Fəlakət

 

Kütləvi mədəniyyətdə populyarlıq qazanmış bir sıra bədii personajların (Cırtdan, Div, Arlekin, Betmen, Coker digərləri) sonradan müxtəlif vizual ədəbi materiallarda ömrünü müstəqil obraz kimi yaşaması yayılmış tendensiyadır. Bu zaman müəllifin məqsədindən asılı olaraq, personajların xarakterik cizgilərinə, fakturalarına, həmçinin, orijinalda yerləşdiyi məkan zamana redaktələr edilir. Bizim müasir pop mədəniyyətimizdə məşhurlaşan belə obrazlardan biri Elşən Orucovun yaratdığı Fəlakətdir...

Elşən Orucovun Fəlakət obrazı vaxtilə ATV telekanalında yayımlanan "Bozbash Pictures" komediya layihəsində tanınıb sevilib. Fəlakətin xarakterinə xas xüsusiyyətləri kütlüyü, sadəlövhlüyü, baş verənləri səhv anlaması ya ümumiyyətlə, anlamamasıdır. Onun davranışı köntöy, kobuddur, fikirlərini düşünmədən birbaşa, çılpaq şəkildə, üz-göz ifadələrini təhrif edərək, əyərək deyir, ləhcə ilə danışır. Tamaşaçılar arasında "Əla, əla", "Onu maa neçiyə verərsən?"  kimi ifadələri memə çevrilib.

Sitkomlarda, komediya teleseriallarda analoji xüsusiyyətlərə malik obrazlar çoxdan var. Bir qayda olaraq, Fəlakət kimi tiplərin yaranmasında aktyor buffonada oyun manerasından (aktyor oyununda mübaliğəli, kobud komizmi ehtiva edən oyun tərzi), qrotesk qrim geyim üslubundan (Fəlakətin saçları pırtlaşıq, pırpızdır, bığları yöndəmsiz, qiyafətləri klounsayağıdır) istifadə edir.

KVN layihələrində təcrübə toplayan, Mədəniyyət İncəsənət Universitetinin Teatr kino aktyorluğu fakültəsinin yetirməsi olan Elşən Orucov prokatda uğur qazanmış komediya filmlərində rol alıb. "Bir xalanın sirri", "Ay brilliant", "Stalinin başı"  komediyalarında "Bozbash Pictures"in qəhrəmanları Şəmi, Şöşü, Fəlakət digər personajlar varlanmaq məqsədilə uzun yola çıxırlar, başlarına qəribə, dramatik-komik hadisələr gəlir. Sırf kommersiya məqsədilə çəkilmiş bu filmlər hansısa sənət meyarlarına istinad eləmir. Əslində, layihələrin istehsalçıları da böyük sənətə iddialı deyillər. Lakin öncəki yazılarımda dediyim kimi, "kommersiya kinosu" anlayışı bədii estetik məziyyətlərdən kənarda qalmalıdır mənasını vermir. Yuxarıda adını çəkdiyim komediyalar müəyyən sosial problemlərə toxunsa da, əksər kommersiya filmlərinə xas vulqarlıq, xüsusən, süjetdə dramaturji materialın tələbilə yox, məhz sadəcə güldürmək məqsədilə reallaşan fizioloji yumor, funksiyasız zarafatlar bu ekran işlərində önə çıxır...

Fəlakət obrazının digər cəhətlərindən biri geqlərdən istifadədir. Zəruri bir haşiyə çıxım. Geqin mahiyyəti haqda müxtəlif fikirlər var. Əsas fikir budur ki, geqin əsasında personajın qabarıq görünən cəfəng hərəkəti dayanır. Məsələn, yanğın zamanı bir adamın xəlbirlə su daşımağı geqdir.

