Elçin Qafarlı: "Ötən 30 ildə
TÜRKSOY hər sahədə
çox böyük işlər görüb"
Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı bu
il 30 illik yubileyini qeyd edir. Azərbaycanın
TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin
Qafarlı ilə müsahibədə bununla
bağlı məsələlərə
aydınlıq gətirməyə
çalışmışıq.
- Elçin müəllim,
TÜRKSOY-un 30 illiyi necə,
hansı tədbirlərlə
qeyd olunur? Bununla əlaqədar nə kimi bir
proqram nəzərdə
tutulub?
-
TÜRKSOY 30 il əvvəl - 12 iyul 1993-cü ildə Qazaxıstanın paytaxtı
Almatı şəhərində
Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan,
Türkmənistan və
Türkiyənin mədəniyyət
nazirləri tərəfindən
imzalanan protokolla yaradıldığı üçün
30 illik yubiley tədbirlərimizi iyun ayında məhz Almatıdan başladıq.
Konfranslar, sərgilər,
konsertlər oldu və sonda Qazaxıstanın
mədəniyyət nazirinin,
digər ölkələrin
rəsmi nümayəndələrinin,
incəsənət xadimlərinin
iştirakı ilə
qala-konsert keçirdik.
Eləcə də iyun ayı boyunca,
Özbəkistan, Qırğızıstan
və Türkmənistanın
paytaxtlarında rəsmi
dövlət nümayəndələrinin
iştirakı ilə
müxtəlif səpkili
silsilə tədbirlərimiz
oldu. Bu dörd dövlətin hər birində TÜRKSOY həftəsi
keçirildi, 30 illik yubileyimiz Türk dünyasının mədəniyyət
bayramı kimi qeyd edildi. Növbəti
yubiley tədbirləri
isə oktyabrda Azərbaycanda keçirilməsi
planlaşdırılır. Həmin vaxt ölkəmizdə TÜRKSOY-un yubileyinə həsr olunmuş tədbirlər bir həftə ərzində sənətsevərlərə
təqdim olunacaq. Sonda yenə də Mədəniyyət
Nazirliyinin ev sahibliyi və dəstəyi ilə türk dünyasından gələn sənətçilərlə
birlikdə böyük
bir qala-konsert keçiriləcək. Bildiyiniz
kimi, oktyabrda Türkiyə Cümhuriyyətinin
100 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar Azərbaycandan sonra Türkiyəyə gələcəyik
və iki yubileyi birləşdirərək
İstanbul və Ankarada
iki böyük tədbir keçirəcəyik.
30 illik yubileyimizə həsr olunmuş sonuncu beynəlxalq səviyyəli silsilə tədbirlərimiz isə dekabrın 15-də YUNESKO-nun mərkəzi
qərargahında - Parisdə
olacaq.
- Türkdilli dövlətlərin
birliyini hədəfləyən
bir sıra qurumlar var. TÜRKSOY əsasən
nə ilə fərqlənir?
- Bu təşkilatların ilki
TÜRKSOY-dur və türk
dövlətləri və
xalqları arasında
mədəniyyət sahəsində
əməkdaşlığın aparılması üçün
yaradılıb. Qurumun
6 müstəqil dövlət,
Rusiyaya daxil olan 6 subyekt (Tatarıstan, Başqırdıstan,
Altay, Tuva, Xakas və Saxa-Yakut), Moldovadan Qaqauz Yeri və
Şimali Kipr Türk Cümhuriyyəti kimi üzvləri var. Ən çox üzvə malik olan beynəlxalq türk təşkilatı TÜRKSOY-dur. Özü də biz dil prinsipi üzrə
birləşmişik. Bizi
birləşdirən türk
dilidir. TÜRKSOY mədəniyyət
sahəsi üzrə inteqrasiya aparması ilə fərqlənir. Bu illər ərzində mədəniyyətin, incəsənətin
bütün sahələri
üzrə TÜRKSOY-un önəmli
fəaliyyətləri və
çox saylı layihələri həyata keçirilmişdir. TÜRKSOY böyük
türk şəxsiyyətlərinin
yubileylərinə ithafən
onların adına illər elan edərək onların bütün türk dünyasına tanıdılması istiqamətində
mühüm işlər
görür.
