Alim, yazıçı, vətəndaş Vaqif Sultanlı: yaddaşımdakı
portret cizgiləri
(Əvvəli ötən sayımızda)
Vaqif bəyə və İslam
Jemeneyə Quzey Qafqazda tanıdığım
araşdırıcılar haqqında
bilgi verdim. Onlarla danışmağı,
məqalələri orada
yaşayan üç-dörd
araşdırıcıya yazdırmağı
təklif etdim. Təklifim real və gözəl idi. Lakin razılaşmadılar. Çay
içə-içə xeyli
müzakirə apardıq.
Neçə təklif
irəli sürdüm,
heç biri ilə Vaqif bəy razılaşmadı.
Quzey Qafqaz türklərinin ədəbiyyatı
bölümünü mənim
yazmağımı təkid
etdi. İşin ağırlığını bildiyimdən razılaşmadım.
Çayxanadan mən evimə, onlar da işlərinin dalınca getdilər.
Axşam
Vaqif Sultanlı zəng vurdu. Telefonda Quzey Qafqaz türklərinin ədəbiyyatı mövzusunda
iki saatdan çox müzakirə apardıq. Sonda: "Tezdən gəl, İslam Jemeneylə səhər yeməyinə gedək"
- dedi. Razılaşdım.
Süfrə arxasında
söhbət edərkən
Vaqif bəy yazılacaq məqalədən
çox, qonağa hörmətdən, İslam Jemeneyi
əliboş yola salmağın Azərbaycan
üçün yaxşı
olmadığından, türk
xalqlarının birliyi
yollarından danışdı.
Bazar günü olduğundan
söhbətdən ayrılmağa
bəhanə tapa bilmədim.
Yeməkdən sonra çay içməyə başladıq.
Çayniklərin sayının
artmasında səbəb
Vaqif bəyin söhbəti uzatması idi. O, yenə də mənim Quzey Qafqaz türklərinin
ədəbiyyatı məqalələrini
yazmağımı təkid
edirdi. Mən razılaşmır, o isə
əl çəkmirdi.
Son çıxış yolu
kimi məqalələri
birgə yazmağı
təklif etdi. Canımı qurtarmaq üçün razılaşdım.
Amma sözümü də
dedim: "Vaqif bəy, sənin işin başından aşır, mənə köməklik etməyə
fiziki imkanın yoxdur". Dedi: "Sən bir az
ədəbiyyat tap, qaralama
elə, qalanını
mən düzəldəcəyəm".
Ona da razılıq vermədim.
Dedim: "Şərtin
elə məqaləni
yazmaq deməkdir. Məqalə üçün
ədəbiyyatı mən
gətirdim, sən yaz, mən redaktə
edim". Razılaşdı.
Bir neçə aya xeyli ədəbiyyat gətirtdiyimi sevinclə Vaqif Sultanlıya xəbər verdim. O da məni alqışladı.
Dedi: "Xaricə gedirəm, on-on beş günə qayıdacağam.
İş yubanmasın
deyə, sən başla, qayıdanda mən davam etdirəcəm". Dediyinə
inanmasam da, yazmaq məcburiyyətində qaldım.
Təxminən iyirmi gün sonra Vaqif bəyi tapdım. Dedim: "Materialları və yarımçıq yazını
gətirim, işi davam etdir". Cavabı bu oldu: "Qiyabiçi tələbələrin semestri,
magistrlərin diplom müdafiəsi başlayıb.
Dərs yüküm artıb, diplom işlərini oxuyuram, məsləhət verirəm,
rəy yazıram, indi vaxtım yoxdur. Sən yazmağını davam etdir, işlərim azalan kimi köməyinə
gələcəyəm". Yalan demədiyini bilirdim. Sözü elə deyirdi, az qalırdım: "Vaqif müəllim, gətir magistrlərinin diplom işini oxuyum, sənin işin azalsın", - deyəm.
Yay tətili oldu. Vaqif Sultanlını Bakıda deyil, heç Azərbaycanda tapa
bilmədim. Beləcə
qumuq, noqay, qaraçay-malkar ədəbiyyatı
haqqında məqalələri
mənə yazdırdı.