Yazıçı rejissor Anatoli Belyayevskov isə "Kinoda geqlər: Ondan ssenaridə necə istifadə etməli" araşdırmasında dünya kinosunun nümunələri əsasında onun növlərini (absurd geq, realistik geq s.), formalarını (viuzal geq, verbal geq, səs geqi) müəyyənləşdirərək təhlil edib. Müəllifin fikrincə, ikifunksiyaslı olan geqin konstruksiyasına əsasən, bir hadisənin, vəziyyətin tamaşaçıya təqdim olunan ilkin mənası sonradan dağıdılaraq fərqli mənaya keçir gözlənilməzlik effekti ortaya çıxır. Yəni geqin əsasında ilkin mənanın ikinci məna tərəfindən inkarı, dağıdılması dayanır. Müəllif geqin növlərindən birini belə təsvir edir: bir kadrda üç heyvan obrazı görünür, növbəti kadrda isə məlum olur ki, bu, heyvan maskaları altında bankı soymağa gəlmiş qarətçilərdir. Bizim  audiovzual məhsullarda geqlər əsasən gen-bol, hətta yersiz istifadə olunur. Məsələn, bir filmdə Fəlakətin olduğu maşın qəza nəticəsində yarıtmaz vəziyyətə düşür, amma o, israr edir ki, maşını hərəkətə gətirsinlər. Geqi imitasiya edən bu vəziyyət əslində geqə gətirmir, çünki təbii şəkildə meydana çıxmır,  "tamaşaçını necəsə güldürmək lazımdır" niyyəti aşkar görünür, üstəlik, primitv işlənir.

...Müəyyən aktyorlar var ki, karyeralarını onları məşhurlaşdıran rolun üzərində qurur (Lui de Fünesin oxşar obrazları, Şahan Gokbaharın Receb İvediki b.) artıq sərhədləri müəyyən olunmuş çərçivədən kənara çıxmaq istəmir ya ehtiyatlanırlar. Fəlakət Elşən Orucovun bu illər ərzində öz aktyorluq potensialını göstərdiyi əsas obrazdır.  Aktyor "Palata 106" serialında türk həkimi, "Tayson" bədii film mafiya başçısını oynasa da, bütün hallarda tamaşaçının yaddaşında Fəlakət kimi qalıb. Hərçənd, "Palata 106" serialında aktyorun fərqli personaj oynamaq bacarığının əlamətləri duyulur. Ya rejissorlar aktyorla başqa səpgidə işləmək istəmir; çünki hazır obrazdan istifadə zəhmətsiz başa gəlir, eyni zamanda tamaşaçı gətirir, ya da aktyor özü tamaşaçı istəyini nəzərə alaraq, Fəlakət səviyyəsində qalmağa üstünlük verir. Yeri gəlmişkən, Fəlakətin reytinqinin yüksəkliyindən yola çıxaraq 2018-ci ildə "Fəlakət" bədii filmi (rejissor Emil Quliyev) tamaşaçılara təqdim olundu, amma gözləntilər özünü doğrultmadı film prokatda uğur qazanmadı.

Nəhayət, Elşən Orucov yutub kanalında "Fəlidən doğru xəbər" adlı proqramla fəaliyyətə başladı.  Murad Dadaşov "Xəzər" televiziyasına rəhbər gələndən sonra veriliş hər şənbə günü bu kanalda yayımlanır. Layihə tamaşaçı baxımdan qısa müddətdə özünü doğruldub. Məkanın ümumi interyeri andeqraund ovqatını xatırladır, eyni zamanda industrial elementləri daşıyan loft, ofis, istehsalat məkanlarının detallarını ehtiva edən texnostilin qarışığı təəssüratını yaradır. Bu cür üslub güman ki, proqramı maliyyələşdirən profili tikinti olan şirkətlə bağlıdır. Həm aparıcının qonaqlarına münasibətini (onları sözlə məcazi mənada "yumaq", "sökmək" mənasını nəzərdə tuturam) ifadə edir.

"Fəlidən doğru xəbər" xırda-para detalları nəzərə almasaq, Zaur Kamalın "Həmin Zaur", İbrahim Azərinin "Nəğməli dünya" şou proqramlarından stilistik, məzmun, yanaşma etibarilə fərqlənmir.  Burada da qonaqlar əsasən şou biznes nümayəndələri, komediya aktyorları, bəzən isə aparıcılardır. Suallar da oxşardır, daha çox müğənnilərin konfliktinin, bir-biriylə münasibətinin, keçmişdəki qalmaqallarının yenidən saf-çürük edilməsi üzərində qurulur.

