Kinomuzun dərdləri və qayğıları
2023-cü
il Azərbaycan kinosu üçün yubileylər
baxımından əlamətdardır:
milli kinomuzun 125, "Azərbaycanfilm"
Kinostudiyasının 100, Azərbaycan
Kinematoqrafçılar İttifaqının
isə 60 yaşı tamamlanır. Və qarşıdan, avqustun 2-si
Milli Kino Gününün gəldiyini
nəzərə alaraq,
bu kontekstdə bəzi vacib məsələlərlə bağlı
fikirlərimi bölüşmək
istəyirəm.
Ara-sıra mediada, sosial şəbəkələrdə
yaradıcı ittifaqların
cəmiyyətə faydasızlığı,
sözügedən qurumların
qapadılması haqda
polemikalar gedir. Səslənən fikirlərdə
müəyyən haqlı
məqamlar var. Yaradıcı
ittifaqların bəzilərinin
passivliyini, fəaliyyət
göstərdiyi sahədə
proseslərə təsir
imkanlarının minimum səviyyədə
baş verdiyini nəzərdə tuturam.
Lakin yaradıcı ittifaq
işlək mexanizmə
malikdirsə, proseslərə
çevik reaksiya verirsə, xüsusən, ictimai nəzarəti həyata keçirirsə,
onun mövcudluğu zəruridir.
İctimai nəzarətdən söz
düşmüşkən, prezident İlham Əliyev çıxışlarında dəfələrlə
güclü ictimai nəzarətin vacibliyini vurğulayıb. Dövlət
başçısının ayrı-ayrı çıxışlarında
mövzu ilə bağlı dediyi fikirləri bir daha xatırladım: "Mən bir daha
demək istəyirəm
ki, ictimai nəzarət
olmasa, biz istədiyimizə
nail ola bilmərik. İctimai
nəzarət nə deməkdir? Vətəndaşlar
daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla
üzləşəndə bu barədə məlumat verməlidirlər
ki, biz işləri tənzimləyək,
xoşagəlməz halların
qarşısını alaq.
...Bizim üçün böyük əhəmiyyət
kəsb edən bütün layihələrin
icrasında ictimaiyyət
nümayəndələri iştirak
etməlidirlər. Alimlər,
qeyri-hökumət təşkilatları,
mütəxəssislər, media nümayəndələri - onlar
da bu işlərdə
iştirak etsinlər.
Onlar öz təkliflərini versinlər.
Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz
daha rahat gedəcək və xərclərə nəzarət
mexanizmi bir neçə təbəqədən
ibarət olacaq".
İctimai nəzarətin düzgün
qurulması və fəallığı məmurların
qanunlara əməl etməsini, şəffaflığı
və hesabatlılğı təmin
edir, məsuliyyəti
artırır, həllini
tapmayan problemləri aktuallaşdırır.
1963-cü
ildə rejissor Lətif Səfərovun qurucusu olduğu Azərbaycan Kinematoqrafçılar
İttifaqı (AKİ) o vaxt
belə bir zərurətdən yaranmışdı.
1952-ci ildə Moskvada keçirilən kino işçilərinin
ümumittifaq müşavirəsində
Azərbaycanı təmsil
edən nümayəndələrdən
biri Lətif Səfərov kinodakı problemlərdən
cəsarətlə danışır: "Mən əyalətdənəm, bu
əyalət Bakı kinostudiyasıdır. Mən
əyalət adından
çıxış edirəm.
Əyalətdə işləyən
adamlar unudulurlar, əyalət texnika ilə təchiz olunmur. Buna görə də rejissorlar öz fikirlərini bütövlükdə həyata
keçirə bilmirlər.
Onlar artıq inanmırlar ki, nə vaxtsa mərkəzi studiyalarda olan səviyyədəki texnika
ilə film çəkə
biləcəklər. Axı
eyni vaxtda tələbəlik sevincini
yaşamışıq, eyni
partalarda yanaşı
oturmuşuq. Bütün
bunlara baxmayaraq bəzilərimizin hər şeyi var, çoxlarımızın
isə heç bir şeyi yoxdur.
Bizim bazamızda rəngli film çəkmək
cəhənnəm əzabıdır.
