Sonuncu şillə
(Atamla bağlı xatirələrim)
Ehtiyacım yoxdu usta sözlərə
Ata şilləsinə
ehtiyacım var
Məzahir Hüseynzadə
Yaşasaydı, düz 98 yaşı
tamam olacaqdı. Yoox... Əlbəttə, bu qədər yaşaya bilməzdi. Həm də həmişə özünün dediyi kimi, bu dünyadan
vaxtında getmək ən böyük mədəniyyətdir. Amma heyif
ki, belə çətin
mədəniyyəti göstərmək
insanların özündən
asılı deyil. Bu dünyadan o biri dünyaya heç kimə əziyyət vermədən, üzüsulu
köçmək dünyasını
dəyişən hər
bir insan üçün ən böyük üz ağlığıdır.
İyirmi
iki-iyirmi üç ilin söhbətidir. Hələ bəlkə də, ondan da çox. İki ildən artıq idi ki, heç bir yerdə işləmirdim. Özüm
ərizəmi yazıb
işdən çıxmışdım
(Mən indiyə kimi işlədiyim müddət ərzində,
yəni 41 illik əmək stajımda iki dəfə öz ərizəmlə işdən çıxmışam.
Heç kim məni işdən çıxartmayıb. Bunlardan
biri 1991-ci ildə, ikincisi isə 2001-ci ildə olub. Və hər ikisində də, heç kəsə bildirməsəm də, çox böyük maddi çətinliklərlə
üzləşmişəm). Heç peşiman da, deyildim. Atam nə qədər tövsiyyə etsə də, israrla xahiş etsə də, fikrimdən dönmədim. Özüm
ərizəmi yazdım
və işdən də çıxdım.
Atam mənim heç bir yerdə işləməməyimlə barışmaq
istəmirdi. Bunu özünə böyük
bir dərd eləmişdi. Fikir çəkirdi. Mən isə belə məsələlərə o qədər
də əhəmiyyət
vermirdim. İndi ordan-burdan 5-10 manat düzəldib, pis-yaxşı
ailəmi dolandırırdım.
Atam isə fikir edirdi, dözmürdü.
Hərdən görürsən
ki, öz-özünə deyidi:
"Əə... bu uşaq elmlər doktorudur, professordur (Uşaq a...... Uşağın o zaman 45 yaşı
vardı). O boyda ağır müharibəni
görüb gəlib
(Əfqanıstan müharibəsi).
İki ali təhsili var. Müxtəlif
ölkələrdə diplomatik
kurslar keçib. Fövqəladə və səlahiyyətli səfir
rütbəsi var. Rayon icra
başçısından tutmuş,
nazir müavininə qədər
işləyib. İndi nə
oldu, onda yaxşı idi, işə yarayırdı,
indi pisdir, işə yaramır? Nə deyim vallah".
Atam hərdən mənim könlümü almaq üçün deyirdi ki,
elə onun özünün də başına belə-belə
hadisələrdən çox
gəlib. Bir vaxtlar hər yerdən, işlədiyi universitetdən
belə xaric edilmişdi. Kitablarının
çap olunmasına qadağa qoyulmuşdu, televiziyaya çıxmasına
icazə verilmirdi. Şeirləri dərc olunmurdu.
- Niyə? Yadından çıxıb? Özün
ki bilirsən, heç
çörək almağa
belə pulumuz yox idi.
- Əlbəttə, yadımdadır,
ay ata.
Mən isə çalışırdım
buna o qədər də
əhəmiyyət verməyim.
Düzdür, çətin
olmağına çətin
idi. Universitetdə iki uşaq oxutdururdum.
Onlardan biri də pullu təhsilə
düşmüşdü. Amma mən özümü sındırmırdım. Təki
atam... O ilahi qüvvə saydığım
atam, ayağını
qoyduğu yerə başımı qoyduğum
atam, mənim armud qoxulu atam
fikir çəkməsin.