Bəs fərq nədədir? Əgər adını çəkdiyim şou proqramlarda aparıcılar öz həqiq kimlikləri ilə çıxış edirlərsə, Elşən Orucov burada öz kimliyi ilə yox, Fəlakət obrazıyla çıxış edir. Fəlakət obrazının artıq  bəlli xarakterik cəhətləri (kütlüyü, fikirlərini ağına-bozuna baxmadan, qarşısındakını təhqir edə biləcəyinin fərqinə varmadan deməsi) ona qonaqlarına istənilən sualı ünvanlanmasına imkan verir. Başqa cür desək, onun xarakteri hər cür abırsızlığın bəraəti rolunu oynayır. Tutaq ki, tamaşaçı Zaur Kamalı ədəb qaydalarını aşan sualına görə qınayırsa, Fəlakəti qınamaq ağlına gəlmir. Çünki film televiziya layihələrindən onu belə qəbul edib davranışını normallıq kimi qavrayır. qonaqlar özlərini bədii obrazla ünsiyyət zamanı bir növ teatrlaşdırılmış mühitdə, oyunun içində hiss edir təklif olunmuş oyunun qaydalarını qəbullanırlar.  Fəlakətin hər cür naqolay zarafatlarını, bəzən aqressiv şəkildə verdiyi sualları, şərh dəyərləndirmələrini qonaqlar dözümlə, yumorla qarşılayırlar.  Bəzən fikirlərini zarafata salsalar da, studiyaya həmişə tolerant ortam hakim olmur. Qonaqlar arasında Fəlakətə dözmüsüz yanaşan bunu açıq nümayiş etdirənlər var.  Rejissor Kənan MM-in iştirak etdiyi veriliş tamamən aqressiv intonasiyada baş tutdu, hər ikisi bir-biriylə məna kəsb etməyən söz güləşdirdi, Fəlakət imkan tapdıqca müsahibini aşağılamağa isterik  davranışıyla sözünü kəsməyə çalışdı. Özünün zarafatlarını normal saysa da, Kənan MM-in atmacalı zarafatlarına görə tamaşaçılardan üzr istəyərək, onu bir bu tərzdə pərt elədi.

Şöhrət Məmmədov adlı müğənnidən isə mahnısının sözlərini dəyişərək oxumasını xahiş edəndə, o, Fəlakətin istəyini, bu epizod efirə getməyəcəyi halda yerinə yetirəcəyini dedi. Amma təbii ki, həmin epziod yayımlandı.

Gərgin vəziyyətin yarandığını görəndə, nəsə xoşagəlməz nəyinsə baş verə biləcəyini hiss edəndə Fəlakət ab-havanı yumşaltmaq məqsədilə "Fəlakət beyni xarab adamdır" deyərək, özünü onların gözlənilən qəzəbindən qoruyur, anında sponsorların hədiyyələrini verir.

Müsahiblərinin birində Elşən Orucov deyir: "Bəzən qonaqların elə cavabları olub ki, fikirləşmişəm, bunu efirə vermək düzgün deyil. Özləri istəsə belə düşünmüşəm ki, bunu verməyək. Hər halda tamaşaçı tərəfindən düzgün qarşılanmaz ya hər hansı reputasiyasına təsir edər". Əslində, Elşən Orucov Fəlakətin adından istifadə edərək istər tamaşaçını, istər qonaqları özünün kütlük maskası altında manipulyativ oyunlarına çəkərək  aşağılayıcı manera sualları ilə müsahibədə səsləndirdiyi fikriəri təkzib edir.

Bizim aparıcıların ümumi problemlərindən biri ünsiyyət zamanı etik qaydaların sərhədini, qırmızı xətti müəyyənləşdirə bilməməyi, zarafatı təhqirlə səhv salmalarıdır...

Məqaləmin əvvəlində zamanla öz müstəqil ömrünü yaşayan bədii obrazların adını çəkdim. Fəlakətin bioqrafiyası, həyat hekayəsi onlarla müqayisədə zəngin deyil, çünki hələ çox gəncdir. Başqa bir fərq isə ondan ibarətdir ki, Fəlakətin ictimai funksiyası dardır, hətta yoxdur, çünki onun işi şou-biznes mühitini öz aləmində qamçılamaqdır ki,  bunu onsuz da digər proqramlarda başqa səviyyələrdə edirlər. Digər tərəfdən, Fəlakətin hazırkı fəaliyyəti ictimai mənada əhəmiyyət kəsb eləmir. 

Bir tərəfdən istər oynadığı komediyalarda, istər verilişində Fəlakətin seçdiyi metod, fənd, əhatə elədiyi məzmun, hədəfə götürdüyü sahə daha çox gülüş (hırıldamaq daha doğru ifadədir) üçündür, nəinki düşündürmək üçün. Halbuki Fəlakət obrazına müəyyən funksiyalar yükləməklə, məzmununa redaktələr etməklə, keyfiyyətli ssenarilər yazmaqla, yaradıcı axtarışlara vadar etməklə onu komediya mədəniyyətinin əhəmiyyətli kontentinə, məhsuluna çevirmək olar.

 

Sevda SULTANOVA

525-ci qəzet.- 2023.- 29 iyul. S. 12.