İnsafsız, heç
olmasa, sonda bir dəfə oxumadı da. Qaç-qovla
məqalələri İslam Jemeneyə göndərdim.
Bununla iş bitsə, dərd yarıydı. O, mənə
nəşr etdiyi jurnal üçün
"Uyğurlarda dramaturgiya"
adlı bir məqalə də yazdırmışdı.
Bir gün yenə məni dilə tutdu. Dedi: "Özbək, qazax, türkmən, tatar və başqa türk xalqlar haqqında yazanlar var. Amma azsaylı türk xalqları haqqında gənclər dilimizdə qaynaq tapa bilmirlər. Sən də onların bir çoxu haqqında yazıbsan. Gəl onları bir yerə topla, üzərində yenidən
işlə, "Uyğur,
Qaqauz, Quzey Qafqaz türklərinin ədəbiyyatı və
folkloru" kitabı hazırla. Mən də oxuyub redaktə edim". Nə qədər boyun qaçırmağa çalışsam da, mümkün
olmadı. Dəfələrlə
təkiddən sonra onun dediyi kimi
elədim. Kitabı hazırladım. Kitab nəşr
olundu da. Amma yenə Vaqif müəllimin kitabı oxuyub redaktə etməyə vaxtı olmadı.
lll
Vaqif Sultanlı ilə 2007-ci il
may ayının 16-20-də Almatı şəhərində
keçiriləcək Birinci
Uluslararası Qazaxıstan
və Türkiyənin
Ortaq Dəyərləri
Simpoziumuna getmişdik.
Mən Talqara gedəcəyimi, orada yaşayan axısqalılarla
görüşəcəyimi, Xəstə Hasanla bağlı material toplamağa
çalışacağımı dedim. Sağ olsun, məni tək qoymadı. Almatı ilə Talqarın arası təxminən səksən
kilometrə yaxın idi. Xalq Cəbhəsindən
tanıdığım, təqiblərdən
qaçıb Almatıda
özünə iş
qurmuş Elçin Abbaslının kirayələdiyi
"Mersedes"lə Talqara
yol aldıq.
Maşın təzə, yollar
rahat, uyğur sürücü də şirindil. Üstəgəl,
Vaqif bəy kimi zarafatcıl, ikibaşlı danışmağı
sevən bir yol yoldaşın ola.
Harada ciddi danışdığını,
harada zarafat etdiyini müəyyənləşdirənə
kimi baxırsan ki, iş-işdən keçib,
avam vəziyyətində
qalıbsan.
Almatıdan günçıxana doğru gedirik. Sağımızda əl uzatsan çadır kimi görünən, başı qarlı Almalıq dağları görünür. Yolun sağı və solu taxıl zəmisi olsa da, görünən yeni açmış
qıpqırmızı lalələrdir.
Yol kənarında və ara-sıra seyrək ağaclar var. Necə deyərlər, könül açan bir mənzərə.
Talqara çatdıq. Gəncliyində
aşıqlıq, qocalığında
mollalıq edən
Murtaza Tursunovla (Namazov)
görüşdük. Məni
onunla 1980-ci illərdə
Ağbabalı Aşıq
İsgəndər qiyabi
tanış etmişdi.
Xəstə Hasanın
qohumlarından idi və axısqa aşıqları haqqında
geniş bilgisi olduğuna görə onunla məktublaşırdım.
Gəlişimizə çox
sevindi, Azərbaycanın
durumu ilə maraqlandı, tanıdığı
adamları xəbər
aldı.
Mən söhbətimizin əsas mövzusunun Xəstə
Hasan olmasını istəyirdim.
Lakin hər şey mənim istədiyim kimi getmirdi. Çay içə-içə
dörd-beş saatdan çox söhbət etdik. Söhbətimiz, bəlkə də, uzanacaqdı. Vaqif bəy nahar hazırlığı gördüklərini
hiss edib kasıb ailəni xərcə salmamaq üçün ayağa qalxdı.
