"Gəl gör məni eşq neylədi"
VƏ YA "GÖZƏL
ŞUŞA - BİR TAMAŞA..."
Lap erkən yaşlarımdan Şuşanı özümə
bir köynək yaxın bilmişəm və təbii ki, bu, səbəbsiz deyil. Üçüncü,
dördüncü, beşinci
siniflərdə oxuyanda
yay mövsümünün, ən azı, bir ayını bu şəhərdəki pioner düşərgəsində
keçirmişəm. Yeniyetmə
yaşlarımda da bu şəhərdəki uşaqlıq
dostlarımı aramaq
üçün (atamdan
xəlvət), bir günlüyə də olsa, Beyləqandan Şuşaya gedib-qayıtmışam.
Sevgilər yaşamışam.
Tələbəlik illərimdə
də istehsalat təcrübəsini Şuşanın
eyniadlı qəzetində
keçirməyim səbəbsiz
deyildi. Uğursuz sevgilər daha ömürlü olurmuş...
İyulun
ikinci həftəsində,
Şuşaya gedəcəyim
- növbəti Vaqif Poeziya Günlərində
iştirak edəcəyim
tam dəqiqləşəndən sonra da həyəcanım
sovuşmurdu. Albalılıq
(Vişnyovka) bağ massivində yaşayan bir qələm əhli səhər saat beşdə özünü yola çıxmaq üçün
görüş yerinə
- Heydər Əliyev Mərkəzinə yetirməsindən
ötrü o, bir günlüyə də olsa, həyatında nəyisə dəyişməli
idi. Mənə elə gəlirdi ki, bu səfərə yubanmaqla, ömrümün
səkkizinci onilliyinin
tamamına az qalmış, bəlkə
də, bir çox şeylərdən
məhrum ola bilərəm...
Yaşamağa borclu olduğum duyğuları yaşamaram...
lll
...Dünyanın işləri
elə gətirdi ki,
1986-cı ildən başlayaraq,
doxsanıncı ilə
kimi hər yay ailəmi də dincəlmək üçün
Şuşanın müxtəlif
sanatoriyalarına aparası
oldum. Əlbəttə,
hər şeydən oncə, saf havasına, suyuna görə. Başı dumanlı dağların havası balalarıma düşürdü və
o bir ay ərzində uşaqlar dirçəlirdilər.
Valideynə, xüsusən
anaya da özgə nə lazımdı ki? Təki balaları ətə-qana dolsun, sevinsin, deyib- gülsün...
Və təbii, kimsə bilmirdi ki, bu şəhərdə mənim
bir gözüm daha nə axtarır?..
1989-cu ildə məlum hadisələr günbəgün
əndazədən çıxırdı,
hətta məskunlaşdığımız
sanatoriyanın korpuslarından
birini sovet əsgərlərinin sərəncamına
vermişdilər və
onlar bu istirahət evinin həyətində, bütün
günü, bir əllərində plasmas qalxan,
bir əllərində
dəyənək, məşq
eləyirdilər...
O qərib axşamların birində qulağıma dəryaz səsi gəldi. Dərəyə
endim ki, başına çalma bağlamış
bir ahıl kişidi, ot çalır. Salamlaşandan,
ordan-burdan danışandan
sonra məlum oldu ki, Qərbi Azərbaycandan (Ermənistan
SSR-dən) qovulub Şuşaya pənah gətirənlərdəndi. Bir qədər də söhbətləşəndən sonra bildim ki, Vedidəndi, yəni mənim eloğlumdu, ixtisasca da tarix müəllimi.