- Geridə qoyduğunuz 30 ildə TÜRKSOY yaradılmasındakı
əsas məqsədlərinə
çata bildimi?
- Ötən 30 ildə
TÜRKSOY hər sahədə
çox böyük işlər görüb. Bizi birləşdirən ortaq dəyərlərimiz
olan Füzulinin, Dədə Qorqudun, Nizaminin yubileylərini keçirdik. Üzeyir Hacıbəylinin "Koroğlu"
operası ilə bağlı layihəmizi
biz ən böyük
layihəmiz hesab edirik. Çünki burada 6 dövlətin 250-dən
çox opera sənətçilərini
birləşdirən bir
beynəlxalq "Koroğlu
layihəsi" hazırladıq
və dörd ölkədə beş tamaşa nümayiş etdirdik. Sonrakı illərdə isə İstanbulda keçirilən
beynəlxalq opera festivalında
proqrama daxil etdik. Bu layihə dünyada çox gözəl əks-səda
doğurdu. İnanıram
ki, TÜRKSOY məqsədinə çata bilib. Əsas odur ki, TÜRKSOY-u
üzv ölkələrdə
yaxşı tanıyırlar
və artıq dünyada da tanımağa
başlayıblar. Sovet
İttifaqı dağıldıqdan
sonra müstəqillik
qazanan dövlətlərimiz
mədəniyyət sahəsində
də müstəqillik
əldə ediblər
və 1993-cü ildə
yaradılarkən ayrı-ayrı
fəaliyyət göstərən
mədəniyyət sahələrini
ortaq layihələrdə
birləşdirməyi qarşısına
məqsəd qoyan
TÜRKSOY-un bu illər
ərzində bu əsas məqsədinə
çatdığına inanıram.
Sözsüz ki, tarix üçün 30 il çox
qısa zamandır.
Buna görə də
bütün məqsədlərə
çatmaq mümkün
olmazdı. Amma inanıram
ki, növbəti mərhələdə
bizi birləşdirici
daha böyük layihələrə imza atacağıq.
- Qarabağın azad olunmasından sonra
TÜRKSOY Şuşanı Mədəniyyət paytaxtı
elan etdi. Digər şəhərlərimizlə bağlı
bu və ya bənzəri layihələr gözlənilirmi?
- 30 il işğal altında olan Qarabağ torpaqlarımızın azadlığından
sonra biz ilk növbədə
oranı ziyarət etdik. Savaşdan üç ay sonra bizim baş katiblə Ağdamı, Füzulini ziyarət etdik, o dağıntıları
öz gözlərimizlə
gördük. Ağdamdakı
teatr binasının uçuq divarlarını,
Qarabağ xanlarının,
Natəvanın dağıdılmış
məzarlarını, yerlə-yeksan
olmuş mədəniyyət
abidələrimizi gördük.
Şahidi olduq ki, barbar ermənilər bu 30 il ərzində Azərbaycana, onun mədəniyyətinə, tarixinə
necə ciddi ziyanlar vurublar.
TÜRKSOY-un baş katibi
oradan dünyaya mesajlar da verdi. 44 günlük Vətən müharibəsindən sonra
qərara gəldik ki,
Qarabağ savaşını
yazan, işıqlandıran,
səsimizi dünyaya çatdıran jurnalistlərə
TÜRKSOY-un ənənəvi media mükafatlarını verək.
Əslində bu media mükafatları hər il
TÜRKSOY və türk
dünyası ilə bağlı yazan, fəaliyyətləri işıqlandıran
jurnalistlərə verilir,
amma həmin zamanlarda pandemiya olduğundan zatən belə bir ciddi
fəaliyyətlər olmamışdı.
Biz də Türk dünyasından və müxtəlif ölkələrdən
Vətən müharibəsini
işıqlandıran jurnalistləri
və media nümayəndələrini
Azərbaycana dəvət
etdik və onları Bakıda mükafatlandırıb, sonra
da Şuşanı ziyarətə
apardıq.