Mən isə atamı inandırıb deyirdim ki:
- Ay ata, vallah-billah mənim pula sən deyən o qədər də ehtiyacım yoxdur. İndi üçündən
pis, beşindən yaxşı dolanıram. Şükür Allaha. Nə olub ki, əlim sağ, ayağım sağ. Başım da sən dediyin kimi, pis
işləmir.
- Elə səni bütün bəlalara salan sənin başındır, dilindir.
- İndi
nə eləmək olar? Pis-yaxşı başdır da, ay ata. Başımdan şikayətim
yoxdur. Birtəhər girlədir məni. Amma sən heç narahat olma, öz
səhhətinə fikir
ver. O ki qaldı mənim
iş məsələmə,
inandırım səni
o da düzələr. Hər
şeyin geci-tezi var. Əşşi, lap uzaqbaşı
Moskvaya gedərəm
(Nəhayət ki, çoxdan
bəri ürəyimdə
ehtiyat variantı kimi saxladığım fikirləri atama açdım). Çoxları
ilə hələ Əfqanıstanda, İranda
bir yerdə işləmişik. Türkiyədə
diplomatik kurslarda təhsil alanda, onların çoxu artıq Türkiyədə
işləyirdi. Pakistanda,
İsveçrədə işləyəndə,
orada çalışan
Rusiya və digər ölkələrin
diplomatları ilə də isti münasibətlər
yaratmışdım. Nə
zamansa, işlərimin
əvvəl-axır belə
olacağını bildiyimdən,
bütün bunları
nəzərə almışdım.
Nədənsə ürəyimə
danmışdı. Elə
onun üçün də, müxtəlif xarici ölkələrin diplomatları ilə yavaş-yavaş əlaqələr
yaradırdım. Çoxları
ilə elə indinin özündə də, zəngləşirəm.
- Sən öləsən, elə bircə bu qalmışdı. Bəsdir, məni özümdən çıxartma.
Gözümdən kənara
getməyəcəksən. Bəsdir daha bu qaraçı həyatın. Üç
il bir ölkə, beş il bir ölkə. Bəsdir daha.
...Mənə çox qəribə gəlirdi. Hətta iş o yerə gəlib çatmışdı ki (Mən
həmişə harada
işləməyimdən asılı
olmayaraq, həm də ali məktəblərdə
dərs də demişəm), vaxtilə dərs dediyim ali məktəblərə
müraiciət edəndə
duruxub dedilər ki, hələ biz yuxarılarla
məsləhətləşməliyik, icazə almalıyıq.
- Bəs bir vaxtlar
Allah-allahla məni dərs deməyə dəvət edəndə,
dərs deməyim üçün özünüz
xahiş edəndə
də yuxarılarla məsləhətləşmişdiniz? - Bu tək bircə mənə aiddir, yoxsa hamı üçün yuxarılara
ağız açıb,
məsləhətləşirsiniz? Saat hesabı dərs deməyə nə yuxarılar?
- ...
Nə isə... Hələ bu azmış kimi, həm namizədlik, həm də doktorluq dissertasiyamı müdafiə
etdiyim Elmlər Akademiyasında laborant da işləməyə hazır
idim. Təki bir iş tapıb
işləyim. Təki
atam bir az sakit olsun,
az fikir çəksin. Çünki
kişi heç cür özünə gələ bilmirdi. İşin maddiyyət tərəfi məni qətiyyən maraqlandırmırdı.
Qətiyyən yox. Orada alacağım məvacib o vaxtın pulu ilə heç
mənim ailəmin bir həftəsinə çatmazdı. Atama görə edirdim ki, guya işləyirəm. Fikir çəkməsin.
Hm.... Yenə eyni sözlər, eyni cümlələr.
- Yuxarılarla məsləhətləşməliyik.
Laborant işini də yuxarılarla məsləhətləşmək?
Bütün bunlar mənə həm qəribə, həm də çox ağır gəlirdi. Yəni, biz doğrudan da, bu qədər dəyişmişik? Yoxsa,
Sabir demişkən: "Əvvəl
nə idiksə, yenə biz şimdi həmanız". Bəlkə
əvvəllər, mən
buna fikir verməmişəm.