Biz pis plyonka, köhnə aparatlar, ləngər vuran ştativlər üzündən
epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz
hadisələri çəkirik,
bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara
necə izah edək, onların gözünün içinə
necə baxaq? Bizim, nəhayət, soruşmağa haqqımız
varmı, hamı üçün eyni şərait nə vaxt olacaq, nə
vaxt?"
Lətif
Səfərovun və
digər respublikalardan
olan kinematoqrafçıların
çıxışları sayəsində SSRİ Nazirlər
Sovetinin qərarı
ilə Kinematoqrafçılar
İttifaqlarının yaradılması
məsələsi reallaşır. O vaxtdan etibarən AKİ həmişə
kinonun problemlərini gündəmdə saxlayıb,
yaradıcı insanların
haqlarını qoruyub, milli kinonun
inkişafı və təbliği yönündə
işlər görüb.
2020-ci ildə qurum kinoda yaranmış vəziyyətlə bağlı
sərt bəyanat qəbul etmişdi. Həmin bəyanatda böhranlı
vəziyyətin əsas
səbəbi kimi Mədəniyyət Nazirliyinin
kadr siyasəti, kinoya məsul şəxslərin qeyri-peşəkarlığı
göstərilmişdi. Məmurların özəl
kino şirkətlərinin inkişafına
diqqət ayırmaması,
birgə istehsalın dəstəklənməməsi, Eurimages Fonduna üzvlüyün həyata
keçirilməməsi, milli və xarici kinematoqrafçıların
yaradıcı əlaqələrinin
yaranmasında rolu olan nüfuzlu "Şərq-Qərb", Audiovizual festivallarının fəaliyyətinin
dayandırılmasını, kinomuzun inkişafında mühüm rol oynayan kino mətbuatının
formalaşmasına lazımi
əhəmiyyət verilməməsini
qeyd edmiş və zəruri təkliflər irəli sürmüşdü.
Bəyanatın, kino ictimaiyyətinin etirazı nazirliyin kinoya məsul məmurları dəyişdirilməsində
rol oyandı. 2020-ci ildə həm Mədəniyyət Nazirliyinin
rəhbərliyinə, həm
kino şöbəsinə yeni kadrlar təyin olundu. Təəssüf
ki, kino şöbəsinə (hazırda Audiovizual və interaktiv media şöbəsi) gənc nəslin gətirilməsi
vəziyyəti yenə
dəyişmədi. Hətta
iş o yerə çatdı ki, kinoproses ölü nöqtəyə
dirəndi, ötən
il bir tammetraj bədii film çəkilmədi,
Türkiyə ilə istehsalı birgə nəzərdə tutulmuş
Qarabağ haqda seriala vəsait ayrılsa da, taleyi naməlum qaldı, "Azərbaycanfilm" kinostudiyası
iflic duruma salındı. Maliyyə nazirinin dəfələrlə vurğuladığı "kino çəkilişinə
vəsait ayrılıb"
fikri kino məmurlarının
səhlənkarlığı səbəbindən həllini
tapmadı. Anar Kərimovun nazir olduğu dönəmdə AKİ yuxarıda
sadalanan problemləri səsləndirərək kinoprosesini
canlı tutmağa, onu ölü nöqtədən tərpətmək
üçün davamlı
layihələr həyata
keçirdi. Hesablama Palatasının ötən
il kino sektorunda pozuntularla
bağlı hesabatına
da münasibətini ilk bildirən
AKİ oldu.
Bu ilin aprelində AKİ sədri, Xalq artisti Rasim Balayevin
Kino Forumdakı çıxışında
tənqidi rakurs və təkliflər medianın xüsusən diqqətində oldu. Rasim Balayev çıxışında
çətin günlərini
yaşayan "Azərbaycanfilm"in,
ideoloji əhəmiyyət
kəsb edən animasiya, uşaq, debüt filmlərinin dövlət dotasiyasında
saxlanılması, kinozalların
artırılması üçün
sahibkarların bu sahəyə investisiya qoyulmasına şərait
yaradılması, dərsliklərin
nəşri, təkmilləşdirici
kursların təşkili,
vergi güzəştlərinin
tətbiqi, bır sıra nazirliklərlə
birgə işçi
qrupunun yaradılması,
Kino Agentliyinin rəhbərliyində
karyeristlərin yox, kinomuzu sevən insanların işləməsi
kimi vacib məsələlərdən danışdı.