Mən bir dəstə biçilmiş otu, gül dəstəsi kimi, burnuma tutub
qoxlayanda isə qoca, məlum, mövcud, hamını düşündürən hadisələrdən
danışmağa başladı
və:
- Oğul, bütün bunlar tamaşadı, - dedi, - bu tamaşa
o Aqanbekyan naxələf
Fransada "Humanite"
qəzetinə müsahibə
verəndə və
"Dağlıq Qarabağı
Ermənistana birləşdirmək
lazımdır" deyəndə
başlayıb və heç kim bilmir ki, bu oyun
nə qədər sürəcək. Hər kəsin öz arşınıyla ölçdüyü
bu hadisələr tamaşadı, tamaşa...
lll
...Vaqif Poeziya Günlərinin
təntənəli bağlanışına
həsr olunmuş gecə də tamaşa ilə başladı. Sərin, buludlu yay gecəsinə hələ solmayan, saralmayan otların, çiçəklərin ətri
qarışmışdı. Əvvəlcə, uğultu
qopdu, sonra səhnədə mələklər
göründü. Ardınca
da Vaqifin "Durnalar"ı.
Çoxdan dillər əzbəri olan, hafizələrə işləmiş
bu mahnı məqbərə önündə
quraşdırılmış Yaşıl Teatrı bir anda canlandırdı
və səhnədə
yaddaşımıza hopmuş
Vaqif - Xalq artisti Azad Şükürov
görünəndə alqışlar
qopdu. Bu gecə Qarabağın, Şuşanın
simvolu Vaqif idi. "Bir ala gözlünün
sorağında olan"
Vaqif...
Səhnədə Molla Vəli Vidadi və sonra da Ağa Məhəmməd şah Qacar görünəndə,
tanış dialoqlar səslənəndə, mənə
elə gəldi ki, rejissor indi Səməd
Vurğunun məşhur
"Vaqif" dramını
yeni nizamda səhnəyə
qoyub. Amma dərhal da məlum oldu ki, təxminimdə yanılmışam.
Rejissor bu səhnədə Vaqifin ətrafına, tarixləri
yara-yara gəlmiş,
ünlü türk şairlərini toplamaqla, onları bir-bir Vaqiflə görüşdürməklə,
bu günlər gündəmdə olan, ilkin addımları neçə illər öncə atılan ümumtürk birliyini gündəmə gətirmək
istəyib.
...Və bu minvalla
Vaqifin salamına özbək libasında, başı araqçınlı
Nəvai, türkmən
qiyafəsində Məhdimqulu,
osmanlı köynəyində,
əli qopuzlu Yunis Əmrənın çıxması
yenidən alqışlara
səbəb oldu. Yunus Əmrəni hansı türk boyunda yad bilirlər ki? Hansı türk boyu onu özününkü
saymır? Türk dünyasında doqquz qəbri var Yunusun. Bu da nəyin əlamətidir? Yunus Əmrə irsinə hörmətin, eşqin.
Ya əlim tut, qaldır məni
Ya vəslinə yetir məni.
Çox
ağladım, güldür
məni,
Gəl gör məni eşq neylədi?!
lll
...Hə, Şuşanın
"Azərbaycan" küçəsi.
Bu da həmin pioner düşərgəsi. Amma hiss olunur ki, bu məkanda
amansız döyüşlər
gedib. Güllə yaralarını artıq sağaldan ağaclar da
var. Amma o tikilidən - hansısa
bəyin mülkündən,
hər yay yüzlərlə
məktəbliyə qucaq
açan o binadan yalnız xarabalıqlar qalıb. Deyirlər, armud ağacları uzunömürlü olur, amma mənim yaddaşımda qalmış
o armud ağacları yoxdu. Bu həyətdəki
alça ağacları
da yoxa çıxıb.
Yadımdadır, şuşalı
Qaçay pəhləvan
düşərgəyə arabir öz məharətini göstərməyə
yox, o ağacların alçasını dərməyə
gəlirdi və deyirdilər ki, o bu ağacların alçası
ilə özünü
arıqlatmaq istəyir.
Nə yerindən oynamış daşlar səsimə səs verir, nə yarasını sağalda bilməmiş ağaclar. Bu düşərgdə
tanış olduğum
və bu günə qədər ünsiyyət saxladığım
laçınlı Elman Mirzəyev
yadıma düşür.
O, hər axşam düşərgənin səhnəsinə
çıxıb gur səslə bu sözləri deyərdi:
"Alqış bu dövrana, alqış bu günə! Gəl, əziz bayramım, bir də öpüşək!"
Sonralar biz həmkar olmuşduq. Amma o, "Şuşa"
qəzetində işləyirdi.