Elə əvvəldəndə
biz belə idik.
lll
- Oğul, sənə and verirəm ölənlərin
ruhuna, dirilərin canına, bu pulu götür, əlimi geri qaytarma. Burada elə bir şey
yoxdur.
- Vallah varımdır, billah varımdır. Mən özüm pul xərcləməyə
yer axtarıram. Sən də mənə pul veririsən. Varımdır.
Olmayanda sənə deyərəm.
- Əə... Sən nə təhər adamsan? Nə mən ölüm qanırsan, nə də sən öləsən qanırsan.
Əə... Dost-tanışlarla
gəzməyə gedirsən.
Nə bilim haralarda olursan. Başa düş, kişinin cibində pul olar. Onlar
bir xəcləyəndə,
sən iki dəfə artıq xərclə. Ondan da başqa, həmişə
olduğu kimi, geyiminə fikir ver, həmişə şax geyin, çəkmələrin par-par parıldasın, üst-başına
ən bahalı ətirlərdən vur. Elə bilməsinlər
ki, sən düşmüsən.
Sən elə oğlanlardan deyilsən axı. 45 yaşın var.
Paaah.... Bilirsən bu nə deməkdir?
Bu kişiliyin ən gözəl, ən qiymətli bir dövrüdür. Göydən
ulduz yağdıran, göydə uçan quşu gözündən
vurub yerə salan bir vaxtındır.
Kişi yaşının
bu dövrünə bilirsən musiqi dilində nə deyirlər? Tanqo dövrü. 20 yaş, 30 yaş dəliqanlılıq,
dalaşqanlıq dövrüdür.
Bu çiy bir dövrdir. Sabahını düşünmədən, ağlına
gələnini edir. Heç kimi də öz ağlı, öz savadı ilə özünə cəlb edə bilmir. Axı, həyatda nə görüb ki?.. - Sonra isə gülə-gülə... - Bu heç kimə lazım deyil. Bu yaş heç kimi özünə cəlb edə bilməz. Məhz kişi üçün 40-dan sonra
başlayan dövr isə görüb-götürmüş,
həyatda artıq azdan-çoxdan görmüş,
bişmiş, bir qədər müdrük,
ən çılğın
bir dövrdür. Təəssüf ki, bu yaş dövrü də 55-56 yaşa qədər çəkir
(Onu da, deyim ki, atam öz geyiminə
çox fikir verərdi, şık geyinərdi, ən bahalı ətirlərdən
istifadə edərdi).
Həə.... Bu yaşda
kişinin cibində həmişə pul olmalıdır. Bəzi-bəzi
yerlərə gedəndə
xərcləsin. Əşşi,
mən qoca kişiyəm, pul mənim nəyimə lazımdır? Heç evdən çölə də çıxmıram.
Sənə isə pul lazım ola bilər.
Belə-belə söhbətlərimiz çox olardı, tez-tez olardı. O pulu mənə tərəf uzadır, mən də əlini geri qaytarardım. Deyərdi:
- Əə... Təki mənim atam sağ olaydı, o da mənə pul verəydi. Vallahi alıcı quş kimi dartıb əlindən qoparardım.
Deyərdi ki:
- Bu yaşa gəlib çatmışam, indiyə
kimi səndən tərs, səndən höcət, səndən
çətin adama rast gəlməmişəm.
Ay məndən olub mənə oxşamayan (Bu
mənim atamın ən çox işlətdiyi söz idi), başa düş məni, mən bu pulu
sənə yox, uşaqlara, onların təhsili üçün
verirəm. Ax.... Heyif...
Bir də heyif.... Əvvəlki vaxtlarım olsaydı, mən bilirəm sənlə nə edərdim. Nə şilləlik sifətin var? Vallah, səni elə günə qoyardım
ki...
Həmişə onun bu sözlərini xatırlayanda,
çoxdan olmuş bir əhvalat gözlərimin önünə
gəlir. Gözlərim
dolur, qəhərlənirəm.
