə təsiri
ilə bərabər Moskvanın da özünəməxsus
himayədarlığı olmamış
deyildi. Sənədləri
qaldırdıqca, olub-keçənləri
indinin açdığı
imkanlar müstəvisində
araşdırdıqca o da sezilir
ki, Azərbaycan rəhbərliyinin
respublikanın ayrılmaz
parçası olan bu bölgənin idarəçiliyindəki müstəqilliyinə
açıq və üstüörtülü maneələr
də yaradılıb,
müəyyən məhdudiyyətlər
də qoyulub. Çünki o araşdırmalar
ki indi aparılmışdı,
ayrı-ayrı epizodları
ilə vilayət idarəçiliyində müəyyən
özbaşınalığın, hansı həddəsə
ərköyünlüyün, hətta cəzasızlığın
hökm sürdüyünü
açıqca göstərirdi.
Belə bir imtiyazı isə vilayət rəhbərliyinə
yaratmaq iqtidarı Moskvada idi.
Heydər
Əliyev Bürodakı
çıxışını oradan başlayırdı
ki, belə yoxlamalar
ilk deyil, daha öncə Azərbaycanın
digər yerlərində
də oxşar araşdırmalar aparılır.
Bu, ilk növbədə Moskvaya
bir mesaj kimi qavranılır ki, yəni belə yerli-yataqlı araşdırmanın
aparılmasında Dağlıq
Qarabağla, ermənilərlə
əlaqədar hansısa
qərəz, qapalı
məqsəd yoxdur:
"Biz bir sıra konkret qərarlar qəbul etmişik ki, onlara əsasən ayrı-ayrı partiya təşkilatları və
inzibati orqanlarımızın
əməkdaşları sərt
və ədalətli cəza almışlar. Hətta biz Sabirabad kimi rayonun bütün
rəhbərliyini və
inzibati orqanların başçılarını cinayətkarlığa
qarşı əsl mübarizə apara bilmədiklərinə görə
tam halda işdən kənarlaşdırmağa da getmişik.
Bizim Bakı partiya təşkilatının
inzibati orqanlarının
cinayətkarlığa qarşı
mübarizəsi işinə
geniş və prinsipial qərarımız
olub. Son illərdə
Azərbaycan KP MK-nın
bəhs edilən məsələlərlə bağlı
möhkəm mövqeyini
yetərincə əks
etdirən başqa qərarlarımız da olub.
Dağlıq Qarabağa bağlı
bu məsələ planlaşdırılanda mən
ora xüsusi briqadanın göndərilməsinin
və məsələnin
Büroda müzakirəyə
çıxarılmasının tərəfdarı deyildim.
Çünki bu qənaətdəydim ki, orada
ayrıca nüfuzlu partiya təşkilatı
var və onlar özləri vəzifələrini
başa düşməli,
məsuliyyətlərini dərk
etməli, ölçü
götürməlidirlər. Ancaq oradan gələn
siqnallar narahatlıq doğururdu və biz bu məsələni Büroya çıxarmağa,
yerdə vəziyyəti
lazımınca öyrənməyə
vadar qaldıq. Bunun özü Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsində və onun raykomlarında işin aşağı səviyydə olmasından,
inzibati orqanların fəaliyyətinin qeyri-qənaətbəxşliyindən
xəbər verir. Eyni zamanda, vilayət
partiya komitəsi və onun birinci
katibi Melkumyan yoldaşın belə vəziyyətlə barışmaları,
illah da ciddi qüsurlara belə laqeyd münasibəti təəccüblüdür".
Araşdırmalar həqiqətən heyrət
doğuran əcaib cinayət lövhələrini
üzə çıxarmışdı.
Ancaq aşağı-yuxarı
belə cinayətlər
başqa bölgələrdə
də olurdu, hüquq mühafizə orqanlarının Cinayət
Məcəlləsinin maddələri
arasından sivişib
keçməklə (təbii
ki, bunun müqabilində
müəyyən maraqları
ödənilməklə) cinayətkarlara
havadarlıq etmələri
ilk dəfə vilayətdə
rast gəlinən hadisə deyildi. Ancaq buradakı miqyaslar büsbütün
başqa idi.