Sağollaşıb ayrılarkən
Murtaza Tursunovdan Xəstə
Hasanın makinada yazılmış şeirlərinin
surətini istədim.
Etiraz etmədi, amma makina yazıları
çox qarışıq
olduğundan onları
seçməyə, qaydaya
salmağa azı bir saat vaxt
lazım idi.
Vaqif Sultanlı zirək tərpənərək dedi:
"Siz yazılanları
əzbər bilirsiniz.
Kitab hazırlamaq çox
ağır işdir. Sizin də bu
işin öhdəsindən
gəlməyə nə
gücünüz var, nə
də maddi imkanınız. Bunları
verin, əziyyətini
Əli bəy çəksin. O sizin xidmətinizi danmaz. Kitabı hazırlayarkən
materialların hansını
sizdən aldığını
mütləq yazar.
Sonra da bunları verər
arxivə. Gələcək
araşdırıcılar da arxivdən alıb istifadə edər. Burada qalsa, itib-batacaq.
Oğul-uşağınızdan da eləsi yoxdur ki, bunları bir yerə toplayıb çap etdirə".
Vaqif Sultanlının söhbəti
Murtaza Tursunovu yumşaltdı.
Əlyazmaları özündə
saxlayıb makina yazılarını mənə
verdi. Vaqif müəllim olmasaydı,
mən materialların
bir hissəsini almayacaqdım. Bakıya gələndən sonra isə içimdə belə bir şübhə
qalacaqdı: "Bəlkə,
Murtazada qalan yazıların içərisində
Xəstə Hasanın
başqa şeirləri
vardı?!"
Vaqif Sultanlının hünərilə
Murtaza Tursunovdan aldığım
yazılar və lentlər əsasında
"Axısqalı Xəstə
Hasan" kitabını nəşr
etdirdim.
lll
Vaqif Sultanlı Azərbaycan mühacirət ədəbiyyatının
gözəl bilicisi olduğundan bir çox məsələlərdə
onunla məsləhətləşməyə
üstünlük verirəm.
Bir dəfə xəbər
aldım: "Vaqif bəy, Əmin Abid 1937-ci ildə akademiyadan işdən çıxarılandan
sonra Kürdəmirin Qaraqoyunlu kəndində müəllim işləyib.
Görəsən, onun
şagirdlərindən qalan,
ümumiyyətlə, kənddə
Əmin Abidi xatırlayan olarmı?".
O, dedi: "İnzibati
ərazi bölgülərində
dəyişikliklər olduğuna
görə indi Qaraqoyunlu Kürdəmirin deyil, Ağsu rayonunun ərazisindədir".
Aradan bir neçə ay keçəndən sonra məndən soruşdu:
- Onda Qaraqoyunlu kəndini xəbər alırdın. Gedə bildinmi?
- Gedə bilmədim. Bəlkə getsəm, maraqlı bir fakt toplaya bilməyəcəm.
Amma içimdə bir
fikir dolaşır, getsəm, bəlkə, nəsə tapa bilərəm.
Təxminən üç-dörd
gün sonra xəbər aldı: "Şənbə-bazar harada
olacaqsan, nə işin var?" Dedim:
"Bakıda olacağam".
Dedi: "Səni Qaraqoyunluya aparacağam, hazırlaş". Sevindiyimdən
bilmədim, nə deyim. Razılaşdığımız
kimi səhər tezdən onun maşını ilə yola düşdük. Öncə Vaqifgilin evinə, Şahsevənə
getdik. Valideynləri ilə görüşdük.
Vaqif kürdəmirli Mövlana İsmayıl Siracəddinə, Şeyx Şamilin ideya müəlliminə böyük
maraq göstərdiyimi
bilirdi. Kəndlərində
bir yeri göstərərək: "Burada
bir qarağac olub. Mövlana İsmayıl Siracəddin
Şirvanini vətəndən
sürgün edəndə
deyib ki, məndən sizə iki əmanət
qalır: Biri bu qarağac, biri də Dəli Mahmud! Onları qoruyun".