İndi yazacağım bu hadisəni ötən yazıların birində də qeyd etmişdim.
lll
Pakistanda
diplomatik xidmətdə
olduğum vaxtlarda get-gedə gözlərimin işığını itirməyə
başladım. Bir çox
yerlərə müraciət
etdim. Almaniyaya qədər gedib çıxdım. Dedilər
ki, müalicəsi yoxdur,
artıq gecdir. Atam həkimlərə yalvarırdı, "Amanın
günüdür, oğlumu
gözsüz qoymayın,
onu gün işığına həsrət
qoymayın" deyirdi.
Hətta bəlkə də, tələb də edirdi ki, onun öz gözlərini
çıxardıb, mənim
gözlərimin yerinə
qoysunlar.
İndi yazacağım bu hadisə isə yuxarıda yazdığım
o göz xəstəlikləri
hadisəsindən çox-çox
əvvəl olmuşdu.
Çox-çox əvvəlki
illərin əhvalatı
idi. Elə bil, Allah bizi imtahana çəkmişdi.
Atamın mənə,
mənim də atama olan məhəbbətimizin
ölçüsünü yoxlayırdı.
Atam xəstəxanada yatırdı.
Vəziyyəti gündən-günə
ağırlaşırdı, böyrək çatışmamazlığı
vardı. Atamı müalicə edən həkim, tanınmış
cərrah Südeyif İmamverdiyev, əgər
səhv etmirəmsə,
həmin xəstəxananın
baş həkimi idi. Mən gündə
iki dəfə atama baş çəkirdim. Çox narahat idim. Bir gün Südeyif müəllim məni öz otağına çağırıb, sakit
və eyni zamanda qəribə, insanı vahimələndirən
bir səslə:
- Bilirsiz, sizinlə açıq danışacağam.
Siz ailənin böyük oğlusunuz və hər şeyi də bilməlisiniz. Hər şey ola bilər. Və siz də
o hər şeyə hazır olmalısınız.
Eyni sözləri ananıza da demişəm.
Qoymadım sözünü bitirsin.
Az qala... az qala... yerimdən dik atıldım. Qışqıra-qışqıra:
- Nə demək istəyirsiz? Siz nə danışırsız?
O yenə də mənə əvvəlki həlim səsi ilə sakit-sakit, aramla vəziyyəti izah etməyə başladı:
- Eldə belə bir misal var. Deyir, ürək mərd olar, böyrək namərd. Ona
görə belə deyirlər ki, ürək öz xəstəliyini əvvəlcədən xəbərdar
edir, bildirir. Böyrək isə yox. O qəfildən də öz fəaliyyətini saxlaya bilər. Xəbərdarlıqsız,
filansız. Mən indi heç nəyi gizlətmirəm, açıq deyirəm. Siz uşaq deyilsiniz.
Əsəbləşməyin də yeri yoxdur.
Böyrəyinin biri öz fəaliyyətini
get-gedə itirir. Heç o biri böyrəyi də...
Yenə
də qoymadım sözünü bitirsin. Hər iki əlimlə
qulaqlarımı qapayıb,
oturduğum divana çökdüm. Qışqıra-qışqıra:
- Doktor, nə lazımdırsa, eləyin,
nə lazmdırsa, əsirgəməyin. eləyin.
Təki onu bu dünyadan getməyə qoymayın. Məndən nə asılıdırsa eləyim.
Yoox, məni düzgün başa düşün.
Nə danışdığımı heç özüm də bilmirdim. Rabitəsiz ifadələrlə
nəsə deyirdim. Və birdən ağlıma qəribə
bir fikir gəldi:
- Onda... Hm... Mənim böyrəyimin birini kəsin, atamın böyrəyinin yerinə qoyun... Axı belə etmək mümkündür. Siz bunu eləyə bilərsiniz. Çox xahiş edirəm, yalvarıram. Mən hələ cavanam, sağlamam. Bir böyrəklə
də yaşayaram. Təki siz mənim
atamı sağaldıb
onu ayaq üstə qoyun. Heç bu barədə
atam da bilməz, ümumiyyətlə, heç
kim bilməz. Nə zaman desəniz başlayaq, mən hazır. Lap elə bu gün, bu
saat. Vaxtı itirməyək.