Şuşa şəhərində
yaşayırdı. Füzulidən
gəlmiş Elşən
Hacızadə isə
bir zaman xəbər tutdum ki, uşaqlıqdan yetmək istədiyi arzusuna qovuşub: rəssam olub. İndi isə Əməkdar incəsənət xadimi Elşən Hacızadəni
bütün sənət
dünyası tanıyır.
Ən çox sərgilər dolaşan əsərləri isə Xalq yazıçıları
İlyas Əfəndiyev və
İsmayıl Şıxlı
ilə bağlıdır.
Mənim bağ evimin bir divarını
da Elşənin neçə
illər öncə mənə hədiyyə etdiyi tablo bəzəyir:
"Dənizdə Ay çiməndə".
...Hə, bu da şuşalı o çil-çil
qız. Hər axşam düşərgənin
səhnəsində "İnnabı"
havasına oynayan mələk... Bu nədi? Yoxsa, məni qara basır? Düşərgənin arxasında
həqiqətən də
onların mülküdü!
Bəli, mülkü!
Bu yaralı mülkə,
sadəcə, ev demək olmaz. Ən azı, nəhəngliliyinə görə.
Kim bilir, Sovetlər Şuşaya yiyələnəndə
niyə o mülkü,
ümumi məqsədlər
üçün istifadə
olunan sovet əmlakına çevirməyiblər?.. Sındırılmış
dəmir darvazada ANAMA-nın elanı diqqətimi çəkir:
"YOXLANILIB: MİNA YOXDUR". İçimdəki
mina isə artıq partlamışdı:
"Gəl, gör məni eşq neylədi?!"
Vaqifin məqbərəsi önündəki
tamaşa davam edirdi. Artıq məlum idi ki, türk dünyası birliyində Qacar Vaqifi susdura bilməyəcək. Və
bütün tamaşalarda
olduğu kimi, bu tamaşa da uğurlu sonluqla başa çatacaq...
Ənənəvi Vaqif Poeziya Günlərinin açılışı
bir gün öncə olmuşdu. Türk dünyasının
ayrı-ayrı məmləkətlərindən
dəvət olunmuş
şairlər, vaqifşünaslar
səhnəyə çıxmışdılar,
söz demişdilər,
şeirlər oxumuşdular.
Ümumtürk Birliyinin
vacibliyini vurğulamışdılar.
Bərpa- quruculuq işləri ilə diqqət çəkən
Şuşa göz qabağında idi. Bir gün öncə isə bizi nəhəng
bir tikinti meydançasını xatırladan
Şuşanın, artıq
bərpa olunmuş məkanlarına, əsasən,
məscidlərə və
muzeylərə baxmağa
aparmışdılar. Məscidlərdə
(əsasən, Gövhər
ağa məscidində)
fürsətdən yararlanıb
namaz qılanları
da görmüşdüm, diqqətimi
isə tamaşaçılara
paylanan "Əsgər
duaları" kitabçası
çəkmişdi. "Allahım,
görünən ordumuza
görünməz ordunla
yardım edərək
məni və bütün ordumuzu müzəffər et!" Bu, ilk addımlardan biridi və mən düşünürəm ki, bütün
dualarımızı türkün
aydın ana dilində
etməliyik ki, nə dediyimizi və bir-birimizi başa düşək.
Həmin
günün böyük
bir bölümü həm nahardan qabaq, həm də nahardan sonra, xan qızı
Natəvana məxsus binanın qarşısında,
Vaqif Poeziya günlərinə dəvət
almış şairlərimizin
ixtiyarına verilmişdi
və şeirimizin çağdaş durumundan
bu müstəvidə
də halı olmuşdum. Amma bu bağça-xiyaban da məni
uşaqlığıma qaytarmışdı.
Dincəldiyimiz pioner düşərgəsinə bu
məkan yaxın olduğundan, pioner baş dəstə rəhbərimiz Ofelya müəllimə bizi bu bağa - Üzeyir Hacıbəyovun
Ev-Muzeyinə ekskursiyaya
gətirərdi. Amma biz bu
bağçada əyləncə
də tapırdıq.