Səhəri gün Ağsunun
Qaraqoyunlu kəndinə
gəldik. Vaqif bəyin valideynləri yaşayan Şahsevən kəndindən Qaraqoyunluya
xeyli yol varmış. Kənd məktəbində olduq, yaşlı adamlarla söhbət etdik. Əmin Abidi çox dumanlı xatırladılar. Geri dönəndə
Vaqif bəy dedi: "Bilirdim ki, buradan heç nə əldə edə bilməyəcəksən.
Sadəcə, içində
nisgil qalmasın deyə, gətirdim".
lll
Tanış olduğumuz vaxtdan
ötən müddətdə
Vaqif Sultanlı nə deyib, onu yazmışam. Bəlkə, işimin çoxluğundan, imkansızlığımdan
bir-iki tapşırığına
əməl etməmişəm.
Heyf ki, bunun qarşılığını görməmişəm. Neçə
ildir xahiş, minnət edirəm, deyirəm: "Vaqif bəy, "iki çay alacam bir yeməyə əvəz", insaf elə, türk dünyasına səfərlərin
zamanı çəkdiyin
şəkillərin altına
bir-iki abzas da mətn qoy, kitab şəklinə sal".
"Yaxşı" deyir,
amma əməl etmir.
Hindistanda
- Tac Mahal önündə
Gəzməyi, dünyanı yormağı
sevir. Desəm: "Səfər təəssüratlarını
yaz", bilirəm, yazmayacaq. Səfər təəssüratını yazsa,
onda elmi və bədii yazılar yazmağa imkanı qalmaz. İndi adamlarda böyük həcmli yazılar oxumağa həvəs və maraq qalmayıb.
Amma türk dünyasında
getdiyi yerlərin şəklini və qısa bilgi yazsa, oxuyanlar çox olacaq. Vaqif Sultanlı getdiyi yerlərin sadəcə şəklini
çəkmir, sanki rəssam kimi tablo yaradır. Gördüyü mənzərələrə
incə zövqlü rəssam kimi baxır.
lll
Məncə, ad günü qeyd
etmək bir alışqanlıqdır. Uşaqlıqdan
ad günüm qeyd edilmədiyindən çox vaxt həmin günü unuduram. Bir axşam Vaqif bəy zəng vurdu ki, sabah mütləq universitetə gəl. Dediyi vaxtda getdim.
Otaqda həmişə
gördüyüm müəllimlərdən
başqa səkkiz-doqquz
gənc də vardı. Ortada tort qutusu, gül dəstəsi, hədiyyə
bağlaması da diqqətimi
çəkdi. Elə
bildim, gənclərdən
kiminsə müdafiəsidir.
Məni ad günüm münasibətilə
təbrik edəndə
çaşıb qaldım.
Dəfələrlə Vaqif
bəyin ad günündə beş-altı
nəfərlik bir məclis qurmağa çalışmışdımsa da, o, imkan verməmişdi.
İndi isə gənclərə
mənim ad günümü qeyd etdirirdi. Oradan bizi akademiyanın bağındakı kiçik
bir kafeyə apardı. Gənclərlə
söhbət, onların
zəmanə haqqında
fikirlərini dinləmək
mənə ad günümün qeyd edilməsindən çox
ləzzət verdi.
Vaqif Sultanlı, görəsən,
indiyədək mənim
kimi neçə nəfərin içində
nisgil qalmasın deyə, vaxtını, maddi vəsaitini xərcləyib? Neçə
nəfər türk aydını arasında körpü yaradıb? Vaxtını müəlliflərə
dil tökməklə
keçirib ki, millətinin
maariflənməsi üçün
dəyərli elmi məqalələr yazsın?
Neçə araşdırıcı
plan işi xatirinə
yazdığı dəyərsiz
məqaləsini Vaqif Sultanlının "senzura"sından
keçirə bilmədiyi
üçün ondan
narazı qalıb?!
26.04.2023
Əli Şamil
525-ci qəzet.- 2023.- 27 iyul. S. 7.