O, gülümsəyə-gülümsəyə:
- Siz nə danışırsınız?
Heç öz danışıqlarınızı özünüz bilirsiniz?
Sonra mənə nəsə başa salmaq istədi. Və dərhal da başa düşdü ki, tibbi terminlərlə danışacaq
məsələləri başa
düşmək mənim
üçün çətin
olacaq. Sözü dəyişərək:
- Yaxşı.... Əgər
belə məsələyə
ehtiyac olarsa, mən sizə deyərəm.
O, daha nələrdənsə
danışırdı, mən
isə heç nə başa düşmürdüm:
- Doktor, mən ciddi deyirəm.
O, vaxtlar mənə elə gəlirdi ki, əgər stolun üstündə bıçaq
olsaydı, götürüb
qarnıma soxub, dərhal böyrəyimi çıxardıb, həkimə
verib deyərdim ki, götür apar ver atama, onun xəstə
olan böyrəyinin yerinə qoy.
O, məni gülə-gülə
atamın palatasına
ötürdü, dedi
ki, hər şey yaxşı olacaq, möhkəm olun. Qapıdan necə çıxdığımı, atamın palatasına necə gəlib, nə söhbət etdiyimi və sonra evə necə gəldiyimi bilmədim. Bircə onu bilirəm ki, səhərə qədər
yatmadım. Və həmin gecə nə fikirləşdimsə,
heç o da yadıma
gəlmir. Yadıma gələni bir odur ki, öz-özümə
qərarlaşdırmışdım ki, gərək həkimi nəyin bahasına olursa-olsun, məcbur edəm ki, atamın böyrəyini mənim böyrəyimlə əvəz
eləsin. Yerimin içində uzanıb, siqareti-siqaretə calayırdım.
Səhər açılar-açılmaz
xəstəxanaya qaçdım.
Dəliyə dönmüşdüm.
...Bir müddət ötdü. Atam bu xəstəlikdən
sağaldı, ayağa
durdu. Yenə əvvəlki kimi aktiv həyata başladı. Sevincimin həddi-hüdudu yox idi, amma bu
qorxu mənim beynimə həkk olunmuşdu. Çox-çox
illər sonra isə atam başqa
bir xəstəlikdən,
heç ağlımıza
belə gəlməyən
xəstəlikdən dünyasını
dəyişdi. Və mən bir an içində bu qorxudan ürək ağrısı ilə birdəfəlik ayrıldım.
Amma mən çox arzulayırdım ki, bu qorxu, tək elə bircə bu qorxu ömrümün
axırına qədər
məni tərk eləməsin. Elə bu qorxu ilə
də ömrümün
axırına kimi yaşayım.
İndi isə mən yeni bir həyata qədəm qoyurdum. Atasız bir həyata. Bu isə mənim üçün alışmadığım, adət
etmədiyim, başqa bir həyat idi. Onsuz da, əvvəl-axır belə
bir həyata başlamalı idim. Amma hazır deyildim. Hərdən çətinə
düşəndə Vaqif
Səmədoğlunun bu
misralarını öz-özümə
pıçıldayıram:
"Atamı səslədim dara düşəndə,
Gördüm ki, arada qəbir
dayanıb".
Atam da onun bu məşhur
misralarını özünün
"Dərin qatlara işıq" adlı elmi və publisistik
məqalələr kitabında
çox gözəl izah edərək yazmışdı: "Maddi varlığın,
indi qəbrə dönmüş mərhum
atanın (özü də hər şeyə qadir atanın övladına köməksizliyi)". Özü
də elə bil atanın: bir telefon zənginə
dağı-dağ üstünə
aşıran atanın
övladına olan köməksizliyi.