Son 5 ildə - 1967-1971-ci illər
arası vilayətdə
cinayətkarlıq durmadan
artırmış və
1967-də 1 ilə düşən
cinayətlərin sayı
255 imişsə, bu rəqəm 1971-də 317-yə yüksəlmişdi. 1971-ci ilin
eyni dövrünə
nisbətləsə 1972-də cinayətkarlığın artımı
17 faiz idi.
Səbəb, əlbəttə ki, vilayətdə cinayətkarlığın
artımına yaradılan
münbit mühit idi. Məqsədli şəkildə, planlı
olaraq. Bunun tapşırığı
da Yerevandan, ora da qıraqlardan gəlirdi. Həmin cinayətləri törədənlərin, belə
bir mühiti formalaşdıranlarım arasında
da gəlmələr az
deyildi.
Heydər
Əliyevin iti kəşfiyyatçı, təhqiqatçı
gözləri, əlbəttə
ki, bu rəqəmlərin
təkində məkrli
qüvvələrin gələcək
qatışıqlıqlar üçün
zəmin hazırlamaq niyyətlərini də sezməyə bilməzdi.
Bu araşdırma və
ifşaları gerçəkləşdirmək
bir neçə il sonra yada düşsəydi,
kök daha dərinlərə işləyəcəkdi,
bəlkə də artıq metastaz başlanacaq və bir çox yeraltı axınların qarşısını almaq
mümkünsüz olacaqdı.
Heydər
Əliyev bəlli bir gerçəyi dilə gətirirdi ki, vilayət başqa rayonlarla müqayisədə
daha əlverişli vəziyyətdədir. Qeyd
edirdi ki, vilayətdə
vilayət, şəhər
partiya təşkilatının,
müvafiq olaraq daxili işlər, prokurorluq, məhkəmə
və digər orqanların əməkdaşlarının
sayı başqa rayonlarla tutuşdurarkən
adambaşına düşən
kadr miqdarından daha artıqdır.
Bu, belə idi, həmişə belə olmuşdu, onlara nəvazişli münasibət
bütün istiqamətlər
üzrə, o sıradan
vilayətin ən çeşidli təminatları
baxımından da daim
ortada idi və 1980-ci illərin sonlarında yenə baş qaldıranda, guya onların yaşayış şəraiti
və şərtlərinin
Azərbaycanın digər
bölgələrinə nisbətən
aşağı olduğunu
iddia edəndə gözlərinin içinə
kimi yalan danışırdılar, bu
naşükürlərin iddialarına
rəğmən əsl
vəziyyət tam əksinə
idi, bütün bölgələrimizə nisbətən
orada təminat baxımından heç bir korluq çəkilmirdi.
Bu yoxlamaların ən əhəmiyyətli cəhətlərindən
biri bu idi
ki, vilayətdə illərcə
məqsədli şəkildə
bəslənib şişirdilən,
oliqarxlaşdırılan, dəfələrlə
cinayətlər törədərək
yüksək vəzifələrdən
çıxarılsalar da, sirli
şəkildə həbsdən
kənarda qalan, yenə daha başqa yağlı vəzifəyə gətirilən
bir dəstə ünsür, axırı
ki, məhkum edilirdi.
Bunlar gələcəkdə planlaşdırılması,
həyata keçirilməsi
düşünülən iğtişaşlarda pul kisəsi olacaq şəxslərdir ki, belə
xidməti 1967-ci ilin Xankəndi hadisələrində
də göstərmişdilər,
həmin zümrədən
olan pul dağarcıqları elə
1988-ci illərin sonlarında
da məlum əməllərinin
ardınca idilər.
Qanunsuzluqların alabəzək palitrası
hazırlanmış arayışlarda
müfəssəl əksini
tapmışdısa da, Heydər
Əliyev Bürodakı
çıxışında onların elələrini qabardırdı ki, məhz
həmin hadisələrdə
erməni ekstremizmi əyaniliyi ilə zühur eləyirdi. Həm də Moskva canişini, MK katibi Sergey Kozlovun üzv olaraq iştirak etdiyi Büroda Heydər Əliyev bu qəbil məsələlərdən
bəhs edərək ayrıntıları açıqlamaqçün
öncə DTK sədri
Vitali Krasilnikova söz
vermişdi.