AKİ peşəkarların iştirakıyla
silsilə müzakirələrində,
nazirliyin özünü
hermetik çərçivəyə
salmış kino şöbəsini
problemlərin həllinə
və əməkdaşlığa
çağırıb. Müzakirələrdə
serial sektorunun, kommersiya
və müəllif kinosunun, opreratorların,
kino rəssamlarının, ssenaristlərin yaradıcı,
texniki problemləri qabarıdlıb, bu sahələrdəki boşuqlar
vurğulanıb. "Qadın.Müharibə.Kino" mövzusunun kinoda necə işıqlandırılması
peşəkarlarla yanaşı,
Qarabağ müharibəsi
iştirakçısı olmuş
qadınlarla birgə araşdırılıb, ədəbiyyatla
kino araısında sarsılmış
əlaqələrin bərpasını
gündəmə gətirib.
Qarabağ müharibəsi həqiqətlərinin
kinoda ifadəsi və dünyada təbliği məqsədilə
"Qarabağ.İnsan.Qələbə"
tammetrajlı ssenari müsabiqəsi keçirilib
və müsabiqədə
qalib gəlmiş Çingiz Rəzulzadənin
"Alagöz" ssenarisi
Avropanın müxtəlif
kino platformalarında prodüserlərin,
marağına səbəb
olmuş, həmçinin,
Nuri Bilge Ceylanın prodüseri
Zeynəb Atakan bu layihədə birgə əməşkdaşlıq
etmək istədiyini bildirmişdi.
"Mən qadınam" qısametrajlı bədii
film ssenari müsabiqəsinin
keçirməsində məqsəd
isə müasir Azərbaycan qadının
obrazını dolğunluğu
ilə tamaşaçıya
çatdıran ssenarilərin
çoxalması, qadın
müəlliflərinin aktivliyinin
artmasıydı. Yeni adları
üzə çıxarmaq,
xarici kinematoqrafçılarla əlaqəni
möhkəmləndirmək məqsədilə beynəlxalq
festivalları dəstəkləyən
AKİ DokuBaku
Beynəlxalq Sənədli,
ANİMAFİLM Beynəlxalq Animasiya və Sevil Beynəlxalq Qadın Sənədli Filmləri Festivallarının tərəfdaşı,
təşkilati və
maliyyə dəstəkçisidir.
Ssenari və rejissor işinin təməl qaydaları, ideyanı ssenariyə
necə çevirməli
kimi sualları əhatə edən "Qəlbdən qələmə",
ASAN Könüllüləri" təşkilatı
ilə birgə
"Gənc Kinematoqrafçılar"
adlı təlim proqramlarını,
İsveçrə İnkişaf
və Əməkdaşlıq
Agentliyi ilə bərabər "Peşəsi:
ssenarist" qadın müəlliflər üçün
ssenari emalatxanası layihələrini reallaşdırıb.
Film istehsalı AKİ-in birbaşa
öhdəliyi olmasa
da yeni nəsil kinematoqrafçıların
formalaşmasına yardım
məqsədilə (Ülviyyə
Əhmədovanın "Yad adam", Ruslan Mollayevin
"İmtahan" qısametrajlı
bədii,
Amil Amalın "Vulkan üzərindəki ev",
Türkan Hüseynin
"Kapitan və Xəzər dənizi"
sənədli və digərləri) onların
film layihələrinə kiçik
maliyyələr
ayırıb. Və
qurumun Kino Məktəbinin
yetirmələri Elnur
Paşanın "Quyu",
Azər Allahverdiyevin
"Üç yol"
filmləri 11-ci Bakı
Beynəlxalq Qısa Filmlər Festivalının
qalibləri olub.