Bundan sonra biz qərara gəldik ki, Azərbaycanın
mədəniyyət beşiyi
Şuşa şəhəri
Türk dünyasının
mədəniyyət paytaxtı
elan olunsun. Təklifimizi
üzv ölkələrin
bütün mədəniyyət
nazirləri dəstəklədilər
və 2023-cü ili Şuşanı Türk dünyasının mədəniyyət
paytaxtı elan etdik.
Bu, çox böyük
hadisədir. Çünki
Şuşa yenicə işğaldan azad edilib və onu bütün dünyaya tanıtmaq lazımdır. Bu istiqamətdə
TÜRKSOY da əlindən gələni
edir. Bu il TÜRKSOY-un bütün
ənənəvi tədbirləri
Şuşada keçirilir.
İlin sonuna kimi də biz orada şairlərin, rəssamların, fotoqrafların
görüşünü keçirəcək,
bu rəsmlərin kataloqlarını, şairlərin
şeirlərini çap
edib, bütün dünyaya tanıdacağıq.
Həmçinin oktyabr
ayında Şuşada
TÜRKSOY-un mədəniyyət nazirləri Şurasının
iclası keçiriləcək.
Noyabrın əvvəlləri
üçün Birinci
TÜRKSOY teatr festivalını
planlaşdırırıq. Eləcə də ilin sonlarına doğru Şuşanın
Mədəniyyət Paytaxtı
ilinin bağlanışını
keçirəcək və
estafeti növbəti mədəniyyət paytaxtına
ötürəcəyik. Bu bağlanış tədbiri
çərçivəsində
TÜRKSOY-un bu il üçün
media mükafatlarını məhz Şuşada təqdim edəcəyik. Bunlardan əlavə, biz
TÜRKSOY-a üzv ölkələrimizdə
"Şuşa-2023" təqdimatları
keçirməyi də
planlaşdırırıq.
Azərbaycanda ilk dəfə Şəki
şəhəri 2016-cı ildə Türk dünyasının Mədəniyyət
paytaxtı elan olunmuşdu.
Həmçinin biz bu
il Şəkidə Azərbaycan
Bəstəkarlar İttifaqı
və Mədəniyyət
Nazirliyi ilə birlikdə 12-ci Beynəlxalq
İpək Yolu Musiqi Festivalını keçirdik. Təbii ki, hər il eyni ölkədən mədəniyyət
paytaxtı elan etmək
olmaz. Amma gələcəkdə
təkliflər dəyərləndirilərək
Azərbaycanın digər
şəhərləri ilə
bağlı da qərar
verilə bilər. Sözsüz ki, biz də istəyərik ki, Azərbaycanın
digər regionlarını
da TÜRKSOY-un fəaliyyətlərinə
cəlb edək, aktivlik olsun. İnanıram ki, gələcək
illərdə TÜRKSOY-un da fəaliyyəti genişlənəcək
və digər regionlarımız da cəlb
olunacaqdır.
- Bu yaxınlarda TÜRKSOY Türkdilli
ölkələrin yaradıcı
ali təhsil ocaqlarından ibarət birlik yaratdı. İstərdim bu layihədən bəhs edək.
- Bu il Qazaxıstanın məşhur
mədəniyyət xadimi
Jurgenovun 125 illik yubileyi keçirilir.
TÜRKSOY da bununla bağlı
il elan edib. Almatıda
Jurgenov adına Mədəniyyət və
İncəsənət Akademiyası
fəaliyyət göstərir.
Yubileylə bağlı
keçirilən tədbirlərə
üzv ölkələrimizin
mədəniyyət və
incəsənət universitetlərinin
rektorlarını da dəvət
etmişdik. O cümlədən,
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
rektoru, professor Ceyran Mahmudova da dəvət olunmuşdu. Orada yubiley tədbirləri çərçivəsində rektorların görüşü
baş tutdu və qərara gəldik ki, belə bir birlik quraq.