İndi özü iclasa yekun vurarkən erməni terrorizminə dəlalət edən belə faktları vilayətin erməni rəhbərliyinin ört-basdır
etməyə səy göstərmiş olduğuna
diqqəti cəlb edirdi: "Mehmanxananın qarşısında qumbara
partladılıb və
elə qələmə
verməyə çalışıblar
ki, guya az qala ölən elə qranatı partladanmış. Bu versiyanı
Dağlıq Qarabağ
Muxtar Vilayətinin Daxili işlər idarəsi irəli sürüb. Buna respublika daxili işlər nazirinin və respublika Baş prokurorunun müavinini də inandıra biliblər. Biz Tərtərdə
olanda onlar da gəlmişdilər və
dedilər ki, artıq
qumbaranı kimin partlatdığını müəyyənləşdiriblər.
Guya bu, bədbəxt hadisəymiş.
Birincisi, qranat haqqında elementar təsəvvürü olan
heç bir kəs bu ehtimalı
heç cür qəbul etməz. Bu versiyanı işi bağlamaq üçün
uydurmuşdular. Mən
dərhal bu versiyanı irəli sürənləri tənbeh
etdim və sonra neçə illər ərzində cinayətkarlıqla baş
girləyən bir dəstə adam aşkarlandı. Respublikanın
tanınmış həkimini
öldürürlər, bunlarsa
sübuta yetirirlər
ki, guya o, özünə
qəsd edib".
Nə hadisə idi bu, kim idi
həmin cinayəti törədən, ya törədənlər?
Gələcəkdə Sumqayıt hadisələrinin başlanğıcında
mərkəzi fiqurlardan
olan, xüsusi amansızlıqla qanlı
cinayətlər törədən
və sonra da sovet KQB-si tərəfindən
hətta həbsxanada belə qorunan Eduard Qriqoryan tipli bir neçəsini o vaxt Dağlıq Qarabağda da gələcək
qatışıqlıqlar üçün
yetişdirirmişlər.
"Pışka" ləqəbli
Rafiq Danielyan 1971-ci ilin
iyununa qədər bir yığın ağır cinayətlər
törədibmiş və
mübhəm bir tərzdə hey azadlıqda
qalırmış. 1971-ci ilin
iyun ayının 18-də
axşam saat 21:40-da
Rafiq Danielyan Xankəndidə,
"Qarabağ" mehmanxanasının
qarşısında qumbara
partladır və 4 azərbaycanlı müəllim
- B.Əliyev, T.Heydərov, K.Hacıyev və H.Həsənov ağır yaralanır, daha bir nəfər
- Q.Əliyev xəstəxanada
keçinir. Sonrakı
araşdırmalar göstərir
ki, bu R.Danielyan
daha əvvəllər
də azərbaycanlılarla
dava etdiyinə görə iki dəfə məsuliyyətə
cəlb edilibmiş. Yəni onun bu hadisəni törətməsini guya təsadüf kimi yozmaq heç ağlabatan olmasa da, vilayətin hüquq mühafizə orqanları
R.Danielyanı sudan quru çıxarmaqçün
guya qumbaranı elə vəfat edənin özünü öldürmək məqsədilə
partlatdığını bildirmiş,
hətta saxta sübutlarla DİN və Baş Prokurorluğu da bu versiyaya inandırmağa
nail olmuşdular.
Həmin
Rafiq Danielyanın böyük
qardaşı, "Caqa"
ləqəbli cinayətkar
Albert Danielyan 1967-ci ildə
azərbaycanlılara qarşı
Xankəndi qətlləri
və iğtişaşında
əsas təşkilatçılardan
biri olmuşdu, güllələnməyə məhkum
edilsə də, Moskvanın təkidi ilə bu cəza
15 il həbslə əvəz
edilmişdi. Özünün
də, qardaşının
da kimliyi vilayət milisinə gözəlcə
bəlli olan R.Danielyan da, cinayəti onunla birgə törətmiş
V.Ağacanyan, M.Akopyan,
K.Dadayan da iyunun 23-də
daxil olan müraciətlərə əsasən
saxlanılsalar da, guya
əsaslı sübutlar
olmadığından sərbəst
buraxılmışlar.