Mən isə belə bir telefon zəngindən
istifadə edə bilmədim. Çünki atalı həyatımın
xeyli hissəsini ən ağır ölkələrdə, ən
çətin, ən təhlükəli qruplarda
keçirmişdim. Başıma
çox müsibətlər
gəlmişdi. Mən
isə bütün bunları atamdan gizlətmişdim.
... Əvvəlki günlərə
qayıdıram. Tamam təsadüf nəticəsində
2-3 il işsiz qalandan sonra işə bərpa olundum. Özü də adi, sıravi bir işə yox, sədr müavini vəzifəsinə.
Burada 10 ay işləyəndən
sonra yenidən səfir təyin olundum (Bu isə
tamam başqa bir mövzudur). Daha sonra isə
nə az-nə çox düz 12 il Azərbaycanda olmadım. Əgər oldumsa da, üst-üstə 10-15 gün
oldum, ya yox. Çünki məni vətənlə,
Azərbaycanla bağlayan
bir atam idi. O da 10 il idi ki, dünyasını dəyişmişdi.
Mən isə atam üçün yaşayırdım.
Ağla
gələn ilk sual bu ola bilər ki, ay balam, sən ki belə atanın dəlisi olmusansa, onda niyə xarici ölkələrdən
çıxmırdın, İrandan
vurub Turandan çıxırdın. Əlbəttə,
məntiqli sualdır.
Öna görə də, özümə bəraət qazandırmaq
istəmirəm. Amma hər
halda xarici ölkələrdə işləməyə
məcbur idim. Səbəblər çox
idi. Açmağa lüzum görmürəm
(Harda olmağımdan
asılı olmayaraq, təki bilim ki, atam sağdır, nəfəsi üstündədir.
Bu mənə bəs idi).
lll
Yenə
bir dəfə xəstəxanaya atamı görməyə getmişdim.
Elə görüşüb
oturmaq istəyirdim ki,
dedi:
- Əə, dur gəl yanıma.
Gəldim:
- Yox, yaxın gəl, əyil mən tərəfə.
Əyildim:
- Əə, sənə deyirəm çox əyil.
Mən yenə əyildim.
Əlini
yorğanın içindən
çıxarıb üzümə
yaxınlaşdırdı. Deyəsən, şillə
vurmaq istəyirdi. Mən isə heç nə başa düşməyərək,
ona baxırdım. Vurdu. Amma bu şillə o qədər
zəif, elə halsız idi ki, sanki üzümə şillə deyil, sığal çəkirdi.
Çox zəifləmişdi.
Mən təəccüblə və
eyni zamanda heç nə başa düşməyərək,
gülümsəyərək:
- Ay ata, mən yenə
də nə etmişəm? Yenə kimdən nə eşitmisən?
Qəhərli bir səslə:
- Əə, köpək oğlu, hələ bir soruşursan da... O nə sözdür, başından böyük
danışmısan. Südeyifə
demisən ki, mənim
böyrəyimin birini
götürün, atama
verin.
Yenə
də əlini qaldırmaq istəyirdi ki,
məni vursun, bu dəfə isə heç əli qalxmadı. Həddən artıq zəif idi.
Ax... Nə olardı, vura biləydi. Mən də əvvəlki kimi sevinərdim ki, mənim atam çox güclüdür. Vur, ay ata, vur. Özündə
güc topla, vur. Yenə əli qalxmadı. Atamda güc qalmamışdı. Üzümü
yana çevirdim ki, görməyim. Qəhərlənmişdim.
İstəmirdim ki, atam
məni belə görsün.
Ah, ata!..
Ah, namərd dünya!
Bir vaxtlar sən bu əlinlə, iki şillə ilə məni kresloya çökdürmüşdün.