Buraya Ramiz adlı bir şuşalı həmyaşıdımız öz
velosipedi ilə gəlirdi və onu bizə - "lager uşaqları"na, bağçanı
bir dəfə dolanmaq şərtilə, çağdaş terminlə
söyləsək, icarəyə
verirdi. Hansı uşaq istəməz ki, necə velosiped sürdüyünü öz
tay-tuşuna göstərsin?
Lap bu yaxınlarda şuşalı uşaqlıq
yoldaşlarımdan eşitmişəm
ki, həmin o Ramiz biznesmendi.
Növbəti Vaqif Poeziya günlərinin bağlanış
mərasimindən əvvəl
isə Cıdır düzünə getmişdim.
Əvvəl tək, sonra isə həmkarım Seyfəddin
Hüseynli ilə. Cıdır düzündən
Topxana meşəsinə,
qarşı təpədə
görünən Malıbəyli
kəndinə boylanmış,
Mir Möhsün Nəvvabın
düzdən bir azca aşağıda - qədim qəbirstanlıqda
yenicə bərpa olunmuş məzarına, qəbirüstü abidəsinə
baş çəkmişdik.
O kəndi obyektivə
almaq istəyəndə
isə növbədə
dayanmış əsgər
səsini qaldırmışdı:
"Olmaz o səmti çəkmək, oralar sülhməramlıların səlahiyyət
zonasına daxildir!"
Ötən əsrin
70-ci illərində "Azərbaycan
gəncləri" qəzetində
işləyəndə, əslən
o kənddən olan iş yoldaşım Şahin Quliyevlə o balaca insan məskəninə
necə getməyimiz yadıma düşmüşdü
o dəm.
İndi dayandığım
təpədən Xankəndi
də apaydın görünürdü, amma
mən Malıbəyliyə
baxırdım və nəhayət ki, qarşı
yamacda nəyinsə tərpəndiyini gördüm;
bu yəqin ki, rus sülhməramlısı
idi. Və nədənsə, o an unudulmaz
Cəfər Cabbarlını
xatırladım: "Atan
kazaklardı!"
Vaqif Poeziya Günlərinin bağlanış tamaşası
davam edirdi və mən bir daha düşünürdüm
ki, bu da, bütün tamaşalar kimi, uğurlu sonluqla qurtarmalıdır. Belə
də oldu. Yenə də səhnəyə mələklər
gəldi. Əlləri,
barmaqları ilə danışan mələklər...
Yenə də bir mələyin fəryadı eşidildi:
"Mən cahan mülkündə mütləq
doğru halət görmədim..."
Məni
tərpədən səs
isə Yunus Əmrədən gəlmişdi:
"Gəl, gör məni eşq neylədi?" Və mən bilmirdim ki, bizim musiqiçilər bu şeiri artıq
mahnıya çeviriblər.
Yapışıqlı səs
tikinti meydançasından
gəlirdi, daş baltasının ahəngdar
səsinə bu mahnının beytləri də qarışırdı:
Mən yürürüm eldən-elə,
Şeyx
anaram dildən-dilə,
Qürbətdə halım kim bilə,
Gəl gör məni eşq neylədi?!
Və
biz elə gəldiyimiz
avtobusla da Şuşanı
tərk eləyirdik. Özü də mənim təsəvvürümdəki
İrəvan qapısından.
Mən bu qapını beş-altı
ay öncə "525-ci qəzet"də
çap olunmuş Şuşa ilə bağlı yazımda axtarmışdım və
indi mənə elə gəlirdi ki, bu qapının açarını da artıq
tapmışam...
Qalanı
tərk eləyəndə
özümdən asılı
olmayaraq, bir də çönüb arxaya baxdım və mənə elə gəldi ki, Şuşa darıxır...
Şuşalılar üçün
darıxır... Mən
bu duyğunu Şuşada keçirdiyim
iki günün bəlkə də hər saatında yaşamışdım...
17 iyul, 2023.
Bakı-Şuşa-Bakı
Məmməd ORUC
525-ci qəzet.- 2023.- 29 iyul. S. 13; 24.