Yalnız
bu cinayətlər silsiləsinin araşdırılmasına
DTK və Baş Prokurorluq başlayandan sonra hər 4 cani məsuliyyətə cəlb edilmiş, istintaq əsnasında bu da müəyyən edilmişdi ki, bunlar 1970-ci
ilin avqustunda biri tanınmış həkim olmaqla daha iki nəfəri
qətlə yetiribmişlər.
Hələ arada R.Danielyan bir
nəfəri bıçaqlayıbmış
da. Vilayət daxili işlər idarəsinin, vilayət prokurorluğunun
həmin cinayətləri
araşdırmış və
sübutlar olmadığına
görə xətm etmiş, R.Danielyanla
bağlı hətta protokol belə tərtib etməmiş müstəntiqlərinin, təhqiqatçılarının
adları bəlli idi. Sual verirdilər
ki, bu şəxslərin
cinayətlər silsiləsinin
elə o silsilə uzunluqda sübutları olduğu halda niyə heç bir tədbir görməmisiniz, niyə
belə hərəkət
etmisiniz? Gözlərini
döyürdülər. Bu sualların cavabları sözsüz də aydın idi, onlar da eyni cinayətkar
şəbəkənin üzvü
idilər, necə ki,
1967-ci il Xankəndidəki qırğında
da vilayət hüquq mühafizə orqanlarının
bir çox erməni əməkdaşı
azərbaycanlılar əleyhinə
qarşıdurmada qatillər
və asayiş pozucuları ilə yan-yana idilər.
...Azərbaycan KP MK-nın
1972-ci il aprelin 3-də baş
tutan və əks-sədası Dağlıq
Qarabağ Muxtar Vilayətindəki hüquq
mühafizə orqanlarında
aparılan təmizləmələrdən
bilinəcək Büro
iclasından sonra Heydər Əliyev 11 maddədən ibarət qərar imzalayır. Dəqiq vaxt da qoyulur ki, bu sağlamlaşma, islaholunma,
səhvlərdənqurtulma işlərinə
1973-cü il noyabrın 1-dək əncam çəkilsin. Həmin Büro iclasınadək vilayətdə
aparılan yoxlamalar, Büroda vilayət rəhbərliyinin iştirakı
ilə gedən müzakirələr, ardınca
Dağlıq Qarabağ
Muxtar Vilayəti Partiya Komitəsinin plenumunda bu mövzuya
əsaslı şəkildə
qayıdılması vaxtında
və ustalıqla görülmüş qabaqlayıcı
tədbirlər kimi müəyyən nizam yaradır
və 1967-ci il qarışıqlıqlarından
sonra yenə gizli-gizli təşkilatlanmağa
başlayan qara qüvvələri pərən-pərən
salır. Ancaq müəyyən vaxt keçəcək, kənardakı
dirijor çubuğu yenə düşəcək
işə, yenə sürünən kölgələr
başlayacaq xosunlaşmağa,
məhz o əsnada növbəti dəfə təzyiqi artmağa başlayan damarlardan elə bu sayaq
qan almağa ehtiyac yaranacaq.
1980-ci illər asta-asta irəliləyəcək, erməniçilik
kabusu da vilayətdə
təzədən ətə-qana
dolmağa başlayacaq.
Burada - Heydər Əliyevsiz Azərbaycanda əli-qolu açılmış
erməniçilik orada
- Heydər Əliyevli
Kremldə də qarşılarındakı başlıca
maneəni dəf etməkçün bütün
qüvvələrini işə
salacaqlar.
Ancaq kölgələrin təntənəsi
heç vaxt daimi ola bilməz. Kölgələr hərdən
gendən böyük
də görünə
bilər. Ancaq mahiyyəti sürünməkdən
ibarət kölgələrin
mütləq aqibəti
qaçılmaz məğlubiyyət
və zavaldır.
24 iyul 2023
Rafael Hüseynov
525-ci qəzet.- 2023.- 27 iyul. S. 4-5.