İndi nə olub sənə? O vaxtlar mən elə sevinmişdim ki... Aman Allah, mənim
atam nə güclüdür deyə
fikirləşmişdim. İndi isə heç əlini qaldıra bilmir. Kədərimin üstünə
bir az da kədər gəldi. Öz-özümə ürəyimdə:
Ay ata, axı sənə nə oldu, niyə belə oldun? (Atam xəstələnəndən
sonra xarici ölkələrdə işlədiyim
illərdə Bakıya
çox gec-gec gəlirdim. İstəmirdim
atamı xəstə görəm. İstəmirdim
atamı zəif görəm. İstəyirdim
ki, atamı həmişə
vaxtilə necə görmüşdümsə, vurub-yıxan,
tutub-durquzan əvvəlki
atamı görəm).
lll
Çox
qəribədir, mən
həmin bu hadisəni xarici ölkədə işləyəndə
yuxuda da gördüm.
Amma başqa cür. Yuxuda gördüm ki, xəstəxanaya atamı görməyə getmişəm.
Yenə həmin illər boyu, bundan əvvəl gördüyüm palata, həmin dolab, həmin çarpayı, pəncərədən asılmış
həmin pərdələr,
həmin stollar, kreslolar, bir sözlə, palata... heç dəyişməyib.
Atam məni görən kimi, durub dedi ki, bax mən sağalmışam.
Deyib-gülürük. Heç
sənin böyrəyinə
ehtiyac da olmadı. Mənim öz böyrəyimi müalicə
etdilər. Heç nəyin fikrini çəkmə. Lap yaxşıyam.
Mən də deyirəm ki:
- Ay ata, gəldim ki, səninlə xudahafizləşim.
Mən yenə də xaricə gedirəm.
Atam deyir:
- Eh, ay oğul. Heç qoymursan ki, bir normal adam kimi sevinək.
Sənin bu xarici ölkələrin mənim axırıma çıxdı. Nə qədər olar? Yaxşı, di gəl xudahafizləşək. Bir də
Allah bilir, nə zaman görüşəcəyik.
Elə məni qucaqlamaq istəyirdi ki, birdən dəhşətli bir sancıdan qışqırıb
yuxudan ayıldım.
Aman, ölürəm. Sağ
böyrəmiyə elə
bil bıçaq soxmuşdular. Sancı tutmuşdu. Tamam qan-tər içində idim. Əlimi və yastığı böyrəyimin üstünə
qoydum ki, bəlkə sakitləşə. Ağrıdan
qıvrılırdım. İstər-istəməz
pəncərəyə tərəf
baxdım. Səhər
açıla-açılda idi. Hələ toranlıq idi. Möhkəm qar yağırdı. Keçmə
bu tərəflərin
şaxtasından-qarından. Ağrı yavaş-yavaş
çəkilirdi. Adət
etdiyim kimi, çarpayının yanındakı
dolabın üstündəki
siqarəti götürüb
alışqanla yandırmaq
istədim. Dərhal
da yuxunu xatırlayıb,
siqaret qutusunu yerinə qoydum. Yox... Birdən atam görər - deyə fikirləşdim. Yuxunun təsirindən hələ çıxmamışdım.
Bir vaxtlar mən möhkəm siqaret çəkirdim. Amma atam dünyasını dəyişənə
qədər bilmədi
ki, mən siqaret çəkirəm. Ağrı
yavaş-yavaş çəkilirdi.
Axı, mənim böyrüm heç vaxtı ağrımamışdı.
Nə oldu birdən-birə. Yatağımda
oturub yuxunu yozmağa başladım. Birdən mənə elə gəldi ki, böyrəyim öz ağrısı, sancısı
ilə sanki mənə deyirdi ki, əgər o vaxtlar sən məni atana versəydin, indi atan sağ
olardı.
Öz-özümə danışırmış
kimi:
- Axı, mən dedim, az qala,
həkimə yalvarırdım.
- Yox, gərək israr edəydin.
Öz-özümə təəssüflə:
- Düzdür, gərək
israr edərdim. Atamın qarşısında
günahkaram.
Əlbəttə, ötən yazılarımda
dediyim kimi, mən həmişə atamın qarşısında
hər bir işimə görə özümü günahkar
sayıram.
İsfəndiyar VAHABZADƏ
525-ci
qəzet.- 2023.- 29 iyul.- S.18-19.