Kinoşünas və kinotənqidçilərimizin
beynəlxalq tədbirlərdə
iştirakını kinomuzun
dünya kinosuna inteqrasiyası üçün
vacib məqamlardan biri sayan AKİ-in NETPAC film (Asiya Kinosunun İnkişaf Şəbəkəsi)
təşkilatı ilə
əməkdaşlığı çərçivəsində kinotənqidçi Aygün
Aslanlı bu il
24-cü Joenju Beynəlxalq
Film festivalında (Cənubi
Koreya) NETPAC jüri heyətinin sədri seçilib. Digər kinotənqidçi Hacı
Səfərov qurumun
maliyyə dəstəyilə
Avropanın kinematoqrafiya
haqqında ən böyük mətbu orqanlarından olan Cineuropa tərəfindən
təşkil olunan, kinotənqidçilərin bacarıqlarını
inkişaf etdirən GoCritic! Proqramına qatılıb.
Təəssüf ki, yerinə yetirilməyən
Azərbaycan kinosunun
2008-2018-ci illər üzrə
inkişafına dair proqramında əsas hədəflərdən biri
kinotənqidinin inkişaf
etdirilməsiydi. İttifaqın
resurslarında peşəkarlar
üçün nəzərdə
tutulan kinoyazar.az saytı
(kinomuzun təbliği
məqsədilə saytın
ingilisdilli versiyası
da hazırlanıb) yaradılıb.
"Azernyumedia" şirkəti
və "Film aç"
layihəsi ilə kinomuzun təbliğinə
yönəlmiş əhəmiyyətli
kontentlər istehsal edir, ölkədə yeganə akademik analitik kino jurnalı "Fokus"a Mədəniyyət
Nazirliyi ilə birgə təşkilati və maliyyə dəstəyi verib.
Kinodərsliyi və ümumiyyətlə
bu sahədəki nəşr boşluğunu
doldurmaq məqsədilə
ittifaq Azərbaycan dilində Tarkovskinin "Həkk olunmuş
zaman", həmçinin, Nadir Bədəlovun "Kino gözlə
söz arasında", dörd cildlik "Azərbaycan
kino sənəti tarixi", "Həsən
Seyidbəyli: Şəxsiyyət
və yaradıcı",
operator Rafiq Quliyevin uzun
illərin təcrübəsindən
bəhrələnərək yazdığı "Vizual
informasiya daşıyıcıları
və işığahəssas
materiallar", kinoaraşdımaçıları
üçün nəzərdə
tutulmuş "Rakurs"
rüblük informasiya
bülletenləri nəşr
olunub. Bu kitablar da daxil olmaqla, İnqmar Berqmanın "Sehrli fənər", Rober
Makkinin ssenarinin əsaslarından bəhs edən "Hekayə"
nəşrləri tələbələrə,
kinematoqrafçılara pulsuz
paylanıb.
Rejissorların, xüsusən, gənc
kinematoqrafçıların filmlərini geniş auditoriyaya tanıtmaq, onları dəstəkləmək
məqsədilə AKİ onların
ekran işlərinin müntəzəm baxışını
keçirir. Moderator olduğum
film nümayişlərində yaradıcı müzakirələrdən
başqa, dəfələrlə
kinonun problemləri qaldırılıb, gənc
rejisorlar çətinliklərini
səsləndirib, məmurların
iş prinsipləri tənqid olunub. Eyni zamanda İsveç, Fransa səfirliklərinin əməkdaşlığı çərçivəsində dünya klassikasından Berqmanın, Jan Viqonun və digər rejissorların filmləri orijinal versiyada, Azərbaycan subtitrləri ilə nümayiş olunub. Və hər il milli kino günündə
öz dəsti xəttiylə seçilən,
beynəlxalq festivallarda
filmləri nümayiş
olunan kiematoqrafçılara (Hilal
Baydarov, Teymur Hacıyev, Emil Quliyev, İlkin Yusif və digərləri) pul mükafatları təqdim edilib.
...Mədəniyyət Nazirliyinin
yeni rəhbərliyi artıq
kino ilə bağlı
müəyyən addımlar
atır, əvvəlki
rəhbərliklərdən fərqli olaraq, media ilə sağlam münasibətlər qurur.
Amma bütün hallarda
məmurların fəaliyyətini
saf-çürük edən,
ictimai nəzarəti həyata keçirən qurumların mövcudluğu
vacibdir.
Sevda SULTANOVA
525-ci qəzet.- 2023.- 27 iyul. S. 6.