Bu birlik quruldu və birliyin fəaliyyətinin ilk tədbiri
kimi bu universitetlərin
teatr bölmələrinin
Daşkənddə ilk festivalını
keçirdik. Yəni Birinci Türk dünyası tələbə
tamaşaları festivalı
baş tutdu, rektorlar da öz teatr truppaları ilə festivala qatıldılar və çox gözəl bir festival baş tutdu. Tarixdə ilk dəfə idi ki, türk dünyası tələbə tamaşalarının
ilk teatr festivalı baş tuturdu. İnanıram ki, bu birlik gələcəkdə
daha gözəl işlərə imza atacaq. Yeri gəlmişkən,
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
bu il 100 illik yubileyi qeyd olunur,
cənab Prezidentin bu haqda sərəncamı
var. İnanıram ki, biz də
TÜRKSOY olaraq Universitetin
yubiley tədbirləri
çərçivəsində rektorları Azərbaycana dəvət edəcəyik
və bəlkə də burada yeni birgə layihələrin təməlləri atılacaq.
Bizim universitet həmin ali təhsil ocaqları arasında ən köklü universitetdir.
İlk 100 illiyini qeyd edən ali təhsil
müəssisəsidir. Onun
yubileyinin keçirilməsi
böyük hadisədir.
- Ədəbiyyatla, teatrla bağlı TÜRKSOY-un qatıldığı,
dəstəklədiyi və
ya təşkil etdiyi layihələri bilirik. Bəs mədəniyyətin, incəsənətin
daha hansı sahələri ilə əlaqədar layihələr
gözlənilir, planlaşdırılır?
- Biz bu il TÜRKSOY Yazıçılar
Birliyi qurmuşuq və Xalq yazıçımız
Anar müəllim bu birliyin fəxri
sədri seçildi. Bundan sonra da biz şairlərimiz, yazıçı
və dramaturqlarımızla
bağlı ortaq layihələri bu birlik üzərindən davam etdirməyi planlaşdırırıq. Həmçinin
12 ildir ki, TÜRKSOY-a üzv
ölkələrin dövlət
teatrlarının rəhbərlərinin
şurası fəaliyyət
göstərir, mən
də onun
TÜRKSOY-da koordinatoruyam. İldə
bir dəfə bizim toplantılarımız
keçirilir. Bu il biz Şuşada
Birinci TÜRKSOY Teatr Festivalı keçirəcəyik.
Bu festival Ümummilli lider
Heydər Əliyevin
100 illiyinə, TÜRKSOY-un 30 illiyinə və Azərbaycan Milli Teatrının
150 illiyinə həsr
olunacaq. Bu da bizim teatr sahəsindəki uğurlu addımlarımızdan
biri olacaq. Biz teatr almanaxları nəşr etdiririk. Beşincisi çap olunub, indi altıncısını
hazırlayıram. Çalışacağıq
ki, Şuşa Teatr festivalında VI almanaxı
təqdim edək. Qardaş ölkələrimizin
teatr repertuarlarına bir-birimizin əsərlərinin
səhnələşdirilərək daxil edilməsini istəyirik ki, tamaşaçılar
da türkdilli xalqların
yazıçılarını, dramaturqlarını tanısınlar.
Azərbaycan Milli Teatrının
150 illiyi münasibətilə
üzv ölkələrimizdə
tədbirlər keçirməyi
nəzərdə tutmuşuq.
Həmçinin qeyd edim ki, Şuşada Azərbaycan Mədəniyyət
Nazirliyi və
TÜRKSOY-la birlikdə I Türk
Dünyası Mədəniyyət
Forumu keçiriləcək.
Bu forumda Türk dünyasının gələcək
mədəniyyət konsepsiyası
hazırlanacaq və biz
də bu forumda TÜRKSOY - 2040 Mədəniyyət
Vizionunu təqdimatını
keçirəcəyik. Tədbirlərimiz,
planlarımız çoxdur.
Çalışacağıq ki, bu 30 ildə etmədiyimiz tədbirləri,
layihələri biz üzümüzə
gələn illərdə
həyata keçirək.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2023.- 29 iyul. S. 9.